Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi




Yüklə 4.06 Mb.
səhifə35/41
tarix22.02.2016
ölçüsü4.06 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

Ədəbİyyat:


  1. Buzovnalı Azər. AMEA Əlyazmalar İnstitutu, fond 12, s.v. 9

  2. Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, Elm və təhsil, 2011.

  3. Kərimov Paşa. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, Nurlan, 2011.

  4. Məşədi Azər, Seçilmiş əsərləri. Bakı, Oğuz nəşriyyatı, 1995.


Şəhla Xəlİllİ

(Əlyazmalar İnstitutu)
Əlaəddİn Sabİt Bosnəvİ “Küllİyyat”ının

əldə olunmuş nüsxələrİnİn

elmİ-paleoqrafİk təsvİrİ
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Bosniyada anadan olan, İstanbulda yaşayaıb-yaradan Əlaəddin Sabit Bosnəvinin son araştırma­lara görə dünya kitabxanalarında altmış beşə yaxın əlyazma nüsxələri mü­əyyən edilmişdir. Müəyyən olunan nüsxələr fil.e.d.Azadə Musaye­vanın “Uziçeli Əlaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdi­rilmiş bilgilər” adlı məqaləsində öz əksini tapmışdır. Qeyd olunur ki, bu əlyazma nüsxələri London, Marburq, Berlin, St.Peterburq, Bakı, Kay­seri, Ədirnə, Kütahya, Konya, Vatikan, Upsala, İstanbul kitabxana­la­rın­da muhafizə olunur. Təkcə İstanbul kitabxanalarında (Ayasofya Kitab­xanası, Millət Kitabxanası, Süleymaniyyə Kitabxanası, Topqapı Sarayı Muzeyi Kitabxanası, İstanbul Universiteti Kitabxanası, Bəyazid Dövlət Kitabxanası, Köprülü Kitabxanası) otuz səkkizə yaxın nüsxəsi mövcud­dur. Bunlardan başqa bəzi kataloqlarda və bir neçə Şərq əlyazmaları ka­taloqlarında təsviri vardır (6).

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundə M-25 şifri altında sax­lanılan Sabit “Külliyyatı”nın müqayisəli araşdırmasını həyata keçir­mək üçün daha 7 nüsxə əldə edərək tədqiqata cəlb etmişik.

Əldə etdiyimiz nüsxələr Ankara Milli Kitabxanasından A550, A1949, İstanbul Topqapı Sarayı Muzeyinin kitabxanasından H.878, H.901, H.902, E.H.1620, və Kayseri Raşit Əfəndi Kitabxanasından olan nüsxələridir. Bu nusxələri şərti olaraq belə adlandırmışıq: Bakı nüsxəsi – ب, Kayseri nüsxəsi - ق, H.901 - م, H.902 - ت, A1949 - ا, H.878 - ل, E.H.1620 - ى, A550 - ه.

Nüsxələrin adları, şərti olaraq adlandırılması, saxlanma yeri və kö­çürülmə tarixi aşağıdakı cədvəldə öz əksini tapmışdır:




Əlyazmanın adı

Əlayzmanın şərti adı

Saxlanma yeri

Köçürülmə tarixi

Bakı nüsxəsi

ب

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

h.1124 (1712)

Kayseri nüsxəsi

ق

Kayseri Raşit Əfəndi Kitabxanası

h.1137 (1724-25)

H.901

م

Topqapı sarayı Kitabxanası

h.1148 (1735-36)

H.902

ت

Topqapı sarayı Kitabxanası

h.15 zilhiccə 1161 (3dekabr 1748)

A.1949

ا

Ankara Milli Kitabxana

h.1162 (1748)

H.878

ل

Topqapı sarayı Kitabxanası

h.1168 (1754)

E.H.1620

ى

Topqapı sarayı Kitabxanası

h.15 rəcəb 1204

(31 mart 1790)

A.550

ه

Ankara Milli Kitabxana

məlum deyil

Aşağıda nüsxələrin paloeqrafik təsvirini və onlar haqqında ayrı-ayrı, geniş məlumat verməyi lazım bilirik.



1. Bakı nüsxəsi - ب

Əlaəddin Sabit Bosnəvinın AMEA Məhəmməd Füzuli adına Əlyaz­malar İnstitutunda mövcud olan əlyazması M-25 şifri altında saxlanılır. Həcmi 147 vərəqdən ibarətdir, ölçüsü 19x12 sm.dir. Hər səhifədə iki sü­tunda, 19 sətirli, təliq xətlə yazılmışdır. Avropa istehsalı filiqranlı ka­ğız­da, 1124-cü ildə qələmə alınmışdır. Vərəqlər açıq və tünd təbii sarı və noxudu rəngdədir. Cildi bərpa olunduqdan sonra moruq rəngli də­ri­dir. Mətn qara, başlıqlar narıncı, qırmızı mürəkkəb və zəfəranla yazıl­mış, qara mürəkkəblə zərlə qoşa xətli haşiyə içərisindədir. Hər bölüm gözəl bir rəsmlə başlayır. Əlyazmanın 1-ci və 43-cü səhifələrində üçbu­caq şəkilli müəssisə möhürü, 10-dan çox səhifədə isə “Sabit Əli, 1124” yazılmış şəxsi möhür basılmışdır. Bu möhürə əsasən əlyazmanın h.1124 (1712)-ci ildə yazıldığı təxmin olunur. 7 vərəqdə “İşbu divani-Sabit Əlaəddin Bosnəvi, bin yüz igirmi dördüncü sənəyi-hicridə zilqədə ayının müntəsifində ərbabi-zövq və səfa üçün yadigar olaraq təhrir qı­lındı” (Bu Sabit Əlaəddin Bosnəvi divanı, min yüz iyirmi dörd hicri ilinin zilqədə ayının yarısında zövq və səfa əhli üçün yadigar olaraq yazıldı) yazısı vardır.

Əlyazma kitabının birinci səhifəsi yoxdur. Əlimizdə olan başqa nüs­xə­lərlə qarşılaşdırarkən təxminən 21 beytinin olmamasını ortaya çıxarı­rıq. Yəni başlıq olan ilk səhifə itmişdir. Bu nüsxələrə əsaslanaraq diva­nın meracnamə ilə başladığını düşünürük. Divan başlayır:

O şəb zəbt etdilər tarixi-meracı-məlayı,

Midadi-müşk ilə kitabi-divanxaneyi-məna,

او شب ضبط ايتدلر تارج معراج معلايى

مداد مشك ايله كتاب دوانجانه معنا

Bitir:


Ol zaman tuyulub mənqəbəsi,

Qaldı ol şəxsə ləqəb “Söz əbəsi”.

اول زمان طويولوب منقبسى

قالدى اول شجسه لقب سوز ابسى

Əlyazma beş bölümdən ibarətdir. İlk bölüm meracnamə ilə başlayır. Sonra nət, arxasınca dövrünün bəzi böyüklərinə yazılmış 15 qəsidə gə­lir. Qəsidələrin arasında 2 ədəd qəzəl də vardır. Başqa nüsxələrlə qarşı­laş­dırdığımız zaman Sabitin 30-a yaxın qəsidəsi olduğu məlum olmuş­dur.

Qəsidələrdən sonra hər birinin üzərində illəri yazılmış 28 ədəd mad­deyi-tarix vardır. Tarixlərdən sonra 2 təxmis və 1 tərciibənd, arxasınca 5 lüğəz gəlir.

Divanın ikinci bölümü 28 hərfi əhatə edən qəzəllərdən ibarətdir. Qə­zəllər 334 ədəd təşkil edir. Qəzəlləri “İbtidai-məqətəat” adlı 9 ədəd qitə təqib edir. Qitələrdən sonra 31 ədəd “İbtidai-rübaiyyat” adlı rübailər bö­lümü yer alır. Arada müsəddəs adlı 3 beyt vardır. Daha sonra hamısı 134 ədəd olmaqla mətlə, müfrəd, fərd, beyt, şeir, nəzm yazılmışdır.

Üçüncü bölüm “İbtidaye-Ədhəmü Hüma dər tövhide-bari” adlı məs­nəvisindən ibarətdir. Bu məsnəvi də minacat, nət, meracnamə, mədh­lər­lə başlayır. Mədhlərdən sonra əsl hekayə yazılır. Məsnəvi xəfif bəhrinin fəilatün, məfailün, fəilün vəznində yazılmışdır. Salimin yazdığına görə bu məsnəvi Sabitin meydana gətirmək istədiyi “Xəmsə”nin ilk əsəridir.

Divanın dördüncü bölümü “Bərbərnameyi-Sabit Əli” əsəridir. Bu əsərdə isə Sabit bir bərbər şagirdinin başından keçən hadisəni nəql edir. Əsər rəməl bəhrinin fəilatün fəilatün fəilün vəznində yazılmışdır. 109 beyt­dən ibarətdir.

Beşinci bölüm isə “Dərənameyi-Sabit Əli” adlı məsnəvisidir. Məs­nə­vi bir erməni qadınına aşiq olan, onu əldə etmək üçün hər yola baş vuran və sonunda istəyinə çatan, Söz Əbəsi ləqəbi ilə tanınan hiyləgər bir adam haqqındadır. Rəməl bəhrinin fəilatün (failatün), fəilatün, fəilün (fəulün) vəznində yazılmışdır. 153 beytdən ibarətdir (6, 7, 8).

2. Kayseri nüsxəsi - ق

Kayseridə Raşit Əfəndi kitabxanasından Sabitin bir ədəd divanını əldə etmişik. 1268 şifri altında qorunan Sabit Divanı h. 1137-ci ildə (1724/25) köçürülmüşdür. Divanın həcmi 162 vərəq, ölçüsü 30x13 sm., hər səhifədə iki sütunda yazılmış, sətir sayı 17-dir. Başlıqlar qırmızı mürəkkəblə yazılmış, haşiyələr qara rəngli, sərlövhələr gözəl naxışlarla bəzədilmişdir. Qara rəngli meşindən olan cildinin üzərində qızılı rəsm­lər vardır. 5 vərəqdə dairəvi, ilk səhifədə isə bir ədəd altıbucaqlı möhür vardır.

Divan başlanır:

Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.

خوثا فرخنده اختر ليله ممتاز مستثنا

كه عنوان برات قدريدر سر سورﮤ اسرا

Bitir:


Sufi pesərə mail olur doxtərə atiq,

Mabeyn odası gibi iki yüzlü münafiq.

سوفی ﭘسره ماﺌل اولور دختره عاتق

مابين اودهسى كبى ايكى يوزلى منافق

Divan meracnamə ilə başlayır, nətlə davam edir. Nətdən sonra 27 ədəd qəsidə yazılmışdır. Bunlardan başqa divanda 306 qəzəl, 33 tarix, 30 qitə, 18 rübai, 3 təxmis, 113 ədəd mətlə vardır. Həmçinin “Bərbərnamə”, “Mənqəbeyi-tonlı dərə dər həqqe-Xacə Fəsad və Söz Əbə­si”, “Mənqəbeyi-Əmrülleys” adlı mənzumələr də burada yer alır (5).



3. Topqapı Sarayı muzeyində H.901 م - şifrəli nüsxə 158 vərəqdən ibarətdir. H. 1148-ci ildə (1735-36) Əbdülqədir b. Mahmud tərəfindən köçürülmüşdür. Xətti təliqdir. Hər səhifəsində 21 sətir var. Mətn qara, baş­lıqlar qırmızı mürəkkəblə yazılmışdır, haşiyəsizdir. Cildi qara rəngli dəridir. Cildin kənarlari zərlə haşiyələnmişdir.

Başlanır:



Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.

خوشا فرخنده اختر ليله ممتاز مستثنا

كه عنوان برات قدريدر سر سورﮤ اسرا

Bitir:


Yüz iki mədh edicək devirən Həllac toqmağına,

Yay kirişi gibi pat-pat üz amanə bürün.

يوزيكى مدح ايديجك دويرن حلاج طوقمغن

ﭘاب ﭘاث اوز ﺁمانه بورون ياى كريشى كبى

Divan 1 meracnamə, 2 nət, 30 qəsidə, 33 tarix, 352 qəzəl, 2 qi­tə, 3 təx­mis, 46 əbyat, 114 mətlədən və “Zəfərnamə”, “Bərbərnamə”, “Dərənamə”, “Əmrülleys” mənzumələrindən ibarətdir (10).



4. Topqapı Sarayı muzeyində H.902 ت –şifrəli nüsxə 15 zilhiccə 1161-ci ildə (3 dekabr 1748) köçürülmüşdür. Həcmi 206 vərəq, ölçüsü 22,1x14,7 sm., sətir sayı 19, xətti təliqdir. Divanda başlıqlar və haşiyə­lər qırmızı, mətn qara mürəkkəblədir. Cildi qəhvəyi meşindir, üzəri zərlə haşiyəli və bəzəklidir. 1-ci və 3-cü vərəqlərində Lofça qazısı Fey­zul­lah əfəndinin şəxsi möhürü və başqa 2 möhür basılıdır. Əvvəlində Sabitin qısa tərcümeyi-halı verilmişdir. Ilk səhifələrdə qarışıq beytlər, qəzəl və s. yazılmışdır.

Başlanır:



Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.

خوشا فرخنده اختر ليله ممتاز مستثنا

اسرا كه عنوان برات قدريدر سر سورﮤ

Bitir:


Çəməni-nəzm ta olə nabət,

Olə bu Ədhəm ü Hümayi-Sabit.

چمن نظم طا اوله نابت

اوله بو ادحم و هما ثابت

Nüsxədə 1 meracnamə, 2 nət, 37 qəsidə, 42 maddeyi-tarix, 355 qə­zəl, 2 tərcibənd, 3 rübai, 57 qitə, 150 beyt, 5 lüğəz və “Dasitani-sərti­raş”, “Xaceyi-Fəsad”, “Zəfərnamə”, “Ədhəm və Hüma” mənzumələri və bir təqriz yazılmışdır (11).



5. Ankara nüsxəsi A.1949 - ا

Ankara Milli Kitabxanada kitabxanada saxlanılan 14 nüsxədən biri də 1949 şifrli nüsxədir. Bu nüsxə 20,8x17,7 sm., ölçüsündə, 159 və­rəq­dən ibarətdir. 23 sətrlidir, təliq xətlə, filiqranlı kağızda, 1162-ci ldə (1748-ci il) köçürülmüşdür. Sərlövhə zərli haşiyəli, digər vərəqlər isə qırmızı haşiyəlidir. Başlıqlar qırmızı, mətn qara mürəkkəblə yazıl­mış­dır. Əlyazma üzərli zərlə bəzədilmiş, qulaqlı, bənövşəyi meşin cild içə­risindədir.

Başlanır:

Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.

خوشا فرخنده اختر ليله ممتاز مستثنا

كه عنوان برات قدريدر سر سورﮤ اسرا

Bitir:


Lüğəzdən nəm qapar yasəmin tən,

Saçin tər düşməsün su sərpəcəkdir.

لغزدن نم قاﭘر ياسمن تن

ساﭼن تر دوشمسن صو سرﭘجكدر

Divan meracnamə ilə başlayır. Bundan başqa divanda nət, rama­za­niy­yəyi-nət, 28 qəsidə, 3 təxmis, 2 tərcii-bənd, 37 tarix, 41 qitə, 83 mət­lə, 5 lüğəz, 358 qəzəl və “Bərbərnameyi-Sabit Əfəndi”, “Mənqə­be­yi-Xa­cə Fəsad və Söz Əbəsi”, “Mənqəbeyi-Sipahi”, “Zəfərnaməyi-dər həq­qe-Səlim Gəray”, “Ədhəm və Hüma” mənzumələri də vardır (3).



6. Topqapı Sarayı muzeyində H.878 - ل şifrli nüsxə. Nüsxənin həcmi 139 vərəqdən ibarətdir. 1167-ci ildə köçürülmüşdür. Ölçüsü 23,5x13 sm., sətir sayı 25-dir. Başlıqları təzhiblə bəzədilmiş, haşiyələr zərlidir. Cildi tünd qırmızı dəridəndir.

Başlanır:



Həmd ana kim, olub mədbəri-ərş,

Etdi zilli-Hümayi-fəzlini fərş.

حمد اكا كيم اولوب مدبر عرش

ايتدى ظل هماى فضلنى فرش

Bitir:


Guşeyi-təkyədə qalmaq qəsdi,

Tirini atdı kəmanın yasdı.

كوشىء تكيه ده قالمق قصدى

تيرنى اتدى كمانن ياصدى

Bu nüsxə içindəkilərə görə digər nüsxələrdən fərqlənir. Nüsxə mi­na­catla başlayır. Minacatın ardınca 6 ədəd nət verilmişdir. Nətlərdən son­ra 2 ədəd qəsidə vardır. Ardınca “Hekayəti-Ədhəm”, “Hekayəti-Əmrül­leys”, “Bərbərnamə”, “Hekayəti-Xacə Fəsad”, “Zəfərnamə” mən­zumələri yazılmışdır. Daha sonra digər divanlarda olduğu kimi sı­rayla 1 meracnamə, 2 nət, bahariyyeyi-məsnəvi, 26 qəsidə, 37 tarix, 1 mü­rəşşər, 1 müsəmmən, 2 təxmis, 355 qəzəl, 22 qitə, 24 rübai, 105 mət­lə, 5 lüğəz burada yer alır (9).



7. Topqapı Sarayı muzeyində E.H.1620 - ى şifrli nüsxənin həcmi 195 vərəqdən ibarətdir. Ölçüsü 23,3x17,3 sm., sətir sayı 21, təliq xəttlə yazılmışdır. Cildinin arxası və kənarları meşin, ortası parçadandır. H.15 rəcəb 1204-cü ildə (31 mart 1790) Nazifzadə Əhməd Yüsri tərəfindən köçürülmüşdür. Əvvəlindəki 2 vərəq tamamilə zər və nəbati naxışla, 1, 65, 79, 144, 157-ci vərəqlər isə türk işi sayılan naxışla bəzədilib. Əl­yaz­mada Seyid Yəhya İhya tərəfindən təshih edildiyi qeydi də var.

Başlanır:



Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.

خوشا فرخنده اختر ليله ممتاز مستثنا

كه عنوان برات قدريدر سر سورﮤ اسرا
Bitir:

Şəb degil bəxtü əsr gunəsidir,

Sehri Ədhəmin nümunəsidir.

شب ركل بخت و اثر كونسيدر

سحر ادهمك نمونسيدر

Bu nüsxədə 1 meracnamə, 2 nət, Abdülqədir Ceylaniyə və Şeyx Mis­riyə yazılmış mədhiyyələr, 30 qəsidə, 3 təxmis, 43 tarix, 324 qəzəl, 2 tərcibənd, 58 qitə, 159 beyt, 5 lüğəz və “Bərbərnamə”, “Xaceyi-Fə­sad”, “Əmrülleys”, “Səlim Gəray adına məsnəvi”, “Ədhəm və Hüma” mən­zuməsi yer alır (12).



8. Ankara nüsxəsi A.550 - ه

Ankarada Milli kitabxanada Sabitin 14 ədəd əlyazma nüsxəsi mü­hafizə olunur. Milli kitabxanadan A550 və A 1949 şifrli 2 ədəd nüsxə əl­də edə bilmişik. A550 şifrli əlyazma nüsxəsi 192 vərəqdən ibarətdir. Tə­liq xətti ilə yazılmışdır. Ölçüsü 215x125-160x80 mm-dir. Tac və dağ filiqranlı kağızda yazılmışdır. 17 sətrlidir. Sərlövhə və haşiyələr təzhib sənəti ilə bəzənmiş, birinci səhifədəki haşiyə zərlə, digər haşiyələr və başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın arxa və ön kə­nar­ları qəhvəyi meşin, qulaqlı, bərpa olunmuş ağ rəngli cild içərisin­dədir. Əlyazma aşağıdakı beytlə başlanır:

Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,

Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.



خوشا فرخنده اختر ليله ممتاز مستثنا

كه عنوان برات قدريدر سر سورﮤ اسرا

Bitir:


Bana memar isən əğyar yıqılsın getsin

Dili-viranım yanmaq isə qəsdin yab yab

بكا معمار ايسك اغيار يقيلسك كتسك

دل ويرانم يانمق ايسه قصرك ياب ياب

Divan meracnamə ilə başlayır, arxasınca 2 ədəd nət yazılmışdır. Di­vanda Ziya Paşanın “Xərabat” əsərində qeyd olunan Sabitin ölümünə ya­zılmış beyt və “Xərabat”ın müqəddiməsində Sabit haqqında yazılmış beytlər vardır. Həmçinin Nabinin Sabitə təriflə yazdığı beytlər də yer al­mışdır.

Divanın içində 1 meracnamə, 2 nət, 40 ədəd qəsidə, 339 qəzəl, 36 ta­rix, 1 müsəmmən, 1 mürəşşər, 32 qitə, 18 rübai, 110 mətlə, 5 lü­ğəz, 3 təxmis vardır. Bunlardan başqa divanın içində “Dasitane-Ədhə­mü Hüma”, “Şövqəngiz”, “Zəfərnamə”, “Bərbərnamə”, “Xaceyi-Fə­sad”, “Mənqəbeyi-Əmrülleys” adlı mənzumələr də vardır (4).
ƏDƏBİYYAT:


  1. Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələ­lə­ri. Bakı: 2002, 200s.

  2. Adilov M. Türk mətninin transfoneliterasiyası problemləri. Bakı: 2003, 120s.

  3. Ankara Milli Kitabxana A.1949.

  4. Ankara Milli Kitabxana A.550.

  5. Kayseri, Raşit Əfəndi Kitabxanası.

  6. Musayeva A. Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər // Orta əsr əlyazmaları və Azərbaycan mədə­niyyəti tarixi problemləri. XI cild. Bakı: Nurlan, 2008, səh. 108-145.

  7. Sabit. Divan. (hazırlayan: Turqut Karacan). Sivas: 1991. 633 s.

  8. Sabit. Külliyyat. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmaları İnstitutu, M-25.

  9. Topqapı sarayı kitabxanası H.878.

  10. Topqapı sarayı kitabxanası H.901.

  11. Topqapı sarayı kitabxanası H.902.

  12. Topqapı sarayı kitabxanası H.1620.


Samirə Əlİyeva

(Əlyazmalar İnstitutu)

ŞƏRƏF XANIM BİNTİ ƏR-RUMİNİN QƏSİDƏLƏRİ

HAQQINDA ÜMUMİ MƏLUMAT

XIX əsr Osmanlı ədəbiyyatının qadın şairləri içərisində özünəməx­sus yer tutan Şərəf Xanım Divanının nüsxələrində 23 ədəd qəsidə yer almışdır. Bildiyimiz kimi, ən əski lirik şeir janrlarından hesab edilən qə­si­dənin həcmi əsasən on beş, bəzən də otuz beytdən çox olur. Belə lirik şeirlər mədh, tərif niyyəti ilə yazılır. Burada konkret bir şəxsiyyət, ya da müəyyən bir hadisə və onun cərəyanı təntənəli bir üslubda mədh edilir. Klassik Şərq ədəbiyyatında qəsidələr əruzun bir sıra bəhrlərində yazılırdı. Mətlə qafiyəsi qəsidə ənənəsinə uyğun beytlərin hamısında saxlanılırdı. Qəsidə bəzi ədəbi formaların başlancığını özündə cəmləş­dirən sinkretik janrdır. Münacat, nət, mədhiyyə, fəxriyyə, qitə və mər­siyyə kimi klassik şeir formaları onun bətnində təşəkkül tapmış; hətta bəzi sənətkarlar qəsidənin müəyyən hissəsində qəzəldən istifadə etmiş və ona “təğəzzül” demişlər. Şərqdə qəsidəyə maraq, daha tez, hətta mi­lad­dan əvvəl oyanmışdır. İlk öncə ərəb ölkələrində “Tayfa və qəbilə qəsidələri” yaranmışdır. V-VI əsrlərdə Ümrul-Qeysin və Əntərə ibn Şəa­dad mündərəcəsinə qəzəl və qəsidə ünsürləri hopan qəsidələr yaz­mışlar. Əməvilər və Abbasilər dövründə qəsidə geniş yayılan şeir janrı idi. Türk Xaqanı Sultan Mahmud Qəznəvi qəsidəyə böyük əhəmiyyət verirdi. Haluk İpəktənə görə, Türk ədəbiyyatında qəsidənin başlanğıcı olduqca qədimdir. XIII yüzillikdə Mevlananın Divani-Kəbirində 300-ə qədər qəsidəsi vardır. Bunlar şairin gerçək sevgilisi üçün söylədiyi tövhid və münacatlardır. Qəsidələr farsca olduqları halda, Mevlana türk şairlərincə çox oxunduğu üçün təsirləri böyük olmuşdur. (H.İpəktən, Eski Türk Edebiyyatı, səh.43).

Şərəf Xanımın Divanında: on birbeytlik 1 qəsidə; on ikibeytlik 3 qə­sidə; on beşbeytlik 1 qəsidə; on altıbeytlik 1 qəsidə; on yeddibeytlik 1 qəsidə; on səkkizbeytlik 8 qəsidə; iyirmi beşbeytlik 1 qəsidə; otuz beyt­lik 1 qəsidə; otuz birbeytlik 1 qəsidə; otuz doqquzbeytlik 1 qəsidə; qırxbeytlik 2 qəsidə; qırx ikibeytlik 1 qəsidə; qırx üçbeytlik 1 qəsidə yer almışdır. Deməli, qəsidələrin həcminə görə ən kiçiyi on bir beyt, ən böyüyü qırx üç beytdir. Şərəf Xanım qəsidələrini əruzun 10 müxtəlif qəlibindən istifadə edərək yazmışdır:


  1. “Məfa`İlün məfa`İlün məfa`ilün məfa`ilün” (Həzəc bəhri): 6 qəsidə;

  2. “Fə`ilatün Fə`ilatün Fə`ilatün Fa`ilün” (Rəməl bəhri): 4 qəsidə;

  3. “Məf`ulü Fa`ilətü Məfa`ilü Fa`ilün” ( Müzari bəhri): 3 qəsidə;

  4. “Məfa`ilün Fə`ilatün Məfa`ilün Fə`ilün” (Müctəss): 3 qəsidə;

  5. “Fa`ilatün Fa`ilatün Fa`ilatün Fa`ilün” (Rəməl bəhri): 2 qəsidə;

  6. “Fə`ilatün Məfa`ilün Fə`ilün” (Həfif bəhri): 1 qəsidə;

  7. “Məf`ulü Məfa`ilu Məfa`ilü Fə`ilün” (Həzəc bəhri): 1 qəsidə;

  8. “Məf`ülü Məfa`İlün Məf`ilü Məfa`İlün” (Həzəc bəhr): 1 qəsidə;

  9. “Müftə`İlün Müftə`İlün Fa`İlün” (Səri bəhri): 1 qəsidə;

  10. “Məf`ulü Məfa`İlün Fə`İlün” (Həzəc bəhri): 1qəsidə;

Qəsidələrdə istifadə edilən qafiyə və rədiflərə gəldikdə, 23 qəsi­də­nin 17-də rədifdən istifadə etmiş, 1 qəsidədə qafiyə ilə yanaşı həm də rə­difdən istifadə etmiş, 4 qəsidədə isə yalnız qafiyə ilə kifayətlənmişdir. Şə­rəf xanım qəsidələrində rədif və qafiyə kimi işlənmiş sözlər bun­lar­dır: “la ilahə illallah”, “-a ya Rəsulallah”, “əssəlami əleyk”, “-sin əfən­dim”, “et ya Həzrəti-Mevlana”, “-Monlayi-Rum”, “-dür Güruhi-Mev­levi”, “Qadirilərün”, “dur Yazıçızadə”, “-dur Əhmədi-Bican”, “-i dərvi­şün”, “ağlamazmısın”, “olsun”, “-dür bu”, “-mi olur”, “olsun”, “-i”, “an”, “əskəri-islam”, “an”, “oldı”. Əruzun qısa qəliblərindən olan həzəc bəh­rinin “Məf`Ulü MəfA`İlün FƏ`İlün” qəlibində yazılmış “-i” hərfinin bə­zən rədif, bəzən də qafiyə funksiyasını daşıdığı 40 beytlik qəsidə ol­duqca böyük maraq doğurur. Bu qəsidə Ali Paşanın xarici bir ölkədəki səfir vəzifəsini bitirib öz ölkəsinə dönüşü və təşrifini təbrik etmək məq­sədilə yazılmış bir qudümiyyə xarakteri daşıyır. Bu qəsidənin əvvəl qis­min­də fələkdən şikayət, daha sonra mədhiyyə və təşriflə dönüşü müj­də­ləmə, əsərin sonunda isə dua hissələri yer almışdır. Bu mənzumədə klassik qəsidə ənənələrindən kənara çıxılaraq şairənin öz təxəllüsü keçən tac beyt 35-ci beyt hesab edilir. ب nüsxəsində “Küdumiyyə Bə­rayi-Ali Paşa” başlığı altında verilən həmin əsərdən bir parçanı diq­qə­tinizə çatdırırıq:

Məf`Ulü məfa`ilün fə`Ulün

... Görmüş degil idi mülki-Əfrənc,

Zatın kibi bir səfiri-ali.
Vəsfində nə dənlü etsəm ifrat,

Təsdiq edər İngilis kralı.


Zatın ilə fəxr edərsə çoxmı,

Dünyada olan bütün əhali.

Hökm eylə sipehrə qeyri bitsin,

Biçarə Şərəflə ixtilali...

Şərəf xanımın qəsidələrinə nəzər saldıqda belə bir qənaətə gəlmək olur ki, “Şərəf xanım bir mərsiyə” şairidir. Belə ki, şairə 8 qəsidəsini mər­siyəyə ayırmışdır ki, bunların da hamısı Kərbəla mərsiyəsidir. O, Ali-Əbayə olan məhəbbətindən və Kərbəla hadisəsinin onun ruhunda açdığı dərin təəssürata və acılara görə yaşadığı dövrdə hər il bir “Kər­bəla mərsiyəsi” yazacağını ifadə etmişdir. Bunlardan 18 beytdən ibarət olan və əruzun Müzari bəhrinin Məf`Ulü fa`İlatün məf`ulü fa`ilatün qəlibində qələmə aldığı “ağlamazmısan” kəlməsindən rədif olaraq isti­fa­də etdiyi qəsidəsi hiss və duyğularının təlatümünün təzahürü kimi səs­lənir:

Məf`Ulü fA`İlatün məf`Ulü fA`İlatün

Gəldi Mühərrəm, ey dulü can, ağlamazmısan,

Matəm zamanı rüzu şəban ağlamazmısan.
Netdi Yezid mərdüməki-Fəxri-aləmə,

Yad eyləyüb o vəqti, aman, ağlamazmısan.

Şərəf xanımın divanında həm də klassik qəsidə anlayışına və qaydalarına uyğun yazılmış iki bahariyyə mövcuddur. Bunlardan biri Müctəss bəhrinin Məfa`ilün fə`ilatün Məfa`ilün Fə`ilün qəlibiylə Validə Sultanın mədhinə yazılmış 31 beytlik bir mənzumədir. Qəsidədə 1-20-ci beytlər nəsib, 21-25-ci beytlər təğəzzül, 25-ci beyt girizgah, 26-29-cu beytlər mədhiyyə, 30 və 31-ci beytlər isə dua xarakteri daşıyır. Klassik qəsidələrdə əgər təğəzzül, yəni qəsidənin daxilində qəzəl yerləşibsə, şairin adı həm qəzəlin sonunda, həm də qəsidənin son beytlərində keçir. Lakin bu qəsidədə şairə yalnız təğəzzül bölməsində 25-ci beytdəki məx­ləsi ilə kifayətlənmişdir, yəni əsərdə “tac beyt” yoxdur. Bu qəsidə ba­hariyyə formasında yazıldığı üçün burada bir cox çicək ünsürünün adı keçməkdədir: qönçə, sünbül, şəbbu, civan pərçimi (boymadərən), zülfi-arus (gəlin teli), həzəran, hüsni-yusif, buz çiçəyi, kartopu, yasə­mən, qərənfil, lalə, gül, bənövşə, nərgiz və s. Onu da qeyd etmək lazım­dır ki, əvvəlki dövr klassik qəsidələrində işlənməyən “buz cicəyi”, “kar­topu” kimi çiçəklər də bu əsərdə sayılmaqdadır.

Həzəc bəhrinin Məfa`ilün məfa`ilün məfa`ilün məfa`ilün ölçüsündə yazılmış Ali Emin Paşa vəsfinə həsr edilmiş “oldı” rədifiylə yazılmış 40 beytlik bahariyyə də olduqca maraqlıdır. Bu mənzumə də klassik qə­sidə qaydalarına uyğun bir şəkildə qələmə alınmışdır. 1-17-ci beytlər nə­sib, 18-21-ci beytlər təğəzzül, 22 və 23-cü beytlər girizgah, 24-36-cı beytlər mədhiyyə, 37-ci beyt fəxriyyə, 38-ci beyt tac beyt, 38-40-cı beyt­lər dua xarakteri daşıyır. Şairənin adı həm təğəzzülün sonunda, həm də tac beytdə verilmişdir. Bu qəsidə də bir bahariyyə olduğundan bir çox çiçək və gül adları əsərdə öz əksini tapmışdır: qönçə, gül, sün­bül, çadır çiçəyi, fulya, ərgəvan, nərgiz, zülfi-arus, civan pərçimi, bə­növ­şə, lalə, şəbbu, ay çiçəyi, gecə səfası, fülbəhri, zərrin-qədəh, çərxi-fələk, leylak, şakayık, zanbaq, xaşxaş çiçəyi, qərənfil, yasəmən, hər dəm tazə, ətirşah, kartopu. Bu əsərdə bəlkə də Şərəf xanımın qadın ol­ma­sından irəli gəlir ki, sələflərindən fərqli olaraq özündən əvvəlki ba­ha­riy­yələrdə çox pastlanmayan fülya, ay çiçəyi, fulbəhri, leylak, xaşxaş çiçəyi, hər dəm tazə, ətirşah, kartopu kimi çicəklər də özünəməxsusluğu ilə xatırlanmışdır.


Açıl, ey qönçeyi-ziba, açıl, fəsli-bəhar oldı,

Həzarın həsrəti-didar ilə dərdi həzar oldı.


Donandı hər tərəf üşkufeyi-əlvan ilə yer-yer,

Yenə sün`i-cənabi-Kidgari açikar oldı...


Bənəfşə çıxdı hərcayi deyü ifrati-yə`sindən,

Olub sünbül pərişan, lalə yeksər dağdar oldı...

Qərənfil yasəmən eşqiylə sinə çak-çak etdi,

Ya hər dəm tazəyə meyl etmədə biixtiyar oldı

1   ...   31   32   33   34   35   36   37   38   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə