Yağız qarışqalar




Yüklə 0.53 Mb.
səhifə1/6
tarix14.04.2016
ölçüsü0.53 Mb.
  1   2   3   4   5   6
Güntay Gəncalp
Yağız qarışqalar

Oğlumla ormanlıqda gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən oğlum “Ata, bu nədir?” deyə sordu. “O, qarışqadır oğlum. Ana dilimizdə ona qarışqa deyirik” dedim. Gecələr yatdığımızda qarışqalar haqqında ona nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim nağıl böyüyüb kiçik bir roman oldu.



Alpərənliyin yeddi quralı: 1- Dözgə. 2- Ərgə. 3- Sezgə. 4- Bilgə. 5- Birgə. 6- Sevgə. 7- Çözgə.

Biri var idi, biri yox idi. Biri az idi, biri çox idi. Biri ac idi, biri tox idi. Limli adında bir qarışqalar ölkəsi var idi. Limli ölkəsində boyuz qarışqalarla yağız* qarışqalar bir yerdə yaşayırdılar. Limli ölkəsini boyuz qarışqaların seçkinləri yönətməkdəydilər. Min il yağız qarışqalar Limli ölkəsini yönətmişdilər. Yağızlar Limli ölkəsini yönətdikləri zaman boyuzların yaşam biçiminə toxunmamışdılar. Onlar öz dillərində danışır, öz dillərində şərqilər söyləyir, öz musiqiləri ilə rəqs edirdilər. Ancaq necə olmuşdusa, yönətim əl dəyişdirərək, boyuz qarışqaların əlinə keçmişdi. Boyuz qarışqalar yönətimi ələ keçirdikdən sonra yağız qarışqalara özgü1 dəyərləri yasaqladılar. Boyuzlar yağızların şəhərlərini sömürür, öz şəhərlərinə daşıyırdılar. Yağız qarışqaların anbarları qışın sərt günlərində boş qaldığından boyuz qarışqaların xidmətçilərinə çevrilirdilər. Zaman keçdikcə öz dillərini unudub boyuzların dilində danışırdılar. Yağız qarışqalar gecə-gündüz boyuz qarışqaların anbarına taxıl daşıyırdılar. Həm də sürəkli olaraq uyğun olmayan sözlərlə aşağılanırdılar. Yağız qarışqaların düşüncə və davranışları get-gedə boyuzlaşırdı.

Yağızların içində oğlu ilə bir yerdə yaşayan bir ana var idi. Ana yağızın Ülgən adında bir oğlu var idi. Ana yağız oğlu Ülgəni də yanına alıb yuvadan çıxıb yem daşımağa gedərdi. Ancaq ana qarışqa çox səssiz idi. Kimsə ilə danışmadan oğluna göz-qulaq olaraq, yağız qarışqalarla bir yerdə boyuzların anbarına arpa-buğda, ya da başqa yeyəcək daşıyardı. Yağız qarışqalar yorulduqlarında boyuzların saldırılarına uğrardılar. Boyuzlar yorğun yağızları yorulmadan çalışmağa zorlardılar. Boyuzların taxıl anbarları dolub-daşardı.

Bir gün yanında balaca Ülgənlə ana yağız yük daşımaqda idi. Balaca Ülgən ilk kəz2 olaraq üzərinə bir buğda parçası almış anası ilə bir yerdə yuvaya doğru gedirdi. Qarışqalar ölkəsi Limlinin arxasında Qəcəl adında bir uçurum var idi. Qəcəl uçurumundan keçərkən Ülgənin ayaqları sürüşdü. Ana yağız üzərindəki yükünü buraxıb oğlu Ülgənin yardımına qoşdu. Ülgəni boynuna alıb uçurumdan keçməsinə yardımçı oldu. Limlinin arxasındakı Qəcəl uçurumunu keçdikdən sonra yağız ana oğlu Ülgəni qarışqalar yoluna buraxdı. Bu zaman boyuz qarışqalardan üçü ana yağızın üzərinə gəlib ”Hanı sənin yükün?” deyə bağırdılar. Ana yağız ”oğlum Ülgən, Qəcəl uçurumundan devriləcəkdi az qala... Yükümü buraxıb ona yardım etmək zorunda qaldım” dedi. Boyuz qarışqalar ana qarışqanın üstünə bağıraraq ”xərçə!” deyib aşağıladılar. ”Xərçə” ən aşağılayıcı söyüş idi. Ana yağız başını aşağı saldı. Heç bir söz söyləmədi. Birdən gözləri oğlu Ülgənə sataşdı. Ülgən ilk kəz idi anasının aşağılandığını görürdü. Üzərindəki yükü yerə buraxıb boyuz qarışqalara qarşı yürüyərək ”Siz nədən mənim anamın üstünə bağırdınız, aşağıladınız?” dedi.

Boyuzlardan biri: Sənin anan tənbəlin biridir. Bütün qarışqalar yük daşımaqda ikən, sənin anan başıboş dolaşmaqdadır ortalıqda, hanı bunun yükü?

Ülgən: Ancaq anam uçurumdan keçmək üçün mənə yardımçı oldu. O, olmasaydı, mən Qəcəl uçurumundan dərəyə yuvarlanacaqdım.

İkinci boyuz: Bax balaca yağız, sənin dərəyə yuvarlanıb-yuvarlanmamağının heç bir önəmi yoxdur. Önəmli olan anbarları yeməklə doldurmaqdır.

Ülgən: Sizin üçün önəmsiz ola bilər. Ancaq mənim sağlığım anam üçün çox önəmlidir. Nəyin önəmli olub-olmayacağını yağızlara sizmi bəlli edirsiniz?

Ana yağız: Oğlum Ülgən, gəl gedək...

Üçüncü boyuz: Dur bir. Balaca yağız, sən başından, boyundan böyük sözlər danışırsan. Əlbəttə ki, nəyin önəmli olub-olmadığını biz bəlli edirik.

Ülgən: Siz bəlli edə bilməzsiniz. Sizin bu davranışınız sayqısızlıqdır.

Birinci boyuz: İndi sənə göstərərik sayqısızlığın nə olduğunu.

Ana yağız səsini yüksəldərək: Ülgən, gəl gedək, yetər artıq, — üzünü boyuzlara tutub və sanki yalvararcasına— o, bir çocuqdur. Nələr olduğunu bilmir.

İkinci boyuz: Nələr olduğunu bilmirsə, anladarıq bilər.

Ana yağız oğlunu arxasında gizlətməyə çalışaraq ”Balama toxunmayın!” dedi.

Üçüncü boyuz əlindəki çırtdıq kötüyü sopa ilə ana yağızın təpəsinə bir zərbə endirdi. Ana yağızın başından qan fışqırdı. Bədəni titrəməyə başladı. Ülgən anasını tutmaq istərkən, boyuzlar əllərindəki çırtdıq kötüyü sopaları ilə ona da saldırdılar. Ülgənlə anasını acımasızca döyüb uzaqlaşdılar. Ülgənin bədəni yaralanmışdı. Ancaq ağrı hiss etmirdi. Gözlərinin önündə anasının döyülüb aşağılanmasını içinə sindirə bilmirdi. Ülgən çox aşağılanmışdı. O an ölüb yerə girmək istəyirdi. Anasının üzünə axmış qanı sildi. Heç bir şey söyləmirdi. Anası da susqun idi. Limlinin batısında Qaravul təpəsinin arxasında günəş batmaq üzrə idi. Ana-bala aşağılanmış ruh halları ilə yerin altındakı yuvalarına doğru susqunca yürüdülər.

Gecə yarısı idi. Bütün qarışqalar yatmışdı. Yağızlar da yorğunca yatmışdılar. Qarışqalar ölkəsi Limlinin meydanlarında boyuz gözətçilər dolaşırdı. Ana-bala ağrıdan yata bilmirdilər. Ülgən anasının yanında uzanıb fikrə dalmışdı. Səssizcə anasının qulağına ”Ana, mənim atam kimdir? Atam hardadır?” deyə pıçıldadı. Anası eşitsə də, özünü eşitməzliyə vurdu. Ülgən səsini yüksəldib ”Ana, səndən atamın kim olduğunu sordum. Nədən bizi savunmasız buraxmış?” dedi. Yenə də anasından bir cavab gəlmədi. Ülgən yerindən qalxıb ”Ana, mənim sorularımı cavablamazsan, özümü öldürəcəyəm. Mənim atam kimdir? Mənim kimliyim haqqında danış!” dedi.

Ana yağız diksinərək qalxıb yerində oturdu. Oğlunun boynuna sarılıb ”Ülgənim, özünü niyə öldürürsən? Mən gerçəkləri gec-tez sənə deyəcəkdim. Düşünürdüm ki, zamanı gəlməlidir. Sənin öz atanı tanıman haqqındır. Necə namuslu bir yağızın oğlu olduğunu bilmən sənin haqqındır oğlum” dedi.

Ülgən: İndi tam zamanıdır. Söylə ana can, söylə! Kimdir mənim atam? Nədən aramızda deyil? Nədən bizi boyuzlar qarşısında savunmasız buraxmış? Hardadır?

Ana yağız: Yaxın gəl, qulağına söyləməliyəm bunları. Boyuzlar duymasınlar. Yaxın gəl oğlum, atanın kim olduğunu bilmə zamanın gəlmişdir demək.

Ana yağız Ülgəni bağrına basıb yaralarını oxşayaraq, atası haqqında gündoğana qədər böylə danışdı:

Sevgili oğlum, sənin atan çox namuslu yağızdır. Atanın adı Bilaydır. Atan, yağızlar tarixində olan alpərənlərdən biridir. Alpərənlik yağız törəsində bir çox özəllikləri özündə barındırmaqdadır. Bilgəlik, ərənlik və doğruluq yolunda savaşçılıq kimi üstün əxlaq özəllikləri alpərənlərə özgüdür. Sənin atan da bir alpərən. Limlidə qarışqalar arasında barış var idi. Boyuzlarla yağızlar barış içində dostca yaşardılar. O dönəmdə ölkənin yönətimi yağızların əlində idi. Nə olduysa, Limlinin yönətimi yağızlardan boyuzlara keçdi. Boyuzlar yağızlara özgü nə varsa, hamısını yox etməyə başladılar. Əskilərdən qalma bütün yazıtlarımızı, uyqarlıqlarımızı sildilər. Atan Bilay da yağızların alpərən savaşçısı idi. Özəlliklə alpərənləri təkləyib orda-burda öldürürdülər. Onlarca alpərən yağızın cəsədləri Limlinin Genbaca, Qoşabaca, İşıqçıxmaz, Başbaca, Sulubaca kimi örüşlərində tapıldı. Atanın çox yaxın dostlarını öldürmüşdülər. Yağızların da düşüncəsini, duyğularını dəyişik yöntəmlərlə boyuzlaşdırırdılar. Bütün alpərən yağızlar gözətim altına alınmışdı. Atanı da gözətləyirdilər. O zaman mən sənə gəbə3 idim. Atan “Balamızın kölələr kimi böyüməsini istəmirəm” deyirdi. Bir gecə atan mənə “Biz yenildik. Bütün alpərən yağızları təkləyib öldürdülər. Bunlar məni də öldürəcəklər. Alpərən yağızlar öldürüldükçə, yağızların tarix bilinci də yox olacaq. Mən Limlidən qaçmaq istəyirəm. İdəli ölkəsi ilə Limli arasında Çərənbil adında bir dağ var. Orda gedib yaşayacağam. Oğlum dünyaya gəlib böyüdüyündə mənim orda yaşadığımı ona söylərsən. Boyuzların aşağılamalarına uğradığında məni axtarıb tapsın. Təkbaşıma savaşsam da yeniləcəyəm. Yağızların qurtuluş düşüncəsi olan alpərənlik, soyumuzdan silinsə, boyuzlaşıb yox olacağıq. Çərənbil dağında alpərənlik düşüncəsini yaşadacağam. Yağız gənclərin gəlib məni arayıb tabacaqlarına əminəm. Oğlumuz olduğunda adını Ülgən qoy. Əski yağız törəsində ülgən qutsal ad olmuş. Ulu Tanrının adlarından biri olmuş. Ülgən böyüdüyündə yağızların tarixdən silinməsini önləmək üçün böyük savaşa qatılmalıdır. Ülgənə söylərsən atan böylə istəmişdi. Böylə olmazsa, atalıq haqqımı ona bağışlamaram söylədi atan” dedi.

Ülgən anasının qoynuna girmiş, anasının pıçıldayaraq söylədiklərini diqqətlə dinləyirdi. Dinlədikçə, içində sanki ildırımlar çaxırdı. Böylə atasının olduğunu öyrəndikçə, içində qürur duyğuları dalğalanırdı. Gənc Ülgənin, sanki dili tutulmuşdu. Öyrənməsi gərəkən nə qədər bilgilər var imiş. Atasını görmə istəyi içini yaxırdı. Yaralarının ağrılarını unutmuşdu. Atası haqqında daha da geniş bilgi öyrənmək istəyirdi. Anasının boynuna sarılıb qulağına “Ana, atamdan danış. Sonra nə oldu?” dedi.

Ana da oğlu Ülgənə atası Bilay haqda danışmaq istəyirdi. Sanki ananın içindən bir səs “Oğluna atasını anlat!” deyirdi. Bu üzdən də ana, Ülgənin atası haqda dərin ilgi ilə danışırdı. Ana davam etdi: Atan bilirdi gec-tez onu da tutuqlayıb öldürəcəklər. Çünkü boyuzlar yağızların tarixi anılarını bilən bütün aydın alpərənləri öldürməyi ağıllarına taxmışdılar. Atan savaşçı alpərənliyini buraxıb boyuzlara yük daşıyan kölə ola bilməzdi. Buna onun alpərənlik bilinci və ərdəmi4 izn verməzdi. Bu üzdən də Limlidən uzaqlaşıb daha uzaqlarda yaşamaq istəyirdi. Ancaq Limlidən necə uzaqlaşacağını bilmirdi. Çünkü bütün yolları boyuzlar gözətməkdəydilər. Alpərənlik törələrini bilən yağızları gözətirdilər. Boyuzların Başalan adında başçıları alpərən yağızların öldürülməsinə buyuruq vermişdi. Bir çox yağızın başını qopardığından dolayı ona “başalan” ləqəbi taxılmış. İndi də Başalan alpərənlərin oğullarını, torunlarını öldürməkdə. Boyuzlar düşünürlər ki, alpərənlik anısı yağızlarda yenidən baş qaldıra bilər. Ona görə də alpərən soyundan olanları gözətim altında saxlamağa çalışırlar. Bu üzdən də gözəl oğlum sənin də yaşamın təhlükə altında.

Ülgən: Ana, atamdan danış, daha çox danış.

Ana: Əvət oğlum, atan bir gecə Limlidən uzaqlaşmağa qərar verdi. Qılıcını alıb səssizcə, qaranlıqdan yararlanaraq yuvadan çıxdı. Limlinin doğusunda Bayquşyuvası adında qorxunc bir dərə var. Atan Bayquşyuvasına çatdığında ay doğmuş. Aydınlıqda boyuz gözətçilər atanı görmüşlər.

Ana qarışqa köks ötürüb bir az susdu. Səbirsizliklə olayların axışını bilmək istəyən Ülgən “Söylə, daha nə oldu, anlat ana can, anlat. Atamın başına Bayquşyuvasında nələr gəldi?” dedi.

Ana: Bayquşyuvasında boyuzlar atana “Yağız Bilay, qılıcını burax təslim ol!” demişlər. Atan da “alpərən yağızlar təslim olmazlar. Gücünüz yetərsə, gəlin təslim alın” demiş. Boyuzlar atana saldırmışlar. Atan böyük savaşların uğurlu başçısı olmuşdu uzun zamanlar. Bayquşyuvasında savaş başlamış. Boyuzlar atana saldırmışlar. Atan üç gün üç gecə boyuzlarla savaşmış. Limlinin ortasında Başalan boyuzları toplayıb onları atanla savaşa göndərdi. Limlidə olağanüstü5 durum oluşdurmuşdular. Bayquşyuvasından qılıc səsləri Limlidə eşidilirdi. Yağızların alpərənlik inancında boyuz bilə olsa, qarışqa öldürmək doğru deyildir. Ona görə də atan, yalnız boyuzları yaralayır, onların qılıc və süngülərini vurub salırmış. Yüzlərcə yaralı boyuzu Limlinin orta yuvalarına daşıyırdılar. Yaralananlardan ölənlər də olurdu. Limlidən Bayquşyuvasına boyuz əsgərlər aparılırdı. Bayquşyuvasında savaşın üçüncü günündə atanın arxa ayağını yaralayırlar. Alpərənlik savunmasında, yalnız ölümünü önləmək6 üçün qarışqa öldürmək olar. Atan bu dəfə boyuzlarla ölüm-dirim savaşına girir. Yaralanmış atan boyuzlardan yüzlərcəsini öldürür. Ancaq atanın yarasından qan axdıqca gücsüzləşirmiş. Üçüncü günün son idi. Gün Limlinin Qaravul təpələrinin arxasında batmaq üzrə ikən, Doğudan da qara buludlar göylərdə yayılırdı. Qorxunc ildırımlar çaxdı. Bayquşyuvasında savaş davam edirdi. Ancaq ildırımların şaqqıltısı qılıc səslərinin eşidilməsini önləmişdi. Sərt yağmur yağmağa başladı. Limlinin hər tərəfində qarışqalar yuvalarına soxuldular. Bayquşyuvasındakı savaş da durmuşdu. Daha sonra nə olduğunu bilmirəm. Atan bu yağmur tufanından yararlanaraq, ortadan çıxıb Çərənbil qayasına getmiş. Mən böylə duydum. Necə çıxması, Çərənbil qayasına yaralı oalaraq, necə çatması ilə bağlı bilgim yoxdur. İndi atan orda yalnız yaşayır. Deyilənə görə sarıtikanlardan qutsal qılıclar düzəldirmiş. Boyuzların da tək qorxduqları atandır. Çünkü alpərənlik törəsinin nə olduğunu ən doğru bilən odur. Bax böylə bir kişidir sənin atan Ülgənim.

Ana, Ülgənin atası haqda gərəkən bilgiləri oğluna vermişdi. Ülgən sabaha qədər yata bilmədi. Gözləri qaranlıqda parlayan Ülgən sürəkli Çərənbil qayasında yalnızbaşına yaşayan atasını düşünürdü.
***
Aylar keçdi. Ülgən atası haqda başqa bilgilər də öyrəndi anasından. Ülgən bir gənc yağız olmuşdu. Boyuzlar yağız gəncləri çalışdırır, ağır yük daşıtdırırdılar. Ülgən isə, yük daşıya-daşıya Limlidən qaçmanın bir yolunu axtarırdı. Limlidən qaçmağı usuna7 taxmışdı. Bütün gözətimlərə baxmayaraq, güvəndiyi yaxın yağız gənclərlə danışıb Limlidən ayrılma haqqında danışırdı. “Yağızları Gözətim Qurumu”nun başqanı Asar adında boyuz idi. Asar, gənc Ülgənin gözətimi üçün özəl tapşırıqlar vermişdi. Ülgən gözətim altında olduğunu bilirdi. Ancaq durum gərginləşdikçə, yağızlar üzərinə basqı artdıqca yağız gənclərin arasında dirəniş duyğusu oyanmaqda idi. Havalar qarışıb ildırımlar çaxdığında boyuzların gözətimi çətinləşirdi. Bu zaman Ülgən gənc yağızlarla Limlidən qaçıb Çərənbil dağına varmaları haqda danışır, yağızları qurtamaq üçün alpərənlik törəsini atası Bilaydan öyrənmə düşüncəsini onlarla paylaşırdı.

Bir gün qarışqalar Limlinin orta yuvalarına yük daşıyarkən, duman hər tərəfi sarmışdı. Yavaş-yavaş sırsıra yağmur yağırdı. Qarışqalar artmaqda olan su birikintisinin sellərinə qapılmasınlar deyə alaqların, bitkilərin və ağacların budaqları altında daldalanmışdılar. Çoğanın yarpaqları altında bir neçə yağız gənc ilk gizlin toplantılarını keçirdi. Ülgən, gənc yağızlarla uyğun fürsətlərdə ilişkiyə girib bu gizlin toplantını oluşdurmuşdu. İlk kəz yağız gənclər yağızların qurtuluşu üçün toplanmışdılar. Aralarında ən güclüsü və ən olqunu Ərtay idi. Ülgən Ərtaydan toplantını yönətmək üçün istəkdə bulundu. Ülgənin ən yaxın arxadaşı olan Günal da Ülgənin söylədiyini onayladı və “Ərtay, sən bizim hamımızdan daha böyüksən. Arxadaşların etirazı yoxdursa, toplantını sən yönət!” dedi. Ərtay “Toplantılarımızda Savunal, Sevilay, Güvənal, Özay, Xamut, Dural və Yağıl da bulunmaqdadır. Sizlərin fikriniz nədir?” dedi. Onlar da hamısı bir yerdə “Zamanımız azdır Ərtay. Heç bir saqıncası yox. Nədən toplandığımızı anlayalım. Davam et!” dedilər.

Ərtay: İstəkli dostlar, öncə bilməlisiniz ki, bizim bu gizlin toplantını boyuzlar bilsələr, hamımızı öldürəcəklər. Ona görə də öncə bu qonuda bilgili olmamızda yarar var. Kimsə bu işə girişmənin qolay olduğunu sanmasın.

Bu zaman Yağıl və Xamutun içləri ürpərdi sanki. İçlərində qorxu hissi oyanmışdı. Ancaq özlərini ələ alıb dinləmək zorunda qaldılar. İçlərində bir tək yağız qız olan Sevilay “Böylə toplantılarla nəyi amaclayırıq?” dedi.

Ərtay: Amacımız yağızların qurtuluşudur. Yağızlar gün keçdikçə, soysuzlaşır boyuzlaşırlar. Dilimiz aşağılanmaqda, kültürümüz və bizə özgü nə varsa, yox edilməkdədir. Yağızlar necə qurtula bilər? Sorun və soru budur. Düşüncəmiz və varlığa baxış biçimimiz boyuzlaşmaqdadır. Boyuzlara kölə olmamızın ötəsində bir də yağız kimliyi olaraq yox olmaqdayıq. İstəkli yağız dostlarım, bu biçim yaşamaq doğru deyildir. Biz qurtuluşumuz üçün bir işlər görməliyik. Ancaq necə? Bütün tarix bilgilərimiz və bilincimiz boyuzlaşmaqdadır. Öz soyumuzdan qaynaqlanan qurtuluş bilgiləri gərkir. Gerçəkdən biz kimik? Bu sorulara yanıt8 bulmadığımız sürəcə, biz qurtula bilmərik, boyuzların köləsi olamağa məhkum olarıq. Bu haqda aranızda düşüncəsi olan varmı?

Sevilay barmağını qaldırıb danışmaq istədi

Ərtay: Buyur Sevilay!

Sevilay: Bizi gündoğandan günbatana qədər çalışdırmaqdadırlar. Düşünməyə vaxt qalmır. Daşıdığımız yüklər boyuzların anbarlarında birikir. Qışda da ac gündə yaşayırıq. Buna bir çözgə9 bulmamız gərək.

Savunal: Yağızlarda özgüvən yoxdur. İllər boyu kimliyimiz aşağılandığından qurtuluş inancı itirilmiş. Həm də könüllü olaraq boyuzlaşma əyilimi10 ortaya çıxmış.

Xamut: Gerçəkdən biz niyə böylə aşağı qarışqalarıq?

Günal: Yağızların oyanışı çox zordur. Ancaq zor da olsa, çox şərəfli işdir. Bu yaşam biçimindən qurtarmalıyıq.

Yağıl: Necə qurtulacağıq. Hansi bilgilərlə? Hansı inancla? Yağızlar batmaq üzrədirlər.

Özay: Yağızların əski inancları olmuş. Ancaq necə olduğunu bilmirik. Bunu bilsək, ona görə davrana bilərik. Bizlər gözümüzü açdığımızda boyuzların inancını görmüşük. Onların törələrinə görə böyümüşük. Özgələşmişik.

Günal: Ülgənin atası Çərənbil dağında yaşamaqda imiş. Bizim kimliyimiz və əski inancımız haqda onun bilgiləri varmış. Həm də savaşçı bilgə imiş. Ona varmanın bir yolunu bulmalıyıq.

Güvənal: Yağızlarda özünəgüvən duyğusunu oluşdurmalıyıq. Tək yol budur. Özgüvən olduqdan sonra biz çoxluqdayıq. Boyuzları yenə bilərik.

Ülgən: Alpərənlik törəmiz olmuş. Bizlər onun nə olduğunu bilmirik. Bilməliyik. Yağızları qurtarmaq üçün özverili11 yağızlar ortaya çıxıb örnək olmalıdırlar. İçimizdə, ruhumuzda alpərənlik kök salarsa, yenilməz olarıq.

Ərtay: Buraya toplaşan yağız gənclər olaraq, soyumuzun köləlikdə yaşadığı inancındayıq. Yaşlı analarımız, dədələrimiz heç bir güvəncə olmadan ömürlərinin sonlarına qədər boyuzlar üçün çalışmaqdadırlar. Xəstələndiklərində gizlincə öldürülürlər. Öldürülürlər ki, anbarlardakı taxılın hamısı boyuzlara qalsın. Bizlər də yağız gənclər olaraq, duruma seyirci qalmaqdayıq. Böylə əxlaq ola bilməz. Bu durumu ortadan qaldırmaq yağız gənclərin görəvidir. Baxınız dəyərli yağız gənc dostlarım. Hamımız durumumuzun çox çətin olduğunun bilincindəyik. Ancaq bu durum qonuşmaqla dəyişməz. Mənim somut12 önərim var. Bu önərimi diqqətlə dinləmənizi istəyirəm. Önümüzdə bir söyüd ağacı var. O söyüd ağacından bir budaq, kiçik bir budaq gəmirib qoparmalıyıq. O budağı gizlincə sürükləyib Limlinin arxasındakı Qəcəl uçurumuna yerləşdirməliyik. Sonra da uyğun fürsət bəkləməliyik. Yağmur yağdığında bu budaqdan yapışıb özümüzü fırtınalara, sellərə buraxmalıyıq. Sellər bizi Limlidən, boyuzların gözətimindən uzaqlaşdıra bilər. Daha sonra uzaqlarda boyuzların gözətimi olmayan yerlərdə sellərdən ayrılıb Ülgənin atası bügü13 Bilay dədəni araya bilərik. Anlaşılan budur ki, Bilay dədəsiz bu işlər yürüməyəcək. Ona varmağımızın da tək yolu özümüzü sellərə buraxmaqdır. Ona görə də bu çətin yollara düşmək üçün yaxşıca düşünün. Yalnız böyük acılara, ağrılara qatlaşa biləcək olanlar gəlsinlər. Biz Limlini və Limlidəki yağızları qurtamaq üçün Limlidən ayrılıb, yenidən qurtuluş düşüncəsi ilə geri dönməliyik. Bu qonuda düşüncələriniz nədir?

Arxadaşlarının qonuşmalarını diqqətlə dinləyən Dural səssizliyini pozub dedi: Məncə, çox təhlükəli işlərlə uğraşmaqdasanız. Sizin amacınızı boyuzlar bilsələr, hər tək-təkinizi ortadan qaldırar və yağızlar üzərinə də basqıları artıra bilərlər. Ayrıca, diqqətli olmalısınız. Çünkü boyuzlarla əməkdaşlıq edən yüzlərcə yağız var. Sizləri ələ verə bilərlər. Mən sizlərə başarılar diləyirəm. Ancaq böylə çətin bir yolun yolçusu ola biləcəyimi sanmıram. Nağıllarda, dastanlarda bu yolların çox çətin olduğunu duymuşuq. Duyğulara qapılmadan bu yola girməyə qərar vermənizi istərdim. Daha sonrakı peşmanlıq ihanət doğura bilər. Mən sizlərlə gəlməyəcəyəm. Sizin eyləmlərinizin14 ayrıntıları haqda bilgilənmək də istəmirəm. Bilməsəm, daha yaxşıdır. Bu üzdən də izninizlə aranızdan ayrılmaq istəyirəm.

Dural çox təmkinli biçimdə ayrılmaq istərkən, Ərtay üzünü ona tutub “Dural, böylə dürüstcə davrandığın üçün çox sağ ol. Mən səni anlayıram. Yalnız inanclı və güclü yağız gənclər bu səfərə çıxmalı. Sənin bu tutumuna görə səndən inciyə bilmərik. Heç bir yağıza qarşıolma haqqımız yoxdur. Başqa arxadaşlarımız da diqqətli olsunlar. Çox çətin yollardır. Ölümlü-itimli yollar. Boyuzlara taxıl daşıyaraq daha uzun sürəli yaşamaq mümkün ola bilər. Ancaq bu yol qolay yol deyildir. Qərar vermədən öncə yaxşıca düşünməniz gərəkir” dedi.

Dural ayrılıb gedərkən, Yağıl və Xamutun gözləri ona zilləndi. Dural çox kədərli görünüşü ilə onlara “Umarım başarılı olursunuz” deyib ayrılıb getdi. Yağıl və Xamutun içində sanki bəlirsizlik var idi. İçlərindəki bəlirsizlik sifətlərində görünürdü. Xamut içindəki bəlirsizliyi bir biçimdə ört-bas edib səsində heç bir tutarlılıq olmadan “Hər halda ömür boyu kölə kimi yaşayası deyilik” dedi. Daha sonra Yağıl sanki öz-özünə qonuşarcasına “Burdakı türdeş15 yaşamdan bu səfərə çıxmaq daha yaxşı olar” dedi.

Güvənal: Mən bu görüşə tam olaraq və bütün ürəyimlə qatılıram. Tək özgürlük yolumuz bilgə Bilay dədəyə varıb gerçəkləri öyrənməkdir.

Ülgən: O zaman fürsəti itirmədən söyüd ağacından bir budaq qoparalım. Nə deyirsiniz arxadaşlar?

Günal: Məncə də.

Yağıl: Bir az ehtiyatlı olmalıyıq.

Xamut: İşin sonu haqda yaxşı düşünməliyik.

Sevilay: Sonrakı düşüncələri yollar özü doğurar.

Özay: Doğru, işin sonrasını varacağımız sonrakı evrələr16 bəlli edər. Mən bu düşüncəyə qatılıram.

Xamut: Qorxunc işdir. Ona görə də yüz ölçüb bir biçməliyik.

Ərtay: Anlaşılan odur ki, mənim önərimi burdakı gənc yağızlar qəbul etmişlər. O zaman fürsəti qaçırmadan söyüddən bir budaq qoparıb uçurumun kənarına yerləşdirəlim. Dumanlıq və sırsıra yağmur bunun üçün yaxşı fürsətdir.

Yağız qarışqalar söyüdə dırmaşıb yaşıl bir budağın ağaca bitişik yerini gəmirməyə başladılar. Çox qısa bir sürədə budağı qoparıb uçuruma yerləşdirdilər. Budağı uçuruma yerləşdirib dağıldılar. Fırtınalı havanı bəkləyəcəkdilər. Fırtınalı, yağmurlu bir gündə bütün qarışqalar yuvalarına qoşarkən, onlar uçuruma qoşub, bu budaqdan yapışaraq özlərini sellərə buraxacaqdılar. Böylə olduğunda boyuzlar onların Limlidən uzaqlaşmalarını önləyə bilməzdilər.


***
Boyuz gözətçilərin səsləri yüksəlmişdi. “Tez olun, Doğudan qara buludlar Limlinin üstünə gəlməkdə. Bərk yağmur yağacaq. Yüklərinizi yuvalara daşıyın!” deyə bağırırdılar. Ərtay üzərində bir arpa dənəsi ətrafındakı yük daşıyan arxadaşlarını süzdü. Gözləri ilə bir-birlərinə işarə edirdilər. Ülgən üzərindəki yükü bir an yerə qoyub arxasına, Doğuya baxdı. Qara buludlar yaxınlaşırdı. Bu zaman gözətçi bir boyuz Ülgənə tərəf “Xərçə!” deyə bağıraraq “Görmürsənmi fırtına yaxınlaşmaqdadır, nədən durmuşsan yerimirsən?” dedi. Ülgən artıq bu aşağılamadan üzülmürdü. Sanki eşitmirdi bu aşağılayıcı sözləri. Bütün diqqəti az sonra varmaları gərəkən uçuruma doğru yürüşlərinə yönəlmişdi. Tək-tək yağmurcuqlar yağmağa başlamışdı. Boyuzların əlində çırtdıq kötüyündən sopaları “tez olun!” bağırtıları davam edirdi. Bəzən də hansısa yorğun yağıza əllərindəki sopa ilə vururdular. Ərtay sopalar altında aşağılanıb inləyən yağızların ağrılı fəryadlarını eşidirdi. Yağmur get-gedə artırdı. Öncədən yapdıqları hazırlığa görə göydəki ilk qorxunc ildırım çaxmasıyla yağızlar Qəcəl uçurumuna doğru qoşmağa başladılar. Üzərlərindəki taxıl yükünü buraxıb uçuruma tərəf qoşmağa başladılar. Ərtay “Arxadaşlar, fırtınalı yaşama doğru irəli!” deyə bağırdı. Boyuz gözətçilər öncə şaşırdılar. Yağızların hara qaçdıqlarını anlaya bilmədilər. Çünkü fırtınanın başlamaqda olduğu bu anda bütün qarışqalar yuvalarına qoşmalıydılar. Yağız gənclər tam tərsinə edirdilər. Doqquz yağız gənc uçuruma doğru qoşurdular. Boyuzlar arxalarınca “Hara qaçırsınız? Durun!” deyə bağırdılar. Aldırış edən olmadı. Yağmur sərtcə yağmağa başlamışdı. Boyuzların komutanı “Onların önünü kəsin, qoymayın qaçsınlar” deyə buyuruq verdi. Əllərində çırtdıq sopası olan boyuzlar yağız gəncləri izləməyə başladılar. Çiynində ağır yük daşıyan Ülgənin anası gənclərin Qəcəl uçurumuna doğru qaçışlarını görüb göz yaşlarını tutamayaraq, öz-özünə “Yolunuz açıq olsun balalarım” deyə pıçıldadı. Boyuzların “Durun, qaçmayın!” bağırtılarına aldırış etmədən yağızlar uçuruma doğru qoşurdular. Daha öncədən bir qayanın altında gizlətdikləri söyüd budağına çatmışdılar. Hamısından daha iri gövdəli olan Ərtay ağzı ilə budağı dartışdırıb hər an güclənməkdə olan selə tərəf yaxınlaşdırırdı. Başqa yağız gənclər də ağızları ilə budağı sürükləməyə başladılar. Boyuzlar çatmaq üzrə idilər. Yağız gənclər budağın yarısını selin içinə soxmuşdular. Tam bu zaman qorxunc ildırım çaxdı. Arxadan güclənməkdə olan sel daşıb öz yatağından çıxdı. Daşqın sel, budağı bağrına alıb yox etdi. Boyuzlar heyrətlə yağız gəncləri izlədilər. Yağızlar selin daşdığı dərədə yox oldular. Boyuzlar tələm-tələsik geri döndülər. Tanıq olduqları olaylar haqqında ayrıntılı bilgi yazıb “Yağızları Gözətim Qurulu” başqanı Asara göndərdilər. Limlidə özlərini sellərə buraxmış yağız gənclər haqqında ayrıntılı araşdırma başlatıldı.
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə