Yüksəl Birol (Roman)




Yüklə 0.71 Mb.
səhifə1/10
tarix22.04.2016
ölçüsü0.71 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
Güntay Gəncalp

Yüksəl Birol
(Roman)

I

İran-İraq savaşının ən qızğın vaxtı idi. Hər iki tərəf sadəcə sınırlarda gəncləri qırğına vermir, həm də şəhərləri uçaqlarla bombalayırdılar. Əsgərliyə getməmək, ölkədən qaçmaq üçün bəzi yolları sınadım, ancaq müvəffəq ola bilmədim. Ərdəbildə qış çox erkən başlamışdı. Payızın orta ayının son günləri idi. Yalnız Savalanın ətrafını qar bürüməmişdi, şəhərə də bolluca qar yağmışdı. Adamlar damların üstünün qarını kürüyürdülər. Soyuq havada damların üstündəki bacalardan ucaqların hərarəti dumanlanırdı. Şəhərin hərbi qarnizonuna yüzlərcə gənc adamı toplamışdılar. Bunların hamısını əsgərliyə aparacaqdılar. Mən də gözlərindən yaş axan anama, qardaşlarıma sarılıb vidalaşdıqdan sonra bu gənc adamların içinə qatıldım. Dəmir barmaqların küçə tərəfində gözü yaşlı analar-atalar evladlarına əl sallayıb yola salırdılar.



Bir neçə avtobusla bizi Kürdüstanın mərkəzi olan Sənəndəc şəhrinə yola saldılar. İlk üç aylıq təlimi burada keçirdikdən sonra savaş meydanlarına göndəriləcəkdik. Şəhərdən çıxdığımız zaman bəzi gənclərin Savalana həsrətlə baxışlarını və bəzilərinin də bayatı söylədiklərini heç vaxt unuda bilmirəm. Biz yurdumuzu tərk edib ölümə aparılırdıq. Arxamda oturan bir gənc adam pıçıldadı: ”aaahhh, Savalan nə qədər yaxın görünür, sanki əl uzatsan zirvəsinə çatarmış kimi!” Yanındakı gənc isə ”əslində çox da yaxın deyil, yəni göründüyü kimi yaxın deyil. Hər tərəfi bəyazlıq sardığı üçün yaxın görünür. Bəyazlıq dərə-təpəni doldurduğu üçün məsafə düm-düz olmuş, alçaq-hündürlər hiss olunmur. Ona görə yaxın görünür.”- dedi və davam etdi: ”Sən Savalanın zirvəsinə getmisənmi?”

Gənc adam köksünü ötürərək: ”Yox, getməmişəm, ən böyük arzularımdan birini savaşa getmədən gerçəkləşdirə bilmədim. Qorxuram bu anlamsız savaşda öləm, bu arzuma çata bilməyəm. Sağ-salamat dönsəm ilk görəcəyim iş Savalanın zirvəsinə çıxıb oradan yurdumuzun uzaqlıqlarını seyr etmək olacaq”- dedi. Dönüb geriyə onlara baxdım və ”Şairə bənzəyirsən gənc adam, Savalan haqqında söylədiklərini duydum. Mən Savalanın zirvəsinə yüksəlmişəm. Hər kəs bu zirvəyə yüksəlməlidir məncə”- dedim.

Gənc adam gülümsəyərək: ”Çox uyğun söz qullandın: ”yüksəliş”. Haqlısan Savalanın zirvəsinə insan çıxmaz, yüksələr.”- dedi. Bu söhbət başqa danışıqlara da yol açdı. Ölüm yolçuluğunda sevgidən, vətəndən, evlənməkdən, qızlardan və bə´zən də kitablardan filan danışırdıq. Hər kəs öz iç dünyasına uyğun sözlər danışırdı hansısa arxadaşı ilə. Bu arxadaşların bəziləri ilə Sənəndəcdə üç ay boyunca bir-birimizə dayanaq olduq fars əsgərlərin qarşısında. Əsgərlikdə, özəlliklə türkləri çox təhqir edirdilər. Bəzi yazısı-pozusu olmadığı üçün fars dilini bilməyən türklərə qarşı çox çirkin davranırdılar. Ona görə də bir neçə dəfə savadsız türk gənclərini aşağılayan farsları birləşib yaxşıca döymək zorunda qaldıq. Elə vururduq ki, dişləri qırılırdı. Türk- fars savaşı əsgərlikdə ən açıq şəkildə hiss olunur. Üç ay təlimin necə keçdiyi haqda bir şey yazmayacağam. Bu ağır günlər bitdi və bir çoxlarını cəbhələrə yolladılar. Bir neçə nəfəri də ixtisas öyrətmək üçün iki ay daha saxladılar. Bunların içində mən də var idim. Ümumi təlimlər bitdi. İki ay da piyadə ordunun bir hissəsi olan qumbaraatan silah üzrə təlim gördükdən sonra bizi Kürdüstanın Mərivan bölgəsindəki cəbhəyə göndərdilər. Kürdüstanın ən sərt dağları olan Suren silsilə dağlarının ətəyində qumbaraatan birliklərdə görəvə başladıq. Dağların zirvəsində piyadə əsgərlər xidmət edirdi. Bu ixtisas təlimini, ancaq orta məktəbi bitirmişlərə vermişdilər. Onlara həm də birinci, ikinci çavuşluq rütbəsi verilmişdi. Mən ikinci dərəcəli çavuş idim.
II
Təlimlərdə ən çox teorik və bir az da praktik olaraq öyrəndiyimiz bilgiləri savaş meydanlarında uyquladıqca savaş bilgilərimiz artırdı. Artan bilgilərimizə və təcrübələrimizə görə qumbaraatan dəstənin başçısı olan zabitin güvəni bizə artırdı. Bu üzdən də ön cəbhədə durum gərginləşib atəş lazım olduğunda dağın zirvəsində olan gözləmçı birbaşa mənim özümlə telsiz yolu ilə əlaqə saxlayırdı. Xəritənin üzərində təsbit etdiyimiz düşmən mövqelərində bir qıpırdanış olduğunda gözləmçi atəş tələbində bulunurdu. Bu an mən əsgərləri dəstəmizin dörd qubaraatanların başına çağırır və yönü, bucaqları onlara bağıraraq söyləyib atəş əmri verirdim. Hər qumbaranın 11 xidmətçisi olurdu. İşin diqqət çəkici yönü də var idi o zaman. İslam rejimi gecə-gündüz zahirən İsrail düşmənliyi yapmasına baxmayaraq, bizim qumbaraatanlarımızın ikisi İsrail, digər ikisi də Quzey Koreya məhsulu idi. Bir neçə aydan sonra dəstəmiz İsrail ürünü olan silahlarla tam olaraq donatıldı. Koreya silahları həm ağır, həm də qeyri-dəqiq idi. İsrailin silahları isə həm yüngül, həm də dəqiq və əlverişli idi. Bu şəkildə get-gedə uzmanlaşaraq əsgərliyimizi sürdürürdük.

Ciddi savaş durumları olmadığında boş vaxtlarımız çox olurdu. Özəlliklə çavuşlar gecələr postlarda növbəçi olmadıqları üçün boş vaxt bol olurdu. Sabah erkən saat altıda hamı yuxudan oyanmalı və idman etməli idik. Daha sonra da əsgərlərin görəvləri, nə yapacaqları duyurulurdu. Suren dağlarının ətəklərindəki səngərlərdə yaşayırdıq. Hər səngərdə ən az 7-8 əsgər qalırdı. Gecələr yağla yanan çıraqlarla səngərlər işiqlanırdı. Çavuşların səngərləri fərqli idi. 2-3 nəfərdən artıq olmurdu səngərlərdə. Yeməkləri isə bizdən təqribən 10 km arxada yerləşən locostik mərkəzdə hazırlayırdılar. Qışda yolları qar basdığında yemək daşıyan arabalar gələ bilmədiyində əsgərlər səngəərlərdə yemək hazırlayırdılar. Çox çətin bir həyat şəkli ilə qarşı-qarşıya idiq.


III

Bu çətin həyat içində türklərin bir də psixoloji problemləri var idi. Bə´zən heç yazıb-oxuması olmayan türkləri farslar təhqir edirdilər. Xüsusən əski əsgərlər yeni gələn türk əsgərlərin gözlərinin odunu alıb qorxutmaq üçün çox aşağılayır, aşağılayıcı sözlər deyirdilər. Fars dilini bilməyən bu türk əsgərlər isə onların nə dediklərini bir çox hallarda anlamırdılar. Onlar isə türkləri məsxərə edib gülmələrinə davam edirdilər. Durum bu şəkildə davam etdikcə nə edəcəyimi bilmirdim. Çünkü gözümün qabağında mənim kimliyim və dilim təhqir olunurdu. Heç bir suçu olmayan gənc türk əsgərlər durub-durduqları yerdə çox çirkin şəkildə aşağılanırdılar. Bir neçə dəfə əl-bəyaxa savaşlar oldusa da bunun bir nəticə verməyəcəyi qərarına gəldim. Mənim rütbəli olmağım başqa türk əsgərlərini təhqirlərdən qorumaq üçün bir fürsət idi. İlk dəfə türklərlə farsların İran çatısı altında bir yerdə yaşaya bilməyəcəkləri düşüncəsinə orduda varmış oldum. Sanıram əsgərləikdə olmuş bir çox türk insanı da mənim bu düşüncəmi paylaşarlar. Əsgərlikdə farslarla bir səngərdə, bir yerdə yaşadığımız üçün onların sosial psixologiyalarında var olan türk düşmənliyini açıqca görürdük. Ancaq türk şəhərlərində bunu görmək mümkün olmur. Yəni gözlə görülmür, sadəcə gözlə görünməyən fars siyasəti türk yurdlarında türkləri yox etməkdədir.

Hər 50-70 gündən bir 15-20 günlük məzuniyətə getmək mümkün olurdu. Çavuşlara hər ay bəlli miqdarda para da verirdilər. Bu para mənim bilgilənməm üçün bir fürsət olmuşdu. Ya özüm məzuniyətə getdiyimdə kitab alırdım, ya da başqa məzuniyətə gedənlərə pul verirdim getdikləri şəhərlərdən mənə kitab alıb gətirsinlər. Əsgərlik həyatımda dünya ədəbiyatını oxumaq üçün yaxşı fürsət var idi. Bə´zən də oxuduğum kitablar məni ruhi gərginliyə sövq edirdi. Yəni əsgərliyin şərtlərindən qaynaqlanan çətinliklərlə, məsələn Kafkanın və Dostayevskinin kitablarındakı psixoloji təhriklər içimi umutsuzluqlarla doldururdu. ”Xumeyni kimi bir cəllada xidmət etməkdənsə bir güllə ilə adamın özünü qurtarması daha yaxşı olmazmı?” düşüncəsi keçirdi ağlımdan. Bə´zən siyasi düşüncəyə sahib olan əsgərlərin ordunun fərqli yerlərində intihar etdikləri xəbərlərini duyurduq.

Əsgərlərin xidmət sürələri dolduğunda evlərinə gedir və onların yerinə yeni əsgərlər gəlirdi. Bir gün bizim dəstəyə beş yeni əsgər gəldi. Bunların içində uzun boylu, çox yaraşıqlı, sifət quruluşu ilə diqqətləri cəzb edən Təbrizli bir gənc də var idi. Nədənsə içimdən bir səs bu gənc adamı öz səngərimə yerləşdirməyə əmr etdi. Çünkü isfahanlı olan səngərdaşım məzuniyətdə idi, mən səngərdə yalnız idim. Dörd nəfərin yerləşə biləcəyi çavuşlar səngərində geniş yer var idi. Gənc adamdan çantasını alıb mənimlə gəlməsini istədim. Səngərə girdik və ”Mən burda yaşayıram. Hələlik təkəm. Sən də hələlik buraya yerləş, daha sonra görək necə olacaq. Bəlkə isfahanlını başqa səngərə göndərib burda ikimiz qala bilərik.”-dedim. Uzun boylu gənc adam səngərdəki kitablarıma bir göz atıb, ortalıqda olan Səhəndin ”Sazımın sözü” kitabına gözü satışdı. Bir az daha ona yaxınlaşıb və yaxasında yazılmış adını oxumaq istərkən, ”Siz mənə Yüksəl deyə bilərsiniz.”- dedi. Onun belə davranmasına bir az heyrətlənmişdim. Önümdə əsgər kimi əmrə hazır durmuşdu. Bir tək cümləsi ilə kimliyini mənə tanıtmışdı. Onun bu bir tək cümləsi ilə sankı bir-birimizi neçə illər daha öncədən tanıyan insanlara dönüşmüşdük. ”Tamam, Yüksəl, keç dinlən bir azdan dəstənin komutanı gələcək hazır olarsan.”- dedim. Yüksəl əsgər çantasını açıb kitablarını səngərdə düzəltdiyim kiçik kitabxanaya düzməyə başladı. Kitablarını mərmilərin taxta qutularından düzəltdiyim kitabxanalara düzdükcə içim od tutub yanırdı. Azərbaycanın belə gənclərini Xumeyni adında bir qatil ölüm savaşına yollayır. Hər tərəfə baxırsan türk gəncidir hamısı. Ölənlərin tam əksəriyəti türk. Kimin üçün, hansı vətən üçün savaşırıq, hansı vətən üçün ölürük, öldürürük?


IV
İnsanın var oluşunda irsiyət və mühitin çox etkili olduğunu söyləyirlər. Anlaşılan odur ki, mühit insanın ruhi və maddi bünyəsində irsən var olanları ya eyitir, ya da söndürür. Bə´zən irsi olaraq mövcud olan enerji mühitin imkanlarını aşa bilir. Böyük şəxsiyətlərin istibdad mühitində yetişmələri bu qanuna uyğunluğa görə ola bilər. Şəxsiyətin cazibəsi, etkiləyiciliyi sanki doğuşdan gətirilən özəllikdir. Doğuşdan insan təbiətində var olan bu özəllik öyrənimlər, bilgilər yolu ilə cilalanır, qapsayıcılıq gücü genişləyir. Ərdəm insan varlığında yaradıcı enerjiyə dönüşdüyündə bireyin ayrıcalığı istər-istəməz gözə çarpamağa başlayır. Ərdəmli bireydən yayılan olumlu enerji çevrədəkiləri cəlb etməyə başlayır. Bu üzdən də bəzi insanlarla toplumsal ilişikidə bulunmaq, onlarla fikir alış-verişində olmaq həm də estetik bir qonu halına gəlir. Öyrədiciliyin yanı sıra, həm də zövq qaynağına dönüşür. Tarixdə böyük izlər buraxmış yaradıcı insanlar bu özəllikləri dolayısıyla beyinlərə, qəlblərə yol açmışlar. Peyqəmbərələr və liderlər olaraq nitələnən bireylərin ərdəmləri bütün bir topluluğu öz etkisi altına almışdır. Bə´zən də bünyələrində daha geniş enerji barındıran ərdəmli bireylər tarixin axışını dəyişdirmişlər. Bu tür insanlar tarixdə çoxmu olmuş? Çox olmamış, ancaq yox da olmamış. Bütün uluslarda belə insanlar olmuşdur. Bu tür insanların bir çoxu tarixi etkiləmə fürsətini yaxalaya bilmədən anlamsız savaşlarda öldürülmüşlər. Tarix boyu savaşlarda öldürülən insanların iç enerjiləri haqqında heç bir şey öyrənə bilmirik. Bu savaşlarda öldürülən insanların da ruhları olmuş, sevmişlər, sevilmişlər. Ancaq onlar hansısa bir amirin əmrinə tabe olmaq zorunda qaldıqları üçün sayılmamışlar. Onların ruh halları özləri kimi tarixin qaranlıq bilinməzliklərində dəfn edilmişdir. Bu açıdan baxdığımızda gerçəkdən də tarix yalnız bir elm deyil, həm də fəlsəfə və sənətdir. Dəstə-dəstə tarix boyu öldürülən insanların istəkləri, sevgiləri, nifrətləri, arzuları öyrənilməmişdir. Yalnız ”fateh”lərin, qatillərin məktubları, qərarları, qatillikləri üzərinə araşdırmalar yapılmışdır. Bu üzdən də tarix heç bir zaman tam olaraq öyrənilmir. Öyrənilən mövzular, yalnız gözə görünənlər olur. Diqqətlə baxıldığında, əslində tarix amirlər tərəfindən əsir edilmiş insanların ölümə məhkum ediliş macərasıdır. Qan tökənlərin nifrət və kin duyğuları tarix olaraq öyrədilir, öldürülənlərin, tökülən qanların kimlikləri bir o qədər də önəmsənməz. Tarix ”elm”i üçün öldürülənlər önəmli olmamış, önəmli olan öldürənlər olmuşdur. Dinlər qatil despotların nəfslərini daha da canavarlaşdırmışdır. Özlərini yer üzündə Tanrıların xəlifəsi sayan qatil dindar hakimlər milyonlarca insanı dini fəthlər adına savaş meydanlarında məhv etmişlər. Despotların içindəki qaniçərlik duyğusunu dinlər daha da dərinləşdirmişdir. Tanrı yolunda ölənləri cənnətlə müjdələyən din, xəlifələr və dinçi şahlar üçün ən uyğun qatillik vasitəsi olmuşdur. Dindar siyasilərin tanrıları para və iqtidar hirsi olmuşdur.
V

Yüksəlin kitablarının tam əksəriyəti İstanbul yayınlı Türkçə idi. Nişanlısı İstanbulda sosioloji oxuduğu üçün Yüksəlin kitab ehtiyaclarını təmin edirmiş. Günlər, həftələr, aylar keçdikcə Yüksəllə daha da dərin dostluq bağlarımız qurulurdu. Onun kitablarından mən də faydalanırdım. Əsgərlik sürəsincə Türkçə oxumaq olanaqlarım Yüksəlin kitabları sayəsində çox gəlişəcəkdi. Ayrıca hər dəfə məzuniyətə çıxdığımızda yeni kitablar da alıb gətirib bir yerdə oxuyub, kitablar haqqında geniş dartışmalara başlayırdıq. Ordudakı dərəcəmdən dolayı mənim kitab oxumaq üçün bolluca vaxtım olurdu. Ancaq bu məziyyətimdən Yüksəl üçün də faydalanırdım. Örnəyin onu gecələr postlara gözətci olaraq qoymurdum, ən çox postları kontrol edib və hər iki saatdan bir postların gözətçilərini dəyişdirən görəvlə görəvləndirirdim. Bu üzdən də Yüksəlin kitab oxumaq üçün bolluca vaxtı olurdu. Yüksəl artıq o ölümcül məkanda mənim ruh dostum olmuşdu. Qarşılıqlı olaraq bir-birimizə çox dərin güvən yaranmışdı. Mənimlə danışdığında ləhcəsindəki İstanbul təsiri mənə ləzzət verirdi. ”İstanbul Türkçəsi çox gəlişmişdir.”- dediyimdə, ”Biz də ana dilimizdə yazıb oxusaydıq, dilimiz son yüz ildə eyni gəlişməni sağlaya bilərdi.”- deyirdi. Gecələr yağla yanıb kiçik səngəri aydınladan çıraqların işığında saatlarca dünya ədəbiyatını oxuyub dartışırdıq. Bə´zən də qaranlıq gecələrin səssziliyini top atışları pozurdu. Hardasa bir gəncin öldüyünü duyururdu bu top atışları.

Bir gecə Yüksələ dedim: Niyə ölkədən qaçmadın, əsgərliyə niyə gəldin?

Yüksəl: Bir neçə dəfə qaçdım, ancaq başarmadım. Bir dəfə Sovetlər Birliyinə qaçdım ki, bəlkə oradan da Avropaya gedərəm deyə. Ancaq məni üç ay tutuqlu saxlayıb sonunda geri göndərdilər. Sağ olsunlar ki, İran dövlətinə geri vermədilər, sadəcə buraxdılar ki, gəldiyim yerdən geri dönüm. Biləsuvar sınırından keçmişdim. Orada həbs olduğum üç ay müddətində hiss etdim ki, Sovetlərdəki türklər də əsarətdədirlər. Qorxunc durumdadır ora da. Nə yazıq ki, İrandakı bizim bir çox Türk gəncimiz də Sovetlərin təbliğatına uyub kommunist olmuşlar. Sonra da Türkiyə sınırından qaçmaq istədim. Yenə də başarmadım, İran sınır bəkçiləri tərəfindən yaxalanıb əsgərliyə gətirildim. Məhkum olmuşuq bu rəzil həyata. Çıxış yolumuz yoxdur. Hər halda diri qalacağımız da bəlli deyil. Azərbaycan gəncləri şovinist dinçi rejimin qurbanları olur. Millətimiz də bunun bilincində deyil. Milli bilincimiz yox dərəcəsindədir. Azərbaycanın yeni-yetmə gəncləri islam savaşçıları adı altında dəstə-dəstə ölüm meydanlarına, minaların üstünə göndərilir. Ancaq bu savaşın bizim yazqımızla nə ilgisi? Biz millət olaraq həm zehni, həm də fiziki anlamda məhv oluruq.

Yüksəl danışdıqca, sanki içindəki bilgi birikimi sistemləşib hayqırışa dönüşürdü. Davam etdi:

”Görürsənmi? Buradakı Türk əsgərlərinin çoxunun heç yazıb-oxuması yoxdur. Bunlar bilmirlər dünyada nə var. Bilmirlər bu savaş nə üçündür. Bu savaşın islam yolunda olduğunu gecə gündüz radio televizionlarda təbliğ edib millətin dini duyğularını sömürürlər. Əslində isə bu savaş azğın fars və ərəb şovinizminin çıxarları üçündür. Həm Səddam, həm də Xumeyni ortada türkləri qırğına verirlər. Bir tərəfdə kərküklü, bir tərəfdə də təbrizli bir-birinə güllə atır. Fəlakət bilirsənmi nədir? Odur ki, İran nüfusunun çoxunu türklər oluşdurur. Türklərdə ulusal bilincin olmaması şovinist zehniyyətin siyasi iqtidarı ələ keçirməsinə səbəb olmuşdur. Bizdə ulusal bilinc olsa bu savaş bitər. Ancaq yoxdur, həm də heç yoxdur. Ən enerjili, bilgili gənclərimiz sağ və sol örgütlərdə qəhrəmancasına edam olurlar. İslam və kommunizm mərkəzli internasionalizm kabusu ulusumuzun beynini, duyğularını işğal etmişdir. Bizə bədbəxtlik gətirən zehniyətlər, görüşlər yolunda gənclərimiz fədakarlıq edirlər. Bu kabusun əlindən necə qurtaracağıq?!”

Yüksəlin sözlərindəki həyəcan, əndişə və əziyətlər sifət mimikalarına yansıyırdı. Qorxunc bir umutsuzluğun və ölümə məhkum edilmişliyin acıları hər ikimizi içimizdən yeyirdi. Bu müharibədən sağ çıxsaq bəlkə həyatımızın qalanını ulusal qurtuluşa adaya bilərdik. Ancaq həm İran, həm də İraq qorxunc silahlarla bir-birinə saldırırdı.

Günlər bu şəkildə bir-birini yola salırdı. Bə´zən İraq tərəfindən atılan bir top gülləsi əsgər arxadaşlarımızı ya öldürür, ya da yaralayırdı. Hər ölüm və yaralanışdan sonra hər kəsin içini qorxunc əndişələr sarmağa başlayırdı. Çünkü hər an biz də ölümlə qarşı-qarşıya idiq.


VI
Kürdüstanın Suren dağlarının ətəklərində əsgərliyimiz bu şəkildə davam edirdi. Yüksəlin bizim dəstədə bulunması mənim üçün bir şans olmuşdu. Yüksəl üçün də mənim varlığım bir fürsət idi. Bir-birimizdə yol gedirdik, sıxıntılarımızı əngəlləyir və oxuduqlarımzı paylaşaraq həyatımıza anlam qazandırırdıq. Dostluq bağlarımız ruhumuzun ən dərin qatlarına yol açmışdı. Bə´zən düşünürdüm ki, Yüksəl bu savaşda ölsə mən yaşaya bilmərəm. Savaş mühiti insanları həddindən artıq bir-birinə yaxınlaşdırır. Bəlkə normal ictimai mühitdə bu qədər yaxınlaşmaq mümkün olmaz. Çünkü normal ictimai mühitdə bir çox seçənəklər var. Ailə var, nişanlı var, uğrayacağın müxtəlif yerlər, sinema var və nə bilim bu kimi bir çox uğraq yerləri. Ancaq müharibə mühitində heç bir seçənək yoxdur. Nə Yüksəl, nə də mənim üçün ikinci seçənək yox idi. Bu üzdən də içimizi açacağımız biricik dostlar idiq. Müharibə şərtlərinin doğurduğu sıxıntıları bir-birimizə içimizi boşaldaraq bərtərəf edə bilirdik. Ya da bəlkə edə bildiyimizi sanırdıq.

Arxa cəbhədən gələn mərmi sandıqlarını əsgərlər arabalardan endirib üst-üstə qalayıb üzərinə naylon çəkirdillər ki, yağmurdan və qardan nəm çəkməsin. Dəstənin komutanı belə işlərə nəzarət etdiyi üçün Yüksəlin qatılmasını əngəlləyə bilmirdim. Əsgərlərin içində ən uzun boylu və görkəmli görünən Yüksəl idi. Onun görkəminə, sifətindəki cazibəyə hər kəs oğrun-oğrun baxırdı. Komutan əsgərlərin başına bağırırdı, ancaq kimsə, hətta komutan da Yüksələ sayqısız davranmırdı. Bir neçə dəfə komutan mənə ”Bu təbrizli əsgər çox maraqlı adama bənzəyir. Vücudunda elə bir şeylər hiss olunur ki, adamı sayqılı olmağa məcbur edir.”- demişdi. Yüksəl dəstəmizdə ən mötəbər insan kimi hörmət qazanmışdı.


VII
Səngərdə Yüksəllə oturmuş söhbət edirdik. Birdən telefon zəng çaldı. Ön cəbhədən gözləmci idi, təcili atəş istəyirdi. Dərhal əsgərləri qumbaraatanların başına çağırıb gözləmcinin istədiyi hədəflərin üzərinə atəş yağdırmağa başladıq. Hər dörd qumbaraatan atəş edirdi. Yarım saatdan artıq sürəkli atəş etdik. Atəş sırasında gözləmcinin birdən fərqli hədəf istəməsi məni şaşırtmışdı. Öncə vurduğumuz hədəflərdən 500 metr aralı olan başqa bir hədəfi də vurmamızı istəmişdi. Atəşin durdurulmasını istədi gözləmci. Hamımız xəbər gözləyirdik ki, bu qədər atəş nədən birdən-birə istəndi.

Günbatan çağı idi. Günəş Suren dağlarının zirvəsində əriyib yox olurdu. Birdən dəstəmizin bulunduğu yerə dörd savaş cipləri girdi. İçindən də silahlı və saqqallı adamlar tökülüb mənim səngərimə girdilər. Mənə aid nə qədər kitab və dəftər var idisə hamısını yığışdırıb, məni də alıb mərkəzi qərargaha apardılar. Çıxarkən gözlərim Yüksələ sataşdı. Gözlərimizlə bir-birimizlə vidalaşmaq istədim. Çünkü ordunun Hifazəti (ordunun MTNi) aparan adamlar geri dönmürdülər. Ya öldürülürdülər, ya həbsə atılırdılar, ya da başqa yerə göndərilirdilər. Məni savaş ciplərinin birinə mindirdilər. Adamların hamısı islami saqqallı ordunun hifazətinə mənsub idilər. Özümü toparlayıb cipdəkilərdən soruşdum: ”Məni hara aparırsınız?” çiynində zabitlik ulduzu görünən adam möhkəm bir şillə vurub və susmamı istəyib dedi: ”Səni vətən xainlərinin getməsi gərəkən yerə aparırırq.” adam elə sərt vurmuşdu ki, sifətimdən sanki atəş qopmuşdu. Arabalar mərkəzi qərargaha çatdı. Mərkəzi qərargahda hifazətin özəl mərkəzi var idi. Burada fars dilində ”dadqahe səhrai- çöl məhkəməsi” deyilən bir mərkəz də var idi. Orduda təxribat işləri ilə məşğul olanlar burda yarqılanırdılar. Yerin altında geniş məhkəmə imkanları düzənləndiyi söylənirdi. Bütün arabalar yerin altına girdi. Arabalar yerin altına girərkən mənim gözlərimi bağladılar. Yerin altında araba xeyli yol getdi. Bəlkə də heç yol getmir, geniş bir dairədə firlanırdı. Mən elə sandım ki, yerin altındakı məsahəni daha böyük təlqin etmək üçün bu işi edirlər. Məni gözü bağlı şəkildə arabadan endirib bir dəmir otağa saldılar. Yanılmıramsa o zaman dəmirdən düzəlmiş bu tək otaqlı evə kantiner deyirdilər. İçəri aldıqdan sonra gözlərimi açdılar. Hifazət məmuru adam mənə ”burda gözlə!” deyib qapını qapayıb getdi. Qapı qapandıqdan sonra içəri zil qaranlıq oldu. Qapıdan dışarıda yanan lampaların işığı gəlirdi. Qaranlıqda qalmışdım və öz-özümə düşünürdüm ki, mənim günahım nədir. Məni buraya niyə gətirdilər? Ancaq cavab tapa bilmirdim. Fikirləşirdim ki, bəlkə məni universitetdən uzaqlaşdırıldığım üçün yaxalamışlar. Ancaq yenə də ağlımda bunun cavabını tapırdım ki, universitetin burayla nə əlaqəsi var. Orduya gəldiyim gündən də heç bir xəta etməmişəm. Təqribən beş metr uzunluğu olan qaranlıq kantinerin içində gedib-gəlib fikirləşirdim. Ancaq heç bir şey ağlıma gəlmirdi. Bilmirəm nə qədər zaman keçmişdi. Çünkü insan tam qaranlıqda həbs olduğu zaman zamanın keçişini hiss etmir. Çünkü zamanın keçişi havadakı və işığın əyimindəki hadisələrdən daha çox hiss olunar. Ya da aydınlıqda yaşadığımız zaman fərqinə varmadığımız bəzi şeylər gizlin bir şəkildə zamanın keçdiyini hiss etdirər. Keçişinin fərqinə varmadığım zaman keçirdi və kimsə gəlmirdi. Kantinerin bucağına söykənib oturdum. Hiss etdim yuxum gəlir. Yuxumun gəlməsindən anladım ki, gecə saat 12 olar. Çünkü gecələr kitab oxuyur və ən tez 12-də yatırdıq. Bə´zən də oxuduğumuz kitablar çox maraqlı olduğunda yuxumuz həyəcandan qaçırdı. Yüksəllə sərt dartışmalara girirdik.

Qurxu və vahimə içində yuxu məni zorlayırdı. Ancaq soyuqdan yatmaq olmurdu. Bir neçə dəfə soyuqdan oyandım, sonra yatdım. Hava soyuq oluğundan yuxumda görürdüm ki, Savalanın başındakı gölün içində çimirəm və az qalıram soyuqdan donum. Buna bənəzr bir neçə yuxu görürdüm. Bir dəfə də ayıldım artıq yuxum tam qaçmışdı. Anladım ki, səhər saat 6-7 arası olar. Qaranlıq canımı sıxmağa başlamışdı. Nədən kimsə gəlib mənə baş çəkmir, yemək gətirmir deyə öz-özümə sorurdum. Ətrafdan keçəcək ayaq səsləri, insan səsi də eşidilmirdi. Artıq ağlım çalışmırdı. Düşünürdüm bəlkə məni bir başqası ilə dəyişik tutmuşlar. Yəni bir suçlunun yerinə səhvən məni buraya gətirmişlər. Bu fərziyənin üstündə daha çox dayandım və öz-özümə dedim ki, kəsinliklə məni bir başqasıyla dəyişik tutmuşlar. Əlimi bir neçə dəfə kantinerin divarına sürtdüm. Dəmir divar buz kimi idi. Bir tərəfdən canım üşüyürdü, bir tərəfdən də susuzluq və aclıq hiss etməyə başlamışdım. Nədənsə insan ən dar günlərində daima anasını xatırlayır. Anam yadıma düşdü. Bəlkə də bu xatirələri xatırlayaraq oradakı psixoloji basqıdan qurtulmaq istəyirdim. Anam yadıma düşdü. Kəndimiz və şüuraltımda daima sevdiyim xatirələrim. Anamın o gözəl səsini eşidirdim içimdə: Ay bala, qalx gedək tarlada işimiz çoxdur. Gün qarşı təpədən doğmaq üzrədir.

Mən isə səhərin şirin yuxusundan ayılmaq istəmirəm. Hər gün axşama qədər çalışıb yorulurduq. Gecə də yatanda yuxudan ayıla bilmirdim səhər çağı. Atamın səsini eşidirdim: Ay arvad, tez ol, uşaqları oyat yemək ver, gedək.

Anam əlində bir bardaq su gülə-gülə ”Bax durmasan suyu tökəcəm üstünə.”- deyirdi. Artıq yuxum qaçmış və anamın üzündəki o gözəl gülüşləri seyr edirdim. Qalxıb anamın süfrəyə hər gün qoyduğu şirinçay, pendir, süt-qatıqdan yeyib atlara minib tarlaya gedirdik. Tarlada çalışarkən balaca radiomuzla bazar günləri Bakıdan yayılan ”muğamat konserti”ni qaçırmazdıq. Özəlliklə Ənvər qardaşım muğam konserti başlayanda əlini işdən çəkib oturub dinlərdi. Hamımız yovşanla qaynayıb dəmlənmiş dadlı çayımızı içə-içə qızmar yay günəşinin altında kaldarlarla qurduğumuz kölgəciyin altında musiqiyə qulaq asardıq. Yadımdadır ki, bir neçə kərəsəində Rübabə Muradova və Ağabala Abdullayeva oxuyanda anamın göz yaşları axmışdı. Gözlərimiz tikilərdi səs gələn tərəfə. Bakıya doğru baxardıq hamımız içimizdə gizlin və dərin bir kədərlə. Bə´zən də çalışa-çalışa ailəmizdən biri hansısa bir mahnını yarım-yamalaq mızıldardı. Anamın səsi çox gözəl idi. Anamın səsinin gözəlliyini inək sağarkən şərqi söylədiyi zaman kəşf etmişdim. Anam inək sağarkən elə gözəl şərqi söylərdi ki, ala inəklərimiz yavru buzovlarını yalaya-yalaya süt verərdi. Tarlada çalışdığımızda anam şərqi söylərkən kimsə mızaldamazdı. Anamın gözəl səsini dinləməkdən hamımız ləzzət alardıq. Atam da anamın şərqi söyləməsindən xoşlanardı. Hətta atamın kefi yerində olanda deyirdi: ”Ay arvad, o mahnını oxu sən allah.” Atamın bu sözlərinə hamımız başlardıq gülməyə. Bilirdik hansı mahnını deyir. Anam atamla nişanlı olduğunda bir mahnı bəsləmiş imiş. Bə´zən gecələr o mahnını oxuyarmış və atam da onların evlərinin yanında ona qulaq asarmış. Anam da gülə-gülə başlardı o mahnını oxumağa.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə