1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə6/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7   8   9

GƏMİLƏRDƏN NEFTLƏ ÇİRKLƏNDİRMƏDƏN VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏTİ

Maddə 250. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsaslandırılması

 250.1. Gəmi mülkiyyətçisi, bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hadisə baş verdiyi andan çirkləndirmə  nəticəsində gəmi tərəfindən vurulan hər hansı bir zərərə görə məsuliyyət daşıyır.

 250.2. Bu fəslin məqsədləri üçün:

 250.2.1. gəmi — faktiki olaraq nefti yük kimi daşıyan, habelə belə daşımadan sonra gələn hər hansı bir səfər zamanı, əgər belə neft daşınmasından sonra gəmidə neft qalıqlarının olmadığı sübuta yetirilməyibsə, neftin daşınması üçün nəzərdə tutulan və ya neftin yük kimi daşınması üçün istifadə edilən istənilən gəmidir;

 250.2.2. zərərçəkən şəxs — vətəndaş, hüquqi şəxs, dövlət və ya onun hər hansı bir tərkib hissəsidir;

 250.2.3. gəmi mülkiyyətçisi — gəminin mülkiyyətçisi kimi qeydiyyatdan keçmiş şəxsdir. Gəmi dövlətə məxsus olduqda və gəmi sahibi  kimi qeydiyyatdan keçmiş təşkilat tərəfindən istismar edildikdə, gəminin mülkiyyətçisi belə təşkilatdır;

 250.2.4. neft — istənilən karbohidrogenli mineral qarışıqdır, o cümlədən, yük kimi bura gəmidə və ya gəminin yanacaq tanklarında daşınmasından asılı olmayaraq, xam neft, mazut, ağır dizel yanacağı və sürtkü yağları daxildir;

 250.2.5. çirkləndirmədən vurulan zərər — gəmidən kənara neftin axması və ya axıdılması nəticəsində, belə axmanın və ya axıdılmanın baş verdiyi yerdən asılı olmayaraq, ətraf mühitə vurulan zərərə görə kompensasiyanın ağlabatan bərpa tədbirləri üçün çəkilən xərclərlə məhdudlaşdırılması şərti ilə, vurulan zərərdir; habelə qarşıalma tədbirləri üçün çəkilən xərclər və belə tədbirlərin nəticəsində vurulan zərərdir;

 250.2.6. qarşıalma tədbirləri — hadisədən sonra çirkləndirmədən dəyən zərərin azaldılması üçün hər hansı bir şəxs tərəfindən həyata keçirilən istənilən ağlabatan tədbirlərdir;

 250.2.7. hadisə — nəticəsində çirkləndirmədən vurulan zərər və ya belə zərərin vurulması üçün ciddi və bilavasitə təhlükə yaradan istənilən hadisədir və ya eyni mənşəli bir sıra hadisələrdir.

Maddə 251. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

 251.1. Gəmi mülkiyyətçisi, aşağıdakıları sübuta yetirə bilsə, çirkləndirmədən vurulan zərərə görə məsuliyyət daşımır:

 251.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri və ya xalq iğtişaşları, yaxud qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

 251.1.2. çirkləndirmədən zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

 251.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata keçirdikləri zaman etinasızlıqları və ya digər qanunazidd hərəkətləri nəticəsində zərərin vurulmasını.

 251.2. Əgər gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı  nəticəsində vurulmasını sübuta yetirə bilsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

Maddə 252. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti

 252.1. İki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində çirkləndirmədən zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan  gəmilərin mülkiyyətçiləri onların arasında ağlabatan qaydada bölüşdürülə bilməyən çirkləndirmədən vurulan bütün zərərə görə, əgər onlar  bu Məcəllənin 251-ci maddəsinə əsasən məsuliyyətdən azad edilmirlərsə, birgə məsuliyyət daşıyırlar.

 252.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri onların hər birinə bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq tətbiq edilə  bilən məsuliyyətin məhdudlaşdırılması hüququna malikdirlər.

Maddə 253. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və bu hüququn itirilməsi

 253.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq  hüququ vardır:

 253.1.1. tutumu 5000 tondan artıq olmayan gəmi üçün 3 000 000 hesablaşma vahidi ilə;

 253.1.2. tutumu 5000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 59,7 milyon hesablaşma vahidindən çox olmaması şərti ilə, bu Məcəllənin 253.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün 420 hesablaşma vahidi əlavə edilir.

 253.2. Əgər çirkləndirmədən vurulan zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud ehtiyatsızlığından öz hərəkət və ya hərəkətsizliyi  nəticəsində vurulduğu sübuta yetirilibsə, gəmi mülkiyyətçisi bu Məcəllənin 253.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin  məhdudlaşdırılması hüququnu itirir.

Maddə 254. Məsuliyyətin məhdudlaşdırılması fondu

 254.1. Gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərə görə bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud  belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır. Belə fond məhkəmənin depozitinə məbləğin köçürülməsi vasitəsi ilə və ya məqbul  olan bank və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər.

 254.2. Gəmi mülkiyyətçisinin çirkləndirmədən vurulan zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə çəkdiyi ağlabatan və könüllü  xərclər və itirdiyi əmlak ona məsuliyyətin məhdudlaşdırılması fonduna münasibətdə digər kreditorların hüquqları ilə bərabər hüquqlar verir.

 254.3. Bu Məcəllənin 254.1-ci maddəsinə müvafiq yaradılan məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 284-cü maddəsində  müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi qaydaları şamil edilir.

 254.4. Gəmi mülkiyyətçisi hadisədən sonra məsuliyyətin məhdudlaşdırılması fondunu yaratdığı və məsuliyyətinin məhdudlaşdırılmasına  hüququ olduğu halda:

 254.4.1. bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edən heç bir şəxsin belə tələbin gəmi sahibinin digər əmlakının hesabına ödənilməsinə hüququ yoxdur;

 254.4.2. məhkəmə bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələb üzrə həbs qoyulmuş gəminin və ya gəmi mülkiyyətçisinə məxsus olan digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq  üçün verilən hər hansı bir girovu və ya digər təminatı azad edir.

 254.5. Bu Məcəllənin 254.4-cü maddəsində müəyyən edilmiş qaydalar çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsini tələb edən  şəxsin məsuliyyətin məhdudlaşdırılması fonduna sərəncam verən məhkəmədə müdafiəyə hüququ olduğu halda tətbiq edilir.

Maddə 255. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı

 255.1. 2000 tondan artıq nefti dolduraraq yük kimi daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən, çirkləndirmədən vurulan zərərə görə öz məsuliyyətini örtmək üçün bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq çirkləndirmədən vurulan zərərə görə məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının qarantiyasını) təqdim etməlidir.

 255.2. Bu Məcəllənin 255.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ  yalnız bu fəsildə müəyyən edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.

Maddə 256. Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə

 256.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara  müvafiq qüvvəsi olan neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında  şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 255.1-ci madəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir  gəmiyə onu qeydiyyata almış orqan tərəfindən verilir.

 256.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:

 256.2.1. gəminin adı və onun qeydiyyata alındığı liman (yer);

 256.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;

 256.2.3. məsuliyyətin maliyyə təminatının növü;

 256.2.4. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yeri;

 256.2.5. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.

 256.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün təhvil verilməlidir.

 256.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 257.Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia

 257.1. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş  qaydalara uyğun olaraq verilə bilər.

 257.2. Bu Məcəllənin 257.3-cü maddəsində müəyyənləşdirilmiş qaydaya riayət etmək şərti ilə çirkləndirmədən vurulan zərərin əvəzinin  ödənilməsi haqqında iddia bu fəslin qaydaları əsasında aşağıda göstərilən şəxslərə qarşı verilə bilməz:

 257.2.1. gəmi mülkiyyətçisinin işçilərinə, o cümlədən gəmi heyətinin üzvlərinə və ya dəniz agentlərinə;

 257.2.2. dəniz bələdçisinə və ya gəmi heyətinin üzvü olmayıb gəmidə iş icra edən hər hansı bir digər şəxsə;

 257.2.3. hər hansı bir fraxtedənə, o cümlədən berbout-çarter üzrə fraxtedənə və vəkalətli idarə edənə;

 257.2.4. gəmi mülkiyyətçisinin razılığı və ya səlahiyyətli hakimiyyət orqanlarının göstərişi əsasında xilasetmə əməliyyatlarını həyata keçirən hər hansı bir şəxsə;

 257.2.5. zərərin qarşısını almaq məqsədi ilə tədbirlər görən hər hansı bir şəxsə;

 257.2.6. bu Məcəllənin 257.2.3-257.2.5-ci maddələrində göstərilmiş şəxslərin işçilərinə və ya dəniz agentinə, əgər çirkləndirmədən zərərin  vurulması onların etdikləri hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlığın və ya hərəkətsizliyin nəticəsi deyilsə.

 257.3. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmi mülkiyyətçisinin üçüncü şəxslərə qarşı reqress hüququna toxunmur.

 257.4. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bilavasitə sığortaçıya və ya gəmi mülkiyyətçisinin məsuliyyətinə  maliyyə təminatı vermiş digər şəxsə qarşı irəli sürülə bilər. Cavabdeh bütün hallarda gəmi mülkiyyətçisinin ikinci cavabdeh qismində işə cəlb  olunmasını tələb edə bilər.

XIX fəsil

 DƏNİZLƏ TƏHLÜKƏLİ VƏ ZƏRƏRLİ MADDƏLƏRİN DAŞINMASI İLƏ BAĞLI VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT

Maddə 258. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 258.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, dənizlə yük daşınması müqaviləsindən və dənizlə sərnişin daşınması müqaviləsindən irəli gələn  tələblər istisna olmaqla, dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsi tələblərinə tətbiq edilir.

 258.2. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara tətbiq edilmir:

 258.2.1. kompensasiyanın ödənilməsindən asılı olmayaraq, bu Məcəllənin 250.2.5-ci maddəsində müəyyən edildiyi kimi çirkləndirmədən vurulan zərərə;

 258.2.2. dənizlə təhlükəli yüklərin daşınması haqqında Beynəlxalq Məcəllədə göstərilən 7-ci sinifə aid olan radioaktiv maddənin vurduğu zərərə.

Maddə 259. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsasları

 Gəmi mülkiyyətçisi, bu Məcəllənin 260-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, hadisə baş verdiyi andan təhlükəli və zərərli  maddələrin dənizlə daşınması ilə bağlı vurduğu zərərə görə məsuliyyət daşıyır.

Maddə 260. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

 260.1. Gəmi mülkiyyətçisi, əgər aşağıdakıları sübuta yetirsə, təhlükəli və zərərli maddələrin vurduqları zərərə görə məsuliyyət daşımır:

 260.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri, xalq iğtişaşları və ya qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

 260.1.2. zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

 260.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata keçirdikləri zaman qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulmasını;

 260.1.4. gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli xarakteri haqqında yükgöndərən və ya hər hansı digər şəxs tərəfindən məlumatın verilməməsi nəticəsində tam və ya qismən zərərin vurulmasını və ya gəmi mülkiyyətçisinin bu Məcəllənin 264-cü maddəsinə müvafiq olaraq sığorta ödənişini ala bilməməsinə səbəb olmasını. Əgər gəmi mülkiyyətçisinin, onun işçilərinin və ya dəniz agentlərinin gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli olması barədə məlumatları yoxdursa və ağlabatan hallarda bu barədə məlumatları ola  da bilməzdi, gəmi mülkiyyətçisi vurulan zərərə görə məsuliyyətdən azad oluna bilər.

 260.2. Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta  yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

Maddə 261. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti

 261.1. Hər biri təhlükəli və zərərli maddələr daşıyan iki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində zərər vurulduqda, hadisə  ilə bilavasitə əlaqəsi olan hər bir gəminin mülkiyyətçisi, əgər o bu Məcəllənin 260-cı maddəsinə əsasən məsuliyyətdən azad edilmirsə, zərərə  görə məsuliyyət daşıyır. Gəmi mülkiyyətçiləri onların arasında ağlabatan qaydada bölüşdürülə bilməyən zərərə görə birgə məsuliyyət  daşıyırlar.

 261.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq onların hər birinə tətbiq edilə  bilən məsuliyyətin məhdudlaşdırılması hüququna malikdirlər.

Maddə 262. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və bu hüququn itirilməsi

 262.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq  hüququ var:

 262.1.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün 10 000 000 hesablaşma vahidi ilə;

 262.1.2. tutumu 2000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 100 milyon hesablaşma vahidindən çox olmamaq şərti ilə, bu Məcəllənin 262.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün tutumu 2001 tondan 50000 tonadək olan gəmiyə 1,5 min, tutumu 50000 tondan artıq olan gəmiyə isə 360 hesablaşma vahidi əlavə edilir.

 262.2. Əgər zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud ehtiyatsızlığından, öz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulduğu  sübuta yetirilibsə, gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılması hüququnu itirir.

Maddə 263. Məsuliyyətin məhdudlaşdırılması fondu

 263.1. Gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə vurulan zərərin  əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi  mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır.

 263.2. Məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 254-cü maddəsində müəyyən edilmiş qaydalar tətbiq edilir.

Maddə 264. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı

 264.1. Təhlükəli və zərərli maddələri faktiki olaraq daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən vurulan  zərərə görə öz məsuliyyətini örtmək üçün, bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq vurulan zərərə görə məsuliyyətinin həddi  məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının zəmanətini) təqdim etməlidir.

 264.2. Bu Məcəllənin 264.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ  yalnız bu fəsildə müəyyən edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.

Maddə 265. Təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə

 265.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara  müvafiq qüvvəsi olan təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 264.1-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir  gəmiyə onu qeydiyyata almış orqan tərəfindən verilir.

 265.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:

 265.2.1. gəminin adı, onun çağırış siqnalı və qeydiyyata alındığı liman (yer);

 265.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;

 265.2.3. beynəlxalq dəniz təşkilatının gəmiyə verdiyi identifikasiya nömrəsi;

 265.2.4. məsuliyyətin maliyyə təminatının növü və onun qüvvədəolma müddəti;

 265.2.5. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yer.

 265.2.6. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.

 265.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün təhvil verilməlidir.

 265.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 266. Vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia

 266.1. Zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə  bilər.

 266.2. Zərərin əvəzinin ödənilməsi haqqında iddiaya bu Məcəllənin 257-ci maddəsində müəyyən edilmiş qaydalar tətbiq edilir.

XX fəsil


GƏMİLƏRİN VƏ DİGƏR ƏMLAKIN XİLAS EDİLMƏSİ

Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün  xilasetmə əməliyyatlarına tətbiq edilir. Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək, habelə bu  Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq  hüquqları yoxdur.

 267.2. Bu fəslin məqsədləri üçün:

 267.2.1. xilasetmə əməliyyatı — istənilən sularda təhlükə altında olan hər hansı bir gəmiyə və ya digər əmlaka kömək göstərilməsi məqsədi ilə həyata keçirilən istənilən hərəkət və ya istənilən fəaliyyətdir;

 267.2.2. əmlak — bilərəkdən və daimi olaraq sahilə təhkim edilməmiş əmlak və riskdə olan fraxtdır;

 267.2.3. ətraf mühitə vurulan zərər — çirkləndirmə, yanğın, partlayış və ya digər oxşar hadisələr nəticəsində daxili sularda, sahilboyu sularda, yaxud onlara yanaşı olan rayonlarda insanın sağlamlığına, dəniz flora və faunasına və ya ehtiyatlarına vurulmuş əhəmiyyətli  real zərərdir.

 267.3. Bu fəsildə müəyyən edilmiş qaydalar, bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qayda istisna olaraq, habelə aşağıdakılara  şamil edilir:

 267.3.1. Azərbaycan Respublikasının mülkiyyətində olan hərbi gəmilərə, yardımçı hərbi gəmilərinə və digər gəmilərə, habelə xilasetmə  əməliyyatları aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə edilənlərə;

 267.3.2. dövlətin mülkiyyətində olan qeyri-kommersiya yüklərinə.

 267.4. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilmir:

 267.4.1. stasionar və ya üzən platformalara, yaxud dəniz səyyar qazma qurğularına, əgər belə platformalar və ya qurğular olduqları yerdə dəniz təkinin mineral ehtiyatlarının kəşfiyyatı, işlənməsi və ya hasilatı ilə məşğuldurlarsa;

 267.4.2. tarixi və ya arxeoloji əhəmiyyəti olan mədəni xarakterli dəniz əmlakına, əgər o, dənizin dibindədirsə.

Maddə 268. Xilasetmə haqqında müqavilələr

 268.1. Gəmi kapitanının gəmi sahibinin adından xilasetmə əməliyyatlarının aparılması üçün xilasetmə haqqında müqavilələr bağlamaq  hüququ vardır. Gəmi kapitanının və ya gəmi sahibinin gəmidə olan əmlakın sahibi adından belə müqavilələr bağlamaq hüququ vardır.

 268.2. Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərti aşağıdakılara görə etibarsız hesab edilə və ya dəyişdirilə bilər:

 268.2.1. müqavilə həddindən artıq təsir və ya təhlükə altında bağlandıqda və onun şərtləri ədalətli olmadıqda;

 268.2.2. müqavilə ilə nəzərdə tutulmuş mükafat faktik göstərilmiş xidmətlərə münasibətdə həddən artıq qaldırıldıqda və ya azaldıldıqda.

Maddə 269. Xilas edənin, gəmi sahibinin və gəmi kapitanının vəzifələri

 269.1. Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən aşağıdakıları etməyə borcludur:

 269.1.1. xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir;

 269.1.2. bu Məcəllənin 269.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq  və ya azaltmaq üçün lazımi qayğı göstərməlidir;

 269.1.3. halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə müraciət etməlidir;

 269.1.4. təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə altında olan digər əmlakın sahibinin tələbi ağlabatan olduqda, əgər bu, mükafatın miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq verməlidir.

 269.2. Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları  etməyə borcludurlar:

 269.2.1. xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər;

 269.2.2. bu Məcəllənin 269.2.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq  və ya azaltmaq üçün lazımi qayğı göstərməlidirlər;

 269.2.3. əgər xilas edənin tələbi ağlabatandırsa, təhlükəsiz yerə çatdırılandan sonra gəmini və ya digər əmlakı qəbul etməlidirlər.

Maddə 270. Mükafat

 270.1. Faydalı nəticəsi olan xilasetmə əməliyyatları mükafat almağa hüquq verir.

 270.2. Xilasetmə əməliyyatlarının faydalı nəticəsi olmadıqda, bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, heç bir  mükafat verilmir.

 270.3. Mükafat xilasetmə əməliyyatlarını həvəsləndirmə məqsədi ilə aşağıdakı meyarlar (ardıcıllıqlarından asılı olmayaraq) nəzərə alınmaqla  müəyyənləşdirilir:

 270.3.1. gəminin və digər əmlakın xilas edilmiş dəyəri;

 270.3.2. ətraf mühitə vurulan zərərin qarşısının alınmasında və ya azaldılmasında xilas edənin ustalığı və səyi;

 270.3.3. xilas edənin nail olduğu müvəffəqiyyət;

 270.3.4. təhlükənin xarakteri və dərəcəsi;

 270.3.5. gəminin, insanların və digər əmlakın xilas edilməsində xilas edənin ustalığı və səyi;

 270.3.6. xilas edənin çəkdiyi xərclər, sərf etdiyi vaxt və ona vurulan zərər;

 270.3.7. xilas edənin və ya onun avadanlığının məruz qaldığı məsuliyyət riski və digər risklər;

 270.3.8. xilasetmə xidmətlərinin göstərildiyi tezlik;

 270.3.9. xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və ya digər avadanlığın mövcudluğu və onlardan istifadə;

 270.3.10. xilas edənin avadanlığının hazırolma vəziyyəti və belə avadanlığın səmərəliliyi və dəyəri.

 270.4. Bu Məcəllənin 270.3-cü maddəsinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafat gəmidə və başqa əmlakda marağı olan bütün şəxslər  tərəfindən gəminin və başqa əmlakın xilas edilmiş müvafiq dəyərinə mütənasib olaraq ödənilir.

 270.5. Mükafat, mükafatla bağlı ödənilə bilən məhkəmə xərcləri və hər hansı faizlər istisna olmaqla, gəminin və başqa əmlakın xilas edilmiş  dəyərindən çox olmamalıdır.

Maddə 271. Xüsusi kompensasiya

 271.1. Xilas edən ətraf mühitə zərər vurulması təhlükəsi yaradan gəmi və ya yükə münasibətdə xilasetmə əməliyyatlarını həyata keçirdikdə  və bu Məcəllənin 270.3-270.5-ci maddələrinə müvafiq olaraq, heç olmazsa, bu Məcəllənin 271-ci maddəsinə uyğun müəyyənləşdirilən xüsusi  kompensasiya miqdarında mükafat qazana bilmədikdə, onun gəmi sahibindən xilas edənin bu Məcəllənin 271.3-cü maddəsində göstərilən  xərclərinə bərabər olan xüsusi kompensasiya almaq hüququ vardır.

 271.2. Əgər bu Məcəllənin 271.1-ci maddəsində nəzərdə tutulan halların olduğu təqdirdə xilas edən həyata keçirdiyi xilasetmə əməliyyatı  nəticəsində ətraf mühitə zərər vurulmasının qarşısını alıb və ya azaldıbsa, bu Məcəllənin 271.1-ci maddəsinə əsasən gəmi sahibinin xilas  edənə verdiyi xüsusi kompensasiyanın miqdarı onun çəkdiyi xərclərin maksimum 30 faizi qədər artırıla bilər. Məhkəmə bu Məcəllənin  270.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq meyarları nəzərə alaraq xüsusi kompensasiyanı artıra bilər, lakin ümumi artırma xilas  edənin çəkdiyi xərclərin 100 faizindən artıq ola bilməz.

 271.3. Bu Məcəllənin 271.1 və 271.2-ci maddələrinin məqsədləri üçün xilas edənin xərcləri xilasetmə əməliyyatını həyata keçirərkən xilas  edənin faktik çəkdiyi ağlabatan xərclərdir, habelə bu Məcəllənin 270.3.8-270.3.10-cu maddələrində göstərilən meyarları nəzərə almaqla  xilasetmə əməliyyatında faktik və ağlabatanlıqla istifadə edilmiş avadanlığa və personala görə ədalətli haqdır.

 271.4. Bu Məcəllənin 271-ci maddəsinə əsasən ümumi xüsusi kompensasiya yalnız belə kompensasiyanın xilas edənin bu Məcəllənin 270.3-270.5-ci maddələrinə uyğun olaraq ala biləcəyi hər hansı bir mükafatdan artıq olan halda və miqdarda verilir.

 271.5. Əgər xilas edən etinasızlıq göstəribsə və bunun nəticəsi kimi ətraf mühitə vurulan zərərin qarşısını ala və ya azalda bilməyibsə, belə  halda o, xüsusi kompensasiyadan tam və ya qismən məhrum edilə bilər.

Maddə 272. Mükafatın bölüşdürülməsi

 272.1. Bu Məcəllənin 270.3-270.5-ci maddələrinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafatın xilas edənlər arasında bölüşdürülməsi həmin  maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla həyata keçirilir.

 272.2. Xilasetmə əməliyyatının yerinə yetirilməsi nəticəsində qazanılmış istənilən mükafatın gəmi sahibi və gəmi heyəti üzvləri arasında  bölüşdürülməsi xilasetmə əməliyyatı ilə əlaqədar onların çəkdikləri xərclər çıxılandan sonra aşağıdakı qaydada həyata keçirilir:

 272.2.1. mükafatın netto dəyərinin beşdə üç hissəsi gəmi sahibinə çatır, beşdə iki hissəsi isə gəmi heyəti üzvləri arasında bölüşdürülür;

 272.2.2. bu Məcəllənin 272.2.1-ci maddəsinə əsasən gəmi heyəti üzvlərinə çatacaq pay onların arasında hər birinin xilasetmə əməliyyatında göstərdiyi səy və əmək haqları nəzərə alınmaqla bölüşdürülür.

 272.3. Bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qaydalar xilasetmə əməliyyatlarını peşəkar fəaliyyət qaydasında yerinə yetirən  gəmilərin qazandıqları mükafatın bölüşdürülməsinə şamil edilmir.

Maddə 273. İnsanların xilas edilməsi

 273.1. Xilas edilmiş insanlardan heç bir mükafat alınmır.

 273.2. Xilasetmənin zəruriliyinə səbəb olmuş hadisə ilə bağlı xidmətlərin göstərilməsində iştirak etmiş insanları xilas edənlər, gəmini və ya  başqa əmlakı xilas etdiklərinə və yaxud ətraf mühitə vurula biləcək zərərin qarşısını almaqlarına və ya azaltmaqlarına görə xilas edənlərə  verilən məbləğdən ədalətli pay almaq hüququna malikdirlər.

Maddə 274. Xilas edənin tələbinə təminatın təqdim edilməsi vəzifəsi

 274.1. Xilas edənin xahişi ilə mükafatın və ya xüsusi kompensasiyanın ödənilməsinə məsul olan şəxs, faizlər və məhkəmə xərcləri də daxil  olmaqla, xilas edənin tələbinə lazımi təminat təqdim edir.

 274.2. Bu Məcəllənin 274.1-ci maddəsində müəyyən edilmiş qaydadan asılı olmayaraq, xilas edilmiş gəminin sahibi, yük verilənə kimi, yük  sahiblərinin onlara qarşı irəli sürdükləri tələblərə lazımi təminatın (faizlər və məhkəmə xərcləri də daxil olmaqla) təqdim edilməsi üçün bütün  imkanlardan istifadə edir.

 274.3. Xilas edənin müvafiq gəmiyə və ya əmlaka olan tələblərinə lazımi təminat təqdim edilməyənədək, xilas edilmiş gəmi və ya digər əmlak  limandan və ya belə gəminin və ya əmlakın xilasetmə əməliyyatları başa çatdıqdan sonra ilk dəfə aparıldığı yerdən xilas edənin razılığı  olmadan başqa yerə aparıla bilməz.

Maddə 275. Səlahiyyətli hakimiyyət orqanlarının nəzarət etdikləri xilasetmə əməliyyatları

275.1. Xilasetmə əməliyyatları səlahiyyətli hakimiyyət orqanları tərəfindən və ya onların nəzarəti altında yerinə yetirildikdə, belə əməliyyatları həyata keçirən xilas edənlər bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.

275.2. Xilasetmə əməliyyatlarını yerinə yetirməyə borclu olan səlahiyyətli hakimiyyət orqanları, əgər bu onların adi vəzifələrinin həyata keçirilməsi ilə bağlı deyilsə, bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.

275.3. Xilasetmə əməliyyatlarının əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. [28]

XXI fəsil


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə