Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi




Yüklə 4.06 Mb.
səhifə10/41
tarix22.02.2016
ölçüsü4.06 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

Aybəniz Rəhİmova

(Əlyazmalar İnstitutu)
Xavərnamə” dİnİ-qəhrəmanlıq dastanınının Bakı nüsxələrİ
Dastanlar onu yaradan xalqın keçmişi qədər qədimdir. Şi­fahi xalq ədə­biyyatımızın mühüm qollarından sayılan dastan­lar, insanların igid­li­yini, mərdliyini, qəhrəmanlığını, sevgisini və məhəbbətini müharibə­lə­rini, tarixi hadisələrin gedişatını bir sözlə həyatını özündə tərənnüm edən bir janrdır. Bu olaylar şi­fahi variantda gəzərək, ağızdan-ağıza ke­çir, yaddaşlarda for­malaşır və yazılı ədəbiyyata bir mənbə, bir qaynaq kimi daxil olur.

XII-XIII yüzilliklərdən etibarən ümumtürk dastanları yazı­ya alın­mağa başlamış, XV-XVIII yüzilliklər isə yazıya köçü­rül­mənin yüksəliş döv­rü hesab olunur. XVIII-XIX əsrlərdə də dastanların qələmə alın­ması, xüsusilə də müxtəlif katiblər tərə­findən nüsxədən-nüsxəyə köçü­rül­mə işi sürətlə davam etmiş­dir.

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tunun xə­zinəsində sənətkarlarımızın yaratdıqları nümunə­lər­lə yanaşı, müxtəlif çağlarda qələmə alınmış, hələ də işıq üzü görməyən xalq dastan abi­də­ləri rəflərdə yatmaqdadırlar.

Keçmiş yüzilliklərdə yazıya alınmış hər bir qədim dastan abidə­lə­rinin üzə çıxarılması tədqiqi və nəşri ədəbiyyatşünaslıq, mətnşünaslıq, dil tarixi, coğrafi ərazilərin öyrənilməsi və tarixi faktların aşkarlanması üçün elmi əhəmiyyət daşıyan zəngin materiallar verir. Yeri gəlmişkən müd­riklərin dastan abidələri haqqında söylədiklərini yada salaq: “Das­tan­lar millətlərin keç­miş həyatlarının qırıq-sökük aynasıdır. Onları bir yerə topla­maqla millətin mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqra­fi­yası və nəhayət özü bu aynada əks olunur. Bu nöqteyi-nəzərdən yazılı das­tan abidələrimizin oxunması, tədqiqi, öyrənilməsi və nəşri vacib mə­sə­lələrdəndir.

Sovet dönəmində Azərbaycan folklorşünaslığının inkişafı zəif ol­muş­dur deyə bilmərik. Əksinə bu illərdə folklor ədə­biy­yatının geniş his­səsini təşkil edən məhəbbət və tarixi qəhrə­manlıq dastanları “Şah İsmayıl”, “Əsli-Kərəm”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qə­rib”, “Abbas və Gülgəz”, “Xəs­tə Qasım” və s. abidələrimiz tədqiq olun­muşdur və dəfələrlə nəşr edilmişdir. Dövrün tələblərinə uyğun, sənət­kar­ların yarat­dığı yazı nümunələrində təsəvvüf, ürfan öyrənilmədiyi kimi, dini-qəhrəmanlıq yazılı dastan abidələrinə də münasibət eyni ol­muş­dur. Bu da bizi ötən zaman içində yaşananları, baş ver­miş hadi­sə­ləri dərindən öyrənmək imkanından məhrum etmiş­dir. Halbuki islamın gəlişi Yaxın Şərq ölkələrinə, eləcə də Azər­baycan mədəniyyətinin inki­şa­fına özünə məxsus müsbət təsiri ilə yaranmış mütəfəkkir yazarlarla yanaşı, xalqın dini-tarixi-qəhrəmanlıq mövzusunda yaratdığı xalq nü­mu­nə­lərinin də tədqiqinə, nəşrinə ehtiyac duyulur.

Əlyazmalar İnstitutunda qorunmaqda olan əlyazma abidə­ləri içə­ri­sin­də dini-tarixi-mifoloji dastan abidələri kimi yer alan “Qəhrə­man­na­mə” və “Xavərnamə” əlyazmaları diqqəti çə­kəcək dərəcədə maraqlıdır.

“Xavərnamə” dastanının Azərbaycan folklorunda dini-mi­fo­loji-qəh­rə­manlıq mövzusu olaraq geniş yayılmış, özündən sonra yaranan qəhrə­man­lıq dastanlarına xüsusilə də “koroğlu”­ya öz təsirini göstərmişdir. “Xa­­vərnamə” dastanının əsli, XV əsr fars ədəbiyyatından götürül­müş­dür. Dastan şifahi şəkildə ağız­dan-ağıza keçərək yayılmış, dili müxtəlif ərazilərdə yerli danışıq şivələrinə uyğunlaşdırılmış hətta, əsərdəki surət­lərin adları belə fars dilində olan orijinal çap nüsxələrindən fərqli ad­larla dəyişdirilmişdir. Misal üçün 1328 h. (1910 m.) ta­rixində Təbrizdə Mə­həmməd Hüseyn əl-Təbrizi tərəfindən ya­zılan və çap edilən mətn­dən fərqli olaraq əsərin əsas qəhrəman surətinin adı Əbül-Möcəm oldu­ğu halda, əlimizdə işlədiyimiz nüsxədə Əbül Möhsün kimi getmişdir.

Əsərdə islam carçısı Həzrət Əlinin və səhabələrin islamı yayması yo­lunda etdikləri müharibələr və döyüşlərdə göstər­dik­ləri görünməz əf­sanəvi qəhrəmanlıqları, təsvir olunur. Das­tanda real tarixi hadisələr və baş­da Hz.Məhəmməd peyğəmbər (ə) və Hz.Əli olmaqla bərabər digər tarixi şəxsiyyətlər də təs­vir olunur. Bunlarla yanaşı mifoloji surətlər ümu­miyyətlə, mi­fo­loji aləmin təsviri burada öz əksini tapmışdır.

Əsərin həm fars, həm də türk dillərində əlyazma variantları ilə ya­naşı “Xavərnamə” adı altında çap nüsxələri də mövcud­dur.

İlk dəfə bu mövzu hicri 830 (1426-cı ildə) məşhur İran şairi İbn Hüs­sam Qaini tərəfindən nəzmə çəkilmişdir. Ömrünü doğ­ma kəndində ke­çirən İbn Hüssam bu əsəri də vətənində yaz­mışdır. Yuxarıda qeyd etdiyimiz kimi, dini-qəhrəmanlıq mövzusunda yazılan əsərdə Hz.Əli ibn Əbütalibin qeyri adi şücaətlərindən din yolunda göstərdiyi qəhrə­manlıqlarından bəhs edilir. Müəllif əsəri Firdovsinin “Şahnamə” poe­ma­sına nə­zirə olaraq yazmışdır. Dastanda təsvir olunan əsas surətlər, coğrafi ərazilər, baş vermiş hadisələr həqiqətlər əsasındadır. Bununla bərabər qeyd etdiyimiz kimi, əsərdə əfsanəvi mifoloji səhnələr, qeyri real surətlər, (divlər, cadular, pərilər, sehrikar­lar, nəhənglər və s.) til­sim­­li şəhərlər büllür divarlar, yanar qayalar öz əksini tapmışdır.

Hadisələr müqəddəs torpaqlarda Məkkə, Mədinədə və İran, Azər­bay­can ərazilərində cərəyan edir. “Qaf” və “Bülür” dağla­rın adları sıx-sıx çəkilir.

Dastanın əsas surətləri müqəddəs şəxsiyyətlər: Hz.Məhəm­məd peyğəmbər, Hz.Əli Əbutalib, Malik Əjdər, Əbül Mösüm, Səd Vəqqaz, Qubad şah, Təhməz şah və digərləridir. Sehrkar obrazlar: Babayi-Əmr, Əyyar kimi düşmən surətlər də əsərdə yer almaqdadır.

Pakistan və İran fars tədqiqatlar mərkəzi tərəfindən tərtib olunmuş “Fehristi əlifbaye nüsxayiye xətti kitabxaneye” Gənc­bəxş kataloqunda göstərilir ki, kitabxanada “Xavərnamə” (480s.) və “Xavərannamə” (484s) adı altında iki daş basma, bir nüsxə isə (233s) əlyazma şəkilində olan dastan abidələri qo­run­maqdadır. Abidənin nüsxələri nəsx və nəstəliq xəttilə ya­zılmışdır. Ümumiyyətlə “Xavərnamə” dastanının nüsxələri Bombey 1309-189-92 m. Tehran (1305, 1329, 1354), Təbriz (1860m) Lahur (1933m.) şəhərlərində daşbasma və digər üsul­larla çap olunmuşdur.

Əlyazmalar İnstitutunun xəzinəsində də “Xavərnamə” das­ta­nının üç nüsxəsi qorunmaqdadır. Xəzinədə olan yazılı dastan abidələri haqqında təsəvvür yaratmaq üçün əlyazmaların qısa təsvirini vermək gərəkdir.



  1. B-1591/3216 şifri altında saxlanılan “Xavərnamə” das­ta­nı, 159 vərəq həcmində olub, Şərq istehsallı saya kağızlara nəs­təliq xəttilə h.1316 (m.1898) da katib Vəliyulla Molla Əh­məd Qazaği tərəfindən köçürülmüşdür. Bu nüsxə əsərin mən­zum variantıdır.

  2. S-22/8976 şifrilə mühafizə olunur. Əlyazma h.1312 (m.1894) tarixində səfər ayında Rusiya istehsallı ağ sadə ka­ğız­lara nəstəliq-şikəs­tə xəttilə iki sütunda katib Sahibi Əb­düləziz tərəfindən köçürülmüşdür. Kitabın sahibi də həmin şəxs­dir.

  3. Bu nüsxə bizim çapa hazırladığımız əlyazmasıdır ki, yu­xarıda təsvirini verdiyimiz nüsxələrdən mükəmməlliyi ilə fərq­lənən B-6117 şifri altında qorunur. “Xavərnamə” və ya “Xa­vərzəmin” dastanı h.1174 (m.1760)-cü il tarixində kustar sarım­tıl saya, qalın Şərq kağızına, nəstəliq xəttilə köçürül­müş­dür. Mətn qara mürəkkəblə yazılmışdır. Əl­yaz­manın üzərinə əsgi sadə qara təbi dəridən cild çəkilmişdir. Hazırda həmin dəri üzlük qopulmuş vəziyyətdədir. Dağılan cild qalın saplarla əlyazmaya bərkidilmişdir. Əlyazmanın dili çox arxaik olub, “Şu”, “Şöy­lə”, “bu kəz”, “əvəz” (78-9), bir qaç gün (75a-7), baba (70a-6), yar­maqlamaq (70b-7) kimi bir çox söz və ifadələrin sonluqları əsərin Türkiyə ərazisində yazılması ehti­malını yaradır.

Abidənin sətr sayı 16, ölçüsü 21,5x16,5sm, mətn ölçüsü 17,5x12sm.

Başlanır: اى ياركلر بر قاج كونلر كه سعد ابن وقاص گورونمز

Bitir: بورادا تامام اولدى اوقويانى ديکابانى يازدوره نى رهمتوله

Əsərin həm fars, həm də türk dillərində əlyazma variantları və “Xavərzəmin” adı altında bir çap nüsxəsi də mövcuddur. Bi­zim çapa ha­zırladığımız nüsxə öz mükəməlliyilə xəzinə­miz­də yerləşən digər nüs­xələrdən fərqlənir. Qədim görünüşü ilə də di­gər nüsxələrdən fərqlənən əlyazma kitabı diqqətsizliyə mə­ruz qaldığından mətnin əvvəlində na­qis­lik və ön vərəqlərində cırıq-qopuq vəziyyət müşahidə olunur. Bu da mət­nin rahat oxunmasına çətinlik törətmişdi.

Əlimizdə olan nüsxə “Ey yarənlər, bir qaç gündür ki, Səd Vəqqaz görünməz, hal nədür? Pəs əshabları ayıtdı: - Bəli, Ya Rəsul Allah, bir qaç gündür ki, Səd Vəqqaz qızı Diləfruz ilə Qum qəbiləsinə köyə get­mişlərdir. Mətn Hz.Peyğəmbərin səhabları arasında olan dialoqu ilə baş­layır. (v.1a).

Səd Vəqqaz qızı Diləfruz ilə köylərinə getdiyi zaman yolda düşmən qüvvələr ilə rastlaşıb tutulurlar. Dörd gündən sonra Hz.Əlinin oğlu Əbül-Möhsün isə tək şikara gedir. Yolda azıb, Sədin qızı tutulduğu yerə çeşmənin üstə gəlib çıxır. Xavərzə­min padşahı Xavəran, bu zaman Yə­mən sultanına göndərdiyi elçi qayıdıb gələrkən, Mədinə səhrasında Hz.Əlinin nökəri Qən­bəri at otaran görür. Əlinin ikinci atı olan Üqabı və nökəri Qən­bəri tutub aparırlar. Digər at Düldül qaçıb evə gəlir və qa­pıda kişnəyir. Qapıya Hz.Fatimə çıxır. Atın belə kişnəməsini pis hal ki­mi qəbul edir. Bu zaman bir ərəb qapıya gəlir Üqabın və Qənbərin oğur­lanmasını xəbər verir. Hz.Əli məsələni an­layıb qılıncı “Zülfüqara” qurşanıb Düldülə suvar olur və onla­rın arxasınca gedir. Burada Hz.Pey­ğəmbər Cabrailə müraciə­tin­dən sonra, Cəbrail Allahın sözünü Məhəm­mədə yetirir ki, Əli Əxzərzəminə Əbülmöhsünü, Sədi, Qənbəri və Üqa­bı xilas etməyə yollanmış, Əxzərzəmini fəth edəcəkdir”. (v.1b). Hz.Əli yetişüb kafir qoşunu – həramilərin başçıları ilə bu yerdə dö­yüşür və onları qılıncdan keçirir və bir neçə döyüşçü ilə bə­zirgan sifətilə Xa­vər­zəmin adlı böyük bir şəhərə yetişirlər. Be­ləliklə hadisələr bu istiqa­mət­də davam edir.

“Xavərnamə” dastanının mövzusu ərəblərdən gəlir. Lakin nəşrə ha­zır­ladığımız abidənin dili arxaiq türk dilində yazıl­mışdır. XVIII yüzil­likdə yazılmasına baxmayaraq, əlyazmanın imla şəkilinə və qrammatik xüsusiyyətlərinə görə daha qədim nüsxədən köçürülməsi müşahidə olu­nur. Dövrünün yazı qay­dalarına əsasən cümlənin əvvəlində, ortasında çün, çünki, çün­kim, pəs, dəxi, nagah və s. ədatlardan istifadə olun­muş­dur. Das­tanın dili sadə və qısa cümlələrdən ibarət olsa da əski türkcə yazılmış və şübhəsiz ki, ərəb və fars sözləri ilə də zən­gindir. Mətndə səs dəyişmələrinə və ya cümlədə eyni sözlərin müxtəlif qrafik variant­la­rına rast gəlinir. Nüsxənin tədqiqi dil­çilik baxımından çox əhəmiy­yət­lidir. Əsərin dilinin lüğət tər­kibi arxaik türk mənşəli sözlərlə çox zəngin olub, dil tarixi baxımından çox maraq doğurur. Bu baxımdan qədim türk das­tanları ilə müqayisəyə gələcək qədər arxaikdir. “Xavərnamə” das­tanı “Dədə-Qorqud”, “Koroğlu” və yaxud 2009-cu ildə çap etdir­di­yimiz ümumtürk abidəsi, dini-qəhrəmanlıq dastanı “Ki­tabi-Battal Qazi” abidəsi ilə müqayisəyə gələ biləcək qədər də­yərli bir dastan abidəsidir. Buradakı ayruq (başqa, savayı), qıyur­maz (əhəmiyyətsiz, mənasız), qa­rınqay (qarışqa), ayru­cuq (bundan başqa, savayı), iritməz (çatmaz, yet­məz), qaqı­maq, qancır, qanda və s. əski türk mənşəli sözlər ilə zəngin­dir.

Lakin Anadolu ləhcəsiilə yanaşı Azərbaycan dilinə məxsus ifadə və sözlərə də rast gəlmək olur. Məs: “Əvət”lə yanaşı “Bəli” sözünə də rast gəlinir.

“Çıqa gəldi”, “Ayıtdı” ifadələri də mətndə çox fəaldır.

Ümumiyyətlə əsərin lüğət tərkibini öyrənmək vacib və əhə­miyyət­li­dir.

“Xavərnamə” dastanlarını ömrünün çox hissəsini əlyazma­ların təd­qi­qinə həsr etmiş dədəqorqudşünas alim, Əməkdar elm xadimi mərhum Şamil Cəmşidov vaxtı ilə bizə transfo­ne­lite­rasiya etmək üçün təqdim etmişdir. 145 səhifəlik əlyazma kita­bını 1994-1995-ci illər ərzində əski əlifbadan, o zaman ha­kim olan kiril əlifbasına çevirdik. Bu prosesin uzun çəkmə­si­nin səbəbi bizim əlyazma oxumaqda ələxsus da nəsr abi­də­lərilə işləmək təcrübəsizliyilə bağlı idi. Buna ramən mürəkkəb dili olan əlyazmanı oxuduğumuz zaman çətinlik çəkdiyimiz məqamlarda Şa­mil Cəmşidov öz köməkliyini əsirgəməyib və transfoneliterasiyanın tez başa çatması üçün əsərdən müəyyən parçaları da çevirmişdir. 1995-ci ildən etibarən yatıb qalan çevrilmiş mətn 2013-cü ildə Əlyazmalar İns­titutunun elmi şurasının qərarı ilə əlyazmanın üzərində yenidən iş­lən­məsi və qısa bir zaman içində çapa hazırlanması nəzərdə tutulmuş­dur.

Azərbaycanda “Xavərnamə” dastanı ilk dəfə Ş.Cəmşidov tə­rəfindən tədqiq olunmuşdur. 2002-ci ildə f.e.n. Alik Əliyevin redaktorluğu ilə alimin “Azərbaycan yazılı dastan abidələrinin tədqiqi” adlı monoqra­fi­ya­sı çapdan çıxır. Əsərin VII fəslini Şa­mil müəllim Dini-mifoloji yazılı dastan abidələrinə həsr etmiş və burada “Xavərnamə” dastanı ətrafında apardığı ilkin tədqiqatlarını və əsər haqqında gəldiyi nəticələri ver­mişdir. Ş.Cəmşidov “Seyfəl-mülk”, “Qəhrəmannamə” və “Xavər­na­mə” dastanlarını müqayisə edərək bir xətt üzrə mifik ob­raz­la­rın qəribə in­kişaf silsiləli hərəkətlərinin diqqəti çəkməsindən söhbət açmış və hər üç dastan abidəsində cadular, ifrtitlərin əf­sanəvi qeyri bəşəri varlıqların mövcudluğu ilə bir-birinə zən­cirvari bağlılıqlarından danışmışdır. Alim “Xavərnamə” dasta­nı­nın yazılı ədəbiyyatda ilk dəfə, fars şairi Mövlanə Məhəm­məd ibn Hüsaməddin tərəfindən hicri 830 (m.1426)-cu ildə məs­nəvi şəkilində qələmə almasını da qeyd etmişdir.

Üzərində işlədiyimiz nüsxənin el ədəbiyyatı deyil, əksinə müstəqil folklor abidəsi kimi qiymətləndirmişdir. Yazılı dastan abidəsinin fars, türk dillərində olması barədə, həm də çap va­riantının varlığı haqqında mə­lumat vermişdir. “Xavər­na­mə”­nin şifahi variantındakı obrazları 1) dün­yavi surətlər, 2) mü­qəd­dəs şəxsiyyətlər, 3) real qəhrəmanlar, 4) sehirkar obrazlar, 5) mifik obrazlar adı ilə sistemləşdirərək beş qrupa ayırmışdır. Dini məzmunda olan əsərin ədəbiyyatşünaslığımız üçün əhə­miyyətindən və Azərbaycan xalq dastanlarının bir çoxu ilə mü­qa­yi­sə edərək bədii-tarixi və sənətkarlıq əlaqələrinin, ümu­mi motivlərinə ox­şarlığını qeyd etmişdir.

Prof. Ş.Cəmşidovun “Xavərnamə” dastanı haqqında mo­noq­rafiyada apar­dığı ilkin tədqiqatlar və verdiyi məlumatlar abi­dənin gələcək təd­qiqatçıları üçün ilkin mənbə və dəyərli məlumatlardır.

“Xavərnamə” dastanının adı Hz.Əlinin əsas rəqibi olan Xa­vəran şa­hın adı ilə bağlıdır. Əsərin nəşrlə əlaqəli tədqiqi da­vam edir.

Dini-qəhrəmanlıq dastanı olan “Xavərnamə”nin ümumtürk dastan­ları kontekstində, xüsusilə də azərbaycanda yaranan das­tan abidələrilə müqayisəli tədqiqi Azərbaycan folklorşünaslığı üçün mühüm əhəmiy­yət kəsb edir.

Cəmşidovun və bu sətrlərin müəllifi tərəfindən hazırlanan, yuxarıda haqqında bilgi verdiyimiz 61-17 şifrəli yazılı dastan abidəsinin yaxın za­manlarda nəşr olunacağı ümüdindəyik.
Mənbə və ədəbİyyat:


  1. P.Əfəndiyev. “Azərbaycan şifahi xalq ədəbiyyatı”. Bakı-1981, s.360-383.

  2. “Azərbaycan xalq əfsanələri”, toplayanı və tərtib edəni f.e.n. Sədnik Paşayev, redaktoru f.e.n. Ayaz Vəfalı. Bakı-1985, səh.268.

  3. “Bəxtiyarnamə” (yazılı dastan abidəsi). Nəşrə hazırlayan və ön sö­zün müəllifi Əli məhəmmədbağıroğlu. Bakı-2002, s.3-69.

  4. “Anadolu Destanları”, yayına yazırlayan Pertev Naili. Boratav, s.3-328.

  5. M.H.Təhmasib. “Orta əsrlər Azərbaycan xalq dastanları”. Bakı-1972, s.388.

  6. Şamil Cəmşidov. “Azərbaycan yazılı dastan abidələrinin tədqiqi”. Ba­kı-2002, s.187.

  7. “Kitabi-Battal Qazi”. Mətni hazırlayan Aybəniz Rəhimova. Bakı-2009, s.646.

  8. “Xavərnamə”. ƏY İnstitutu, ş. B-6117 (159v), S-22/8976 (90v.), B-6117 (140v).


Nailə Süleymanova

(Əlyazmalr İnstitutu)

ANA DİLİMİZDƏ YAZILMIŞ ƏLYAZMA TƏFSİR
Müsəlmanlar tərəfindən Qurani-kərimin müxtəlif dillərə tər­cümələri Həzrət Muhəmmədin (s.) dövründən başlan­mış­dır. Belə ki, Həzrət Mu­həmməd (s.) bəzi dövlət rəhbərlərinə dön­dərdiyi diplomatik mək­tublara onların dilinə tərcümə edil­miş Quran ayələrini də yazdırırdı. Bu­nula ya­naşı, peyğəmbərin Mədinədəki səhabələrində biri olan Səl­ma­ni-Farisi Quranın Fatihə surəsini onun izni ilə fars dilinə tərcümə etmişdir. Mən­bələrdə 745-ci ildə Qurani-kərimin tam olaraq ilk dəfə bərbər di­linə, 883-ci ildə hind dillərindən birinə, 956-ci ildə isə fars dilinə tərcümə edildiyi göstərir. 1

Türk dilində olan tərcümələrə gəldikdə isə, islamı qəbul edən ilk türklər ana dillərinə tərcümə etdikləri Quran ayələrini uyğur əlifbasında yazırdılar. Ədib Əhməd bin Mahmud Yü­ken­kinin “Atabətul-Haqayiq” adlı tərcüməsi cəmi 20 ayədən ibarət olub uyğur əlifbası ilə yazıl­mış­dır. Bu tərcümə 1951-ci ildə İstanbulda nəşr edilmişdir. Başqa bir uyğur əlif­bası ilə yazılmış bir neçə ayənin tərcüməsi isə əlyazma halında İs­tan­bul Universitetinin kitabxanasında qorunub saxlanılmaqdadır2. Türk dilinin muxtəlif ləhçələrində ilk tam tərcümə və təfsirlər ərəb əlifbası ilə yazılmışdır. Professor M.Hamidullah ən əski türk dilinə tərcümənin əl­yaz­ma nüsxələrinin İstanbul, Peter­burq və Mançestrdə olduğunu bildi­rir3. Bu tərcümə Sa­man­oğul­ları zamanında, Mənsur bin Nuh (961-977) dövründə tər­tib edilən heyət tərəfindən hazırlanmışdır. Bundan başqa Şiraz­lı Muhəmməd bin əl-Həcc Dövlətşah tərəfindən 1333-cü ildə türk dilinə tam tərçümə edilən sətiraltı Qurani-Kərim əlyazma nüsxəsi (№73) İstanbulda “Türk-İslam əsərləri müzeyi”ndə qo­runmaqdadır. Professor M.Nağısoylu və bir sıra digər mütə­xəs­sislər tərcümənin dili­nin oğuz türkcəsində olduğu qənaətin­də­dirlər.4

XII əsrdən başlayaraq isə ərəb əlifbası ilə Qur`ani-kərimi türk dilinə tərcüməsi sürətlə artmağa başlamışdır. Yazılması bəzi istisnalar ilə XX əsrin əvvəllərinə qədər davam edən belə tərcümə və təfsirlərin sayı təqribən səksəndən çoxdur. Bu tam mətnli tərcümə və təfsirlərdən iki­si­nin müəllifi Azərbaycan alim­ləridir. Bunlardan birincisi Bakı qazısı Mir Məhəmməd Kə­rim bin Mir Cəfər əl-Hüseyni əl-Bakuviyə məxsus, 1904 və 1906-ci illərdə nəşr edilmiş “Kəşf əl-həqaiq ən nükət əl-ayəti vəd-dəqaiq” isimli üçcildlik tərcümə və təfsirdir. Digəri isə Za­qafqaziya şey­xülislamı Məhəmməd Həsən Mövlazadə Şəkə­vinin 1908-ci ildə Tif­lisin “Qeyrət” mətbəəsində çap olun­muş “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı ikicildlik təfsiridir. Hər iki müəllif müqəddimə də bu təf­sir­lərin yazılmasında əsas səbəb olaraq azəri-türkcəsində təfsirin ol­ma­dı­ğı­nı göstərirlər.

Sovet dövründə isə, 1962-ci ildə Əhməd İsrafil oğlu Ha­şım­zadə ərəb əlifbası ilə Azərbaycan dilində “Təfsir əl-Quran əl-Azim” adlı üç­cild­lik təfsir yazmışdır. Əlyazma olan bu təf­sir (C-697; C-698; C-699) hal-hazırda AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Əlbəttə ki, belə təf­sirlər daha erkən, IX-XI əsrlərdə Azərbay­canın ayrı-ayrı şə­hərlərdə fəaliyyət göstərən mədrəsələrində də ortaya çıxmağa başlamışdı. Qur’an və şəriət dərsləri ərəb dilində tədris olunsa da, müəllimlər hələ bu dili bilməyən şagirdlərə ayrı-ayrı mət­ləbləri an­ladarkən öz şərh və izahlarını istər-istəməz ana di­lində söyləməli olur­dular5. Lakin bu tərcümələrin şifahi olaraq tələbələrə çatdırıldığı və dəf­tərlərə yazıldığı üçün tam mətni və ya cildləri haqqında mənbələrdə heç bir məlimat yoxdur.

Müasir dövrdə davam edən araşdırmalar sayəsində türk di­lində yazıl­mış tərcümə və təfsirlər sayı artır. Məsələn, Pro­fes­sor M.Nagisoylu Cexiya Elmlər Akademiyasının Şərqşü­nas­lıq İnstitutunun kitabxa­na­sında apardığı araşdırma zamanı Osman ən-Nuri İbnu Muhəmməd bin əl-Həci Ömər əl-Bos­nəvi­nin 1812-ci ildə türk dilinə tərcümə etdiyi sə­tiraltı, ərəb əlif­bası ilə yazılmış Qurani-Kərimin əlyazma nusxəsini (R-III20) aşkar etmişdir.

Digər, bir cild türk dilində yazılmış təfsir isə AMEA M.Fü­zu­li adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan müx­təlif məzmunlu 24 min­dən artıq əlyazma əsərlər arasındadır. Bu əlyazma təfsir (B-7624) XVII əsrdə yazılmış və müəllifi, ka­tibi və köçürülmə yeri haqqında heç bir məlumat yoxdur. Lakin buna baxmayaraq, bu günə qədər paleqrafiq təsvirdən6 başqa araşdırılayan və heç bir tədqiqata cəlb edilməyən bu əl­yazma abidənin təfsir tarixinin öyrənilməsində mühim bir yeri ola­ca­ğına inanırıq.

İlk öncə əlyazmanın paleqrafiq xüsusiyyətlərinə nəzər sa­laq. Əlyaz­ma qara mürəkkəblə düzgün nəstəliq xətti ilə avropa istehsalı olan qa­lın, ağ saya kağızda yazılmışdır. Katib sürələ­rin adı, nazil olma yeri, ayə­lərin sayının yazılmasında qırmızı mürəkkəbdən istifadə etmişdir. Nəs­təliq elementli nəsx xətti ilə əsas mətnə nisbətən daha böyük hərf­lər­lə yazılmış Quran ayələri üstündən qırmızı mürəkkəblə xətlər çəki­lə­rək qeyd olun­muşdur. Bəzi səhifələrin haşiyələrində müxtəlif istiqamət­li qısa şərhlər verilmişdir. Haşıyələrdə cüzlərin nömrəsi qırmı­zı mürək­kəblə qeyd olunmuşdur. Əlyazma hind, şərq və sadə qələmlə müasir üsul­la səhifələnmişdir. Son səhifədə təfsirin ya­zılma tarixinin hicri 1086 (1676)-ci ildə məhərrəm ayının əvvəlində olduğu haqqında qeyd var­dır. Ola bilsin ki, müəllif adının ya birinci cilddə vəya ən son cilddə yaz­mışdır.

Cildi miqləbli, hər iki tərəfdən ornamentli medalyon basıl­mış, tünd qəhvəyi meşindir. Ölçüsü 15x21 sm, həcmi isə 299 vərəqdir. Əlyazma­nın dilçi alim, filologiya elmləri doktoru M.Ə.Dəmirçizadənin (v.1979) şəxsi kolleksiyasına aid olma­sını təsdiqləyən 2b, 9a, 29b, 89b vərəq­lərdə basılmış möhürlər vardır.

Əlyazmanın mətninə gəldikdə isə bu əsər, türk dilində ya­zılmış Qura­ni-Kərim təfsiridir. Əl-Ənəm surəsi ilə başlayan əl-Kəhf surəsi ilə sona çatan bu təfsir ikinci cilddır. Çox güman ki, tam təfsirin cildi dörd­dür. Hər surəsnin təfsirindən öncə ayələrin, bəzi sürələrdə isə kəl­mələrin sayı, surənin nazil olma yeri yazılmışdır. Müfəssir təfsirində Quranın Quranla təfsirinə və Quranın hədislərlə təfsirinə müraciət et­miş­dir. O, təfsirdə Abdullah İbnu Abbas (v.687), Əli ibn Əbu Talib (v.661), Os­man ibn Xəttab (v.656) və başqaları tərəfindən rəvayət edi­lən hədislərdən istifadə etmişdir. Müfəssir ayələri bəzən tam, bə­zən isə bitmiş ifadələr ilə hissələr bölərək ərəb dilində yazmış, tərkiblərini təh­lil və tərcümə etmədən təfsir etmişdir. Həmçi­nin müfəssir təfsirdə kəl­mə­lərin lüğəti mənalarının açıq­lan­ma­sını və izahını verməmiş, ərəb dili qramatikasının qayda­ların­dan istifadə etməmişdir.

Müfəssir ayələrin izahını “yəni, Haqq Təala buyurdu ki.....” və ya “yəni, ey Muhəmməd (a.s.) .....” və ya da “yə­ni....” ifadələri ilə başlayır. Təfsirdə bəzi ayələrin nazil olma səbəb­ləri haqqıında da məlumat veril­mişdir. Bununla isə müfəssir müxtəlif səbəblərə və hadisələrə görə nazil olan ayələrin hökm­lərini izah etmişdir. Huruful-muqatta7 ilə baş­layan ayə­lərə gəldikdə müfəssir İbnu Abbasdan gələn rivayətlərə isna­dan bu ayələrin mutəşəbih8 olduğunu yazmışdır. Lakin buna baxma­ya­raq, daha sonra isə bu ayələri təfsir etməyə çalışmışdır. Məsələn, “əlif, ləm, mim, sad” hərfləri ilə baş­layan əl-Əraf surəsində ilk öncə “İbnu Ab­bas (r.a.) deyir ki, bu hərflər mütəşəbihdəndir. Murad bundan nədir Al­lah bilir” yazır. Daha sonra isə : “Əlif , ləm Allahın sənə (pey­ğəm­bərə) işarət qılır. Mim isə musavvira işarətdir, pəs mənası böylə olur ki, ol Allah cəmi məxluqi surəti üzrə sənə təsvir edir. Əvvəldə əlif yazır ki, bu ismi Əhədə işarət ola, ləm ismi Cəlalə işarət ola, pəs mənası böylə ola ki, Allah Əhəddir, Şəriki yox­dur......sad qadir, qulunda yox­dur”.

Müfəssir ayələri səlist və aydın bir dildə təfsir etmişdir. Di­gər bir ayə­yə keçmədən fikirləri tamamlayaraq ardıcıllığa ria­yət etmiş və də­lillərlə Qurandakı hikmətləri ortaya çıxartmış­dır. Təfsirin metoduna gəl­dikdə isə, müfəssirin rəvayətlərə müraciət etməsinə baxmayaraq, rəy daha üstünlük təşkil edir. Təfsirdə müfəssir istifadə etdiyi mənbələr haq­qında məlumat verməmişdir.

Sonda isə bunu bildirmək istərdik ki, təfsir ana dilimizdə yazılmış və çox güman ki, məktəblərdə və mədrəsələrin ilk tədris illərinin təfsir dərslərində istifadə edilmişdir.



ƏDƏBİYYAT:
1. Demirçi M. Kur`an Tarihi, İstanbul,1997

2. Hamidullah M. Kurani-Kerim Tarihi. İstanbul, 2000

3. Hamidullah M. Kurani-Kerim Tarihi və Türkçe Tefsirler Bib­liog­rafyası. İstanbul, 1995

4. Məmmədov Z. Azərbaycan fəlsəfə tarixi. Bakı,2006

5. Nağisoylu M. XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədnamə”. Bakı, 2003

6. Nagısoylu M. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti.Bakı-2000.

7. Nağısoylu M. XVI əsr Azərbaycan tərcümə əsəri Kıvamilüt-təbir”. s.3., Bakı, 2011

8. Nasuhi Ö.B. Büyük Tüfsir Tarihi. 2 cild,İstanbul, 1974

9. Nurəliyeva T. Əlyazma kolleksiyaları kataloqu.Bakı, 2006

10. İslam.İstoriçeskiye oçerki. Moskva 1991.

11.Suyuti C.A. əl-İtqan fi Ulumil-Quran. Beyrut,1973

12. Subhi es-Salih. Kur`an İlimleri. Konya, 1994

13. Keskioğlu O. Nüzülünden Günümüze Kur`an`i-Kerim Bilgileri. Ankara, 1993

1   ...   6   7   8   9   10   11   12   13   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə