Yazıb bitirirmiş bir personajın dilindən belə yazmışdı: "Siz heç fikir vermisinizmi ki, az qala hər kəndim bir dəlisi olur?"




Yüklə 14.02 Kb.
tarix10.04.2016
ölçüsü14.02 Kb.
DƏLİLƏR
Jorj Simenon saysız hesabsız romanlarınin birində (əclaf az qala həftədəbir roman yazıb bitirirmiş) bir personajın dilindən belə yazmışdı: “Siz heç fikir vermisinizmi ki, az qala hər kəndim bir dəlisi olur?” Nə qədər təəccüblü olsa da bu, doğrudan da belədir. Əslində bu mənim diqqətimi Simenonu oxumazdan çox-çox əvvəllər cəlb etmişdi. Belə bir haqlı sual yarana bilər ki, bu əgər sənin ağlına gəlmişdisə daha Simenonun adını niyə çəkirsən? Simenonu oxuduğunu gözümüzə soxursan? Yox, əzizlərim, bununla mən özümü sığortalamaq istəyirəm. Müəllif hüquqları deyilən bir şey var, və mən istəmirəm ki, sabah gicin biri aləmə car çəksin ki, bəs, bunu səndən əvvəl filankəs demişdi. Əslində müəllif hüququ anlayışı axmaq şeydirvə mən ona nifrət edirəm. Çünki, mən o qədər də çox kitab oxumamışam, ancaq nəsə yazmaq istəyirəm. Hər dəfə əlimə qələm alıb ağlımdan keçənləri yazmaq istəyəndə bu fikir arı kimi beynimi sancır ki, “əşi, qoy qələmi yerə, bəlkə bunu səndən əvvəl yazıblar? Özünü biabır eləmək istəyirsən? Necə olur ki, sənin ağlına gələnlər Simenon kimi həftədə bir roman yazan avaraların ağlına gəlmir?” Və bu fikirlərin təsirilə qələmi masanın üstünə tullayıb qalxıram. Doğrudur, sonradan bu fikrə özümün də gülməyim tutur, ancaq daha qələmə tərəf getmirəm. Çünki, yazmaq istədiklərim yadımdan çıxır.

Siz bu sətirləri oxuya-oxuya öz-özünüzə deyə bilərsiniz ki, bu nədir, bu necə axmaq hekayədir? Yuxarıda axmaq şeylər yazdığımla razılaşsam da, deməliyəm ki, bu hekayə o qədər də axmaq hekayə deyil, çünki, hekayə hələ başlamayıb, indi başlayır. Beləliklə…

Bizim kəndin dəlisi ölmüşdü. Adı Sərdar idi. Uşaqdan böyüyə hər kəs ona dəli Sərdar deyirdi. Bütün kənd yas içində idi. Hətta kəndimizin ən hörmətli adamı öləndə belə kənd camaatı bu qədər yasa batmamışdı. Bunun səbəbi dəli Sərdarin ölməsi yox, kəndin dəlisiz qalması idi.

Onun doğrudan da dəli olub-olmadığını bilmirdim. Çünki, onunla bircə kəlmə də danışmamışdim. Qorxurdum onunla söhbət etməkdən.Amma, bəzən başqalarıyla olan söhbətlərini eşidirdim. Bir dəfə avtobusda yanındakı adamla söhbət əsnasında ona “dəlisən e-e sən” demişdi və onun bu sözünə hamı şaqqanaq çəkib gülmüşdü. Bu söhbət bir neçə ay kənd camaatının dilindən düşməmişdi.

Mən onda qeyri-adi heç nə grməmişdim. Doğrudur, bəzən evlərində, bəzən də gecələr gəlib araq içdiyi kafedə dava-dalaş salırdı, amma buna görə ona dəli demək olmazdı, çünki, bu məntiqlə kənd əhalisinin yarısı dəli sayılmalıydı. Üzünün çox vaxt saqqallı olmasına, adi vaxtlarda sakit görünüşünə, küçə ilə əllərini arxasında birləşdirib aramla yeriməsinə və gözlərinin çox uzaqlara baxmasına görə dəli elan olunmasını isə mənim məntiqim qəbul eləmirdi.

Beləliklə, özlüyümdə belə qərara gəlmişdim ki, o, əslində dəli deyil.

Bir adamın dəli olması onun özündən daha çox başqalarından aslı olan bir şeydir. Əgər bir nəfər səni dəli hesab edirsə, bu problem deyil, sən də onu dıli hesab edəcəksən və məsələ həll olunacaq. Amma iki nəfər səni dəli hesab edirsə, bu, artıq problemdir, özü də çox böyük problemdir. Çünki, artıq sən onların dəli olduqlarını deyə bilməyəcəksən, əgər desən, istər-istəməz bu, onların dediklərinin sübutu kimi səslənəcək. Bu bir həqiqətdir, bunu inkar etmək olmaz. Digər bir həqiqət isə budur ki, xaiqa dəli lazımdır, dəlisiolmayan yerdə həyat dözülməzdir. Müəyyən bir ərazidə yaşayan insan topluluğu, konkret olaraq kənd əhalisi necə ki, bir mollaya, bir ağsaqqala, bir qəbirqazana ehtiyac duyur, eləcə də bir dəliyə ehtiyac duyur və bəlkə də kənd camaatının dəliyə olan bu ehtiyacı mollaya, ağsaqqala və qəbirqazana olan ehtiyacından daha böyük olur. Çünki, dəlisi olmayan bir yerdə insanlar daima həyəcan içində olacaqlar, qarmaqarışıqlıq, qeyri-müəyyənlik və xaos vəziyyətində yaşayacaqlar. Əgər heç bir konkret dəli yoxdursa, sən necə sərbəst hərəkət edəcəksən, necə özünü dəli elan edilmə təhlükəsindən uzaqda hiss edəcəksən (çünki, sənin təsadüfən dediyin hər hansı bir sözündən, təsadüfən etdiyin hər hansı bir hərəkətindən ötrü sənə iki nəfər dəli desə sən artıq müqavimət göstərə bilməyəcəksən)? Əgər heç bir konkret dəli yoxdursa, sən necə sübut edəcəksən ki, sən ağıllısan, sən dəli deyilsən? Ona görə də hər bir kəndin özünə bir dəli seçməsi vazkeçilməz bir şeydir.

Sərdarın ölümündən sonra kənddə sanki bir boşluq yaranmışdı. Elə bir boşluq ki, bundan hər kəs qorxuya düşmüşdü. Amma ən çox qorxuya düşən mən idim, bu hadisə ən çox mənim içimə vəlvələ salmışdı. Hər halda mənə belə gəlirdi. Məsələ onda idi ki, son vaxtlar kənddə məni o qədər də normal adam hesab etmirdilər. Əslində kənd camaatı ilə çox elə ünsiyyətdə olmurdum, söhbət etdiyim, görüşdüyüm adamlar üç-dörd nəfər köhnə dost-tanış idi ki, onlarla da təsadüfən görüşürdük və getdikcə bu görüşlərin sayı və vaxtı azlırdı. Evdən bayıra isə zəruri hallarda çıxırıdım: ya dükandan siqaret almağa gedirdim, ya kitabxanadan kitab götürməyə, ya da çayın kənarında gəzişməyə, yaxud da oturub kitab oxumağa. Həmişə də adamların dərin mənalı baxışlarını öz üzərimdə hiss edirdim. Bu baxışlarda maraqdan çox kinayə vardı. Yəqin ki, bir-birlərinə deyirdilər: -”Buna bax ey, eşşək boyda adamdı, hərəkətlərini görürsən də?! Təzə gəlinlər kimi evdən bayıra çıxmır, çıxanda da çayın kənarında oturub kitab oxuyur”. Bu baxışlarda, bir-birlərinə söylədikləri bu sözlərdə həm də şübhə vardı, tam qətiyyət yox idi, yəni, konkret olaraq “bu dəlidir” deyə fikirləşmirdilər, çünki, onda hələ Sərdar ölməmişdi və bir kənddə iki dəlinin olması o kənd üçün o qədər də ürəkaçan bir hadisə deyidi. Ancaq Sərdarın ölümüylə sanki bu şübhələr də öldü və mən indi boş qalmış “kəndin dəlisi” fəxri adına ən real və yeganə namizəd idim. Beləliklə Sərdar öləndən sonra, elə o torpağa basdırılan kimi kəndin dəlisi mən oldum. Bunu mənə heç kim söyləmədi, hətta buna işarə də edən olmadı, buna heç gərək də yox idi, çünki, özüm hər şeyi anlamışdım. Müqavimət göstərməyə cəhd belə etmədim. Bilirdim ki, mənasızdı. Hətta, demək olar ki, məmnuniyyətlə bu adı qəbul etdim. Və qərara aldım ki, fürsət düşən kimi bu kəndi tərk edim.

Bu əlamətdar hadisədən bir neçə həftə sonra həyətimizdə oturub siqaret çəkəndə qonşumuz Taleh kişinin arvadının səsini eşitdim:

-Ədə, neynirsən orda?

-Talehin adını yazıram. –bunu isə deyən həmin bu Talehin kiçik qardaşının səkkiz yaşlı oğlu idi.

-Sən lap Sərdardan betər imişsən ki?!



Bu dialoq mənə həddindən artıq maraqlı gəldi və çəpərdən boylanıb baxanda nə görsəm yaxşıdı? Həmin bu uşaq əmisigilin həyətinin ortasında işəyə-işəyə sidiyi ilə əmisinin adını yazır. İçimə qəribə bir fərəh doldu. Birdən qaçıb o uşağın, gənc və perspektivli xələfimin alnından öpmək istədim. Ancaq, utandım…

07.03.2008


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə