Vii-xi siniflər üçün V. M. Abbasov, M. M. Abbasov, A. H. Əliyev, M. S. Fərəcov, V. S. Əliyev




Yüklə 1.44 Mb.
səhifə1/14
tarix20.04.2016
ölçüsü1.44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

Kimya məktəbdə




ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN KİMYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU)

(VII-XI siniflər üçün)
V.M. Abbasov, M.M. Abbasov, A.H. Əliyev, M.S. Fərəcov, V.S. Əliyev

Kimya fənninin kurikulumu Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun ümumi rəhbərliyi, “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək”alt komponenti üzrə koordinatoru, təhsil nazirinin şöbə müdiri Aydın Əhmədov və Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasovun iştirakı və redaktəsi ilə aşağıdakı tərkibdə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır: sədr-Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü,kimya elmləri doktoru,professor Vaqif Abbasov, koordinator- TPİ-nin böyük elmi işçisi, pedoqoji elmləri üzrə fəlsəfə doktoru M. Fərəcov, AMEA NKPİ-nin aparıcı elmi işçisi, pedaqogika üzrə elmlər doktoru Mütəllim Abbasov, TPİ-nin şöbə müdüri, pedoqogika üzrə fəlsəfə doktoru Akif Əliyev, Bakı şəhəri İ.Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Vəli Əliyev, Səbail rayonu 49 saylı məktəbin müəllimi Sevda Axundova, Xətai rayonu 263 saylı məktəbin müəllimi Şəfiqə Nəbiyeva,Respublika kimya- biologiya təmayüllü liseyin müəllimi Ağapaşa Əhlimanov, Nəsimi rayonu 240 saylı məktəbin müəllimi Validə Şirinova,Yasamal rayonu 308 saylı məktəbin müəllimi Ələkbər Şərbətov, Yasamal rayonu 18 saylı məktəbin müəllimi Gültəkin Qayayeva, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi- Təranə Tağıyeva, Suraxanı rayonu 290 saylı məktəbin müəllimi Fatimə Sayılova, Yasamal rayonu 286 saylı məktəbin müəllimi Tofiqə Abbasova, Ağdam şəhər 32 saylı məktəbin müəllimi Aynur Züfiqarova, Xətai r-nun 171 saylı məktəbin kimya müəllimi Həyat Nəbiyeva, Xəzər rayonu 156 saylı məktəbin müəllimi İradə Babaxanova.




Giriş
Kimya fənn kurikulumu və onun xarakterik cəhətləri. Son dövrlərdə respublikamızda reallaşdırılan pedaqoji innovasiyaları, dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən yeni kimya fənn kurikulumu bilavasitə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarakterinə görə ənənəvi təhsil sənədlərindən əsaslı şəkildə fərqlənir.Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmlərini əhatə etməsi onun kompleks sənəd olduğunu göstərir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulur.

Kimya fənn kurikulumu müvafiq dərslik və dərs vəsitələrinin, müəllim və şagirdlər üçün resursların hazırlanması, təlim prosesinin səmərəli təşkili üçün zəruri didaktik tələblərin əsasını təşkil edir. Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlərin hüquqi-normativ bazası rolunu oynayır.

Kimya fənninin yeni məzmununun nəticələr (məzmun standartları) formasında verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Bu isə müəllimlərə fəaliyyətində sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa imkan yaradır, onları müasir dərsliklərin və digər resursların hazırlanmasına istiqamətləndirir.Kimya fənn kurikulumu şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılmasına istiqamətləndirildiyindən onların inkişafını ardıcıl olaraq izləməyə imkan verən məzmun və strategiyaları əhatə edir. Müxtəlif səviyyələrdə müəyyənləşdirilmiş məzmun standartları şagirdlərin əldə edəcəkləri dəyərlərin göstəricisi rolunu oynayır.

Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn, insanların tənəffüs etdiyi havadakı oksigen, içdiyimiz su, yediyimiz xörək duzu və şəkər ayrı-ayrı maddələrdir. Hər gün gördüyümüz və duyduğumuz torpaq, daş, hava, ağac və s. müxtəlif maddələrin qarışığıdır. Şagirdlər kimya fənninin imkanlarından istifadə edərək onlarla və insan həyatı üçün əhəmiyyətli olan başqa maddələrlə yaxından tanış ola bilirlər.

Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri çoxlu yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri və sair də alırlar. Hazırda təbii və süni surətdə əldə olunan maddələrin milyonlarla növü məlumdur. Bir qayda olaraq təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan suyu və qida maddələrini mənimsəyərək özlərinə lazım olan üzvi maddələr hazırlayır, havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn mineral maddələr torpağı münbitləşdirir. Bütün bunların mənimsənilməsi şagirdlərin onları əhatə edən ətraf aləmlə daha fəal ünsiyyətdə olmasına imkan yaradır.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Məlumdur ki, məktəbi bitirdikdən sonra hamı özünə kimyaçı ixtisasını seçmir. Bəs hamının kimyanı öyrənməsi nəyə görə vacibdir? Orta məktəb səviyyəsində kimyəvi bilik və bacarıqlara yiyələnmək bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən ibarətdir?

Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını çoxlu müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan (yeyilib dağılmadan) qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s.

Siz kənddə yaşayırsınızsa, mineral gübrələrlə, bitki və heyvanları xəstəliklərdən qoruyan və alaq otlarını məhv etmək üçün işlədilən maddələrlə davranmağı bacarmalısınız, onların xassələrini bilməlisiniz. Əgər şəhərdə yaşayırsınızsa, gələcəkdə şəhərdəki sənaye müəssisələrində, yanacaq energetika komplekslərində, texniki qurğularda və başqa yerlərdə işləməli olacaqsınız. Bu isə həmin obyektlərdə istifadə olunan və alınan çoxlu kimyəvi maddələri tanımaq, onlarla davranmağı bacarmaq tələb edir. Bundan başqa şəhər tikintilərində tətbiq olunan maddələrin, evdə gündəlik rastlaşdığınız məişət kimyası məhsullarının xassələrini bilməsəniz, onlardan istifadə etməkdə çətinlik çəkəcəksiniz.

Hal-hazırda sənayenin sürətli inkişafı cəmiyyətin həyatında böyük dəyişikliklərlə yanaşı, yeni problemlər də meydana çıxarmışdır. Yaşadığımız təbii mühit müxtəlif sənaye müəssisələri tərəfindən ildən-ilə lazımsız və zərərli maddələrlə daha çox çirkləndirilməkdədir. Ətraf aləmi (torpağı, suyu, havanı) ən çox çirkləndirən sahələr yanacaq-energetika, metallurgiya, nəqliyyat və kimya sənayesidir. Bununla bərabər təbii mühitin mühafizə edilməsi işlərində kimya əhəmiyyətli rol oynayır. Belə ki, ətraf aləmə atılan çirkləndiricilər, tullantı sular əsasən, kimyəvi üsullarla və xüsusi kimyəvi maddələrin köməyi ilə zərərsizləşdirilir, onların havadakı və sudakı miqdarı təyin edilərək tənzimlənir və nəzərdə saxlanılır. Təbii mühitin qorunmasında texnoloji proseslərin təkmilləşməsi, müasir, aztullantılı istehsal texnologiyasının tətbiqi də böyük əhəmiyyət daşıyır.

Ətraf mühitin çirklənməsində kimyəvi proseslər deyil, daha çox həmin prosesləri tətbiq edən istehsalçılar təqsirkardırlar. Onlar bir çox hallarda istehsal proseslərinin aparılması qaydasını pozur və ona düzgün əməl etmirlər. Nəticədə isə ətraf aləm yaşayış üçün yararsız hala düşür. Buna qarşı isə cəmiyyətin hər bir üzvü mübarizə aparmalı olur.

Kimyadan minimum səviyyədə bilik və bacarıqlar olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir.

Kimya dünya mədəniyyətinin tərkib hissələrindən biridir. Beləliklə, kimya gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika və texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik və bacarıqlarının daha da genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının və sənayenin inkişafında, ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər.

Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün və ətraf mühitin (hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik və bacarıqlara malik olması vacibdir.Bundan əlavə xammal, energetika, ərzaq və tibb sahəsində problemləri həll etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır.

Ümumtəhsil məktəblərində kimya fənninin əsas məqsədi kimyəvi maddələrə, onların bir-birinə cevrilməsi proseslərinin baş vermə səbəblərinə və idarə edilməsi qanunauyğunluqlarına, maddələrin və kimyəvi proseslərin həyatda roluna, daha çox istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz davranmaq qaydalarına dair bilik və bacarıqların mənimsənilməsindən, məntiqi və yaradıcı təfəkkürün, ekoloji mədəniyyətin inkişaf etdirilməsindən ibarətdir.

Məqsəd üzrə fəaliyyətlər təşkil olunur. Bu zaman:



Ümumi orta təhsil səviyyəsində kimyadan əldə edilən müvafiq bilik və bacarıqlar şagirdlərə onları əhatə edən maddi aləmin və burada baş verən hadisələrin təhlilinə və bunun əsasında gündəlik həyati problemlərin həllinə imkan verir. Şagirdlərin intellektual inkişafına, uğurlu praktiki fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşdırır. Başqa fənlərin öyrənilməsinə kömək edir və təhsilin davam etdirilməsi üçün imkan yaradır.Müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən təhlil edilməsi təmin olunur.

Tam orta təhsil səviyyəsində fəaliyyətlərin genişləndirilməsi və inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan kimyəvi biliklərin mənimsənilməsi və geniş dünyagörüşünün formalaşdırılması təmin olunur.
1.Kimya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (VII-IX siniflər) üzrə şagird:

  • maddələrin quruluşunu, xassələrini, onların çevrilmələrinin səbəbini izah edir;

  • kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;

  • maddələri, onların bir-birinə çevrilməsi reaksiyalarını tətbiq və idarə edir;

  • ətraf aləmin sadə kimyəvi mühafizə qaydalarını mənimsədiyini nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir;

  • kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

  • qeyri-üzvi və üzvi maddələri fərqləndirir, onların xarakterik cəhətlərini izah edir;

  • kimyəvi maddələri və hadisələri məişətdə tətbiq edir;

  • kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək üçün eksperimentlər və müşahidələr aparır, nəticələrini ümumiləşdirir, bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır;

  • ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir.


1.2. Məzmun xətləri
Kimya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır

Kimya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:



  • Maddə və maddi aləm

  • Kimyəvi hadisələr

  • Eksperiment və modelləşdirmə

  • Kimya və həyat


Maddə və maddi aləm

Bu məzmun xətti maddələrin tərkibinin, quruluşunun, kimyəvi rabitələrin tiplərinin, xassələrinin, atom və molekullarının, maddi aləmin düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, şagirdlərdə tədqiqatçılıq meylinin inkişafına imkan yaradır. Yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığının səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri və qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Maddə və maddi aləm məzmun xəttinə aid materialın öyrənilməsi şagirdlərin zəhərli maddələrlə davranmaq, maddələri tətbiqinə görə müəyyənləşdirmək sahəsində qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir.



Kimyəvi hadisələr

Kimyəvi hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi maddələrin bir-birinə çevirilməsi, bu çevrilmələrin qanunauyğunluqlarının və şəraitinin, maddələrin alınmasının dərk olunması, kimyəvi reaksiyalar əsasında hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin güclənməsində, kimyəvi çevrilmələr



Eksperiment və modelləşdirmə

Maddələrin quruluşunun və xassələrinin öyrənilməsindən əldə olunan bilik və bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması, şagirdlərdə praktiki vərdişlərin yaranmasını, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını təmin edir. Eksperiment və modelləşdirmə məzmun xətti onlarda fəza təsəvvürlərinin inkişafına səbəb olur. Əldə olunmuş bilik və bacarıqların daha dolğun şərh edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət və kəmiyyət tərkibinin analizi və elmi-tədqiqat işləri aparmaq üçün zəmin yaranır.



Kimya və həyat

Bu məzmun xətti təbiətə və bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək maddələrin müəyyənləşdirilməsini və onların həyatın istənilən sahəsində zərər vurmadan tətbiq olunmasını təmin edir. Müxtəlif sənaye sahələri tullantılarının, kənd təsərrüfatında işlədilən gübrələrin və dərman maddələrinin, nəqliyyatda tullantı qazlarının, məişət tullantılarının ekologiyaya hansı dərəcədə ziyan vura biləcəyini müəyyənləşdirməyə və ekoloji problemlərin həllində yaxından iştirak etməyə imkan verir.


1.3. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.

Kimya fənninin tədrisində aşağıdakı fəaliyyət xətləri əsas götürülür.



  1. Maddələrin adlandırılması

  2. Təyin etmə

  3. Tərtib etmə

  4. Xarakterizə etmə

  5. İzah etmə

  6. Problemlərin həlli

  7. Kimyəvi təcrübələrin yerinə yetirilməsi

  8. Məsələ və çalışma həlli, kimyəvi hesablamalar

  9. Ünsiyyətqurma və əlaqələndirmə

10.Təqdimetmə

Fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən kimya fənninin əhəmiyyətinin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu kimi baxılmasına xidmət edir. Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyəti zamanı problemləri həll etmək üçün mühakimələr yürüdür, onları sübut edir, kimyəvi məsələlərin müzakirəsində iştirak edir. Fəaliyyət xətləri kurikulumun həyata keçirilməsi üçün məzmun standartlarının mənimsənilməsini təmin edir.


1.4.Ümumi orta və tam orta təhsil pillələri üzrə məzmun xətlərinin təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

I. Maddə və maddi aləm

Şagird:

  • maddələrin tərkibini, quruluşunu, fiziki xassələrini izah edir;

  • maddələr arasındakı qarşılıqlı əlaqələri şərh edir;

  • maddələrin, qarışıqların tərkibinə, kimyəvi qanunlara aid sadə hesablamalar aparır.

2.Kimyəvi hadisələr

Şagird:

  • kimyəvi hadisələri və onların başvermə səbəblərini izah edir;

  • sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir;

  • reaksiya tənlikləri əsasında sadə hesablamalar aparır.

3.Eksperiment və modelləşdirmə

Şagird:

  • kimyəvi hadisələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir;

  • sadə molekulları və reaksiyaları modelləşdirir.

4.Kimya və həyat

Şagird:

  • maddələrin və kimyəvi reaksiyaların tətbiq sahələrini şərh edir, referatlar hazırlayır;

  • ətraf mühitə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi dəyişiklikləri ümumiləşdirib təqdim edir;

  • kimya sahəsində görkəmli alimlərin kəşfləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Maddə və maddi aləm

Şagird:

  • qeyri-üzvi və üzvi maddələrin xüsusiyyətlərini izah edir;

  • maddi aləmdəki qanunauyğunluqları şərh edir;

  • maddələrin, qarışıqların tərkibinə, kimyəvi qanunlara aid mürəkkəb hesablamalar aparır.

2. Kimyəvi hadisələr

Şagird:

  • kimyəvi reaksiyaların qanunauyğunluqlarını və mexanizmini izah edir;

  • kimyəvi reaksiyaların gedişini proqnozlaşdırır, tənliklərini tərtib edir;

  • reaksiya tənlikləri əsasında mürəkkəb hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

  • kimyəvi qanun və qanunauyğunluqları dərk etmək üçün eksperiment və müşahidələr aparır, nəticələri barədə təqdimat hazırlayır;

  • mürəkkəb quruluşlu molekulları, kimyəvi prosesləri modelləşdirir.

4. Kimya və həyat

Şagird:

  • maddələrin və kimyəvi reaksiyaların tətbiqinə dair məlumatları toplayır və təqdim edir;

  • ətraf mühitin kimyəvi maddələrlə çirklənməsi və onun aradan qaldırılmasına dair layihələr hazırlayır və təqdim edir;

  • kimya sahəsində görkəmli alimlər və onların nailiyyətləri barədə təqdimatlar edir.


1.5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
VII sinif

VII sinfin sonunda şagird:

  • maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları fərqləndirir, onların formullarına əsasən sadə hesablamalar aparır;

  • sadə kimyəvi reaksiyaların əsas tiplərini, onların başvermə şərtlərini izah edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır;

  • sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini hazırlayır;

  • kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin saxlanmasinin əhəmiyyətini izah edir;

  • əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları təqdim edir.



1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələri (bəsit, mürəkkəb, saf) , qarışıqları tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.



1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.

1.2.2.Həllolma və məhlulların mahiyyətini, həllolan maddə ilə həlledicinin hissəcikləri arasında əlaqələri şərh edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.

1.3.2.Məhlullar və həllolmaya aid sadə hesablamalar aparır.
2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Kimyəvi reaksiyalarin əlamətlərini, əsas tiplərini, baş vermə şərtlərini izah edir.



2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Sadə reaksiyaların tənliklərini tərtib edir.

2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.

3.1.1. Sadə təcrübələr, müşahidələr aparır.



3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Sadə molekulların modellərini hazırlayır.



4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah edir.

4.1.2.Maddələrin tətbiqinə aid təqdimatlar edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Ekoloji- təmiz mühitin saxlanmasının əhəmiyyətini şərh edir.



4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1.Əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdim edir.


VIII sinif

VIII sinfin sonunda şagird:

  • maddələrin quruluşunu, elektrolit məhlullarında baş verən prosesləri şərh edir, onlara aid məsələlər həll edir;

  • mühüm qeyri-üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;

  • mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, onların molekullarının modellərini hazırlayır;

  • həllolmada və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir, ətraf mühiti çirkləndirən mənbələr haqqında topladığı məlumatları təqdim edir;

  • kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır.


1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.



1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.

1.2.2.Qeyri-üzvi birləşmələrin mühüm sinifləri arasında genetik əlaqələrə aid təqdimatlar edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə aid məsələlər qurur və həll edir.



2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.



2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.

2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə