X yaratmaq q




Yüklə 1.64 Mb.
səhifə6/10
tarix22.02.2016
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Sumqayıtda şəhərində

millətlərarası ünsüyyət dilləri
Sumqayıtda sənayesalma və şəhərsalma işləri başla­nan ilk gündən burada çalışan adamlar arasında ünsiyyət əsasən iki dildə - rus və azərbaycan dillə­rində olmuşdur.

Keçmiş SSRİ məkanında millətlərarası ünsiyyət dili kimi rus dilinin geniş yayılması obyektiv səbəblərdən irəli gəlirdi. Bu, ilk növbədə, ölkə əhalisinin çoxmillətli olması ilə izah olunur. Adamlar öz ana dilləri ilə yanaşı millət-lərarası ünsiyyət dili olan rus dilini də öyrənirdilər və ikidilli olurdular. SSRİ əhalisinin böyük əksəriyyəti ikidilli idi.

Ümumittifaq əhalini siyahıyaalma sənədlərində göstə-ril­diyinə görə 1971-ci ildə 41,9 milyon nəfər, 1979-cu ildə isə 61,3 nəfər rus dilini ikinci dil kimi sərbəst bildiyini göstərmişdir.

Rus dili Sovet Azərbaycanında da geniş yayılmışdır. Ümumittifaq əhalini siyahıyaalma sənədlərində göstərilir ki, Azərbaycanda ümumi əhalinin 26,9 %-i, milliyətcə azərbaycanlı olan əhalinin isə 27,9 %-i rus dilini sərbəst bilir.

Respublikamızın digər iqtisadi və coğrafi rayonları (bölgələri) ilə müqayisədə əhalisi əsas etibarı ilə gənc, əmək kollektivləri isə çoxmillətli olan yeni şəhərlərdə rus dili adamların istehsalat prosesində, mədəniyyət sahəsin-də, ailə-məişət münasibətlərində əsas ünsiyyət vasitəsinə çevrilirdi. Məsələn, 1979-cu ildə əhalinin siyahıyaalma sənədlərində göstərilir ki, Sumqayıt şəhərinin milliyyətcə qeyri-rus olan 168605 nəfərindən 76548 nəfəri, yəni 45 %-i rus dilini ikinci ana dili səviyyəsində tam sərbəst bilir. Şəhər əhalisinin 141616 nəfəri o zaman milliyyətcə azər-baycanlı olmuşdur. Onlardan 62306 nəfəri və ya 44 %-i rus dilini ikinci ana dili səviyyəsində tam sərbəst bilirdi.

Gənclərin və mütəxəssislərin intensiv miqrasiyası prosesi, yeni sənaye mərkəzlərinin, iqtisadi zonaların və yeni şəhərlərin yaradılması ilə bağlı əhalinin ölkə daxilində geniş miqyasda yaşayış yerlərini dəyişməsi, əmək kollektivlərinin tərkibcə çoxmillətli olmasının geniş hal alması, etnik baxımdan əhalisi yekcins olmayan, yaxud qarışıq olan yaşayış məntəqələrinin çoxalması və genişlənməsi, rus dilində elmi informasiya axınının artması, nitq ünsiyyət sahəsində elmi-texniki inqilabdan doğan universallaşma, yəni bir ümumi dildən istifadə etmək tendensiyasının güclənməsi və digər faktorlar rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi rolunun artmasına səbəb olmuşdur. Bu obyektiv prosesdə əsas rolu iri sənaye şəhərləri, o cümlədən ölkənin yeni və çoxmil­lətli sənaye mərkəzləri yerinə yetirirdi.

İkidilliliyin subyektiv faktoru, yəni adamların ikinci dili – millətlərarası ünsiyyət vasitəsini öyrənmək istəklərinin və səylərinin reallaşması üçün yeni sənaye mərkəzlərində ölkənin digər iqtisadi rayonları ilə müqa-yisədə daha əlverişli şərait var idi. Əhalinin tərkibinin çoxmillətli olması, əmək kollektivlərinin də bir qayda olaraq çoxmillətli olması, yeni şəhərdə əhalinin yerləş-dirilməsi sistemi – müxtəlif millətlərdən olan adamların fəhlə-gənclər yataqxanalarında və yaşayış binalarında qonşu mənzillərdə yan-yana yaşamaları, millətlərarası qarışıq ailələrin çoxalması, uşaqların milliyətindən asılı olmayaraq eyni uşaq bağçalarında və məktəblərdə bir yerdə tərbiyə və təlim almaları, müəssisələrdə, şəhərdə gənclərin istirahət gecələri, komsomol toyları, Pioner və məktəbli evləri, sarayları, yaşayış məhəllələrində idman meydançaları, stadionları və s., və s. bu kimi amillər müvafiq dil mühiti yaradırdı. Belə bir şəraitdə müxtəlif millətlərdən olan adamlar təkcə işdə, istehsalat prosesində deyil, həm də lap kiçik yaşlarından başlayaraq məişətdə, asudə vaxtlarında da millətlərarası ünsiyyət vasitəsi rolunu oynayan bir dildən hər gün istifadə edərək bu dili mükəmməl öyrənmək imkanı əldə edirlər.

Bundan əlavə, çoxmillətli yeni şəhərlərdə, o cüm-lədən Sumqayıtda əhalinin ictimai-siyasi, mədəni və elmi həyatında, keçmiş sosialist ölkələrinin və SSRİ-nin tərkibinə daxil olan respublikaların sənaye müəssisələri və dövlət idarələri, təhsil, elm və mədəniyyət müəssisələri ilə əlaqələrində rus dili aparıcı rol oynamışdır və bu gün də bu vəziyyət əksər hallarda davam etməkdədir.

Sumqayıtda bilinqvizmin, yəni biri rus dili olmaqla ikidilliliyin geniş yayılmasına təsir edən amillərdən biri də o olmuşdur ki, şəhərdə çoxmillətli qarışıq ailələrin sayı ildən-ilə artmış və belə ailələrdə ünsiyyət ailə quranların milliyyətindən asılı olmayaraq əsasən rus dilində olmuş­dur və olur.

XX əsrin 70-80-ci illərində aparılmış sosioloji tədqiqatlardan görünür ki, Sumqayıt şəhərində azərbay-canlıların rus, ukraynalı, belorus və digər millətlərdən olan qızlarla qurduqları ailələrdə ikidillilik davam edir. Belə ailələrdə qadınlar adətən tez bir zamanda ərlərinin dilini – azərbaycan dilini öyrənirlər. Nəticədə ər-arvad öz araların­da və uşaqları ilə ailədə gah bir dildə, gah da digər dildə danışırlar. Maraqlıdır ki, belə ailələrdə ünsiyyət yalnız azərbaycan (ərin, atanın dilində) və rus dillərində olurdu (milliyyətcə qeyri-rus olan arvadın, ananın dilində yox!).

Bu kateqoriyadan olan millətlərarası qarışıq ailələrdə rus dili ilə yanaşı azərbaycan dili də faktiki olaraq millətlərarası ünsiyyət funksiyasını yerinə yetirir.

Şəhər əhalisinin tərkibində həmişə azərbaycanlılar çoxluq təşkil etmişlər və şəhər həyatının bütün sahələrin-də onlarla ünsiyyətdə olan qeyri-azərbaycanlılar azərbay-can dilini öyrənməyə meyl göstərmişlər.

Onlara azərbaycan dilini öyrənməkdə kömək məqsə-dilə idarə, müəssisə və təşkilatlarda xüsusi kurslar təşkil edilirdi. Boruyayma zavodunda 1965-ci ildə təşkil olu­nmuş belə kurslardan birinin fəaliyyəti haqqında “Kom­munist Sumqaita” qəzetinin 21 noyabr tarixli nömrəsində “İzuçayem yazık Nizami” adlı məqalə dərc olunmuşdur. Məqalədə deyilir: “Müəllim tələffüz edir: “Vətən”. Sinif xorla təkrar edir. Bir də. Yenə də. Sən demə, azərbaycan dilində incə və ahəngdar səslənən bu sözü düzgün tələffüz etmək o qədər də asan deyilmiş!.. Sinifdə zavodun 30-dək rəhbər vəzifələrdə işləyən adamları azərbaycan dilini öyrənirlər. Onların arasında baş mühasib Levşov, texniki-təhlükəsizlik şöbəsinin mühəndisi Qluxov, iqtisadçı D.Ş.Epelman və başqaları vardır. Onlar hamısı yaşadıqları və işlədikləri respublikanın dilini öyrənmək istəyirlər.”

Daha bir misal. Dəmir-beton məmulatları zavodunun eksperimental sexinin çiliçgər-quraşdırıcısı milliyyətcə ukraynalı olan A.Kotenko “Kommunist Sumqaita” qəzeti-nin müxbiri ilə söhbətində demişdir: “Milliyyətcə ukray­nalı olsam da, mən azərbaycan, erməni və gürcü dillərində sərbəst danışıram. Azərbaycan dili mənə işimdə çox kömək edir. Bir dəfə mən qaynaqçı A.Mehdiyevlə birlikdə mürəkkəb bir detalı çertyoj üzrə dəzgaha montaj edirdik. A.Mehdiyev rus dilini zəif bilirdi, çertyoju da düzgün başa düşə bilmirdi və bərk əsəbiləşirdi... Mən çertyoju təmiz azərbaycan dilində aydınlaşdırmağa başlayanda Mehdi-yevin təəccübünün həddi-hüdudu yox idi. İş əsnasında tez-tez azərbaycanlı, erməni, gürcü yoldaşlarıma belə kömək edirəm. Bu dilləri bilməyim bizi yaxınlaşdırır və mən bununla fəxr edirəm” (21 noyabr, 1965-ci il).

Qeyd etmək lazımdır ki, millətlərarası ünsiyyətdə azərbaycan dilindən rus dili ilə müqayisədə çox az istifadə olunurdu. Bu vəziyyəti heç də birmənalı olaraq obyektiv amillərlə izah etmək düzgün olmazdı.

XX əsrin 70-ci illərinədək azərbaycan dilinin millət-lərarası ünsiyyət vasitəsi kimi rolu çox vaxt əsassız olaraq hesaba alınmırdı. Bir tərəfdən belə bəsirətsiz dil siyasə­tinin, digər tərəfdən isə bəzi obyektiv amillərin təsiri nəticəsində azərbaycan dilinin işlənmə dairəsi get-gedə daralır və təhsil, kütləvi informasoya vasitələri, mədə­niyyət, ailə-məişət sahələri ilə məhdudlaşır. Şəhər partiya təşkilatlarında, dövlət idarələrində və sənaye müəssi-sələrində kargüzarlıq işləri yalnız rus dilində aparılırdı. Öz soykökündən olan azərbaycanlıdan işə qəbul olunmaq üçün ərizəni mütləq rus dilində yazmağı tələb edərək bu ərizənin üstündə qoyduğu üç sözdən ibarət dərkənarda 5-6 səhv buraxan başabəla azərbaycanlı rəisdən nə gözləmək olar?! Belə olan halda rus bölmələrində şəhər məktəb­lərində azərbaycan dilinin tədrisinin yarıtmaz, nəticələrin isə son dərəcə acınacaqlı olması təəccüblüdürmü?!

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, azərbaycan dili hələ XX əsrdən əvvəl və sonrakı dövrlərdə təkcə Azərbaycanda deyil, həm də Zaqafqaziyada və Şimali Qafqazda yaşayan bütün xalqlar üçün millətlərarası ünsiyyət vasitəsi olmuşdur. Müxtəlif vaxtlarda bu diyarda olmuş səyyah, şair, yazıçı və alimlərin əsərlərində bu barədə geniş məlumatlar verilmişdir. Geniş oxucu kütlə­lərinin bu əsərləri əldə etmək və oxumaq imkanlarının məhdudluğunu nəzərə alaraq onlardan bir neçə misal çəkək.

A.S.Puşkinin, M.F.Axundovun və A.A.Bakıxano-vun dostu, dövrün tanınmış şairi, nasiri və ədəbiyyat tənqid­çisi, dekabrist Aleksandr Aleksandroviç Bestujev-Marlin-ski 1829-1834-cü illərdə Dərbənddə sürgündə olmuşdur. O, beş dil bilirdi, lakin bununla qane olmamış, azərbaycan dilini də mükəmməl öyrənmişdir. Bu dil haqqında o yazır: “Zaqafqaziya diyarında tatar dili (o zaman azərbaycan dili belə adlandırılırdı – R.M.) türk dilindən az fərqlənir və fransız dili ilə Avropada olduğu kimi bu dillə Asiyanın bu başından o başınadək keçmək mümkündür.”

Böyük rus şairi M.Y.Lermontov: “Tatar (azərbaycan – R.M.) dilini öyrənməyə başlamışam. Bu dil burada və ümumiyyətlə Asiyada fransız dili Avropada vacib olduğu qədər vacibdir.”

1916-cı ildə Rusiya Elmlər Akademiyasının xüsusi tapşırığı ilə Qafqaz cəbhəsində olmuş P.A.Falev yazır: “Azərbaycan dilində təkcə Azərbaycanın öz əhalisi yox, bütün Zaqafqaziyanın əhalisi danışır.”

Bu diyarlarda səfərdə olmuş səyyah baron Avqust fon-Hakthauzen 1857-ci ildə Sankt-Peterburqda çap etdir­diyi “Zaqafqaziya diyarı. Qara dənizlə Xəzər dənizləri arasında xalqların ailə-məişət və ictimai həyatı və münasi­bətləri haqqında” adlı kitabında yazır: “Ermənilər erməni dilində yox, tatar (azərbaycan – R.M., H.S.) dilində yazıb-yaradırlar, çünki bu dil Qafqazın cənubunda yaşayan xalq-lar arasında ünsiyyət, ticarət və qarşılıqlı anlaşma dilidir; bu baxımdan onu Avropada fransız dili ilə müqayisə etmək olar. Bu dil xüsusən də poeziya dilidir... Ən məşhur erməni şairləri öz yaradıcılıqlarını daha geniş yaymaq məqsədilə həmişə tatar dilindən istifadə edirdi­lər”.

Hələ XIX əsrdə, ondan əvvəlki və sonrakı dövrlərdə də təkcə Azərbaycanda yox, həm də Cənubi Qafqazda millətlərarası ünsiyyət vasitəsi kimi geniş istifadə olunmuş azərbaycan dilinin Sovet Hakimiyyəti illərində obyektiv səbəblərlə yanaşı, bəzən daha çox subyektiv səbəblərə görə get-gedə fəaliyyət dairəsinin daralması, respublikanın paytaxtı Bakıda və digər iri sənaye mərkəzlərində az qala tam aradan çıxarılması prosesinin qarşısının alınması 1969-cu ildən respublika hakimiyyətinə gəlmiş H.Əliye-vin uzaqgörən və düşünülmüş dil siyasətinin addım-addım, tədricən həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Bu istiqamətdə atılmış ilk cəsarətli addım 1969-cu ilin noyabr ayının 1-də Bakı Dövlət Universitetinin 50-illik yubileyində H.Əliyevin rus dilində deyil, məhz azər­baycan dilində geniş nitqlə çıxış etməsi oldu.

Azərbaycan dilinə dövlət səviyyəsində qayğının ikinci mərhələsi H.Əliyevin xalqın xeyir-duası ilə yenidən hakimiyyətə qayıdışından sonra başlanır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 №-li Fərmanı azərbaycan dilinin dövlət dili kimi öz kons-titusion hüquqlarını tam yerinə yetirməsinə, ölkə həyatının bütün sahələrində istifadə olunmasına geniş üfüqlər açmış-dır.

Bununla yanaşı unutmaq olmaz ki, xalqımızın XX əsr tarixi əsasən, Sumqayıtda isə demək olar ki, yalnız – rus dilində yazılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında 172 fondda 50 min saxlan-ma vahidi həcmində toplanmış sənədlər – şəhərimizin tarixi “rus dilində yazılmışdır” deyə itirilməməli, onlardan istifadə etmək üçün gənclərimiz digər əcnəbi dillərlə yanaşı, rus dilini də mükəmməl öyrənməlidirlər. Respub­likamızın Prezidenti H.Əliyev ana dilimizi və əcnəbi dilləri öyrənməyin vacibliyini həmişə vurğulamış, gənclə­rimizə tövsiyə edərək demişdir: “Mən istəyirəm ki, bizim gənclərimiz Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizamini isə azərbaycan dilində mütaliə etsinlər”.

Onu da unutmaq olmaz ki, rus dili dövlətlərarası ünsiyyət vasitəsi kimi bu gün də respublikamızın yerləş­diyi regionda və digər regionlarda da xüsusi rola malikdir və bu dilin gənclərimiz tərəfindən öyrənilməsinə biganə münasibət bəsləmək olmaz. Müstəqil inkişaf yolu ilə inamla irəlilədiyimiz bir dövrdə Azərbaycan-Rusiya münasibətləri barədə Azərbaycan Respublikasının prezi-denti Heydər Əliyev 2002-ci il sentyabrın 23-24-də Rusiya Federasiyasında səfərdə olarkən iki qonşu dövlətin rəhbərlərinin birgə keçirdikləri mətbuat konfransında verdiyi bəyanatda xüsusilə vurğulayaraq demişdir: “Bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasətimizin öncül istiqamə-tidir. Biz təxminən iki əsr birlikdə olmuşuq və bir o qədər qaynayılb-qarışmışıq, o qədər yaxınlaşmışıq ki, bu əlaqə­ləri qırmaq olmaz. Dövlət müstəqilliyi qazanmağımız bir-birimizdən uzaqlaşmağa heç bir əsas vermir, əksinə, bu münasibətləri inkişaf etdirmək lazımdır ”.



Sumqayıt şəhərinin

xarici ölkələrlə əlaqələri
Məlum olduğu kimi, bəşər sivilizasiyası xalqların hərtərəfli əlaqələrinin məhsuludur.Dünya mədə­niy­yətinin, elminin, incəsənətinin təşəkkül tap-ma­­sında, inkişaf etdirilməsində böyüklü-kiçikli bütün xalqların yeri və payı vardır.

Azərbaycanın cavan şəhərlərinin xarici ölkələrlə qarşılıqlı münasibətlərinin inkişafına təkan verən əsas faktorlardan biri onların texniki-iqtisadi əlaqələri olmuş-dur. Azərbaycanın yeni sənaye mərkəzləri bir çox xarici ölkələrə iqtisadi, texniki və mütəxəssis köməyi göstər-mişdir. Məsələn: Sumqayıt Boruyayma Zavodunun isteh­sal etdiyi polad borular qarşılıqlı kömək və dostluq telləri kimi Almaniyaya, Bolqarıstana, Rumıniyaya, Macarıstana, Vetnama, Koreyaya, Kubaya, Çexos­ova­iyaya, Polşaya, Çinə, Yuqoslaviyaya, Əlcəzairə, Hindis­tana, Finlandiyaya, Maliyə, Əfqanıstana, Seylona, Su­ana, Efiopiyaya, Suriya-ya, Yəmənə, Birmaya və digər ölkələrə uzanıb gedirdi.

Sumqayıt alüminiumçuları Bolqarıstan metallurq-arına kömək etmişlər. Bolqarıstanın ticarət nümayəndəsi Q.Cambov “Kommunist Sumqaita” qəzetinə göndərdiyi məktubda (1981, 1 fevral) yazırdı: “Sofiya şəhərində yer-ləşən A.İvanov adına Məişət Soyuducular zavodunda 1980-cı ilin IV rübündə alüminium buxarlandırıcıları çatışmadığından ağır vəziyyət yaranmış, zavodda isteh-salın dayanma qorxusu vardır. Yaranmış vəziyyətlə bağlı bizim ölkə kömək üçün Sumqayıta müraciət etdi. Alüminium zavodu təcili olaraq buxarlandırıcı istehsalını təşkil edərək qısa bir müddətdə Bolqarıstana 14000 ədəd buxarlandırıcı göndərdi və bizim zavodun fasiləsiz işləməyini təmin etdi”.

Sumqayıt şəhərinə “elm” dalınca dost Çexoslovakiya ölkəsindən metallurqlar və kimyaçılar gəlirdilər. Bu ölkədə Kralyupin, Vitavo, Porbuxavizov kimi bir neçə yeni sənaye şəhərləri tikilmişdi ki, bu şəhərlərdə də kimya sənayesinin yeni istahsal sahəsi olan sintetik maddələr kimyası inkişaf etdirilməyə başlanmışdı. Çexoslovakiyalı mütəxəssislər neft qazlarından divinil və nitril kauçukun alınmasının texnoloji proseslərini öyrənmək məqsədilə texniki təcrübə toplamaq üçün Sumqayıta gəlirdilər və Sintetik Kauçuk zavodunda istahsalat təcrübəsi keçirdilər.

Təkcə 1962-ci ilin bir neçə ayı ərzində Çexoslo-vakiyadan gəlmiş yüzlərlə mütəxəssis bu zavodda isteh-salat təcrübəsi keçmişdir. Onların hamısı texniki və istehsalat təcrübəsi əldə etməklə yanaşı eyni zamanda Azərbaycan və Çexoslovakiya xalqları arasında dostluq əlaqələrinin səlahiyyətli nümayəndələri olmuşlar. Bu baxım­dan Çexoslovakiyalı mühəndis Miroslav Şkabra-danın Sumqayıtlılara göndərdiyi məktub səciyyəvi xarak­ter daşıyır:

“Mən Çexoslovakiyanın Kralyupin şəhərindənəm. Bu şəhər Sumqayıtla möhkəm dostluq telləri ilə bağlıdır. Əvvəllər Sumqayıtla ancaq bizim metallurqların əlaqələri var idi. Indi növbə kimyaçılara da çatmışdır. Mən Sum-qayıtda iki həftə oldum və Sintetik Kauçuk zavodunda Divinilin mis-ammiak duzları ilə təmizlənməsi sexində istehsalat təcrübəsi keçərək çox şey öyrəndim. Burada, Sumqayıtda, mən həm də özümə xeyli dost qazandım.” (“Kommunist Sumqaita” qəzeti, 14 avqust 1962-ci il).

Sumqayıt energetikləri İstilik-Elektrik Mərkəzində Kubadan gəlmiş gənclərdən ibarət böyük bir qrupa energetikanın sirrlərini öyrətmişlər. Sumqayıtda energe-tika peşəsinə yiyələnərək, vətənlərinə qayıdan kubalılar 1964-cü ildə öz sumqayıtlı müəllimlərinə və dostlarına aşağıdakı məzmunda məktub yazmışdılar:

“Direktor Əli Hüseyn oğlu, partiya təşkilatının katibi Mircabbar Nəbi oğlu, həmkarlar təşkilatının sədri Şıxbala Əhməd oğlu, texniki peşə hazırlığı şöbəsinin rəisi Yakov İlya yoldaşlara, bizim müəllimlərimizə, İstilik-Elektrik Mərkəzlərinin bütün əməkdaşlarına - dostlarımıza. Biz, kubalı praktikantlar: Klaudio Elisale Ferrero, Eddi Basilo Qoayanes, Delfin Qrant Pimçent, Roger Lasa Ferrero 8 ay müddətində istilik-elektrik stansiyasının avtomatlaş­dırıl­ması və istismarı sahəsində Sizin təcrübə-nizi öyrənmişik. Sizə böyük minnətdarlığımızı bildiririk və bəyan edirik ki, Siz bu köməyi bütün Kuba xalqına etmisiniz. Biz Azərbaycanda əldə etdiyimiz bilik və bacarığımızı öz vətənimizə, bütün xalqımıza gətirmişik. Bu bizim ölkənin elektrikləşdirilməsinin inkişafına imkan yaradacaqdır...

Bizə göstərdiyiniz qayğıya görə çox sağ olun, Sizin bizə etdiyiniz köməyi heç vaxt unutmayacağıq. Çox sağ olun, dostlar!” (Bax: Aрхивные материалы Сумгаит­ской ТЭЦ за 1964 год).

Almaniya metallurgiya sənayesi sahəsində tarixən böyük istehsalat təcrübəsinə, zəngin ənənəyə malik olan dövlətlərdəndir. Lakin buna baxmayaraq, alman metal-lurqlarının da sumqayıtlı dostlarının köməyinə ehtiyacı olmuşdur. İki nəfər sumqayıtlı metallurq - boruyayma zavodu marten sexinin rəisi Pyotr Podqornı və həmin zavodun baş mühəndisinin müavini İdris Əliyev Alma-niyanın Riza şəhərində uzunmüddətli ezamiyyətdə olmuş, metallurgiya zavodunda peçlərin iş rejimini qaydaya salmaqda alman dostlarına hərtərəfli kömək etmişlər. Onlar Riza şəhərindən qayıtdıqdan sonra Sumqayıta, boru­yayma zavoduna Almaniyadan məktub gəlmişdir. Mək-tubda deyilirdi: “Sizin zavodun mühəndisləri P.Podqornı və İ.Əliyev metalın tökülmə texnologiyasını tənzim etməkdə bizə misilsiz kömək göstərdilər. Bu kömək zavodlarımızın əmək kollektivləri arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsinə zəmin yaradır” (Bax. “Kommunist Sumqaita” qəzeti, 14 iyul 1963-cü il).

Polşanın, Rumıniyanın, Macarıstanın, Çexoslova-kiyanın, Almaniya Demokratik Respublikasının, Bolqarı-stanın metallurgiya və kimya zavodlarının tikilməsində və işə salınmasında yüzlərlə sumqayıtlı metallurqun, inşaatçının, kimyaçının böyük əməyi olmuşdur. Sumqayıt mütəxəssisləri çox zaman bu ölkələrə gedərək onlara texniki kömək göstərmişlər. Məsələn, Polşada yeni kimya sənayesi müəssisəsi tikilərkən onların ixtisaslı mütəxəs­sislərə böyük ehtiyacı var idi. Sumqayıtlı kimyaçılar bunu nəzərə alaraq tezliklə polşalı qardaşlarına kömək əllərini uzatdılar. Sumqayıtlı mühəndis A.P.Biryu­kov öz yoldaş-ları ilə birlikdə Polşanın Osventsim kimya kombi­natının tərkibinə daxil olan sintetik kauçuk zavodu­nun işə salınmasında fəal iştirak etmişdilər.

Sumqayıtlı mütəxəssislər qardaş rumın xalqına da öz köməyini əsirgəməmişdi. Məsələn, 1963-cü ildə Sumqayıt Sintetik Kauçuk zavodundan 13 nəfər mühəndis və texnik Rumıniyaya getmiş, bir ildən artıq orada qalaraq rumın kimyaçılarına butan-divinil sexinin işə salınmasında yaxından kömək etmişdir.

Çin Xalq Respublikasının gənc metallurgiya sənaye­sinin inkişaf etdirilməsində sumqayıtlı fəhlə və mühəndis­lərin də böyük əməyi olmuşdur.

“Sosialist Sumqayıtı” qəzeti (30 sentyabr 1959-cu il) bu barədə yazırdı: “Çinin Pekin, Mukden, Lançjou və başqa şəhərlərindən Sumqayıta gələn cavan mühəndislər və texniklər bir ildən artıq sintetik kauçuk zavodunda təhsil almışlar. Çinli mütəxəssislər - kimyaçılar, mexanik­lər və aparatçılar sintetik kauçuk zavodunda böyük istehsalat təcrübəsi keçmişlər. Çinin bir çox aspirantları öz dissertasiyalarını da Sumqayıtın müəssisələrində yazmış­lar. Sumqayıtlı mütəxəssislər özləri də dəfələrlə Çin Xalq Respublikasına gedib həmkarlarına kömək etmişlər. Məsələn, Boru-prokat zavodunun bir qrup mühəndisi Çinin Anşandakı metallurgiya kombinatına gedərək orada boru istehsalı prosesini qaydaya salmaqda çinlilərə kömək etmişlər. Sumqayıt Alüminium zavodunun baş mühəndisi G.Sergeyev də Çində olmuşdur. O, Fuşunda çinli metal-lurqlara alüminium istehsalı prosesini öyrətmişdir.”

Müxtəlif xarici ölkələrdən gələn yüzlərlə fəhlə və mühəndis Sumqayıtın sənaye müəssisələrində yerli mütəxəssislərin yaxından köməyi nəticəsində metallurq, kimyaçı, energetik və inşaatçı sənətlərinə yiyələnmişdir. Əlcəzairin, Hindistanın, İndoneziyanın və bir çox başqa ölkələrin orta ixtisas və ali məktəblərinin tələbələri müasir elmin və texnikanın son nailiyyətləri tətbiq olunan Sumqa­yıt zavodlarında geniş istehsalat təcrübəsi keçmişlər. Gürcüstanın gənc sənaye səhəri Rustavidə çıxan “Sosia-listiçeski Rustavi” qəzeti bu haqda yazmışdır: “Sumqa­yıtın boru-prokat zavodunda indonezayalı gənclər istehsalat təcrübəsi keçmişlər. Onlar öz sumqayıtlı dostlarından tokar dəzgahlarında işləməyi öyrənmişlər.

Budur, 3000 adası olan ölkənin Yava sahilində yerləşçən Çileqona şəhərinin sakini Süro Dorsano Sum-qayıt borusu üzərində «Lenin-Dostluq-Sülh-Sumqayıt» sözləri yazmışdır”.

Göründüyü kimi, uzaq İndoneziya ölkəsindən gələn gənc fəhlə üçün Sumqayıt o qədər əziz və yaxın olmuşdur ki, gedəndən sonra da o, sumqayıtlıların qayğı və diqqətini unutmamış, şəhərin adını Sülh və Dostluq kimi ümum­bəşər dəyərlərlə bir sırada çəkmişdir.

O dövrdə Azərbaycan Kommunist Partiyasının Mərkə­zi Komitəsinin I katibi vəzifəsində işləyən H.Əliyev “Azərbaycan SSR sovet xalqlarının qardaşlıq ailəsində” (Azərnəşr, 1975) adlı kitabında yazır: “Sosialist dövlətləri üçün, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında Azərbaycan fəal iştirak edir. Respub-likanın Ali məktəblərində dünyanın 38 ölkəsindən tələbə-lər və aspirantlar oxuyur. Sosialist ölkələrindən və inkişaf etməkdə olan ölkələrdən Azərbaycan mütəxəs­sislərinin böyük bir dəstəsi işləyir ”.

Sumqayıtlı metallurqlar və kimyaçılar tez-tez dost Hindistana, Yəmənə, Birmaya, Qanaya və başqa xarici ölkələrə gedərək orada sənaye obyektlərinin tikilməsində və işə salınmasında yerli mütəxəssislərə hərtərəfli kömək edirdilər.

Dost Hindistanın nəhəng Bhilai metallurgiya zavo-dunun tikilməsində və Misirdə məşhur Asuan bəndinin çəkilməsində Sumqayıtlı mühəndislərin, texniklərin və fəhlələrin böyük əməyi olmuşdur. Hindistanın Bhilai şəhəri də Sumqayıt kimi gəncdir. Bhilai şəhəri Sianat çayının sahilində çəltik plantasiyalarının yerində salın-mışdı. Sumqayıtlı quraşdırma ustaları P.Pavlov, G.Pen-kov, V.Rıjikov, A.Badenko, qaz qaynaqçısı V.Belyayev, elektrik quraşdırıcısı İ.Smirnov və başqaları Bhilai şəhə-rində tikilən metallurgiya zavodunun ağır və mürəkkəb inşaat işlərini müvəffəqiyyətlə başa çatdır­mışlar. Bir neçə il uzaq Hindistanda qalan sumqayıtlılar xalqlarımız arasında yaranan dostluq siyasətinin carçıları olmuşlar. Sumqayıtlıların rəşadətli əməyi Hindistan Respublikasının keçmiş prezidenti Racendra Prasad tərəfindən yüksək qiymətləndirilmişdir. G.Penkov Bhilaidən göndərdiyi məktubların birində sumqayıtlı yoldaşlarına yazırdı: “... Mən istifadəyə verilən domna peçlərinin tikilməsində işləyirdim. Peçin işə salınması ilə əlaqədar olaraq bizim yanımızda keçirilən mitinqə Hindistanın prezidenti R.Prasad da gəlmişdir. Prezident öz çıxışında sovet mütə-xəssislərinin adına çoxlu xoş sözlər dedi. Böyük iftixar hissi ilə bildiririk ki, Vətənimizin bizə göstərdiyi yüksək etimadı namusla yerinə yetirmişik. Təntənəli mitinqdə Bhilai metallurgiya zavodunun I növbə tikintisində yaxşı işlədiyimizə görə bütün sumqayıtlıların hamısına təşəkkür elan etdilər”.

Sumqayıtda bir sıra elmi-tədqiqat institutları da fəaliy­yət göstərmişdir. Bunlardan neft və kimya zavod-larının avtomatlaşdırılması elmi-tədqiqat institutu- “Neft-kimyaavtomat”, Neft Kimyası Prosesləri İnstitutu və başqaları ittifaq əhəmiyyəti olan elm mərkəzləri idi. “Neft-kimyaavtomat” institutunun bacarıqlı alimləri və mühən-dis-texnik işçiləri yalnız Azərbaycanda deyil, eləcə də Ukraynanın, Başqırdıstanın, Tatarıstanın, Dağıstanın və uzaq Saxalin adasının neft və qaz zavodlarının avtomatlaş-dırılması sahəsində bir sıra çox qiymətli işlər görmüşlər. Bu institutu Uralda, orta Asiya respublikalarında, Sibirdə, Saxalində, Qroznıda yaxşı tanıyırlar. Kiev-Daşava qaz kəmərinin telemexaniki aparatını Sumqayıtın gənc alim-ləri yaratmışlar. Qroznı şəhərində katalitik krekinq qurğu­sunun avtomatlaşdırılmasında yerli mütəxəssislərə sumqa­yıt­lılar yaxından kömək etmiş, Bolqarıstanda isə neftayır-ma zavodunun avtomatlaşdırılması işinə xeyli əmək sərf etmişlər, sumqayıtlı alimlərin elmi və texniki ixtiraları Sovet İttifaqının nəhəng sənaye müəssisələrində geniş tətbiq edilirdi. Anqarsk şəhərindəki kombinatın bir sıra obyektlərində sumqayıtlıların avtomatlaşdırdıqları maşın­la­rın dəqiq və səliqəli işi təqdirə layiq olmuşdur. Azərbaycanlı alimlərin orada gördükləri işə sosialist respublikalarının mütəxəssisləri yüksək qiymət vermiş­dirlər. Gürcüstanlı alimlər Anqarskda sumqayıt­lıların yaratdıqları “möcüzələrə” heyran olub demişlər: “Sumqa­yıt “Neftkimyaavtomat” institutu özünün tədqiqat labo­ratoriyalarında çox vacib problemlər həll etdiyi üçün ölkəmizdə olan əsas institutlar cərgəsində dayanmışdır. Anqarskda mühəndislər və aparatçılar təzə kombinata gəldikdə onun “ağıllı” avtomatlarını yaradanların ünvanını öyrənəcəklər, bununla da daha bir dostluq teli bütün ölkə boyu, qarlı Sibirdən Xəzər dənizinin isti sahilinə qədər uzanacaqdır. Təkcə bir sexdə beş yüzdən artıq avtomat məntəqə düzəldilmişdir. Əgər nəzərdə tutulsa ki, Anqarsk kimya kombinatının on beş obyektinin hər birində bir neçə belə sex var, onda təsəvvür etmək olar ki, Sumqayıt alimləri nə qədər böyük zəhməti öz üzərlərinə götürmüşlər ”.

“Neftkimyaavtomat” elm-istehsalat birliyi əmək-daşlarının ixtira edib hazırladıqları cihazlardan (neftin tərkibində suyun miqdarını ölçən – “vlaqomer”, rezervu-arlarda mayenin çəkisini ölçən) Macarıstanda, Rumıni-yada və Polşada geniş istifadə edilir. Bu institutun əməkdaşları tərəfindən TRANSİRAQ Magistral qaz kəməri üçün kompressor stansiyalarının AİS (avtomat idarəetmə sistemi) hazırlanmış və yerində quraşdırmışdır.

Dünya şöhrətli sumqayıtlı alim Azərbaycan Respub-likası EA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Abdullayev Əsgər Ələkbər oğlunun yaratdığı və 30 ildən artıq bir müddətdə fasiləsiz rəhbərlik etdiyi “Neftkimyaavtomat” elm-istehsalat birliyinin bir qrup əməkdaşı iki dəfə - 1969-cu və 1983-cü illərdə - SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Yuqoslaviyanın Zaqreb şəhərində keçirilmiş Beynəl-xalq yarmarkada bu institutun iki elmi işi Qızıl Medal almışdır.

Avtomatika və telemexanika elminin aktual problem­ərinin həllində böyük rolu olduğu üçün Sumqayıt bu problemlərə dair keçirilən respublikalararası elmi konf­anslar, müzakirələr və seminarlar mərkəzinə çevrilmişdir. Elm aləmində əlamətdar hadisə olan Ümumittifaq Avto­matlaşdırma Konfransı 1962-ci ilin aprel ayında məhz Sumqayıtda keçirilmişdi.

Sumqayıtın elm ocaqlarından biri də Neft Kimyası Layihə İnstitutu idi. Bu institut ölkəmizin kimya müəs­sisələrinin layihələşdirilməsi sahəsində çox böyük işlər görmüşdür. Sterlitemak Kimya zavodunun, Kazan Üzvi sintez zavodunun, Novomoskovsk Kimya kombinatının, Yerevandakı Kirov adına Sintetik kauçuk zavodunun, Krasnodar ölkəsindəki Qaz-benzin zavodunun və digər kimya obyektlərinin layihələri bu institutda işlənib hazır-lanmışdır.

Sumqayıtlı alimlər həmişə xarici ölkələrin alimləri və istehsalatda işləyən mütəxəssisləri ilə yaranmış ənənəvi elmi əlaqələrin daima genişləndirilməsində dünya xalqları ilə dostluq və əməkdaşlıq tellərinin möhkəmlənməsinin bünövrəsini, əsasını, rəhnini görmüşlər.

Sumqayıtlı alimlər tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq simpozium, konqres və konfranslarda fəal iştirak etmiş, xarici ölkə alimlərini isə Sumqayıtda keçiri-lən elmi yığıncaqlara dəvət etmişlər. Məsələn, 1978-ci ildə ABŞ-ın paytaxt Vaşinqton şəhərində “Amerika kimya cəmiyyəti”-nin yüzillik yubileyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilmişdir. Bu simpoziumda sumqayıtlı alimlər – kimya elmləri doktorları, professor Mustafa Salahov və professor Mustafa Hüseynov elmi məruzə ilə çıxış etmişlər. Məruzənin mətni Amerikada nəşr olunan “CHETECH” - “Kimya texnologiyası” jurna-lın­da dərc edilmişdir (1978-ci il, yanvar, s.44-51). Bu məqalə barədə jurnalın redaktoru yazmışdı: “Salahovun və Hüseynovun məqaləsi Azərbaycanda tətbiqi kimyanın geniş inkişaf etməsindən xəbəb verir”.

Sumqayıt şəhəri xarici ölkələrdə çox geniş mədəni əlaqələri ilə də yaxşı tanınır. Sumqayıtlıları dünya xalqla­rının mədəniyyət və incəsənət inciləri ilə tanış etmək məqsədi ilə müxtəlif tədbirlər keçirilirdi: xarici ölkələrin mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir, xarici ölkə kinofilmlərinin festivalları və ictimai baxışları təşkil olunur, konsertlər verilir, əcnəbi dilləri öyrədən dərnəklər yaradılırdı. Şəhərin mədəni həyatında yaradıcı kollektivlərlə, artistlərlə, bəstəkarlarla, kinema­toqrafçı­larla, yazıçılarla, ədəbiyyat və incəsənət dekadaları iştirak­çıları ilə görüşlər xüsusi yer tuturdu.

Məsələn, 1964-cü ildə Polşanın estrada orkestrinin Sumqayıtda verdikləri konsertlər çox uğurla keçmişdi. Sumqayıtlıların xüsusi rəğbətini o vaxt “Yaşıl küçədəki ev” kinofilminin baş qəhrəmanı rolunun ifaçısı, Polşa estradasının ulduzu Barbara Rılska qazanmışdı. Sumqayıt şəhər qəzeti “Polşa ulduzu Sumqayıtda” adlı məqalədə yazırdı: “Bizim şəhərin çoxlu musiqi, rəqs və mahnı pərəstişkarlarının yeni, mehriban bir kollektivlə - Polşa estrada orkestrinin kollektivi ilə görüşü oldu. Burada qonaqları tamaşaçılar çox hərarətlə qarşıladılar. Barbara Rılskanın çıxışı dinləyicilər üçün çox xoş bir final çıxışı oldu”.

Sumqayıt metallurqları, kimyaçılar və inşaatçılarının qarşısında Çexoslovakiyanın “Praqa radio dalğasında” Caz orkestri 1962-ci ildə çıxış etmişdi. “Sosialist Sumqayıtı” qəzeti 3 avqust 1962-ci il tarixli nömrəsində dərc olunmuş “Gözəl tanışlıq” adlı məqaləsində yazırdı: “Karel Krautqarten klarnetdə və saksafonda ifa etdiyi “Yer və Göy”, “Sevgili canan”, “Ventilyator” musiqi improvizasiyaları zalda əyləşən tamaşaçıların surəkli alqışları ilə qarşılandı. Vokal ustalarının repertuarı yaxşı düşünülmüşdü. İngilis, fransız, çex, zənci mahnıları oxundu”.

1965-ci ildə Sumqayıta Macarıstan mədəniyyət ongünlüyü iştirakçıları gəlmişdilər. Qonaqlar boruyayma zavodunda, “Rusiya” kinoteatrında, şəhərin yeni mikro­rayonlarında oldular. Şəhərin uşaq baxçalarından birində Macarıstandan gəlmiş qonaqların körpələrlə görüşü şəhər qəzetində dərc edilmiş “Macarıstanın sübh bəxşişini qəbul edərək” adlı reportajında belə təsvir olunmuşdur: “Budapeşt Opera və Balet teatrının solisti Juji Erdest hansısa bir uşaq bağçasına getməyi xahiş etdi. Qərara aldılar ki, yaxında yerləşmiş 24 saylı uşaq baxçasına getsinlər. Baxçada Budapeşt opera və Macarıstan estrada solistlərindən ibarət olan xor tam ciddiyyətlə uşaqlar üçün kiçik bir şən mahnı ifa etdilər. Sonra isə qonaqlar yeni bir “nömrə” göstərdilər. Bağçanın həyətində artistlərlə uşaqlar əl-ələ verərək mahnı oxumağa, rəqs etməyə başladılar” (Bax: “Kommunist Sumqaita” qəzeti, 28 noyabr 1965-ci il).

1960-cı ildə sumqayıtlılar Moskvada keçirilən 4-cü Beynəlxalq kinofestivalının iştirakçılarını Kimyaçılar Sarayında böyük hərarətlə qarşıladılar. Bizim şəhərimizin qonaqları arasında məhşur hind kinoaktyoru Rac Kapur və onun arvadı Krişna Kapur, indoneziyalı kinematoqrafçılar Nur Nasition, aktyor Zeynal Abidin, rejissor Uzxara Aval, yuqoslaviyalı rejissor Vatroslav Militsa, operator Pinter Pyumislav, rejissor Stepan Zaimnoviç, Yunanıstandan rejissor Nikos Drimas və başqaları var idi.

Elə həmin ildə Sumqayıta məhşur Amerika aktyoru Robert Ros da gəlmişdir. O, Pol Robsonun həyatı və yaradıcılığı haqqında sumqayıtlılara geniş məlumat vermiş, özünün yaradıcılıq planları ilə tanış etmişdir.

1962-ci ildə Sumqayıtda Yapon vokal kvarteti “Dak-Daks” olmuş və Yaponiyanın dəniz limanlarında gəmilərə yük vuran fəhlələrin mahnılarını, kəndlilərin bayram mahnılarını ifa etmiş, onların necə şənləndiklərini göstər­mişlər. Konsert sumqayıtlıların çox xoşuna gəl­mişdir.

Mədəni əlaqələrin bu və ya digər formaları milli mədəniyyətlərin qarşılıqlı bəhrələnməsinə və inkişafına, müxtəlif xalqların bir-birini yaxından tanımasına, onların aralarında yaranan həmrəylik və qarşılıqlı anlaşma münasibətlərinin genişlənməsinə, dostluq və qardaşlıq tellərinin möhkəmlənməsinə xidmət edir. Sumqayıtlılar xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsində xalqlar arasında sülhün və əmin-amanlığın etibarlı olmasına zəmin yaratdığını görürlər.

Sumqayıtlıların əldə etdikləri böyük nailiyyətlər bu şəhərə xarici ölkələrdən gələn qonaqları da valeh edir. Hələ 1965-ci ilin sentyabr ayında ölkəmizdə rəsmi görüşdə olan Almaniya Demokratik Respublikasının partiya və hökumət rəhbərləri Sumqayıt şəhərini görərək, burada gedən tikinti işlərinə heyran olmuş, onu əsrimizin nəhəng tikintilərindən biri adlandırmışlar. Alman dostlarımız şəhərimizdən getdikdən bir ay sonra, Sumqayıt haqqında sənədli film yaratmaq üçün başda rejissor Klauz Xemmo olmaqla ADR-dən bir qrup kinematoqrafiya işçisi buraya gəlmişdi. Sumqayıtlılarla söhbət zamanı K.Xemmo demişdir: “Sovet İttifaqının gənc sənaye şəhərlərindən biri haqqında sənədli film çəkmək fikrimiz çoxdan var idi. Sizin ölkədə belə şəhərlər çoxdur. Biz öz “qəhrəmanımızı” tapmaq üçün az səyahət etmədik, ancaq heç cür seçə bilmədik. Gözlənilmədən bizə bu işdə başçımız V.Ulbrixt kömək etdi. O, bu yaxınlarda sizin respublikada olarkən sumqayıtlılara qonaq getmiş və şəhər onun çox xoşuna gəlmişdi. O, SSRİ-dən rəsmi səfərdən qayıdan kimi, sənədli filmi Sumqayıta həsr etməyimizi məsləhət gördü. Biz Sumqayıta gələndə bir daha inandıq ki, çox gözəl məsləhət almışıq. Biz ADR televiziyası üçün kinofilm çəkməyə başlayacağıq, bu da iki nəfər sumqayıtlının doğma şəhərə səyahəti olacaq. Bizimlə birlikdə televiziya tamaşaçılarımız Sumqayıtın zavodlarına, tikintilərinə, dənizkənarı parkına və s. yerlərinə nəzər salacaqlar. Onlar yaşıllığa qərq olunmuş məhəllələrin yaşayış evlərini görəcək, metallurqlarla, kimyaçılarla, gənc alimlərlə, tələbələrlə, məktəblilərlə görüşəcəklər. Fikirləşirik ki, gələcək tamaşaçılarımız da bizim kimi Sumqayıta heyran olacaqlar!” (Bax: H.Sadıqov. Dostluq şəhəri. Bakı, 1977, s. 72-73).

Sevindirici haldır ki, sumqayıtlılar özləri də xarici ölkələrdə çəkilən sənədli filmlərdə əsas rollarda çıxış edirdilər. Sumqayıtlı Şahbaba Məcidov Böyük Vətən müharibəsi illərində İtaliyada təşkil edilən xalq müqaviməti hərəkatının fəal iştirakçısı olmuş, böyük igidlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycanlı parti­zan o vaxt italiyalı partizan qız Tereza Kazadio ilə evlənmişdir. Ağır və çətin döyüş meydanlarında yaranan bu müqəddəs beynəlmiləl ailə sonralar gənc şəhərdə gündən-günə artan beynəlmiləl ailələrin ilk qönçəsi olmuşdur.

Məşhur İtaliya kinorejissoru De-Santis İtaliyada faşistlərə qarşı partizanların apardıqları amansız mübari-zəyə həsr etdiyi “Faciəli ov” adlı sənədli film çəkərkən hadisə iştirakçılarının özlərini oraya dəvət etmişdi. Həmin sənədli filmə çəkilmək üçün 1963-cü ildə keçmiş partizanlar - Şahbaba Məcidov, onun həyat yoldaşı Tereza Kazadio, qaynanası partizan Adele Jasi və Şahbabanın partizanlar qrupunun qəhrəmancasına həlak olan koman-dirinin adını indi vüqarla daşıyan oğlu Şauro Sumqayıtdan İtaliyaya getmişdilər. Şahbaba Məcidov İtaliyada olarkən, İtaliya Kommunist Partiyasının Revensk əyalət komitə-sinin katibi, 28-ci Haribaldi briqadasının keçmiş koman-diri Arriqo Boldrin Şahbabaya yüksək döyüş mükafatı – “Haribaldi Ulduzu” ordenini təqdim etmişdir. Həmin gün azərbaycanlı partizan Ş.Məcidov İtaliya Kommunist Partiyasının Baş katibi P.Tolyatti ilə görüşmüşdür. İtaliya kommunistlərinin rəhbəri Şahbaba ilə görüş zamanı Azərbaycan, Bakı və Sumqayıt haqqında onunla söhbət etmiş, respublikamızın gələcəyi ilə maraqlanmışdır. (Bax: H.Sadıqov. Dostluq şəhəri. s.73).

Bir çox xarici ölkələrdə Sumqayıta həsr olunmuş oçerklər, məqalələr, şeirlər, hekayə və povestlər, romanlar mətbuat səhifələrində dərc edilmişdir.Oxuculara çatdırılan bu yazılar çoxmillətli Sumqayıt əhalisinin əmək qəhrə-manlarına, həyat və məişət tərzinə, dostluq və mehriban-çılıq münasibətlərinə həsr edilmişdir.

Məsələn, “Sosialist Sumqayıtı” qəzeti 25 sentyabr 1960-cı il tarixli nömrəsində öz oxucularına məlumat verərək yazmışdır ki, alman jurnalisti Peter Luks “Sumqayıt” adlı oçerk yazmış və onu “Zontaq” jurnalında nəşr etdirmişdir. 1961-ci ildə poladəridən alman yazıçısı Günter Stayn Sumqayıt haqqında silsilə oçerklər yazmış və “Xəzərdən salamlar” başlığı altında “Qenniqadorfel Stal” qəzetində dərc etdirmişdir.

Bolqar jurnalisti Y.Kirsanova şəhərimiz haqqında Bolqarıstanın mətbuat səhifələrində geniş reportaj vermiş­dir.

Hind yazıçısı Qurbaxş Sinq və Novtej Sinq sovet adamlarının həyatından bəhs edən roman yazmış və onun bir fəslini Sumqayıta həsr etmişlər.

1962-ci ilin sonunda, Yeni il ərəfəsində sumqa-yıtlı Sosialist Əməyi Qəhrəmanları Aslan Osmanov və Zəminə Həsənova Çexoslovakiyadan bir məktub almışlar. Məktubda Brno şəhərindəki Y.E.Purkine adına Universi-tetin fəlsəfə fakültəsinin “SSRİ tarixi” kafedrasının dosenti Zdenek Koneçnı yazırdı: “Bizim kafedrada Qafqaz xalqla-rının tarixi və müasir həyatı ilə maraqlanan əməkdaşlardan ibarət olan elmi kollektiv yaranmışdır. Biz Çexoslovakiya oxucuları üçün Qafqazın görkəmli tarixi və müasir şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən kitab hazırlayırıq. 13 fəsildən ibarət olacaq bu kitabda biz oxucularımızı inqilabçılarla, rəssamlarla, yazıçılarla və digərləri ilə tanış etmək istəyirik. Kitabın bir hissəsi Sosialist Əməyi Qəhrəmanlarına həsr olunur və siz öz zəhmətinizlə bu yüksək ada layiq görülmüş adamlarsınız”.

Sumqayıtlılar dünya xalqlarının elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və s. sahələrdə qazandıqları nailiyyətlər barədə mütəmadi olaraq məlumat alırdılar. Şəhər Rabitə Qovşağının verdiyi məlumata görə təkcə 1984-cü ildə Sumqayıt sakinləri hər gün dünyanın aşağıdakı 16 ölkəsindən 140 adda 285 nüsxə qəzet və jurnal alırdılar: Bolqarıstan, Macarıstan, Vetnam, Almani-ya Demokratik Respublikası, Koreya, Kuba, Monqolustan, Polşa, Rumıniya, Çexoslovakiya, Yuqoslaviya, Böyük Britaniya, Hindistan, Fransa, Almaniya Federativ Respub­likası, Amerika Birləşmiş Ştatları.

Azərbaycanın cavan şəhərlərində fəhlələrin, ziya-lıların, gənclərin bir çox xarici ölkələrdə nəşr olunan qəzet və jurnalları mütəmadi olaraq mütaliə etmələri hələ XX əsrin 60-cı illərində xarici ölkə mətbuatının diqqət mərkə­zində olmuşdur. Məsələn, 1964-cü ildə “ADR-məlumatlar və rəsmlər” jurnalı “ADR Sumqayıt sakinlərinin diqqət mərkəzində” adlı məqalədə qey edirdi: “ADR-məlumatlar və rəsmlər” jurnalının Sumqayıt şəhərində çoxlu oxucuları vardır. Jurnal mütəmadi olaraq qardaş sosialist ölkəsinin həyatını əks etdirən materiallar, fotoşəkillər, məqalələr və reportajlar dərc edir”.

Moskvada çıxan “Sovetski Soyuz” jurnalının xarici ölkə oxucularından biri - Cilbert Xopl (İngiltərə, Dartmut) jurnalın redaksiyasına göndərdiyi məktubda yazırdı: “Biz yeni sovet şəhərini görmək, onların sakinləri ilə tanış olmaq istəyirik”. Və, budur, jurnalın 1972-ci il 11-ci nömrəsində belə şəhərlərdən biri - Sumqayıt, çoxmillətli sovet gənclərinin qurub yaratdığı bir şəhər oxuculara təqdim olunur. Burada V.Laqranjın zövqü oxşayan fotoreportajı verilmişdir. Jurnalın bütöv səhifəsini tutan böyük bir fotoşəkildə şəhərin Üzvi xlor məhsulları zavodunun işçiləri - azərbaycanlı, rus, ukrayna, erməni, ləzgi, belarus və s. millətlərindən olan gənc oğlan və qızlar əks olunmuşlar. Reportajın müəllifi Sumqayıtın simasını böyük məhəbbətlə göstərir, qeyd edir ki, BMT-nin yeni şəhərlərin layihələndirilməsi və inşası üzrə ekspertləri belə nəticəyə gəlmişlər ki, bu şəhərin böyük gələcəyi var.

Müxtəlif ölkələrin məktəbli gəncləri arasında dostluq əlaqələrini inkişaf etdirmək istiqamətində aparılan əhəmiyyətli işlərdən biri də şəhərin əksər məktəblərində təşkil olunmuş Beynəlmiləl Dostluq Klublarının (BDK) işi olmuşdur. Bu klublarda böyüməkdə olan gənc nəsl dünya xalqlarının tarixlərinə, dillərinə, mədəniyyətlərinə, adət­lərinə hörmətlə yanaşmaq, onlara qarşı dostluq və mehri­bançılıq hissləri oyatmaq məqsədi güdülürdü. BDK-nın üzvləri bir çox xarici ölkələrdə yaşayan həmyaşıdları ilə məktublaşır, bayramlarda bir-birinə təbrik teleqramları göndərir, qonaq gedirlər.

Belə klublardan biri 11 saylı məktəbdə 1959-cu ildə yaradılmış E.Telman adına BDK olmuşdur. Klubun təşkilatçılarından biri və bilavasitə rəhbəri məktəbin alman dili müəllimi E.N.Xanukayeva idi. Klub Almaniyanın Valdenburq şəhərinin Frans Merinq adına məktəblə “Dostluq müqaviləsi ” bağlamışdı. Klubda 300 nəfərdən artıq 3-cü – 10-cu sinif şagirdləri məşğul olurdu. Klub və onun rəhbəri Alman-Sovet Dostluq Cəmiyyətinin üzvü olmuşlar.

F.Mering adına məktəbin dəvətilə Klubun rəhbəri

E.Xanukayeva 1980-cı ildə Almaniyada səfərdə olmuş-dur. Bu səfərdən sonra iki Klub arasında yazışmalar daha da genişlənmiş, klublar bir-birilərinə çoxlu miqdarda kitab, eksponatlar, döş nişanları, diaflimlər və s. göndər­mişlər. Hədiyyələrdən albomlar düzəldilmiş, onlardan geniş istifadə olunmuşdur.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə