Xürrəmilərin ilk çıxışları




Yüklə 47.8 Kb.
tarix20.04.2016
ölçüsü47.8 Kb.
Xürrəmilər hərəkatının birinci mərhələsi üsyanın başlamasından Babəkin üsyana rəhbərlik etməyə başladığı zamana qədərki dövrü əhatə edir. I mərhələdə üsyanın əsas rəhbəri və aparıcı fiqur Azərbaycanın Ərdəbil şəhərindən olan Cavidan Səhrək oğlu olmuşdur. Xürrəmilər hərəkatının I mərhələsində baş verən hadisələr və döyüşlər əsasən Azərbaycan ərazisində olmuş və geniş yayılmamış, üsyan Ərəb Xilafəti üçün o qədər də böyük təhlükə törətməmişdir.

Xürrəmilərin ilk çıxışları

755-ci ildə baş verən və sözsüz ki, xürrəmdinilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" - "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 778-ci ilə aid edilir.

Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik nisbi sükutdan sonra mənbələr "qırmızı geyinmişlər"in 796 - 797-ci ildə baş verən yeni çıxışı haqqında xəbər verir.

Xürrəmilərin yeni çıxışını 808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan Azərbaycanda başlanmış hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.
Üsyanın II dövrü 816 - 817 - ci ildən, yəni Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyü tarixdən başlanır və Bəzzin süqutuna qədər davam edir. Birinci mərhələdə olduğu kimi üsyanın ikinci mərhələsində də əsas hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılsa da bu dövrdə artıq üsyan əhatə dairəsini genişləndirir və ətraf vilayətlərin Gilan, Mazandaran və s.əhalisi də üsyana qoşulur. Babəkin rəhbərliyi ilə üsyan iyirmi ilə yaxın davam edir və Xürrəmilər bu dövrdə Ərəb Xilafətinin altı nəhəng ordusunu darmadağın edirlər.

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi.Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı.

Babək xürrəmilərə başçılıq edərək, onun tərəfdarlarının sayı artan kimi, üsyançıların qarşısında duran məqsədlərə uyğun olaraq, icmanın quruluşunda böyük dəyişiklik əmələ gəldi. Azərbaycan və Arranın hər tərəfindən ərəblərdən narazı olan kəndlilər kütlə halında Babəkin yanına gəlməyə başladılar, "onun qoşun dəstələrinin sayı o qədər artmışdı ki, piyada hesaba alınmadan təkcə atlılar 20 min nəfər idi".


Üsyan habelə Ermənistan, Xorasan və s. vilayətlərə əhatə etdi. Az sonra Cibal, Həmədan, İsfahan, Masabzan və digər şəhərlərin əhalisi üsyançıların tərəfınə keçdi. Onların əhalisi "Həmədan vilayətində toplanır və silahlanırdı".

Deyləm əyaləti əhalisinin çox hissəsi də xürrəmilərə qoşuldu. Bağdadinin məlumatına görə, təkcə Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının ümumi sayı 300 min nəfər idi.

Xilafətin bəzi görkəmli xadimləri və əmirləri də özlərinə tabe olanlarla birlikdə ərəblərə qarşı üsyanlarda iştirak etdilər. Bunların arasında Təbəristan hakimi Məzyər də var idi; Babək onunla yazışır və hər vasitə ilə onu şirnikləndirirdi.

Xürrəmilər üsyanının bürüdüyü bütün vilayətlərdə Babək öz ardıcıllarına əmr edirdi ki, "ərəblərin mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər".

Üsyançıların böyük müvəffəqiyyətləri və Xilafətin geniş ərazisini tutmaları xəlifə Məmunu məcbur etdi ki, qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə xəlifə Yəhya ibn Müaz ibn Müslimin başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.

Baş verən vuruşmada tərəflərdən heç biri məğlub edilmədi.820-ci ildə Məmun Yəhya ibn Müazı ordu başçısı vəzifəsindən götürdü və İsa ibn Məhəmməd ibn Əbu Xalidi Ermənistan və Azərbaycana hakim və ordu başçısı təyin edərək, ona əmr etdi ki, qoşunları öz hesabına silahlandırsın və ərzaqla təchiz etsin. O, Babəklə müharibə üçün ordu toplayaraq 821-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağına çıxdı və onu qaçmağa vadar etdi.

Xürrəmilərin qələbəsi Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl - Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi.
Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı. Məhəmməd 827-ci ildə onunla müharibəyə girişdi və iki il ərzində davam edən vuruşmalarda müvəffəqiyyət həmişə onun tərəfində idi. Nəhayət, 829-cu il 3 iyunda Həştadsər dağında ərəblərlə xürrəmilər arasında əsas vuruşma olmuşdur. Ərəblərin vəzifəsi xürrəmilərin qalası Bəzzi ələ keçirmək idi. Ət-Tusi öz ordusunun mərkəzinə Məhəmməd ibn Yusif ibn Əbd ər-Rəhman ət-Taini başçı təyin etdi, ordunun sağ cinahında isə Abbas ibn Əbd ül-Cəbbar ət-Təktinini qoydu. Lakin Babək ət-Tusinin qoşunları üçün pusqu düzəltdi, qanlı vuruşmadan sonra ərəblər məğlub edilib qaçmağa başladılar. Məhəmməd ət-Tusinin özü öldürüldü Vardan məhz Məhəmməd ət-Tusi ilə Babək arasındakı vuruşmanı nəzərdə tutaraq deyir ki, "bir vuruşmada o 30 minə qədər İsmayıl övladını ərəbləri qırdı".

Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiri ordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraq Xorasan hakimi vəzifəsini tutmalı idi.Həmin 829/30-cu ildə Məmun Azərbaycan, Cibal və İsfahana Əli ibn Hişamı hakim təyin edərək, onu xürrəmilərə qarşı vuruşmağa göndərdi. Lakin ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830/1-ci üdə Bağdadda edam edildi.

Sünik hakimi Vasakın ölməsindən sonra Babək onun qızıyla evlənir və həmin ildən Sünik xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra Beyləqan, Artsak və Uti vilayətlərini tutdu.

Bir tərəfdən xürrəmilər üsyanının müvəffəqiyyətləri, digər tərəfdən Xilafətin özündə Məmunun qarşılaşdığı daimi daxili çəkişmələr onunla nəticələnmişdi ki, Abbasilər Xilafəti öz varlığı üçün təhlükəli zaman keçirirdi. Cəzirədə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının, Misirdə Abdullah əs-Surinin (820-826), Misirdə 829-cu ildə yəmənilər və qeysilərin üsyanları, habelə Bizans ilə daimi müharibələr xəlifə Məmundan ağır xərc və böyük ordu tələb edirdi. Məmun bütün iyirmi illik hökmranlığı ərzində Xilafətdə yalnız çoxlu üsyanları yatırmalı olmuşdu.

Məmun ölən ildə xürrəmilərin üsyanı daha böyük bir qüvvə ilə qızışdı. Nizam ül- Mülkün verdiyi məlumata görə, üsyan İsfahan, Fars vilayətlərini və bütün Kuhistanı bürüdü. Məmunun Bizans ilə müharibəyə başı qarışmasından istifadə edən üsyançılar "bir gecə vaxt təyin etdilər. Hazırlaşıb bütün mahal və vilayətlərdə üsyan qaldırdılar. Şəhərləri taladılar. Farsda çoxlu müsəlman qırdılar, arvad və uşaqları əsir apardılar. İsfahanda onların başçısı Əli ibn Məzdəkan adlı birisi idi. O şəhər darvazasında iyirmi min nəfərlik silahlı qüvvəni gözdən keçirtdi və qardaşı ilə birlikdə Kuha getdi. Əli Kuhu tutdu, qarət etdi, əlinə keçən müsəlmanı öldürdü... Qayıtdıqdan sonra o, Babəklə birləşmək üçün Azərbaycana getdi. Hər tərəfdən xürrəmidinlilər Babəkin yanına gedirdilər".

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi. 833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.


Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu Müsəbin komandası altında idi ki, onu da həmin ilin oktyabrın 20-si - noyabrın 17-si Cibala hakim təyin etmişdi. O, onlara getdi. Onun üzərində çaldığı qələbə haqqındakı məlumat Bağdadda tərviyə günündə 833cü il 25 dekabr oxundu. O, Həmədan rayonunda onlardan 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".

Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara əsli iranlı olan Feofob adlı birisi başçılıq edirdi. İmperator Feofil onları femlerdə yerləşdirib turma adlanan ayrı-ayrı dəstələrə böldü; həmin dəstələr Ərəb Xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər.

Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk müvəffəqiyyətdən sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hərdənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir. Mötəsim görürdü ki, onun qardaşı və sələflərinin xürrəmilərlə etdiyi müharibə taktikası kökündən yanlış idi və Xilafətin bir neçə ordusu üçün fəlakətli olmuşdu. Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin bütün qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi.

Bizans-Ərəb sərhədində dördillik 833-837 sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizansla müharibədə olan qoşunları da Babəkə qarşı göndərsin. Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi.

Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və Zəncan-Ərdəbil yolunda qarnizonlar qoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin". Qoşun qərargahı ilə Xilafətin paytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolun hər fərsəxində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadə etsinlər. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər.

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə - gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.

Əz - Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələri gedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi.

Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. Afşin öz casuslarından başqa Babəkin casuslarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi.

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu". Həmin ildə xürrəmilər Artsak yaşayış məntəqəsi yaxınlığında ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradılar. Babəkin kəşfiyyatçıları paytaxtdan Ərdəbilə pul gətirən böyük bir karvanı güdmüşdülər.

Lakin Babəkin adamları arasında bir nəfər xain varmış; bu xain Afşinə bildirir ki, Babəkin karvan haqqında xəbəri var. Afşin pusqu qurur, Qəflətən yaxalanan xürrəmilər məğlub olurlar. Adətən olduğu kimi, bu dəfə də vuruşan xürrəmilər arasında olan Babək birtəhər özünü xilas edir. Mənbələrin verdiyi məlumata görə, bu vuruşmada xürrəmilər min nəfərdən artıq tələfat verdilər. Lakin bir neçə gündən sonra Babəkin sərkərdələrindən Tarxan və Adin yenidən ərəblərin karvanına hücum edib mühafızələrini qırır və bütün yükü ələ keçirib ərəbləri çətin vəziyyətə salır.

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəbləri lap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxartmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qış aylarını Həştadsər dağı yaxınlığında öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu. Xürrəmilərin belə igid sərkərdəsinin ölümündən sonra ərəblər daha cəsarətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il - 837-ci il gəlib çatdı. Həmin ildə Afşin xəlifədən böyük bir qüvvə aldı; köməkçi qüvvələrə böyük türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyat və İtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.

Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını bütünlüklə dəyişdirdi. Müharibənin müvəffəqiyyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinə birbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunları arasında sərkərdəyə qarşı narazılıq başlandı. Doğrudan da, xürrəmilərin qalası Bəzzdən ərəbləri ayıran son dörd fərsəx (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər. Afşin əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, və Bəzzə tərəf yol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər bircə qurudulmuş çörəklə dolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Xürrəm ətraflı baxdından sonra, Afşin onu geriyə buraxdı və xahiş etdi ki, "qardaşı" Babəkə onun salamını yetirsin. Afşinin Babəkə bu cür münasibəti qoşunda və xüsusilə sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Buna görə islamın düşməninə qarşı müharibədə Afşinin hərəkətləri çox tez-tez, xüsusilə Cəfər əl-Xəyyat tərəfindən kəskin surətdə tənqid olunurdu.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi".Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi".

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı”.

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim".

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı - o, hər birini yandırdı və ya dağıtdı". Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.

Bu məğlubiyyətdən sonra 837 - ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838 - ci ildə həmin şəhərdə edam edilir.



İstifadə olunmuş ədəbiyyat

  1. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 1996


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə