Yerin geoloji keçmişinin iqlimlərinin dövrü dəyişməsini öyrənməyin böyük əhəmiyyəti vardır. Əgər hər hansı bir yüz minillik dövrü götürsək, iqlimin bu müddət ərzində dəyişməsini müşahidə edərik




Yüklə 88.57 Kb.
tarix23.04.2016
ölçüsü88.57 Kb.
GİRİŞ

Yerin geoloji keçmişinin iqlimlərinin dövrü dəyişməsini öyrənməyin böyük əhəmiyyəti vardır. Əgər hər hansı bir yüz minillik dövrü götürsək, iqlimin bu müddət ərzində dəyişməsini müşahidə edərik. Bizim eranın birinci yüzilliyində rütubətlənmə və temperatur müasir qiymətlərə yaxın idi. Lakin, təqribən IV-V əsirlərdə şərait dəyişməyə başladı. VIII-XIII əsrlər kiçik iqlim optimumu adını almışdır. İqlimin yeni soyuqlaşması XIII-XIV əsrlərdə başladı. Tədricən şimal dənizlərində buzlaşma artdı. Fəsildaxili iqlimin dəyişməsi XIII-XIV əsirlərdə artdı. Kiçik buzlaşma dövrü adlanan keçid əmələ gəlməyə başladı və XIV əsrdən XIX əsrə qədər davam etdi. Kiçik buzlaşma dövrünün ən parlaq nişanəsi dağ buzlaqlarının hərəkət tərzi idi. Belə ki, XVI əsrdə alp buzlaqlarının irəliləməsi gözə çarpacaq oldu və XVI əsrin sonunda və XVII əsrdə maksimuma çatdı.

Qeyd etmək lazımdır ki, həm kiçik iqlim optimumu həm də kiçik buzlaşma dövründə iqlimin dəyişməsi yerin müxtəlif rayonlarında sinxron getmədi. Bu dəyişmənin dəqiq səbəbi məlum deyil. Belə fərz edirlər ki, kiçik buzlaşma dövrü vulkanik püskürmələrlə, həm də bu zaman atmosferdə CO2 konsentrasiyasının azalması ilə bağlıdır. Fenerozoy dövrü ərzində vulkanik proseslərin yavaş-yavaş sistematik sönməsi müşayət olunur. Mezozoydan başlayaraq, xüsusən də kaynazoyda atmosferdə karbon qazının miqdarının yenidən azalması başladı. Bu isə yuxarı en dairələrində yeni buzlaşmalara səbəb oldu. 26 mln. il bundan əvvəl buzlaşma Antraktidada, 6 mln. il əvvəl isə Qrenlandiyada baş verdi. 10 min il bundan əvvəl buzlar Skandinaviya və Finlandiyaya doğru geri çəkildi və 8 min il bundan əvvəl oradakı mövcudluğunu bitirdi. Şimali Amerikada buzlaşma daha uzun müddət davam edərək, təxminən 6 min il bundan əvvəl yox oldu. Cənub yarımkürəsinin mülayim en dairələrində temperaturun 12-18 min il bundan əvvəl müasir temperatura yaxın olduğu yerlərdə sonradan soyuma baş verdi və şimal yarımkürəsindən fərqli olaraq bir qədər uzun çəkdi. Buzlaşmanın inkişafı və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil etmişdir.

FƏSİL 1

Kembridən əvvəl iqlimin dəyişməsi

Yerin ən birinci təkamül mərhələsində planetlərin əmələ gəlməsindən sonra onun təkinin qızması, nüvəsinin formalaşması maqmatizmi, o cümlədən də vulkanizmi formalaşırdı. Mantiyanın deqazasiyası başlandı, hidrosfer və atmosfer yarandı. Arxeydə ola bilsin ki, Dünya okeanı bütün Yeri və ya onun böyük bir hissəsini örtmüşdü. Təkamülün ilkin mərhələsində atmosfer, hidrogen də əlavə edilməklə metandan, azotdan və ammonyaktan ibarət olmuş və oksigen isə atmosferdə olmamışdır. Yer iqlimi zonallığı ilə fərqlənmiş və isti olmuşdur. Arxeydə 2.7-2.9 milyard il əvvəl artıq mikroskopik birhüceyrəli yosunlar əmələ gəldi. Bunun nəticəsində karbon qazı ilə üzvü maddələrin fotosintezi mümkün oldu və sudan sərbəst oksigen ayrıldı. Beləliklə, erkən proterzoyda (2.6-1.95 mlyd il əvvəl) atmosferin təkamülünün ikinci mərhələsi başladı. Atmosferdə əsas komponent azot (N2), ən vacib qarışıq isə karbon qazı (CO2) və arqon (Ar) oldu. 1.8 milyard ilə yaxın dövrdə fotosintezdə oksigenin əmələ gəlməsi kifayət qədər yüksək oldu və təkamülün üçüncü mərhələsi başlandı. Bu mərhələnin başlanğıcından oksigenin parsial təzyiqi artaraq tədricən müasir qiymətinə çatdı. Arxeydəki isti iqlim tədricən soyumağa başladı. Aşağı proterozoyda (2.5-2.6 mlyd il əvvəl) buzlaq əmələ gəldi. Buzlaşmanın mərkəzi təxminən 60° paleoenlikdə yerləşmişdi. Uzun müddət geoloji tarix dövründə (2.1-1 mlyd il əvvəl) Yerdə buzlaşma olması müəyyən edilməmişdir. 950-600 milyon il əvvəl üç buzlaq örtüyü qeyd edilmişdir. Bunlar Qney, Stroyt və Varanq buzlaşma dövrləridir və müvafiq olaraq 950, 750 və 670 mln il əvvələ təsadüf edir. Buzlaşma dövrünün başlanması ilə Yer qabığının şaquli hərəkəti ilə dağ buzlaqları yaranmış və materiklərin üfüqü hərəkəti nəticəsində müxtəlif materiklər ardıcıl yüksək və mülayim enliklərə yer dəyişmişdir. Buzlaqların əmələ gəlməsi qlobal soyuqlaşma ilə əlaqədar olmuşdur.


1.1 İqlimin dövrü dəyişmələri

İqlimin dövrü dəyişməsini öyrənməyin böyük əhəmiyyəti vardır. Bu cür iqlim dəyişməsi bizə bitki qalıqları və minerallar vasitəsi ilə məlum olur. Yakutiyada 100 metr dərinlikdə donuqluğun temperaturu üzərində aparılan müşahidələr göstərmişdir ki, son on min il ərzində Yakutiyanın iqlimi dəyişməmişdir. Ancaq temperatur şəraitində cüzi dəyişiklik olmuşdur. Əgər hər hansı bir yüz minillik dövrü götürsək, iqlimin bu müddət ərzində dəyişməsini müşahidə edərik. Milyon il bundan əvvəl Şpisbergen və Qrenlandiya adaları sıx subtropik meşələrlə örtülmüş, Mərkəzi Afrikada indiki sıx ekvatorial meşələrin yerində qumlu səhralar, Cənubi Afrikada isə qalın buzlaqlar olmuşdur. Həmçinin geoloji dövrlər ərzində bir çox ölkələr gah isti, gah da soyuq iqlimə məruz qalmışdır. Bizim eranın birinci yüzilliyində rütubətlənmə və temperatur müasir qiymətlərə yaxın idi. Lakin, təqribən IV-V əsirlərdə şərait dəyişməyə başladı və VIII əsrə qədər Avropada iqlim quru və isti idi. Bu zaman torf yataqları azaldı və göllərin səviyyəsi aşağı düşdü. Erkən orta əsr dövrü ( VIII- dən XIV əsrə qədər ) vikinqlər epoxası adlanır. Bu zaman iqlim daha yumşaq və isti oldu. Şimal dənizlərinin buzlaşması kəskin azaldı. Bu dövr ərzində, 800 və 1200- cü illərdə vikinqlər indi üzən buzlara rast gəlinən enliklərdə üzrə bilirdilər. Onlar İslandiya və Qrenlandiyanı kəşf edərək orada məskunlaşdılar. Qərbi Avropada bizim eranın 750 və 1200 illəri arasındakı dövr isti iqlimlə seçilir.

Şimali Amerikada da VIII-XIII əsrlər dövrü də daha əlverişli isti iqlimi ilə seçilirdi. Böyük göllər rayonunda çoxlu məskunlaşma yerləri var idi və oranın əhalisi əkinçiliklə məşğul olurdular. Odur ki, VIII-XIII əsrlər kiçik iqlim optimumu adını almışdır. İqlimin yeni soyuqlaşması XIII-XIV əsrlərdə başladı. Tədricən şimal dənizlərində buzlaşma artdı. Qrenladiyanın buzlaqları irəliləməyə və vikinqlərin yaşayış məntəqələrini dağıtmağa başladı və XIV əsrin sonunda və XV əsrin əvvəlində yer üzündən silinmiş oldu. Fəsildaxili iqlimin dəyişməsi XIII-XIV əsirlərdə artdı. Kiçik buzlaşma dövrü adlanan keçid əmələ gəlməyə başladı və XIV əsrdən XIX əsrə qədər davam etdi. Kiçik buzlaşma dövrünün ən parlaq nişanəsi dağ buzlaqlarının hərəkət tərzi idi. Belə ki, XVI əsrdə alp buzlaqlarının irəliləməsi gözə çarpacaq oldu və XVI əsrin sonunda və XVII əsrdə maksimuma çatdı. Alp buzlaqlarının bir qədər çəkilməsi 1700-cü ilə yaxın baş verdi, lakin, elə bu zaman buzlaqların İslandiya və Norveçdə daha çox irəliləməsi inkişaf etdi. İsveçdə maksimum irəliləmə 1710- cu ilə təsadüf etdi. Alpda, Skandinaviyada, ABŞ-da və Alyaskada 1720-ci ilə yaxın buzlaqlar irəliləməyə başladı. Bir qədər stabilləşdikdən sonra XVI əsrin ikinci yarısında Alyaskanın buzlaqları irəliləməkdə davam etdi. Şimali Avropada, İslandiya və Alyaskada 1740- 1750-ci illərdə irəliləmə daha güclü oldu. Alp buzlaqlarının irəliləməsi 1760 - 1790-ci illərdə davam etdi, onların maksimum yayılması 1820-ci ilə təsadüf etdi. Alpda, İslandiyada, Norveçdə, Şimali Amerikada, Britaniya Kolumbiyasında və Cənubi Amerikanın Pataqon Andlarında yeni qlobal maksimum dağ buzlaşması 1850-ci ildə qeyd olundu. Dağ buzlaqlarının qlobal irəliləmələri 1850- 1860- ci illərdə sonuncu oldu və kiçik buzlaşma dövrünün sonu oldu. Qeyd etmək lazımdır ki, həm kiçik iqlim optimumu həm də kiçik buzlaşma dövründə iqlimin dəyişməsi yerin müxtəlif rayonlarında sinxron getmədi. Bu dəyişmənin dəqiq səbəbi məlum deyil. Belə fərz edirlər ki, kiçik buzlaşma dövrü vulkanik püskürmələrlə, həm də bu zaman atmosferdə CO2 konsentrasiyasının azalması ilə bağlıdır.

İqlimin geoloji eralar boyunca əsaslı dəyişməsinin üç- kosmik, astronomik və geoloji səbəbləri vardır. Kosmik səbəb əsasən günəş sabitliyinin dəyişməsindən və ya günəş sisteminin hər hansı dumanlığa rast gələrək kosmik fəzanın öz şəffaflığını itirməsindən ibarətdir. Astronomik səbəb əsasən: 1) Yer oxunun akliptika səthinə olan meyl bucağının 40 min ildən bir; 2) Gecə -gündüz bərabərlik vaxtının 21 min ildən bir; 3) Yer orbitinin 92 min ildən bir dəyişməsindən ibarətdir. Geoloji səbəb isə quru və su səthi nisbətinin dəyişməsi və qitələrin coğrafi yerdəyişməsindən ibarətdir. Bir sıra alimlər kosmik və astronomik amili ikinci dərəcəli, geoloji amili isə əsas hesab edirlər. Geoloji amil əsasında iqlimin dəyişməsi haqqındakı nəzəriyyəni Keppen və Vegener söyləmişdir. Onlar iqlimin dövrü dəyişməsində materikin coğrafi yerdəyişməsini əsas götürürlər. İzostatsiya nəzəriyyəsinə görə Yerin nüvəsi yüngül və maye halında olan minerallardan təşkil olunmuş, bütün üzərindəki bərk qabıq Yerin fırlanması və maqmanın qabarıb çəkilməsi təsiri ilə yerini dəyişə bilir. Vegener belə fərz edir ki, bu qanuna əsasən materiklər də bir-birinə nisbətən yerini dəyişir ki, bu da geoloji dövrlər boyunca iqlimin dəyişməsinə səbəb olur. Vegener və Keppen ayrı-ayrı geoloji dövrlər üçün qədim buzlaşma izlərinə və başlıca faydalı qazıntı yataqlarına əsasən qitələrin xəritəsini düzəltmişlər. Onların fikrincə, daşkömür çıxan yerlərdən o vaxt ekvator keçmiş, duz və gips çıxan yerlərdə isə səhralar olmuşdur. Buzlaq izləri isə qütbün yaxınlığını göstərir. Onların yura və daşkömür dövrləri üçün tərtib etdikləri xəritəyə görə, Afrika mərkəzdə olmaqla bütün materiklər bir olmuş, ekvator kömür çıxan sahələrdən keçmiş və düz deyil, əyri xət olmuşdur. Qütblər isə ekvatordan eyni məsafədə olmuşvə buzla örtülmüşlər. Yura və daş kömür dövrünün xəritələrini müqayisə etdikdə ekvatorun və tropiklərin getdikcə indiki vəziyyətinə yaxın olduğunu görürük.

Beləliklə, Vegener-Keppen nəzəriyyəsi iqlimin tarixi dəyişməsini düzgün izah etmir. Yerin bərk qabığının üzərək coğrafi enliyi dəyişməsi bu qədər tez ola bilməzdi ki, IV dövrdə bir-birini bu qədər tez əvəz edən buzlaşmalar baş versin. Milankoviçin göstərdiyi kimi, Vegener-Keppen sistemindən başqa, iqlimin dəyişməsinə astronomik səbəblərdən radiasiya rejiminin dəyişməsi də böyük təsir göstərir. O, son 600 min il üçün radiasiyanın dəyişməsini hesablamış və minimum radiasiyanın buzlaq dövrünə təsadüf etdiyini müəyyən etmişdir. İqlimin dəyişməsində suyun quruya olan nisbəti də böyük rol oynayır. Hazırda qurunun suya nisbəti 2:5 kimidir. Əgər qurunun bir hissəsi çökərsə okeanlar materiklərin düzənlik hissəsinə dolar, temperatur rejimi, onunla əlaqədar olaraq sirkulyasiya və iqlim də dəyişər. Ola bilsin ki, keçmiş geoloji dövrlərdə də iqlim bu səbəbdən dəyişmişdir.

Bütün bu nəzəriyyələrə əsasən belə nəticəyə gəlmək olar ki, iqlim ümumiyyətlə çox yavaş dəyişir və bu dəyişmə qitələrin coğrafi yerləşməsi, Yerin şüalanma şəraitinin dəyişməsi və suyun quruya nisbəti əsas amillərin birgə təsiri ilə əmələ gəlmişdir. Bu amillər keçmiş geoloji dövrlərdə baş verdiyi kimi, gələcəkdə də baş verə bilər. Ona görə də Yerdəki həyatın sonrakı geoloji dövrlərdə əlverişli dərəcədə dəyişəcəyini gözləmək olar.


FƏSİL 2

Fanerozoyda iqlim dəyişmələri

Son 540 mln il ərzində Günəş sabitinin, ekliptikanın ekvatora meyilliyi və Yerin fırlanma sürəti sistematik olaraq dəyişməkdə davam etmişdir. Lakin, onlar o qədər də böyük deyildilər ki, onların iqlimə təsirini aydın qeyd etmək olsun. Yer iqliminin dəyişməsi əsasən bir tərəfdən atmosferin qaz tərkibinin dəyişməsi, digər tərəfdən isə su və qurunun paylanmasının dəyişməsi ilə bağlı idi. Paralel olaraq, dağ əmələgəlmə prosesləri Dünya okeanının səviyyəsinin dəyişməsi ilə əlaqədar okeanların dəyişməsi də baş verirdi. Bütün bunlar lokal iqlimin dəyişməsini əmələ gətirirdi. Okean axınlarının rejiminin və okean və qurunun qütb sahələrində paylanmasının dəyişməsi bütünlükdə iqlimə təsir edirdi. İqlim sisteminin özü tamamilə dayanıqlı deyildir. Onda on min il davam edən avtotərəddüdlər yaranır ki, bu da qütb sahələrində buzların olduğu vaxt daha güclü olur.

Atmosferin qaz tərkibinin dəyişməsi bir çox amillərin qarşılıqlı təsiri altında baş vermişdir. Bütün bunların əsasını vulkan püskürmələri zamanı mantiyadan qazların ayrılması təşkil edirdi. Əmələ gələn geofiziki təzahürlər içində eləsi var ki, yüz milyon il davam edirdi. Sonuncunun səbəbləri məlum deyil. Belə dövrlər ərzində karbon qazının miqdarı müasir dövrdəkinə nisbətən on dəfələrlə arta bilər. Karbon qazının artması dayandıqdan sonra onun miqdarı bioloji proseslərin təsiri altında yavaş-yavaş azalmağa başlayır. Quruda karbon kömürün, neftin və qazın, okeanda isə karbonatların əmələ gəlməsinə sərf olunur. Bununla əlaqədar atmosferdə onun miqdarı azalır, sərbəst oksigenin miqdarı isə artır. Atmosferdə karbon qazının olduqca az miqdarında soyuma, yuxarı en dairələrində buzlaşma başlayır. Soyuq okean CO2-ni yüksək udma qabiliyyətinə malik olmaqla onun miqdarının daha da azalmasına şərait yaradır və bununla da Yerin tərkibindən növbəti CO2-nin ayrılması dövrünə kimi soyumanı daha da gücləndirir. Oksigenin atmosferdə miqdarı oksidləşməyə sərf olunaraq azalır. Fenerozoy dövrü ərzində vulkanik proseslərin yavaş-yavaş sistematik sönməsi müşayət olunur. Bunun nəticəsində atmosferdə karbon qazının azalması geoloji dövr ərzində Yerin səthində temperaturun sistematik azalmasına səbəb oldu.


Şəkil 2.1 Geoloji keçmişdə temperaturun dəyişməsi

1- Emilianın məlumatlarına əsasən, 2- V.M. Sinitsinin

məlumatlarına əsasən.

Mezozoydan başlayaraq, xüsusən də kaynazoyda atmosferdə karbon qazının miqdarının yenidən azalması başladı. Bu isə yuxarı en dairələrində yeni buzlaşmalara səbəb oldu. 26 mln. il bundan əvvəl buzlaşma Antraktidada, 6 mlin. il əvvəl isə Qrenlandiyada baş verdi. Bu vaxt buzlağın sərhəddindəki temperatur müasir dövrdəkindən 10 °C aşağı idi. Ekvatorda temperatur müasir dövrdəkinə yaxın idi. Sonuncu buzlaşmanın dağılması olduqca tez baş vermişdi. Hesablamalar nəticəsində məlum olmuşdur ki, buzlaq sahəsinə düşən Günəş enerjisinin miqdarı onun müəyyən hissəsinin əks olunmasını da nəzərə alsaq, qalınlığı 2-3 km olan sonuncu buzlaşmanın buz qatını əritmək üçün kifayət deyildir. Xüsusən də iqlimin dəyişməsi ilə əlaqədar temperaturun artımı bərabər deyildir. Lakin, 10 min il bundan əvvəl buzlar Skandinaviya və Finlandiyaya doğru geri çəkildi və 8 min il bundan əvvəl oradakı mövcudluğunu bitirdi. Şimali Amerikada buzlaşma daha uzun müddət davam edərək, təxminən 6 min il bundan əvvəl yox oldu. Cənub yarımkürəsinin mülayim en dairələrində temperaturun 12-18 min il bundan əvvəl müasir temperatura yaxın olduğu yerlərdə sonradan soyuma baş verdi və şimal yarımkürəsindən fərqli olaraq bir qədər uzun çəkdi. İqlim optimumu dövründə sonradan istiləşmə başladı. Lakin, temperatur müasir dövrdəkindən bir qədər artıq idi.

Paleozoyun başlanğıcı, yəni Kembri dövrü isti iqlim ilə səciyyələndi. Qurunun əsas hissəsi tropik və mülayim enliklərdə cəmlənmişdir. Cənub və əsasən də Şimal qütbü okenla əhatə edilmişdir ki, bu da buzbasmaya maneə törədirdi. İqlimin soyuqlaşması 450 mln il əvvəl Ordovikin ikinci yarısında iri buzlasmaya səbəb oldu. Bu vaxt Yer kürəsinin səthində materik plitələrinin yerdəyisməsi xeyli dərəcədə oldu. Qərbdə bir –birindən ayrı Simali Amerikanın və Avrasiyanın qədim analoqu mövcud idi. Şərqdə materiklər birləşərək Qondvana superkontinentini yaratmışdılar. Ordovikin ikinci yarısında Cənub qütbü indiki Saxaranın yerində idi. Bu buzlaşmada buz qalxanının qalınlığı 2 km-ə çatmışdı və materiklərin 30% səthini örtmüşdü. Bu buzlaşma assimmetrik olmuşdur. Belə ki, o bütün Cənub yarımkürəsində yerləşib, Qondvana materikini və okean şelfini əhatə etmişdir.

Silur dövründə, yəni 440 mln il əvvəl Yerin orta temperaturu qalxaraq təqribən 20°C yə qədər olmuşdur. Bu müasir temperaturdan 5°C yüksəkdir. İstiləşmə davam etdi və iqlim daha isti oldu. İstiləşmə Devona (400-350 mln il əvvələ kimi) kimi davam etdi və temperatur 25 °C-yə çatdı. Bir çox rayonlarda bitkilər inkişaf edirdi. Ancaq Daşkömür dövrü ərzində (350 mln –dan 285 mln ilə qədər) tədricən soyuqlaşma başladı. Daşkömür dövründə materiklər öz indiki yerlərini tutmuşlar. Bu dövrün əvvəlində o dövrün iqlim zonalarının böyük bir hissəsi əks olunan 3 quru massivi ayrılmışdır. Bu Perm dövrünün ortalarında Qondvana, Anqori və Lavrasiya vahid superkontinenetdə- Pangeyada birləşdi. Praktiki olaraq Antraktida, Cənubi Amerikanın bəzi hissəsi, Cənubi Afrika və Avstraliya 55° c.e-dən aşağıda, buzlaşma üçün əlverişli enliklərdə yerləşmişdirlər. Təqribən 300 mln il əvvəl Qondvananın buzlaşması kulminasiyaya çatdı. Permin əvvəlində Yerin orta temperaturu 8 °C-yə qədər aşağı düşdü, yəni indiki temperaturdan 7 °C aşağı olmuşdur. 310- 270 mln il əvvəl buz örtüyü 35° c.e.-nə qədər yayıldı və onların şaquli qalınlığı 2km-ə, maksimal buzlaşma fazası 40 mln ilə çatmışdır. İqlimin belə soyuması bitki və heyvanat aləminin inkişafına və yayılmasına böyük təsir göstərmişdir. Perm dövrünün sonuna yaxın suda-quruda yaşayanların 75%-i məhv olmuşdur. Ancaq bitkilərin bəzi növləri bu soyuq mülayim iqlimə uyğunlaşmağı bacarmışdır.

Tirias dövrünün (230 mln il əvvəl) başlanğıcında əsas quru massivləri vahid bir superkontinentdə- Pangeyada birləşmişdir. Onun iki hissəsi- Lavrasiya şimalda və Qondvana cənubda iri Tetis okeanı ilə əhatə olunmuşdu. Yura dövründə Pangeya bölünməyə başladı. Bu zaman şimalda Lavrasiya kontinentinin bir hissəsi su altında qalır və onunla cənub kontinenti Qondvana arasında böyük boğaz yaranır. Qondvana da bölündü: Cənubi Amerika və Afrika Hindistandan, Antarktidadan və Avstraliyadan aralandılar. Hər iki qütb okean rayonlarında idilər. Trias dövründə tədricən istiləşmə başladı, Yura dövrü (190 mln il əvvəl ) bütün Yer kürəsində isti iqlimlə səciyyələndi. Orta temperatur yenidən 24.5 °C-ə çatdı. Yura dövrünün iqliminə zonallıq xasdır və bu dövrdə şimal və cənub yarımkürələrinin orta enliklərində fəsli temperatur tərəddüdləri böyük əhəmiyyət kəsb edir. Bu dövrdə buzlaşmanın geniş yayıldığını göstərən heç bir dəlil yoxdur. Təbaşir dövründə, yəni 135 mln il əvvəl iqlim optimumu davam edirdi və Yer kürəsinin orta temperaturu 25°C idi. Təbaşir dövründə müəyyən temperatur tsikli 5°C amplituda ilə baş vermişdi və 30 mln il davam etmişdir. Təbaşir dövrünün sonunda fauna və floraların böyük məhvi baş verdi. Bu təbii fəlakətin səbəbi ehtimal ki, qısa müddətli soyuqlaşma olmuşdur. Soyuqlaşmaya səbəb atmosferə külli miqdarda aerozolların daxil olması ilə günəş radiasiyasının axını azalmış, qlobal temperaturu 2.9°C aşağı salmış, qütb rayonlarında dəniz suyunun temperaturu 7-8°C –yə qədər aşağı düşmüşdür. Bu aerozolların atmosferə atılmasının bir sıra səbəbləri ehtimal olunur. Bir qrup alimlər belə hesab edirlər ki, aerozolların atmosferə atılmasının səbəbi Yer kürəsinin asteroidlə toqquşmasıdır. Mezozoy və kaynozoy yaşlı süxurlar arasında böyük miqdarda iridiumun tapılması buna sübutdur. Bir başqa alimlər bunun səbəbini intensiv vulkan püskürmələri ilə əlaqələndirirlər. Qeyd edirlər ki, püskürmə zamanı qaz və istiliklə yanaşı mantiyaya iridium da daxil olmuşdur. Ancaq bunların hansı səbəbdən olmasına baxmayaraq Təbaşır dövrünün sonunda qlobal temperatur yenidən qalxdı və indiki temperaturdan 7-10°C yuxarı oldu. Beləliklə, Mezozoy və Kaynazoy arasındakı vaxtda yerin iqlimi yumşaq, isti və rütubətli olmuşdur. Ekvatorla qütblər arasında təzadlar 15-16°C təşkil edirdi. İndi isə yayda 30° C, qışda 60°C təşkil edir.

65 mln il əvvəl başlamış Kaynozoy erası ilk mərhələdə isti iqlimlə səciyyələnirdi. Paleosendə yüksək temperatur saxlanırdı: bu vaxt orta qlobal temperatur müasirdəkindən 8-9°C yuxarı idi. Eosenin ikinci yarısında (44 mln il əvvəl) qlobal temperatur dayanıqlı olaraq pillə-pillə düşməyə başladı. Oliqosenin ortasında (30-35 mln il əvvəl) Sakit okeanın ekvatorial enliklərində su səthinin temperaturu 17-18 °C-yə qədər aşağı düşdü. Miosendən başlayaraq (23 mln il əvvəl) istiləşmə başladı və 19.5-15.5 mln illər arasında ən yüksək həddinə çatdı. Miosenin ortasından başlayaraq temperatur aşağı düşməyə başladı və bu dövrün sonunda okeanın dib laylarında suyun temperaturu 2°C idi. Təqribən bu vaxtlar Antarktidanın buzlaşması başladı.

Pliosenin əvvəlində istiləşmə baş verdi və Antarktidanın buzsaxlayan sipəri əriməyə başladı. Bu güclü qlobal transqressiyaya səbəb oldu və dünya okeanında səviyyə 100 m qalxdı. Lakin, 3.3-3.2 mln il əvvəl yenidən qlobal soyuqlaşma başladı.

Antarktidada güclü buz örtüyünün yaranması albedonu artırdı və Günəş radiasiyasını azaltdı. Sirkumpolyar qütb axınının suyu soyudu və beləliklə də Dünya okeanının dib qatlarında suyun temperaturu aşağı düşdü.

Pliosenin başlanğıcına kimi Şimal yarımkürəsi buzsuz qaldı. Baxmayaraq ki, artıq 9-10 mln il əvvəl ilk olaraq Alyaskada lokal dağ buzlaqları əmələ gəlməyə başlamışdı. Pliosendə Arktika buzlaşmağa başladı, 3 mln il əvvəl isə Qrenlandiyada buz örtüyü müasir ölçüyə qədər artdı. Sərt iqlim şəraiti Arktikada axırıncı 3 mln il ərzində mövcuddur.

Ümumiyyətlə, təbaşir dövründə istiləşməyə səbəb CO2 -nin yüksək konsentrasiyasıdır. Şübhəsiz iqlimin dəyişməsinə dağ sistemlərinin yüksəkliyi, konfiqurasiyası və yerləşməsi, həm də vulkanik fəaliyyət təsir göstərmişdir. Beləliklə, sonuncu buzlaşmanın qurtardığı dövrdə, xüsusən şimal yarımkürəsində iqlim dəyişkənliyi olduqca böyük olmuşdur.

FƏSİL 3

Pleystosendə iqlim dəyişmələri

Pleystosenin iqlimi özündən əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən kəskin fərqlənir. Pleystosen 1.6-2 mln. il əvvəl başlamışdır. Bu zaman üçüncü dövrün sonunda baş verən soyuqlaşma mülayim və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb olmuşdur. Belə buzlaşmalarının sayı və tarixi təxmini məlumdur.

Pleystosen (1.5 ± 0.5 mln il davam etmişdir) uzun müddət “buzlaşma dövrü” adını daşıyırdı. Pleystosen dörd buzlaşma dövründən (Gyüns, Mindel, Riss, Vyurm ) və üç buzlaşma arası dövrdən ibarətdir. Ancaq göründüyü kimi kaynozoy erasında soyuqlaşma şimal yarımkürəsində pleystosendə, cənub yarımkürəsində isə Antarktidanın buz bağlaması daha əvvəl Milosendə başlamışdır. Beləliklə, pleystosendə Yer kürəsi buzlaşma dövrünə keçmişdir. Buzlaşma dövrünün buzlaşma arası periodlarla əlaqələnməsi (yəni bir-birindən sonra baş verməsi) pleystosen üçün xarakterikdir.

Şəkil 2.1-də son 1mln il ərzində iqlim hadisələrinin temperaturn artması və azalması sıralanması verilmişdir. Göründüyü kimi yuxarıda adları şəkilən buzlaşma və buzlaşma arası dövrlər özlərində mürəkkəb temperatur dəyişmələrini və iqlim tərəddüdlərini cəmləyirlər. Ən böyük kəşf isə ondan ibarətdir ki, böyük miqyaslı buzlaşma 10 min il ərzində baş verdiyi halda, buzlaqların dağılması qısa müddət ərzində baş verir. Bununla bərabər buzlaqların maksimum inkişaf dövründə onlar Yer səthinin 9%-ni, onların həcmi 45·106 mln km3, orta qlobal temperaturun düşməsi 10°C təşkil edirdi. Buzlaşma dövrlərinin buzlaq arası dövrlərinin əvəz olunması sinxron baş verib. Belə ki, buz qatının inkişafı buzlaqların dağılması vaxtından uzun çəkmişdir.







Şəkil 3.1 Pleystosendə temperatur tərəddüdləri ( indiki zamandan kənara çıxması °C)

A-şimal yarımkürəsinin yuxarı enliklərinin yayı üçün, B- şimal yarımkürəsinin son buzlaşma dövrü üçün, a-buzlaşma və buzlaşma arası dövrlərin klassik klassifikasiyası; b-izotop-oksigen mərhələləri; c-son buzlaşma və qolosen dövrünün klassik klassifikasiyası; d-V.A. Zubov və İ.İ. Burzenkova görə klassifikasiya. Temperatur əyrisində (hərfli) A-oksigen-izotop mərhələləri, B-soyuqlaşma və istiləşmə dövrlərinin adları. ANT-anatermal, MEQ- meqatermal, KAT-katatermal. Temperatur əyrisində (rəqəmli) 1-morfoloji nəzərə çarpan kənar buzlaşma əmələ gəlməsi;

2-kifayət qədər böyük dəniz transqresiyaları; 3-başlanğıc və son son buzlaşma dövrü; 4-mamont faunasının məhv olunması dövrü; 5-şumer daşqını.
Daha sonra Alp-Mindel (790-580 mln il əvvəl) buzlaşması başladı. Şəkil 10.1-dən göründüyü kimi Mindel buzbağlaması əvvəlki buzbağlamalardan daha mürəkkəb xarakter daşıyırdı. Belə ki, bu buzbağlama ərzində istiləşmə dövrləri ilə ayrılan buzlaşma dövrləri olmuşdur. Bir çox mütəxəssislərin rəyinə görə Elster II adını almış ən axırıncı buzlaqların irəliləməsi dövrü bütün Pleystosen ərzində ən güclüsü olmuşdur. Qərbi Avropada Skandinaviya buz qatı İngiltərəyə qədər cənuba uzanmışdır. Rusiyanın Avropa hissəsində Oka buzlaşması baş vermişdir. Onun cənub hissəsi Kamaya qədər uzanırdı. Qərbi Sibirin şimalında Mindel buzlaşması zamanı yayda havanın temperaturu 7-8°C-dək aşağı düşmüşdür və tundra 50° şm. enliyinədək irəliləmişdi. Qolştin buzlaqlar arası dövrdə Qərbi Avropada enliyarpaqlı meşələr yayılmışdır. Hətta Böyük Briyaniyada, Danimarka və Polşada üzüm bitirdi. Bu ərazilərdə temperatur indiki zamanın yayından 2-3°C, qışından isə 1-2°C yuxarı idi. Böyük miqdarda geoloji və paleobotanik məlumatlar ondan xəbər verir ki, Mindel-Riss buzlaqarası dövrdə, əsasən də onun iki maksimumu lixvinskiy (qolştin) və qlazovskiy (kromerskiy) şimal yarımkürəsinin bütün tropikdən kənar hissələrinə nisbətən daha rütubətli olmuşdur. İstisna olaraq ancaq ABŞ-ın Böyük Hövzəsini göstərmək olar ki, burada aridləşmə prosesi getmişdir. Rütubətlənmə şəraitinin yaxşılaşması meşə masivvlərinin sahələrinin çoxalmsına və oradakı ağac növlərinin artmasına səbəb olmuşdur.Beləliklə Mindel-riss vaxtarası dövr isti dövrlərdən biri hətta ola bilər ki, Pleystosenin ən isti dövrü olmuşdur.

Ehtimal ki, buzlaşmanın inkişafı və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil etmişdir. Nisbətən isti buzlaqlararası epoxalar daha uzun müddətli olmuşdur. Şimal Qərbi Avropada bu buzlaq arası dövrdə enliyarpaqlı meşələr yayılmışdı. Ukraynada isə meşə və meşə-çöl bitkiləri hakimlik edirdi. Orta illik temperatur 9°C-ə, qışda 0°C-ə, yayda isə 22-24°C-ə çatırdı. Yağıntıların miqdarı şimal yarımkürəsində 800-1000 mm/il, cənub yarımkürəsində 650-750 mm/il təşkil edirdi. Bu zaman kontinentlərdə buzlaqlar yoxa çıxaraq yalnız dağ rayonlarında və yüksək en dairələrində qalmışdır. Müəyyən edilmişdir ki, Avropa, Asiya və Şimali Amerikada buz örtüklərinin hücumu və geri çəkilməsi qismən sinxron olmuşdur.

Pleystosen klassik Gyüns buzlaşmasından 1.2 -1.0 mln il əvvəl başlayır. Gyüns (Nebraska) buzlaşmasının cənub sərhəddi Avropada 56° ş.e.-nə çatmışdır. Şimali Amerikada Nebraska buzlaşması 40-41° ş.e.-nə çatmışdır. Asiyanın şimal-şərqində bu vaxtlar tipik tundra bitkiləri və heyvanları olmuşdur. Gyüns soyuqlaşmsı Gyüns-Mindel istiləşməsi ilə qurtarmışdır. Bu vaxt Aralıq, Qara və Barens dənizlərinin transqressiyası olmuşdur. Sonra klassik Alp buzlaşması- Mindel (790-580 min il əvvəl) başlamışdır. Bu soyuqlaşma müddətində bir-birinin ardınca üç buzlaşma baş vermişdir. Elster adlanan buzlaşma Pleystosendə ən maksimal olmuşdur. Oka buzlaşmasından sonra Mindoll Riss buzlaşma arası dövrü (585-350 min il ) başlamışdır. Bu buzlaşma arası iki iri istiləşmədən ibarət olaraq çox böyük olmayan soyuqlaşma ilə ayrılmışlar. Bunlardan ən məşhuru Lixvin Rusiyanın Avropa hissəsində, Qolştin şimal-qərbi Avropada və Yarmut Şimali Amerikadadır.

Bu buzlaşma arasından sonra Riss buzlaşma dövrü (350-170 min il əvvəl) başlanmışdır. Şəkil 3.1-də buna ondan altıya kimi izotop mərhələləri uyğundur. Bu soyuqlaşma Dnepr, Odra və Zaale sipərilərinin örtülməsi ilə səciyyələnir və bunlardan ən maksimumu isə Odra olmuşdur. Bu dövrdə Qərbi Avropada Skandinaviya buzlaqlarının cənub qurtaracağı təqribən əvvəlini mundel-elster buzlaşmasının sərhədinə Rusiyanın Avropa hissəsində və Ukraynada isə buzlaqların cənuba irəlilləməsi maksimal olmuşdur: Dnepr dərəsində 48° şimal enliyinə, Volqa və Don çayları arasında isə 50° şimal enliyinə qədər.

Riss buzlaşma dövrünün ardınca başlayan Riss-Vyurm buzlaşma arası dövr (245-115 min il əvvəl) mürəkkəb quruluşa malik olmuşdur. Buzlaşma arası dövr 180-230 min il yaşa malik olmaqla, iki istiləşmə dövründən ibarət olmuşdur (Şəkil 3.1 7a və 7c). 7a dövründə bu buzların miqdarı indiki dövrə nisbətən nisbətən az, iqlim isə indikindən isti idi. Ancaq bu isti dövrlər arasında soyuqlaşma əhəmiyyətli dərəcədə nəzərə çarpan olmuşdur.

Daha əhəmiyyətli istiləşmə Eyem- Mikulin buzlaşma arası dövründə baş vermişdir (125-115 min il). Bu istiləşmə dövründə Yerin iqlimi indikinə nisbətən daha isti idi. Yuxarı enliklərdə istiləşmə daha böyük olmuşdur. Tropiklərdə isə temperatur indikinə daha aşağı idi. Bu da həmin enliklərdə böyük buludluq və yağıntı ilə bağlıdır. Temperaturun yüksəlməsi və yağıntının artması mülayim enlikdə enliyarpaqlı meşə massivlərinin çoxalmasına və onların indi tundra meşələrinin olduğu yerlərə qədər yayılmasına səbəb olmuşdur. Buzlararası dövrün maksimumu 125 min il əvvəl Dünya Okeanı səviyyəsi indikindən 5-8m yuxarı idi ki, bu da Qərbi Antarktik buzlaqların əriməsi ilə izah olunur.

Axırıncı buzlaşma Qərbi Avropada Vyurm- Visla, Rusiyada Valday və Zıryan, Şimali Amerikada isə Viskonsin adlandırılır və 115 min il əvvəl başlamışdır. Bu dövrdə qərb yarımkürəsində Qrenlandiya buz örtüyünün əriməsi, Labrador yarımadasında yerləşən Lavrentiya buzlağının 1000 km cənuba doğru irəliləməsi baş vermişdir. Avrasiyada skandinaviya yüksəkliyi üzərində buzlaqların yaranması və yığılması başlamışdır. Soyuqlaşma getdikcə artmış və 10 min ildən sonra buz qatı maksimum qalınlığa 2,5 km-ə çatdı. Buz qatının Qərbi Avropaya yayılması İngiltərə, Niderland, Almaniya və Rusiyanın şimal-qərbində meşə massivlərinin yox olmasına gətirib çıxarmışdır. Dünya okeanının səviyyəsi bu buzlaşmaada müasir səviyyədən 60 m aşağı düşməsi təqribən bir neçə min il ərzində davam etmişdir.

Orta Vyurmdə 75 min il əvvəl yeni fəal buzlaşma başladı və çox tez böyük sahəni əhatə etdi. Dünya okeanının səviyyəsi müasirdəkindən 100 m aşağı olmuşdur. Lakin iqlimin soyuqlaşması dayanıqlı olmamış və qısamüddətli istiləşmə baş vermişdir. İlk belə istiləşmə 60 min il əvvəl olmuş və Qərbi Avropada iyul temperaturu 10-12 °C –yə çatmışdır. İstiləşmə dövründə Dünya okeanının səviyyəsi müasir vəziyyətindən 50 m aşağı olmuşdur. Vyurmun sonuncu dövründə 25-23 min il əvvəldən 10 min il əvvələ kimi orta Vyurmanın sonundan başlayaraq ( təqribən 35 min il əvvəl ) iqlimin soyuqlaşması davam etmişdir. 1971-ci ildə ABŞ və digər ölkələrin alimlərinin səyi ilə Yer səthinin xəritəsi qurulmuşdur. Bu xəritə gec Vyurmda maksimal buzlaşma dövrünə aiddir və Şimal yarımkürəsində yay fəsli, yəni 21 min əvvəlki avqust ayı üçün qurulmuşdur. Burada materiklərin ümumi görünüşü 85 m izobata müvafiq olaraq göstərilmişdir, çünki okeanın səviyyəsi müasir vəziyyətə görə 85 m aşağı olmuşdur. Orta hesabla Yer kürəsində okean səthində suyun temperaturu müasirdəkindən 2.3°C aşağı olmuşdur.

21 min il əvvəldəki maksimal buzlaşmadan sonra Avrasiyada və Şimali Amerikada buzlağın çəkilməsi başlamışdır. Beləliklə, iqlimin Kaynozoyda və Pleystosendə dəyişməsini belə izah etmək olar: Oliqosendə və Miosendə CO2-nin konsentrasiyasının tədricən azalması, Antarktidanın Cənub qütbü rayonunda yerləşməsi, quru səthinin və onun yüksəkliyinin artması tədricən iqlimin soyuqlaşmasına əsas verdi. Bu da əvvəlcə Antarktidanın, sonra isə Şimal yarımkürəsinin qütb rayonlarının buzlaşmasına gətirib çıxartdı. Elə ki, buzlaşma böhran qiymətə çatdı, atmosfer-okean-buzlaq-quru iqlim sistemi dayanıqsız olmağa başladı və Yerin orbital parametrləri ilə bağlı radiasiya balansının dəyişməsinin təsiri altında Pleystosenin iqlimində böyük tərəddüdlər baş verdi. Buzlaşma və buzlaşmaarası dövrlərdə temperaturun dəyişməsinin qiymətləri yaxşı uyğunlaşdı. Pleystosen (dördüncü dövr) iqliminə ardıcıl baxsaq, demək olar ki, bu Yerin tarixində ən soyuq dövrdür.

FƏSİL 4

Qolosendə iqlim dəyişmələri

Buzlaqdan sonrakı dövrdə iqlimin tərəddüdü əsasən göstərilən amillərlə təyin olunurdu. Atmosferdə karbon qazının nisbətən stabil olduğu vaxt təsir edən amillərə Yer orbitinin dəyişməsi, qabarma qüvvələri, vulkan fəaliyyətinin təsiri ilə şəffaflığın dəyişməsi və iqlim sisteminin özünün avtotərəddüdü nümunə ola bilər. Qolosen ilə pleystosen arasındakı sərhəd aydın deyil. Əgər bu sərhəddi buzlağın ancaq Skandinaviyada qalması kimi qəbul etsək, onda bu 12 min il bundan əvvələ təsadüf edər. Lakin buzlaqların Skandinaviyada və Barents dənizi ətrafında son dəfə yox olması hələ 1.5 min il bundan əvvəl, Şimali Amerikada isə 6 min il əvvəl baş vermişdir. Bu o deməkdir ki, qolosenin ilk yarısındsa atmosfer və okean sirkulyasiyası tamamilə müasir dövrdəkinə analoji ola bilməzdi. Qolosen dövründə vulkan fəaliyyəti də olduqca güclü dəyişmişdir. Onun təsiri ikitərəfli olmuşdur. Atmosfer şəffaflığının azalması orta hesabla Yer atmosferinin aşağı təbəqəsinin temperaturunu azaldır. Lakin atmosfer sirkulyasiyasının yenidən dəyişməsi nəticəsində ayrı-ayrı rayonlarda bu və ya digər fəsillərdə istiləşmə də üstünlük təşkil edə bilər. Hər bir güclü püskürmədən sonra bu proses bir neçə il davam edir. Lakin püskürmə bir-birinin ardınca baş verirsə, onda bütün yarımkürə üçün temperatur on illiklər boyu bir neçə on dərəcələrlə aşağı düşür. Püskürmə prosesində atmosferdə karbon qazı artır. Hesablamalara görə min ildən az zaman intervallarında şəffaflığın azalması soyumaya səbəb olur. Böyük zaman intervalları üçün isə atmosferdə CO2-nin artması şəffaflığın azalmasının qarşısını almaqla istiləşməyə səbəb olur. Qolosenin əvvəlində vulkan püskürmələrinin sayı və gücü müasir dövrdəkindən çox olmuşdur. Müasir dövrə yaxın şəraitdə iqlim tərəddüdləri əhəmiyyətli ola bilər. Onların bir hissəsi atmosfer şəffaflığının dəyişməsi ilə, digər hissəsi isə nəzərə alınmayan digər iqlim əmələ gətirən amillərlə bağlıdır.

Dördüncü dövrü öyrənmək üzrə Assosiasiyanın VIII Konqresinin qərarına ( Paris, 1969-cu il ) əsasən Qolosenin aşağı sərhəddi 10 min il bundan əvvəl sayılır. Axırıncı Vyurm buzlaşmasının sonu ( 17 min il əvvəl) ilə Qolosenin başlanma (10 min il əvvəl ) arası son buzlaşma adlanır. Temperaturun artması, buzlaqların əriməsi və buz örtüyünün dağılması 16000 il bundan əvvəl başlanmışdır. Bu istiləşmə qlobal xarakter daşıyırdı. O, Vyurmun Avropa və Şimali Amerika buzlaq örtüyünün dağılması ilə müşayət edildi. Son buzlaşma iqlimin dayanıqsızlığı ilə səciyyələnirdi: Raunis ( Ra), Böllinq ( Bö) və Alleröd ( Al) adlanan istiləşmələr beş kəskin və dərin soyuqlaşmalarla –port-bryus, drias ( 13.2 min il əvvəl ), fyöros –neva ( 12.8 min il əvvəl ), drias II (12.2 min il əvvəl) və ən güclü soyuqlaşma drias III ( 10.8 -10.5 min il əvvəl ) kəsilmişdir. Böllinq və Alleröd istiləşmələrində mülayim enliklərdə havanın temperaturu müasirə yaxın və ya bir az yüksək idi. Qərbi Avropada və Taymırda meşə örtüyü bərpa olunurdu. Lakin, soyuqlaşma zamanı və əsasən də Drias II –də landşaft maksimum Vyurum buzlaşması zamanındakına qayıdırdı. Qolosen intensiv istiləşmə ilə başlanmışdır. Nəticədə, Skandinaviyanın buz örtüyü 8.5 min il əvvəl yox oldu, Şimali Amerikanın buz örtüyü isə 6.5 min il bizim eradan əvvəl yox olmuşdur.

Ən çox istiləşmə 9.0 -8.7 min il əvvəl, boreal optimum adlanan dövrdə baş verdi. Boreal dövründə tayqa meşələri tundranı şimala sıxışdırmaqda davam etdi. Beləliklə, boreal dövrü meqatermalın ( 9-5 min il ) başlanğıcını qoydu. Bu zaman yüksək və mülayim enliklərdə yayda temperatur müasir dövürdəkindən 2-3°C yuxarı olmuşdur. Sonra 6 min il əvvəl iqlim optimumu adlanan dövr başladı və Atlantik dövrə bənzədi. Asiyada tayqa Çelyuskin burnu rayonuna çatdı. Qolosendə iqlim optimumunda tropik vilayətlərdə havanın rütubətliliyi, yağıntının miqdarı və temperatur bir qədər yüksək oldu.

Bizim eradan 5000 il əvvəl subatlantik dövr başladı. Bu dövrdə iqlimin pisləşməsi baş verdi. İqlim daha sərin oldu, yağıntıların miqdarı artdı. Torf bataqlıqları inkişaf etməyə başladı, tundra meşəyə, meşə isə çölə doğru irəlilədi. İqlim tədricən müasir dövrə transformasiya edərək, böyük okeanikliyi ilə fərqləndi.

NƏTİCƏ

Bu kurs işi dörd fəsil və nəticədən ibarətdir. Birinci fəsildə Kembridən əvvəl iqlimin dəyişməsi, ikinci fəsildə Fanerozoyda iqlim dəyişmələri, üçüncü fəsildə Pleystosendə iqlim dəyişmələri və dördüncü fəsildə isə Qolosendə iqlim dəyişmələrinə baxılmışdır.

Kembri dövründə Yerin iqlimi zonallığı ilə fərqlənmiş və isti olmuşdur. Erkən proterzoyda (2.6-1.95 mlyd il əvvəl) atmosferin təkamülünün ikinci mərhələsi başladı. Buzlaşmanın mərkəzi təxminən 60° paleoenlikdə yerləşmişdi.

Fenerozoy dövrü ərzində vulkanik proseslərin yavaş-yavaş sistematik sönməsi müşayət olunur. Bunun nəticəsində atmosferdə karbon qazının azalması geoloji dövr ərzində Yerin səthində temperaturun sistematik azalmasına səbəb oldu.

Pleystosenin iqlimi özündən əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən kəskin fərqlənir. Pleystosen 1.6-2 mln. il əvvəl başlamışdır. Bu zaman üçüncü dövrün sonunda baş verən soyuqlaşma mülayim və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb olmuşdur. Belə buzlaşmalarının sayı və tarixi təxmini məlumdur.

Qolosen dövründə vulkan fəaliyyəti də olduqca güclü dəyişmişdir. Onun təsiri ikitərəfli olmuşdur. Atmosfer şəffaflığının azalması orta hesabla Yer atmosferinin aşağı təbəqəsinin temperaturunu azaldır. Lakin atmosfer sirkulyasiyasının yenidən dəyişməsi nəticəsində ayrı-ayrı rayonlarda bu və ya digər fəsillərdə istiləşmə də üstünlük təşkil edirdi. İqlim tədricən müasir dövrə transformasiya edərək, böyük okeanikliyi ilə fərqləndi.




ƏDƏBİYYAT
Mehdiyev A.Ş, Əhmədov Ş.Ə. Meteorologiya və iqlimşünaslığın əsasları. Bakı, 2008.

Paşayev A.M., Qyliyev H.İ. Atmosfer proseslərinin fiziki əsasları. Bakı 2007.

Gül Q.K. Meteorologiya və iqlimşünaslıq. Azərbaycan Universiteti nəşriyyatı. Bakı, 1960.

Хромов С.П. Метеорология и климотология. Издателство Наука, М.2006

Дроздов О.А., Кобышева Н.В. Климатология. М, 1989.

Алисов Б.П., Полтараус Б.В. Климотология. Издателство Московского университета, 1974.

Шихлинский Э.М. Типы климатов Азербайджана. АН Азербайджан СССР, 1949.

Будыко М.И. Климат и жизнь. Л. Гидрометеоиздат, 1971.

Баранов А.М., С.В. Солонин Авиационная метеорология. 1975.

İnternet saytları



MÜNDƏRİCAT

Səh.


Giriş .................................................................................................... 3

Fəsil 1. Kembridən əvvəl iqlimin dəyişməsi .................................... 4

Fəsil 2. Fenerozoyda iqlimin dəyişmələri .......................................... 9

Fəsil 3. Pleystosendə iqlim dəyişmələri ............................................. 14

Fəsil 4. Qolosendə iqlim dəyişmələri ................................................. 22

Nəticə .................................................................................................. 25



Ədəbiyyat............................................................................................ 26






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə