Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi




Yüklə 453.87 Kb.
səhifə3/3
tarix21.02.2016
ölçüsü453.87 Kb.
1   2   3

 




Şagirdlərin tərbiyəsində "Dədə Qorqud" dastanlarının əhəmiyyəti







 




Bilikli, savadlı, vətəni ürəkdən sevən, onun yolunda hər cür fədakarlığa hazır olan, gələcəkdə onu inkişaf etdirən vətəndaş tərbiyə etmək bu gün məktəbin, müəllimin qarşısında duran ən vacib vəzifədir.

Buna görə də bu müqəddəs peşənin - müəllimliyin bizə verdiyi fürsətdən yararlanıb məqsədimizə nail olmaq üçün bütün bacarıq və imkanlarımızdan istifadə etməliyik. M.Ə.Sabir demişkən, elm tərbiyəsiz məqbul deyil. Tərbiyədə isə xalqımızın milli dəyərləri, ədəbi irsimiz, ədəbi abidələrimiz mühüm rol oynayır. Uzaq keçmişimizdən bizə miras qalan, örnək alacağımız belə abidələrdən biri "Kitabi-Dədə Qorqud" dastanlarıdır.

Müstəqilliyimizin əldə edilməsi sayəsində qazandıqlarımızın içərisində ədəbiyyatımızın öz həqiqi simasını tapması çox əhəmiyyətlidir. Etiraf etmək lazımdır ki, şagirdlərimizin düzgün tərbiyəsində bu fənnin rolu əvəzolunmazdır, imkanları genişdir.

Tədris etdiyim ədəbiyyat fənnində sevə-sevə öyrətdiyim mövzulardan biri olan "Kitabi-Dədə Qorqud" dastanlarının şagirdlərimizin həyatındakı tərbiyəvi əhəmiyyəti haqqında fikir və düşüncələrimi həmkarlarımla bölüşmək istərdim.

Sevindirici haldır ki, biz bu dastanla şagirdlərimizi hələ aşağı siniflərdən tanış edə-edə irəliləyirik. Demək olar ki, uşaqlar hər il bu gözəl abidəni öyrənir, məlumatlarını zənginləşdirirlər. "Dədə Qorqud" dastanlarındakı "Dirsə xan qolu Buğacın boyu" əsasında M.Rzaquluzadənin yazdığı "Ana ürəyi, dağ çiçəyi" hekayəsi 5-ci sinifdə, "Uşun qoca oğlu Səgrəgin boyu" 6-cı sinifdə, "Bayburanın oğlu Bamsı Beyrək boyu" 7-ci sinifdə, "Oğuz xanın oğlu Uruz bəyin dustaq olduğu boy" 8-ci sinifdə, "Salur Qazanın evinin yağmalanması boyu" 10-cu sinifdə proqram materialı kimi seçilmiş və həmişə şagirdlər tərəfindən çox böyük həvəslə öyrənilmişdir.

Qarabağ boyda dərdi olan bu xalqın "Dədə Qorqud" öyüdlərini, məsləhətlərini, təcrübəsini öyrənib öyrətməyə böyük ehtiyacı var.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci ildə BMT-nin YUNESKO təşkilatı səviyyəsində "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin keçirilməsinə, dastan əsasında "Dədə Qorqud" adlı 2 serialı film çəkilməsinə nail olmuşdur.

"Salur Qazanın evinin yağmalanması" boyu dastanın  ən maraqlı, böyük tərbiyəvi əhəmiyyətə malik boylarındandır. Şagirdlərimiz buradan Vətən sevgisini, anaya məhəbbəti, qadına hörməti öyrənirlər. Mərdlik, cəsarət, qorxmazlıq, düşmənə nifrət, düşmən qarşısında əyilməzlik kimi xüsusiyyətlər şagirdlərə aşılanır. Bu dastanı tədris edərkən şagirdlərə xalq yazıçısı Anarın bu sözlərini xatırladıram: "Hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da, bir və ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını əks etdirir.  Azərbaycan xalqının şah əsəri, ana kitabı "Dədə Qorqud" dastanıdır.

İgid Qazanın əliaçıqlığı görün necə verilir: O, 3 ildən bir qadının əlindən tutub evdən çıxar, var-dövlətini camaata dağıdardı. 10 min, 20, 30, 40 minE düşməni saya salmayan, yalnız 100 mini keçəndə hərəkətə gələn sevimli Qazan xanın yurdunu talanmış, evləri, obaları yanmış görəndə düşdüyü ağır halı bu günümüzlə necə də səsləşir! Talan olunmuş Xocalımız, od tutmuş Şuşamız, viran qoyulmuş Kəlbəcərimiz, Laçınımız... yada düşür. Amansızlıqla qətlə yetirilmiş qocalar, uşaqlar və cavanların taleyi igid  Beyrəyin taleyinə nə qədər bənzəyir. Əsir düşmüş Burla xatunun ağrılarını neçə-neçə qız-gəlinimiz, analarımız yaşamadı?!

Dastanı öyrənən şagirdlərimizin Qaraca Çobana sevgisi daha böyükdür. Qəribədir, əsərdəki əsas surətlərin içərisində aşağı təbəqənin yeganə nümayəndəsi olan Qaraca Çobanın yalnız bircə boyda iştirak etməsinə baxmayaraq, bütün obrazlardan, hətta Qazan xandan da artıq sevilməsi diqqəti cəlb edir. Bununla dastan yaradıcılarının, sinfi fərq qoyulmasa da, zəhmətkeş təbəqəyə rəğbəti təsdiqlənir. Dahi Nizaminin də diqqətini cəlb etmiş bu qəhrəman onun "Xosrov və Şirin" poemasının əsas surətlərindən biri olan Fərhadın sələfidir. Yeri gəlmişkən, Nizaminin "7 gözəl" əsərindəki Bəhram Gurun quş ovlayıb damğa vuraraq buraxması "Dədə Qorqud" dastanındakı Bəkil surətinə bənzəyir. O da ovladığı arıq ceyranları damğalayıb (qulağını deşib) buraxırdı.

"Qazan xanın evinin yağmalanması" boyunu tədris edərkən şagirdlərin diqqətini Qaraca Çobanın leksikasına da cəlb edirəm. Qazan xanla söhbətində hər an səmimiliyini, məhəbbətini bildirirəm, ona sədaqətlə itaət edən bu nəhəng gövdəli, əfsanəvi gücə malik, ağıllı, tədbirli igid düşmənlə üz-üzə gələndə içində aşıb-daşan kinini, küdurətini cilovlaya bilmir, düşməni söyməkdən belə çəkinmir. Onu mühasirəyə alıb təslim olmağa, yüksək vəzifə təklif edən yağını belə qarşılayır:

"Hərzə-mərzə söyləmə, itim kafir!

İtimlə bir qabda yal yeyən kafir...".

Sanki dastan yaradıcıları qəsdən bu ürəyitəmiz, zəhmətkeş insanı özünəməxsus sadə, bir az da loru, vulqar danışığı ilə ağalarından fərqləndirməyə, daha da inandırıcı və sevimli bir obraz yaratmağa çalışmış və buna nail olmuşlar. Döyüş zamanı düşməndən anasını istəyən Qazanı "ananı Yaykat Keşiş oğluna ərə verəcəyik" deyə ələ salan düşmənlərə Qazan xandan da əvvəl yaxşıca dərs verən Qaraca Çoban yenə söyüş yağdırır:

"Mərə dini yox, əqilsiz kafir!

Usu yox dərnəksiz kafir!

Qazan xanın anası qocalıb,

oğul verməz,

Dölün almaqdan səfan varsa,

qara gözlü qızını Qazana ver...".

Qeyrətli Çoban düşmənə qarşı coşub-daşan qəzəbi, nifrəti ilə Şəhidlər xiyabanında uyuyan yüzlərlə igidlərimizi xatırladır. Çətin anlarda oğuz xanları bir-birinin hay-harayına yetişirlər. Vuruşub qalib gəlmək üçün əlbir olmaq lazımdır.

"Dədə Qorqud" dastanı milli mənəvi dəyərlərimizdəndir. Xalqımızın söz ensiklopediyası, tarix dərsliyimizdir. Bu dastana sovet dövründə qadağa qoyulması, onun təqib olunması elə möhkəm milli xüsusiyyətləri mədəniyyətimizi və keçmişimizi doğru-dürüst  özündə əks etdirməsindən, coğrafiyamızdan xəbər verməsindən irəli gəlirdi. 






Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir

Filed under: İnşalar — 4 Şərh

8 Aprel 2012

Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi “Kitabi – Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır, “Oğuznamə”dir.

 

Elm aləminə “Kitabi – Dədə Qorqud” eposunun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdir.



 

“Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının  həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə-Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.

 

Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan Xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlərdə mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.



 

“Kitabi – Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçquda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki. “Kitabi – Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer-yurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.

 

Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuz öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.



 

Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.

 

Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.



 

“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.



About these ads

Share this:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə