1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə2/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7   8   9

GƏMİLƏRİN VƏ ONLARA OLAN HÜQUQLARIN QEYDİYYATA ALINMASI

Maddə 26. Azərbaycan Respublikasının gəmi reyestrləri

 26.1. Gəmi Azərbaycan Respublikasının aşağıda göstərilən gəmi reyestrlərinin birində qeydiyyata alınmalıdır:

 26.1.1. Dövlət gəmi reyestrində;

 26.1.2. gəmi kitabında;

 26.1.3. berbout-çarter reyestrində.

 26.2. Gəmiyə mülkiyyət hüququ və gəmidə digər əşya hüquqları, habelə ona olan hüququn məhdudlaşdırılması (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmalıdır.

 26.3. Gəmiyə mülkiyyət hüququnun və digər əşya hüquqlarının, habelə ona olan hüquqların məhdudlaşdırılmasının Dövlət gəmi reyestrində  və ya gəmi kitabında qeydiyyata alınması yalnız məhkəmə qaydasında mübahisə edilə bilən qeydiyyata alınmış hüququn mövcudluğunun  yeganə sübutudur.

 26.4. Bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş gəmi reyestrləri bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olaraq aparılır.

 26.5. Gəmilərin və onlara olan hüquqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq edilir.[9]

 26.6. Bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq təsnifat cəmiyyətləri tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər Dövlət gəmi  reyestrində qeydiyyata alınırlar.

 26.7. Bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq digər orqan tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər gəmi kitabında qeydiyyata alınırlar.

 26.8. Gəmiyə məxsus olan üzən vasitələr gəmi reyestrlərində qeydiyyata alınmır.

 26.9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmilər berbout-çarter reyestrində qeydiyyata  alınır.

 26.10. Gəmilər kommersiya məqsədi ilə istifadə edildiyi hallarda bu fəslin qaydalarına uyğun olaraq yenidən qeydiyyatdan keçirilə bilərlər.

Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar

 27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 27.2. Bu Məcəllənin 16.3-cü maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri

 28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər.

 28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alına bilər.

 28.3. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəminin  müəyyən olunmuş qaydada reyestrdən çıxarılırsa, onun Dövlət qeydiyyatı tanınmır.

 28.4. Gəmilərin Dövlət gəmi reyestrində, gəmi kitabında və berbout-çarter reyestrində qeydiyyata alınmasına və onlarda hər hansı dəyişikliklərin edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq tutulur. [10]

Maddə 29. Gəminin berbout-çarter reyestrində qeydiyyata alınması

 29.1. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi ona Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək  hüququnun verilməsi haqqında qərarın qəbul edildiyi gündən bir ay müddətində berbout-çarter reyestrində qeydiyyata alınmalıdır.

 29.2. Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən  və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçirilir.

Maddə 30. Dövlət gəmi reyestrinə və gəmi kitabına daxil olan məlumatlar

 30.1. Gəmilər Dövlət gəmi reyestrində və gəmi kitabında gəminin mülkiyyətçisinin (mülkiyyətçilərinin) adına qeydiyyata alınır.

 30.2. Dövlət gəmi reyestrinə və gəmi kitabına aşağıdakı əsas məlumatlar daxil edilir:

 30.2.1. gəminin qeydiyyat sıra nömrəsi və qeydiyyata alınma tarixi;

 30.2.2. gəminin adı (əvvəlki və hazırkı), əgər varsa əvvəlki qeydiyyata alınma limanı (yeri) və qeydiyyatın ləğv edilmə tarixi;

 30.2.3. gəminin qeydiyyata alındığı limanın (yerin) adı və gəmiyə beynəlxalq dəniz təşkilatı tərəfindən verilmiş identifikasiya nömrəsi;

 30.2.4. gəminin çağırış siqnalı;

 30.2.5. gəmiqayırma tərsanəsinin adı, yeri və gəminin inşa edildiyi il;

 30.2.6. gəminin tipi və təyinatı, onun üzmə rayonu;

 30.2.7. gəminin əsas texniki xarakteristikaları, o cümlədən tutumu (ümumi və xalis), tam yükgötürmə qabiliyyəti və əsas ölçüləri;

 30.2.8. gəminin mülkiyyətçisinin (mülkiyyətçilərin) adı, vətəndaşlığı və ünvanı;

 30.2.9. gəminin bir neçə mülkiyyətçisi olduqda hər mülkiyyətçinin ümumi paylı mülkiyyətdə payı;

 30.2.10. gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.);

 30.2.11. gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı;

 30.2.12. gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar;

 30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi.

 30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas məlumatlar daxil edilir:

 30.3.1. gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı və qərarın qəbul edildiyi tarix;

 30.3.2. gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti;

 30.3.3. gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı;

 30.3.4. berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı;

 30.3.5. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi.

Maddə 31. Berbout-çarter reyestrinə daxil olmalı məlumatlar

 31.1. Gəmilər berbout-çarter reyestrində gəmini berbout-çarter üzrə fraxtedənin adına qeydiyyata alınır.

 31.2. Berbout-çarter reyestrinə aşağıdakı əsas məlumatlar daxil edilir:

 31.2.1. gəminin adı;

 31.2.2. gəmi mülkiyyətçisinin adı və ünvanı;

 31.2.3. gəmini berbout-çarter üzrə fraxtedənin adı və ünvanı;

 32.2.4. berbout-çarterin bağlanma tarixi və onun qüvvədəolma müddəti;

 31.2.5. gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun başa çatmasının tarixi;

 31.2.6. bilavasitə bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyata alındığı xarici dövlətin gəmi reyestri barəsində, belə reyestrdə qeydiyyata alınmış gəmiyə mülkiyyət hüququ, habelə gəminin ipotekası və ya gəminin həmin xarakterli yüklü edilməsinə münasibətdə reyestrin aparıldığı dövlətin qanunvericiliyinin tətbiq edilməsi göstərilməklə, məlumatlar.

 31.3. Gəminin ipotekasının və ya gəminin həmin xarakterli yüklü edilməsinin girov saxlayanının xahişi ilə berbout-çarter reyestrinə girov  saxlayanın adı və bayrağın dəyişdirilməsinə qədər xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəminin ipotekası və ya həmin  xarakterli yüklü edilməsinə aid olan digər məlumatlar da daxil edilə bilər.

Maddə 32. Gəmi reyestrlərinə daxil edilən məlumatların dəyişdirilməsi barədə xəbər vermək vəzifəsi

 Dövlət gəmi reyestrinə, gəmi kitabına və ya berbout-çarter reyestrinə daxil edilən məlumatlarda hər hansı bir dəyişiklik barəsində gəmi  mülkiyyətçisi və ya berbout-çarter üzrə fraxtedən onlara belə dəyişikliyin məlum olduğu gündən iki həftə ərzində gəminin qeydiyyata  alındığı orqana məlumat verməyə borcludur.

Maddə 33. Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması

 Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması gəminin suya salındığı gündən bir ay ərzində, Azərbaycan  Respublikasının hüdudlarından kənarda əldə edilən gəminin isə Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən bir ay  ərzində həyata keçirilməlidir.

Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi

 34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil edilir. [11]

34.2. Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir. [12]

Maddə 35. Gəminin təkrar qeydiyyata alınması

 Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əvvəllər daxil edilmiş məlumatlara uyğun  gəlmədikdə, gəmi yenidən yoxlandıqdan və üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan sonra təkrar qeydiyyata alına bilər.

Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin itirilməsi

 36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını  gəmini qeydiyyata alan orqan verir.

 36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə,  Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gəmi kapitanının ərizəsi əsasında  gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd  verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz edilir.

Maddə 37. Gəmini və ona olan hüquqları qeydiyyata almaqdan imtina

 Gəmilərin qeydiyyata alınması haqqında bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulduqda və ya gəminin qeydiyyata alınması üçün  təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə cavab vermədikdə, gəmini və ona olan hüquqları  qeydiyyata almaqdan imtina edilə bilər.

Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılması

 38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:

 38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;

 38.1.2. konstruksiya cəhətdən məhv olduqda;

 38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;

 38.1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə.

 38.2. Əgər gəmi barəsində axırıncı məlumat alınan yerdən gəminin təyinat limanına adi şəraitdə çatması üçün zəruri olan müddətdən iki  dəfədən artıq müddət keçibsə və bu müddət ərzində gəmidən heç bir məlumat alınmayıbsa, o, xəbərsiz itkin düşmüş hesab edilir. Gəminin  xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç  aydan artıq ola bilməz, hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz.

 38.3. Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv  cəhətdən məhv olmuş hesab edilir.

Maddə 39. Gəmi reyestrlərinin aşkarlığı

 Gəmi reyestrləri onlarda olan məlumatın alınmasında maraqlı olan istənilən şəxslər üçün aşkar xarakter daşıyır. Dövlət rüsumu ödəməklə gəmi reyestrlərindən müvafiq qaydada tərtib edilmiş çıxarışları  maraqlı şəxslər almaq hüququna malikdirlər.[13]

Maddə 40. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulmasına görə məsuliyyət

 Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçıran, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində  qeydiyyata almış və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər vermək borcunu pozmuş şəxs Azərbaycan  Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət daşıyır.

IV fəsil

GƏMİ HEYƏTİ. GƏMİ KAPİTANI

Maddə 41. Gəmi heyətinin statusu

 41.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi heyətinin hüquqi statusu, həmçinin gəminin istismarında iştirak edən  heyət üzvləri və gəminin heyət üzvləri ilə gəmi sahibi arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir.

 41.2. Bu Məcəllənin 41.1-ci maddəsində göstərilən münasibətlər Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda başqa dövlətin bayrağı altında üzən gəmidə yarandıqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi ilə gəmi heyəti üzvlərinin arasında bağlanmış müqavilənin şərtləri əsasında, gəminin bayrağı altında üzdüyü dövlətin qanunvericiliyi ilə tənzimlənir.

Maddə 42. Gəmi heyətinin tərkibi

 42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir.

 42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə  bilər.

 42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır.

Maddə 43. Gəmi heyətinin minimal tərkibi

 Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyətinin minimal tərkibi gəminin növündən, üzdüyü rayondan və təyinatından asılı olaraq,  müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.

Maddə 44. Gəmi heyəti üzvlərinin ixtisaslarına olan tələblər

 44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat  (diplom) verilməsi haqqında əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış şəxslər burxılır.

 44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa, sağlamlığın vəziyyətinə, peşə hazırlığına dair tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması nəticələrinə  görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 44.3. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə sertifikatların (diplomların) müəyyən edilmiş tələblərə uyğun  verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.

 44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya  səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi  yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı sertifikatları (diplomları) geri götürə, ləğv edə və  ya onların qüvvədə olmasını dayandıra bilər.

 44.5. Təsdiqlənmiş sertifikatın (diplomun) qüvvədəolma müddəti bitdikdə, o geri götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti  dayandırıldıqda bu Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir.

Maddə 45. Gəmi heyəti üzvlərinin sağlamlığına dair tələblər

 Gəmidə işləməyə, belə işə sağlamlığının yararlığını təsdiqləyən sertifikatı olan şəxslər buraxılır. Sertifikatın forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 46. Gəmi heyəti üzvlərinin vətəndaşlığı

 Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin gəmi heyətinin tərkibinə, gəmi kapitanı, gəmi kapitanının böyük köməkçisi, böyük mexanik və radiomütəxəssis vəzifələri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil edilə bilər.

Maddə 47. Gəmidə əmək münasibətləri

 47.1. Gəmi heyəti üzvlərinin əmək münasibətləri, o cümlədən onların işəgötürmə müqavilələri işdən kənarda əmək fəaliyyəti ilə bağlı münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Məcəllə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, Azərbaycan  Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin  intizam Nizamnaməsi ilə tənzimlənir.

 47.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 48. Gəmi sahibinin vəzifələri

 48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:

 48.1.1. təhlükəsiz əmək şəraitini;

 48.1.2. sağlamlıqlarının mühafizəsini;

 48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu;

 48.1.4. fasiləsiz olaraq ərzaq və su təchizatını;

 48.1.5. müvafiq iş və istirahət yerlərini;

 48.1.6. mədəni və məişət şəraitini.

 48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur:

 48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, o cümlədən repatriasiya xərclərini;

 48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və sağlamlıqlarını.

Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri

  Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək, dəniz mühitini mühafizə  etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin  etmək üçün tədbirlərin görülməsi həvalə olunur.

Maddə 50. Gəmi kapitanının dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərmək vəzifəsi

 50.1. Gəmi kapitanı öz gəmisinə və onda olan şəxslər üçün ciddi təhlükə yaratmamaq şərti ilə dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə  yardım göstərməyə borcludur.

 50.2. Bu Məcəllənin 50.1-ci maddəsində göstərilən vəzifəsinin pozulmasına görə gəmi kapitanı Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

Maddə 51. Gəmilərin toqquşmasından sonra gəmi kapitanının yardım göstərmək vəzifəsi

 51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi  təhlükə yaratmırsa, toqquşmadan dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım göstərməyə borcludur.

 51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat  limanlarının və ya daxil olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar.

 51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin 51.1. və 51.2-ci maddələrində göstərilən vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət  daşımır.

Maddə 52. Gəmi kapitanının təcili tibbi yardım göstərmək vəzifəsi

 52.1. Gəminin dənizdə olma müddətində gəmidə olan şəxsin göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı varsa, gəmi kapitanı  gəmi sahibinə xəbər verməklə yaxındakı limana daxil olmağa və ya həmin şəxsi yaxındakı limana çatdırmaq üçün tədbirlər görməyə  borcludur.

 52.2. Gəmi xarici limana daxil olduqda və ya həmin şəxs xarici limana çatdırıldıqda gəmi kapitanı Azərbaycan Respublikasının səfirliyini və  ya konsulluq idarəsini bu barədə məlumatlandırmalıdır.

Maddə 53. Hərbi əməliyyat halında və hərbi təhlükə olan digər hallarda gəmi kapitanının vəzifəsi

 Gəminin səfərə çıxma və ya təyinat limanlarının yerləşdikləri rayonda, gəminin keçəcəyi rayonda hərbi əməliyyatlar aparıldıqda, habelə  hərbi təhlükə olan digər hallarda gəmi kapitanı gəminin, gəmidə olan insanların, sənədlərin, yüklərin və digər əmlakın məhv olunmasının,  zədələnməsinin və zəbt olunmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur.

Maddə 54. Gəmi heyətinin gəmini tərk etməsi

 54.1. Gəmi kapitanının fikrincə gəmi məhv olmaq qarşısındadırsa, gəmi kapitanı sərnişinlərin xilas edilməsi üçün bütün tədbirləri gördükdən  sonra gəmi heyətinin üzvlərinə gəmini tərk etməyə icazə verir.

 54.2. Gəmi kapitanı gəmi, radio və maşın jurnallarının, habelə səfərə aid olan xəritələrin, naviqasiya cihazları lentlərinin, sənədlərin və qiymətli əşyaların xilası üçün bütün mümkün tədbirləri gördükdən sonra, gəmini sonuncu olaraq tərk edir.

 54.3. Gəmi məhv olduqda, gəmi heyətinin hansı dövlətin ərazisinə çatdırılmasından asılı olmayaraq, gəmi kapitanı gəmi heyətinə münasibətdə hüquqlarını saxlayır və öz vəzifələrini icra edir.

Maddə 55. Gəmidə nizam-intizamın saxlanılması

 Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Maddə 56. Gəmi kapitanı təhqiqat orqanı kimi

 Səfərə çıxmış gəmidə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildikdə, gəmi kapitanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, təhqiqat orqanının funksiyalarını yerinə yetirir.

Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri

 57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyətnamə notariat  qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur.

 57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır.

 57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun  cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması  zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni  dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır.

 57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir.

Maddə 58. Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi kimi

 Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin digər nümayəndələri olmadığı halda gəminin, yükün və ya icra edilən səfərin ehtiyacları  üçün zəruri olan əqdlərə, habelə ona tapşırılmış əmlaka dair iddialara münasibətdə gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi hesab  edilir.

Maddə 59. Səfəri davam etdirmək üçün təcili maddi tələbat

 59.1. Səfəri davam etdirmək, xüsusilə gəminin təmiri və ya gəmi heyətinin saxlanılması, səfər zamanı təcili maddi tələbat yarandıqda və gəmi  sahibindən sərəncam almaq üçün imkan və ya vaxt olmadıqda, gəmi kapitanının səfəri davam etdirmək üçün ona tapşırılmış zəruri olmayan  əmlakın bir hissəsini satmaq hüququ vardır.

 59.2. Səfəri davam etdirmək üçün vəsaitin əldə edilməsinin gəmi sahibi və yük sahibi üçün ən az zərər verən üsulu seçmək gəmi kapitanının  borcudur.

 59.3. Yükün satılması ilə əlaqədar zərərə ümumi qəza əlamətlərinin şamil edildiyi və ya yükün satılması yalnız yükün mənafeyi naminə həyata keçirildiyi hallar istisna olmaqla, gəmi sahibi satılmış yükün dəyərini onun sahibinə ödəyir.

Maddə 60. Gəmi kapitanının vəzifələrinin gəmi kapitanının böyük köməkçisinə həvalə edilməsi

 Gəmi kapitanının ölümü, xəstəliyi halında və ya xidməti vəzifələrini yerinə yetirməyə mane olan digər səbəb olduqda, gəmi sahibinin sərəncamı alınana qədər gəmi kapitanının vəzifələri gəmi kapitanının böyük köməkçisinə həvalə edilir.

V fəsil


DÖVLƏT BAYRAQ VƏ LİMAN NƏZARƏTİ [14]

Maddə 61. Müvafiq icra hakimiyyəti orqanı və Dəniz limanı kapitanı

 61.1. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək funksiyalarını müvafiq icra hakimiyyəti orqanı və dəniz limanı kapitanı həyata keçirir.

61.2. Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir və bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Dəniz limanı kapitanı haqqında Əsasnamə” ilə tənzimlənir. [15]

61.3. Dəniz limanı kapitanı bilavasitə müvafiq icra hakimiyyəti orqanına tabedir. [16]

61.4. Azərbaycan Respublikasının ərazisində dövlət bayraq və liman nəzarətini və dəniz üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.[17]

Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının və Dəniz limanı kapitanının funksiyaları

62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının funksiyaları:

62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını qeydiyyata almaq və müvafiq sənədlər vermək;

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədini və dənizçi kitabçalarını vermək;

62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;

62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarəti həyata keçirmək;

62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada araşdırmaq.

62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;

62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması.[18]

Maddə 63. Gəmilərə nəzarət

63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.[19]

 63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər  əsas olduqda, “, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı gəmini yoxlaya bilər. [20]

 63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi  ilə müvafiq icra hakimiyyəti orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər. [21]

63.4. Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan, xarici bayraqlar altında üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı iyirmi beş faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət yoxlamasından keçirilməlidir.

63.5. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri bu Məcəllənin 63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə tutulmuş qaydada geniş nəzarət yoxlamasından keçirilməlidirlər.[22]

Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi

 64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı  kapitanının aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla gəmiyə limandan çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır: [23]

 64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;

 64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların  həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda;

 64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;

 64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;

 64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.

64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda. [24]

 64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan  xərcləri gəmi sahibi ödəyir.

Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə məsuliyyət

 Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindənAzərbaycan Respublikasının  qanunvericiliyinə müvafiq olaraq inzibati tənbehlər tətbiq edilir.[25]

VI fəsil

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə