Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi




Yüklə 4.06 Mb.
səhifə8/41
tarix22.02.2016
ölçüsü4.06 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

Əkrəm Bağırov

(Əlyazmalar İnstitutu)
AZƏRBAYCAN TÜRKÜ ƏBU TALİB XAN TƏBRİZİ
Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əsli Azərbaycan türkü olmuş, lakin Hindistanda doğul­muş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təb­rizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfəhan şəhərindən Hin­dis­tana mühacirət etmiş və h.q. 1165/m. 1751-ci ildə bu diya­rın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlmişdir. Hə­min şəhərdə də boya-başa çatmış və demək olar ki, müstəqil mü­ta­liəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olmuşdur. O, XVIII əsr Hindis­tan ta­rixinə hakim dairələrə yaxın olan ic­timai-siyasi xadim, yazıçı-şair, ədə­biy­yatşünas-təzkirəçi, tarix­çi və səfərnamə müəllifi kimi daxil olmuş­dur.

XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur «Danişməndani – Azərbaycan» (1, 358-359), Əziz Döv­lətabadi böyük zəhmətin bəhrəsi olan «Soxənvərani – Azər­baycan» kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqi­qində müstəsna xidmətləri olunmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim mü­ra­ciət etdikləri mənbə olan «Tarixe-təzkirehaye-farsi» funda­men­tal əsərində (1, 564-590; 2, 733) və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi «Təzkirenevisiye-farsi dər Hendo Pakestan» adlı doktorluq işində (5, 477-489) əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görü­şüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin “Töhfətül-Aləm” əsə­rinə, Tomas Vilyam Bill adlı müəllifin h.1265-ci ildə yaz­dığı və h. 1284-cü ildə Ləkhnauda nəşr etdirdiyi «Miftah ət-tə­varix» əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sü­rürlər.

Əbu Talıb xan Təbrizi haqqında «Azərbaycan təzkirəçilik tarixi» adlanan kitabda (6, 183) V.Musalı adlı tədqiqatçı da mə­lumat verməyə cəhd göstərmiş, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəm­mədəli Tərbiyətin «Danişmən­da­ni –Azərbaycan» əsərində verilən mə­lu­matların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primi­tiv və səhv təkrarından irəli gedə bilməmişdir. Bütün bun­lar­la yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q. 1220-ci il əvə­zinə h.q. 1221-ci il) burada da təkrar olunmuşdur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı «Miftah ət-təvarix» əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunmuşdur (5, 480; 8, 464). Fars dilli klassik poeziyanın parlaq sima­la­rından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi yetdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olun­muşdur. Bütün bünlar Azərbaycan ədəbi təzkirələrinin de­mək olar ki, əksəriyyətinin fars dilində yazıldığından və bu səbəbdən bu dili bilmə­yən bir çox tədqiqatçılar üçün qaranlıq qal­dığından, onların bu mənbə­lərə yaxın dura bilməyib ələ ke­çirə bildikləri azərbaycandilli tədqiqat­lara tənqidi yanaşmadan bu mənbələri təkrar etməklərindən irəli gəlir.

Hindistan və Pakistan ərazisində yazılmış fars dilli təzkirə­lərin pa­kis­tanlı tədqiqatçısı Doktor Seyyid Əli Rza Nəqəvinin bizə qürur bəxş etməklə Azərbaycan türkü adlandırdığı Əbu Talib xan Təbrizi fars dilin­də yazılmış, əlyazma şəklində dün­ya kitab xəzinələrində mühafizə olunan və bəzilərinin hətta bir sıra Avropa dillərinə belə tərcümə və çap olunmuş əsərlər müəllifidir. Əbu Talib xan həm də təzkirə müəllifi ol­duğundan bu əsərlər içərisində onun «Xülasətül-əfkar» adlı əsəri bi­zim üçün daha maraqlı və daha önəmlidir. 25 illik zəhmətin məh­sulu olmuş bu əsər h.q. 1206-1207-ci illərdə (Bu haqda əsərin sonunda mü­əl­lifin özü tərəfidən yazılmış maddeyi-tarix də var­dır) müəllif 40 yaşında ikən yazılmış və 492 şair haqqında məlumatları və əsərlərindən nümunələri əhatə edir. Müəllifin əsəri tamamladıqdan sonra da orada ixtisarlar və əlavələr etdi­yindən bu rəqəm bəzi mənbələrdə kiçik fərq­lərlə 493 və bəzən 494 də göstərilir. Əsər fars dilli şeir və təzkirəçilik haq­qında müəllifin mülahizələrini açıqlayan bir müqəddimədən, əlifba sırası ilə verilmiş qədim, orta və son dövr şairlərindən ibarət olan, 309 müəllifi əhatə edən 28 hədiqə-bölmədən və həmçi­nin 160 şairin yalnız adı və bir neçə beyti təqdim olunmuş bir zeyldən və nəhayət, müəllifin özü də daxil olmaqla 23 müasir şairi təqdim eldən xatimədən ibarətdir. Əhməd Gülçin Məani­nin fikrincə şeir nümunələrinin əksəriyyətinin məsnəvi olduğu bu əsərdə bəzi müəlliflərin nəsrlə yazılmış əsərlərindən də örnəklər verilmişdir. Doktor Nəqəvi bu təzkirəyə müəllif tərə­fin­dən yazılmış ətraflı fehresti xüsusi olaraq vurğulamaqla ya­naşı onun əsas məziyyətlərindən biri kimi hər bir şairdən gətir­diyi misalların beyt he­sa­bı sayının belə göstərilməsini nadir hadisə hesab edir (5, 485) .

Əbu Talib xan Təbrizi istifadə etdiyi mənbələr sırasında bö­yük Azər­baycan təzkirəçisi Əliqulu xan Valeh Dağıstaninin «Ri­yaz əş-şüəra» təzkirəsinə tənqidi yanaşmaqla bərabər yeri gəldikcə ondan bol-bol da yararlanmışdır. Əbu Talib xanın bu təzkirəni tərtib edərkən struk­tur baxımından da “Riyaz əş-şüə­ra” təzkirəsini özünə nümunə gö­türdüyü təzkirəşünaslar tərə­findən qəbul olunan bir faktdır.

Əhməd Gülçin Məaninin bu təzkirə haqqında bəzi mənfi və demək olar ki, subyektiv fikirləri ilə razılaşmayan Əziz Döv­lə­tabadi «Soxən­və­rani-Azərbaycan» əsərində bu ədəbiy­yat­şünaslıq mənbəyinə haqlı ola­raq yüksək qiymət verir. (2. 513)

Əsərdə təqdim olunan Ənisi Şamlu, Əvhədi Marağayi, Qızılbaşxan Ümid, Bədi Təbrizi, Məhsəti, Qasım bəy Haləti, Hə­sən xan Samlu, Xa­qani, Şərif Təbrizi, Şani Təkəlu, Saib Təb­rizi, Fələki Şirvani, Mücirəd­din Beyləqani, Füzuli, Nizami, Qətran və başqa adlar bu təzkirənin Azərbaycan ədəbiyyat­şü­nas­lığı üçün yüksək dəyərindən xəbər verir.

«Xülasətül-əfkar» təzkirəsinin dünya əlyazma xəzinələrində mühafi­zə olunan bir çox əlyazma nüsxələrinin sonunda müəl­lifin əxlaq, musi­qi, əruz və qafiyə, və hətta, tibb elmi haqqında kiçik risalələri və h.q. 1208/m.1794-cü ildə yazdığı «Lübbüs-siyər və cəhannüma» adlı əsəri də təqdim olunur. (Əlavə ola­raq bax: 8,463-465) Tarix və coğrafiyadan bəhs edən və dörd babdan ibarət olan bu axırıncı əsərin üçüncü babında qədim dövr yunan filosları ilə bərabər müsəlman alim, fazil və şair­ləri haqqında da məlumat verilir. Mənbələrin verdiyi məlumat­lara görə 103 səhifə həcmində olan bu əsərin müstəqil əlyazma nüsxələri də mövcud­dur (5, 481).

Əbu Talib xan Təbriziyə dünya şöhrəti gətirmiş əsəri onun üç cild­dən ibarət olan səyahətnaməsidir. «Məsiri-Talibi fi bi­ladi-ifrənci» adla­nan bu əsəri Əziz Dövlətabadi son bir neçə əs­rin ən yaxşı səyahət­namələrindən biri adlandırır, (2, 514). Şirin və oxunaqlı bir dildə yazıl­mış bu əsərdə müəllifin Av­ropaya olan beş illik səfərinin (h.q. 1213-1218 / m. 1799-1804) təəssüratları öz əksini tapmışdır. Əbu Talib xanın səfər zamanı olduğu ölkələr və şəhərlər siyahısına nəzər salsaq bu səfəri dün­ya səyahəti də adlandırmaq olar. Kəlküttə-Keyptaun (Cə­nu­bi Afri­ka) – İrlandiya – Uels – London – Fransa – İtaliya – Malta adası – İzmir – İstanbul – Bağdad – Bəsrə - Bombey – Kəlküttə marşrutu ilə həyata keçmiş bu səfərdə müəllifin qələ­mə aldığı təəssüratlar bu ölkələrdə yaşayan xalqların həyat tər­zi, adət və ənənələri, şəhərlərdə olan memar­lıq abidələri, kitab­xanalar, teatr və konsert salonlarının, zavod və fab­rik­lərin təs­viri əsərin tarixi əhəmiyyətindən xəbər verir. Bu əsər yazıl­dığı dildəki nəşrindən iki il əvvəl əlyazma əsasında Çarlz Stüart tə­rəfindən 1810-cu ildə ingilis dilinə tərcümə olunaraq London­da iki cilddə nəşr olunmuşdur. Eyni tərcümə yeni əlavələrlə bir­likdə 1814-cü ildə təkrar çap olunmuşdur. Əsərin farsca ori­jinal nəşri müəllifin oğlu Mirzə Həsənəli və Mir Qüdrətəli adlı başqa bir şəxsin redaktəsi ilə 1812-ci ildə Kəlküttədə işıq üzü görmüşdür. Əsər h.ş. 1352-ci ildə Teh­ran­da nəşr edilmişdir. Əziz Dövlətabadi bu nəşri qüsurlu və qeyri-qənaətbəxş hesab edir (2, 515). Əsərin başqa Avropa dillərinə və urdu di­linə olan tərcümə və nəşrləri də mövcuddur (2, 515; 5, 481).

Əlu Talib xan Təbrizi-İsfəhaninin adına məhz Avropa və Lon­don səfərindən sonra Ləndəni-Londonlu nisbəsi də əlavə olun­muşdur.

Əbu Talib xan Təbrizinin qələmindən çıxmış aşağıdakı əsər­lər də mövcuddur:

- «Təfzih əl-qafelin» - h.q. 1211-ci ildə kapitan Riçardso­nun sifarişi ilə Asəf əd-dövlə əsrinin (m. 1775-1797) tarixinə aid yazılmış əsərdir. Orijinal mətni günümüzə çatmayan bu əsərin ingilis dilinə olan tərcü­məsi 1885 ildə Allahabadda çap olunmuşdur.

-«Merac ət-touhid»-nücum elmi haqqında şeirlə yazılmış ri­sa­lədir. Müqəddiməsi nəsrlə olan bu əsər h.q. 1219/m. 1804-cü ildə yazılmış və sonuncu Səfəvi şahzadəsi Əbülfəth Soltan Mə­həmməd Səfəviyə ithaf-hədiyyə edilmişdir. Bu Səfəvi şah­za­dəsi həm də təzkirə müəllifidir. (Ətraflı məlumat üçün bax: 1, 160-168). Əlu Talib xan Təbrizi həm də klassik şeir növlə­ri­nin demək olar ki, hamısını əhatə edən divan sahibi­dir və bu top­lunun əlyazması Britaniya muzeyində mövcuddur (2, 514; 8, 464).

Əlu Talib xan Təbrizinin bəzi şeirləri Q.Svintonun İngilis dilinə tərcüməsi ilə birlikdə 1807-ci ildə Londonda nəşr edil­mişdir. Onun, Londonun vəsfinə həsr etdiyi «Şürurəfza» adlı məs­nəvisi də əlyazma şək­lində mövcuddur. Bu əsərin Edin­burq kitabxanasında saxlanan əl­yaz­masında Əlu Talib xan Təb­rizinin portreti də mövcuddur (2, 514; 8, 464).

Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-tədqi­qat­çı kimi də fəaliyyətindən xəbər verir. Belə ki, o Hafiz divanı­nın 12 nüsxə əsa­sında mətnini bərpa etmiş və bu mətn h.q. 1206-cı ildə 1200 tirajla çap olunmuşdur. Əziz Dövlətəbadinin fikrincə, bu çap Hafiz divanının ilk və ya birinci çaplarından bi­ridir (2,513).

Əbu Talib xan Təbrizi əsərlərinin, onun haqqında yazılmış mənbə­lərin (əlavə olaraq bax: 9) əldə edilib tərcümə və tədqiq edilməsi bu Azərbaycan türkünün Azərbaycan türklərinə tanı­dıl­ması qarşıda duran şərəfli vəzifələrdən biridir.


ƏDƏBİYYAT:


  1. Məhəmmədəli Tərbiyət. Daneşməndane – Azərbaycan. Be kuşese – Qolam Reza Təbatəbai Məcd. Tehran, 1377.

  2. Əziz Dövlətabadi. Soxənvərane-Azərbaycan. c.I, Təbriz, 1377.

  3. Əhməd Qolçin Məani. Tarixe –təzkirehaye-farsi. c. I, The­ran, 1348.

  4. Əhməd Qolçin Məani. Tarixe-təzkirehaye-farsi. c. II, The­ran, 1350.

  5. Doktor Seyyid Əli Rza Nəqəvi. Təzkirenevisiye-farsi dər Hen­do Pakestan. Tehran, 1964.

  6. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan (Tər­cü­mə edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987.

  7. V.Musali. Azərbaycan təzkirəçilik tarixi. Bakı, 2012.

  8. Ç.A.Stori. Persidskaya literatura v trex çastyax. Moskva, 1972.

  9. Məcdəddin Keyvani. Əbu Talib xan. Daerətol-məarefe-bozorge-eslami. Ketabxaneye-dicital. www.Cgie.org.ir


Sevər Cabbarlı

(Əlyazmalar İnstitutu)
Bİr daha İsgəndər bəy Rüstəmbəyov haqqında
XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi istedadlı şəxsiy­yətlərdən biri də İsgəndər bəy Rüstəmbəyovdur. O, xalq ara­sın­da həm şair, həm də vətəninin, xalqının qeyrətini çəkən təəs­sübkeş ziyalı kimi tanın­mış­dır. Şairin həyat və yaradıcılığı haq­qında əlimizdə kifayət qədər məlu­mat yoxdur. Lakin həm onun tərtib etdiyi və hal-hazırda AMEA M.Fü­zu­li adına Əl­yaz­malar İnstitutunun arxivində saxlanılan cüngdən (B-236), həm də müasirlərinin onun haqqında verdikləri məlumatdan şai­­rin həyat və yaradıcılığı haqqında müəyyən qədər məlumat əldə et­mək mümkündür. Bu materiallar əsasında onun 1845-ci ildə Şuşa şəhə­rin­də anadan olması və ilk təhsilini orada alaraq fars və rus dillərini də mükəmməl öyrənməsi məlum olur. Rus dilini mükəmməl bilməsi onun dövlət idarələrində çalışması üçün zəmin yaratmışdır. O, dövlət idarələ­rində çalışarkən rus­lar və qeyri millətlərlə təmasda olmuş, onların əsl məramını başa düşərək xalqını, millətini bu yadellilərin (rus və ermə­ni­lərin) mənfur niyyətindən xəbardar etmək üçün tez-tez Şuşa və Ağdam camaatının qarşısında çıxışlar etmişdir. O, vətənin ən ağır günlərində, xüsusilə mənfur ermənilərin 1905-ci ildə tö­rət­dikləri faciələr zamanı özünün tədbirli, düşündürücü çıxış­ları ilə xalqı birliyə çağıraraq onları təfriqəçiliyə, didişmə və çə­kişmələrə son qoyub bir araya gəlməyə, birləşməyə çağır­mış­dı. Bu münasibətlə onun 25 iyul 1905-ci ildə yazdığı çıxışı olduqca maraqlıdır. Şair çıxışının mətnindən öncə farsca qələ­mə aldığı izahatında yazırdı: “Bu qəmli ildə bir neçə vətən əhli belə məsləhət gördülər ki, cümə günləri toplaşıb əziz vaxtımızı keçmişdə ol­duğu kimi cəfəngiyata deyil əhli-vətənin rifahına sərf edək”. Qeyd­lər­dən göründüyü kimi xalqın, millətin ağır gü­nündə onun qeydinə qalan, qeyrətli ziyalılarımız vəziyyət­dən çıxış yolunu birləşməkdə görür və belə anlarda onlar öz­ləri də bir araya gəlməyi bacarırdılar. İsgəndər bəy daha sonra yazır ki, milləti yüz illərdir ki, düçar olduğu qəflət yuxusu, ar­sız­lıq və bədbəxtlikdən xilas etmək üçün hər birimiz istər adi çıxı­şı­mız­la, istərsə də məktubla, nəsrlə, yaxud nəzmlə iki-üç həftə çıxış et­dik. Əfsuslar olsun ki, bizim zəhmətimiz hədər getdi. Bunun səbəbi o idi ki, artıq bizim millətlə erməni ara­sında ədavət alovu şölələnməyə baş­lamışdı, bir-birimizi qətlü qarət etməkdə idik”.

İsgəndər bəy xalqı üzləşdiyi bu ağır faciədən xilas etmə yolunu yal­nız birlikdə görürdü. Ona görə də bu məramına nail olmaq üçün bütün vasitələrə əl atır, həmvətənlərinin şüurunda inqilab yaratmaq üçün əlin­dən gələni edirdi. O, çıxışının giri­şin­də deyirdi: “Belə ki, keçən cümə gü­nü müsəlman qardaş­la­rımızdan bir nəfər öz nitqində şərh eylədi ki, üç şey (filan) tay­fanın irəli getməsinə baisdir. Nəhayət, ittifaq sözü demədi və hal anki, elm, qüvvət və dövlət bir yerdə cəm olsa da ittifaq­sız heç bir fayda verməz, necə ki, bu mətləb bizim şəhərdə mükər­rər imtahan ilə sübuta yetibdir. Belə ki, bizim vətəndə həman üç şey olub­dur. Nəhayət, yüz ildən artıqdır ittifaq olmuyubdur və ittifaq olmamaq cəhətinə belə pərişan və sərgərdan günlərə qalmışıq”.

Şair daha sonra millətimiz arasında baş alıb gedən nifaq və çəkiş­mə­lə­rin əsl səbəbini şərh edir və mənfur qonşularımızın tərəqqi etmə sə­bəblərini də onların nəzərinə çatdırır: “Hər vəqt üləma və nücəbayi- əhli-şəhər və dihatilərimiz tərəf-tərəf olub bihudə və biməni sitizəlik etmək ilə gözəl vətəni bu hala sal­mışıq. Qonşularımız bu az müddətdə it­tifaq etmək ilə bu qədər tərəqqi etdilər. Əvvəl bizə lazım olan odur ki, içi­mizdə olan qə­­dim, ya tazə eyblərimizin yüzdən birini zikr edib on­ların çarəsinin fikrində olaq. Bu gün mən kifayət edirəm, ancaq it­tifaq və nifaq sözünü deməyə, danışmağa...Ancaq ittifaq sözü­nü danışmaq ilə özümü məcbur gördüm. Çünki bu mətləbi mən islamın ümdə qüv­vəti və əsası hesab edirəm. Bizim içi­mizdə nifaq düşdükdən əvvəl ixti­laf üləma arasında oldu, on­dan sonra nücəba və əsnaf arasında bu iş o qədər şiddət etdi ki, hətta bizim əsrimizdə iki nəfər müsəlman yoxdur ki, bir-bi­rinin şadlığına şad və qəmginliyinə qəmgin olsun...Bu viran ol­muş vilayəti – İrana yavuq olmaq səbəbinə görə ilbəil şiddət edib İran kimi viran olmağa yavuqdur”.

İsgəndər bəy qeyrətli siyasət adamı olmaqla yanaşı, həm də yeniliyə meyl göstərən maarifçi idi. O, istər müxtəlif məclis­lərdə etdiyi çıxışla­rın­da, istərsə də yazdığı şeirlərində xalqı maarifə, elm öyrənməyə, sa­vad­lanmağa dəvət etmişdir. Bu xü­susiyyətinə görə İsgəndər bəy ədəbi ictimaiyyətdə böyük nü­fuz qazanmışdır. Təsadüfi deyildir ki, Məhəm­məd ağa Müc­tə­hidzadə özünün “Riyazül-aşiqin” əsərini onun məsləhəti və xe­yir-duası ilə yazmışdır. “Riyazül-aşiqin”in girişində oxuyuruq: “...hicrətin min üç yüz iyirmi beşində bir gün cənabi-sərkar İsgəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və da­rayi-zəkvat və mə­ri­fət idi və iqlimi-daniş və siyasətdə va­qiən İsgəndəri-zaman və zülma­ti-Qarabağ içrə əbaən ciddun çün abi-həyat mənbəyi, cudi-ehsan idilər, huzuruna müşərrəf olub ayineyi-qəlbimdə müsəvvər olan müddəamı ni­şan verib və şəraiti-bəndəliyi yerinə yetirdim. Müəzziməleyh isə zə­ba­ni-gühərnisar ilə buyurdular ki, gərək bu tüxnü yadigar mə məz­rəeyi-ru­zi­garidə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar ol­sun­lar və mütaliə­sin­dən fayidə təhsil edənlər, müəllifinə rəh­mət oxusunlar. Və bir məc­muə yazılmaq gərəkdir ki, hər səhi­fəsi qeyrəti-arizi-hur və hər sətri rəş­ki-zülfi-qılmani-behişt bi­qüsur ola...”

Ədəbiyyata böyük maraq göstərən İsgəndər bəy XIX əsrdə Qara­bağ­da fəaliyyət göstərən ilk ədəbi məclis – “Məclisi-üns”ün fəal üzvlə­rin­dən olmuşdur. Məclisin əsas təşkilatçısı və rəhbəri Xuşid banu Natəvan İsgəndər bəyə ehtiramla yanaş­mış­dır. O, Natəvanın böyük oğlu “Vəfa” təxəllüsü ilə şeir ya­zan Mehdiqulu xanla yaxın dostluq əlaqəsində ol­du­ğu üçün Xan qızı ailəsinin yaxın simsarlarından hesab olunurdu. İs­gən­dər bəy tərtib etdiyi cüngdə Xurşid banunun oğlu Meh­di­qulu xanla mü­na­sibətləri pozulan zaman yazdığı “Ölürəm” rədifli qəzəli ilə bağlı bir epizodda göstərir ki, Natəvanın bu qə­zəlinə cavab olaraq Mirzə Rəhim Fəna, Mirzə Sadıq Piran “Ölmə” rədifli qəzəl yazmışlar. Lakin “Xur­şid­banu bəyim hər gün mənə təkid edirdi və gecə-gündüz nökər gön­dərib and ve­rirdi ki, gərək filankəs də bu barədə qəzəl desin. ...Axırda bu bir neçə fərdi deyib göndərdim.

İsgəndər bəyin Xurşidbanuya yazdığı on beş beytdən ibarət cavab şeirindən onun ailəyə son dərəcə yaxın olduğu və şairin Natəvana son­suz məhəbbət bəslədiyi aydın hiss olunur. Təsa­düfi deyildir ki, İsgədər bəy tərtib etdiyi cüngdə (B-236) ən çox Mehdiqulu xan Vəfanın şeir­lərinə yer vermişdir. Bu əla­mət də onların yaxınlığını təsdiq edən fakt­lardan biridir.

İsgəndər bəyin çoxlu sayda şair dostları olmuşdur. Bunlar­dan biri də Qasım bəy Zakirin yaxın dostu Məhəmməd bəy Aşi­qin oğlu Əbdüs­səməd bəy Aşiq idi. Əbdüssəməd bəy de­mək olar ki, İsgəndər bəyin təş­kil etdiyi əksər müşairələrdə iş­ti­rak etmişdir. Onu da qeyd edirik ki, İsgəndər bəyin tərtib etdiyi bu cüngdə çoxlu sayda eyni rədif və qafiyəli nəzirə-mü­şairələr vardır.

Nümunə üçün qeyd edək ki, vərəq 60a-da Agəh – Aşiq-İsgəndər bəy (farsca), vər. 61a-da Şəhid-İsgəndər bəy (farsca), vər 62a-da Asi-İs­gəndər bəy, vər. 69a-da Asi-Növrəs-Əbdüs­sə­məd bəy – Mirzə Sadıq-Mə­mo bəy (farsca), səh. 70a-da Rəfiq-laədri-Məqribi-Asi-İsgəndər-Aşiq-Növrəs-Məşədi Mirzə Sadıq (farsca), vər.72a-da Nişat-Asi-Növ­rəs-Mirzə Sadıq-Aşiq-İs­gəndər bəy və s. eyni rədif və qafiyə ilə şeirlər yazmışlar. İlk ba­xışdan bu şeirlər nəzirə təəssüratı yaratsa da, bunların əksə­riy­yəti özlüyündə müstəqil qəzəllərdir. Maraqlıdır ki, birinci yazı­lan qəzəllərdə qoyulan tələblərə digər qəzəllərdə də ciddi şəkildə riayət olunurdu. Şairlər bununla sanki bir-birini imta­hana çəkir, öz güclərini nü­muayiş etdirməyə çalışırdılar. Nü­mu­nə üçün qeyd edək ki, İsgəndər bə­yin yazdığı:

Bəni salmış xətayə bir xəta kanı qara gözlər,

Degil imən füsunü hiylədən anı, qara gözlər.

-məhəlli beş beytdən ibarət qəzəlinə Aşiq, Asi, Əbdüssəməd bəy, Növ­rəs, Mirzə Sadıq hərəsi ayrı-ayrılıqda elə həmin həcmdə - beş beytdən ibarət müstəqil bənzətmə yazmışlar.

Aşiq öz qəzəlini:

Alıb bir kəc nigahilə bu gün canı qara gözlər,

Dili-məcruhə urmuş qəmzə peykanı qara gözlər.

-mətləsi ilə; Asi:

Edər shr ilə daim bu xəta kanı qara gözlər

Könül şəhrini yəğma türki-türkanı qara gözlər.

-mətləsi ilə; Əbdüssəməd bəy:

Salıb məkrə dili-məhzunü heyranı qara gözlər,

Nədir ol binəvanın səhvü nisanı, qara gözlər?

-mətləsi ilə; Növrəs:

Edən dəmdə bəna nəzzarə pünhanı qara gözlər,

Verir bərbadə onda dinü imanı qara gözlər.

-mətləsi ilə; Mirzə Sadıq:

Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,

Salıbdir mərdüm içrə gör nə qovğanı qara gözlər.

-mətləsi ilə yazmışlar. Bu da maraqlıdır ki, sonda İsgəndər bəyi “Qara gözlər” rədifini saxlayaraq yeni qafiyə ilə dediyi beytə uyğun bu şair­lərin hər biri bir beyt demişlər ki, nəticədə mükəmməl qəzəl alınmışdır:

İsgəndər bəy:

Nə müddətdir salıb gözdən bəni yaği qara gözlər,

Yəqin olmuş genə xunilər ortağı qara gözlər.

Əbdüssəməd bəy:

Müjən oxunu sinəmə hökm et, səni tarı, elə ursun,

Sağalmuyub həşrədək qalsın yeri baqi, qara gözlər.

Növrəs:


Tərəhhüm qıl, unut nurxaneyi-mərdüm xərab eylər,

Qaragöz ahutək ki, valeh baxmagi qara gözlər.

Aşiq:

İçib əhli-nəzər hər dəm məhəbbət badəsin andan



Xərab etmiş cahanı ta olub saqi qara gözlər.
Səvadın hər tərəf nuri-bəsər üzrə mühit olmuş,

Anın üçin seçməzəm bən qəradən aği, qara gözlər.

Görkəmli alim mərhum Nəsrəddin Qarayev bu kimi şeirlərə müna­sibət bildirərək yazırdı: “Ədəbiyyatşünaslıqda çox vaxt eyni rədifli qə­zəl­lərin hamısına nəzirə kimi baxılır. Lakin XIX əsrdə yazılan bir neçə eyni qafiyəli qəzəllərin yaranma səbə­bilə tanış olduqdan sonra biz belə qənaətə gəlirik ki, bu cür qəzəlləri ucdantutma nəzirə hesab etmək düz­gün deyildir”.

Onu da qeyd edək ki, bu kimi şeir yaradıcılığı bəzən geniş­lə­nərək daha böyük arealda vüsət tapırdı ki, bu da XIX əsr məc­lis şairlərinə məxsus xarakterik xüsusiyyətlərdən biri idi.


Nailə Mustafayeva

(Əlyazmalar İnstitutu)
Ə.MÜZNİBİN X.NATƏVANA

HƏSR ETDİYİ KİTAB
Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Aşıq Pəri ilə bə­rabər Xur­şudbanu Natəvan (1832-1897) da Azərbaycan ədə­biy­yatı tarixində özü­nə­məxsus xidmətləri olmuş qadın şairləri­miz­dəndir. Camaat arasında Xan qızı adı ilə tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi,əliaçıqlığı, yoxsullara kömək et­mə­si, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədə­bi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı.Onun çox­tərəfli istedadı, şairliklə bərabər gözəl rəsmlər çəkməsi, mu­siqini, mu­ğamı bilməsi dövrünün gör­kəm­li şəxsiyyətləri tə­rəfindən yüksək dəyər­ləndirilmişdir. Şairənin yaradıcılığı hə­mi­şə diqqət mərkəzində olmuş, onun əsərləri 1928, 1938, 1956, 1981, 1984 və 2004, 2012-ci illərdə çap edilmiş, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xurşidbanu Na­tə­va­nın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haq­qın­da” 3aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA Məhəm­məd Füzuli adına Əlyazmalar İnstitutunda bu gözəl şair və ictimai xa­dimin həyat və yaradıcılığına dair araş­dır­malar intensivləşmiş, bir neçə yeni material üzə çıxarılaraq çap edilmişdir. Bunlardan Natə­van­ın baş­çılıq etdiyi “Məclisi-üns”ün katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İns­titutunda saxlanan xatirəsində məclisin yaranması, keçiril­məsi, üzv­ləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar vardır. Əlyaz­ma­lar İnstitutunda, Zülfüqar Hacı­bəylinin arxivində sax­lanan bəstəkarın qar­daşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qo­ri müəllimlər semina­ri­yasında oxumağa gedərkən Natəvanla gö­rüşüb ondan xeyir-dua almala­rı barədə kiçik xatirə vardır. Zül­fi­qar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təs­diq­lə­mişdir. Cəlil Məmmmədquluzadənin Əl­yaz­malar İnsti­tu­tun­dakı ar­xi­vində Xurşidbanunun qız nəvəsi Əkbər xan Nax­çıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilində, musiqiyə münasibəti, muğa­matı gözəl bilməsi barədə elə dəyərli faktlar söylənmişdir ki, bunların Na­tə­vanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğur­mur. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlə­rin­dən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində “Məclisi-üns”ün yığıncaqlarının keçiril­mə­sinə dair müəyyən məlumalar vardır. Bütün bu materiallar, şairənin şeir­ləri və Əlyazmalar İnstitutunda saxlanan “Gül dəftəri” adlı albomundaki rəsmlərinin reproduksiyaları ilə birlikdə 2012-ci ildə “Təhsil” nəşriy­ya­tında nəfis şəkildə çap edilmiş “Neçin gəl­məz” kitabına daxil edilmişdir (Tərtib edəni Mustafa Çə­mənli, elmi redaktoru və ön sözün müəllifi Paşa Kərimovdur).

Əlyazmalar ­­­­­İnsti­tutunda Xurşidbanu Natəvanın həyat və ya­ra­dıcılı­ğına dair materialların axtarışı prosesi davam etmək­dədir. Bir nüsxəsi İnstitutuda saxlanan, 1928-ci ildə Azərnəşr­də çap edilən “Natəvan Xur­şid­banu” kitabı bəzi cəhətlərinə görə diqqətimizi cəlb edir. 82 səhifədən ibarət kitabın redak­toru və ön söz müəllifi Hənəfi Zeynallıdır. Buraya şairin həyat və yaradıcılığı barədə ümumu məlumat, onun 38 şeiri (nə­dənsə 37 nömrəli şeirdən şonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeir­lər, qəzəllərinə yazılmış nəzirələr daxildir. Vaxtı ilə natə­van­şünaslığa dəyərli töhvə olmuş, bu mövzuda yazılmış sonra­kı tədqiqatlarda nəzərə alınan kitabın tərtibçisi qeyd edilmə­mişdir. Kitabın Əlyazmalar İnsti­tutunda saxlanan ikinci nəşri­nin əlyazması aşkar edilməsəydi, əsərin tərtibçiısini tapmaq mümkün olmayacaqdı. İnstitutda C-218 şifri altında mühafizə edilən əlyazma “Natəvan Xurşidbanu” kitabının --çap edilmə­miş ikinci nəşrinin əlyazmasıdır. 218 səhifəlik bu məcmuədə toplanan ma­teriallar, Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr --barədə mə­lu­matlar həcmcə birinci nəşrdən əhəmiyyətli dərəcədə çoxdur. Toplu, ümumiyyətlə, XIX əsr ədəbiyyat tariximizin öyrənil­mə­si baxımından böyük maraq doğurur. Buradakı “And ve­rirəm” və “Zeynəb” rədifli iki şeirə-növhəyə Xurşid­banunun çap edilmiş şeir kitablarında rast gəlmirik. Natəvanın muasir­lə­rinə ədəbi təsirini sübut edən əsərlərinə müxtəlif ədəbi məc­lis üzvləri tərəfindən yazılan nəzirələr barədə geniş məlumat da böyük maraq doğurur. Bütün bu toplanan materiallar, mü­əllifin tədqiqat xarakterli qeydləri topluya həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Qeyd etmək istədik ki, əlyaz­manın xəttinin görkəmli ədəbiyyatşünas Əliabbas Müznibə (1883-1938) məxsus olduğunu müəyyən etdik. Təd­qiqatçının 193-cü səhifədə adını öz əli ilə yazdığını gördükdən sonra ar­tıq heç bir şübhə yerimiz qalmadı. Əvvəlcə kitabı bu yerdə ta­mam­la­maq qərarına gəlmiş Ə.Müznib tarix də qoymuşdur: 1934-cü ilin mayı. Lakin sonradan o, tədqiqatını davam etdir­miş, “Natavənın həcv edil­məsi və həcvin təsiri” adlı hissə də əla­və etmişdir. Əlyazmanı diqqətlə nəzərdən keçirdikdə görü­rük ki, bəzi səhifələr düşmüşdür. Onu da qeyd etmək istərdik ki, əlyazmaşünas alim Nəsrəddin Qarayevin “XIX əsr Azər­bay­can ədəbi məclisləri” adlı monoqrafiyasını nəzərdən keçi­rər­kən onun da əsəri Ə. Müznibə aid etdiyini görürük.

Əsərdə XIX əsrdə Şuşada, ümumiyyətlə, Azərbaycanda cə­rə­yan edən ədəbi həyat barədə çox maraqlı məlumatlar top­lanmışdır. Görürük ki, ədəbi məclis şairlərinin xalqın gündəlik hə­yatından uzaqlaşaraq klassik ənənəni təqlidlə məşğul olduq­ları fikri həqiqətə uyğun deyil. Kitabda Məmo bəy Məmainin çar Rusiyasının işğalçılıq siyasətinə, Qa­rabağın erməniləşdi­ril­məsinə qarşı yazdığı, vətəndaşları ayılmağa çağı­ran bu beyti çox şeydən xəbər verir:

Bir yanda vətən təhlükəsi canımı almış,

Bir fəhm edənim, anlayanım, dərk edənim yox.

Beləliklə, görkəmli tədqiqatçı və şair, Stalin repressiya­la­rı­nın qur­ban­larından biri Əliabbas Müznibin son dövrlərdə üzə çıxarılaraq ­­­oxu­cuların ixtiyarına verilmiş əsərlərinin sırasına “Na­təvan Xurşidbanu” kitabı da əlavə olunur. Bəs nə üçün ki­ta­bın 1928-ci ildə çapdan çıxmış ilk variantında müəllifin adı göstərilməmiş, əsəringenişləndirilmiş, tək­milləşdirilmiş va­rian­tı sonralar işıq üzü görməmişdir? Bu suallara hələ­lik cavab vermək imkanına malik deyilik.


1   ...   4   5   6   7   8   9   10   11   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə