Zakirə Əliyeva filologiya üzrə fəlsəfə doktoru Xalq yazıçımız Ilyas Əfəndiyev haqqında yeni kitab




Yüklə 22.05 Kb.
tarix24.04.2016
ölçüsü22.05 Kb.


Zakirə Əliyeva

filologiya üzrə fəlsəfə doktoru

Xalq yazıçımız Ilyas Əfəndiyev haqqında yeni kitab



(Q.Bayramov və J.Rzayevan “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Bakı, “Yazıçı”, 2014, 272 s.) kitabı haqqında)

Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incə­sənət xadimi İlyas Əfəndiyevin əsərləri Azərbaycan ədəbiyyatının bu gün də davam edən canlı tarixidir. Yazıçının səhnəmizə bəxş etdiyi 15 pyesi - “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Xurşidbanu Natəvan” və s. - əsasında “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur.Hələ sağlığında çağdaş ədəbiy­yatın «canlı klassi­ki» adını qazana bilmiş yazıçının ədəbi irsi daim tədqiqat­çılarını öz cazibəsində saxlamaqdadır. Görkəmli ədib haqqında onlarla monoqrafiyalar, tədqiqat işləri, yüzlərlə məqalələr yazılmışdır. 2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respublika Döv­lət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndi­yevin anadan olmasının 100 illiyinin təntənəli qeyd edilməsi haqqında Azərbay­can Respub­likasının Prezidenti cənab İlham Əliyev sərəncam imzaladı. Xalq yazıçı­mızın yubiley ərəfəsində çap olunaraq oxuculara təqdim edilən Q.Bayra­mov və J.Rzayevanın “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqid­də” adlı monoqrafiyası həm ədəbi-mədəni, həm də elmi mühitdə əhəmiyyətli hadisə hesab edilə bilər. Kitabda, adından göründüyü kimi, Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılığı sahəsində indiyə kimi aparılmış ədəbi-tənqidi materialların, elmi tədqiqatların geniş spektrini əhatə edir. Analitik təhlillərlə ümumiləş­dirilərək nəzərdən keçirilmiş bütün materiallar xronoloji axarda, mərhələlərlə, sistemli şəkildə - “İlyas Əfəndiyevin yaradıcılığının ilkin mərhələsi ədəbi fikir və tənqiddə”; “İlyas Əfəndiyevin yaradı­cılığı­nın 1960-1990-cı və müstəqillik illəri ədəbi tənqidində - fəsilləri daxilində qruplaş­dırılmışdır”.

İlk növbədə qeyd edək ki, kitab ilyasəfəndiyevşünaslığa dair geniş ədəbi tənqid və ədəbiyyatşünaslıq materiallarının salnaməsi olmaqla yanaşı, eyni zamanda ədəbiyyat tariximiz, ədəbiyyatşünaslıq elmimiz üçün elmi dəyəri olan maraqlı tədqiqat əsəridir. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına dair indiyə kimi araşdırılan, yazılan əsərlər haqqında ilk tədqiqat işi olan bu kitabın müəlliflərinin böyük zəhməti, məsu­liyyətli yanaşması, çətin və ciddi araşdırmaları nəticəsində ərsəyə gəlməsi şübhəszdir.

“İlyas Əfəndiyevin yaradıcılığının ilkin mərhələsi ədəbi fikir və tənqiddə” adlanan birinci fəsildə müəlliflər Xalq yazıçısının yaradıcılığına həsr edilmiş materialları onun həyat yolunu, ədəbi-ictimai mühitdə fəaliyyətini paralel olaraq izləməklə nəzərdən keçirirlər. İlk növbədə bir tənqidçi kimi yazıçının yaradıcılığını daim izləyən və onun ”İşıqlı yollar”, “Atayevlər ailəsi” və başqa əsərləri haqqında geniş və dövrün kontekstində prinsipial əhəmiyyətli resenziyalar yazmış və Azərbaycan ədəbiyyatının aktual prob­lem­lərinə həsr olunmuş bir çox məqalələrində İlyas Əfəndiyevin yaradıcılıq xüsusiy­yət­lərinin üzərində dayanmış, bu xüsusiyyətlərinin ədəbiyyata gətirdiyi yeniliklər­dən bəhs etmiş” Mehdi Hüseynin tənqidi yazılarına nəzər yetirilmişdir. Daha sonra M.İbrahimov, Cə­fər Xəndan, Əkbər Ağayev, Qulu Xəlilov, professor Əli Sultanlı, akademik Bəkir Nəbi­yev, professor Akif Hüseynov, A.Kazımov və b. qələmə aldığı ədəbi-tənqidi mate­rialları bir araya gətirən müəlliflər, 60-cı illərə qədərki yazıçının yaradıcılığının ilkin döv­rünə ədə­bi tənqidin münasibətini dövrü xarakterizə edən ümumiləşdirilmiş nəticələri ortaya qoyur­lar.

60-cı illərin bədii söz-sənət estafetini Respublikanın Əməkdar incəsənət xadimi fəxri adı ilə başa vurmuş İlyas Əfəndiyevin yaradıcılığının 90-cı illərə qədər uzanan ikinci dövrü də məhsuldarlığı və uğurları ilə seçilir. Bu səbəbdəndir ki, kitabın “İlyas Əfəndiyev yaradıcılığının 1960-1990-cı və Müstəqillik illəri ədəbi tənqidində dərki” fəsli həcmcə daha geniş, ədəbi tənqid baxımından informativ yükünə görə daha zəngindir. Bu zənginliyin bir səbəbi də müəlliflərin haqlı olaraq qeyd etdiyi kimi ədəbi tənqidimizin -Elçin, Yaşar Qarayev, Akif Hüseynov, Şamil Salmanov, Əmin Əfəndiyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Məryəm Əlizadə, Şirindil Alışanlı, Vaqif Yusifli və b. fikrincə İlyas Əfəndiyevi yaradıcılığının bütünlükdə Azərbay­can ədəbiyyatının vaxtilə sovet dövrü adlandırılan ikinci respublika mərhə­ləsinin ədəbiyyatına dair əsaslı ədəbi düşüncələr üçün zəngin material verməsidir. İlyas Əfəndiyevin yaradıcılığında ədəbi tənqidin gözündən qaçmış bir əsər tapmaq qeyri mümkündür; onun hər bir nəsr nümunəsi, pyesi geniş müzakirə obyekti olmuşdur. Monoqrafiya boyu belə elmi-tənqidi yükü olan bu materiallar – qəzet və jurnal məqalələri, müsahibələr, resenziyalar, dəyirmi masa söhbətləri və s. diqqətlə izlənilmiş müqayisə ediləcək fikirlər, təhlillər dəqiq və ciddi tədqi­qatçı marağı ilə seçilmişdir və qiymət­ləndirilmişdir. Eyni zamanda İlyas Əfəndiyev yaradıcılığına dair, onun hər hansı bir nəsr və ya dram əsəri, tamaşaya qoyulmuş pyesi ətrafında ən müxtəlif sənət sahibləri olan müəlliflərin (ədəbiyyatşünas, tənqidçi, kinoşü­nas, teatrşünas, rəssam, bəstəkar, aktyor və s.) cərəyan edən tənqidçi mövqeləri, fikirləri, baxışları təhlil müstə­visində ümumiləşdirilərək elm-nəzəri qənaətlərlə tamam­lanır.

İlyas Əfəndiyevin özünün də yazdığı kimi “Dramaturgiyada “konfliktsizlik” nəzə­riyyəsi ifşa olunanadan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər” olan “Bahar suları”nın geniş müzakirəsi, “mənfi tipləri göstərməklə cəmiyyətə böhtan atılması”na dair fikirlər və buna münasibət bildirən Əli Vəliyev, Səməd Vurğun, Cəfər Xəndanın əsərin müsbət məziyyətləri barədə çıxışları dövrün ictimai-siyasi baxışları müstəvisində təhlil edilir. Daha sonra “Atayevlər ailəsi”ndən bəhs edən materaillara geniş yer ayıran müəlliflər bunu İlyas Əfəndiyev yaradı­cılı­ğında yeni bir estetik keyfiyyətlə ortaya çıxması və yazıçının yaradıcılıq manera­sının keçid mərhələsinin əsasını qoyması ilə izah etmişlər.

İ.Əfəndiyevin 1958-ci qələmə aldığı “Söyüdlü arx” romanı, xüsusilə Nuriyyə obrazı haqqında akademik B.Nəbiyev, M.Hüseyn, M.İbrahimov, M.Arif, Ə.Ağayev, V.Osmanlı, V.Quliyev və b. kimi görkəmli tənqidçilərin fikirlərindən gətirilən nümunələrin araşdırılaraq bir araya gətirilməsi və elmi-nəzəri aspektdə yekun qənaətdə xarakterizə edilməsi kimi maraqlı təhlilləri monoqrafiyanın sonrakı səhifələrində görmək olar.

Ədəbi mübahisələr doğurmuş “Körpüsalnalar” və “Sarıköynəklə Valehin nağılı” romanlarının maraqlı və qəribə taleyinə dair tənqidçi mövqelərini, İ.Əfəndiyev yara­dıcı­lığında psixologizmlə bağlı araşdırmaları əahatə edən bölmələr də ədəbiyyat tarxi­miz, ədəbi tənqid tariximiz üçün elmi və milli-mənəvi dəyərləri əks etdirən təhlillərlə zəngindir.

Ədəbi tənqidin təkcə İlyas Əfəndiyev yaradıcılığının ideya-estetik, mövzu-qəhrə­man, konflikt və xarakter, millilik və vətənpərvərlik, tarixilik və müasirlik kimi prob­lem­lərindən danışmadığını, həmçinin müəllifin dil və üslub, lirik-psixoloji yazı mane­rası, onun yaradıcılığının digər sənətkarlıq məsələlərini də diqqət mərkəzində saxlamasını bildirən müəlliflər bu qəbildən xeyli materialı nəzərdən keçirmişlər.

Həmçinin, bu əsərdə İlyas Əfəndiyevin yaradıcılığına həsr edilmiş tədqiqat işləri, dissertasiyalar, monoqrafiyalar da diqqətdən kənarda qalmamış, yerli-yerində dəyərləndirilmişdir.

İkincə fəsildə müstəillik dövrünün yanaşma prinsiplərindən bəhs edən müəlliflər gənc tədqiqatçıların və xarici ölkələrdən olan araşdırıcıların dövri-mətbuatda dərc edilmiş materialları da əhatə etməyə müvəffəq olmuşlar. Bu mənada xüsusilə tükiyəli müəlliflərin – yazıçı, N.Y.Gəncosmanoğlu, S.Çokum, teatrşünas Fatma xanım, jur­nalist Səlcuk Alkun və b. fikirlərinə toxunan müəlliflər İlyas Əfəndiyevin əsərləri­nin Türkiyədəki tamaşalarının doğurduğu rezonanslardan da bəhs etmişlər.

Ümumiyyətlə, Q.Bayramov və J.Rzayevan “Xalq yazıçısı İlyas Əfəndiyevin yara­dıcılığı ədəbi tənqiddə” kitabında ədəbiyyatşünaslıq tariximizdə İlyas Əfəndiyevlə bağlı böyük və məhsuldar bir mərhələnin əhatəli məzərəsini yarada bilmişlər. Mono­qrafiya ədəbi tənqid materialı kimi çox əhəmiyyətlidir və şübhə yoxdur ki,   öz müəl­lif­lərinin gəldikləri ümumi nəticəyə rəğmən 100 illik İlyas Əfəndiyev ədəbi-tarixi epo­xasına və bu günümüzə dəyərli töhfədir və müəlliflər bu qənaətə gəlirlər ki, İlyas Əfən­­diyevin nəsri sovet nəsrinin sosioloji şablonlarını dağıtdı, sosialist realizminin este­tik ehkamları ilə düz gəlməyən, xalq həyatını milli-mənəvi mənafeləri baxımından təcəssüm etdirən nəsr təmayülü yaratdı və ədəbiyyatımıza lirik-psixoloji üslub gətirdi. Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşdı. “İlyas Əfəndiyev teatrı”nın fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissinin və estetik zövqünün formalaşmasına öz təsirini göstərir. İ.Əfəndiyev qüdrətli şəxsiyyəti, fenomenal bütövlüyü və zəngin ya­ra­dıcılığı ilə müasirlərinə, xüsusilə ədib və şairlərə, ümumiyyətlə ziyalılara milli sənət­kar mədəniyyətinin nümunəsini göstərdi. Onun həyatı və şəxsiyyətinin özü bütöv bir ədəbi- tarixi epoxadır”. Q.Bayramovun və J.Rzayevanın bu monoqrafiyası sübut edir ki, nəinki Azər­baycan, bütün Türk dünyası üçün dəyərli olan İlyas Əfəndiyev bu gün daha artıq sevilir, daha artıq öyrənilir, yaradıcılığı, ədəbi-bədii irsi yeni-yeni tədqiqatçıların müraciət etdiyi əsrarəngiz bədii söz xəzinəsin çevrilir.



oktyabr, 2014-cü il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə