Yazıçı-publisist




Yüklə 110.74 Kb.
tarix21.04.2016
ölçüsü110.74 Kb.

Nazim Hikmət: Olduğu kimi – I

 

Akif  Ə,

filologiya elmləri namizədi,

yazıçı-publisist.

————————————

Mətbuatda xəbər verilmişdir ki, Azərbaycan Yazıçılar Birliyində Türkiyəli şair Nazim Hikmətin 100 illik yubileyini qeyd etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyanın ilk iclasında ölkəmizin  tanınmış yazıçı, şair və publisistlər çıxış edərək Nazim Hikmətlə bağlı fikir və düşüncələrini söyləmiş, onun “Azərbaycanla olan əlaqəsinin dünyaya tanıdılmasının vacibliyini”, “adının əbədiləşdirilməsi haqqında Respublika Nazirlər Kabineti qarşısında məsələ qaldırmağın vaxtı çatdığını ”, “şairi geniş xalq kütləsinə tanıtmağın” zəruriliyini qeyd etmişlər. Ədiblər Nazim Hikmətin seçilmiş əsərlərinin nəşri, onun haqqında xatirələrin toplanıb çap edilməsi, teatrlarda tamaşalarının hazırlanması, elmi sessiya və sərgilərin keçirilməsi, foto-albom və xüsusi qəzet nömrələrinin buraxılması, təhsil ocaqlarında Nazim Hikmət günlərinin keçirilməsi və başqa təkliflərlə də çıxış etmişlər. Nəhayət, “ucqar rayonlarımızda Nazim Hikmətin yubiley şənliklərinin keçirilməsi” ilə yanaşı, İstanbuldakı “Gülhanə parkında abidəsinin ucaldılması” da gündəliyə gətirilib.

Bir qədər sonra mətbuatda yayılan başqa bir məlumatda isə xəbər verilirdi ki, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və AYB yubiley komissiyasının sədri yuxarı dövlət və hökumət instansiyalarına məktub göndərərək, Nazim Hikmətin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində qeyd olunmasını və bununla əlaqədar bir sıra təşkilati tədbirlərin görülməsini xahiş edib.

Bütün bunlarla yanaşı, etiraf etmək lazımdır ki, nəinki Azərbaycanda, elə Türkiyənin özündə də Nazim Hikmətə münasibət heç də birmənalı deyil və hətta kifayət qədər mübahisəli məqamlar mövcuddur.

Türk Dünyası Araşdırmaları Vaqfı -nın nəşri olan “Tarix dərgisi”-nin 109 saylı, 1996-cı il Yanvar  nömrəsindən azəri türkcəsinə çevirərək hörmətli oxuculara təqdim etdiyim Türkiyəli araşdırıcı Kazım Gültəpənin  “Nazim Hikmət Borzeski şarlatanlığı və düşündürdükləri” adlı məqaləsi də həmin sözügedən  alternativ mövqenin nümayişi baxımından səciyyəvidir.

Məlum olduğu kimi, son illər dünyada və cəmiyyətimizdə gedən qlobal yeniləşmə prosesi ictimai-siyasi fikirdə köklü dəyişikliklərə səbəb olmuşdur. Xüsusən, əski Sovet ideologiyasına məxsus bir çox stereotiplər həqiqət mövqeyindən yenidən dəyərləndirilmişdir. Çağdaş demokratik mətbuatın verdiyi imkanlardan yararlanmaqla  ictimai-siyasi-elmi-mədəni sahələrdə  illər uzunu yaşadılan süni miflər dağıdılmış, fikir müxtəlifliyi, rəy plüralizmi prinsipləri əsasında aparılan müzakirələrdə əsil həqiqət üzə çıxmışdır. Böyük Sabirimizin tövsiyə etdiyi “Düzü-düz, əyrini-əyri” prinsipiallığı bərqərar olmuş, bununla bağlı  milli tarix-,  mədəniyyət- və ədəbiyyatşünaslığımızda əhəmiyyətli  proseslər getmişdir.

Deyilənlərin kontekstində, “Papadan artıq katolik görkəminə düşməmək” (H.Əliyev)  üçün, Türkiyədə nəşr olunmuş həmin  məqalənin də hörmətli oxucuların diqqətinə səbəb olacağını  güman  edirəm.

 

*  *  *



 

NAZİM HİKMƏT BORZESKİ ŞARLATANLIĞI VƏ  DÜŞÜNDÜRDÜKLƏRİ

 

Kazım Gültəpə



——————–

Türk milləti insanlıq tarixinin tanıdığı ən qədim millətlərdən biridir. Millətimiz keçmişdə böyük və uzun ömürlü imperatorluqlar və üstün mədəniyyətlər qurmuşdur. Əsasən də millətimiz islamla şərəfləndikdən sonra qurduğu imperatorluqlar və mədəniyyətlər göz qamaşdırıcı  xüsusiyyətlərə malikdir. Orta əsrlər Avropasında insanların yarı vəhşi bir həyat sürdükləri dövrlərdə Türk milləti bəşəriyyətin bu gün belə heyranlıq və heyrətlə seyr etdiyi mədəniyyəti yaratmaqda idi. Avropada qorxunc bir dini təəssübün hakim olduğu, insanların məhkəməsiz qətl edildiyi dövrlərdə İstanbulu fəth edən Fatih Sultan Mehmed böyük bir ədalət və humanizm timsalı olaraq Ortodoks Yunanlara dərhal dini liderlərini seçdirmiş və onların Türk bayrağı altında hər dürlü vicdan azadlığına sahib olduqlarını bildirmişdi. Ancaq 18 və 19-cu yüzillərdə Türk milləti xeyli geriləməli oldu. Avropalılar vəhşi yamyamlar kimi Türk millətinə hücum etdilər. Ruslar Şərqdəki Türklüyü, Avropalılar Qərbdəki Türklüyü dalbadal boğmağa başladılar. Qızılordu torpaqları, Krım, Qafqaz, Azərbaycan Ruslar tərəfindən uduldu. Balkanlardakı, Afrikadakı torpaqlarımız Avropalılar tərəfindən işğal edildi. Hətta birinci dünya müharibəsinin məhz Osmanlı Türk İmperatorluğunun mirasını bölmək üçün başladıldığını desək  yanlış olmazdı.

İstər dünyada, istərsə də Türkiyədə siyasi-ictimai olayların sürətlə cərəyan etdiyi və dəyərlərin alt-üst olduğu bir dövrdə yaşayırıq. Ən vəhşi qəbilələrin belə millət deyil, sadəcə qəbilə şüuruyla milliyyətçilik duyğusundan şərəf hissi keçirdikləri halda, dünyada millət olma şərəfinə ən çox haqqı çatan biz Türklər nədənsə Türklüyümüzdən qorxub, əzilən bir duruma düşmüşük. Türkiyədə haradasa “azğın”, dünyada isə “varvar bir Asiyalı” imicindən qurtula bilməməyin əzablarını yaşamaqdayıq.  “Din duyğusuyla müasirləşmə” adı altında köklü irqimizin adından qorxmaq kompleksini və büsbütün bir soysuzlaşdırmanın təməlində əzəli Türk və ya Türklük psixozu yatdığını görürük. Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) millət vəkili olaraq girmiş bir çox milliyyətsizlər əgər Türk millətinin varlığını inkar edə bilirsə və buna baxmayaraq yenə də o yüksək kürsüdən bəhrələnirsə… Atatürkün söylədiyi  “Türk  millətinin  xasiyyəti  ucadır,  Türk  milləti çalışqandır, Türk  milləti  zəkalıdır” sözlərinə qarşı bir marksist olan  Əziz Nesinin söylədiyi  “Türk millətinin yüzdə 60-ı abdaldır, Türk milləti ikiüzlüdür, Türk milləti tənbəldir” sözləri alqışlanıb, üstəlik ona yazıçı adı da verilirsə, dövlətin  himayəsində olan Tele-kanallarından təriflər  yağdırılırsa, Əziz Nesin və ona bənzər kommunistlər birər Atatürkçü, demokratiya qəhrəmanı, mübariz ziyalı sifətiylə tanıdılırsa, demək Türkiyə Cümhuriyyəti və dolayısıyla  Türk milliyyətçiliyi ciddi bir təhlükə altındadır. Atatürk cəmiyyətin hər kəsimində, hər qurumunda Türk milliyyətçiliyi ruhunu hakim bilmişdir. Onun dövründə kəsilən pullara, paralara Bozqurd rəsmləri çəkilmişdir. Və nəhayət, bütün dünyanın qarşısında Türk nəsillərinə belə xitab etmişdir: “Nə mutlu Türkəm deyənə, Bir Türk dünyaya bərabərdir, Türk, öyün, çalış, güvən!” Bu düşüncədə olan Atatürkü kommunistlərin sevməsi mümkündürmü?

Son illərin ən üzdə olan dəbi – Türklüyü pisləmək, Türk olmadığını söyləmək, vətənə xəyanət etmək – Avropada mükafatlandırılmaqdadır. Elə bu səbəbdəndir ki, Avropalılar X11 yüzillikdən bəri səlib yürüşləri ilə qırıb qurtara bilmədiyi  Türkləri indi içəridəki uşaqları, məsləki qeyri-səhihlər, qılınc artığı olan kafir toxumları vasitəsilə yer üzündən  silməyə çalışır. Bizdəki solçuluq Qərbdəki kimi sosial ədalətə yönəlmiş bir hərəkat deyil, büsbütün vətən xainliyi olaraq fəaliyyət göstərməkdədir. Bu məmləkətdə kürdçülüyü, separatizmi, ələviçiliyi, bölgəçiliyi, etnik ayrı-seçkiliyi daima sollar təşviq etmişlər. Fikrən və hissən bəsləmişlər. Bu həqiqəti Türkiyədə yaşayan ən avam adam da bilir. Separatçılar və onların əlaltıları “Çanaqqalada və İstiqlal Savaşında biz də qanımızı tökdük” demək üçün gərəkli olan tarixi bilgiyə malik deyillər. Doğrudur, onlar da vuruşmuşlar, ancaq dədələri Türk əskərini arxadan vurmaq üçün dağlara çəkilmişdi. Sarıqamış istiqamətində gedən ordumuza Fərat çayı üzərindəki yeganə körpü olan İlic körpüsündən yol verməmişlər. Türk əsgəri günlərlə dağlarda yol axtarmaq məcburiyyətində qalmışdır. Şərq və Şimal-şərq tərəflərdə lap çox şəhidlərimiz olub. Özü də onlar  Qayı, Qınıq, Peçeneq, Yürəgir, Bayat, Bəydilli, Qızıq, Avşar… kimi 24 Oğuz boyundan, yəni Türk soyundandırlar.  Bu insanlarımızın dilləri yaşadıqları yerlərdə dəyişmiş, Gürmanc və Zaza şivələrinə  dönmüşdür. Amma onlar soylarını unutmadıqları üçün vətənləri uğrunda ölə bilmişlər. Türkiyənin qərb hissəsində yaşayan, İstanbul barlarında viski qurtumlayaraq bir ayaqları daim Avropada olan separatçıların, Türk və Türkiyə düşmənliyi yapanların dədələri də eyni yolu gediblər. Kimi İngilis, kimi Fransız, kimi Amerikan sevərlər dərnəyinin üzvü olaraq Türkü arxadan vurublar.

Son günlər hazırlanan dolaşıq statistikaya baxın.  Gördüyü mənzərə qarşısında adamın az qala dili tutulur. Bu statistikada Türkiyə əhalisinin tərkibinə fikir verin:

1 – Kürdlər. . . . . . . . . . .  20.000.000

2 – Ələvilər. . . . . . . . . . . 25.000.000

3 – Çərkəzlər. . . . . . . . . .  10.000.000

4 – Gürcülər . . . . . . . . . .   5.000.000

5 – Abxazlar. . . . . . . . . . .   3.000.000

Məşhur mədəniyyət nazirlərimizdən olmuş Fikri Durmuş Sağların arayıb tapdığı (!) yerdə qalan 22 etnik qrupu da (!) bura qatsanız, Türkiyənin əhalisinin sayı artıq tamamlanar.

Bəs onda yaxşı, TÜRKLƏR HARADADIR !!!

Bəllidir ki, Yunanlı kommunist kommunist olmaqdan öncə Yunanlıdır. Kipr məsələsində “Enosis”çidir, amma Türk kommunisti birləşdirici-mərkəzçi-filan deyil, elə o da “Enosis”çidir. Nazim Hikmət Borzeski də Rusiyaya qaçdıqdan sonra  Yəhudi əsilli bir Polyak olduğunu söyləyib, bundan qürur duyduğunu açıqlamış, Türkiyəyə və Türklüyə hücumlar etmişdi.

Son illərin üzdə olan dəbi ilə Nazim H. Borzeski  adıyla şarlatanlıq etmək buna bənzər: Uşaq vaxtı kənd dükanından atama qrip dərmanı alırdım, üzərində baş, diş, boğaz, qrip üçün və s. yazılardı. Bizim solçular üçün də Nazim H.Borzeski eyni şeydir.  Başı ağrıyan, ürəyi sıxılan, işləri düz getməyən – eləcə Nazim deyir, başqa şey demir. Məqalələr yazır, tele-filmlər çəkir, seminar və toplantılar keçirir. Sabiq mədəniyyət nazirimiz Timurçin Savaş Rusiya mədəniyyət naziri Yevgeni Sidorovdan Nazimin nəşini istəmişdi, həm də “Onun yurdsevərliyi artıq mübahisə doğurmur- demişdi,- Bunu bacarsam mədəniyyət naziri olaraq Türkiyəyə çox önəmli bir xəzinə qazandırmış olacağam” – deyib də səy göstərmişdi. Hökumətin bir başqa naziri isə (Refaiddin Şahin) ustad ədası ilə çıxıb raport verərək “Nazim H.Borzeski beynəlmiləl şairdir”-deyirdi. Madam ki, Nazim beynəlmiləl şairdir, onda onu BMT-nin nəzarəti altında  neytral bir ərazidə torpağa gömmək daha düzgün olmazdımı? Türkiyə vətən xainlərinin istirahətgahıdırmı? Hətta “Türkiyə Cümhuriyyəti Nazim H. Borzeskidən üzr diləməlidir”- deyə hayqıranlar belə var. Yaxşı, axı bu Nazim Türk polisinin təqibindən dolayı deyil, özü istəyərək vətənim dediyi Rusiyaya getmişdir. Oğluna yazdığı bir mənzum məktubunda:  “Ölürəm Memet, amma qürbət ellərdə deyil, röyalarımın şəhəri bəyaz Moskvada” – deyən Nazim deyildimi? Nazim H.Borzeskini vətənsevər olaraq göstərməyə çalışmaq əqrəbin bal verdiyini sübut eləməyə çalışmaq kimi bir şeydir. O, Moskvaya və Stalinə aşiq idi. Nazim heyranları onu müdafiə etmək üçün adətən belə söyləyirlər: “O, Türk şairidir, Türkcə yazıb, Türk dilinə xidmət edib.”  Amma Nazim H.Borzeskinin Türk dilinə olan bağlılığı Türkcədən başqa dil bilməməsi səbəbindən idi. Axı, PKK-nın əli qanlı lideri də göstərişlərini Türkcə verir, partizan döyüş təlimlərini Türkcə aparır. Bunun Türkiyəyə nə faydası?…

HAŞİYƏ:    3/13401.  Resmi Qazete   № 7885

Neşir tarihi : 15.8.1951

“Pasportsuz olaraq İstanbuldan Rumıniyaya qaçan və oradan da Moskvaya gedərək hava limanındaca məmləkəti əleyhinə bəyanat vermiş,  ardıcıl olaraq radio verilişlərində     Türkiyənin hökumət quruluşu və hökuməti idarə edənlər əleyhinə geniş təbliğat kampaniyasına başlayaraq kommunizmi yaymaq məqsədi güdən nəşrləri ilə Sovet Hökumətinin tapşırıqlarını icra etməkdə olan qatı kommunist Nazim Hikmət Ranın özünə bu işlərdən əl çəkmək xüsusunda göstəriləcək təbliğatın da bir     fayda verməyəcəyi mülahizə edildiyindən,     Daxili İşlər Nazirliyinin 25.7.1951 tarixli  40 945 saylı yazısına və 1312     saylı Qanunun 10-cu maddəsinə əsasən Nazirlər Kabineti onun Türk vətəndaşlığından çıxarılması barədə 25.7.1951 tarixli Qərar qəbul etmişdir.”

Rusların digər bir uşağı olan Mustafa Sübhi vaxtilə kommunist fəaliyyəti aparmaq üçün Türkiyəyə gəlməyə çalışırdı. Atatürk isə,- “Mustafa Sübhini və yoldaşlarını yurda buraxmamaq  Yunanı dənizə tökməkdən daha həyati şərtdir,”- demişdi. 27 Yanvar 1921-ci il çərşənbə axşamı Mustafa Sübhi və yanındakı on beş yoldaşı Atatürkün əmri ilə Yəhya Qahya və arxadaşları tərəfindən öldürüldülər. Türkiyəni kommunistləşdirmək səyləri beləcə mənsubları ilə birgə Qara dənizin dərinliklərinə gömüldü.  Bu olaya  Sovetlər və Nazim H. Borzeski çox hirslənmiş və əsəbiləşmişdi. O, Atatürkə və Türk millətinə həqarətlə “28 Kanuni Sanisi” adlı şerini yazmışdı.

28 Kanuni Sanisi

Trabzondan bir motorlu qayıq çıxır

Sahildə qələbəlikdir

Qayıq dartınır

son pərdə başlanır.

Burcua Kamalın çiyninə minmiş

Kamal komandanın yanına

Komandan xidmətçinin cibinə girmiş

Xidmət adamlarının üstünə

Uluyurlar.

Hav hav hak hü.

Yoldaş unutma bunu

Burcuaziya

Nə zaman aldatsa bizi

Belə hayqırır

Hav hav hak hü.

Yüz minlərlə Krım, Qafqaz və Türküstan Türkünün qatili, insan qəssabı Stalinin ölümünə çox üzülmüş Nazim 1953-cü ilin 5 mart günü Budapeşt Radiosundan Türkcə olaraq öz səsi ilə Stalin üçün yazdığı bu mərsiyəni oxumuşdur:

5 Mart 1953

İlk öncə kim kimə,

Mətin ol qardaşım, deyəcək

İlk öncə kim kimə

Baş sağlığı verəcək?

Hamımızındı o.

Hamımızındır.

Yoldaşlarım,

Kədərinizi duyuram

Sizin duyduğunuz kimi  eynən,

Eyni şiddətlə.

Qardaşlarım,

Hönkür-hönkür ağlamaq gəlir

içimdən,

Tuturam özümü

Sizin kimi eynən,

Eyni mətanətlə.

Sevirəm onu

Marksı, Engelsi, Lenini

Sevdiyim kimi,

Sevdiyimiz kimi,

Eyni məhəbbətlə,

Enyi hörmətlə.

Nazim H. Borzeskinin Atatürkün ölümünə belə bir mərsiyəsi varmıdır? Hansı Türk böyüyü üçün belə həyəcan keçirmişdir? Onda bu Stalin aşığının məzarı Türkiyəyə gətirilərsə həmin şerləri də məzar daşına qızıl ulduzun zər boyaları ilə həkk olunmalıdır.

Atatürkə ən ağır həqarəti edən Nazim Hikmət Borzeski həmişə Lenini göylərə qaldırıb. O, Lenin haqqında şerində belə deyir:

Lenin deyirəm də, Vladimir İliç

Lenin deyirəm.

və 40 ildir onun arxasınca partiya biletimlə

gedirəm.


Qəlbimdə fərəh çıxıram

qarşısına hər səfərində,

Uludur əlçatmaz ulu,

Əlimdən tutar

Çəkər məni yuxarıya özünə doğru.

Nazim H.Borzeski bir dəfə ölmüşdür. İkinci dəfə də ölüsü Perestroyka tərəfindən dirilməmək üçün öldürülmüşdür.

Belə bir lətifə var: dünyanın o başında Kubaya recim ixrac edən Rusiya Türkiyədə heç bir şey edə bilmədiyi üçün acıqlıdır. Bu zaman Türkiyə üzrə protokol şefi Stalinə bir təklif verir. Deyir, Yoldaş, 50 min dollar xərclik verin, Türkiyəni kommunist bloka daxil edək. Stalin isə hayqırır: “Dəli, sən recimin sonunumu istəyirsən?”

Sonra əlavə edir:

-Türklərdən kommunist çıxmaz. Aralarında recimə rəğbət duyduğunu söyləyən 3-5 satqın isə bizə lazım deyil.  Onlar öz xeyirlərini güdənlərdir. Qısa  vaxtda kommunizmi də elə kökə salarlar ki, bizdə də recim iflasa uğrayar.

Deyəsən elə Stalinin ən doğru fikri bu olub.

Bu gün artıq Sovet sistemi çöküb, amma bizim solçular təzədən xilaskar donuna giriblər. Mixail Qorbaçov dünyanı gəzdi, amma daşlandığı, rədd olunduğu ölkə tək Türkiyə oldu.

Deyir, eşşəyi sürən adam ölüb gedib, amma  eşşək eşşəkliyi üzündən yükünü hələ də belində gəzdirir. Sollar dünyanın heç bir yerində bu qədər alçalmamışdır. Türk bayrağını yandıranlara, oraq-çəkicli qızıl bayraqlara bürünənlərə, dustaqxanalara hücum edib Türk polisi və Türk əsgərini öldürənlərə, “faşist ordu, güney doğudan dəf ol” – deyənlərə, “Qəhr olsun Türkiyə” – deyənlərə, “Anadolu torpağında nə qədər xalq yaşayırsa, bir o qədər də xalq cümhuriyyətləri olmalıdır” – deyənlərə  TÜRK DEMƏK MÜMKÜNDÜRMÜ?

Bu gün hər şey göz qabağındadır. Solçu təşkilatlar Türkiyə Cümhuriyyətinin başına bəla açır. TİKKO,  TKP / ML,  THKPÇ,  DEV-SOL,  DEV-YOL, DEV-GENC  kimi kommunist qurumlar Türkiyədə polis idarələrinə basqılar edir,  terror əməli törədir, məzhəb ayrılıqlarını əldə dəstəvuz edərək xalqı davamlı üsyana təhrik edir, ölkədən xaricdə  Türkiyə Cümhuriyyətinin  səfarətxanalarını, nümayəndəliklərini işğala məruz qoyur, Türkiyə əleyhinə davamlı olaraq təbliğat aparır, PKK-nın fəaliyyətinə dəstək verməyi gündəlik iş proqramına çevirir, “Mehmetciklə əl-ələ” kampaniyasına qatılaraq yardım göstərən bank şöbələrinə  basqınlar təşkil edirlər. Məqsədləri də guya “faşist” (!) ordusunun güclənməsinə mane olmaqdır… İstər siyasi hökumətlər, istərsə 12 Sentyabr hərəkatının liderləri milliyətçilərlə kommunistləri eyni tərəziyə qoyurlar. Bu isə bir həkimin həm xəstənin bədənindəki mikroblarla, həm də mikrobu yox edən dərmanlarla mübarizə aparmasına bənzər. İnsan gördüyü hər işdə səmimi olmalıdır. Hardasan, ey İstiqlal Marşı şairimiz Mehmed Akif Ərsoy! Bir gün məşhur tanrıtanımazlardan Abdulla Cevdəti bir məscidin həyətində dəstəmaz alarkən görmüş və  “A gədə, Abdulla Cevdət, sən dinsizlikdə də səmimi deyilsən”- demişdir. Dünənə qədər kapitalist, faşist deyə söydükləri Avropaya və ABŞ-a  üz tutaraq indi də “Türkiyədə insan hüquqları pozulur” -deyə şikayət edib yardım dilənmək həm gülüncdür, həm də keçmiş davalarda səmimi olmamağa ən bariz sübutdur.

Türkiyədən yetgin bir solçu çıxmamışdır. Türk solçuluğu zəfərsizdir. Ancaq Nazim H.Borzeskinin məzarını gətirərlərsə, bu onlar üçün bir qələbə  demək olacaqdır.

HAŞİYƏ:  Türk milləti Milli Mücadilə apararkən Nazim H.Borzeski  Moskvada (1921), daha sonra isə Koreyada Türk əsgərinə Moskva radiosu vasitəsilə Türkcə olaraq müraciət edib “TƏSLİM  OL, MEHMET”  deyirdi.

Bəli, “Nələr etmədik bu vətən üçün?  Kimimiz  öldük, kimimiz şer söylədik.”

Nazim H.Borzeskinin fikirlərimin atası, gözümün nuru      dediyi və ölüsünə mərsiyələr qoşduğu Firon Stalinin şəxsi göstərişi ilə Krım, Axıska, Türküstan və Qafqaz Türkləri başda olmaqla 13 milyon  insan qətlə yetirilib. Stalin üçün insanların həyatı heç bir əhəmiyyət kəsb eləmirdi. Bütün Rus kommunistləri     kimi, onun da başlıca məqsədi və amalı böyük Rus İmperiyası yaratmaqdan ibarət idi. Bununla belə 23 avqust 1939-da Hitlerlə gizlində sövdələşərək Polşanın bölünməsinə qərar vermişdi. Sıravi Kommunistlər uzun müddət bu xəyanətə inana bilmirdilər.

İnsan qəssabı, əsasən də Türk soylu insanların qatili Stalinə və Yunanıstanda güllələnmiş Yunanlı kommunistlərə “Və ürəyim hər sabah Yunanıstanda güllələnir, həkim” -  deyə ağılar qoşan Nazim H.Borzeskinin 255 min Türk övladının    şəhid olduğu Çanaqqala, Sakarya, Dumlupınar barədə nədən bir misra şeri yoxdur?

Nazim H.Borzeski böyük şair olduğu üçün deyil, kommunist olduğu üçün şişirdilmişdir. Onun can-ciyər dostu Vala Nurəddinin deyimi ilə Nazim H.Borzeski “Kommunizmin özünü də heç doğru-dürüst bilməyən bir kommunist idi.”

O, şerlərinin birində deyirdi:

24 saatda 24 saat Lenin

24 saat Marks

24 saat Engels

Yüz qram qara çörək

20 ton kitab

və 20 dəqiqə şey!

Nə günlərdi bəh-bəh-bəh

Onlar nə günlərdi ah!

Hər dəfə Nazim Hikmət haqda “böyük Türk şairi”, “dövrünün ən böyük şairi” və ya “beynəlxalq bir şair” kimi uydurma bənzətmələr deyiləndə mənim yadıma onun bu beyti düşür…

 

( “Türk Dünyası Tarih dergisi”,



Ocaq 1996, sayı: 109  )

—————————————-

Çevirəni: Akif ƏLİ,

filologiya elmləri namizədi,



yazıçı-publisist


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə