Yaraşıqlı Qapqan (Tələ)




Yüklə 21.53 Kb.
tarix26.02.2016
ölçüsü21.53 Kb.
Yaraşıqlı Qapqan (Tələ)
Araz Gündüz
Günüzü açılınca, qadın güzgünün önündə oturub, özündən qat-qat gözəl olan başqa bir qadının şəklini çəkməyə başlamışdı, özcə üzündə. Qaşlarını qələm kimi; kipriklərini sıx, uzun; gözlıərini ceyran gözləri kimi iri, yanaqlarını al, dodaqlarını ətli, qırmızı çəkmişdi. Üzünün qırışlarını boynuna sarı sürüşdürüb, yaylıqla bərk-bərk bağlayıb gizlətmişdi, sallaq döşlərini gözə girsin deyə qaldırıb—dikəldib, çiyinlərinə bağlamışdı.

Tanrının yaratdığını, öz yaratdığı suyumla* ört-basdır edən qadın, qalxıb bayıra çıxdı, istəyirdi ki, ona dikilib: döşünə-başına sancılan, üzünün suymunu qaşıyıb tökən, bütün gövdəsini dolaşıb yarar axtaran—kişi baxışlarından barı bircəsini ilişdirib, saxlaya bilsin. Bu onun par-par yanan ac gözlərinin bugünkü uğurlu ovu olacaqdı...

Qadın bilmirdi ki, lap bu yaxınlarda illər uzunu onu axtarmaqdan bezib-yorulmuş bir mələk göyə, Tanrının yanına qayıdıb demişdi: Uğurunu açmağı tapşırdığın qadını tapa bilmədim ki, bilmədim, qırımından ona oxşayan biri vardı, ancaq suyumundan oxşada bilmədim. Çox ola bilsin indi O, ya yapma üz qoyub(plastik əməliyyat), ya da çadrada gəzib, üzünü gizləyir deyə, ha axtardım-aradım gözümə dəymədi...

* Suyum--əski türkcədə görkəm, yaraşıq anlamlarını bildirir.



3-4 avqust 2010-cu il.
Keçmişimə gülməyimə nə yazıq.

Dərs otağına girib sinif jurnalını açdım, öyrəncilərin adını oxumağa başladım...


- Şeti Bayram oğlu – deyib duruxdum, bu nə bayağı addır, deyə bir anlıq düşündüm, sonra ayaq üstə dayanıb, mənim “otur” deməyimi gözləyən yeniyetməyə baxdım. Yoxsul geyinmiş, durumdan sıxıldığı duyulan oğlan uşağı idi. “Otur” – dedim, ancaq adların ardını oxumayıb jurnalı qapadım. Öyrəncəm(adətim) üzrə otaqda var-gəl edib düşüncələrə daldım: ”Bu nə düşük addır belə qoyublar uşağa, bizim içimizdəki bu anlamazlıqlar haçağacan sürəcək? İndi bu yazıq uşaq ömrü boyu adından utana-utana yaşayacaq!” Birdən yadıma düşdü ki, bizim ilçədə(rayonda) Şötüylü deyilən bir kənd də var axı. Bir də yadıma qonşumuz İspar düşdü, yazığın adını başına qaxınc eləmişdilər, az-maz rusca bilənlər ona “ispor” yəni “sözgüləşdirməsi” də deyirdilər, bir az oxumuşlar “spor”(göbələkdə olan), lap utanmazları da vardı ki, ona(üzünə yox, arxasınca) “sperma” deyirdilər...

Bax beləcə, mənim aradabir sözlərə vas-vası yanaşıb qanımı qaraltmağım da olurdu, neynim ki, bu özümdən asılı deyildi. İlk gəncliyimdə eşidib, uzun iliər boyunca anlaya bilmədiyim bir söz də vardı:”sinə daşı”... Hamınızın özündən, içkinlərindən iraq, ölü basdırma törənində eşitmişdim bu sözü. Ölən adamı qəbirə quylayıb üstünü torpaqlayır, qəbirin torpaqla dolmasına az qalmış: hə indi də sinə daşını qoyun deyib, qəbrin baş ucuna ya böyük bir daşı, daş tapılmayanda iri bir taxta parçasını qoyub yerini bərkidir, sonra qəbri torpaqla doldururdular. Mən isə düşünürdüm ki, axı ölənin başı üstdən qoyulan bu daşa niyə “sinə daşı” deyirlər görəsən?! Soruşmağa utanırdım, özüm də baş çatladıb bir yana çıxara bilmirdim.

Aylar-illər ötüşdü, gün o gün oldu ki, iyrənc sovet quruluşu dağıldı, türk varlığımızı duymağa qoyulmuş yasaqlar aradan getdi, Türk tarixini açıqlayan kitablar üzə çıxdı. Nə başınızı ağrıdım, indi oxuyub görürəm ki, az qala iki min il bundan qabaq Şeti xaqan varmış, Işbara xaqan(İspar adı ondan yaranıb) varmış, bunlar böyük Türk xaqanları imişlər! Sən demə lağa qoyub güldüyümüz bu adların o çağkı yiyələrinin önündə Türkün yağıları tir-tir əsirmiş, baş əyib aman diləyirmişlər...

Qaldı ki “sinə daşı”, sən demə bu söz əski türklərdə “sin daşı”, yəni qəbir daşı anlamında işlənirmiş: Şeti xaqanın sin daşı, Işbara Şunişi xaqanın sin daşı h. b. k.(habelə bunun kimi, yəni və sairə). Yediyim canıma sindi demək, yediyim gödənimə düşdü--endi demək; Sinə-sinə gəlir demək, aşağı əyilib-gizlənib gəlir deməkmiş...

Nə yazıq ki, indi öyrəncim olmuş Şetinin haralarda olduğunu bilmirəm, onu tapsam deyərdim ki, oğlum, yetər adından utandığın, öyün ki, sənin adın Azərbaycan türkünün soyunu-kökünü, yaşını öyrənməyə yarayır. İşdir birdən Şeti qarşınıza çıxsa, mənim bu sözlərimi ona yetirin barı.

Adı anılası(yəni rəhmətlik) qonşumuz İspar isə çoxdan ölüb, oğlanları sağ olsunlar, sininin üstünə adına yaraşan bir sin daşı yondurub qoyublar...



3-4 avqust 2010-cu il.


Bir keçmiş arxadaşıma məktub.

(qısaldılmışdır)

Sənin evinə dincliklər, sağlıqlar diləyirəm!
Deyirəm, bu internet nə gözəl qurğudur, baxma ki, bunu yaradan tapınmazlardır(kafirlərdir). Gör neçə illərdir səni görmürəm, sorağını ala bilmirəm, ancaq o günləri bu şeytan qurğusunda sənin elektron adresini tapdım, düşündüm ki, sənə bir ismarış yollayım.

…Deyəsən axı biz arxadaşların hamısından zirəyi sən oldun, birimiz alim, o birimiz müəllim, başqası nə bilim həkim oldu, sən isə dediyini elədin, demişdin lap böyük molla olacağam, oldun da. Ancaq öz aramızdır, orta məktəbdə hamımızdan pis sən oxuyurdun ha!

...Mənim durumumu bilmək istəsən, mən indi Rusiyada yaşayıram, o yerdə ki, qabaqlar qolumuza qandal vurub sürgünə göndərərdilər, ancaq boynuma alıram ki, mən bura könüllü gəlmişəm. Bax elə buradan başlayaq ki, mən uçmaq (cənnət) kimi gözəl olan yurdumu atıb niyə bu özgə ölkəyə gəlmişəm. Axı Azərbaycan Respublikasının prezidenti deyilən adamın sözlərinə inansaq, bu gün bizim ölkəmiz tayı-oxşarı olmayan bir yerdir, yabançı ölkələrdən bura işləməyə gələn saysız insanlar var, mənimsə sünni damarım tutub, Tanrıma təpik atıram. Yoxsa bu da mənim oruc-namaza qol qoymayıb, Tanrının gözəl uçmağından əl çəkməyim kimi bir çaşqınlıqdır? O uçmaq ki, yemək-içmək, əyin-baş korluğu yox, üzü açılmamış hurilər də ki sənin yatağına girməyə sıra gözləyir. Niyə mən bunlardan əl çəkirəm, özüm də anlaya bilmirəm, yəni adama bunlardan başqa da nə isə gərəkdir? Sözün düzü bu işimdən özüm də baş aça bilmirəm, ona görə də sənə də baş ağrısı vermək istəmirəm, gəl bu konunu qoyaq bir qırağa.

Bu yaxınlarda sənə görə az qala qan tökəcəkdim, ancaq yaxşı qurtardım. Burda bir balaca bağ var, aradabir ora gedib, oturub dincəlirəm. İki ayın sözüdür, oturmuşam bağda bir oturacaqda, kölgələnirəm, sərinlənirəm; Bir də görəm ki, ayaq üstə güclə dayanan kəprəm bir qoca, əlindəki çəliyinə söykənib, gözlərini zilləyib üzümə. Kişi onu baxdığımı görüncə dilləndi:


– Sağlam olasan, oğlum, inciməsən bir söz soruşardım səndən.
– Siz də sağlam olun, əmi, buyurun soruşun.
– Siz bilirsiniz ki, ünlü futbolçu Valeri Qzzayevə oşayırsınız?
– Hə bilirəm—deyə, könülsüzcə, dilucu dilləndim.
Doğrusu, birinci dönə deyildi ki, məndən bunu soruşurdular, düzü bu Qazzayevə oxşamağım mənim üçün önəmli deyildi də, hələ bir az acığıma da gəlirdi; düşünürdüm ki, nə olsun, ona oxşamaqla nə onun pulundan mənim cibimə girir, nə də ad-sanından mənə pay düşür.

Kişi yaxınlaşıb oturacaqda məndən bir az aralı oturub dilləndi:


– Deyəsən rus deyilsən?
– Yox, azərbaycan türküyəm.
– Mən keçən yüzilin 80-ci illərində sizin Bakıda, KQB-də işləmişəm, çox gözəl yerlərdir. – Birdən sənin adını çəkib, soruşdu: Onu tanıyırsan?
– Tanıyıram, necə ki?
– O da bizə çuğulluq edərdi, yaxşı işverən idi.

Burda mən elə acıqlandım ki, ayağa durub bu adamı bıçaqlayıb öldürmək istədim, əlimi cibimə atanda gördüm ki, bıçağım evdə qalıb, ona dişimin dibindən çıxanı deyib çıxıb getdim. İndi birdən bıçağımı evdə unutmayam, kim bilir hansı qazamatda çürüyürdüm.

Deyirəm, burdakı dinlə, dinçiliklə bağlı olaylardan danışsam, sənin ürəyincə olar. Buranın çox sayılıb-seçilən bir baş keşişi var, adına Bütün Rusiyanın Mitropoliti Kirill deyirlər. Boynuma alım ki, bu adam televizorda danışanda, əlimdə yağım belə daşsa, buraxıb ona qulaq asıram. Birincisi, bu adam iki-üç özgə dil bilsə də danışanda ancaq rusca danışır, barı bircə yol belə görməmişəm ki, O, başqa dildə nə isə anlaşılmaz sözlər danışıb, sonra başlasın dilmaclıq eləməyə, nə danışırsa hamısını öz döşündən deyir.(Unutdum sənə deyəm ki, bu rusların dini kitabları öz ana dillərindədir). İkincisi, öz doğma yurdunu belə vurğunluqla sevən adam tək-tük olar; Kirill ki, başladı danışmağa, sözünün başlanğıcı da anamız Rusiya, sonu da elə bu! İnanmazsan, bunun danışığından belə çıxır ki, pravoslavlıq ona görə düzgün inamdır ki, o, Rusiyanın sınırlarının pozulmasının qarşısını alıb, rus millətinin öz varlığını qoruyub saxlamasına, irəliləyib sivilizasiyaya qoşulmasına yardımçı olub, xalqın ağrısını-acısını bölüşüb, ha belə bunun kimi. Üçüncüsü, bu adam Tanrının ver günü xalqın içindədir, bu gün görürsən gənclərlə görüşür, o biri gün siyasətçilərlə oturub siyasətdən danışır, başqa bir gün bilim adamları ilə oturub onlarla elə danışır ki, deyirsən elə bu da bir bilimçidir ki, var. Tanrı göstərməsin, Rusiyanın bir yerində ya daşqın ola, ya yanğın ola, ya da yer tərpənə, görürsən ki, hökümətdən qabaq Kirill ordadır. Deyəsən axı bu Kirillin sözü çox uzandı, birini də deyib qurtarıram: Özü də bu Kirill deyəsən çox saymazyana adamdır, görürsən saatlarnan danışır, nə prezidentin adını çəkir, nə onun xanımına xıtılanır. Bu hələ harasıdır, ən azından ayda bir yol olan pravoslav bayramlarında Rusiyanın ucdantutma bütün hökümət adamları Kirillin ayağına gəlib bayram törəninə qatılırlar. Ən gülməlisi isə odur ki, başda prezidentin xanımı olmaqla, bütün qadınlar topuqlarına kimi uzanan don geyinib, başlarına da qanacaqnan yaylıq bağlayıb, sonra gəlirlər bu Kirillin qulluğuna. Necə ki, unutmamışam soruşum, hökümət adamlarından sizin yanınıza gəlb-gedən olurmu?

İndi bu sözlərimə görə düşünməyəsən ki, arxadaşım gedib özgələrin etkisinə düşüb, yanlışa qapılıb. Aman, aman ki, yox! Adı anılası(yəni rəhmətlik) Sabir demişkən:”Yox yeni bir dinə yəqinim mənim, köhnə müsəlmanam...”



...Di, sağlıqla qal, Ulu Tanrının sayqısı, verimi üstündən əskik olmasın!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə