Xülasə Tədqiqatın məqsədi




Yüklə 366.23 Kb.
səhifə5/5
tarix17.04.2016
ölçüsü366.23 Kb.
1   2   3   4   5

15.Azərbaycan dəmir yolu sahəsinə dair qoşulduğu beynəlxalq sazişlər və konvensiyalar sistemində

Azərbaycan dəmir yolu sahəsinə dair qoşulduğu beynəlxalq sazişlər və konvensiyalar sistemində etibarlı tərəfdaş olaraq çıxış edir. Bu beynəlxalq sazişlər və konvensiyalar içərisində “Beynəlxalq magistral dəmir yolu xətləri haqqında Avropa Sazişi”, “Beynəlxalq qarışıq daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”, “Trans-Avropa Dəmir yolu (TER) Etimad Fondu və Trans-Avropa Avtomobil yolu (TEM) Etimad Fondu Sazişləri” mühüm yer tuturlar [15].

Dəmir yolu daşınmalarında mühüm beynəlxalq təsisat kimi OTİF - Beynəlxalq Dəmiryol Daşınmaları üzrə Hökumətlərarası Təşkilat (akronim: The Intergovernmental Organisation for International Carriage by Rail) çıxış edir. OTİF 1985-ci il mayın 1-də yaradılmışdır və onun fəaliyyətini tənzimləyən hüquqi baza 1980-ci il 9 may Beynəlxalq Dəmiryolu Daşımaları haqqında Konvensiyadır - KOTİF (akronim: The Convention concerning International Carriage by Rail). OTİF-in sələfi 1893-cü ildə təsis olunmuş Dəmiryollar Mərkəzi Bürosudur [12, 17].

Təşkilatın fəaliyyətinin məqsədləri beynəlxalq dəmiryol daşınmalarının kompleks inkişafının, onun təkmilləşdirilməsinin və həyata keçirilməsi qaydalarının sadələşdirilməsinin təmin edilməsidir. Bu vəzifə çərçivəsində vahid hüquqi normalar qəbul edilir və onların tətbiqi və gələcəkdə təkmilləşdirilməsi üçün şərait təmin olunur. OTİF tərəfindən işlənib hazırlanmış vahid normalar ümumi uzunluğu 250 min km olan dəmir yolları şəbəkəsi, həmçinin nəqliyyatın digər növləri vasitəsilə əlavə yük və sərnişin daşınmaları üzrə nəqliyyat rabitəsinin həyata keçirilməsini tənzimləyir.

Mənzil-qərargahı İçveçrənin paytaxtı Bern şəhərində yerləşən təşkilatın hazırda üzvləri Avropa, Şimali Afrika və Yaxın Şərq ərazisində olan 45 dövlətdir.

Ərazisində dəmiryol infrastrukturu olan hər hansı dövlət KOTİF sazişinə qoşulmaqla OTİF-in üzvü ola bilər. Təşkilata daxil olmaq üçün üzv-dövlətlərdən hansı iləsə birbaşa dəmiryol rabitəsinə malik olmaq məcburi şərt deyildir.

Üzv-dövlətlərin əsas hüquqlarından biri OTİF orqanları çərçivəsində beynəlxalq dəmiryol rabitəsinin həyata keçirilməsi qaydalarını tənzimləyən beynəlxalq normativ-hüquqi aktların işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak hüququdur. Burada üzvlük haqlarının hesablanması sistemi daha çox BMT-də tutulan üzvlük haqlarının hesab şkalası prinsiplərinə əsaslanır və üzv-dövlətlərin dəmiryol infrastrukturunun ümumi uzunluğuna mütənasib proporsiyalarda (o cümlədən OTİF-in dəniz və daxili su yolları üzrə keçən marşrut xətləri siyahısında qeyd edilmiş yolların uzunluğuna olan proporsiyalarla) götürülür. Burada hər bir üzv-dövləti üçün minimal ayırmalar üzvlük haqlarının ümumi məbləğindən 0,25%, maksimal ayırmalar isə 15% təşkil edir [17].

Hazırda Təşkilatın işçi dilləri ingilis, fransız və alman dilləridir. İşçi dillərin sayı digər dillərin daxil olması hesabına arta bilər.

OTİF-in ali idarəetmə orqanı bütün üzv-dövlətlərin nümayəndələrinin təmsil olunduğu Baş Assambleyasıdır. KOTİF-in müddəalarına müvafiq olaraq Baş Assambleya hər üç ildən bir keçirilir. Təşkilatın inzibati komitənin tərkibinə üzv-dövlətlərin ümumi sayının üçdə bir hissəsinin nümayəndələri daxildir və hazırda komitədə 14 üzv-dövlət vardır. İnzibati komitə işçi proqramı, büdcəni, OTİF-in fəaliyyəti haqqında hesabatı və onun maliyyə hesabatını təsdiq edir [17, 20].

Azərbaycan Respublikasının da OTİF-ə üzv olması mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyət onun regionda artan geostrateji mövqeyi ilə daha da yüksəlir. Hazırda Azərbaycan Respublikasının OTİF-ə üzv olması ilə bağlı prosedurlar yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikasının OTİF-ə üzv olmasında məqsədi ölkənin nəqliyyat infrastrukturunun diversfikasiyasını, beynəlxalq yük və sərnişin daşımalarının, ərazisindən tranzitinin artmasını və onu ilkin mərhələdə daha səmərəli təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi tələbləri ilə də bağlanılır.
16.Dövlət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı daim dövlət qayğısı və tənzimlənməsi əsasında həyata keçirilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ərazidən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” reallaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2010-cu il qərarında qeyd olunur ki, müasir tələblərə uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində böyük uğurla gerçəkləşdirilən milli neft strategiyası əhəmiyyətli rol oynamışdır. İndi burada daha geniş infrastruktur modernizasiyanın aparılmasına zərurət yaranmışdır. Bundan irəli gələrək Dövlət Proqramının əsas məqsədini əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının ödənilməsi, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakının təmin olunması təşkil edir. Burada Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən məqamlar, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr öz əksini tapmışdır. Əsas maliyyə mənbələri olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaitləri, daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar, qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri nəzərdə tutulur. Bütün işlər Dövlət Proqramının həyata keçirilməsi üçün təsdiq edilən tədbirlər planı çərçivəsində aparılacaqdır [9].

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı yalnız bu proqram hüdudları ilə məhdudlaşmır. Belə ki, 2012-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu sahədə daha uzaq hədəfləri nişan alan mühüm fəaliyyətlərin göstərilməsi də nəzərdə tutulur. Bu konsepsiyaya görə Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görüləcəkdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi fəaliyyətə başlayacaq, dəniz donanması yeniləşdiriləcək, nəqliyyat-logistika mərkəzləri yaradılacaq, Bakı-Böyük Kəsik, Bakı-Astara və Bakı-Yalama dəmir yolu xətləri yenidən qurulacaq və modernləşdiriləcəkdir. Dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə genişlənəcək və bu marşrut üzrə səmərəlilik daha da artacaqdır. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yenilənəcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq, işarəvermə və siqnalizasiya sistemi müasirləşdiriləcəkdir.

Göründüyü kimi, bütün bu strateji hədəfli tədbirlər nəticəsində Azərbaycanın dəmir yolu sisteminin yenidən qurulması və modernləşdirilməsi yeni mərhələyə qədəm qoyacaqdır. Bu iştiqamətdə isə əsas funksionallığı Avropa-Asiya arası daşınmalarının mühüm arteriyası, yeniləşən Böyük ipək yolunun yekun bəndi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəli fəaliyyəti təmin edəcəkdir. Azərbaycan Respublikası üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən bu layihənin həyata keçirilməsi Avrasiya məkanına daha səmərəli çıxışları təmin etməklə, region ölkələri arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin yeni müstəvidə qurulmasına və ölkənin tranzit potensialının daha da artırılmasına zəmin olacaqdır.


17.Nəticə

Nəqliyyat sistemyaradıcı amil kimi aktiv olaraq ölkənin iqtisadi, siyasi, hərbi və digər təhlükəsizlik sferalarındakı vəziyyətlərinə təsir edir. Bu baxımdan daha üstün əhəmiyyətliliyi ilə seçilən mühüm nəqliyyat sistemi dəmir yolu və onun inkişafı daim dövlətin diqqət mərkəzində dayanır. Azərbaycanın genişlənən inteqrasiya əlaqələri, yüksələn iqtisadi ixrac potensialı, ölkə ərazisindən keçən tranzit xətlərlə daşınmaların artması dəmir yolunun inkişafına daha strateji ahəng verir. Diversifikasiya olunan neft-qaz və yeni yaradılan sənaye sahələri mallarının, kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınmasında ölkənin dəmir yolu fərqli əhəmiyyət kəsb edir. Bu istiqamətdə səmərəliliyi artırmaq, tranzit potensialdan daha dolğun bəhrələnmək və başlıca olaraq da Azərbaycanın dünya okeanına birbaşa çıxış məhdudluğu amilini mülayimləşdirmək üçün bütün dəmir yolu infrastrukturunda sistem dəyişiklikləri yaradan layihələrin həyata keçirilməsi zərurəti yaranmışdır. Müasir məqamda belə strateji hədəflərin önündə Avropa-Asiya arası daşınmalarının mühüm arteriyası, yeniləşən Böyük ipək yolunun yekun bəndi Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi dayanır. Bu layıhənin reallaşmasında Azərbaycanın mənfəətləri olduqca əvəzsizdir. Burada ilk növbədə Sovetlər İttifaqının dağılması və Ermənistanın təcavüzü nəticəsində itirilən və sərtləşən nəqliyyat kommunikasiyarına alternativliklərin təmin edilməsi, qardaş Türkiyə ilə genişlənən iqtisadi əlaqələrin möhkəmləndirilməsi və çox strateji əhəmiyyət kəsb edən Azərbaycandan ərzaicə ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə yeni və əlverişli bağlantıya nail olunması strategiyası dayanır. Bu layihənin əhəmiyyətinə yaxın zamanlarda Bosfor boğazı altı keçəcək dəmir yolu tuneli - “Mərməray” layihəsi daha bir effektivlik qatacaqdır. Bununla da, Asiyanın ən ucqar şərqindən dəmir relslər üzərindən Avropanın bütün nöqtələrinə yetişəcək tarixi bir nəqliyyat marşrutu gerçəkliyə cevriləcəkdir.

Elə bütün bunlara görə də, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası yalnız Böyük ipək yolu stratejisi deyil, həm də Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyət daşıyan bir layihədir. Belə ki, layıhənin reallaşması nəticəsində Azərbaycan dəmir yolu vasitəsi ilə beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış əldə edəcək, bununla da tranzit daşımaların mühüm mərkəzinə çevriləcək və regionda siyasi gücü daha da artacaqdır. Ona görə də, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin sürətləndirilməsi istiqamətində zəruri tədbirlər görülməli, istismar sonrası faydaları təmin etmək üçün optimal marketinq strategiyası formalaşdırılmalı və bunlardan irəli gələrək müvafiq təşviqat və reklam işləri aparılmalıdır. Eyni zamanda Xəzər dənizi ilə bərə daşımalarında Aktau və Türkmənbaşı limanlarında mövcud problemlər aradan qaldırılmalı, burada modernizasiya işləri daha çevik xarakter almalı, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi”nin və “Mərməray” layihəsinin tam gücdə reallaşması təmin olunmalıdır. Görüləcək işlər daxilində həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın gömrük və sərhəd təşkilatları arasında sərhəd-gömrük keçidlərində prosedurların sadələşdirilməsi ilə əlaqədar birgə fəaliyyət göstərilməsi və sərhəd stansiyalarında qatarların mübadiləsi haqqında Gürcüstan və Türkiyə arasında sazişlər imzalanmalı, yük daşımalarının həcminin, eləcə də sərnişin və yük daşıma tariflərinin müəyyən edilməsi mexanizmi yaradılmalıdır. Şərnişin daşınmalarda vaxt itkisini azaltmaq üçün sərhəd keçidlərində dəmir yolu izinin dəyişdirilməsi hərəkətdə olmaqla özü dəyişən «Talgo» sistemli qatar və vaqonların tətbiqi ilə reallaşdırılmalıdır. Bundan başqa dəmir yolu sistemində bütün qlobal prinsiplərdən bəhrələnmək məqsədi ilə Azərbaycanın OTİF-ə üzvlüyü tam təmin olunmalı, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycan dəmir yolu sisteminin modernizasiyası, nəqlayat parkının yenilşməsi başa çatdırılmalıdır. Eyni zamanda yükdaşımanın ardıcıllığını və intensivliyini təmin etmək üçün Azərbycanın dəniz donanmasının bazası Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq müasir tipli gəmi-bərələrin, tankerlərin və quru yük daşıyan gəmilərin alınmasını ilə yeniləşdirməlidir.

“Baki-Tbilisi-Qars” layihəsi Böyük ipək yolu bərpasının yekun bəndi kimi Avropa-Asiya arası intermodal daşınmalarının mühüm arteriyası olmaqla regional və qlobal əməkdaşlığa yardım edəcəkdir. O, həm də Azərbaycanın milli lideri Heydər Əliyevin bir millət iki dövlət prinsipindən irəli gələn Azərbaycan və Türkiyənin bitməyən inteqrasiyanı daha da möhkəmləndirəcək, ölkələr arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin reallaşması istiqamətində yeni əyani bir təzahürü olacaqdır.



Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. (2006), Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.

2.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəqəmlərdə (2014). Bakı: s. 40.

3.Аксенов И.Я. (2000), Транспорт: история, современность, перспективы, проблемы. М.: ТЕИС, 216 с.

4.Бжезинский З. (2004), Выбор: Мировое господство или глобальное лидерство. М.: Международные отношения, 288 с.

5.Большая энциклопедия транспорта. В 8 томах / под ред. В.П.Калявина; Академия транспорта. М.-Спб.: - Вост. банк. комм. инф.

6.Социально-экономическая география зарубежного мира. (2003) / под редакцией члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волжского М.: Дрофа, 190 с.

7.Транспортная логистика (2002), Учебник для транспортных вузов. / Под общей редакцией Л.Б. Миротина. М.: Изд-во «Экзамен», 512 с.

8.Что принесет экономическая полоса Шелкового пути? Китай. №7 (105) Июль 2014. Пекин КНР.

9.http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

10.http://addy.gov.az - Azərbaycan Dəmir Yolları» QSC-nin saytı.

11.www.worldmetro.org.ua - Dünya nəqliyyat ensiklopediyası və yenilikləri saytı.

12.http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı.

13.www.ukzhd.am/ru.html - “Cənubi-Qafqaz dəmir yolları” QSC-nin saytı.

14.http://iformatsiya.ru/tabl/732-zheleznye-dorogi-protyazhennost-zheleznyh-dorog-stran-mira-2010.html - Dünya ölkələri - statistik sayt.

15.www.europa.eu.int - EU - Avropa İttifaqının saytı.

16.www.zdmira.com - Dünya dəmir yolları jurnalının saytı.

17.www.otif.org - OTİF-in saytı.

18.www.traceca-org – TRACECA-nın saytı.

19.http://www.transpexplore.ru/texps-735-1.html - Nəqliyyat tədqiqatları saytı.

20.www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.


Hajizadeh Elshan Makhmud oqli

Prof. Dr. Institute of Economy of National Academy of Sciences of Azerbaijan


Abstract
Baku-Tbilisi-Kars”project:

important transportation artery between Europe-Asia Great Silk Road restoration final dam
Purpose -

Design/methodology -

Findings -

Research limitations -

Practical implications -

Originality/value -
Keywords: route “Silk Road”, railway Baku-Tbilisi-Kars, transport economics, economic integration, logistics.
JEL Classification Codes: F5, L92, N7, O18, R41

194.“Baku-Tbilisi Kars” Project: İmportant traffic artery between Europe and Asia, final round of restoration of “Great Silk Road” route [“Baki-Tbilisi-Qars” layihəsi: Avropa-Asiya arası daşinmalarının mühüm arteriyası, Böyük İpək Yolu bərpasının yekun bəndi] Tax Jurnal of Azerbaijan. Baku: 2014. [Azərbaycanın vergi jurnalı. Bakı: № 2014] 1,4 ç.v. - (ingilis dilində)




1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə