Xülasə Tədqiqatın məqsədini




Yüklə 265.14 Kb.
səhifə1/3
tarix20.04.2016
ölçüsü265.14 Kb.
  1   2   3
UOT 338.2:620.9 (479.24)
NÜVƏ ENERGETIKASI:

EKOLOJI-İQTISADI DƏYƏRLƏNDIRMƏLƏR VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
Hacızadə Elşən Mahmud oğlı

i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti

Az 1001, İstiqlaliyyət küçəsi 6

elshan@hajizadeh.co



Xülasə
Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində nüvə energetikasının özəlliklərinin texniki-texnoloji, ekoloji-iqtisadi göstəricilərinin dəyərləndirilməsi və milli energetikanın inkişafinda bu enerji seqmentindən istifadə perspektivliyinin mühüm cəhətlərinin analitik təqdimatı təşkil edir.

Tədqiqatın metodologiyası təhlilin amilli, qiymətləndirmə və statistik metodlarına əsaslanır.

Tədqiqatın nəticələri qloballaşma şəraitində nüvə energetikasının təhlükəsizlilik aspektlərinin texniki-texnoloji və ekoloji-iqtisadi kontekstdə dəyərləndirilməsi və milli enerji təhlükəsizliyinin təminatı mənbələrinin şaxələndirilməsi istiqamətində ondan səmərəli istifadənin perspektivliyinin əsaslandırılması tədqiqatlarından ibarətdir.

Tədqiqatın məhdudiyyətləri sırasında əsasən mövzu predmetinin informasiya bazasının, iqtisadi və statistik göstəricilər sisteminin məhdud və konfidensial xarakterliyi önə çəkilir.

Tədqiqatın praktiki əhəmiyyəti: milli enerji təhlükəsizliyinin təminatı istiqamətində nüvə energetikasına keçidin konseptual əsaslarının qiymətləndirilməsində elmi mənbə kimi istifadə imkanı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi:qlobal çağrışlardan irəli gələrək, ilk dəfə milli energetikanın inkişafinda nüvə enerjisindən istifadə perspektivliyi texniki-texnoloji və ekoloji-iqtisadi aspektdə təhlil edilmiş və qiymətləndirilmişdir.
Açar sözlər: iqtisadi siyasət, nüvə energetikası, enejri təhlükəsizliyi, vergiqoyma, Azərbaycan iqtisadiyyatı

1.Giriş

Qlobal enerji balansında müasir mərhələdə baş verən pozitiv dəyişikliklərin dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. İnkişaf etmiş yüksək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq energetik siyasətlərində əsaslı korrektələr edirlər. Hətta nəhəng neft-qaz ehtiyatarına malik OPEK ölkələri belə, bu məsələdə aktivlik göstərirlər.

Formalaşan yeni reallıqlar yetərli neft-qaz ehtiyatlarına malik olan respublikamızda da belə bir strategiyaya keçid məqamının yaxınlaşdığını əsaslandırır. Belə ki, Azərbaycanda enerji istehsalı əsasən karbohidrogen yanacağından istifadə əsasında inkişaf edir. Karbohidrogen ehtiyatları tükənən olduğundan təbii ki, bu proses sonsuz ola bilməz. Dərk edilən bu aydın həqiqət hazırkı miqyaslı karbohidrogen ehtiyatlarına istinadən ölkədə milli neft fondunun (Azərbaycan Respublikasının Dövlət Neft Fondunun - ARDNF) təsisini şərtləndirmişdir [1. 8, 26]. ARDNF-in əsas vəzifəsi respublikamızın vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsinin və fondun öz fəaliyyəti nəticəsində əldə olunan valyuta və digər vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir. Bununla belə, bir mühüm cəhət də yaddan çıxarılmamalıdır ki, dünya iqtisadiyyatı enerji tutumludur və onun gələcəyini də bu qaynaqdan kənarda təsəvvür etmək çətindir. Eyni ilə inkişaf edən Azərbaycan iqtisadiyyatı da perspektivdə daim enerji tələbli olacaqdır. Ona görə də, müasir neft kapitalının yetərli bir hissəsinin respublikanın fasiləsiz enerji təminatçısına çevrilən yeni enerji mənbələrinin inşasına səfərbər edilməsinə zərurət yaranır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən «Azərbaycanda alternativ və bərpa olunan enerji resurslarından istifadə olunması üzrə dövlət proqramı» həyata keçirilir. Artıq bu sahədə müvafiq dövlət təsisatı yaradılmış, Qobustan rayonunda 5 MVt gücündə hibrid tipli günəş-külək elektrik stansiyası, Ölçü Müşahidə-Nəzarət stansiyası və Təlim-Tədris Mərkəzi tikilib istismara verilmişdir, ölkənin digər regionlarındakı (Sumqayıt, Abşeron, Bakı və s.) alternativ enerji mənbələrindən istifadə edilməsi layihələri həyata keçirilir və bu layihələrin gələcəkdə daha da geniş vüsət alacağı gözlənilir [21].

Hazırda nüvə energetikasından istifadə ilə bağlı da ölkəmizdə elmi araşdırmalar aparılırr, tədqiqat nüvə reaktorunun layıhələndirilməsi, müvafiq elmi-tədqiat mərkəzinin yaradılması işləri yerinə yetrilir. Göründüyü kimi nüvə enerjisindən istifadə məsələsi ölkəmizdə də aktual səciyə daşıyır və onun gələcək strateji məqsədlərində yer alır. Bunları əsas götürərək məqalədə müasir qloballaşma şəraitində nüvə energetikasının özəlliklərinin texniki-texnoloji, ekoloji-iqtisadi dəyərləndirilməsi və milli energetikanın inkişafinda bu enerji seqmentindən istifadənin perspektivliyinin mühüm cəhətlərinin analitik təqdimatı məqsəd olaraq qarşıya qoyulmuşdur.




2.Elektrik enerjisi istehsalı: texniki və iqtisadi parametrlər

Alovun energetik gücünün aşkarlanması bəşər sivilizasiyasının bənzərsiz nailiyyətlərindən biri olmuşdur. Elə bu gün də qida, su, hava və torpaqla yanaşı, energetik qaynaq da insanlar üçün başlıca yaşayış zərurətlərindəndir. Energetik sivilizasiyanın ilk çağlarında dünya yanacaq balansında uzun illər - tam XIX əsrə qədər əsas məhsul kimi oduncaq çıxış etmişdir. Bununla belə, min illər öncə neftdən də müvafiq məqsədlər üçün istifadə olunduğu bəlli idi. Ötən iki əsr ərzində dağ-mədən sənayesində, metallurgiyada və digər sənaye sahələrində vüsətlənən istehsal meyilləri daş kömürdən istifadəyə əsaslı keçidə rəvac verdi. Yüksəliş tapan elmi-texniki tərəqqi, daxiliyanma mühərriklərinin və həmçinin enerjitutumlu sənaye komplekslərinin yaranışı öz növbəsində neft erasının təşəkkülünə gətirdi. Neftin sənaye tətbiqi texniki-iqtisadi səmərələrlə müşayiət edilirdi. Bu isə öz növbəsində, neftin kəşfiyyat və hasilatını sürətləndirirdi. Daha dinamik sürət XX əsrdə təşəkkül tapdı. Statistik məlumatlara görə, 1910-cu ilin dünya yanacaq-enerji balansında daş kömür 65%, oduncaq 16%, bitki və heyvan mənşəli tullantılardan istifadə 16% idisə, bu pay neft üzrə cəmi 3% təşkil etmişdi. Balansda təbii qaz, demək olar ki, yox idi. XX əsrin 30-cu illərində vəziyyət bir qədər dəyişdi. Bu balansda daş kömürün payı 55%-ə endi, neftin payı 15%-ə, təbii qazın payı isə 3%-ə qalxdı. 1965-ci ildə dünya yanacaq-enerji balansına yeni güc - nüvə enerjisi daxil oldu. Hazırda qlobal yanacaq-energetika balansında nüvə energetikası 6-7% həddindədir [22, 23].

Hazırda hər il dünyada 110-120 milyard kVts elektrik enerjisinə ekvivalent 15-16 milyard ton şərti yanacaq müxtəlif növ enerji növlərinə çevrilir. Hazırda dünyada 21876 milyard kVts elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen əsaslı resurslar yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhdud şəkildədir. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa meyillidir. Digər tərəfdən isə, tələb yüksəlişləri mövcuddur. Proqnozlara görə, 2050-ci ildə elektrik enerjisinə olan tələbat 3 dəfə artacaqdır. Lakin istehsal artımı isə 2 dəfədən çox olmayacaqdır [22].

Elektrik enerjisi istehsalında əsasən ənənəvi istilik və su elektrik stansiyalarından geniş istifadə olunur:

1.İstilik Elektrik Stansiyalarında - (İES) karbohidrogenlərin yandırılması nəticəsində alınan istilik enerjisi vasitəsilə su qızdırılmış istilikdaşıyıcıya (buxara) çevrilir, o isə öz növbəsində enerjisini elektrik cərəyanı generatorununun rotorunu hərəkətə gətirən turbinə verir və elektrik enerjisi istehsal olunur. İstilik Elektrik Stansiyalarının 60%-i daş kömürlə işləyir ki, bu göstərici CAR-da 100%, Avstraliyada 75%, Almaniya və ABŞ-da isə 50%-dən çoxdur. Son illərdə İstilik Elektrik Stansiyalarında qaz resurslarından istifadə genişlənməkdədir.

2.Su Elektrik Stansiyalarında - (SES) xüsusi təyinatlı böyük diametrli borular vasitəsilə sürətlə axan suyun turbini hərəkətə gətirməsi nəticəsində elektrik enerjisi istehsal edilir. Dünyada ən iri SES Çində Yansızı çayı üzərində inşa edilmişdir. Bu stansiyanın gücü 22,4 min MVt-dir. Parana çayı üzərində (Braziliya - Paraqvay) olan «İtaypu» SES-inin gücü isə 18 min MVt-dır [3, 22, 23, 28].

Yeni enerji alternativlərinin palitrası isə geniş spektrlidir. Burada hazırda ənənəvi energetik mənbələrlə (biokütlə, oduncaq, neft, qaz, daş kömür, yanar şist, torf, nüvə ) yanaşı yeni enerji alternativləri (günəş, külək, geotermal, hidrogen, dalğaların, dənizlərin qabarma və çəkilməsi enerjisi) də yer alır. Lakin enerji istehsalının optimallaşdırılması istiqamətində geniş miqyaslı elmi tədqiqat işlərinin aparılmasına baxmayaraq energetikanın yeni inkişaf mərhələsində təbii enerji resurslarının payı yenə də yüksək olaraq qalmaqdadır. Hazırda dünya energetikasında əsas yeri üzvi yanacaqla işləyən İES-lər tutur ki, onlarında istehsal olunan elektrik enerjisində payı müvafiq bölgüdə təqribən 60%-dən çox SES-lərin bu bölgüdə payı 20%, Atom Elektrik Stansiyalarının (AES) isə 16% həcmindədir. [13, 17, 28].

Bütün bunlarla yanaşı hazırda tədqiqatlar bərpa olunan enerji mənbələrindən səmərəli istifadə perspektivliyinə yönəlmişdir. Lakin müvafiq istiqamətdə texnoloji, rentabellilik və sair bu kimi bir sıra spesifik problemlər hələ də qalmaqdadır. Belə ki, çaylar və termal enerji mənbələri planetin fasiləsiz enerji təminatına o qədər də adekvat deyildir. Bir sıra mülahizələrə görə artan su anbarları yer kürəsinin hərəkət ritminə təsirir göstərərək planetar təhlükə yaradır. Külək enerjisinin (külək vasitəsilə pər rotoru hərəkətə gətirərək elektrik cərəyanının yaranmasına səbəb olur) ənənəvi enerji mənbələrinə nisbətdə coqrafi, güc və iqtisadi rəqabətqabiliyyətliliyi hələ ki üstünlük ala bilmir. Günəş enerjisi (Günəş enerjisinin fotoelementlər vasitəsilə birbaşa elektrik enerjisinə çevrilməsi) ilə bağlı da hələ ki, çoxsaylı problemlər mövcuddur.

Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, nəqliyyatla təsərrüfat həyatının digər sahələrinin energetik istehlak payı yetərli fərqlidir. Belə ki, bütün avtomobillər elektrik stansiyalarında istehsal olunan enerjidən 2 dəfə çox resurs istehlak edir. Hidrogendən (H) yanacaq kimi istifadə edilməsi də prioritet məsələdir. Məlumdur ki, hidrogen kainatda ən geniş yayılmış maddədir. Planetdə intəhasız həcmdə yayılmış su (H2O) molekulunu parçalamaqla hidrogen almaq olar. Eyni zamanda metanın (CH4) parçalanmasından da hidrogen əldə edilir. Lakin hər iki halda proses enerji tutumlu olduğundan geniş sənaye istehsalında yerini tapmamışdır. [6, s. 235-244].

Alternativ enerji mənbələrinin axtarışı və ram edilməsi ilə yanaşı, mövcud resursların səmərəli istifadəsi və istismarı sahəsində də tədqiqatlar davam etdirilir. Son zamanlar neft və qazın alternativi kimi, ekoloji baxımdan üstün hesab edilən etanoldan geniş istifadə edilir. Etanol adi şərab spirtidir (C2H5OH). Onu istənilən şəkər tutumlu xammaldan - şəkər qamışı və çuğunduru, oduncaq, qarğıdalı, buğda, arpa və digər bu kimi bitkilərdən almaq mümkündür. Bir ton qarğıdalıdan 400 litrdən artıq etanol alınır. Hazırda dünyanın bir çox ölkələrində etanol istehsalı avtomobil yanacağı sferasına daxil olmuş və proses yeni hibrid yanacaqlı avtomobillər nəslini ərsəyə gətirmişdir. Bu məqsədlə dünyada əsasəndə nəhəng şəkər qamışı plantasiyaları olan Cənubi Amerika ölkələrində minlərlə xüsusi etanol satışı ilə məşğul olan yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir (məs. Braziliyada avtomobillərin təqribən 40%-i etanolla işləyir) [2, 22, 28]. Lakin yeyinti məhsullarından yanacaq kimi istifadə edilməsinin dünyada ərzaq qıtlığına səbəb ola biləcəyi ehtimalının mövcudluğundan bu məsələyə mütəxəsislər ehtiyatla yanaşırlar.

Analitik şərhi verilən bu perspektiv enerji alternativləri göstərir ki, bəşər sivilizasiyasının enerji təhlükəsizliyi heç də ümidsiz deyildir və bu istiqamətdə elmi tədqiqatlar daha geniş vüsət alır, miqyaslı investisiya layihələri həyata keçirilir. Dünya energetikasının aparıcı dövlətləri əlverişli və rentabelli enerji növü olaraq nüvə enerjisinindən istifadəni optimallaşdırır və investisiyaların önəmli hissəsi problemin ən səmərəli elmi həllinə yönəldilir.
3.Nüvə energetikası: reallıqlar və perspektivlər

Nüvə enerjisi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə ki, hazırda Fransa elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə olunmur. Burada AES-lər ölkə elektrik enerjisinin 77,7%-ni verir. Enerji istehsalında AES-lərin pay əhəmiyyətinə görə üstün olaraq Ukrayna (45%), Almaniya (32%), Yaponiya (25%), İngiltərə (23,7%), ABŞ (19,3%) və Rusiya (16,5%) fərqlənirlər. Yeni irəliləyiş templəri əldə edən Çin Xalq Respublikasında isə bu pay hələlik 2,2% təşkil edir [22, 24, 29].

İlk nüvə reaktoru Enriko Ferminın (1901-1954) rəhbərliyi ilə 1942-ci ildə Çikaqoda yaradılmışdır. İtaliyadan ABŞ-a mühacirət edən E.Fermi ilk uran-qrafit tipli nüvə reaktorunu inşa etmiş (45 ton təbii urandan və 450 ton qrafitdən ibarət) və onda müvafiq nüvə reaksiyasını həyata keçirmişdir. E.Fermi ilə yanaşı, bu sahədə həm birlikdə və həm də ayrı-ayrılıqda çoxsaylı elmi simalar fəaliyyət göstərmiş, XX əsrin böyük tarixi dönüş reallığını bəşəriyyətin ümumi xidmət və istifadəsinə təqdim etmişlər [2, 15, 28].

Atom enerjisinə əsaslanan ilk sənaye əhəmiyyətli enerji qurğusu isə 1954-cü ildə keçmiş SSRİ-nin Obninsk şəhərində 5MVt gücündə AES-in istifadəyə verilməsi ilə təşəkkül tapmışdır. İkinci sənaye əhəmiyyətli 46 MVt gücündə AES 1956-cı ildə Böyük Britaniyada, növbəti ildə isə ABŞ-da 60 MVt gücündə AES fəaliyyətə başlamış və bununla da atom enerjisindən dinc məqsədlər üçün istifadənin əsası qoyulmuşdur. Artıq ötən əsrin 80-ci illərində dünyada reaktorların sayı artaraq 300-ü ötmüş və ümumim gücü 200 min MVt-ı haqlamışdır. Hazırda isə 33 ölkədə ümumi gücü 375 min MVt olan 442 nüvə reaktoru fəaliyyət göstərir. Burada istehsal olunan elektrik enerjisini həcmi 2011-ci ildə 2700 milyard kVt/saat təşkil etmişdir. Enerji gücü baxımından nüvə elektroenergetikası üzrə dünyada ABŞ (836,63 mlrd kVt.s/il), Fransa (439.73 mlrd kVts/il), Yaponiya (263,83 mlrd kVts/il), Rusiya (160,04 mlrd kVts/il), Cənubi Koreya (142,94 mlrd kVts/il) və Almaniya (140,53 mlrd kVts/il) liderlik edirlər [9, 23].


Aşagıda ayrı-ayrı ölkələr üzrə nüvə energetikası ilə bağlı məlumatları əks etdirən cədvəl verilmişdir:


Cədvəl 1
Dünya nüvə energetikası (2011-cü il)




Ölkə

Fəaliyyətdə olan

İnşa edilən

Reaktorların sayı

Ümumi güc (MVt)

Reaktorların sayı

Ümumi güc (MVt)

1

ABŞ

104

100,747

1

1,165

2

Fransa

58

63,130

1

1,600

3

Yaponiya

54

46,823

2

2,650

4

Rusiya

32

22,693

11

9,153

5

Koreya Respublik

21

18,665

5

5,560

6

Hindistan

20

4,391

5

3,564

7

Böyük Britaniya

19

10,131

2

1,900

8

Kanada

18

12,569

x

x

9

Almaniya

17

20,490

x

x

10

Ukrayna

15

13,107

2

1,900

11

Çin

13

10,048

27

27,230

12

Tayvan

6

4,980

2

2,600

13

İsveç

10

9,303

x

x

14

İspaniya

8

7,514

x

x

15

Belçika

7

5,926

x

x

16

Çexiya

6

3,722

x

x

17

İsveçrə

5

3,238

x

x

18

Finlandiya

4

2,716

1

1,600

19

Macarstan

4

1,189

x

x

20

Slovakiya

4

1,792

2

782

21

Bolqarstan

2

1906

2

1906

22

Brazilya

2

1,884

1

1,245

23

CAR

2

1,800

x

x

24

Meksika

2

1,300

x

x

25

Ruminiya

2

1,300

x

x

26

Argentina

2

935

1

692

27

Pakistan

2

425

1

300

28

Sloveniya

1

666

x

x

29

Hollandiya

1

487

x

x

30

Ermənistan

1

375

x

x

31

Litva

2

2370

1

900

32

İran

x

x

1

915

33

KXDR

x

x

1

1040

Cəmi

442

374 958

65

63 762


Mənbə: http://www.iaea.org saytının məlumatları əsasında müəlliflər tərəfindən işlənmişdir.
Bundan başqa dünyanın 56 ölkəsində 250-yə qədər təcrübə reaktoru, təqribən 140 suüstü və sualtı gəmini hərəkətə gətirən 180 nüvə energetik reaktoru fəaliyyət göstərir.


4.Atom Elektrik Stansiyaları: texnoloji sistem və iş pirsipi

Atom Elektrik Stansiyası nüvə enerjisini elektrik enerjisinə çevirən mürəkkəb qurğudur. AES-lər bir, iki və üç dövrəli (konturlu) olur. İş prinspinə görə AES-ləri istilik elektrik stansiyalarına aid etmək olar. Stansiyada yüksək temperaturlu buxar karbohidrogenlərin yandırılmasından deyil idarə olunan nüvə reaksiyası zamanı ayrılan istiliyin hesabına əldə edilir. Bu qurğuda istilikayırıcının, istilik daşıyıcının, turbin və elektrik cərəyanı generatorunun ümumi işi nəticəsində elektrik enerjisi istehsal edilir.

Nüvə reaktorunda - güclü mühafizəedici təbəqə ilə əhatələnmiş şaquli slindirvari qurğuda idarə olunan nüvə reaksiyası zamanı uran-235 atomu (92U235 izotopu) sərbəs neytronla qarşılıqlı təsirdə olaraq hissələrə bölünür. Bu zaman bölünən hər bir atomdan yeni neytronlar meydana çıxır və bu neytronlar öz növbəsində başqa atomlarla qarşılıqlı təsirdə olaraq onların bölünməsinə səbəb olur. Nəticədə daha böyük miqdarda neytron seli yaranır. Belə reaksiyalar zəncirvari nüvə reaksiyası adlanır və reaksiyanın gedişi zamanı böyük miqdarda istilik enerjisi ayrılır və həmin enerjidən suyun buxara çevrilmsi üçün istifadə olunur.

İstifadə olunma xüsusiyyətlərinə görə nüvə reaktorları təcrübi, tədqiqat, izotop və energetik reaktorlardan ibarət olur [16, s. 268-284]:



  • Təcrübi reaktorlar nüvə reaktorlarının layihələndirilməsi və istismarı üçün vacib olan müxtəlif fiziki kəmiyyətlərin hesablanması üçün istifadə edilir. Bu reaktorların gücü bir neçə kVt-dan çox olmur;

  • Tədqiqat reaktorlarında aktiv zonada yaranan neytron və γ - kvant seli nüvə fizikası, bərk cisimlər fizikası, radiyasiya kimyası, bioloji tədqiqatlar və müxtəlif izototların (xüsusi ilə tibbdə istifadə olunan) istehsalında istifadə olunur;

  • İzotop (silah, sənaye) reaktorları müxtəlif izotopların istehsalında istifadə olunur, məsələn nüvə silahlarında istifadə olunan U235 (94Pu239);

  • Energetik reaktorlar elektrik və istilik enerjisinin alınması, dəniz suyunun duzsuzlaşdırılması, gəmilərdə güc qurğularının hazırlanmasında və s. istifadə olunur.

Neytron spekrtinə görə reaktorlar istilik (yavaş) neytronları ilə işləyən reaktorlar, sürətli neytronlarla işləyən reaktorlar və aralıq neytronlarla ilə işləyən reaktorlara, nüvə yanacağının reaktorda yerləşdirilməsinə görə isə heterogen və homogen reaktorlara bölünür. Energetik reaktorlar adətən istilik neytronları ilə işləyən heterogen reaktorlardan ibarət olur.

Növündən asaılı olmayaraq hər bir reaktorun əsas tərkib hissələri aşağıdakılari əhatə edir [20, с. 578-588]:



  • aktiv zona;

  • istilikötürücü;

  • nizamlama sistemi (idarəedici çubuqlar);

  • radiasiyadan (şualanmadan) mühafizə;

  • məsafədən idarəolunma mərkəzi;

  • digər konstruksiya elementləri.

Reaktorda nüvə yanacağı yerləşdirilən sahədə - aktiv zonada uran-235 atomunun bölünməsi nəticəsində istilik enerjisi ayrılır. Ayrılan istilik maye və yaxud qaz şəklində istilikdaşıyıcı vasitəsilə aktiv zonadan istilikdəyişdiriciyə ötürülür. İstilikdaşıyıcı su, natrium (maye halda), carbon qazı ola bilər. İstilikdaşıyıcı ilə birlikdə bu qapalı sistem birinci dövrə (kontur) adlanır. İstilikdəyişdiricidə birinci dövrənin istisi ikinci dövrədəki suyu qaynama dərəcəsinə qədər qızdırır. Əmələ gələn yüksək təzyiqli buxar turbinə istiqamətləndirilir. Turbin isə öz növbəsində generatorun rotorunu hərəkətə gətirərək elektrik cərəyanı yaradır. Zəncirvari nüvə reaksiyasının sürəti idarəedici çubuqlar vasitəsilə idarə edilir. Bu çubuqlar adədən bor və kadmium maddəsindən hazırlanır. İdarəedici çubuqlar aktiv zonaya nə qədər dərin daxil edilərsə daha böyük miqdarda neytron udur və reaksiyanın sürəti, eyni zamanda ayrılan istiliyin miqdarı azalır. İdarəedici çubuqlar aktiv zonadan çıxarıldıqda isə reaksiyada iştirak edən neytronların miqdarı artır, daha çox uran atomu bölünür və böyük miqdarda istilik enerjisi ayrılır. İES-lərdə olduğu kimi AES-lərdə də istifadə olunmuş sudan təkrar istifadə üçün soyutma sistemi inşa edilir. Adətən istifadə olunmuş buxar qradirnilər vasitəsi ilə soyudularaq təkrar sistemə qaytarılır.

Nüvə reaktorlarının ən vacib xassəsi onun gücüdür - yəni müəyyən zaman kəsiyində ayırdığı istiliyin miqdarıdır. Sənaye reaktorlarının gücü meqavatla (MVt) ölçülür. 1MVt (106Vt) güc saniyədə 3.1016 bölünmə aktına bərabər nüvə reaksiyasına uyğundur. İlk dəfə nüvənin bölünməsi uran atomunda (92U235, 92U238) müşahidə olunmuşdur. Eyni zamanda uran-233 və plutonium-239 izotoplarıda istilik və sürətli neytronların qarşılıqlı təsiri nəticəsində bölünür və nəticədə çoxlu miqdarda istilik ayrılır [11, 19].

Aşağıda uran-235 izotopunun bölünməsi variantları göstərilmişdir [11, s. 272-273]:

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə