Xalidə Hasilova Gözlənilməz zəng Evə çatanda anası xəbər verdi ki, xəstəxanadan ona zəng çalıblar. Gülzar təəccüblə soruşdu: -xəstəxanadan? Kimdi soruşan? Tanışlardan heç kəs xəstəxanada deyil axı? -nə bilim, ay qız




Yüklə 46.32 Kb.
tarix22.04.2016
ölçüsü46.32 Kb.
Xalidə Hasilova

Gözlənilməz zəng

Evə çatanda anası xəbər verdi ki, xəstəxanadan ona zəng çalıblar. Gülzar təəccüblə soruşdu:

-Xəstəxanadan? Kimdi soruşan? Tanışlardan heç kəs xəstəxanada deyil axı?

-Nə bilim, ay qız. Dedi ki, Gülzara deyin ki, özünü xəstəxanaya çatdırsın.

Gülzarı fikir bürüdü. Kim ola bilər? Yoldaşlarından, yaxın rəfiqələrindən heç biri xəstəxanaya düşməmişdi. Buna görə xəbər ona çox qəribə göründü.

-Ola bilməz, ana. Bəlkə səhv eşitmişsən?

-Qız, qulağım kar deyil ki, aşkar dedi ki, Gülzar özünü xəstəxanaya çatdırsın.

Xəstəxana demədi, adı bir təhərdir. Qospitaldır, nədir?

-Qospital.

-Hə, hə qospital. Nömrəsini de dedi: 125.

-Deyəsən, bu qospital Bayıldadır. Ancaq o böyüklükdə qospitalda mən o adamı necə tapım. Nə adın deyib, nə familyasın.

-Niyə o, familyasın dedi də. Huşum xarabdır mənim. Yadımdan çıxıb, Rzayevdir familiyası.

Rzayev, Rzayev ”-deyə, Gülzar otaqda bir xeyli gəzişdi. Sonra qətiyyətlə səsləndi:



-Yox, yox, mən belə adam tanımıram. Ya zarafat eləyib, ya da səni dolayıb. Bakıda o qədər Gülzar var ki.

-O daha öz işindir. Mənə dediyini sənə dedim.

Gülzarın qaşları yenə alnından çatıldı. Beynini, xatirəsini eşməyə başladı. Gülzar özünü zorlayıb, yenə tanışlarını xatırlamağa çalışdı.

-Bəlkə Şirzadın döyüşçü yoldaşlarındandır.

Ona vacib sözüm vardır”. Bütün bu ehtimallar Gülzara daxilən o qədər əzab verdi ki, fikirləşməkdən başı ağrıdı. Əgər vacib məsələdirsə, o adam yenə zəng çalmalıdır”- deyib, öz işləri ilə məşğul oldu. İki gündən sonra o adam doğrudan da yenə zəng çaldı. Bu dəfə də Gülzar evdə yox idi. Dəstəyi anası qaldırdı. Arvad qulaqlıqda o dəfəki kişinin səsini yenə eşitdi:



-Bağışlayın, xala. Keçən dəfə palatanın nömrəsi yadımdan çıxdı deyim. 7-ci palatadır. Yəqin ona görə Gülzar gəlib məni tapa bilməyib.-Səs kəsildi. Gülzarın anası çox şey soruşacaqdı. Ancaq sözü ağzında qaldı.

Axşam Gülzar işdən qayıdandan sonra anası bunu ona xəbər verdikdə, qız bərk əsəbiləşdi:

-Ay ana, bir soruşaydın da, adı nədir, məni haradan tanıyır. Şirzadın yoldaşlarından olsaydı, Şirzadın ölümündən keçən bu bir il içərisində hər halda məni axtarıb tapardı.

Bu, Gülzar üçün təzədən bir sirrə çevrildi. Niyə bu adam adını demir? Burada başqa məqsəd olmaya? Nə olursa-olsun, Gülzar günü sabah qospitala getməyi qərara aldı.

Sübh tezdən başlayan külək günortadan sonra daha da gücləndi. Körpə ağaclar sınmağa gəlir, kağız, qəzet parçaları göyərçin qanadları kimi havada oynaşırdı.

Gülzar bütün il boyu geydiyi qara paltarının üstündən qara bir jaket də geyərək qospitala gəldi.

Həyət qapısından içəri girən kimi həyəcandan ürəyi əsməyə başladı. Bədənini titrətmə bürüdü. Nə yaxşı ki, jaketini geymişdi. Hava xeyli sərin idi. O, rastına çıxan tibb bacısından 7-ci palatanı soruşdu. Dodaqlarına al qırmızı pamada çəkmiş cavan tibb bacısı ikinci mərtəbəni göstərdi.

-Orada sizə kim lazımdır?

-Rzayev.

-Hə, oyaqdır, qalxın.

İkinci qatda yod və spirt iyindən nəfəs almaq olmurdu. Gülzar uşaqlığından yod iyini götürə bilmirdi. Az qaldı ki, öyüsün. Tez dəsmalına ətir vurub, burnuna tutdu və palataya keçdi. Başqa qospitallardan fərqli olaraq burda palata geniş olsa da çarpayıların sayı azdı. Hər tərəf sər-səhmanda idi. Yaralılardan çoxu üzü pəncərəyə tərəf uzanmışdı. Birisi qoltuğ ağacına dayanıb, eşiyə çıxmaq istəyirdi. Lap dib tərəfdəki çarpayılarda yatan iki yaralı çay içirdi. Gülzar hamıya göz gəzdirdi. Arxa tərəfindən bir səs eşitdi:

-Gülzar, mən burdayam.

Bu səs ona həm tanış, həm də kobud göründü. Azca xırıltılı idi.

Dönüb arxaya baxdı. Arxasındakı küncdə üzünü tük basmış birisi uzanmışdı. Gülzara baxıb gülümsəyirdi. Dişləri qara saqqallı üzündə ağara qalmışdı. Gülzar əzəl onu tanımadı. Yaxınlaşanda tanıdı. Pərvərdigara, adam nə qədər dəyişərmiş. Gözəl, yaraşıqlı sifəti büzüşmüş heyva kimi sapsarı idi. Gözləri çuxura düşmüş, şəvə kimi qara saçları isə bozumtul rəngə çalırdı.

-Əhməd, sənsən?

Əhməd başı ilə onun sözlərini təsdiq etdi.

-Gülzar, ünvanını çox çətinliklə tapıb, telefonunu öyrəndim. Bir ildir, qospitaldayam, səni axtarıb tapmağa heyim olmayıb. Əvvəllər özümdə olmamışam, yaddaşımı itirmişdim, indi-indi özümə gəlirəm.

-Harandan yaralanmışsan?

-Hər yerimdən. Şükür olsun ki, ayaqlarım, qollarım salamatdır. Ayaq üstə niyə durmuşsan, otursana.

Gülzar Əhmədin göstərdiyi stulda oturdu. Hər ehtimala qarşı özü ilə gətirdiyi bükülü hədiyyəni tumboçkanın üstünə qoydu.

Əhməd narazılığını bildirdi:

-Niyə zəhmət çəkmisən. Onsuz da gələ bilərdin.

-Gəl bu barədə danışmayaq. İndi özünü necə hiss edirsən?

-İndi yaxşıyam. Qara ciyərim zədələnmişdi, düzəldi. Boğazımı güllə yaralayıb keçmişdi. O da yaxşı oldu. Başımda isə bərk uğultu var. Həkimlər deyirlər ki, o da keçib gedəcək.

-Harda yaralanmışsan?

-Ağdərədə. Şirzadla birlikdə vuruşurduq. Ondan sonra altı ay da vuruşdum. Axırı da bu oldu.

Şirzadın adını çəkən kimi Gülzarın bədəni sarsıldı. Gözləri qapandı. Əhməd dərindən nəfəs aldı.

-Onu qospitala yola salarkən axırıncı dəfə görüşdük. Cibindən bir əmanət çıxarıb verdi. Xahiş elədi ki, başına bir iş gəlsə, onu sənə çatdırım. Məktub idi, içində də sənin şəklin. Sonra eşitdim ki, qospitala çatmamış yolda keçinib. Yaxşı yoldaşdı.

Əhmədin gözləri yaşardı.

-Gülzar, inan ki, bu məktubu vaxtında sənə çatdıra bilmədiyim üçün nə qədər əzab çəkmişəm. Məni Bakıya köçürəndən sonra başladım səni axtarmağa.

Gülzar onun dediklərini elə bil eşitmirdi. Qulaqları səs salmış, beyni uğuldayırdı.

-Sən Şirzadı yaxından tanıyırdın?

-Əlbəttə, üç ay birgə vuruşmuşduq. Qardaşdan artıq dost idik. Şir kimi vuruşurduq. Mən ondan çox şey öyrənmişəm.

Bunları deyib, sağ qolunu balışın altına keçirdi və oradan ağzı açıq bir konvert çıxarıb, Gülzara uzatdı.

-Xahiş elədi ki, bunu nə təhər olursa-olsun sənə çatdırım.

Konverti alanda Gülzarın əlləri əsirdi.

-Mən xəstəxanadan çıxan kimi birbaşa onun qəbri üstünə gedəcəyəm.

Gülzar konverti açmağa qorxurdu. Onu daha çox narahat edən Şirzadın Əhmədlə dostluq münasibəti idi. Ona ağır olsa da, vicdanı əzab çəksə də bunu aydınlaşdırmaq ondan ötrü çox vacibdi.

-O məndən sənə çox danışırdı?

-Çox. Səni dəli kimi sevdiyini dönə-dönə deyirdi. Adın dilindən düşmürdü. Əvvəllər bu mənə o qədər də təsir etmirdi. Çox adamlar qızları belə sevirlər fikirləşirdim. Mən də bir dəfə ona bu adda bir qızı sevdiyimi demək istəyirdim.

-Dedinmi?- Gülzar həyəcanla soruşdu.

-Yox, demədim. Fikirləşdim ki, bunun mənası yoxdur. Çünki bu sevgim solmuş çiçək kimi idi. Sənin şəklini mənə göstərəndən sonra gözlərimə inanmadım.”Ola bilməz”, dedim. Mənə qardaşdan da yaxın olmasına baxmayaraq, ona ancaq həsəd apardım.

-Bəs bunu biləndən sonra da demədin?

-Yox, demədim. Bu, ona ən ağır zərbə olardı. Silah tutan əlini sarsıtmaq istəmədim.

Gülzarın gözləri doldu. Əyilib, Əhmədin alnından öpdü.

-Heç bilmirəm sənə necə minnətdarlıq eləyim. Bilsəydi ürəyi dərdli gedərdi.

O, gözlərinin yaşını sildi. Boğula-boğula sözlərinə davam etdi:

-Mənə məktub yazmışdı ki, şəklimi ona göndərim. Yazırdı ki, əgər göndərsən,

bilərəm ki, məni doğrudan da sevirsən.

O yenə özünü saxlaya bilmədi. Çiyinləri ehmalca atılıb düşdü. Əhməd onun gizlicə hönkürtüsünü eşitdi.

-Sakit ol, Gülzar. Sən əsl qəhrəman oğlanı sevirdin. Onun əvəzinə mən də sevinirəm. O heç zaman yaddan çıxan oğlanlardan deyil.

Gülzarın göz yaşları qeyri-ixtiyari süzülürdü. Əlindəki güllü yaylığı tamam islanmışdı. Göz yaşları yanaqlarını yandırırdı. Əhməd susub, onun sakitləşməsini gözləyirdi. Gülzar əlindəki konvertə işarə ilə soruşdu:

-Sən burada yazılanları oxumuşsanmı?

-Konvertin ağzı açıqdı. Əyər ordakı yazılardan bəziləri mənim gözlərimə

sataşıbsa, gərək bağışlayasan. Bu heç də sənə yazılan məktubu oxumaq məqsədilə olmayıb. Güman elədim ki, ünvan konvertin içində idi. Buna görə məcbur oldum. İçindəki şəkli onsuz da mənə göstərmişdi.

-Demək oradakı sözlərdən sonra mənə nifrət eləmişsən, məni dönük hesab eləmisən,-deyə Gülzar dərindən nəfəs aldı.

-Yox, yox, Gülzar. Nahaq elə düşünürsən. Mənim sənə qarşı olan münasibətim necə idisə, eləcə də qalıb. Məhəbbətimiz baş tutmasa da, mərd bir qız kimi səni həmişə özümə yaxın hiss etmişəm. Zərrə qədər buna şübhən olmasın. İndi də ki, sən mənim üçün hər ikimizə əziz olan Şirzadımızın yadigarısan.

Gülzar bir yerdə oturmaqdan yoruldumu, ya söhbəti davam etdirməyə taqəti qalmadığı üçünmü birdən ayağa qalxdı:

-Mən daha gedim. Məktub üçün, mənə sədaqətin üçün çox sağ ol, Əhməd. Yenə gəlib sənə dəyərəm. Tez sağal.

Əhməd yatağından qalxıb, onu yola salmaq istədi. Gülzar razı olmadı.

-Yox, yox, zəhmət çəkmə. Bunu sənə qıymaram.

O, gecə evdə, hətta yatağına uzanandan sonra da məktubu azından üç-dörd dəfə oxudu. Oxuduqca da göz yaşları onu boğurdu. Ancaq iki adam arasında saxlanılan bu hisslərə indi ücüncü bir adam da müdaxilə etmişdi. Gülzara da ən çox əzab verən bu idi. Vaxtı ilə Əhmədə bəslənilən bu hisslər sonra Şirzada qismət olmuş, onun qəlbini isitmişdi. Və o bu hissləri özü ilə o biri dünyaya aparmışdı. Əhməd isə sağdır, indi onlar öz əvvəlki sahibini təzədən isindirə bilərdimı? Bəs Əhməd buna necə baxar? Öz dostunun məhəbbətini çox yüksək qiymətləndirmiş və Gülzarın onu sevməsini alqışlamamışdımı? “Gülzar, sən əsl qəhrəman oğlanı sevirdin”. Bu sözlər görəsən onun qəlbindən gəlirdimi? Yoxsa onu sakitləşdirmək, ona təskinlik vermək məqsədilə demişdi. Gülzarın vaxtı ilə ona yazdığı, dediyi sözlərin ondan sonra başqa adamın ünvanına yönəldiyini biləndə Gülzarı satqınlıq və dönüklükdə günahlandırmayacaqmı? Yox, bu məktubdan sonra o Əhmədin üzünə baxa bilməzdi. Əhməd ona qarşı çox alicənabcasına hərəkət etmişdi. Nə paxıllıq, nə qısqanclıq, nə də nifrət hisslərini qətiyyən yaxına buraxmamışdı. Əhmədlə Şirzadın surətləri qoşa gözlərinin qabağında durmuşdu. Birinə dönük çıxmışdı, o birinə isə təzədən ürək bağlamışdı. Lakin ürək bağladığı adam torpağın altında, dönük çıxdığı adamsa hələ də həyatda sağ idi. Görəsən Əhmədin ona qarşı keçmiş hisslərini hifz edib, saxlaya bilibmi? Bu hissləri təzədən ona qarşı bildirməyə iqtidarı çatacaqmı? Qız bu suala cavab tapa bilmirdi və cavab tapmaq da istəmirdi. Cünki Şirzadın müsibəti hələ də qəlbində yaşayırdı. Onu oradan çıxarmaq üçün illər lazımdı. Bəlkə də heç çıxartmaq lazım olmadı.Ömrünün axırınadək ona sədaqətlə gözlərini həmişəlik yumacaqdı. Belə düşüncələrdən sonra Gülzar bir daha xəstəxanaya getmək istəmədi. Onunla ikinci dəfə görüşərkən cəhənnəm əzabı çəkəcəkdi. Əhməd özü dinməsə də gözləri onu dara çəkəcəkdi, onu dönüklükdə günahlandıracaqdı.

Bir həftə keçdi, Gülzar xəstəxanaya getməyi başından çıxarmağa çalışırdı. Ancaq Əhmədin Şirzad barədə dediyi xoş sözləri həmişə xatırlarkən onun qarşısında xəyanət etdiyini düşünürdü. Buna görə xəstə adamın gözlərini yolda qoymaq istəmədi. Öz sözlərinə xilaf çıxmamaq məqsədilə bir gün yolunu xəstəxanadan saldı. Hava xoş idi. Həyatdan keçib, yuxarı qalxmaq istərkən onu səslədilər.

-Gülzar, mən buradayam. Həkim artıq icazə verib ki, həyətə düşəm. Urəyimə də dammışdı ki, bu gün gələcəksən, dedim səni elə burada gözləyim. Gəl əyləş. Bu həftə yolunu çox gözlədim. Zəng çalmaq istəmirdim. Dedim bəlkə məktub sarıdan küsmüsən.

Gülzar gözlərini Əhmədin rəngi özünə gəlmiş sifətinə zilləyib susmuşdu. Onun gözlərində elə bil həyat təzədən qanad açmışdı. Üzündə heç bir kədər əlaməti görmədi.

-Deyəsən, maşallah, özünə gəlmişsən.

-Hə, indi yaxşıyam. Deyəsən iki-üç gündən sonra evə buraxacaqlar.

Gülzar üç il qabaq onunla vidalaşdığı saatı xatırladı.O, bir gün küçədə Şirzadla getdiyini görmüş, özünü itirmədən mərd-mərdanə salamlaşıb keçmişdi. Sonra evə zəng çalıb, demişdi:

-Gülzar, mən qətiyyən incimirəm. Könül sevən gözəl olar. Nə edə bilərəm. Sənə ancaq xoşbəxtlik arzulayıram.

Yadındadır, bu sözlərdən kövrəlmişdi. Əhmədin mərdliyinə, kişiliyinə heyran qalmışdı. Ondan sonra Əhmədi daha heç yerdə görməmişdi. Gülzarın məhəbbətinə mane olmamaq üçün izsiz-cığırsız aradan çıxmışdı.

-Gülzar, səndən ancaq bir xahişim var.

Gülzar oturduğu yerdə diksindi. Onun nə deyəcəyi qızı həyəcana gətirdi. Ondan nə isə keçmiş məhəbbəti ilə əlaqədar sürpriz gözləyirdi.

-Nədir xahişin?

-Həkim icazə verib. Sabah gəl, birlikdə gedək, Şirzadın qəbrini ziyarət edək. Onun qəbrini görməsəm, ürəyim rahat olmaz.

-Gələrəm. -Gülzar rahat nəfəs alaraq, kədərli-kədərli cavab verdi.

Ertəsi gün Gülzar taksi maşınında xəstəxanaya, onun dalınca gəldi. Əhməd geyinib hazır durmuşdu. Əlində də iri bir gül dəstəsi vardı:

-Dünən pul vermişəm, tibb bacılarından biri mənə alıb.

Onlar aşağı düşüb, maşına oturanda Əhməd dal oturacaqda da iri bir gül dəstəsi gördü.

Maşın gur xiyabanlarla şütüyüb, Dağüstü parka istiqamət aldı. Şəhidlər xiyabanında adam çoxdu. Cümə axşamı idi. Şəhidlərin yaxın qohum-əqrəbaları da qəbir üstünə gəlmişdilər.Qəbirlərin üstünə düzülmüş qərənfillərin yanından keçərək, Şirzadın qəbirinə yaxınlaşdılar. Şirzadın baş daşına vurulmuş şəkili görəndə Əhməd özünü saxlaya bilmədi. Qəhərli-qəhərli Gülzara tərəf dönüb dedi.

-Onu elə bil dünən vertolyotla Bakıya yola salmışam. Dönə-dönə dedi ki, məktubu və şəkli Gülzara çatdırmasan, o dünyada səni bağışlamayacağam.Əziz qardaşım, sənin heç ölən vaxtındı? Qalx, gör kiminlə gəlmişəm. Gülzarınla. Sənin Gülzarınla.

Gülzar da bu sözlərdən kövrəldi. Gözlərindən qeyri-ixtiyarı yaş süzülürdü. İçəridən hıçqırıq onu boğurdu.

-Arxayın ol, qardaşım. Gülzar sarıdan arxayın ol.

Gülzarın göz yaşları ara vermirdi.Əhməd onu nə qədər sakitləşdirməyə çalışırdısa, Gülzar yaylığını ağzına tutaraq, hönkür-hönkür ağlayırdı.

Qız birdən özünü elə zəif hiss etdi ki, ayaq üstə səndirlədi, az qaldı ki, yıxılsın.

-Gülzar, sənə nə oldu?

Haçandan-haçana özünə gəlmiş Gülzar üzr istədi:

-Başım hərləndi!

O, ağlamaqdan qızarmış gözlərini bir an Əhmədin yaşlı gözlərinə zillədi.

Çox keçmədi ki, hər ikisinin nəzərləri mərmər məzarda birləşdi.

Pərvərdigara, görəsən onlar nə düşünürdülər.

Ürəklərindən nələr gəlib – keçdi.

Sükutu pozan Əhməd oldu:

-Gülzar, xahiş edirəm, heç nədən çəkinmədən bir işin, arzun olarsa, heç kimə demə, mənə de. Axı mən Şirzadın ən yaxın dostuyam, şəklini – məktubu da mənə etibar edib, mən ona etibarsız çıxmaram.

-Əhməd, kimim var kimə deyim, əlbəttə, sənə deyəcəyəm. Biz birlikdə Şirzadı yaşatmalıyıq.

Gülzar bu sözləri elə yavaşdan dedi ki, bilmədi Əhməd eşitdi, ya yox.

****


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə