VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə6/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   51

1. 5. Milli dövlətlərin mənafeləri və qlobal mühitə

inteqrasiyanın nəzəri əsasları
İndi bəşəriyyət qlobal transformasiyalar dövründə yaşayır. Formasiya paradiqmalarının əvəzlənməsi, Tofflerin “üçüncü dalğasının” başlanması, elmi-texniki tərəqqinin yüksəlişi və nəhayət, milli dövlətin rolunun zəifləməsi və transmilli korporasiyaların əhəmiyyətinin güclənməsi – bütün bunların hamısı müasir insanın, cəmiyyətin və “dövlət, dövlətçilik” kimi şərh etdiyimiz siyasi strukturun simasını digər parametrlərlə birlikdə köklü sürətdə dəyişdirir.

Akademik Ramiz Mehdiyev
Milli təsərrüfatların iqtisadi, elmi-texniki, hüquqi və informasiya baxımından bir-birindən asılılığını kəskin şəkildə artıran qloballaşma, dünyanın inkişafında aşağıdakı bir sıra səciyyəvi cəhətlərin meydana gəlməsinə səbəb olmuşdur.

Hər şeydən əvvəl dünya iqtisadi birliyi keçmişdə bir-birindən az-çox asılı olan ölkələrin məcmusundan ibarət idisə, indi bu birlik vahid iqtisadi sistemə çevrilməyə başlamışdır. Həmin vahid iqtisadi sistemdə milli təsərrüfatlar sadəcə olaraq beynəlxalq əmək bölgüsü mexanizmi ilə deyil, öz miqyasına görə nəhəng, ümumdünya istehsal-satış strukturu, qlobal maliyyə sistemləri və informasiya şəbəkələri ilə bir-birinə «lehimlənərək» vahid ümumdünya iqtisadi orqanizmin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. XX əsrin ortalarına qədər xarici ticarət dövriyyə­si bütün dünyada ÜDM-un cəmisi 10-16%-ini təşkil edirdisə, XXI əsrin əvvəlində kom­mer­si­ya xidmətlərinin idxalı və ixracı da nəzərə aldıqda bu hədd 48%-ə çatmışdır [262, s. 3-5].

Son onillikdə (1995-2006-cı illərdə) dünya xarici ticarət dövriyyəsinin həcmi istehsaldan iki dəfə çox olmuşdur. [285, s. 76, 85, 86].

Qlo­bal­laşma prosesində milli və ümumdünya iqtisadi mexanizmlər öz rollarını da də­yişdirirlər. Belə ki, məlum olduğu kimi, keçmişdə aparıcı rol milli təsərrüfatlara məx­sus idi. Müasir dövrdə isə dövlətlərüstü maliyyə-əmtəə bazarları, istehsal-sa­tış strukturları formalaş­dıqca, ümum­dünya iqtisadi münasibətlər bəşəri proses­lə­rin tənzimlənməsində aparıcı rol oynamağa başlamışlar. Hətta, ən inkişaf etmiş döv­lətlərin də ölkə daxili münasibətləri qlobal iqtisadiyyatın tələblərinə uyğun­laş­maq məcburiyyəti qarşısındadır. Bəşəri münasibətlərin tənzimlənməsində ümum­dünya iqtisadi münasibətlərin aparıcı amilə çevrilməsi isə öz növbəsində bey­nəlxalq proseslərdə milli dövlətlərin rolunun azalmasına gətirib çıxarır. Çünki onlar milli sərhədlərdən kənarda baş verən və müstəqil cərəyan edən ümumbə­şə­ri prosesləri tənzimləmək iqtidarında deyillər. Bundan əlavə, milli dövlətlərin bağladıqları bey­nəlxalq müqavilələrə uyğun olaraq makroiqtisadi tən­zimləmələr aparmaq üçün gömrük sədləri, valyuta tənzimləmələri və digər ənənəvi vasitələrdən isti­fa­də etmək hüquqları məhduddur. Onlar beynəlxalq iqtisadi təşkilat­la­rın, nəhəng transmilli şirkətlərin tələblərinə uyğunlaşmağa məcburdurlar. Başqa sözlə, qlo­ballaşma prosesində dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan transmilli sənaye və bank kor­porasiyalarının gücü və təsir dairəsi geniş­lən­miş­dir. Qlobal iqtisa­diy­ya­tın ənə­nə­vi subyekti olan milli dövlətlər isə müəyyən ba­xımdan sıxışdırılmışlar. Onlar könüllü olaraq, bir çox milli hüquqlarından bey­nəlxalq hüquq nor­malarının lehinə imtina etmişlər.

Lakin bütün bunlar milli dövlətlərin rolunun heç də azalması demək deyildir. Əksinə, müasir dövrdə bəşəriyyətin inkişafının mühüm xarakterik xüsu­siyyətlərindən biri ölkə daxilində gedən sosial-iqtisadi proseslərin tənzimləyicisi kimi milli dövlətlərin rolunun durmadan artmasıdır. Bazar iqtisadiyyatı tələb edir ki, döv­lətlər iqtisadiyyata ən azı iki məqsədlə geniş müdaxilə etsinlər: birincisi, digər ölkələrin iqtisadiyyatı ilə maksimum rəqabətqabiliyyətli olmaq, ikincisi isə, maliyyə-kredit kimi yenidən bölgü mexaniz­mindən istifadə etməklə ölkə daxilində yaranan sosial və siyasi gərginliyi mümkün qədər azaltmaqdır. Məhz həmin funksiyaların genişlən­di­rilməsi sürətlə artan qloballaşma prosesinin ən mühüm əlamətlərindən biridir. Bu məsələ keçid iqtisadiyyatı ölkələri üçün xüsusən aktualdır.

Həqiqətən dünya miqyasında mövcud ehtiyatlardan istifadə uğrunda rəqa­bət mübarizəsinin əhəmiyyəti və daha da kəskinləşməsi qlobal miqyas almışdır. Belə bir rəqabət mübarizəsində təsərrüfat subyektlərinin uduzması nəticəsində maddi, insani və hətta siyasi ehtiyatların mümkün itkiləri də çox ciddi və bəzən qlo­bal əhəmiyyət kəsb edə bilər [259, s. 8]. Təsadüfi deyildir ki, qloballaşma prosesində apa­rıcı mövqeyə məhz təsərrüfat subyektlərini məqsədli şəkildə tənzimləyən dövlətlər çıxa biliblər. Çünki hər hansı bir ölkədə mövcud olan rəqabət üstünlüyü­nü qloballaşma prosesində ən səmərəli şəkildə həyata keçirmək üçün ölkənin bütün potensialından yalnız milli dövlətlər maksimum istifadə edə bilərlər. Qloballaş­manın real gedişi ölkə potensialının milli dövlətlər vasitəsilə tam mənası ilə rəqa­bət qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tələb edir.

Qloballaşmaya, bir qayda olaraq, inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənilir. İnkişaf etmiş sənaye ölkə­lərinin elmi və ictimai dairələrində isə adətən bu proseslər pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar sonuncular arasında bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaq­dadır. Bu qəbildən olan alimlərə görkəmli amerikan alimi, 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlis də aiddir. Onun «Globalization and Discontents» adlı kitabı dün­yada böyük əks səda doğurmuşdur. [188] C. Stiqlis akademik dairə­lər­də özünün fundamental tədqiqatları ilə tanınmış və iqtisad elminin müasir mərhələdə inkişafına əhəmiyyətli təkan vermişdir. O, iqtisad elmi­nin yeni sahəsi olan «İnfor­masiya iqtisadiyyatının» banisi hesab olunur. C. Keynis nəzəriyyələrinin və F. D. Ruz­veltin «Yeni kursunun» davamçısı kimi iqti­sadiyyatda dövlətin fəal rolunun tərəfdarıdır və hesab edir ki, müasir kapitalizm tək­milləşə bilər və təkmilləşməlidir. 1993-cü ildə C. Stiqlis ABŞ pre­zidenti B.Klinton yanında iqtisadçı məsləhətçilər Şurasının baş­çısı təyin edilmişdir. 1997-2001-ci illərdə o, Dünya Bankının baş iqtisadçısı və prezident müavini olmuşdur ki, bu, ona Beynəlxalq Valyuta Fondunun (BVF) praktik fəaliyyəti ilə yaxından tanış olmağa imkan vermişdir və belə bir inam əldə etmişdir ki, bu nəhəng təşkilatın fəaliyyəti əksər hallarda qeyri-səmərəlidir. [88]

Nə üçün bu qədər faydalı nəticələrə malik olan qlobal­laşma kəskin mübarizə pred­metinə çevrilmişdir? - sualına o belə cavab verir: beynəlxalq ticarət üçün bazarların açılması bir çox ölkələrə imkan verdi ki, onlar çox sürətli iqtisadi inkişafı təmin edə bilsinlər, lakin nəzərə almaq lazımdır ki, beynəlxalq ticarət o zaman iqtisadi inkişafı sürətləndirir ki, ixracat ölkənin iqtisadi artımına təsir göstərir. C. Stiqlis sürətlə inkişaf edən və əhalisini varlandıran Asiya ölkələrini buna misal göstərir. Məhz qlobal­laşmanın nəticəsində dünyanın bir çox xalqlarında ömür uzan­mış, rifah səviyyəsi yüksəldilmişdir. Qloballaşma inkişaf etməkdə olan ölkələrdə təcrid olunma hissini azaltmış, onların çoxu üçün müasir yüksək biliklərin qapısını açmışdır. Anti-qloballaşma hərəkatı da dünya ölkələrinin qarşılıq­lı asılılığının artmasının nəti­cəsidir. Bu hərəkat İnternet vasitəsilə bütün dünyada öz fəaliyyətini tənzimləyir və qüdrətli döv­lətləri pis nəticələr verə biləcək müəyyən tədbirlərdən, məsələn, süvarilər əleyhinə mina­lardan istifadə olunmasın­dan imtina etməyə vadar etmişdir. Kasıb ölkələrin borclarının bir hissəsinin silinməsi, xarici yardımların artması da qloballaşmanın müsbət cəhətlərindəndir. C.Stiqlisə görə qloballaşmanı tənqid edənlər çox vaxt onun faydalı nəticələrini nəzərə almırlar.

Bununla yanaşı o hesab edir ki, qloballaşma tərəfdarları da çox vaxt qabaq­cadan hasil olan qənaəti əsas götürürlər. Sonuncular hesab edirlər ki, qloballaşma tərəqqidir və inkişaf etməkdə olan ölkələr, əgər səmərəli artıma nail olmaq və kasıb­çılığı aradan qaldırmaq istəyirlərsə, mütləq onu qəbul etməli­dirlər. Lakin ölkələrin bir çoxu qloballaşmadan gözlədikləri iqtisadi faydalara nail ola bil­mirlər. Varlı və kasıb ölkələr arasında mövcud olan uçurumun daha da artması «üçüncü dünya» ölkələrində əhalinin böyük əksəriyyətini kasıb­lığın qəd­dar məngənəsində saxlayır. 90-cı illərdə dünyada adambaşına gə­li­rin orta hesabla ildə 2, 5% artımına baxmayaraq, kasıbçılıq şə­raitin­də yaşayan insanlar daha 100 milyon nəfər artmışdır. Af­rikada müstəqillik əldə edildikdən sonra yaranmış böyük ümidlər puç oldu.

C. Stiqlisin fikrinə görə, əgər qloballaşma yoxsulluğun azaldılmasında bir şey edə bilməmişdirsə, sabitliyin təmin edil­məsində daha az nəticəyə nail olmuşdur. Asiya və Latın Ame­rikasında özünü göstərən böhranlar inkişaf etməkdə olan ölkələrin hamısının iqtisadiyyatı və sabitliyi üçün ciddi təhlükə yaratdı. O, hesab edir ki, qloballaşma Rusiya və kommunizmdən bazar iqtisadiyyatına keçən bütün digər ölkələrdə də gözlənilən nəticəni vermədi. Qərbin verdiyi vədlərə baxma­yaraq, yeni iqtisadi sistem bu ölkələrin əhalisinin çoxu üçün onların kommunist liderlərinin öngördüklərindən də pis nəticələr doğurdu. Bazar iqtisadiyyatına keçid bu ölkələrdə beynəlxalq iqtisadi təşkilatların sxemi əsasında həyata keçirilmiş və bəzən çox pis nəticələr əldə edilmişdir. Halbuki, öz proqramı əsasında həmin prosesləri idarə edən Çində çox böyük nəticələrə nail olunmuşdur.

Bu proses makro və mikro səviyyədə özünü göstərir. Milli dövlətin müasir dövrdə mühüm tarixi vəzifəsi həmin strategiyanı hazırlayıb həyata keçirməkdir. Yeni beynəlxalq iqtisadi və maliyyə mühiti dünyada gedən qlobal inkişafın və ey­ni zamanda milli dövlətlərin beynəlxalq inteqrasiya proseslərinə iştirakı şərtlərini müəyyən edir. Həmin mühit bu proseslərdə milli dövlətləri təmsil edən təsərrüfat və maliyyə subyektlərini müəssisə və şirkətlərin qəbul etdikləri qərarlara təsir edir. Milli iqtisadi inkişafın postsənayeləşmə erasının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək üçün yeni iqtisadi və maliyə mühitin özəl­lik­lə­ri­ni nəzərə almaq olduqca vacibdir.

Qloballaşma bir çox baxımdan neoliberal modelin sərt qanunları əsasında inkişaf edir. Bu modeldə isə dünya milli dövlətlərin maraqlarının harmoniyası, onlarla olan müxtəlif təsərrüfat ukladları və milli mədəniyyətlərin qorunması prinsipi əsasında deyil, sosial darvinizm prinsipləri əsasında inkişaf edir. Bu sərt qanunlara uyğunlaşa bilənlər sürətlə inkişaf edir, uyğunlaşmayanları isə udurlar. Qlobal proseslərə uyğunlaşa bilməyən ölkələr üçün iqtisadiyyatın daha çox beynəl­miləlləşməsi onlar üçün milli iqtisadiyyatı tənzimləmə qabiliyyətinin daha da azalmasına yol açır. Bu ölkələrdə bir çox iqtisadi proseslərin qlobal təbiəti ilə onların milli təsərrüfat çərçivəsində tənzimlənməsi arasında uyğunsuzluq artır. Təbiidir ki, bu uyğunsuzluq özünü müxtəlif ölkələrdə müxtəlif dərəcədə göstərir. Çünki milli dövlətlər qloballaşma proseslərini müxtəlif dərəcədə həll ediliblər, müxtəlif “çəkiyə” malikdirlər, qlobal bazarlardan müxtəlif dərəcədə “fayda” və ya “zərər” əldə edirlər. Bütün bunlar isə mənafelər arasında ziddiyyətin yaranmasını labüd edir. Çünki xarici satış bazarlarından, xarici maliyyə ehtiyat larından, texnoloji və idarəçilik təcrübəsindən güclülər daha çox istifadə edə bilirlər. Ona görə də əsas makroiqtisadi göstəricilər arasında fərq bir çox hallarda artmaqda davam edir.

Ona görə də qloballaşmanın ümumbəşəri əhə­miyyət kəsb edən problem­lərindən biri bu prosesin ölkələr arasında inkişaf sə­viy­yəsi baxımından olan kəskin fərqə ne­cə tə­sir etməsi, qloballaşmanın fayda­la­rının ölkələr arasında necə bölünməsi problemidir.

Müasir mərhələdə heç bir dövlət həmin proseslərdən kənarda qala bilməz. Lakin getdikcə daha çox dərk edilir ki, bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qloballaşmanın faydaları qeyri-bərabər bölüşdürülür. Müasir beynəlxaq siyasi-iqtisadi sistemdə az saylı inkişaf etmiş sənaye ölkələri aparıcı rol oynayır. Texnoloji və informasiya inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir. Qa­baqcıl sənaye ölkələri və müəyyən dərəcədə orta inkişaf səviyyəsinə ma­lik olan ölkələr üçün rifah səviyyəsinin artırılmasında yeni imkanlar daha çox yaranmışdır.

Bununla yanaşı tədqiqatlar göstərir ki, ziddiyyətli mahiyyəti və sosial iqtisadi nəticələrinə baxmayaraq, XX əsrdə baş vermiş elmi-texniki inqilablar inkişaf et­məkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi tərəqqisinə ciddi təsir göstərmişdir. Faktlar bunu əyani şə­kildə sübut edir.

Belə ki, sənaye istehsalı XX əsr ərzində inkişaf etməkdə olan ölkələrdə 21, 9 dəfə artdığı halda, inkişaf etməkdə olan ölkələrdə 62, 1 dəfə artmışdır. Yalnız son 30 il ərzində (1970-2000-ci illər) sonuncuların sənaye istehsalı 55 dəfə artmışdır [202, s. 106].

2000-2005-ci illərdə isə ÜDM bütün dünyada 19, 5, inkişaf etmiş ölkələrdə 10, 1 və inkişaf etməkdə olan ölkələrdə isə 32, 9% bəndi artmışdır. [bax: əlavə №2].

İnkişaf etməkdə olan ölkələrdə sənayenin strukturunda da ciddi dəyişikliklər özünü göstərmişdir.



Verilən cədvəl və diaqramlardan göründüyü kimi XX əsrdə (100 il ərzində) ÜDM bütün dünyada 18, 8 dəfə artdığı halda, İEOÖ-də 27, 3 dəfə artmışdır.

ÜDM-in artımı, dəfə (1900 - 1)

 

1900

1950

2000

Bütün dünya

1, 0

2, 9

18, 8

Qərbin inkişaf etmiş ölkələri

1, 0

2, 9

15, 9

Qərbi Avropa

1, 0

2, 0

10, 3

İEOÖ

1, 0

2, 5

27, 3

Cənubi Amerika

1, 0

5, 3

40, 2

Yaxın və Orta Asiya (yaxın və Orta Şərq daxil deyil)

1, 0

1, 6

22, 0

Şimali Afrika, Yaxın və Orta Şərq

1, 0

7, 0

104, 4

Afrikanın cənubu

1, 0

5, 0

17, 1

SSRİ (2000-ci ildə MDB və Baltikyanı ölkələr)

1, 0

4, 1

9, 8



Şəkil 1. Dünya regionları üzrə ÜDM-in artım dinamikası, dəfə (1900 - 1)
Regionların Ümumi dünya məhsulunda payı (faizlə)

 

1900

1950

2000

Bütün dünya

100, 0

100, 0

100

Qərbin inkişaf etmiş ölkələr

60, 2

60, 7

51, 0

Qərbi Avropa

36, 7

25, 7

20, 0

İEOÖ

25, 9

22, 2

37, 6

Cənubi Amerika

3, 5

6, 4

7, 5

Yaxın və Orta Asiya (Yaxın və Orta Şərq daxil deyil)

21, 0

11, 2

23, 6

Şimali Afrika, yaxın və Orta Şərq

1, 0

2, 3

5, 4

Afrikanın cənubu

1, 4

2, 3

1, 2

SSRİ (2000-ci ildə MDB və Baltikyanı ölkələr

7, 9

11, 1

4, 1


Cədvəl № 1. 7

İnkişaf etməkdə olan ölkələrdə maddi istehsalın

strukturunun dinamikası (yekuna nisbətən faizlə)*) *333


İqtisadiyyat sahələri

1950

1960

1970

1980

1990

2000

Emaledici sənaye

25, 8

29, 7

27, 9

25, 5

41, 7

55, 2

Hasilat sənayesi

6, 4

9, 4

18, 7

41, 7

23, 0

24, 7

Kənd təsərrüfatı

67, 8

60, 9

53, 4

32, 8

36, 3

20, 1

YEKUN

100

100

100

100

100

100

*)[202, s 108-110]
Cədvəldən göründüyü kimi XX əsrin ikinci yarısında inkişaf etməkdə olan öl­kələrdə məhsul istehsalının strukturunda emaledici sənaye məhsullarının payı iki də­fədən çox artaraq 2000-ci ildə 55, 2% təşkil etmişdir. Diqqəti belə bir cəhət cəlb edir ki, bu proses qloballaşmanın geniş vüsət aldığı 90-cı illərdə xüsusən sürətlənmişdir.

Onu da nəzərə almaq lazımdır ki, həmin struktur dəyişiklikləri bəzi iqtisad­çıların iddia etdikləri kimi heç də materialtutumlu və əməktutumlu sahələr hesa­bına baş verməmişdir. Belə ki, 1980-1998-ci illər ərzində inkişaf etməkdə olan ölkələrin ixracatında baza ehtiyatlarının (yanacaq nəzərə alınmasa) payı 50, 8%-dən 19%-ə enmiş, əməktutumlu hazır məhsulları isə müvafiq olaraq 21, 8 və 23, 2% təşkil etmişdir. Həmin dövrdə ixracatda yüksək texnolojitutumlu məhsul­la­rın xü­susi çəkisi isə 11, 6%-dən 31%-ə yüksəlmişdir [262, s. 11].

Sənaye ölkələrində yaranmış zəngin hazır texniki potensialdan istifadə edərək, zəif ölkələr öz inkişafını sürətləndirmək imkanına malikdirlər.

Adamba­şı­na məhsul is­tehsalı 1970-2000-ci illər ərzində inkişaf etmiş ölkələrdə 1, 7 dəfə artdığı halda, inkişaf etməkdə olan ölkələrdə 2, 5 dəfə çoxalmışdır [326, 2001, № 9, s. 102].



2000-2006-cı illərdə isə ÜDM orta illik artım sürəti inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksək olmuşdur.
ÜDM orta illik artım sürəti (faizlə)*





2000

2001

2002

2003

2004

2005

2006

İnkişaf etmiş ölkələr

3, 67

1, 22

1, 34

1, 79

3, 04

2, 36

3, 0

İnkişaf etməkdə olan ölkələr

5, 85

4, 11

4, 74

6, 19

7, 35

6, 95




*[285, p. 91]

Regionların adambaşına ÜDM-i (ABŞ-ın səviyəsinə görə faizlə)


 

1900

1950

2000

Bütün dünya

27, 8

21, 2

22, 2

Qərbin inkişaf etmiş ölkələr

70, 6

57, 3

80, 5

Qərbi Avropa

67, 9

45, 5

69, 0

İEOÖ

11, 3

7, 2

10, 7

Cənubi Amerika

5, 3

21, 6

19, 3

Yaxın və Orta Asiya (yaxın və Orta Şərq daxil deyil)

10, 3

4, 8

9, 9

Şimali Afrika, Yaxın və Orta Şərq

13, 4

12, 3

19, 5

Afrikanın cənubu

12, 0

7, 9

2, 6

SSRİ (2000-ci ildə MDB və Baltikyanı ölkələr

26, 8

28, 8

19, 1




Şəkil 2. Dünya regionları üzrə adambaşına ÜDM

(ABŞ səviyyəsinə görə faizlə)
Bununla yanaşı real həyat göstərir ki, qloballaşmanın bəhrələrinin ilk olaraq güclü dövlətlər tərəfindən mənimsənilməsi nəticəsində inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərq azalmır, əksinə daha da artır. Bu haqda iqtisadi ədəbiyyatda kifayət qədər dəlillər və faktlar mövcuddur. Biz burada yalnız bir fakt üzərində dayanmağı mədsədə uyğun hesab edirik:adam başına düşən ÜDM inkişaf etməkdə olan ölkələrdə 1900-cü ildə ABŞ səviyəsində 11. 3% təşkil etdiyi halda 2000-ci ildə 10. 7%-ə enmişdir.

Onu da qeyd etmək lazımdır ki, qloballaşmanın verdiyi imkan­lardan bütün inki­şaf etməkdə olan ölkələr özləri də eyni dərəcədə istifadə etmirlər. Dünya Ban­kının hesabatlarının birində göstərilir ki, aşağı gəlir səviyyəsinə malik olan Azərbaycan da daxil olmaqla 49 ölkədə adambaşına ÜMM 1995-ci il­də 700 dollardan az olmuşdur. Həmin göstərici üzrə bu dövlətlərin böyük ək­səriyyəti ABŞ səviyyəsinə görə (1987-ci illə müqayisədə) xeyli geriləmişlər [214, s. 85]. Lakin kamil ba­zar iqtisadiyyatı mexanizmi yaradaraq qloballaşmanın üstünlüklərindən uğurla is­ti­fadə edən bir çox zəif inkişaf etmiş ölkələr isə ( Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Çin və s. ) sosial iqtisadi tərəqqi yolunda sürətlə irəliləyirlər. 2000-2006-cı illərdə bütün dünya üzrə ÜDM-un orta illik artım sürəti 2, 5-4, 8% olduğu halda, bu ölkələrdə 7-8% olmuşdur. [285]

Nəticədə, bu ölkələr arasında da təbəqələşmə sürətlənir. Onların arasın­dan texnoloji inqilabların və yeni beynəlxalq iqtisadi-maliyyə mühtinin verdiyi üs­tünlük­lərdən səmərəli istifadə edən ölkələr öz inkişaf səviyyələrinə görə sənaye ölkə­lə­ri ilə aralarında olan fərqi aradan qaldırırlar.

Lakin təbii istehsal amillərindən istifadəyə əsaslanan olkələrdə vəziyyət ağır şəkildə qalmaqda davam edir, onların dövlət borcları sürətlə artır, istehsalın strukturunda hasilat sənayesinin payı yüksək səviyyədə qalır.

Keçid iqtisadiyyatı ölkələrində mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına transformasiya prosesinin tarixdə analoqu yoxdur və qloballaşma dövrünə təsadüf etdiyi üçün olduqca mürəkkəbləşir. Bu ölkələrdə gedən proseslər iqtisadi münasibətlərin qloballaşmasının ayrılmaz tərkib hissəsidir. Qloballaşma dövründə isə dünyanın iqtisadi inkişafında ciddi dəyişikliklər baş vermişdir. İnformasiya inqilabı, kapital axınının beynəlmiləlləşməsi iqtisadi inkişaf modelində dərin keyfiyyət dəyişiklikləri yaratmışdır. Ticarətin və maliyyə bazarlarının liberallaşması bu ölkələr qarşısında yeni perspektivlər açmaqla yanaşı, yeni problemlər də yaradır. Bu ölkələrdə ticarətin liberallaşması və maliyyə vəziyyətinin sabitləşdirilməsi qapalı olan iqtisadiyyatın açıq iqtisadiyyatla əvəz olunması prosesi ilə paralel gedir. Bunun nəticəsində, həmin ölkələr beynəlxalq əmək bölgüsünə daha çox cəlb edilir və onlarda xarici ticarət dövriyyəsi sənaye istehsalına nisbətən çox sürətlə artır. Həmin ölkələrin gələcək taleləri üçün əhəmiyyətli olan məsələlərdən biri də odur ki, yerli və xarici sahibkarların milli bazarlara sərbəst daxil olmaları və fəaliyyət göstərmələri üçün şərait yaradılır. Kapital hərəkərinin liberallaşması isə həmin ölkələrin yeni yaranmağa başlayan bazarlarının dünya maliyyə bazarlarının tərkib hissəsinə çevrilməsinə səbəb oldu. Xarici investorlar isə neft-energetika və maliyyə sahəsində daha fəallıq göstərirlər. Bu isə onlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına səbəb olmaqla, digər tərəfdən “asılı kapitalizm” adlanan hadisənin baş verməsi ehtimalını artırır.

Qloballaşma prosesləri dərinləşdikcə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlər “Vaşinqton konsensusu” adlanan sənəddə cəmləşmiş olan tövsiyələr ( BVF, Dünya bankı və digər beynəlxalq təşkilatların ) əsasında formalaşmağa başlamışdır. Həmin sənəddə adı çəkilən ölkələrə tövsiyə edilir ki, onlar bank, xarici ticarət, xarici investisiyalar haqqında qanunvericiliyi daha da liberallaşdırsınlar, vergiləri və büdcə xərclərini ixtisar etsinlər, geniş miqyaslı özəlləşdirmə tədbirlərini həyata keçirsinlər, inflyasiyanın qarşısını qətiy­yətlə alsınlar və maliyyə vəziyyətlərini sabitləşdirsinlər, xarici borcları restruk­si­zasiya etsinlər. Bu tövsiyələr C.Stinqlisin göstərdiyi kimi, standart xarakter daşıyır və heç də istənilən müsbət nəticə vermədi: “BVF-nin bazarların öz-özlü­yündə kənar müdaxilə olmadan səmərəli fəaliyyət göstərməsi kimi köhnəlmiş fikirlərə əsaslanan siyasi kursu, bazar iqtisadiyyatının düzgün istiqa­mətlən­­dirilməsinə və əhalinin maddi rifah halının yüksəldilməsinə səbəb ola biləcək arzu olunan dövlət müdaxiləsinə imkan yarada bilməmişdir. ” [97a . 9 . XII]

İnkişaf etməkdə olan ölkələrdə mövcud olan köklü problemlərin həlli üçün inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların liberal görüşlərə əsaslanan tövsiyələri ciddi tənqidə məruz qaldığı üçün “Vaşinqton konsensusunun” bir sira müddəaları yenidən nəzərdən keçirildi. Bu zaman heç liberal postulatların bir sıra radikal müddəalarından əslində imtina edildi və yeni islahat tədbirləri hazırlandı. Bu tövsiyələr (müəllifi C. Stinqlis) “postvaşinqton konsensusu” adını aldı. Bu zaman əvvəl verilmiş tövsiyələr (məsələn, inflyasiyanın boğulması, dövlət mülkiyyətinin irimiqyaslı özəlləşdirilməsi, ticarət və maliyyə bazarlarının liberal­laşdırılması, xarici borcların restruksizasiyası və liberal siyasətin digər “alətləri” vasitəsilə maliyyə sabitliyinin yaradılması) yenidən nəzərdən keçirildi. İnkişaf etməkdə olan ölkələrdə dövlət-bazar münasibətlərinə bu sənəddə yenidən baxılır. [153. 5. 19-21]

Sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçidin təkamül yolu ilə hərəkət etməsinə baxmayaraq, bu proses ölkə daxilində ciddi disproporsiya və konfliktlər yaradır. Bu, özünü bir çox maddi istehsal sahələrinin məhsullarına dünya bazarlarında tələbin azalması ilə əlaqədar olaraq struktur və peşəkar işsizliyin artması ilə büruzə verir. Sənayeləşmə sürətləndikcə əksər sənaye sahələrində, xüsusən xidmət bölməsində az ixtisaslı işçilərə tələbat da azalır. Cəmiy­yə­tin yük­sək bilik və təhsilə yiyələnmiş postsənaye hissəsi ilə az ixtisaslı hissəsi arasında ziddiyyət yaranır və getdikcə dərinləşir.

Beləliklə, qloballaşma istər dünya miqyasında, istərsə də ölkə daxilndə keyfiyyətcə yeni iqisadi və maliyyə mühitinin formalaşmasına yol açmışdır. Mü­təxəssislərin əksəriyyəti hesab edirlər ki, beynəlxalq iqtisadi münasibətlərin liberal­laş­ma­sı eyni tipli qanunlarla idarə olunan, vahid və yaxud yüksəkdönərli ödəmə va­si­tələrindən istifadə edilən vahid və yekcins qlobal bazar məkanının yaranma­sını sü­rətləndirir. İqtisadiyyatın dövlət tənzimlənməsi nəticəsində ölkələrarası mövcud maneələr getdikcə aradan qaldırılacaqdır. Bu isə rəqabətin qlobal xarak­ter olmasını təmin edəcək, dünya ehtiyatlarından daha səmərəli istifadə edilmə­sinə səbəb olacaqdır.

Qloballaşma proseslərinin həm ölkələr, həm də fəaliyyət sahələri baxı­mından qeyri bərabər nəticələri təsirli milli dövlət modelinin formalaş­dırılmasını və inkişaf etdirilməsini tələb edir. Bu baxımdan dövlətin 3 mühüm funksiyasının təkmilləşdirilməsini tələb edir:



  1. Dövlətin texnoloji infrastruktur və insan kapitalının formalaşdırılması sahəsindəki strateji funksiyası – belə ki, qloballaşma prosesində ölkələrin texnologiya və insan kapitalı sahəsində infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

  2. Dövlətin bazarları və rəqabət təmzimləyici funksiyası – dölətin bazarları, xüsusən bank sistemini və maliyyə strukturunu tənzimləyən funksiyasının əhəmiyyəti son dərəcədə artmışdır. Son dövrlərdə maliyyə sahəsində özünü göstərən dərin dünya böhranları (1998–2008) onu göstərdi ki, maliyyə sektorunda dövlətin tənzimləyici rolu zəif olan ölkələr həmin böhranlardan daha çox itki ilə çıxırlar.

3. Dövlətin bölgü sahəsindəki funksiyaları – qloballaşma prosesinin qeyri – bərabər gedişi istər ölkələr arasında, istərsə də ölkə daxilində gəlir bölgüsünün tənzimlənməsini tələb edir.

1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə