VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə9/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

2. 5. Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının əsas istiqa­mət­lərinin müəyyən edilməsində xarici təcrübənin rolu.
Biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik.

Ilham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi ol­du və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib geniş­lən­mə­si üçün zəmin təşkil etdi. Dünyada gedən irimiqyaslı qloballaşma prosesi, iqti­sa­di həyatın getdikcə daha çox beynəlmilləşməsi bu və ya digər ölkənin ictimai in­ki­şafında xarici amillərin rolunun sürətlə artmasına səbəb olmuşdur. Hazırkı şə­raitdə ölkələrin zənginliyi onlarda olan təbii sərvətlərin bolluğu dərəcəsi ilə deyil, bu sərvətlərdən beynəlxalq əmək bölgüsünün üstünlükləri nəzərə alınmaqla, ba­ca­rıqla istifadə edilməsindən əhəmiyyətli dərəcədə asılıdır.

70 il ərzində Azərbaycanı SSRİ xalq təsərrüfat kompleksinə bağlayan siya­si və iqtisadi dayaqların ləğvi ölkəmizin Şimala yönəlmiş birtərəfli iqtisadi əlaqələ­ri­nə son qoymuş, bu əlaqələrin iqtisadi coğrafi, istərsə də məzmun baxımından ye­ni isti­qa­mət və mahiyyət kəsb etməsinə imkan vermişdir. Mübaliğəsiz demək müm­kün­dür ki, inkişaf etmiş və mürəkkəb dünya bazarı ilə iqtisadi inteq­ra­si­ya­sı­nın və qarşı­lıq­lı təsərrüfat əlaqələrinin formalaşan yeni mexanizmi respublikamı­zın gələcək inki­şaf perspektivini müəyyən edən başlıca amillərdəndir. Ona görə də ölkəmizin bey­nəl­xalq iqtisadi inteqrasiyasının strateji istiqamətləri mövcud dünya təcrübəsi nə­zə­rə alınmaqla müəyyənləşdirilməli və bu sahədə cid­di dövlət tənzimlənməsi həyata keçirilməli, iqtisadi proseslərə məqsədyönlü istiqamət verilməlidir.

Dünya bazarına və ona nəzarət edən nəhəng Transmilli şirkətlər (TMŞ) şə­bə­kə­si­nə qoşulma yolları ümumdünya iqtisad tarixindən yaxşı məlumdur. Bu yol­lar son nə­ti­cə­də iki istiqamətdə özünü göstərir və şərti olaraq Latın Amerikası və Yapon yolları adlanır.

Birinci yol TMŞ-lə sıx bağlı olan komprador kapitalının inkişafı və ölkənin iqti­sadi inkişaf mexanizmi sükanının xarici kapitalın əlinə verilməsi yoludur. Latın Amerikası ölkələrinin dünya iqtisadi ədəbiyyatında çox vaxt "banan respublika­la­rı" adlandırılması heç də bu ölkələrdə banan istehsalının geniş yayılması ilə əla­qə­dar deyildir. Bu, ilk növbədə, həmin ölkələrin iqtisadiyyatının əsasını təşkil edən banan istehsalına və onunla əlaqədar olan təsərrüfat sahələrinin TMŞ-lərin əli­nə keçməsi və bu ölkələrin bütün iqtisadi mexanizmi üzərində nəzarətin onlar tə­rə­findən həyata keçirilməsi ilə əlaqədardır. Bu acı təcrübənin nəticələri dünya icti­maiyyətinə yaxşı məlumdur.

İqtisadi inkişafda bütün ümidlərin ölkədə bol olan bu və ya digər məhsul ix­racının artırılmasına bağlanması ilə əlaqədar dünya ədəbiyyatına "Hollandiya xəs­təliyi", "kasıblaşdırıcı artım" adı ilə daxil olmuş acınacaqlı hallar da iqtisad tari­xində özünəməxsus yer tutur. Bu gün Rusiya və bəzi MDB ölkələrində də belə qor­xulu təmayülün özünü göstərdiyi haqqında həyəcan siqnalı çalınmağa başlanmışdır.

İkinci yol Yaponiyanın inkişafı yoludur. Məlum olduğu kimi, ikinci dünya mü­ha­ribəsindən sonra Yapon hakim dairələri Qərbin yardımından və Qərbdə on­lara yö­nəldilmiş əlverişli "açıq qapı" siyasətindən faydalanmaqla yanaşı, özlərinin spe­sifik inkişaf yolunu seçdilər. Bu spesifik inkişaf yolunun əsas xəttini istehsalın min illərlə sınaqdan çıxmış milli yapon dəyərlərinə əsaslanması, Qərbin müsbət iqti­sadi təcrübəsindən bu dəyərlərə uyğun sürətdə maksimum istifadə edilməsi və iqtisadi potensialın, ilk növbədə, daxili bazarın tələblərinin ödənilməsinə yö­nəl­dil­məsi təşkil edirdi. İstehsal imkanlarının daxili bazarın ehtiyaclarına istiqamət­lən­dirilməsi isə bu bazarın formalaşdırılması və əhalinin alıcılıq qabiliyyətinin yük­səl­dilməsi üçün əmək haqqının ciddi olaraq artırılmasını zəruri etmişdir.

Dünya bazarı ilə iqtisadi inteqrasiya strategiyası müəyyən­ləşdirilərkən dün­ya­da iqtisadi proseslərin inkişaf təmayüllərinin müasir xüsusiyyətləri diqqətlə öy­rə­nilib nəzərə alınmalıdır. Məlum olduğu kimi, elmi-texniki tərəqqi inkişaf edib də­rin­ləşdikcə Qərbdə istehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi, kapitalın in­hi­sarlaşması öz yüksək həddinə çatmışdır. Dünya iqtisadiyyatı üzərində nə­za­rət nəhəng Transmilli şirkətlərin əlində cəmlənmişdir. Beynəlxalq iqtisadi əlaqə­lər­də də onlar həlledici rol oynayır. Respublikamızda özəlləşdirmə siyasəti ardıcıl ola­raq keçirildiyi bir şəraitdə dünya iqtisadiyyatının göstərilən cəhəti nəzərə alın­ma­lıdır. Heç kəs üçün sirr deyildir ki, respublikamızda iri kapital yığımının həyata keç­mədiyi bir şəraitdə təsərrüfat obyektlərinin həddən artıq "xırdalanması" TMŞ-lə­rin ölkəmizdə şəriksiz hökmran­lığına gətirib çıxara bilər. Ona görə də res­pub­li­ka­mızda vaxtilə sahə prinsipi üzrə yaradılmış şirkətlərin özəlləşdirmə prosesində "xır­dalanmasına" yol vermək olmaz. Bu baxımdan bankların birləşdirilərək BUS Bankın yaradılması özünü doğruldur.

Ümumiyyətlə, istər daxili, istərsə də beynəlxalq iqtisadi problemlərin həllin­də milli kapitalın milli sahibkarlığın formalaşması və inkişaf etdirilməsi res­pub­lika­nın strateji məqsədlərindən biri hesab edilir. Yalnız bir tarixi faktı yada salmaq kifa­yət edər ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində ölkəmizdə tikilən iqtisadi və di­gər obyektlərin böyük əksəriyyəti milli kapital tərəfindən həyata keçirilmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi və respublikamızda ardıcıl olaraq "açıq qapı" siyasətinin həyata keçirilməsi istər xaricdə, istərsə də ölkə daxilində məhsulların yüksək rəqabətqabiliyyətli olmasını tələb edir. Respublika daxilində, de­mək olar ki, artıq bütün məhsul növləri üzrə, yerli və əcnəbi məhsullar üzrə yük­sək rəqabət gedir. Yerli istehsalçılara istehsalı təşkil etmək və onu inkişaf etdir­mək sahəsində tədbirlər sistemi həyata keçirilir. İdxalata tarif və qeyri-tarif tənzim­ləmələri vasitəsilə daha çox məh­dud­laşdırıla bilər. Lakin bu, uzun müddət davam edə bilməz və bu tədbirdən beynəlxalq müqavilələrə uyğun olaraq artıq geniş istifadə etmək mümkün deyildir.

Ona görə də, yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların key­­fiy­yətinin və müvafiq olaraq onların rəqabət qabiliyyətinin yüksəldilməsi ölkə iqti­sa­diyyatının strateji məqsədlərindəndir. Daxili bazar da, xarici bazar da bunu tələb edir.

Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə etməklə iqtisadi tərəqqinin təmin edilməsi əhəmiyyətli dərəcədə idxal və ixracın struktu­rundan asılıdır. Məhz bu cəhət ölkəmizin iqtisadi inteqrasiyasının dünya birliyi ilə bə­rabər hüquqlu və qarşılıqlı fayda prisnipi əsasında aparıldığını və ya onun dün­ya bazarının xammal əlavəsinə çevrilmiş olub-olmadığını müəyyən edir. İxrac potensialının hərtərəfli inkişaf etdirilməsi, onun çoxçeşidliliyinin artırıl­ma­sı, istehsalın hazır məhsul emalına doğru istiqamətləndirilməsi, satışa çıxa­rı­lan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan valyuta eh­ti­yat­larının yaradılması üçün həlledici əhəmiyyət kəsb edir. Bu məqsədlə xarici ti­ca­rətdə liberallaşma siyasətinin ardıcıl yeridilməsi və təsərrüfat obyektlərinin bi­la­va­­si­tə xaricə çıxmasını təmin edilməsi olduqca vacibdir.

Qlobal proseslərə səmərəli şəkildə inteqrasiya olunmasında Çin təcrübəsi çox əhəmiyyətlidir. Son 30 ildən artıq bir dövrdə Çin iqtisadiyyatı yüksələn xətlə tərəqqi edir. Bu dövr Çinin xarici dünyaya açılması dövrü kimi xarakterizə edilir. Bu müddət ərzində Çinin universallaşması və qloballaşması sürətlə genişlənmişdir. Bu genişlənmə prosesində ənənəvilik və bəşəri universallığın (qloballaşmanın) optimal sintezi mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Çin bir çox baxımdan dünya təsərrüfatının dinamik inkişaf edən liderləri sırasına daxil olmuş və iqtisadi qloballaşmanın ən uğurlu iştirakçılarından biri hesab edilir [96, s. 70-71].

Çin iqtisadi möcüzəsinin mahiyyəti və əsas istiqamətləri Akademik Ziyad Səmədzadənin «Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzəsi» (Bakı, 2001) adlı mo­noqrafiyasında hər tərəfli şərh edilmişdir. Araşdırmalar göstərir ki, Çin sənayesi, elm və texnikasının nailiyyətləri onun qlobal proseslərə uğurlu inteqrasiyasının vacib şərtidir. Bununla yanaşı, ölkə sivilizasiyasının nailiyyətləri bir çox baxımdan aqrar bölmə ilə əlaqədardır. Amerika sosioloqu R. Merfinin göstərdiyi kimi Çində şəhər və kənd dünyası arasında «Qərbdə formalaşmış olduğu kimi dərin fərq yoxdur… orada kənd ənənə və dəyərləri ləkələnməyibdir, əksinə şəhərlilərin çoxu kəndlər üçün darıxır və qocalığını qayıdıb orada keçirirlər». [96, s. 73]

Çin islahatlarının mahiyyəti ondan ibarətdir ki, iqtisadi struktur unifikasiya edilərək vahid şəkilə salınmamışdır. Çin dövləti ictimai kollektiv mülkiyyətlə yanaşı, yeni təsərrüfat formalarını (fərdi, ailə, özəl, qarışıq təsərrüfatları) stimullaşdıraraq, ukladlar, siniflər və təbəqələr, müxtəlif regionlar, maraqlar qrupu arasında münasibətlərdə arbitr və tənzimləyici funksiyasını öz üzərinə götürmüşdür. Onun mühüm funksiyalarından biri də, ənənəvi və müasir «iki sivilizasiyanın» sintezini təmin etməkdir. Köhnə dəyərlərdən, tarixi təcrübədən maksimum istifadə edilməsi müasir Çin sivilizasiyasının mühüm fərqləndirici cəhətlərindən biridir. Lakin mütəxəs­sislərin fikrinə görə, ənənəvilik və müasirlik müqayisə edildikdə, ənənəviliklə sintez edilmiş müasirliyin aparıcı xətt təşkil etdiyi məlum olur. [96, s. 72]

Çinin informasiya erasına adaptasiyasını kompyuterləşmə çox asanlaşdırır. Çin mədəniyyəti üçün ənənəvi olan biliyə yiyələnmə ənənəsi kompyuter kimi yeni alət əldə etmişdir. Ölkə çox yüksək səviyyəli informasiya - analitik bazaya malikdir, kütləvi şəkildə tərcümə işləri aparılır.

Çinin inkişaf mexanizmində xarici dünya ilə bütöv qarşılıqlı əlaqə sistemi yaradılmışdır. Bu ölkə adətən regional derjava adlandırılır. Onun siyasətində re­gionallaşma qloballaşmaya nisbətən açıq-aşkar üstünlük təşkil edir. Çin rəhbərliyi coğrafi cəhətdən uzaq ölkələrdən çox, yaxın qonşularına daha böyük əhəmiyyət verir.

ÜTT və Çin təcrübəsi. ÇXR-nin ÜTT-na daxil olması prosesi 15 il davam etmişdir. Bu müddət ərzində milli qanunvericilik həmin təşkilatın çox saylı qaydalarına uyğunlaşdırılmışdır. QATT ÜTT-na çevrildikdən sonra danışıqlar xarici şirkətlərin xidmət (maliyyə, bank, sığorta, distrübitor fəaliyyəti, informasiya texnologiyası, nəqliyyat xidməti və s. ) sahəsində fəaliyyətinin liberallaşdırılmasını da əhatə etmişdir. Çin qarşısında milli maraqların ÜTT-nin və ayrı-ayrı iştirakçı ölkələrin tələbləri ilə uyğunlaşdırılması kimi taleyüklü məsələ dururdu. Çoxsaylı danışıqlardan, ikitərəfli və çoxtərəfli razılaşmalardan sonra ÇXR-ı 2001-ci ilin noyabrından ÜTT-nın tam hüquqlu üzvü qəbul edildi. Bu zaman ÇXR ona müvafiq üstünlüklər verən «inkişaf etməkdə olan ölkə statusu» almağa müvəffəq oldu. Bu, ona imkan verir ki, xarici iqtisadi fəaliyyəti mərhələ-mərhələ liberallaşdırsın, milli qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılmasında vaxt qazansın, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində, subsidiyalar verilməsində müəyyən güzəştlər əldə etsin.

ÇXR hakimiyyətin və əhalinin ÜTT-nin prinsip və vəzifələri haqqında geniş məlumatlar almasına şərait yaradır. KİV-lər onun fəaliyyətini daim geniş işıqlandırır. Minlərlə hüquqşünas və iqtisadçılar ÜTT-nın qaydaları və proseduraları üzrə xüsusi hazırlıq keçirlər. Çin tərəfi ÜTT-ı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə həmin təşkilatın verdiyi hüquq və üstünlüklərdən geniş istifadə etməyə çalışır. Əsas diqqət Çin malları üçün yeni bazarların açıl­masına, Çin mallarının ixracının genişləndirilməsinə və keyfiyyətinin artırılmasına yönəldilir. Xarici kapitalın cəlb edilməsi sahəsində əsas diqqət həmin kapitalın strukturunun optimallaşdırılmasına (qabaqcıl texnologiya axınının artırılmasına) verilir. [326, 2003, №6, s. 14-22]

Qloballaşmanın verdiyi üstünlüklərdən uğurla istifadə olunmasında Cənubi-Şərqi Asiyanın Yeni sənaye ölkələrinin (YSÖ) təcrübəsi keçid iqtisadiyyatı ölkələri üçün əhəmiyyətlidir. Qloballaşma İEOÖ-in ümumi strukturunda da köklü dəyişikliklərə yol açdı. YSÖ həmin qrup ölkələrini tərkibindən bir çox parametrlərə görə ayrılaraq, İEÖ-lər qrupuna yaxınlaşdılar. Bir sıra cəhətlər YSÖ-ni həm İEOÖ-dən, həm də İEÖ-dən əhəmiyyətli dərəcədə fərqləndirir. Bu xarakterik xüsusiy­yətlər yenisənayeləşmə modelinin yarandığını söyləməyə imkan verir, həm iqtisa­diyyatın daxili dinamikası, həm də xarici iqtisadi fəaliyyət baxımından həmin ölkələrin təcrübəsi Üçüncü dünya ölkələrində bir nümunə rolunu oynayır. YSÖ qrupuna daxil edilmək üçün BMT-nin müəyyən etdiyi metodikaya əsasən aşağıdakı meyarlar əsas götürülür:

1. adambaşına ÜDM-un miqdarı;

2. onun orta illik sürəti;

3. ÜDM-da emaledici sənayenin xüsusi çəkisi 20%-dən az olmamalıdır;

4. sənaye məhsullarının ixracına həcmi və ümumi ixracatda xüsusi çəkisi;

5. xaricə birbaşa kapital qoyuluşlarının həcmi [124, s. 306].

Həmin göstəricilərə görə YSÖ İEOÖ qrupundan yüksəkdə durur. XX əsrin 70-80-cı illərində bu ölkələrdə sənayenin köklü sürətdə yenidənqurulması nəticəsində onun məhsuldar qüvvələrinin formalaşması və inkişafı iqtisadi tərəqqinin dinamikasını əhəmiyyətli dərəcədə sürətləndirmiş, yığım kütləsi və normasının artırılmasına, investisiyaların və məşğulluğun strukturunun transforma­si­yasına səbəb olmuşdur. Resurs-xammal və inventisiya bazasının məhdudluğu və qloballaşmanın genişləndiyi bir şəraitdə həmin ölkələr iqtisadi inkişafın xarici ticarət və maliyyə aspektlərinə xüsusi əhəmiyyət verməyə başladılar. İxracat po­tensialarının genişləndirilməsi iqtisadi inkişaf strategiyasının aparıcı xəttini təşkil etdi. Nəticədə Cənub-Şərqi Asiya ölkələrinin ümumdünya təsarrüfat əlaqə­lərində rolu durmadan artır, həmin ölkələr beynəlxalq təsarrüfat subyektləri üçün intensiv sənaye, ticarət, texnoloji və valyuta-maliyyə fəaliyyəti üçün əlverişli zonaya çevril­mişdir. Həmin ölkələr qısa tarixi dövr ərzində, yalnız özlərinin sənaye məhsulları üzrə ixracatını durmadan artırmaqla kifayətlənməmiş, eyni zamanda, beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşmanı dəyişmiş, beynəlxalq səviyyədə yeni istehsal strukturlarının formalaşması prosesinə inteqrasiya etməyə başlamışlar. Onların sənaye cəhətdən inkişafının əsas təmayülü beynəlxalq əmək bölgüsü sistemində baş verən dəyişikliklərə uyğunlaşma prosesidir. Onların inkişafına Sakit okean regionunda, ilk növbədə onun iki mərkəzi ABŞ və Yaponiyada gedən proseslərin təsiri kifayət qədər yüksək olmuşdur.

Elmi-texniki tərəqqinin sürətlənməsi və istehsalda elmin rolunun artması, əmək məhsuldarlığının kəskin şəkildə yüksəlməsinə, yeni tipli texnologiyaya keçilməsini şərtləndirdi, istehsalın strukturunun keyfiyyətə dəyişməsinə səbəb oldu. Bunun əsas təzahürü istehsal və istehlak təyinatlı yeni məhsulların və yeni sahələrin yaranmasında özünü göstərdi. Onlara olan tələbin sürətlə artması ictimai istehsalın strukturunda xidmət sahələrinin xüsusi çəkisinin çoxalması və müvafiq olaraq digər sahələrin, o cümlədən emaledici sənayenin xüsusi çəkisinin azalması və sonuncunun keyfiyyətcə yenidən qurulması ilə nəticələndi. İstehsalın optimallaşdırılması, onun tərkibində elmtutumlu, material və resurslara qənaət edən sahələrin xüsusi çəki­sinin çoxalması bu ölkələrdən ixracat axının kəmiyyət və keyfiyyətcə artırılmasına gətirib çixardı. TMŞ-lər həmin proseslərin fəal iştirakçıları idi. Onların fəaliyyəti beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən təşviq edilirdi. Təsadüfi deyildir ki, Cənub-Şərqi Asiya ölkələrinin qlobal əmək bölgüsü sisteminə yüksək dərəcədə inteqrasiya etməsində, məhz TMŞ-in rolu olduqca yüksəkdir. Daxili və xarici kapital qoyuluşlarının ciddi sürətdə artırılması YSÖ-nin iqtisadi dinamizminin əsasını təşkil edir. Təcrübədə YSÖ-nin iki modeli mövcuddur: birinci model, milli iqtisadiyyatın, əsas etibarilə, xarici bazarlara, ixracata istiqamətlənməsinə, ikinci model isə idxalın əvəzolunması siyasətinə əsaslanır. İkinci modeldən ən çox latın Amerikası ölkələri istifadə etmişlər.

Türkiyədə beynəlxalq iqtisadi inteqrasiya proseslərinin maliyyə-kredit mexanizmi vasitəsilə intensivləşdirilməsi təcrübəsinin də öyrənilməsi vacibdir.

T.Özal dövründə ixracatın təşviq olunması sahəsində həyata keçirilmiş və olduqca müsbət nəticələr vermiş tədbirlər sistemi keçid iqtisadiyyatı ölkələri üçün örnək ola bilər.

Bu tədbirləri dörd qrupa bölmək olar: [307, s. 103]

­– ixracat miqdarı və ya məbləğindən asılı olaraq birbaşa subsidiyalar va­si­tə­si­lə təşviqlər: məhsullar ixrac olunarkən ödənilmiş daxili vergilərin geri qay­ta­rıl­ma­sı, dəstəkləmə və qiyməti sabitləşdirmə fondu üzrə verilən subsidiyalar;

– ucuz maliyyə mənbəyinin təmin edilməsi yolu ilə təşviq (ucuz ixracat diskont krediti);

– vergi üstünlüyü verilməsi yolu ilə ixracatçıların təşviqi (bu bir çox vergilər üzrə təşviq edilirdi); [Bu halda bax: 143, 142];

– digər dolayı imkanlar yaradan və üstünlük verən təşviqlər (ixracat məh­sul­la­rı is­tehsal etmək üçün mal idxalında gömrük istisnaları, idxalat üçün valyuta toplan­ması, valyutaların ölkə xaricində saxlanılmasına icazə verilməsi və s. )

Bu tədbirlər arasında məhsul ixrac edilərkən daxildə ödənilmiş vergilərin ge­ri qaytarılması sistemi xüsusən təsirli idi. İxracatın yarısına qədəri bu sis­tem­dən fay­dalanırdı. 1980-1990-cı illərdə ixracatçılara bu yol ilə 4, 3 mlrd. dollar məb­lə­ğində vergi geri qaytarılmışdır [307, s. 104].

İnflyasiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində qəribə bir tə­­zad özünü göstərirdi. Bir tərəfdən, mövcud izafi tələbi məhdudlaşdırmaq, digər tə­rəfdən isə büdcə kəsirlərini «adi» (inflyasiya yaratmayan) mənbələr he­sa­bı­na ödəmək üçün vergi gəlirlərinin artırılması istər-istəməz işgüzar fəallığın müəy­yən dərəcədə sönməsi ilə nəticələnir. Həyata keçirilən iqtisadi stra­te­gi­ya­nın məntiqi isə əks vəziyyəti - işgüzar fəaliyyətin ciddi olaraq canlandırılmasını tələb edirdi.

T.Özal ona görə də, özünün iqtisadi siyasətində pul-dəyər amillərindən öl­kə­də işgüzar fəallığı canlandırmaq üçün geniş istifadə etməyə başladı. Məsələn, ver­gi me­xanizmində ciddi güzəştlərdən istifadə edilərək təşəbbüsçülər təşviq edi­lir, onların investisiya fəaliyyəti istiqamətləndirilməyə çalışılırdı. Xalq təsər­rü­fa­tı­nın inkişafı üçün birinci dərəcəli əhəmiyyət kəsb edən sahələrin inkişafı, sosial-iq­tisadi tərəqqi baxı­mından geri qalmış Şərq regionlarının canlandırılmasına cəlb et­mək üçün də təşəb­büsçülərə böyük güzəştlər nəzərdə tutulurdu. Ölkədə «əsas» ver­gi olan gəlir vergisinin yüksək həddi 1985-ci ildə 63 faizə (1963-cü ildə 68 və 1981-ci ildə 75 faizdən) endiril­di. Xəzinənin maliyyə ehtiyaclarını ödəmək üçün nə­zərdə tutulmuş ən aşağı həddi 10 faizdən 25 faizə qaldırıldı. Son nəticədə milli gə­lirdə vergilərin xüsusi çəkisi 80-ci illər boyu 20-23 faiz səviyyəsində qalmışdır.

T.Özalın iqtisadi siyasəti xarici kapitala münasibətdə qarşılıqlı mənfəət balan­­sını əsas tutur, xarici mənbələrdən geniş miqyasda faydalanmağa yönəldilir. Əcnəbi kapital qoyuluşlarını hər vasitə ilə təşviq edir.

Açıq qapı siyasəti çərçivəsində Türkiyədə 80-ci illərdə isteh­sal edi­lən malların ixracını sürətləndirmək üçün birbaşa maliyyə dəstəyi mexanizmin­dən də geniş istifadə edildi. Müəyyən edilmiş malların ixracında mükafat sistemi tət­biq edilməyə başlandı. Bu sistemdən yararlanan ixrac mallarının vahidinə və ya fi­zi­ki həcminə görə (1 ton ixracat üçün 1-100 dollar arasında) müka­fat verilirdi. Bu sis­tem türk mallarının xarici bazarlarda rəqabət gücünü artırmaq məqsədini güdür­dü. Hə­min sistem təxminən 120 məhsul növünə şamil edil­miş­dir. Ödəmə məbləğləri 1987-ci ildə 19, 5 mlrd. türk lirəsindən 1990-cı ildə 1290 mlrd. lirəyə çatmışdır.

İxracatın təşviqində kredit mexanizmi təsirli bir vasitəyə çevrildi. İnflyasiya ilə monetarist mübarizə üsulu kimi sərt pul-kredit siyasətinin həyata keçirilməsi kredit faizlərinin ciddi sürətdə yüksəlməsinə gətirib çıxarmışdır. Belə bir şəraitdə «kredit subsidiyaları» adını daşıyan mexanizm ixracatın təşviq olunmasında təsirli bir vasitə kimi istifadə edildi. Subsidiyalar xəzinə və qismən də mərkəzi kanalları vasitə­silə ödənilirdi. Bunlar aşağıdakılardan ibarət idi:

- ixracatçılara aşağı faizlə «ixracata hazırlıq» kreditləri;

- ixrac malları gömrükdən çıxdıqdan sonra onların pula çevrilməsinə imkan verən «vəsiqəli sənəd» kreditləri;

- tütünün istehsalçıdan alınaraq emal edilməsi və ixracata hazır hala gətirilməsi üçün tütün ixracatçılarına banklar vasitəsilə Mərkəzi Bank mənbələrindən «tütünü» maliyyələşdirmə kreditləri;

- ixracatçılara möhkəm valyuta ilə ixrac edilməsi öhdəliyi altında banklar vasitəsilə «ixracat diskont kreditləri»;

- xaricdə podrat tikinti xidmətləri göstərənlərə bu xidmət müqabilində valyuta təmin etmək məqsədilə «xaricdə podrat tikinti xidmətləri diskont» krediti;

- ildə 100 milyon dollardan çox məhsul ixrac edən xarici ticarət sərmayə şirkətlərinə «özəl ixracat diskont krediti»;

Bunlardan başqa ixracatı təşviq proqramı çərçivəsində ixrac olunan mallardan əldə edilən valyutanın hökmən ölkəyə qaytarılması məcburiyyəti də ləğv edildi.

Turkiyənin dünya bazarlarında rəqabət gücünün artırılmasının yalnız iri ixracat şirkətləri vasitəsi ilə mümkün olduğu nəzərə alınaraq, xarici ticarət şirkətlərinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Dövlət siyasətinin aparıcı istiqamətinə çevrilmiş açıq qapı siyasəti 1990-cı ildən sonra da dönmədən həyata keçirilmiş beynəlxalq inteqra­si­ya proseslərinin sürətləndirilməsi yolunda ciddi addımlar atılmışdır.

Sovet imperiyası 1990-cı ildə süqut etdikdən sonra, Türkiyə keçmiş sosialist bloku ölkə­ləri ilə iqtisadi əlaqələri hər vasitə ilə genişləndirilməyə başlamışdır.

Xarici ticarətin liberallaşdırılması mexanizmi təkmilləşdirilmiş, ÜTT-nın yara­dıcısı olan və beynəlxalq ticarətə yeni normalar gətirən uruqvay Round Nihai Sa­zişinə imza atmışdır.

Avropa Birliyinə daxil olmaq üçün qarşıya çıxan hər cür maneələrin dəf edilməsi və 2002-ci il Kopenhagen zirvəsində qoyulan tələblərin yerinə ye­ti­ril­mə­si yolunda qətiyyətli və tarixi addımlar atır.

İstər ÜTT-nın, istərsə də AB-nin şərtləri daxilində xarici ticarət rejimi köklü sürətdə yenidən qurulmuşdur.

1980-1990-cı illərdə ixracatın təşviqi sahəsində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdə radikal dəyişikliklər aparılmışdır; beynəlxalq normalara uyğun olaraq daxildə və xaricdə İşləmə Rejimi təsdiq edilmiş, 1995-ci ildən son­ra yeni dövlət yardımları tətbiq edilməyə başlanmışdır.

İxracat üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat, rabitə və digər infra­struk­tu­ra sa­­hə­lərinə investisiya qoyuluşları artırılmış; ixracat nüfuzlu məşğuliyyət sahəsinə çevrilmişdir. İxracat sahəsində mövcud olan bürokratik əngəllər qətiyyətlə ləğv olun­maqla davam etmişdir; valyuta nəzarəti təkmilləşdirilmiş, hər növ valyuta idxalı tam sərbəstləşdirilmişdir. 1990-cı ildə qəbul edilmiş qərarla Türk lirəsinin dönər­li­li­yi artırılmış sonralar isə milli valyuta ilə idxal və ixrac sərbəstləş­dirilmişdir;

80-ci illərdə irimiqyaslı «xarici ticarət şirkətləri» təşviq edilmişdir. Bu iş 90-cı illərdə daha da genişləndirilmiş, xırda və orta şirkətlərin ixracat sahəsində qüvvələrinin birləşdirilməsi istiqamətində də aparılmışdır;

İxracatçı firmalar sərbəst ixracat apara bildikdən sonra 80-cı illərdə onlara edi­lən birbaşa maliyyə dəstəyi dayandırılmış və ixracat kredit və sığorta mexanizmi vasitəsilə təşviq edilmişdir.

Açıq qapı siyasəti çərçivəsində aparılan islahatlar mər­kəzdən idarəçilik sistemi getdikcə daha çox bazar mexanizmi vasitəsilə əvəz olun­ma­ğa başladı. 1981-ci ildə kapital bazarı haqqında Qanun qəbul edildi. Qanunun əsas məqsədi yığımın daha çox qiymətli kağızlara qoyulmasını təmin etmək yolu ilə xalqın iqtisadi inkişafda iştirakına şərait yaratmaq idi. Bir az sonra Türkiyənin ka­pital bazarında tənzimləyici və nəzarətedici bir orqan yaradıldı. 1986-cı ildə isə İstanbul Qiymətli Kağızlar Birjası (İQKB) işə başladı və ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Birjanın rolunun artmasında vergilərin sadələşdiril­məsi, xarici investorların kapital bazarında iştirakının sərbəstləşdirilməsi mühüm rol oynadı. Həmin birjada 4 bazar fəaliyyət göstərir. Bunlara daxildir: pay sənədləri bazarı, istiqraz və bon bazarı, beynəlxalq bazar və müddətli əməliyyatlar bazarı.

Türkiyədə hal-hazırda ən liberal valyuta rejimi fəaliyyət göstərir. Türk lirəsi­nə tam dönərlilik statusu verilməklə yanaşı 1989-cu ildən sonra xarici fiziki və hüquqi şəxslər İstanbul Birjasında tam sərbəst əməliyyat apara bilərlər. Həmin Birja dünyanın aparıcı Maliyyə Birjalarının tam hüquqlu üzvüdür. Hal-hazırda İstanbulun dünya maliyyə mərkəzlərindən birinə çevrilməsi üçün ciddi iş aparılır. Ölkənin nəhəng maliyyə institutları, o cümlədən, Mərkəzi Bank həmin şəhərə köçürülür.

Türkiyədə mövcud olan liberal valyuta rejiminin əsasları aşağıdakılardır:

- Türkiyədə yerləşmiş fiziki və hüquqi şəxslər istədikləri qədər valyuta saxla­ya bilər, banklar, müəssisə və özəl maliyyə təşkilatlarından istədikləri qədər valyuta satın ala bilərlər, onların xaricə valyuta transferləri və xarici banklarda valyuta hesabı açmaları sərbəstdir.

- Müəssisələr maliyyə ehtiyaclarının ödənilməsi üçün xaricdən istədikləri qədər kredit ala bilərlər.

- Türkiyədə yerləşən fiziki və hüquqi şəxslərin xaricdə ticarət əməliyyatları aparmaları üçün kapital ixrac etmələri sərbəstdir. Yalnız müəyyən məbləğdən çox olduqda səlahiyyətli orqandan icazə almalıdırlar.

Xarici ticarətin liberallaşdırılması və ixracatın hərtərəfli təşviq olunması ölkə­­nin xarici ticarət əlaqələrinə böyük dinamizm gətirmişdir. Xarici ticarət dövriy­yə­si 1990-2001-ci illər ərzində iki dəfə artmışdır. İxracat 22, 3 mlrd. dollardan 30 mlrd. dollara çatmışdır. 2002-2005-ci illərdə isə ixracat 2, 5 dəfə artaraq 36mlrd. dollardan 85 mlrd. dollara yüksəlmişdir. Hal-hazırda ölkənin ixracatı 120 mlrd. dolları keçmişdir. Türkiyə bu dövrdə xarici ticarətin dinamizmi göstəricisinə görə dünyada ən yük­sək olan 10 ölkə sırasına daxildir.

Xarici kapitalın və yeni texnologiyanın ölkəyə daha intensiv daxil olmasını, ix­racat üçün kapital qoyuluşlarının artırılmasını, xarici maliyyə və ticarət imkanların­­dan daha geniş istifadə edilməsini təmin etmək məqsədilə ölkədə «azad zo­na­lar» yaradılmasına və inkişaf etdirilməsinə ciddi fikir verilir. 1985-ci ildə «Sər­bəst Bölgə­lər Qanunu» qüvvəyə minmişdir. 1987-ci ildə Mersin və Antalya azad zo­naları açıl­mışdır. 2002-ci ilə qədər cəmisi 21 sərbəst zona açılmış və fəaliyyət gös­tərir. Həmin zonalarda aparılan ticarət həcmi 11, 5 mlrd. dollara çatmışdır. [307, s. 264].






1   ...   5   6   7   8   9   10   11   12   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə