VƏTƏN ƏBƏDİ qoruqdur bu ölkədə təkcə ölmək havayıdır…




Yüklə 1.46 Mb.
səhifə1/10
tarix27.04.2016
ölçüsü1.46 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
VƏTƏN ƏBƏDİ QORUQDUR

Bu ölkədə təkcə ölmək havayıdır…
Bu ölkədə təkcə ölmək havayıdır,

Qalan şeylər şeylər pulla başa gəlir daha…

Bu, qəlbimin naləsidir, harayıdır,

Amal olur alqı-satqı gəlir daha…

Nanəciblər nanəciblərin üstə düşür…

Ləyaqətlə yaşayanlar gözdən düşür…

Əyrilər düzə çevrilir,

Yaxşılar pis çevrilir…

Millətsizlər millət deyir,

Qeyrətsizlər qeyrət deyir…

Qorxaqlar qəhrəman olub,

Pul-altun hökmran olub…

Pul dərd olur, azar olur,

Nəhəng, böyük bir məmləkət

Bazar olub…

Hər şey alınır, satılır,

Vicdan alınır, satılır,

Məslək alınır, satılır…

Quran alınır, satılır…

Qəbr baha, dam bahadır…

Adam qanı suya dönüb,

Yaşamaq qorxuya dönüb,

Hamı alver harayında,

Ucuz söz alveri gedir

Qurultaylar sarayında…

Ucuzluqdur yuxarıda, aşağıda,

Yağ yerinə, ət yerinə

Söz verirlər böyüyə də, uşağa da…

Yetən ticarətə qaçır…

Hərə bir mağaza açır,

Rəssam da dükan düzəldir,

Şair də dükan düzəldir,

Üzərrik yandır, üzərrik…

Bu ölkədə təkcə günəş havayıdır,

O hələ ki, minməyibdir məzəndəyə…

İllər ilə bizi söküb taladılar,

Nə mən deyən oldu, qardaş, nə sən deyən…

Nə biz deyən, nə siz deyən…

Elə bil ki, qasırğalı dənizdəyik,

Əldən çıxıb sükanımız…

Bir allaha qalıb daha gümanımız…

Tarix yamaq-yamaq olub,

Hər nə var baş-ayaq olub…

Bütün «yatanlar» oyanıb,

Xalqlar üz-üzə dayanıb…

Dünən dost bugünkü düşmən.

Ağırdır bu dəhşətləri

Ürək ilə qəbul etmək,

Ağıl ilə başa düşmək…

Heç xatirdən silinərmi,

Qanlı yanvar, qanlı gücə,

Bizi şəhid elədilər

Evimizin içindəcə…

Millətə divan tutuldu,

Qadınlar saçını yoldu,

Kişilər ağı dedilər,

Bu da «azadlıq» hədiyyəm.

Bu da aşkarlıq dövrü,

Astarlar üzə çevrilib…

Dostlarım az, düşmənim çox,

Çətindir təklənmək dərdi…

Doxsanıncı il mənimçin

Otuz yeddidən betərdi…

Bu, qəlbimin ən nigaran sualıdır,

Bu məmləkət görən belə hara gedir,

Bu ölkədə ən çox inam havayıdır,

İndi ən çox inamsızlıq baha gedir…

Özünü qoru, xalqım…
Müqəddəs, ulu xalqım,

Gözümün nuru, xalqım,

Ən qorxulu zamandır,

Özünü qoru, xalqım.

Bir tora ilişmisən,

Caynaqları dərində,

Bir oyunadüşmüsən

Oyunbazlar əlində,

Üzərində əsirlər,

Qara yellər – görürəm.

Sənə quyu qazırlar

Qara əllər – görürəm.

Təklənmisən yenə də,

Əyilməz, ulu xalqım.

Oğul sözüm sənədir

Özünü qoru, xalqım.

Kimin bəd əməli var,

Tarix özü söyləsin.

Burda iblis əli var,

Burda şeytan hiyləsi…

Əzir torpaqlarını

Yenə dəmir çəkmələr,

Müstəmləkə qanunu,

Parçala, böl, hökm elə.

Bölürlər bilə-bilə,

Dağ çəkirlər sinəmə.

Beləcə belə-belə,

İstəyirlər bu yurdu

Yer üzündən silələr…

Yalvarıram, amandır,

Xeyir-duam dilində.

Sən belə dar məqamda

İçəridən bölünmə,

İçəridən talanma…

Bizim, sizin elliyə,

Əqrəbaya, yerliyə,

Amandır, parçalanma…

Ayırmayaq bu yurdu

Doğma, ögey kəslərə.

Ən betəri odur ki

Xalq özünə qəsd edə.

Özünün əli ilə öz-özünü öldürə…

Azmı, söylə, bu eli

Tayfalara böldülər,

Mahallara böldülər…

Dalanlara böldülər,

Küçələrə böldülər…

Bu, düşmənə köməkdir,

Bu, yağıya mükafat…

Bizə birlik gərəkdir,

Ay el-oba, camaat…

Odur elin silahı,

Topu, tankı, mərmisi.

Dağ arxası, pənahı,

Himni, marşı, şərqisi…

Od püskürən hiddəti,

Namusudur, o birlik.

Bu ordusuz millətin,

Ordusudur o birlik.

Qələbə də, əzm də,

Ondadır, ulu xaqlım.

Qanınla, nəfəsinlə,

Birliyi qoru, xalqım…

Qüdrətimsən, gücümsən…

Çağlayırsan qanımda.

Amma sayca kiçiksən

Böyüklərin yanında.

İllərlə səni, xalqım,

Söküb talan ediblər.

Balaca səsin qalxıb

Gülləbaran ediblər.

Başına od töküblər

Azca çoxalan kimi.

Tez üstünə çöküblər

Bir qara duman kimi…

Parçalayıb bölüblər,

Ki, lap xırda olasan.

Qırıblar, öldürüblər,

Ki, lap xırda olasan.

Yüz cür fərman yazıblar,

Min cür fəndlər gəziblər.

O sahildə asıblar,

Bu sahildə kəsiblər.

Amma ki, iradəni,

Sındıra bilməyiblər,

Heç ölümlə də səni

Öldürə bilməyiblər.

Doğulmusan, artmısan,

Qanınla qorumusan

Çox bəladan özünü.

Fəxrimsən, qürurumsan

Eşit oğul sözümü.

Yenə göylər dumandır,

Qəhrəman, ulu xalqım.

Ən qorxulu zamandır,

Özünü qoru, xalqım…



Vətən əbədi qoruqdur…
Vətəni sevmək azdır,

Onu qoruman gərək.

Vətənim demək azdır,

Vətənin olmaq gərək.


Onun adi torpağı,

Ruhdan, candan irəli…

O, anandan qabaqdır,

O, atandan irəli…


Sərhədləri qız təki

Toxunulmaz, bakirə.

Hələ övlad deyil ki,

Hər doğulan sakini…


Övlad gərək vətənə,

Vətəndir yol – deyirlər…

Ona qurban gedənə

Əsl oğul deyirlər…


Sevməyirsə el səni,

Yox dərdinin çarəsi.

Onun dili, lisanı,

Ən basılmaz qalası…


Onun əvəzi olmur,

O hər kəsdən irəli.

Gözdən əzizi olmur,

Vətən gözdən irəli…


Adi quşcuğazın da

Ola vətəni gərək.

Vətəni sevmək azdır,

O sevə səni gərək…


Nə vaxt viran olur o,

Zülmət gəzir üzündə:

Cığırını, yolunu

Yad çəkmələr əzəndə…


O nə zaman bölünər,

Nə vaxt çıxar əlindən –

Ləhcəsinə, dilinə

Yad ləhcələr girəndə…


O keçməz əldən-ələ,

O əbədi diləkdir.

Qara tikanı belə

Yenə vətən deməkdir…


Fərqi yoxdur azca da,-

Ya kiçik yalı getdi,

Ya bir quru ağacı,

Ya bir mahalı getdi…


O daimi namus, ar,

O əbədi qoruqdur.

Ürkək quş kimi uçar-

Onu əldən buraxdın…


Bilir ərlər, ərənlər

Vətənə tay olmayır,

Ömürdən pay verərlər,

Vətəndən pay olmayır.



Yetər, dayanın, yetər

Erməni millətçilərinə
Yetər, yazıq milləti

Zəhərlədiniz, yetər…

Bu Hitler müsibəti,

Bu canilikdən betər…

Yetər torpaq oyunu,

Yetər qonşu qırğını,

Yetər, yetər, ayılın,

Bu hər şeydən qorxulu…

Yetər, Qarabağ – deyə

Qabar çaldı diliniz…

Yetər, qara kütləyə

Noxta vurub sürüdüz…

Hamı azdı, dəyişdi,

Hamı çaşdı yolunu…

Xalq balıq kimi düşdü

Millətçilik toruna…

Qaldı ruhsuz, havasız,

Oldu gücçüz, təpərsiz… ona çarə tapası

Loğman gərək qədərsiz…

Xilaskar gərək ona,

Min-min oğul, xilaskar…

Qalxsın yerin altından,

Sayat-Nova, Ələsgər…

Gəlsin mizan-tərəzi,

Çəkək bir-bir bu dərdi…

Millətçilik mərəzi,

Spiddən də betərdi,

Xərçəngdən də betərdi…

O, bağlı bir qapıdır,

Kilid-açarı yoxdur,

Bu azara qapılan

Millətə çarə yoxdur…

Yetər, torpaq oyunu

Yetər, qonşu qırğını…

Yetər, yetər, ayılın,

Bu hər şeydən qorxulu…

Bu hər şeydən beşğetər…

Yetər, dayanın, yetər…

Ölüm gör nə ucuzdu,

Lənət olsun ölümə…

Kim uddu, kim uduzdu,

Xalq uduzdu, - bilirəm..

Yetər millət qanından

Vardat yığdığınız, yetər,

Bu canilikdən yaman,

Möhtəkirlikdən betər…

Hamı qorxunc tələdə

Əlinizdə oyuncaq…

Birinizin hələ də

Burnu qanamayıb ancaq…

Ölən qara camaat,

Yanan sadə kütlələr…

Yetər, mənfur siyasət,

Bu fəsadlar, fitnələr…

Bir ayılın, düşünün,

Diktəylə iş görənlər…

İki qədim qonşunu

Qoç tək döyüşdürənlər…

Mənim xalqım səbrli,

Qəlbi açıq, dözümlü…

Qoynunda yer veribdir

O sizə yüz-yüz ildir…

Çörək verib min dəfə,

Əlinizdən tutubdur…

Xeyirxah bir millətə,

Sağolunuz budurmu?

Yersiz gəldi yerli qaç,

Yaxşılığa yamanlıq…

Yerlər, göylər, tap əlac,

O millətə, amandır…

Bu mərəz çox ağırdır,

Ona insan dözməyir,

O, adamı əridər

Dəmir ola, daş ola…

Allah, özün ağıl qoy,

Öz xalqını ölümə

Sürükləyən kəslərin

Böyüyünün başına,

Kiçiyinin başına…
İndi mərdlik meydanıdır…
Hamı dəli-divanədir,

Qoca da, uşaq da deyir.

İndi mərdlik meydanıdı,

Boş xəyallar vaxtı deyil…


Qədim, ulu bir millətin,

Taleyi karta qoyulub…

Adı, soyu. Məhəbbəti,

Hər şeyi karta qoyulub…


Marş çalına indi gərək.

Bir çalına, yüz çalına,

Efirlərdə gündə gərək

Haray qopa, sos çalına…


Mat qarlmışıq baxa-baxa,

Qonşu bizi oda yaxır…

Əsgər lazım bu torpağa

Qorumaqçın bu torpağı…


Ağıl, ürək üsyan edir,

Ana Vətən haqlı deyir…

İndi mərdlik zamanıdır,

Boş xəyallar vaxtı deyil…


Sən heç demə uzun illər,

Şirin sözlər deyə-deyə:

Evimizə göz dikiblər,

Çörəyini yeyə-yeyə.


Sabaha yox zəmanətim,

Hərcayilər çox da deyir…

İndi mərdlik meydanıdır,

Boş xəyallar vaxtı deyil…


Əsgərliyə yazın məni,

Şairim bol, əsgərim yox…

Əsrlərlə yazıq məni

Yatırıblar xəbərim yox…


Ayıl, xalqım, ayıl yetər,

Tarix, göstər yolumuzu…

Bacarırıq düşmənlərlə,

Pis dostlardan qoru bizi…


Azərbaycan elan edir,

Doğma Qarabağ da deyir:

Bu gün mərdlik meydanıdır,

Boş xəyallar vaxtı deyil…



Ərzin heç bir ölkəsində

Tikanlı məftil görmədim…
Ölkələrə səfər etdim,

Ay bilmədim, il bilmədim.

Nəhəng çaylar üzüb getdim,

Dəcdə, Fərat, Nil bilmədim…


Yorulmadım, usanmadım,

Qəribliyə dözəmmədim,

Tək Arazı üzəmmədim,

Tək Təbrizə yol bilmədim…


Cənub oldu andım elə,

Savalanı andım elə,

Qardaş deyə yandım elə,

Od bilmədim, gül bilmədim…


Bəd əməllər izləmədim,

Yad torpaqlar istəmədim,

Mən hər yaza yaz demədim,

Mən hər gülü gül bilmədim…


Çəpərləndim illər ilə,

Tikanlı məftillər ilə,

Ayrıldım sahillər ilə,

Dərdimə sahil bilmədim…


Qaldım sərhəd bölgüsündə,

Bitdim yadlar kölgəsində,

Dünyanın bir ölkəsində

Tikanlı məftil görmədim…


Ən böyük qızı oldu Azərbaycanın
Yol gedirdi tabutların nəhəng dənizi,

Çiçəklərin, insanların qəm dənizində…

Şəhərin də ağarmışdı rəngi, bənizi,

Belə matəm görməmişdi yaranışından.


Meyidlərin əvvəl ucu Dabüstü parkda,

Axır ucu Mehdi Hüseyn küçəsindəydi.

Bir məktəbli tabutu da var idi orda,

Tabut deyil elə bil ki, gül qönçəsiydi.


Dövrəsinə qızıl lentlər bağlamışdılar.

Qanlı, təzə qərənfillər gözəllikdilər.

Bu tabutu harda belə bağlamışdılar,

Bu tabutu harda belə düzəltmişdilər.


Tabut dağdan ağır olar, bu isə yüngül,

Çiyinlərdə elə bil ki, bir quş gedirdi.

Hələ təzə başlamışdı o qızın ömrü,

İndi isə son mənzilə birbaş gedirdi…


Nə ilk mənzil, nə son mənzil, nə görmüşdü ki,

Buna ömür demək olmaz, yol demək olmaz…

Amma dünya qəmi idi tabutun yükü,

Millət üçün bundan ağır qəmli yük olmaz.


Güllə ilə xırda ömrü çatmışdı sona,

Alçaq ölüm, nə söylədim ta burda sənə,

Dəstələyib təzə məktəb formasını da

Qoymuşdular tabutunun tən ortasına…


Qalstuku asılmışdı yuxarı başda,

Qara məktəb çantası da baxırdı üstdən.

Allah, gərək qəlbin ola dəmirdən, daşdan,

Belə yerdə nalə çəkib hönkürməyəsən.


Şəhidlərin qız qardaşı dəfn olunurdu,

O da elə şəhid oldu haqq savaşında

O, gözümdə igidlərlə qoşa dururdu,

Əbədiyyat qazanmışdı bu az yaşında…


Kişilərin təngiyirdi nəfəsi, səsi,

Qadınların qurumuşdu dili-dodağı…

Dünən dərsə aparmışdı onu anası,

Bu gün isə aparırdı qəbrə qoymağa…


Uşağı da öldürərlər, dəhşətli işdir,

Axı hələ nə görmüşdü, nə dadmışdı o?

Deyin kimin xoruzuna fərə demişdi,

Deyin, kimin toyuğuna daş atmışdı o?


Gecə-gündüz yağılardan qoruyub bizi,

Keşikdədir bizim qızıl əsgər deyərdi.

Ən sevimli sözü idi Vətənim sözü,

«Bizim ordu» şerini hey əzbər deyərdi…


Belə ölüm uşağa da şərəfli idi,

Belə ölüm hər övladın şərəfi, şanı…

Dünən adi şagird idi, məktəbli idi,

Bu gün əsl qızı oldu Azərbaycanın.


23 yanvar 1990

Ağla, mənim yalqız xalqım…
Bu da «təzə azadlığın» verdiyi töhfə,

Bu da təzə uydurulmuş köhnə nağıllar.

Bu «azadlıq» tanklar ilə girdi evimə,

Güllələndi, şəhid oldu əsl oğullar…


Uşaqları tank altına vurub saldılar,

Sındırdılar hələ kövrək sümüklərini…

Qıçı kəsik əlilləri nişan aldılar,

Qocaları, qarıları sürüklədilər…


Başımdan od-alov qalxır, gözümdən duman,

Bu da, bu da haylı-küylü yenidənqurma…

Bu da bizə aşkarlığın tutduğu divan,

Yenə bütün ümidlərim düşdü qırğına…


Bu xa xalqın istəyinə çəkilən hasar,

Bu da millət arzusuna atılan güllə…

Qədim ulu torpağımı məndən alırlar,

Elə günün günortası göz görə-görə…


Bilə-bilə od vururlar niyyətlərimə,

Dağıdırlar inam, ümid qalalarımı.

Yığışdırın haqq-ədalət söhbətlərini,

Yığışdırın bu azadlıq xülyalarını.


Bu da zülmün, əsarətin yeni üsulu,

Milyonlarla qanlı çiçək boynu bükülü…

Yüz-yüz şəhid qəbri elə birdən qazılır,

Yüz-yüz insan elə birdən qəbrə gömülür…


Bu da təzə qara geymiş qoca analar,

Bu da təzə əri ölmüş təzə gəlinlər…

Sizə qurban vermək üçün bircə canım var,

Neyləyim ki, ta nə gəlir mənim əlimdən.


Bu da qanlı göz yaşıyla açdığım səhər,

Bu da səsi həbs olunmuş ölü şəhərim…

Bu da təzə dəbilqəli təzə əsgərlər,

Bu da təzə komendantın təzə xəbəri…


Heç bir kəsə, heç bir şeyə yetməyir əlim,

Gör nə vaxtdır elim, obam, yurdum təklənib,

Ağla, mənim yalqız xalqım, vətənim, elim,

Bəlkə nalən parçalaya daş ürəkləri…



Təbriz yolları açılsın…
Berlin divıarı uçuldu,

Təbriz divarı uçulsun.

Berlin yolları açıldı,

Təbriz yolları açılsın.


Tükənsin həsrət, qübarım,

Culfadan sürüm qatarı,

Bu torpağın göy yolları,

Dəniz yolları açılsın.


Yad göz dikdi dağ-daşıma,

Nələr gəlmədi başıma,

O taydakı qardaşıma,

Əziz qollarım açılsın…


Berlin divarı uçuldu,

Bakı divarı uçulsun.

Berlin yolları açıldı,

Bakı yolları açılsın…


Tarix özü qərar verir,

Əsir ümid küləkləri,

Dizin-dizin iməklərəm

Təki yollarım açılsın…


Ta tutammaz qış yolları,

Məmləkətin baş yolları,

Yekə yolları açılsın…
Noyabr, 1989

Mən Təbrizlə görüşəndə
Yerlər, göylər nağıl idi

Mən Təbrizlə görüşəndə…

Dllər şərbət, noğul idi

Mən Təbrizlə görüşəndə…


Sanki, yox idi hicranlar,

Gülürdü bütün insanlar,

Çiçək açmışdı tikanlar

Mən Təbrizlə görüşəndə…


Bütün əyrilər dümdüzdü,

Bütün qar-soyuqlar isti…

Sanki bir gözüm min gözdü

Mən Təbrizlə görüşəndə…


Bir şah, bir çar yoxdu sanki,

Bir zülmkar yoxdu sanki,

Məhkum xalqlar yoxdu sanki

Mən Təbrizlə görüşəndə…


Qəm sevincə girov idi,

Ana torpaq bütöv idi,

Sanki, eyni bir ev idik

Mən Təbrizlə görüşəndə…


Gözlərdə məhəbbət, sevda,

Can eyləyirdilər peyda,

Doğmalıq vardı hər şeydə

Mən Təbrizlə görüşəndə…


Dağı baba idi mənə,

Bağı səfa idi mənə,

Suyu dəva idi mənə

Mən Təbrizlə görüşəndə…


Gülləri qönçədən idi,

Daşları incidən idi,

Elə bil Gəncədə idim,

Mən Təbrizlə görüşəndə…


Düşmənlərim kəm olmuşdu,

Arxası möhkəm olmuşdum,

Ayrılıq kölgəm olmuşdu

Mən Təbrizlə görüşəndə…



Mən Təbrizdən ayrılanda…
Böyük nigaranlıq idi,

Arxada toranlıq idi,

İrəli qaranlıq idi

Mən Təbrizdən ayrılanda…


Ruhum tel-tel nəzilmişdi,

Umidlərim üzülmüşdü,

Köksümdən daş asılmışdı

Mən Təbrizdən ayrılanda…


Nə gələrdi ki, əlimdən,

Donub qalmışdım yerimdə,

Şəhriyar idi dilimdə

Mən Təbrizdən ayrılanda…


Harda idim bilməyirdim,

Göydə idim bilməyirdim,

Yerdə idim bilməyirdim,

Mən Təbrizdən ayrılanda…


Nə qədər sərt illər keçdim,

İsti-soyuqlara düşdüm,

Belə həsrət görməmişdim

Mən Təbrizdən ayrılanda…


Dağılmış ölkə kimiydim,

Nəfəssiz kölgə kimiydim,

Anasız körpə kimiydim

Mən Təbrizdən ayrılanda…


Mersedes uçuqlanırdı,

Mən bundan qıcıqlanırdım,

Şoferə acıqlanırdım

Mən Təbrizdən ayrılanda…



Dağların yanında…

Dostum, həmyerlim Ə.Əbülhəsən üçün
Bir zamanlar bu dağlara yar idim,

İndi heçdim bu dağların yanında.

Aramızda əhdi-peyman var idi,

Özüm uçdum bu dağların yanından…


Onlar məni saxladılar ərköyün,

Balasıydım bu torpağın, bu göyün,

Burda idi uşaqlığım, kürlüyüm,

Böyümüşdüm bu dağların yanında…


Mən onlardan ayrılalı əyildim,

Cavan idim onda belə deyildim,

Bir gözələ könül verdim, sevildim,

Eşqə düşdüm bu dağların yanında…


Müşkül idi bir də bura dönməyim,

Çoxalırdı işim, qayğım günbəgün,

Xəcalətdim danışmağa, dinməyə,

Sözüm heçdi bu dağların yanında…


Müdrik-müdrik baxırdılar üzümə,

Deyirdilər şair danmaz sözünü,

Uşaq kimi itirmişdim özümü

Qoca yaşlı bu dağların yanında…


Çox onların kölgəsində oturdum,

Mən onlardan dözüm, vüqar götürdüm,

Aylar, illər qarşıladım, ötürdüm,

Yazlı, qışlı bu dağların yanında…


Oldu bir gün elim, obam dərbədər,

Hicran düşdü aramıza bir qədər,

Beşcə qarış aramıza bir qədər,

Beşcə qarış yer saxlayın, bəlkə də

Axır köçdüm bu dağların yanına…
Kütləyə dönmə, millətim…
Kütlənin adı kütlədi,

Kütlə xar edir milləti,

Kütlə qanmayır dost nədir,

Kütlə qanmayır yad nədir,

Kütlə çoxdankı kütlədir,

Kütləyə dönmə, millətim…

Çıxdı alimi söz deyə,

Kütlə alimi fitlədi,

Çıxdı müdriki söz deyə,

Kütlə müdriki pislədi,

Çıxdı kəndlisi söz deyə,

Çıxdı fəhləsi söz deyə,

Kütlə onları fitlədi…

İmaməddini qətl edib,

Hadi ölümünə cəhd edib,

Böyük Sabiri rədd edib,

Kütlə çoxdankı kütlədi…

Kütləyə dönmə millətim…

Hayın-küyün ölüsüdür,

Başsız qoyun sürüsüdür,

Ayılmaz bizləsən onu,

Sür hara istəsən onu,

Nə beyni, nə ürəyi var,

Elə ləbbey deməyi var,

Bağırır niyə bilməyir,

Fikrini deyə bilməyir…

Yalnız kor hisslərin qulu,

Məqsədi, yolu qorxulu…

Boş yerə yorur özünü,

Yoxdur məhvləri, özülü…

Çalxanır, qabarır, batır,

Büsbütün köpükdü qatı…

İşi zorladı, güclədi,

Kütlə çoxdankı kütlədi…

Qursağı dardı kütlənin,

Qulağı kardı kütlənin…

Məskəni çöl, bayır, küçə,

Haqqı ayaqlayıb keçir…

Dost ola, ya ki, yad ola

Qoyur ayağı altına…

Gözləri qandı kütlənin,

Beyni dumandı kütlənin…

Hərc-mərcliyə mütəffiq,

Kütlə çoxdankı kütlədi…

Qanmaz yaxşı, yaman oldu,

Vəhşiləşir axırda o…

Yox ağlı, gücü, qüdrəti…

Kütlələrin zamanıdır,

Yalvarıram ağıllı ol,

Kütləyə dönmə, millətim!


Bu qədər bölünə, bölünə…
Hayana baxırsan dalğın sifətlər,

Nigaran adamlar, hirsli adamlar.

Gör neçə müddətdir bu məmləkətdə,

Narahat yatırlar, oyaq yatırlar…


Qadağa saatı qoyublar bizə,

Meydanda tank gəzir uşaq yerinə,

Belə bir məqamda «müdriklər» bizə

Səbr paylayırlar yaraq yerinə…


Mitinqə yığışır camaat gündə,

Özümüz axtaraq xilası gərək…

Nəinki Təbrizi görməyə, indi

Şuşanı görməyə icazə gərək…


Olmaya arxasız gördülər bizi,

Ya da rahathulqum tikə sayırlar,

Bir vaxt iki yerə böldülər bizi,

Ta üçüncü yerə parçalayırlar…


Sənədir son sözüm xalqım, millətim,

Yiyəsən dirimə, ölümə, Vətən…

Yoxluğa, heçliyə, gedirsən, nədir.

Bu qədər bölünə-bölünə, Vətən…


***
İnsan Vətənində böyükdür ancaq,

İnsan Vətənində ancaq gərəkdir

İnsan qərib yerdə bir yükdür ancaq,

İnsan qərib yerdə ölü deməkdir.

İnsanın yurdunda öz dili olur,

Öz şanı, şöhrəti, öz adı olur

İnsanın yurdunda özülü olur,

İnsanın yurdunda qanadı olur.

Quşa da yuvası əzizdir, əziz,

Olsa bapbalaca dairə belə…

Vətənsiz, torpaqsız, köksüz, rişəsiz

Əsgi parçasıdır dahilər belə…

Vətən insanların adı, vüqarı,

Vətən yaxşıları oxşaya bilər,

Vətən yamanları daşlaya bilər.

Hər kəsin dünyaya şöhrət yolları

Yalnız və yalnız

Ana ocağından başlaya bilər.

Ata torpağından başlaya bilər.

Yurdunda hər kəsin qarı, küləyi,

Qohumu, əcdadı, gülü, çiçəyç,

Rəqibi, həyanı, dostu, əzizi,

Səması, günəşi, çayı, dənizi,

Nəğməsi, bayrağı, milləti olur,

İnsanın Vətəndə hörməti olur,

İnsanın Vətəndə qiyməti olur.


London, Qərbi Berlin, Bağdad,

Dublin, Dəməşq

Allaha qalıb dünyanın işi…
Allaha qalıb dünyanın işi,

Qiyamət günü gəlir deyəsən…

Bəxti, taleyi duyunə düşüb,

Yoxdur sahibi, yoxdur yiyəsi…


Elə yeri yox qan tökülməsin,

Sakit guşəsi qalmayıb azca…

İnsan insanın başını kəsir,

Ölkə ölkəni qoyur hərraca…


Xarici zəngin, daxili yoxsul,

İtib insafı,imanı, dini…

Əhalisindən silahı çoxdur,

Mərhəmətindən qəzəbi, kini…


Məhəbbəti qıt, nifrəti sonsuz,

Od-alov geyib öz əyninə o…

Hamını qırıb qalacaq sonsuz,

Yenə dönəcək buz dövrünə o…


Nə gedəninə hörmət bəsləyir,

Nə gələninin tutur əlindən…

Bomba böyüdür, raket bəsləyir

Oğul yerinə, uşaq yerinə…


Millətlər yeyir, dillər asırlar,

Qərbində qırğın, şərqində qırğın…

Orda kəsirlər, burda asırlar,

Avropa qorxur, Asiya qorxur…


Allaha qalıb dünyanın işi,

Allah da dada çatmayır daha…

Çıxsın ortaya bir ər, bir kişi,

Xilas arasın xəstə dünyaya…


Ekranlar yanır, yanır qəzetlər,

Axır sel kimi xalqların qanı…

Cənub faciə, şimal müsibət,

Parça-parçadır Azərbaycanım…


Çağırın, ulu Qaliley gəlsin,

Kürrəsi çıxır öz məhvərindən…

Div canı şüşə içində – ərzin,

Canı raketin düymələrində…


Böyük bazardır yer üzü sanki,

Alış-verişdir hamının dərsi…

Millət satan kim, bomba satan kim,

Vicdan satansa saysız, qədərsiz…


Dərisi çoxdan soyulub onun,

Öz məzarını özü qazdırıb…

Bu günü karta qoyulub onun,

Sabahı nazik tükdən asılıdır.


Allaha qalıb dünyanın işi,

Qiyamət günü gəlir deyəsən…

Bəxti, taleyi düyünə düşüb,

Yoxdur sahibi, yoxdur yiyəsi…




Milyon ildən sonra da belə olacaq
Allahsız yaşamaq çətin…
Allahsız yaşamaq zülm,

Mənim allahlarım getdi.

İkiyə bölündü ömrüm,

Yarım qaldı, yarım getdi…

İki tanrım birdən köldü,

Onlar məni xəlq etmişdi…

Yaratmışdı onlar məni,

Anlayanlar anlar məni…

Biri mənim anam idi,

Biri mənim sonam idi…

Biri ülviyyətim idi,

Biri məhəbbətim idi…

Onlar şair etdi məni,

Onlar Cabir etdi məni…

Anam getdi, yarım getdi,

Yarım qaldı, yarım getdi…

Allahsız yaşamaq çətin,

Mənim allahlarım getdi…

Öldü min məna içimdə,

Tənhayam dünya içində,

Qaralan qürub kimiyəm,

Evimdə qərib kimiyəm…

Yalqızam milyonlar ilə,

Soyuq, ruhsuz canlar ilə

Söndü, çıraqlarım söndü,

Qoşa qanadlarım sındı…

Bu yaşda qalmışam yetim,

Anam getdi, yarım getdi…

Allahsız yaşamaq çətin,

Mənim allahlarım getdi…

Mənə pərvanə idilər,

Mənsiz divanə idilər…

Onlar vardı sanardım ki,

Arxamda dağlar durmuşdu…

Onlar yoxdu uşaq təki

Ürəyi ağlar olmuşam…

Üstümdə əsirdi onlar,

Onlar qayğımı çəkirdi…

Dünyanın bir allahı var,

Mənim allahım ikiydi…

Biri mənim anam idi…

Biri mənim sonam idi.

Uçdu ruhum, məhəbbətim,

Yarım qaldı, yarım getdi…

Allahsız yaşamaq çətin,

Mənim allahlarım getdi…



İnsan doğulandan qəbrə tələsir…
Dünyaya gələndən tələsir bəşər,

Tələsir beşikdən məzara kimi…

Tələsən təndirə düşər demişlər,

Söz varmı atalar misalı kimi…

Tələsir toxumlar pbhrə olmağa,

Tələsir bəbələr iməkləsinlər.

Tələsir ulduzlar zöhrə olmağa,

Tələsir quzğunlar cəsəd yesinlər…

Gəzməyə tələsir bütün körpələr,

Hər cavan tələsir, qarı tələsir…

Tələsir bir-birin didə ölkələr,

Allah, tələsənlər hara tələsir?

Hava limanları haray, qalmağal.

Minlərlə sərnişin yerdə yatırlar.

Analar tələsir nənə olmağa,

Baba olmaq üçün uçur atalar…

Zamanın baharı, qışı tələsir,

Allahın göydəki quşu tələsir…

Tələsir, tələsir hər şey dünyada,

Qatarlar, maşınlar oxşayır yelə…

Qarışqa nədir ki, tələsir o da.

Dağlardan süzülən selə bax, selə…

Kimlər qoyub gedib belə qanunu,

Tısbağa tələsir, dəvə tələsir…

Babanın ömrünün çatdımı sonu,

Babanın ardınca nəvə tələsir…

Aranda olanlar tələsir dağa,

Baxın ov dalınca tələsən itə…

Tələsir müavin müdir olmağa,

Şair tələsir ki, şairi ötə…

Tələsir ulduz da, qəmər də, gün də,

Hələ diqqət edin bircə anlığa…

Meyid bir quruca tabut içində

Uçur çiyinlərdə qəbristanlığa…

Azar tələsiyir, tələsiyir Kür,

Qış gəldi qışlağa sürü tələsir…

Canlı da, cansız da tələsiyir gör,

Hər ölü tələsir, diri tələsir…

Hamı tələsir ki, axşam tez düşə,

Yol gedir, çay keçir, dağ aşır hamı…

Tələsir, tələsir, tələsir bəşər,

Demə ölümünə tələsir hamı…

Niyə tələsirik, nədir bu belə,

Hələ açılmayıb bu tilsim, bu sirr…

İnsan doğulandan tələsir elə,

İnsan doğulandan qəbrə tələsir.



Mənim dilim-dilim olmuş dilim…
Arzuların ən nurlusu buludda,

Ən əlçatmaz, ən ünyetməz diyarda…

Adamların ən bədbəxti həyatda,

Ən xoşbəxti, ən azadı məzarda…


Obaların ən qədimi viranə,

Şəhərlərin ən gözəli zəhərli…

Səni görüm kor olasan, zəmanə,

Tanımırsan nə namərdi, nə mərdi…


Bu həyatın ən çəkilməz qəm yükü

Anlayanın kürəyində, belində…

Vəzifənin ən yağlısı, ən kökü

Nanəcibin, natəmizin əlində…

Oğulların ən igidi qorxuda,

Zəkaların ən nəhəngi nıfıllı…

Bu dünyanı kimlər saldı qırğına,

Sərhəd-sərhəd parçalandı, qırıldı…


Qadınların ən gözəli maşında,

Zər-zibaya, var-dövlətə sadağa,

Könüllərin ən bülluru pərişan,

Amalların ən nurlusu qadağa…


Qızılların ən xalisi xəsisdə,

Səxavətin ən alisi kasıbda…

Belə-belə qaydaları, əzizlər,

Görən kimlər düzəldiblər, yazıblar…


Kifirlərin çoxu qəlbən bir mələk,

Gözəllərin çoxu yüngül, quşbeyin,

Xoşbəxtliyi paylayanda, neynəmək,

Şairlərə xudadan pay düşməyib…


Böyük xalqlar əbədilik hökmran,

Kiçik xalqlar işgəncədə, zülümdə…

Həqiqətin ən acısı hər zaman

Mənim dilim-dilim olmuş dilimdə…



Bu zəmanə bizim zəmanə deyil

Alim dostum A.Ağamusa üçün
Mənim tale dostum, amal qardaşım,

Vaxtında gəlmədik cahana deyən.

Hamının özüylə qarışıb başı,

Bu zəmanə bizim zəmanə deyil…

Yalanlar, riyalar atın səyirdir,

Baş açmaq çətindir yüz başın ola,

Tamam elə bil ki, ayrı dövrdən,

Ayrı planetdən gəlmişik bura…

Havasız qalmışıq, ruhsuz qalmışıq,

Don Kixotlar kimi tək olanlarıq,

Biz bu zəmanədə artıqıq, artıq,

Biz bu zəmanəyə yük olanlarıq…

Bizimki tutmayır həyatda nəsə,

Elə dövrdəyik hər yan fitnə, şər,

Dəllallar rişxəndlə gülürlər bizə,

Bunlar geri qalıb, lağ eləyirlər…

Şair var dövlətin üzür içində,

Alim var qəssabdan seçə bilmirəm.

Bu qədər nanəcib, müzürr içində

Biz necə yaşayaq, necə, bilmirəm?..

Fitnələr qururlar üz görə-görə,

Sonra da yalandan nalə çəkirlər.

Günün günortası göz görə-görə

Düzü düz dilindən dara çəkirlər…

Kişilər var imiş, eh,bir zamanlar

Minib atlarına dağa çıxdılar.

Günbəgün çoxaldı bədlər, yamanlar,

Yaxşılar günbəgün yoxa çıxdılar…

Yeyənlər yeyirlər, alanlar alır,

İndi nəcib olmaq xatalı olub…

Hamı da zəmanə çalanı çalır,

Hamı da zəmanə adamı olub…

Biz onun adamı ola bilmədik,

Sözlərim bir xəyal, əfsanə deyil…

Zəmanə çalanı çala bilmədik,

Bu zəmanə bizim zəmanə deyil…

Bəlkə ömrümüzü geri dönək biz…

Təzədən qayıdaq dünyaya bilkə…

Biz nə istəyirdik düzlük, təmizlik,

Halalca yaşamaq, halalca tikə…

Biz nə istəyirdik vicdan paklığı,

Hamıya əl tutmaq, hamıya yanmaq,

Demə boş şey imiş insan paklığı,

Havayı söhbətmiş, söz imiş ancaq…

Mən ki, rast gəlmədim tərtəmiz kəsə,

Adamlar gördüm ki, yüz üzü varmış…

Hamının əmması var imiş nəsə,

Lap ən yaxşının da pis üzü varmış…

Yox,yox, ürək dostum, könül sirdaşım,

Bu zəmanə bizim zəmanə deyil…

Nanəcib tənəsi, naxələf daşı

Birinci xeyirxah insana dəyir…

Zəmanə pislərin zəmanəsidir,

Mənsəbpərəstlərin zəmanəsidir,

Zəmanə onların zəmanəsidir,

Buqələmunların zəmanəsidir…

Düzə gülənlərin zəmanəsidir,

Bizə gülənlərin zəmanəsidir…

Verib-alanların zəmanəsidir,

Alim dəllalların zəmanəsidir…

Şair-bədxahların zəmanəsidir…

Pullu allahların zəmanəsidir…

Kütləvi şeytanlar zəmanəsidir,

Mənəvi böhranlar zəmanəsidir…

Hakim millətlərin zəmanəsidir,

Saysız sərhədlərin zəmanəsidir…

Vaxtında gəlmədik, dostum, cahana,

Eh, daha nə yazım, daha nə deyim…

Lənətə gələsən səni, zəmanə,

Bu zəmanə bizim zəmanə deyil…



Saymır…
Siz hələ dəhşətə, təzada baxın,

Adi pivə satan şairi saymır.

Tama zəmanənin çıxıbdır ağı,

Cüllütlər, qarğalar şahini saymır.


Çoxalıb namərdlər, ipiqırıqlar,

Sanki ürəklərə qıfıl vurublar,

Şer həccələyən colma-cocuqlar,

Böyük Füzulini, Sabiri saymır…


Bir vaxt bəşər özü bir allah idi,

Rəiyyət rəiyyət, şah da şah idi,

İndi bir fırıldaq dükan sahibi

Dükanına gələn dahini saymır…


İnsana nə etmə məhz insan edir,

Adam var şad könlü pərişan edir

Yanında anası ah-fəğan edir,

Doğma anasının ahını saymır…


Əyri qəh-qəh çəkir doğruya, düzə,

Qiymət verən yoxdur yaxşıya, pisə

Millətlər düşmən tək durub üz-üzə,

Bir xalq o birini daimi saymır…


Bir sən sayan vardır, bir fələk sayan,

Şair, ömür keçir fikirləş, dayan,

Getdi ömür dostun təkləndin daha,

Ta kimsə bu tənha Cabiri saymır…


Əfsanə dünyaymış, demə, bu dünya…
I
Nə üçün gəlmişik görən aləmə,

Nəyə gərək imiş bu gediş, gəliş?

Əfsanə dünyaymış bu dünya, demə,

Keçmiş də, bu gün də əfsanə imiş…

Hər ömür dumanda itən bir ada,

Elə bil xəyaldır baxıb gedirik.

Aldana-aldana gəldik dünyaya,

Aldana-aldana çıxıb gedirik…

Lap elə ömrünü ömrünə cala,

Yenə əfsanədir hər dost, hər tanış…

Göydə günəş yalan, yerdə od yalan,

Hər nə var-heç demə, yuxu, aldanış…

Ömürlər bürünüb çənə büsbütün,

Boş-boş qayğılarda itirik, demə…

Əfsanə çörəklər yeyirik hər gün,

Əfsanə havalar uduruq, demə…

Elə mən özüm da nagahan, birdən

Balaca komada bir səhər çağı

Doğuldum əfsanə fəsildə, ildə,

Əfsanə ildə də yox olacağam…

Əfsanə dünyaya qarışdı başım,

Havayı bir eşqə divanə oldum.

Dünən həqiqətdi anam, yoldaşım,

Bu gün ikisi də əfsanə oldu.

Əfsanə gözələ baxın, xudaya,

Necə də ədayla gəzir, kefi saz,

Onu agah elə, dünya, a dünya,

De ki, bu «gözəllik ona da qalmaz».


II
Mən fərq görməyirəm qəbirlə evdə,

Mən fərq görməyirəm əzabla kefdə.

Doğulmaq özü də ölüm deməkdir,

Nəşə də bir dadlı zülm deməkdir.


Əfsanə dünyada nə fərq var axı,

Beşiyi tabutdan ayırmayıram.

Təzəcə dünyaya gələn uşağı

Yenə də əfsanə, xəyal sayıram…


Mən fərq görməyirəm ölüylə sağda,

Mən fərq görməyirəm qarayla ağda,

Özünə heykəllər ucaldana bax,

Gör nəyə çalışır əfsanə axmaq.


Sən hələ fikir ver yazıq kişiyə,

Əfsanə ordenlər düzüb döşünə,

Sən, əfsanə dünya, başa sal barı

Özünü atomla qoruyanları…


Onlar nə görüblər hədər zəhmətdə,

Bütün qorxu, hədə əfsanə imiş…

Dava da, zəfər də, məğlubiyyət də,

Raket də, güllə də əfsanə imiş

Özünə var-dövlət yığanlara bax,

Gör nəyə çalışır əfsanə axmaq?..


Mən fərq görməyirəm yolçuyla şahda,

Varlıyla kasıbda, fərəhlə ahda,

Nə kasıb, nə varlı, nə yolçu, nə şah,

Fikir ver dediyim sözə, lisana,

Axır ikisi də xəyal olacaq,

O da əfsanədir, bu da əfsanə…


Qoy nə deyir desin nəhəng ağıllar,

Məncə, nə əvvəl var, nə də axır var…

Guya vaxt bölünüb fəsilə, ilə,

Bunlar qurğu imiş, bəhanə imiş

Nə əsr, nə dövr, nə zaman, hələ

Məkan məfhumu da əfsanə imiş.


Əfsanə dövlətlər, yollar, sərhədlər,

Əfsanə tayfalar, xalqlar, millətlər,

Əfsanə başçılar, şahlar, xaqanlar.

Azmı axıtdılar əfsanə qanlar?

Əfsanə ləhcələr, əfsanə dillər,

Yeyir bir-birini əsrlər, illər…

O bunu, bu onu udur doymayır…

Çox xalqlar özünü əbədi sayıb,

Biri-birisinə yağı olublar,

Axırda əfsanə, nağıl olublar…

Batıb ocaqları, itib daşları,

Əfsanə dünyanın aldanışları…


Ölmək-xəyal, yuxu, yaşamaq yalan,

Qara daş olaydım insan olunca…

Əfsanə dünyada əbədi qalan

Elə əfsanədir, əfsanə ancaq…



Sənin ölümündən sonra, mənim ölümümdən sonra…
İtib yollarımın yolu

Sənin ölümündən sonra…

İtirmişəm sağı-solu

Sənin ölümündən sonra…


Fani dünya heçdi necə?

Şahlıq quşum uçdu necə,

Ölüm adiləşdi necə

Sənin ölümündən sonra…


Bu dünyaya ta yox sözüm,

Qarışıb gecəm, gündüzüm,

O dünyada qalıb gözüm

Sənin ölümündən sonra…


Soyuyub isti evimiz, Tutqun dənizdi evimiz,

Laldır, dilsizdir evimiz

Sənin ölümündən sonra…
Mən göl idim, sonam oldun,

Anam getdi-anam oldun,

Ömür mənə haram oldu

Sənin ölümündən sonra…


Vaxt gələcək yetişəcək,

Çox yaralar bitişəcək,

Milyard illər ötüşəcək

Sənin ölümündən sonra,

Mənim ölümümdən sonra…

Bir də, bir də doğmayacaq məni anam…


Bu ağ saçlar bir də qara olmayacaq,

Bir də kimsə görməyəcək mən cavanam…

Ötən gün, ömrə çarə olmayacaq

Bir də məni doğmayacaq daha anam.


Buna yoxdur zərrə qədər güman belə,

Allah göydən ləl, cəvahir, qızıl səpə.

Bu dünyaya dönməyəcək anam belə,

Barı ana yaşayaydı iki dəfə…


Eşq oduna yanmayacaq bir də sinəm,

İlk görüşə düşməyəcək bir də yolum.

Kim dönüb ki, bu dünyaya mən də dönəm,

Zansı ahıl cavan olub mən də olum?..


Bu cahanda mənim üçün heç bir zaman

Nə bir əfsun, nə bir sehr olmayacaq.

Gözlərimə durub yüz min mələk baxa,

Mənim üçün heç bir xeyri olmayacaq.


Fani dünya, sənə, heyif, çox inandım,

Ana südü, ölüm suyu içə-içə…

İllər ötdü sonra duydum, sonra qandım,

Yuxu imiş, xəyal imiş hər şey demə…


Kimdir verən, kimdir alan bizi belə,

Bu bəşərin ən əbədi dərdi imiş,

Var olmağın, yox olmağın özü belə,

Yaşamağın özü belə şərti imiş…


Yer üzünün çox Həvvası, Nuhu olub,

İnsanlığın say-hesabsız nəsli gedib

Demə əvvəl hər xilqətin ruhu ölür,

Sonra isə canı gedir, cismi gedir…


Bir də mənim açmayacaq çiçəklərim,

Qıratlarım, düratlarım olmayacaq.

Qovmaq üçün arzularım, istəklərim,

Uçmaq üçün qanadlarım olmayacaq…


Pəncərəmdən nur yerinə ta daş gəlir,

Bu da ömrün möhürləri, surğucları…

Silə bilməz cərrah gələ, nəqqaş gələ,

Üz-gözüsə vaxtsız düşən qırışları…


Ağ saçlarım bir də qara olmayacaq,

Bir də kimsə görməyəcək mən cavanam.

Keçən ömrə-günə çarə olmayacaq,

Bir də, bir də doğmayacaq məni anam…



Qoruyun məni
Bir üzüm sevincdir, bir üzüm kədər,

Siz hər ikisindən qoruyun məni.

Bu günü mən yola saldım birtəhər,

Siz sabahkı gündən qoruyun məni.


Ürək var daima həsrətdə olur,

Yaxşı da, yaman da qismətlə olur.

Bu pisə birtəhər dözmək də olur.

Ondan da pisindən qoruyun məni.


Beləcə yaranıb bəşər qədimdən,

Doğulduq analıq məhəbbətindən

Tək bircə onların kin-nifrətindən,

Onların hirsindən qoruyun məni.


Heç zaman raketlər atılmayacaq,

İnsanlıq tükənib qurtulmayacaq.

Bir paxıl bədnəzər tanıram ancaq,

Onun bəd gözündən qoruyun məni.


Bu sözü bəlkə də bir çoxu deyib,

Yaxşıya, yamanın yüz oxu dəyir.

İblis də, şeytan da qorxulu deyil,

İnsan iblisindən qoruyun məni.


Həyat nə deməkdir əzab, işgəncə,

Yaşamaq hər şeydən çətindir məncə

Bəlkə ölümə də çəkildi əncam,

Həyatın özündən qoruyun məni.



Milyon il sonra da belə olacaq…
Neçə ki, insan var, neçə bəşər var,

Taxta dırmanan var, taxtdan düşən var,

Neçə ki, xeyirlə şər döyüşdədir,

Dünya həmişəki, fəndlər işlədir…

Üstünə yüz cürə rəng çək, qalay çək,

O belə gəlibdir, belə gedicik…

Milyon il əvvəlki dünyadır elə,

Bircə illər gəlir illərin üçtə.

Milyon il əvvəlki fitnə, şər, hiylə,

Milyon il əvvəlki şöhrətpərəstlər…

Milyon il əvvəlki «mən-mən» deyənlər

İndi ayrı cürə libas geyirlər…

Milyon il əvvəlki qurdlar, tülkülər,

Biri-birisini udan ölkələr,

Biri-birisini didən millətlər,

Didilə-didilə itən millətlər…

Milyon il əvvəlki dünyadır tamam,

Əvvəlki qaydalar, sədlər, qəliblər…

Tək bircə fərq olub hər vaxt, hər zaman;

Yaxşılar gediblər, pislər qalıblar…

Milyon il əvvəlki dünyadır elə,

Təkcə əhalisi artıb, çoxalıb…

Hakim o hakimdir, kölə o kölə,

Nəcib o nəcibdir, paxıl o paxıl…

Bir sözü o biri söz əvəz edib,

Quruluşlar dəyişib, adlar dəyişib.

Bir pisi o biri pis əvəz edib,

Qəddarı bir ayrı qəddar dəyişib…

Dəyişən odur ki, qəlblər çapılıb,

Yaxşılar az qala dönüb nağıla…

Dəyişən odur ki, atom tapılıb,

Tapıb ölümünü bəşər axırda…

Dəyişən odur ki, biz doğulmuşuq,

Bizik yer üzünün sakini indi…

Dəvasız dərdlərə məhkum olmuşuq,

Xərçəngdir bəşərin hakimi indi,

Spiddir bəşərin hakimi indi…

Şüadır bəşərin hakimi indi…

Qiyamət günüdür, vallah, qiyamət,

Ordular çoxalıb, odlar çoxalıb…

Dəyişən odur ki, ölüb məhəbbət,

Sevənlər azalıb, kütlə çoxalıb…

Milyon il əvvəlki dünyadır elə,

Nə qədər simalar, sifətlər görüb…

Gəlsin bu aləmi dəyişdirənlər,

Bircə xəbisini dəyişsin görüm…

Həmin o qaralar, ağlar, kürənlər,

Həmin bənövşələr boynu bükülü.

Gəlsin bu aləmi dəyişdirənlər,

Bircə böcəyini yaratsın görüm…

Doğru o doğrudur, oğru o oğru,

Nə qədər şah, vəzir, fərman dəyişib…

Nə qədər başçılar ölüb, doğulub,

Məzmun dəyişməyib, forma dəyişib…

Milyon il əvvəlki o dağ, o dərə,

Milyon il əvvəlki o od, o ocaq…

Milyon il əvvəlki dünyadır elə,

Milyon il sonra da belə olacaq…



O gələcək, bilirəm
Bir qanundur hər adamın ölməsi,

Bir qanunu bilməyənə gülürəm.

Kim görməyir ölümünü görməsin,

Mən ki, qardaş, ölümünü görürəm…

O əbədi həqiqətdir, o haqdır,

Qalan nə var, əfsanədir, sehrdir.

Gəlişini hiss edirəm haçaqdır,

Bircə vaxtı mənə bəlli deyildir.

Qulağıma yüz yol çatıb bəd səsi,

Ya gec, ya tez gələcəkdir bilirəm…

Kim görməyir ölümünü görməsin,

Mən ki, qardaş ölümümü görürəm…

O yazıdır… həkk olunub alnıma,

O kölgədir… daim gəzir dalımca…

Kik ah çəkib aclayacaq ürəkdən,

Bilirəm ki, kim yanacaq halıma,

Kim gələcək tabutumun dalınca…

Yaxşı-yaman… keçəcəkdir ələkdən,

Kim köksünü, kim üzünü cıracaq…

Kim ah çəkib ağlayacaq ürəkdən,

Kim yalandan başım üstdə duracaq…

Kimlərin də keyf düşəcək payına,

Ölümümə sevinəcək, gücələk…

Qəbrim üstə kim gələcək daima,

Kim gələcək, balalarım gələcək…

Məni tamam çıxaracaq yadından,

İndi mənə dost-aşina deyənlər…

Kim qəlbində yaşadacaq adımı,

Sözlərimi, şerimi sevənlər?..

Fani dünya yaşatmayıb bir kəsi,

O məni də susduracaq, bilirəm…

Kim görməyib ölümünü görməsin

Mən ki, hər gün ölümümü görürəm…
14 fevral, 1990…

Belə bir dünyaya nə deyəsən…
Bir küçədə toy, bir küçədə yas,

Belə bir dünyaya, nə deyəsən?

Bir qütbündə qış, bir qütbündə yaz,

Belə bir dünyaya nə deyəsən?


Bir övladı kifir, o biri göyçək,

Bir yeri sakit, bir yeri külək,

Bir üzü iblis, bir üzü mələk,

Belə bir dünyaya nə deyəsən?


Ceyranı ölür, ulağı ölür,

İgidi ölür, qorxağı ölür,

Qocası ölür, uşağı ölür,

Belə bir dünyaya nə deyəsən?


Bir yanı azad, bir yanı çəpər,

Bir gözü gecə, bir gözü səhər,

Bir əlində bal, birində zəhər,

Belə bir dünyaya nə deyəsən?


Bir qardaş cani, bir qardaş hakim,

Bir əli biçir, bir əli əkir,

Bir yandan tikir, bir yandan sökür,

Belə bir dünyaya nə deyəsən?


Gah açılır, gah örtülü qalır,

Gah ana olur dərdini alır,

Aldığın verir, verdiyin alır,

Belə bir dünyaya nə deyəsən?


Bir yanı azad, bir yanı çəpər,

Bir gözü gecə, bir gözü səhər,

Bir əlində bal, birində zəhər,

Belə bir dünyaya nə deyəsən?


Bir qardaş cani, bir qardaş hakim,

Bir əli biçir, bir əli əkir,

Bir yandan tikir, bir yandan sökür,

Belə bir dünyaya nə deyəsən?


Gah açılır, gah örtülü qalır,

Gah ana olur dərdini alır,

Aldığın verir, verdiyin alır,

Belə bir dünyaya nə deyəsən?


Nə düşmən kimi düşməndi sənə,

Nə də dost kimi həmdəmdi sənə,

O həm sevincdi, həm qəmdi sənə,

Belə bir dünyaya nə deyəsən?


İncil də odur, Quran da odur,

Satan da odur, alan da odur,

Allah da odur, şeytan da odur,

Belə bir dünyaya nə deyəsən?


Pəhlivan olsaydı basardım onu,

Boğazı olsaydı asardım onu.Ən son mənzili məzardı onun,

Belə bir dünyaya nə deyəsən?

Sıravi sahiblər xoşuma gəlir…
Böyüklük mərəzi, «mən-mən» azarı,

Şan-şöhrət bəlası, göz baxa-baxa…

Çox-çox söz qoşanı, çox-çox yazanı

Qoymadı sıravi şair olmağa…

Birinci yer üçün çarpışdı hamı,

Elə vuruşdular uzun illəri,

Bir kimsə o yeri tutmadı, amma,

Sonuncu yerdən də çıxdı əlləri…

Hər kəs çalışdı ki, irəli düşə,

Birinci famili, adı çəkilə…

Ən yekə ordenlər payına düşə,

Hamıdan irəli o olsun ancaq…

Adı ilkin çıxsın siyahılarda,

Qabaq sıralarda otursun ancaq…

Bütün tənqidçilər haçbalı olsun,

Bütün tərifçilər olsun köləsi…

Cildləri çoxsaylı, sanballı olsun,

Heykəli ucalsın lap göz görəsi…

Hamı çalışdı ki, birinci olsun,

Duelə çıxdılar, qala qurdular…

Adları ellərin gülüncü oldu,

Şair olmadılar, bəla oldular…

Onlar anlamadı, onlar bilmədi,

Birinci olmağa hey can atdılar…

Ki, sənət meydanı idmandı, nədi,

Ya ki, söz qoşanlar kosmonavtdılar…

Hamı çalışdı ki, sərkərdə olsun,

O n sərkərdədir yoxdur əsgəri?

Axırda hamısı sərkərdan oldu,

Əli aşından da çıxdı əlləri,

Vəli aşından da çıxdı əlləri,

Birinin tarixdə qalmadı adı,

Onlar anlamadı, onlar qanmadı,

Şerə marşal yox, əsgər gərəkdir,

Şerə sıravi kəslər gərəkdir…

Adsız, vəzifəsiz, çinsiz, flansız,

Onlardır yaşadan sənəti yalnız…

Mənim xoşum gəlir sıravilərdən,

İgidlər, şəhidlər xoşuma gəlir…

Pilənmiş adları sevməyirəm mən,

Müşfiqlər, Cavidlər xoşuma gəlir…

Onlar yaşadılar ordensiz, adsız,

Ulduz vurmadılar sinələrinə…

Onlar el-obanı düşündü yalnız,

Güllələr aldılar nişan yerinə…

Onlar şan-şöhrətçin dalaşmadılar,

Nə ad, nə mükafat gördülər onlar,

Heç vaxt ön cərgədə əyləşmədilər,

Elçin ön cəlgədə öldülər onlar…

Mənim xoşum gəlir sıravilərdən,

Təltifsiz şairlər xoşuma gəlir…

Pülənmiş adları sevməyirəm mən,

Sıravi Sabirlər xoşuma gəlir…

Yaxası medal zad görmədi əsla,

Bir paslı dəmir də yoxdu döşündə,

Sabir öz xalqının dərdini yazdı,

Sabir Sabir oldu elin içində…

Özünü irəli vermədi heç vaxt,

Sözüylə millətin önündə getdi…

Dövlətdən nəvaziş görmədi heç vaxt,

Öləndə xalqının çiynində getdi…

Ona şöhrət yolu açmadı kimsə,

Sabir kim idi ki, sıravi şair…

Xalq ona dedi ki, öz şairimsən,

Dönüb allah oldu sıravi Sabir…

Mənim xoşum gəlir sıravilərdən,

Sıravi şairlər xoşuma gəlir…

Pülənmiş adları sevməyirəm mən,

Sıravi Sabirlər xoşuma gəlir…

Oğlumun oğlu olub…
Nəvəm dünyaya gəlib,

Oğlumun oğlu ulub,

Aləm yalana dönüb

Təkcə o doğru olub…

Nə fikri özündədir,

Nə əli yatır işə,

Öz-özüsə deyirəm

Adam necə dəyişir?

Yaman yatağan idi

Yuxusu qaçıb indi,

Az qala səhərləri

Gözüylə açır indi…

Elə duran yerdəcə

Fərəhlənir, sevinir,

Qapısı açılmamış

Cumur uşaq evinə…

Qoysalar gecələr də

Orda yatıb qalar o,

Sakit otura bilmir

İtib səbri, qərarı…

Oğlunu görməyinə

Fərəhlənir, şadlanır,

Bir anlıq görüşünə

Yüz kərə qanadlanır…

Baxıram altdan-altdan,

Ürəyim dağa dönür,

Özüm də az qalıram

Körpə uşağa dönüm…

Mən də elə o cürdüm

O dünyaya gələndə,

Qanadlanıb uçurdum

O, dünyaya gələndə…

Onun tək mən də göyün

Yeddi qatında idim,

Mənim atam yox idi

Fərq bircə bunda idi…

Məftun-məftun baxıram

Ata olan körpəmə,

Hər şey təkrar olunur

Bu həyatda sən demə…

Dönüb əl boyda cocuq

Məhəbbət qalasına

Mən balama heyranam

Balam da balasına…


26 iyul 1990

Gül görüm…
Bu həyatı sən axı nə bilirdin,

Sanırdın ki, o həmişə sənindir?

Bir zamanlar nəşələnib gülürdün,

Əzabına tablaş onun gəl indi…


İlk baxışda o hamıya xoş gəlir,

İlk baxışda o hamını aldadır.

Bəs bilmirdin yazdan sonra qış gəlir?

Bəs bilmirdin fərəhində qəm yatır?..


Bəs bilmirdin yaxşısının pisi var?

Sükutunun çığırmağı var axı?

Bəs bilmirdin onun iki üzü var,

Doğulmağın yox olmağı var axı?..


Bəs bilmirdin həqiqətdir bir ucu,

Bir ucu da əfsanədir, yalandır.

Gah bal verir o, insana bolluca,

Gah zəhərli ilan kimi çalandır…


Nuha gedib çatır onun bir başı,

İskəndərdən, Sümeymandan qalır o…

Bəs bilmirdin, anlamırdın, a naşı,

Xəsislər tək verdiyini alır o?..


O hamını bir-bir çəkir çarmıxa,

Əvvəl-axır o hamıya qənimdir…

Bəs həyatı nə bilirdin sən axı,

Sanırdın ki, o həmişə sənindir?..


Düşünürdün daim elə güləcək,

Daim elə xoş baxacaq üzünə?

Bəs bilmirdin elə bir gün gələcək,

Peşman-peşman döyəcəksən dizinə?..


Bu həyatı axə sən nə bilirdin,

O hamını aldadan bir tülküdür…

Həyat səni güldürəndə gülürdün,

Həyat səni ağladanda gül görüm?..



Yaxşıların itkisinə dözə bilmirəm…

Filosof dostum Adil Nəcəfovun xətirəsinə…
Zülmət çökdü göylərimin asimanında,

Daşa dəydi

Arzum yenə, inamım yenə…

Yaxşıların

Bu az, bu qıt, yox zamanında,

Bir yaxşı da

Tərk elədi dünyanı yenə…

Nanəciblər

Göbələk tək çoxalır gündə,

Nəcibləri

Tapmaq olmur gündüz çıraqla…

Ləyaqətin

Qıt vaxtında, qıt vədəsində

Bir ləyaqət sahibi də yox oldu, allah…

Yaxşıların

İtkisinə dözə bilmirəm,

Bir işıqlı

Ürək yenə torpağın oldu…

Elə bil ki,

Kasıblaşdı bu boyda aləm,

Elə bil ki,

Üfüqlərdə söndü bir ulduz…

Neyləyirəm

Belə dövrü, belə bir əsri,

Hər tərəfi

Büyürübdür bədlər, yamanlar…

Yaxşıların

Mamont kimi tükənir nəsli,

Ta qırmızı

Kitablara düşürlər onlar.

Yaxşı üçün

Hara gedim, kimə yalvarım,

Həyat durur,

Dünya durur yaxşı durunca…

Ya xudaya,

Özün hifz et xeyirxahları,

Ya xudaya,

Yamanlara özün çək əncam…



Şair ilahidən gəlir…
Hamı şerə daraşıb

Ac-yalavac tək,

Hamı «şair» olubdur,

Hamı söz yazan.

Tamam havayı işdir

Qələm götürmək,

Şairdə ilahidən

Bir şey olmasa…

Çoxu niyə çalışır

Həyatı boyu,

Ya şöhrətə, ya da ki,

Acığa, qardaş…

Quyuya su tökməklə

Su verməz quyu,

Gərəkdir ki, quyudan

Su çıxa, qardaş…

Belələri piyada,

Şərsə atlı,

Misraları, sözləri

Alovsuz, odsuz,

Şairlər peyda olub

Ordenli, adlı,

Şairlər peyda olub

Döşündə ulduz…

Hər şeyi var,

Amma ki, bircə şeri yox,

Şair doğulmaq çətin

Ad almaq asan…

Tuncdan abidəsini

Ucalt xeyri yox,

Şairdə ilahidən

Bir şey olmasa…

Heç nə çıxmaz

Sənə od verməsə allah,

Sənə şair deməklə

Hər şey düzəlmir…

Vərdişlə şer yazır

Çoxları vallah,

Çoxu savad gücünə

Misra düzəldir…

Dəmir-dümür yığırlar

İdmançılar tək,

Dillərində xoş sözlər,

Əllərində qan…

Sökür xalqı, vətəni

Talançılar tək,

Özü satqın, qorxacaq,

Adı qəhrəman…


Danışdırın Müşfiqi,

Hüseyn Cavidi,

Hələ sağdır onlara

Böhtan yazanlar…

Poeziya bəşərin

Ümidgahıdır,

Natəmizlər oraya

Soxulmasınlar…


Şair anadan şair

Doğula gərək,

Hər söz üstə can qoya

O yaza-yaza…

Tamam havayı şeydir

Qələm götürmək,

Şairdə ilahidən

Bir şey olmasa…



Axır ki…
Tarix unutmayır heç nəyi demə,

O yaxşı tanıyır görür hamını.

Axır ki, yetişdi son qisas dəmi,

Ellər səndən aldı intiqamını.


Öldün, matəminə gəlmədi heç kəs,

Sanki insan yoxmuş heç sən adında.

Durdu qaravulda beş-on rəsmi kəs,

Səni dəfn elədi «böyük» adamlar.


Kiçiklər yanmadı sənə bir gilə,

Səni ağlamadı bir göz, bir ürək…

Əsl sənətkarı axır mənzilə

Xalqı yola salıb ötürə gərək.


Səni ötürmədi xalqın, a satqın,

Bu sənin ən böyük edamın oldu,

Nə qədər havayı yazdın, yaratdın,

Nə ruhun, nə də ki, ilhamın oldu.


Nekroloq düzəltdi yalançı əllər,

Dedilər bu xəbər ağır xəbərdir.

Bəs ellər nə dedi dedi ki, ellər,

Axır ki, bu kaftar öldü, gəbərdi.


Yuxarılar dedi düşəcək yada,

Qalacaq sənəti, sözü, əsəri.

Aşağılar dedi bu haramzada

Cavidi, Müşfiqi güdaza verib.


Daim ləbbey dedin yuxarılara,

Həqiqəti satıb, yalanı aldın

Pilədin pilənmiş nağaraları,

Həmişə böyüklər çalanı çaldın.


Elə şüar dedin hər addımbaşı,

Zaman da təriflər zamanı idi…

Sən söz təkrarçısı bir tutuquşu,

Sən əli qələmli bir cani idin…


Adına qoşulmuş o fəxri adlar,

Yaxana düzülən dəmir-dümürlər…

Sənə miras qaldı o sathasantdan,

Sənə zireh oldu gör neçə illər…


Məddahlıq yağırdı hər bir sözündən,

Əsl təlxək idin yaxşı bilirdin…

Qərar əsasında, kağız üzündə,

Hökumət yanında «xalq şairiydin»…


Sənətkar ömründən tamam uzaqsan,

Böyük bir ləkəsən söz sənətində…

Xalq səni dəfn etdi axır ki, nadan,

Özünün əbədi kin nifrətində…


Tarix unutmayır heç nəyi demə,

Saf-çürük eləyir yaxşı-yamanı…

Axır ki, yetişdi son qisas dəmi

Xalq səndən aldı öz intiqamını…



Mən yola salmıram belə bir ili…

(1988-ci ili yola salarkən…)
Mən yola salmıram belə bir ili,

Mən belə bir ili salmıram yola…

Hesaba almıram belə bir ili,

İstər allah ola, peyğəmbər ola…

Elə bil tək mənə qənim qoydu o,

Doğma anam öldü, yoldaşım öldü,

İki əzizimə birdən qıydı o…

İki mələk getdi, iki müqəddəs,

İki ölməz getdi evimdən mənim…

İki doğma xilqət, iki doğma kəs,

İki nəfəs getdi, evimdən mənim…

Mən yola salmıram belə bir ili,

Mən belə bir ili salmıram yola…

Hesaba almıram belə bir ili,

İstər «quzu» ola, «əjdaha» ola…

Aləmə o həyat bağışlasa da,

Amma mən tanıdım ölümdən onu.

Qonağı qovmazlar düşmən olsa da,

Mən isə qovuram evimdən onu…

Onun süfrəsinə əyləşdi hamı,

Mən tənha yerimə girdim astadan,

Onu gül-çiçəklə ötürdü hamı,

Mən onun dalınca daş tulazladım…

Mən yola salmıram belə bir ili,

Mən belə bir ili salmıram yola…

Hesaba almıram belə bir ili,

İstər aləm uça, dünya dağıla,

O insan qatili, həyat qatili,

Əvvəli ölümdür, sonu ölümdür…

Mənim qırğın ilim, mənim qan ilim,

Mənim otuz yeddim elə bu ildir…

O getdi, yuxudan sanki ayıldım,

Çıxdım dumanından buludun, çənin,

Ömrümü, günümü hesablayanda

Siz onu adıma yazmayın mənim…
31 dekabr 1988…

Fələk məndən nə istəyir?..
Özün söylə, adil allah,

Fələk məndən nə istəyir?

Bəlkə bir məhkəmə quraq,

Görək məndən nə istəyir?..


Səbrim tükənib vallahı,

Dözə bilməyirəm daha,

Nədir nöqsanım, günahım,

Bilək məndən nə istəyir?..


Aman, fitnəsindən, aman,

Nə din sayır, nə də iman,

Hiylə qurub, evlər yıxan,

Köpək məndən nə istəyir?..


Elə hey başımdan basır,

Nədir suçu, təmənnası,

Bilmirəm ki, bu anası,

Göyçək məndən nə istəyir?..


Bostanımı edib uru,

Bağıma yağdırır dolu,

Milyonlarla bəşər durub,

Bir tək məndən nə istəyir?..



Ölüm palatasında son görüş…
Son kərə götürmüş demə dünyanı,

Sabahkı həyatı nabılmış demə…

Əzrayıl yanında durub, dayanıb,

Ona ovçu kimi baxırmış demə…


Xəyal olacaqmış, demə o xəyal,

Daha ruha dönüb uçası imiş…

Bir azdan əbədi dalıb yuxuya,

Ölüm badəsini içəsi imiş…


Sonuncu təbəssüm, sonuncu baxış,

Sonuncu söz imiş dodaqlarında…

Son kərə sifəti işıqlanırmış,

Sonuncu sədaymış qulaqlarında…


Sonuncu çay imiş mökürlər ona,

Sonuncu dərmanmış, sonuncu dəva…

Boş yerə yorurmuş həkimlər onu,

Axirət evinə gedirmiş daha…


Çəkirmiş sonuncu ağrılarını,

Yetirmiş əbədi dünyasına o…

Son kərə öpürmüş oğullarını,

Baxırmış son kərə anasına o…


Məni də son kərə görürmüş, allah,

Görürmüş köksümə əyilib başım…

Adam baxa-baxa ölərmiş, allah,

Onun həyat dostu, ömür yoldaşı…


Son dəfə, son dəfə gəlirmiş səsi,

Bu da tale imiş, yazıymış demə…

Bu bahar nəfəsli aprel gecəsi,

Ömrünün sonuncu yazıymış demə…


Dağılsın qayalar, batsın dənizlər,

Qarğış yerə qarğış, səmaya qarğış…

Heç demə bir azdan o doğma gözlər

Həyata əbədi yumulacaqmış…


Hamı dayanmışdı, kədərli, məğmun,

Bəs bu nə möcüzə, bəs bu nə sirdi?

Ömrün son anında üzündə onun

Bir yanıqlı gülüş şölələnirdi…


Xəstəxana, 23 aprel 1988-ci il, gecə saat 2…

Həyat dönüb nağıl olur…
Sehr idin,

Qüdrət idin,

Bir əbədi

Heyrət idin,

Bircə gilə

Ağrı-acı


Hiss etmədim

Varlığıma

Girəndə sən…

Ruhumu da

İncitmədin

Varlığıma

Girəndə sən…

Nəfəs idin,

Məlhəm idin,

Doğma idin,

Məhrəm idin

Varlığıma

Girəndə sən…

Elə bil ki,

Ölməzliyə

Yol gedirdim

Görüşünə

Yüyürürdüm

Uça-uça…

Bir yüngüllük

Hiss edirdim

Ta təpədən

Dırnağacan

Varlığıma

Girəndə sən…

Ömrün çiçək

Dövrü idi

Tamam eşq,

Sevgi idin

Varlığıma

Girəndə sən…

Bir dirilik

Suyu idin,

Çal-çağırım,

Toyum idin,

Yerə-göyə,

Heyran idim,

Araz aşığımdan

İdi,

Kür topuğumdan



İdi

Varlığıma

Girəndə

Sən…


Heç bilməzdim

Gün gələcək,

Bu sevgini

Zaman özü

Söndürəcək,

Səni üzü


Dönük kimi,

Ağır, çətin

Bir yük kimi,

Bir sağalmaz

Ağrı kimi,

Acı kimi…

Ömrümün

Əlacı kimi…



Varlığımdan

Çıxarmalı

Olacağam…

Nə edəsən

Çarə yoxdur

Olacağa…


Heç bilməzdim

Gün gələcək,

Qədim ərəb

Fəllahı tək,

Yana-yana,

Ölə-ölə,


Qətrə-qətrə,

Gilə-gilə,

Parça-parça,

Tikə-tikə,

Əzab, ağrı

Çəkə-çəkə,

Misram kimi,

Adım kimi,

İkicanlı

Qadın kimi,

Səni mütləq

Doğacağam,

Nə edəsən…

Çarə yoxdur

Olacağa…

Heç bilməzdim

Gün gələcək,

Mahir, usta

Bir zərgər tək,

Nöqtə-nöqtə,

Bircə-bircə,

Gündüz, gecə,

Əllərimdən, barmağımdan,

Gözlərimdən,

Xəyalımdan,

Nəzərimdən,

Duya-duya,

Bilə-bilə,

Bax bu odlu

Əllərimlə,

Varlığımdan

Qoparmalı

Olacağam…

Çarə yoxdur

Olacağa…

Heç bilməzdim

Gün gələcək,

Bu sevinci

Zaman dərdə

Döndərəcək…

Ömrüm boyu

Mən qan-tərə

Bata-bata…

Gəmi-gəmi,

Maşın-maşın,

Qatar-qatar…

Ümman-ümman,

Dəniz-dəniz,

Fəsil-fəsil:

Zaman-zaman,

Bu sahilsiz,

Nəhayətsiz,

Ağır yükü

Varlığımdan

Çıxarmalı olacağam…

Nə edəsən,

Çarə yoxdur

Olacağa…


Gör, ilahi,

Bu həyatda

Nələr olur…

O dünənki sevinclərim

Tamam dönüb

Kədər olur…

Əvvəl dönüb

Axır olur…

Həyat dönüb

Nağıl olur…



Bəs kim məni oxşayacaq öləndə…
Anam getdi, bacım getdi dünyadan,

Ömür dostum qəfil uçdu əlimdən.

Bəlkə elə sən deyəsən, xudaya,

Bəs kim məni oxşayacaq öləndə?..


Yasınkı da bayatıdır, ağıdır,

Mərsiyədir əzizlərin dilində.

Ta ömrümün qürub edən çağıdır,

Bəs məni kim oxşayacaq öləndə…


Dost-aşina yad edəcək sağ olsun,

Qohumlar da dərd edəcək biləndə…

Belə aləm viran olsun, dağılsın,

Bəs məni kim oxşayacaq öləndə?..


Üç oğlum var hər istəyim, hər arzum,

Sevgiləri ürəyimdə, dilimdə…

Başlarından bir tel əskik olmasın,

Bəs məni kim oxşayacaq öləndə?..


Gözləyirəm, nəvəm olmur hələ ki,

Gəlin də ki, nə edəsən gəlindi…

Neyləyirəm axı belə ölməyi,

Bəs məni kim oxşayacaq öləndə?..


Nə dayım var, nə qardaşım, nə əmim,

Olanlar da xəlbirləndi, ələndi …

Siz allahı mənə bədbin deməyin,

Bəs məni kim oxşayacaq öləndə?..


Könül verdim şerə, sözə, sənətə,

Nəğmə ötdüm öz yurdumda, elimdə…

Odur azca təsəllim var, bəlkə də

Xalqım məni oxşayacaq öləndə…



Sən də belə unuduldun…
Sən də belə unuduldun,

Çıxdın yaddan,

Elə bil ki, adam yoxmuş

Belə adda…

Elə bil ki, heç sən adda

Bəşər yoxmuş.

Eh, milyonlar

Yaddan çıxıb,

Unudulmuş…

Heç vaxt səni

Unutmarıq

Demək asan…

Sanki, bizdən

Əsr-əsr


Uzaqdasan…

Evimizdən beş addımdır

Gedən yerin…

Necə edim tez-tez

Ora gedəmmirəm…

Necə edim canım mənim,

Gözüm mənim…

Min bir cürə

Qayğı, fikir

Üzür məni…

Vallah, bəzən

Unuduram


Öz adımı…

Bəlkə elə vəfasızam,

Pis adamam…

Yox, yox, səni unutmaqdır

Mənim cəzam…

Gedən gərək unudula,

Belə yazıb

Bunu yazan…

Özüm hələ bir tərəfə

Mən bacına,

Qardaşına

Mat qalmışam…

Özümüzü bala-bala

Sənsizliyə

Öyrətmişik.

Sənsiz, gülüm, Vüqara da

Toy etmişik…

İstəyirik Müşfiqə də

Nişan qoyaq…

Bunlar hamı sənsiz olub

Dəhşətə bax…

Nə edəsən ölmək olmur

Ölən ilə…

Yoxluğunun iki yaşı

Olub hələ…

Amma sanki, min-min ilin

Ölüsüsən…

Yaddan çıxan milyardların

Birisisən…

Düşünürəm ki, yerimdə

Sən olsaydın,

Düşünürəm mən getsəydim

Sən qalsaydın,

Görən necə o həsrəti

Daşıyardın,

Yaşasan da zülm içində

Yaşayardın…

Yaşayardın səksəkəli,

Həyəcanlı,

Yaşayardın yarı ölü,

Yarı canlı…

Yaşayardın

Ömrün boyu

Dərdli, yaslı,

Sən qalsaydın

Bir an məni

Unutmazdın…

Qələmim sözümə baxmayır daha
Kədərli şerlər yazıram elə,

Bir şənlik olanda, bayram olanda…

Nədənsə dərd gəlir, qəm gəlir dilə,

Sinəmdə azacıq ilham olanda…


Sevincli illərim xəyala döndü,

Qüssəli günlərim başlayır daha,

Bütün nidalarım suala döndü,

Qələmim sözümə baxmayır daha…


Necə yaşayasan, necə öləsən,

Əzrayıl dayanıb durub yaxında…

Necə sevinəsən, necə güləsən,

Ta itirən vaxtım, itən çağımdır…


Sozalıb istəyim, arzum, gümanım,

Ta yarım əsrdən artıq yaşım var.

Baxıram boşalıb tamam dörd yanım,

Nə anam, nə bacım, nə yoldaşım var…


Ta mənə ay, günəş yarımçıq doğur,

Ta mənə bu bütöv cahan yarımçıq.

Yarımçıq rahatlıq, yarımçıq yuxu,

Mənimçin gün, fəsil, zaman yarımçıq…


Baxanda canımı oda yaxıram,

Gül kimi açılan gül qızlara mən.

Ta şübhəylə baxır, kinlə baxıram,

Daima sevinən arsızlara mən.


Varlığa inamım yoxdur azca da,

Yoxluğa köklənib bütün hisslərim.

Həsəd aparıram daha dünyada

Hətta ən yalançı optimistlərə…


Kədərli şerlər yazıram elə

Bir şənlik olanda, bayram olanda,

Nədənsə dərd gəlir, qəm gəlir dilə

Sinəmdə azacıq ilham olanda…

Ümid tək sənədir, qələm…
Ümidim sənədir, qələm,

Pənahım, silahım mənim…

Mən söz deyən qulun, kölən,

Sən yazan allahım mənim…


Güc-qüdrət olaydı məndə,

Yaradardım heykəlini,

Hər gün səni götürəndə

Sanki dağa söykənirəm…


Özün cansız, sözün diri,

Bapbalaca boyun vardır.

İlham dolu söz sehirin,

Varaq dolu toyun vardır…


Sən kamanım, tarım, sazım,

Mizrabsan əlimdə, qələm…

Dünyanın min havasını,

Çalıram səninlə, qələm…


Natəmizlər xalqı soyur,

Haramla böyüyür çoxu…

Mənim isə havam, suyum,

Yaşayışım səndən çıxır…


Çoxu ləzzət, keyf içində,

Nazir olub hazırında…

Dərzi iynə ilə mən də,

Qələmlə gor qazıyıram…


Çörək ağacımsan mənim,

Tale bayrağımsan, qələm…

Şirinim, acımsan mənim,

Tanrıya yaxınsan, qələm…


Öz yolunda qara əllər,

Səni döndərə bilməzlər,

Məni öldürə bilərlər,

Səni öldürə bilməzlər…


Hey halıma yana-yana,

Əriyirsən bir şam kimi…

Yetəcəkdir ömrüm sona

Sən əlimdən düşən kimi…




  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə