Xəzər Universiteti Hüquq fakültəsi esse fənn: Şəxsiyyət əleyhinə edilən cinayətlər




Yüklə 48.65 Kb.
tarix11.03.2016
ölçüsü48.65 Kb.
Xəzər Universiteti
Hüquq fakültəsi

ESSE

Fənn: Şəxsiyyət əleyhinə edilən cinayətlər

Müəllimə: Cabir Quliyev

Tələbə: Ceyhun Babaşov
Mövzu: Zorlama (CM-149)

Bakı - 2008
Maddə 149. Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma -

4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

149.2. Eyni əməllər:

149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;

149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;

149.2.5. təkrar törədildikdə -

5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

149.3. Eyni əməllər:

149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin HİV ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə -

8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Zorlama şəxsiyyət əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Zorlama dedikdə, zərərçəkənin razılığı olmadan fiziki və ya psixi zor tətbiq etmək yolu ilə, yaxud zərərçəkənin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma başa düşülür.

Zorlama şəraitini öyrənərkən zor tətbiq etməklə cinsi əlaqənin baş verməsinə imkan yaradan aşağıdakı səbəbləri diqqətlə təhlil etmək lazımdır:

- tənhalıq;

- hücumun gözlənilməzliyi;

- qadının özünü itirməsi;

- yorğunluq;

- ağrı;


- qorxu;

- baş verən fiziki zəiflik;

- qadının köməksiz vəziyyəti;

- narkotiklərdən istifadə;

- hədə-qorxu.

Zorlama cinayətinin obyekti qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayanların və azyaşlıların və azyaşlıların zorlanmasında isə onların cinsi toxunulmazlığıdır.

Zorlama cinayətinin obyektiv cəhəti zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur.

Zorlama cinayətinin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olaması faktını nəzərdə tutmasıdır. Cinsi əlaqə aktını təlqin edən hərəkətlər, həmçinin cinsi ehtirası pozğun formada təmin etməyə yönələn hərəkətlər zorlama kimi qiymətləndirilə bilməz.

Qüvvədə olan Cinayət Məcəlləsi məhkəmə təcrübəsində olan bu mübahisələrə son qoymuş və həmin əməllərin əlamətlərini nəzərdə tutan seksual xarakterli zorakılıq hərəkətlərini (CM-in 150-ci maddəsi) müstəqil cinayət tərkibi kimi qanuna daxil etmişdir.

Zorlama cinayətində zərərçəkmiş həmişə qadın olur. Zərərçəkmişin yaşı və başqa xüsusiyyətləri əməlin tövsifinə heç bir təsir göstərmir.

Fiziki zor tətbiq etməklə zorlama dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Fiziki zor tətbiq etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül və ya az ağır zərər vurularsa, əməl yalnız CM-in 149.1-ci maddəsilə tövsif edilməlidir.

Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına, habelə zərərçəkmiş şəxsə əziz olan başqa şəxslərə qarşı fiziki zor tətbiq ediləcəyi ilə onları qorxutmada ifadə oluna bilər. Hədə sözlə bildirilməklə, yaxud silah nümayiş etdirilməklə və s. həyata keçirilə bilər. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir.

Zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlama müxtəlif hallarla əlaqədar olaraq törədilir.

Köməksiz vəziyyətdən istifadə etməklə zorlama müxtəlif şəraitlərdə, o cümlədən xəstəlik nəticəsində qadının fiziki zəifliyində, huşsuz vəziyyətdə, şok vəziyyətində, tutmalarda, hər hansı bir eybəcərlikdə, ruhi xəstəliklərdə, süni yaradılmış yuxu vəziyyətində, alkoqol sərxoşluğunda və digər hallarda törədilə bilər.



SSRİ Ali Məhkəməsi Plenumunun “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1964-cü il 25 mart tarixli qərarında deyilir ki, zorlama o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş sayılır ki, o özünün psixi və fiziki vəziyyətinə görə onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə olan zərərçəkmişlə cinsi əlaqəyə girdiyini dərk etmiş olsun.

Sərxoş vəziyyətdə olan qadının zorlanması hallarında, sərxoşluğun elə dərəcəsi zərərçəkmişin köməksiz vəziyyəti kimi qiymətləndirilir ki, həmin vəziyyətdə qadın təqsirkara müqavimət göstərmək imkanını itirir.

Əgər zorlama işi üzrə materiallardan zərərçəkmiş şəxsin köməksiz vəziyyətə düşməsinin onun narkotik, güclü təsir edən və ya zəhərli maddələr qəbul etməsi nəticəsində baş verdiyi bəlli olarsa, o halda həmin maddələrin insan orqanizminə təsirinin xarakteri və xüsusiyyətlərini müəyyən etmək üçün ekspertiza keçirilməlidir.

Əgər zərərçəkmiş şəxsin köməksiz vəziyyəti onun psixi pozuntularının olması ilə əlaqədardırsa, o halda məhkəmə-psixiatriya ekspertizası təyin edilməli və onunla cinsi əlaqədə olmanın sosial mahiyyətini dərk edib-etməməsi məsələsi müəyyən edilməlidir.

Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üçün fizioloji mənada cinsi əlaqənin başa çatması, yaxud qızın bəkarətinin pozulmasının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur.

“Cinsi əlaqə” anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır. Cinsi əlaqə yalnız müxtəlif cinslərdən olan şəxslər (kişi ilə qadın) arasında mümkündür.

Fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsi əleyhinə onunla cinsi əlaqədə olma məqqsədilə qadının soyundurulması, cinsi orqanına toxunma, onu döymə və s. zorlamaya cəhd sayılır.

Zorlama cinayətini törətməkdən könüllü imtina etmə təqsirkarın əməlində başqa bir cinayətin (döymə, xuliqanlıq və s.) tərkibi olmadıqda və cinayəti başa çatdırmaq üçün onun bütün imkanlara malik olmasına baxmayaraq, ictimai təhlükəli əməllərinə könüllü olaraq son qoyduqda cinayət məsuuliyyətini istisna edir.

Təqsirkarın məcburiyyət qarşısında qalıb cinayəti başa çatdırmaması (kənar şəxslərin hadisə yerinə gəlməsi, zərərçəkənin müqaviməti və s.) cinayəti törətməkdən könüllü imtina kimi qiymətləndirilə bilməz.

Könüllü imtinanın motivi müxtəlif ola bilər (zərərçəkmişə rəhmi gəlmək, cinayət məsuliyyətindən və yaxud, qadının qohumlarının təqsirkardan qisas almalarından qorxu hissi və s.).

Zorlama cinayəti subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar zərərçəkmişin iradəsinə zidd və ya iradəsi əleyhinə onunla cinsi əlaqədə olduğunu dərk edir və bunu arzu edir.

Bu cinayət, əsasən seksual motivlər əsasında törədilir.

Zorlama cinayətinin subyekti cinayət törədənədək 14 yaşı tamam olan kişi cinsindən olan anlaqlı fiziki şəxs ola bilər. Qadınlar, ancaq bu cinayətin birgə icraçısı kimi çıxış edə bilərlər.

CM-in 149.2-ci maddəsində zorlama cinayətinin 5 tövsifedici halı nəzərdə tutulmuşdur.

Qrup (dəstə) halında da zorlama hadisələrinə rast gəlinir. Bu vaxt zorlayanlardan biri cinsi əlaqədə olur, digərləri isə qadının müqavimətini aradan götürürlər, belə olan halda zərərçəkənin bədənində fiziki təsir izləri olmaya bilər. Qrup halında zorlamada cinsi əlaqə faktı dəfələrlə təkrar olunur. Buna görə də müxtəlif şəxslərdən törənmiş spermaların laborator differensasiyasına ehtiyac yaranır.

Bir qrup şəxs tərəfindən zorlama dedikdə, zorlama cinayətinin törədilməsi barədə qabaqcadan razılıq olmadan, zorlama prosesində birgə iştirak edən, zərərçəkmişin zorlanmasında razılıq əsasında fəaliyyət göstərən şəxslər tərəfindən zorlama başa düşülür.

SSRİ Ali Məhkəməsi Plenumunun “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1964-cü il 25 mart tarixli qərarında deyilir ki, əməlin qrup (qabaqcadan əlbir olan qrup) tərəfindən zorlama kimi tövsif edilməsi üçün qrup üzvlərinin hər birinin zor tətbiq etməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olması tələb olunur.

Bir qrup şəxs (qabaqcadan əlbir olan bir qrup şəxs) tərəfindən zorlama cinayətində cinayətin obyektiv cəhətinə daxil olan hərəkətləri – zərərçəkmişə və ya başqa şəxslərə zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmişi köməksiz vəziyyətə gətirmə hərəkətlərini törətməyən, lakin cinayətin törədilməsinə başqa cür kömək edən (evini, avtomobilini, silahını vermə, aldadıb tənha yerə gətirmə və s.) şəxsin əməli zorlamada köməkçiliyə görə məsuliyyətə səbəb olacaqdır. Ona görə də qadınlar da bu cinayətin birgəicraçısı kimi məsuliyyət daşıya bilərlər.

Qrup şəklində zorlama bir və ya bir neçə zərərçəkmiş şəxsin bir neçə şəxs tərəfindən zorlamaya məruz qaldığı hallarda, həmçinin bir neçə qadına fiziki zor tətbiq etməklə və ya hədələməklə təqsirkarın hər birinin onlardan biri ilə cinsi əlaqədə olduğu hallarda da mövcud olur.

Əgər zorlamada iştirak edən qrup üzvlərindən biri cinayət məsuliyyətinə cəlb olunmalı şəxsdirsə, qalan üzvlər isə anlaqsızdırlarsa və ya cinayət məsuliyyətinə cəlb olunmaq üçün yaş həddinə (14 yaşa) çatmamışlarsa, həmin şəxsin o halda CM-in 149.2.1-ci maddəsi ilə cinayət məsuliyyəti yarana bilər ki, o, birgə hərəkət etdiyi şəxslərdən heç olmazsa birinin 14 yaşına çatdığını və anlaqlı olduğunu dərk etmiş olsun. Əgər təqsirkar bunu dərk etmirsə, onun əməli CM-in 149.1-ci maddəsi ilə tövsif ediləcəkdir.

Zorlamanın CM-in 149.2.2-ci maddəsi üzrə məsuliyyətə səbəb olması üçün zorlama nəticəsində zərərçəkmiş şəxsin zöhrəvi xəstəliklərdən hər hansı birinə - sifilis, qonoreya və s. – yoluxması tələb olunur. Məsuliyyətin yaranması üçün təqsirkarın özündə zöhrəvi xəstəlik olduğunu bilməsi zəruridir.



Yetkinlik yaşına çatmayan şəxsi zorlama cinayət törədilənədək 18 yaşına çatmayan şəxslərin zorlanmasını nəzərdə tutur. Bu əlamət üzrə cinayət məsuliyyətinin yaranması üçün təqsirkar şəxs, zərərçəkmişin 18 yaşına çatmadığını aşkar surətdə bilməlidir.

Təqsirkar yanılaraq zərərçəkmişin yetkinlik yaşına çatdığını dərk edirsə (zərərçəkmişin zahiri görünüşü yetkinlik yaşına çatan qadınlarınkından fərqlənmirsə və s.), yaxud dərk etmirsə və ya dərk etməli deyildirsə, məsuliyyət CM-in 149.2.3-cü maddəsi ilə yarana bilməz.



Zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurmaq hədəsi ilə törədilən zorlama hədənin real olaraq və dərhal həyata keçiriləcəyinin əsasları olduqda CM-in149.2.4-cü maddəsilə cinayət məsuliyyəti yaradır.

Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi vasitəsilə törədilən zorlama əməlinin əlavə olaraq CM-in 134-cü maddəsi ilə tövsifi tələb olunmur.



Xüsusi amansızlıqla törədilən zorlama dedikdə, zorlama prosesində zərərçəkmiş şəxsə işgəncələr vermə, onun üzərində müxtəlif sadist hərəkətləri etmə və s. başa düşülür.

Digər şəxslərə qarşı xüsusi amansızlıq arvadın öz ərinin və ya uşaqlarının gözü qarşısında və s. zorlanmasında ifadə oluna bilər.



Təkrar zorlama əvvəllər CM-in 149-cu maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən zorlama cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar zorlama kimi tövsif edilir ki, əvvəlki zorlamaya görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olmasın və ya buna görə şəxs məhkum olunmasın, yaxud məhkum olunsa da, məhkumluq ödənilməmiş və ya götürülməmiş olsun.

Adı çəkilən Plenum qərarında deyilir ki, zərərçəkmiş şəxs üzərində tətbiq edilən zorun dayandırılmadığı, yaxud qısa müddətə dayandırıldığı və zorakı cinsi aktların törədildiyi şəraitin təqsirkarın vahid qəsdi (niyyəti) ilə əhatə olunduğunu sübut edən hallarda əməl təkrar zorlama kimi tövsif edilə bilməz. Lakin aralarından keçən müddətdən asılı olmayaraq 2 və daha çox zərərçəkənin zorlanması təkrar zorlama kimi qiymətləndirilir.

Zorlama cinayəti üzrə cinayət təqibi CPM-in 37-ci maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir.

İki dəfə zorlama cinayəti törədən şəxsə qarşı yalnız birinci zorlama faktı üzrə şikayət vardırsa, ikinci zorlama faktı üzrə təkrarlıq əlaməti ilə ictimai ittiham qaydasında cinayət təqibi başlanır.

İki dəfə zorlama cinayəti törədən törədən şəxsə qarşı yalnız ikinci zorlama faktı üzrə zərərçəkmiş şəxsin şikayəti vardırsa, əməl təkrar zorlama kimi deyil, CM-in 149.1-ci maddəsi ilə tövsif ediləcəkdir.

Ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan zorlamada təqsirkarın zərərçəkmişin ölümünə psixi münasibəti təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Əməlin əlamətləri CM-iin 149.3.1-ci maddəsi ilə tam əhatə olunur və əlavə olaraq 124-cü maddə ilə tövsif tələb olunmur. Əməlin CM-in 149.3.1-ci maddəsi ilə tövsifi üçün zorlama ilə zərərçəkmişin ölümü arasında səbəbli əlaqə müəyyən edilməlidir. Əgər belə səbəbli əlaqə müəyyən edilməzsə, CM-in 149.3.1-ci maddəsində göstərilən əlamət olmadan zorlama və zərərçəkmişin ölümü (CM-in 120.1-ci maddəsi) müstəqil tövsif edilməlidir.

Zorlamanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin HİV ilə yoluxmasına səbəb olması əlaməti üzrə əməlin tövsifi zamanı təqsirkarın özündə belə virusu daşıdığını bilməsi tələb olunur. Bu zaman əməlin əlavə olaraq CM-in 140-cı maddəsi ilə tövsifi tələb olunmur.

CM-in 149.3.2-ci maddəsi üzrə “digər ağır nəticələr” dedikdə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması, onun psixi xəstəliyə tutulması və s. başa düşülür.

Təqsirkarın əməlinin CM-in 149.3.3-cü maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin 14 yaşına çatmaması ona aşkar surətdə bəlli olmalıdır.

Zorlama hadisələrində ekspertizanın vacib şərtlərindən biri onun vaxtında keçirilməsidir. Belə ki, yubadılma istintaqı tutarlı sübutlardan – sperma izlərindən məhrum edə bilər, cinsi əlaqə zamanı yaranmış xəsarətlər öz əvvəlki görünüşlərini itirər və hətta silinib gedərlər.

Məhkəmə tibb-ekspertinin hadisə yerinin müayinəsində iştirakı çox vacibdir. Bu baş vermiş hadisə şəraitini dəqiqləşdirməyə və maddi sübutların mütəxəssis tərəfindən götürülüb qablaşdırılmasına imkan yaradır.

Zorlamada fiziki təsirləri şərtsiz sübut edən spesifik əlamətlər mövcud deyildir. Ancaq budların iç səthində, cinsiyyət üzvləri nahiyəsində olan sıyrıq, qançır və yaralar zorlamanı müşayiət edə bilərlər. Boyunda, əl pəncələrində, said nahiyələrində, kürəkdə, ağız ətrafında xəsarətlərin olması mübarizə və özünü müdafiə üçün xarakterikdir.

Zorakı cinsi əlaqə nəticəsində əmələ gələ biləcək hallar da ekspert tərəfindən qiymətləndirilir. Bunlara fiziki və psixi travmalar, hamiləlik, zöhrəvi xəstəliklərlə yoluxma və digər hallar aiddir.

Zorlamaların istintaqında maddi sübutların vaxtında və səriştəli götürülməsinin və yubanmadan məhkəmə-tibbi laboratoriyalara göndərilməsinin böyük əhəmiyyəti vardır. Zərərçəkənin paltarına baxarkən onlarda olan zədələr və onlara bulaşmış müxtəlif maddi sübut ola biləcək qalıqlar diqqətlə qeyd edilməlidir.

Zorlama ilə əlaqədar ekspertizalarda şübhə edilən şəxsin müayinəsi vacibdir. Onun bədənində mübarizə nəticəsində törənmiş xəsarətlər, zərərçəkənin qan izləri və müxtəlif maddi sübutlar aşkar edilə bilər.

Bəzən, zorlamalarda yalan və əsassız, hətta özünə xəsarət yetirmə ilə müşahidə olunan ittihamlar müşahidə olunur. Bunun səbəbləri müxtəlif olur:



intiqam, tamah, yalan xatirələr, hallusinasiyalar, bəzən də vicdanlı yanlışlıq və s.

İstifadə edilən ədəbiyyatların siyahısı:


  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.

“Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı-2006



  1. AR Cinayət Məcəlləsinin kommentariyası

/ hüquq elmləri doktoru, prof. Firudun Yusif oğlu Səməndərov'un redaktəsi ilə/. “Digesta” nəşriyyatı. Bakı-2002



  1. Məhkəmə Təbabəti. (dərslik)

/tibb elmləri doktoru, prof. Şakir Məzlum oğlu Musayev'in redaktəsi ilə/. “CBS - POLYGRAPHİC PRODUCTİON” nəşriyyatı. Bakı-2006





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə