Xudu Məmmədov. Qoşa qanad Ön söz




Yüklə 366.8 Kb.
səhifə1/4
tarix30.04.2016
ölçüsü366.8 Kb.
  1   2   3   4
Xudu Məmmədov. QOŞA QANAD
Ön söz
Yanlışların üzünə qapı bağlananda

Həqiqət də bayırda qalır.

Taqor

Taqor


Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni baş­lıca işimdən yayındıracaq qədər güclü görünür. Əl­bət­tə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixti­sa­sı­mın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ət­ra­fın­da­kı düşün­cə­lər diqqətimi “elm və sənətin əlaqəsi, qar­şı­lıq­lı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.

Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da ol­­sa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəs­tiş­karı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxt­larda gör­dük­lərimin, oxuduqlarımın və ayrı-ayrı gö­rüş­lərin təsiri al­tın­da formalaşmışdır.

İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu mə­sələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiy­yə­ti məsələ­lərinin vacib hissələridir.

Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın gö­rəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Gö­rü­lə­cək iş­lərin qurtarması həyatın sona çatması olardı. İşin be­lə tü­kən­məzliyinə baxmayaraq insan fikirləşməyə başla­yan­dan bəri həyatın və özünün mahiyyəti haqqında düşün­məyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axta­rış­lar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini an­la­malıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıq­la­rı­nın hamısı aləm haqqındakı təsəvvür­lə­ri­nin, biliyinin nəti­cə­sidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı im­kan­lardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal tə­biidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oy­nayır. Əlbəttə, müəyyən vaxta qədər.


...Bir kimsə əgər olaydı agah

Kim, xəlqi necə yaradır Allah,

Mümkün ki, iradətilə ol həm,

Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çe­virsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qu­rulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.

Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəs­tə­liklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliy­yəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların im­­­ka­nından tam istifadə etmək üçün lazımdır. Elmlə sə­nə­tin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim prob­lemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qar­şı­ya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağ­larda baxsaq, onun zamana görə necə dəyişdiyini gö­rə­rik. Biz “cavab köh­nəlib” deyirik. Bəlkə “sual yeniləşib” de­mək daha doğrudur.

Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əs­lində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualı­dır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-bi­rini necə ta­mamlayır?” kimi suallar hər ikisinin yüksə­li­şin­dəki ziddiy­yətli dövrlərdə irəli sürülür. Alına biləcək ca­vab­lar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, tri­vial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.

Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə ar­xa­sında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zir­və­­lər görür. Hər sualın-sorğunun həlli cavabla bərabər ye­ni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yol­lar­dır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölüm­dən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mə­nəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.

Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər ke­çilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksək­lik­dən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırım­lar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəl­miş olsay­dı­nız, oraya ən rahat yol seçərdiniz. Artıq çatıl­mış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gə­ləcək yolun qısal­dılması üçün lazımdır.

İndi fikir aləmində belə zirvələr çoxdur: mikroalə­min quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haq­­qında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və on­ların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan ve­rir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az de­yil: “Sə­nəti kimya, fizika, biologiya anlayışlarına xırda­la­maq onu yox etmək demək deyilmi?”

Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xır­­da­lana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qə­ri­bə­lik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içə­risinin quruluşunu öyrəndiyinə görə çölünün gözəl­liyi­nə laqeyd ol­sun. Elə də həkimlər, anatomlar. Məgər çiçək­ləri ləçək­lə­rinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən bo­tanik onların gö­zəlliyindən zövq almırmı?

Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşün­dür­mür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həya­tın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənil­dik­cə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öy­­rənməyə inam­sızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öy­rənmək səyini hələ beşikdə ikən öldürə bilər.

Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qə­dər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mər­­kəz olmadığını eşitdikdə daha böyük həyəcan keçir­miş­dir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mər­kəzi olmasın?!

Tanrıları belə özünə oxşadan insana bir gün qalan can­lılarla eyni köklü olduğunu deyəndə necə pərt olma­yay­dı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yük­səklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöh­rətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohum­la­rına” nisbətən daha yüksəkliklərə uzandı.

Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözün­dən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda de­yil, həm də necə təşkil olunmaqdadır.

Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni ye­ni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qat­larına yüksəldir.

Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qor­xusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş gör­mə­məkdir.

Bu baxımından elmin bütün tarixini gözdən ke­çir­mək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsıl­maz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı av­ro­palılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kim­yanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, tri­vial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yox­lanılmağa möhtacdır, onları araşdırmağa dəyər.

“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Ma­şın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.

Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qay­dada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda de­yil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə ta­pa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib ye­ni­dən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz ye­niləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəh­mət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “per­petium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün ol­madığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işi­mizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşın­la­rın yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülmə­li­dir.

Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqın­da­kı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yan­lışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada gö­yə­rə bilməz.

Həyat, bioloji və emosional şərait

Ömür su kimi yenidən yeniyə axıb gedir.

Fəqət cəsəddə bir sabitlik göstərir.

Cəlaləddin Rumi
Soyuq və yaraşıqlı bahar günü idi. Təzəcə yaşıllaşan kolun yanında oynayan uşaqlardan biri özündən xeyli bö­yük yoldaşlarından tez-tez soruşurdu :


  • Bəs budağı qıranda ağac ağlamır?

  • Dedim ki, yox!

  • Bəs kollar üşümür?

  • Yox, yox, yox!

Böyük üçün bu suallar çox maraqsız idi. Görünür o, dünyanın qəribəliklərinə artıq adət etmişdi.

Ağacın ağlaya bilməsi, onun üşüyə bilməsi uşağı ni­yə narahat edir? Niyə biz yaşıllığı, çiçəkləri sevmirik? Özü­nə ta­maşa edirmiş kimi gölün güzgüsünə əyilmiş bu­daqlar bizi nə səbəbə həyəcanlandırır?

Bu və ya başqa oxşar sualların ümumi bir cavabı var: Biz həyatı sevirik!..

Bitkilər bizim varlığımızın əsasıdır. Alman təbiət­şü­na­sı Meyerin obrazlı sözləri ilə desək, “bitki aləmi son­ra­lar sə­mərəli istifadə etməsi üçün günəş şüalarını toplayan an­bardır. İnsanın fiziki varlığı təbiətin bu iqtisadi qayğı­sından asılıdır. Yaşıllığa ötəri bir nəzər, sövq-təbii olaraq, maddi tə­minat hissi oyadır”.

İnsan və heyvan orqanizmləri elə qurulmuşdur ki, on­­lar böyüməsi, artması üçün zəruri maddələrin çoxunu in­kişaf səviyyəsi aşağı olan canlılardan hazır şəkildə alır. Bu ba­xım­dan bitkilərin qəribə taleyi var. Onların çox bö­yük əksə­riyyə­ti yaşamaq naminə heç bir canlının həyatına qəsd etmir. Yaşamaq üçün lazım olan şeyləri günəşin kö­mə­yi ilə torpaq­dakı mineral maddələrdən, sudan və ha­va­da­kı karbon qazın­dan özü “hazırlayan” bitkilər başqa can­lılara nisbətən daha sər­bəstdirlər. Biz insanlar asılılığımızı yüksəlişimizin bütün mərhələlərində yəqin ki, fəhm et­mi­şik. Məhz buna görə də, təbiətə bəslədiyimiz məhəbbətin iki səbəbi vardır.

Əvvəla, biz ondan son dərəcə asılı olduğumuzu, on­dan kənarda varlığımızın mümkün olmadığını başa düşə bi­lirik. İkincisi isə o, bizə gözəlliyi hiss etmək, özgə ta­le­yinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi həm də təbiətin sirlərini öyrənməyə vadar edir. Fransız tə­biətşünası Anri Puankarenin sözləri ilə desək, “alim təbiəti ona görə öyrənir ki, bu xeyirlidir. Bu iş ona ləzzət verir, çünki, təbiət gözəldir. İntellektual gözəllik öz-özlüyündə tə­minedicidir. Bəlkə də insanların gələcəkdə götürəcəyi xe­yirdən çox ”alim özünü bu gözəlliklər xatirinə uzun və ağır əziyyətlərə salır”. İstər ağır ehtiyac, istərsə də fira­van­lıq öz-özlüyündə elmi axtarış üçün stimul ola bilməz.

Özünü elmə həsr edənlər arasında ömrü boyu maddi ehtiyacdan yaxa qurtara bilməyənlər də, firavan yaşayan­lar da olmuşdur.

Başqa bir söhbətində Puankare deyir ki, gözəllik ax­ta­rışı, elə fayda axtarışının verdiyi nəticələrə də gətirib çı­xarır.

Elə bil ki, təbiət insanı böyük məqsədlərə yönəltmək üçün gündəlik tələblər – yaxın məqsədləri “yaratmış” və bizə heyrətlənmək, gözəlliklə sehrlənmək, ehtirasa gəlmək qabi­liy­yəti vermişdir. Bu, el arasında yayılmış belə bir əh­valatı xatırladır: Ata ömrünün son dəqiqələrində tənbəl oğul­larına vəsiyyət edir ki, bağda çoxlu qızıl gizlədib, onu tapsınlar. Oğlanlar qızılı tapmaq eşqi ilə bağın hər yerini bel­ləyirlər. Əlbəttə, onlar xəzinəni tapa bilmir, lakin tor­pa­ğı işlənmiş bağdan bol məhsul götürürlər.

Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə – ağıl və hisslə ifadə olunur. Xarici aləmlə əla­­qə yalnız ağıla əsaslanmış olsaydı, insan dünyaya mü­kəm­məl ağılla gəlməli idi. Bunun isə mümkün ola bilmə­mə­sini sübut etməyə ehtiyac yoxdur.

Elm və sənətin ağıl və hiss əsasında necə formalaş­dı­­ğı­nı, onların qarşılıqlı əlaqəsini aydın etmək üçün ümu­mi şə­kil­də də olsa, həyatın mahiyyəti haqqında müasir fi­kirlər üzə­rində dayanaq.

Qədim müəlliflərdən biri deyir: “Biz torpaq olub get­­dik, sən də diri torpaqsan”. Min illərlə insan canlının “tor­­paqdan əmələ gəlib” torpağa çevrildiyinin şahidi ol­muş­dur. Qədim alimlərin fikrincə canlı torpaqla cansız tor­pağın fərqi birincidəki “can” və ya “ruh”dur.

Dəqiq kimyəvi təhlillərlə müəyyən edilmişdir ki, “can­lı torpağın” – tərkibində müxtəlif kimyəvi element­lə­rin sayı can­sız torpaqdakından azdır. Canlı aləmin fərd­lərinin – bit­ki­lə­rin, ali canlıların bədənləri təsadüf edilən 92 elementdən əsa­sən beşinin (karbon, oksigen, hidrogen, azot və fosfor) he­sabına qurulmuşdur. Qalan element­lər­dən canlıların “qu­rul­ması” üçün nisbətən az istifadə edil­mişdir. Ancaq həyatda onların əhəmiyyəti böyükdür. Hə­ya­tı bir kitaba oxşatsaq, onun yazılmasında əsasən beş müx­təlif və mühüm hərfdən, bütünlüklə təbiətin yazıl­ma­sında isə 92-yə yaxın müxtəlif “hərfdən” istifadə olun­muş­dur.

Beləliklə, qədim insanlar canlı aləmlə cansız aləmin maddi tərkibləri arasında fərq olmadığını güman edərkən çox da yanılmamışdır. İstər canlılar, istərsə də cansızlar kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Hələlik bütün təd­qi­qatlar göstərir ki, canlılıq varlığın bir forması kimi yalnız yerdə mövcuddur.

Cansızlıq kainatda geniş yayılmış varlıq forması ol­du­ğu halda, planetimizdə canlı varlıq formasının da möv­cud­luğu necə izah edilməlidir?

Doğrudan da, sadəcə cansızlıq mövcud olduğu hal­da, nə səbəbə planetimizi təşkil edən elementlərin həm çə­ki, həm də müxtəlifliyinə görə az bir hissəsi həyat şək­lin­də, yaşarı formada mövcuddur. Elementar tərkibinə görə, cansız aləm­dən sadə olan həyat, quruluşuna görə ondan mü­qa­yi­sə­edil­məz dərəcədə mürəkkəbdir. Bu mürəkkəb­li­yin məziyyəti nə­dən ibarətdir? Məziyyəti müzakirə etməz­dən əvvəl haqqında danışdığımız varlıq formalarının əsas cə­hətlərini nəzərdən keçirək.

H
canlılar:

atomlar

molekullar

molekul qrupları

hüceyrələr

hüceyrə koloniyaları

orqanellalar toxumlar)

orqanlar və s.

cansızlar:

atomlar

molekullar

maddələr

kristallar

materiallar
ər iki aləm üçün mərtəbəli quruluş xarakterikdir. Dil də bu xüsusiyyətə malikdir:
Göründüyü kimi, cansızlara nisbətən canlılarda mü­rəkkəbləşmə mərhələlərinin sayı müqayisəedilməz dərə­cə­də çoxdur. Hər bir səviyyənin fərdləri özündən sonrakı sə­viyyə üçün quruluş vahidi rolunu oynayırlar.

Kristal cansız aləm fərdlərinin ən qəribə nümayən­də­sidir. Hər bir maddənin kristalı özünəməxsus zahiri for­ma­ya malikdir. Bu formalar adətən həndəsi çoxüzlülərdən ibarətdir. Xörək duzunun kub şəkilli kiçicik bir kristalını duzun doymuş məhluluna salsanız, bir müddətdən sonra onun böyüdüyünü görəcəksiniz. Oxşatma kobud da olsa, kristal hörülməkdə olan divar kimi məhlulda həll olmuş nat­rium və xlor ionları hesabına böyüyür. Kristalın bö­yük­lüyü təcrübi imkan və zamandan asılıdır.

Canlı aləm fərdləri də böyüyür. Lakin bu böyümə ta­mamilə başqa xarakterlidir. Canlılar müəyyən ölçüyə kimi böyüyə bilirlər. Kristal böyüdükdə daxilində heç bir də­yi­şiklik baş vermir, canlıda isə böyümə bütünlükdə gedir.

İçində xörək duzu kristalı olan duz məhlulu qabının ağzını örtüb onu buxarlanmağa qoymasanız, kristalın bö­yü­məsi dayanacaq, yəni müəyyən vaxtdan sonra kristalın səthindən məhlula keçən ionların sayı məhluldan kristala keçənlərə bərabər olacaq. Çöldə şərait dəyişməsə bu ta­raz­lıq əbədi yaşaya bilər.

Bildiyimiz kimi, canlılar belə deyil. Onlar xarici aləmlə maddələr mübadiləsi hesabına özünü bütünlüklə bərpa edərək yaşayır. Canlıda bütün atomlar hərəkətdədir. Ancaq biri az, biri çox. Orqanizmdə bir atomu nişanlamış olsanız və onu bir qayda ilə izləsəniz, müəyyən sürətlə hərəkət etdiyini görərsiniz. O, bir müddət orqanizmi qay­da­lı dolandıqdan sonra onu tərk edəcək, öz yerini çöldən orqanizmə daxil olmuş başqa atoma verəcəkdir. Bu halı şə­­lalə ilə müqayisə etmək olar. Şəlalənin şəkli dəyişməz ol­duğu halda ibarət olduğu hissələr – su molekulları bir tərəfdən gəlib o biri tərəfdən gedir. Cəlaləddin Rumi də “ömür su kimi yenidən yeniyə axır. Fəqət cəsəddə bir sa­bitlik göstərir” – deyəndə, elə həyatın bu qəribə xasiyyə­tini nəzərdə tuturdu. Canlı aləmlə cansız aləm arasındakı bu fərqlər və ümumiliklər, birinci növbədə, onların təşkil olma tərzləri – quruluşları arasındakı fərqlər və ümu­mi­lik­lə­rin nəticəsidir.

Məlum olduğu kimi mənalı sözlər, cümlələr səslərin, sözlərin yalnız müəyyən ardıcıllıqla düzülüşündən ibarət olduqları kimi, elementlərin varlıq formaları da onların in­tizamsız toplusu deyil. Müəyyən quruluşa malik toplu­su­dur. Belə topluların uzun ömürlüyü və ya davamlı olmaları üçün aşağıda saydığımız quruluş xassələrinin ayrıca əhə­miy­yəti vardır.

Quruluşuna daxil olan hissələr arasında qüvvətli əla-qə, bunların fərdi xüsusiyyətlərinə uyğunluq, sadə təsvir olu­na bilən qayda, hissələrin mütəhərrikliyi kimi müşahidə olunan keyfiyyətlər quruluşun yaşama amilləridir. Bu ba­xımdan müxtəlif varlıq formalarının müqayisəsi maraq­lı­dır.

Cədvəldən göründüyü kimi canlı quruluşunda da­vam­­lılıq üçün xarakterik olan bütün xüsusiyyətlər vardır. Cansız aləmdə birlikdə rast gəlinməyən bu xüsusiyyətlərin hamısına birlikdə malik olan quruluş çox mürəkkəb ol­ma­lı­dır. Bu mürəkkəblik quruluşu saxlamaq, müdafiə etmək üçün cansız aləmdəki uyğun imkanlardan əlavə canlıya da­ha yeni mahiyyətli başqa bir imkan da verir.

Müxtəlif şəkildə olsa da hər bir quruluşun özünü qorumaq xassəsi vardır. Onu dağıtmaq üçün yönəlmiş qüv­vəyə qarşı quruluşda müdafiə reaksiyası əmələ gəlir. Belə hallarda quruluş ən azı, onu yönəlmiş təsiri ney­tral­laş­dıracaq qaydada köklənir – xarici şəraitə uyğunlaşır. Hə­yatın üstünlüklərindən biri də budur. Cansız aləm fər-dinin dağıdıcı təsirə qarşı reaksiyası – şəraitə uyğunlaş­ma­sı dəyişməz şəklə malikdir, stereotipdir.


Qayda

Hissələr arasında qüvvətli əlaqə

Fərdi xüsusiyyətlərə uyğunluq

Hissələrin mütəhərrikliyi

Qaz

Maye

Amorf

Bərk maddə

Kristal

Canlı



çox az

çox az

çox

yüksək

yüksək



Çox zəif

Qüvvətli

Qüvvətli



Qüvvətli



Çox yüksək





Yüksək


Həyat bu barədə sərhədsiz imkana malikdir. Canlı­lar­­da müşahidə olunan müdafiə xarakterli davranışları özü­nüqoruma sövq-təbiisinin nəticəsi hesab edirlər. Lakin elə davranışlar vardır ki, onlar bilavasitə instinktin nəticəsi deyil. İctimai fəaliyyətin müxtəlif sahələri buna misal ola bilər. Bu dolayı yollarla olsa da həyatı qorumaq instinkti ilə səsləşir. Beləliklə, fərd hissəsi olduğu həyatı – canlı aləmi qorumaqla özünü qorumuş olur. Canlı aləmi vəhdət kimi görmədən təbiətşünaslıqla ictimai hadisələr arasında ilişki, bağlılıq axtarmaq çətindir, bəlkə də heç mümkün de­yil.

Bir sözlə, fərdin həm bioloji, həm də ictimai funk­siyası həyatı yaşatmaqdır, özünün əbədiliyidir. Daha doğ­rusu, fərdin əbədiliyi həyatın əbədiliyində mümkündür.

Gətirilən misallardan canlı aləmdəki mərtəbəli quru­luş hesabına mürəkkəbləşmənin həyatın varlıq forması ki­mi davamlığı baxımından nə qədər böyük üstünlüklərə, di­namik imkanlara malik olduğunu gördük. Əgər bu üstün­lük­lər olmasaydı həyat öz zərifliyi ilə cansız aləmin rə­qa­bətinə dözə bilməz, imkanlarının məhdud səviyyəsində yox olardı.

Başqa canlılardan fərqli olaraq insan, inkişafının nis­bə­tən yüksək pilləsində öz varlığını qorumaqdan ötrü şə­rait arxasınca qaçmır, əksinə özü üçün şərait yaradır. Mə­sə­lən, kosmik uçuş zamanı o adi şəraiti özü ilə aparır, baş­qa sözlə, bioloji şərait dəyişərək kosmik şəraitə uy­ğun­la­şır. Təbiidir ki, bütün hallarda gözlənilməz şəraitlə üzləşib öz adi şəraitini saxlamaq həmişə mümkün deyil. Ona görə də insan baş verə biləcək şərait dəyişikliklərinə əvvəl­cə­dən hazır olmalıdır. Bu işi o, xarici aləmi öyrənməklə, da­ha doğrusu, öz elmi fəaliyyəti ilə yerinə yetirir. Bəlkə də “ya­şamaq zərurəti bu işin nəticələrinin əsas cəhətlərindən biridir”, – demək daha dürüst olardı. İnsanı belə fəaliyyətə – nəticəsi uzaq məqsəd güdən işlərə vadar edən təkcə tə­biətə hakim kəsilmək ehtirası deyil, həm də maraq, gö­zəllik hissi, başqasının taleyinə acımaq və bu kimi yaxın məqsədlərdir. Çoxu emosiyalardan ibarət olan bu hisslərin rolu təkcə öyrənilməli məsələlərə diqqəti cəlb etməklə bit­mir, həm də bu məsələlərin həlli üçün, düzgün fəaliyyət üçün qərar çıxarılmasına kömək göstərir.

Belə qərarların çıxarılmasına lazım olan bilik çox vaxt azlıq edir, ya da kənardan alınan məlumatlar arasında əlaqə itirilmiş olur. Bilik və məlumat gücünə dərhal qərar çıxarmaq nadir hallarda mümkündür. Mümkün qərarların formalaşması və onlardan hansına üstünlük verilməsində emosiyanın – hisslərin, yaradıcı fəhmin böyük rolu vardır.

Canlı orqanizm, mühiti ilə arasıkəsilməz maddələr mübadiləsindədir. Dediyimiz kimi o öz varlığını sax­la­maq­­dan ötrü mühitindən aldığı maddələr hesabına təzələ­nir, böyüyür. Bu maddələrin orqanizmə lazım olan başqa maddələrə çevrilməsi üçün münasib bioloji şərait tələb olunduğu kimi, alınan məlumatın da əlverişli qərarlara çev­rilməsinə uyğun emosional şərait gərəkdir.

Elmin də əməli məqsədlərindən biri və ən əsası bio­loji şəraitin idarəsidir. Buna münasib olaraq sənətin qar­şı­sında duran vəzifə insanın emosional şəraitini məqsə­də­uy­ğun idarə etməkdir. İlk baxışda sənətin məqsədi bayağı­laş­mış, buludlardan yerə endirilmiş kimi görünə bilər. Lakin belə deyil. Sənətin guya heç bir əməli əhəmiyyətindən ası­lı olmayaraq zövq mənbəyinə çevrilməsi fikri onun əsil və­zi­fəsini yerinə yetirmək üçün lazımdır. Sənətdə “həyatı qorumaq” qüvvəsi olmasaydı, bəlkə də bizi bu qədər dü­şün­dürməz, həyəcanlandırmazdı.

Xaricdən alınan məlumat iki hissədən ibarətdir; mə­lu­matın semantik hissəsi və estetik hissəsi. Qeyd etmək la­zım­dır ki, estetik hissə məlumatın bilavasitə sözbəsöz baş­qa dilə çevrilə bilməyən hissəsidir. Semantik hissəni isə is­tə­nilən dəqiqliklə hər dilə çevirmək olar.

Məsələn, hər bir cümlədəki məna onun daşıdığı se­man­tik məlumatdır. Cümlədə olan söz düzümü, deyiliş ça­ları, səs gözəlliyi estetik məlumat daşıyır.

Məlumatın yaratdığı emosional hisslər ümumi şəkil­də aşağıdakı səbəblərdən asılıdır:


  1. Orqanizmin ümumi fizioloji halı.

  2. Xarici məlumatın semantik hissəsi.

  3. Xarici məlumatın estetik hissəsi.

Semantik məlumat vaxtı ilə keçirilmiş emosional hiss­ləri oyadır.

Estetik məlumata gəlincə, onda bilavasitə heç bir tə­səv­vürsüz də emosiya yaratmaq imkanı vardır.

Ümumiyyətlə emosiyaların səbəbi bu göstərdikə­ri­mi­­zin müxtəlif çalarlı bağlılığı, qarşılıqlı əlaqəsidir. Başqa söz­lə, onların əmələ gəlməsində həm estetik, həm se­man­tik mə­lu­matların, həm də beyinin ümumi fizioloji halının birgə işi­nin nəticəsini görmək daha doğrudur.

Bu söhbətimizdə həyatın mahiyyəti haqqında müasir təsəvvürlərə, elmlə sənətin başlanğıc əlaqələrinə və bun­la­rın həyat üçün nə məqsəd daşıdığına ötəri nəzər saldıq. İn­di isə elm və sənətin yaradıcılıq sahələrindəki fərq və ümu­miliyini gözdən keçirək.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə