VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə2/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   51

QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHИTИN TRANSFORMASИYASI VƏ MИLLИ DÖVLƏTLƏRИN MƏNAFELƏRИ


    1. Qlobal maliyyə-iqtisadi mühitin əsas xarakteristikası və

inkişaf təmayülləri

Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi və regionlaşması XX əsrin son mərhələsinin fərqləndirici xüsusiy­yətlərindəndir.

Heydər ƏLIYEV
Yaşadığımız dünya son illər ciddi transformasiya proseslərinə səhnə olmuşdur. Bu transformasiyalar beynəlxalq münasibətlərdə, milli münasibətlərdə, ictimai qruplar arası münasibətlərdə, insanların gündəlik həyat tərzində ciddi nəticələr doğurur, yeni proseslər yaradır və bəzən də insanların dünyagörüşlərində də dəyişikliklərə yol açır. İstər iqtisadi, istərsə də siyasi və mədəni sahələrdə baş verən və çoxsaylı qeyri-müəyyənliklərlə müşaiyət edilən bu dəyişikliklər mahiyyətcə qloballaşma prosesləri kimi səciyyələnir. Bu mənada qloballaşma anlayışı yaşadığımız dünyada beynəlxalq iqtisadi, siyasi və mədəni münasibətlərin genişlənməsi, dərinləşməsi və sürətlənməsi ilə əlaqədar olan bütün təmayülləri və hadisələri əhatəli şəkildə əks etdirir. Bu proseslər və hadisələr dünyanı həm genişləndirir, həm də kiçildir. Bu genişlənmə - kiçilmə prosesi artıq çox sürətlidir və təsiri də sürətlə hiss edilir. Burada iki məsələyə diqqət vermək lazımdır:

  1. Rabitə və bilik texnologiyalarının təkanverici gücü ilə ictimai münasibətlər və hadisələr bir sahə kimi durmadan genişlənir, dünyanın hər hansı bir yerində baş verən hadisə digər guşələrində də hiss edilir.

  2. Bu hissedilmə yalnız məlumat almaq çərçivəsində qalmır, həm də “müsbət və mənfi ciddi təsirlər” yaradır, yeni proseslərə yol açır.

Beləliklə, qloballaşma beynəlxalq ictimai münasibətlərin zaman və məkan çərçivəsində genişlənmə, dərinləşmə, kiçilmə və sürətlənmə hadisələrinə meydan vermiş, özünün müsbət və mənfi təsirləri ilə həm aktyorlar, həm təsisatlar, həm də dünyagörüşü baxımından daim yeniliklər tələb edir.

İnformasiya texnologiyasında baş verən inqilab cəmiyyətin maddi əsasını köklü sürətdə yenidən quraraq, bəşəriyyətin sosial mənzərəsini keyfiyyətcə yeni səviyyəyə yüksəltdi.

Hələ 1960-cı ildə Amerikan iqtisadçısı Uolt Rostou cəmiyyətin iqtisadi inki­şaf mər­hələlərini aşağıdakı kimi müəyyən etmişdi:

1) ənənəvi cəmiyyət;

2) yük­səliş üçün şəraitin yaradılması;

3) yüksəliş (sıçrayış);

4) kamilliyə doğru irəliləyişi;

5) yük­sək kütləvi istehlak əsri.

Fransız sosioloqu Raymon Aron bəşəriyyətin getdikcə ye­ni vahid sənaye cəmiyyətinə çevrildiyini əsaslandırmışdır. Vahid səna­ye cə­miy­yə­tinin digər müəl­lifi fransız alimi Ellull hesab edirdi ki, bu yeni cəmiyyət iq­tisadi qa­nunları yalnız modi­fi­kasiya etmir, həmçinin onların mahiyyətini də­yiş­di­rir: mül­kiy­yətin aparıcı rolu ara­dan qal­dırılır, iqtisadi hakimiyyət iri korporasiyaların əlinə ke­çir, dövlətin köməyi ilə varlılıq və dilənçilik qütbləri ləğv edilir. Yeni sənaye cə­miy­yət nəzəriyyəsi ame­rikan iqti­sadçısı Con Qelpreyt tərəfindən hələ 1967-ci il­də əsas­landırılmışdır. Onun fikrinə görə, müasir dünyanın iqtisadi sistemi iki müx­təlif tə­biətli bölmənin vəhdətidir: "planlaşdırılan sistem" və "bazar sistemi". Birinci böl­mə­yə o yalnız qiymətlər, tex­nologiya və s. üzərində deyil, eyni zamanda dövlət və cə­miyyət üzə­rində nəzarəti həyata keçirən nəhəng korporasiyalar dünyasını, ikinci bölməyə isə ki­çik biznesi aid edirdi. O, belə bir nəticəyə gəlmişdir ki, azad rə­qa­bətə nis­bə­tən oli­qopoliyaların hökmranlıq etdiyi bazarlarda tənzim­lə­mə və plan­laş­dır­ma aparmaq daha asandır. İqtisadiyyatın iki sistemə bö­lün­mə­si­nin əsasın­da, onun fik­rinə görə, istehsalın təşkilati-texniki amilləri dayanır. O, qeyd edirdi: «Bir şəx­sin tam nə­zarəti altında olan müəssisə və təşkil olunmadan möv­cud­­­lu­ğu müm­kün ol­an müəssisə arasında dərin konseptual fərq vardır». Bu fərq mil­yonlarla kiçik müəssi­sələri planlı sistemə daxil olmayan minlərlə nəhəngdən ayıran divardır. [258, s. 93]

Cəmiyyətin inkişafında keyfiyyətcə yeni mərhələni amerikan sosioloqu D.Bell postsənaye cəmiyyəti adlandırmışdır. Onun fikrinə görə postsənaye cə­miyyəti aşağıdakı beş əsas əlamətlə xarakterizə edilir:

1) iqtisadiyyatın əmtəə is­tehsalından xidmət istehsalına keçməsi;

2) məşğul olan əhali arasında peşəkar mütəxəssislər və texniklərin üstünlük təşkil etməsi;

3) nəzəri biliklərin aparıcı rol oynaması;

4) texniki-iqtisadi mühitin texnologiya üzərində nəzarətə istiqa­mət­lən­məsi;

5) elmin kamillik mərhələsinə çatması;

6)qərar qəbul etmə prosesinin yeni "intellektual texnologiya" ilə təmin edilməsi. "Sənayeləşmə" böhranından çıxışı o, "postsənaye təmayüllərinin" inkişafında görür.

Amerikalı sosioloq A. Toffler "Üçüncü dalğa" adlı kitabında (1980) post­sə­na­ye cəmiyyətini super sənayeləşmə nəzəriyyəsi ilə əsaslandırır. O nəzəri cəhət­dən əsaslandırmışdır ki, tarixi inkişaf prosesində ardıcıl olaraq özünü göstərən "dəyişik dalğaları" son nəticədə "yeni sivilizasiyanın" yaranması ilə nəticələnir. Onun fikrinə görə, on min il əvvəl "sivilizasiyanın aqrar dalğası" baş vermişdir. XVII əsrin so­nun­dan isə Avropada sənaye inqilabı qələbə çalmış və "pla­net miq­yaslı dəyişikliklərə" yol açaraq industrial sivilizasiya cəmiyyətinin bərqərar olması ilə nəticələnmişdir. XX əsrin 60-cı illərindən sonra "üçüncü dalğa" yaxınlaşmağa başlamışdır.

Müasir ictimai fikirdə özünəməxsus yer tutan "Vahid sivilizasiya" nəzəriy­yə­sinin yaradıcıları hesab edirlər ki, dünyanın bütün dövlətləri vahid siyasi, sosial və iqtisadi quruluşa - liberal demokratiyaya doğru irəliləyirlər. Onların fikrinə görə, belə bir quruluşa artıq Qərbdə nail olunmuşdur. Dünyanın bütün digər dövlətləri də liberallaşma yolu ilə gedərək belə bir quruluşa nail olduqda, dünya vahid cəmiyyətə çevriləcəkdir.

Tarixin inkişaf mərhələlərinin nəzərdən keçirilməsi bəşəriyyətin gələcək təka­mül proseslərinin müəyyən istiqamətləri haqqında da fikir yürütməyə imkan verir.

Cəmiyyətin inkişafının təhlili göstərir ki, XX əsrin ortalarında inkişaf etmiş ölkələrdə formalaşmağa başlamış olan postsənaye cəmiyyəti XXI əsrin əsas aparıcı təmayülünü təşkil edərək, getdikcə daha geniş əhatə dairəsinə malik olur. Sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçmə təmayülü bütün dünya dövlətlərinin də artıq irəliyə doğru hərəkətinin əsas istiqamətini təşkil edir.

Mürəkkəb və ziddiyyətli qloballaşma (ingiliscə - qlobal - ümümdünya) pro­ses­lərinin dərinləşməsi bəşəriyyətin ictimai və iqtisadi inkişafında yeni mərhələ ya­rat­mış və meqacəmiyyət adlanan ümumbəşəri cəmiyyətin formalaşmasına yol açmışdır.

Sosialist sistemi adlanan süni iqtisadi sistem süqut etdikdən sonra, demək olar ki, vahid qaydalarla inkişaf edən qlobal postbazar iqtisadiyyatı sistemi yarandı.

Qloballaşma haqqında son dövrlərdə söylənən fikir və mülahizələri şərti olaraq iki qrupa bölmək olar: birinci qrup fikirlərin müəllifləri mürəkkəb və zid­diy­yətli qloballaşma prosesinin, hər şeydən əvvəl iqtisadi sahədə mahiyyətini ob­yektiv şəkildə açmağa çalışır, müasir dünyada real olaraq baş verən və insan cəmiyyətinin maddi həyatını kökündən dəyişdirən hadisələri şərh etməyə çalışırlar. Onlar belə bir mürəkkəb şəraitdə milli dövlətləri qloballaşma prosesinə necə uyğunlaşmaq haqqında düşünməyə çağırırlar. İkinci qrup müəlliflər isə dünyada yaranmış yeni "hökmranlıq ideologiyası" mövqeyindən çıxış edirlər və milli dövlətlərə bu baxımdan hərəkət tərzi üçün müqavimət göstərməyə çağırırlar. [259, s. 3; 186;187]

Qloballaşma iqtisadi baxımdan çox vaxt "qlobal postbazar iqtisadiyyatı" və yaxud idarə olunan "ümumdünya bazarı" [271, s. 9] kimi xarakterizə edilir. Tamamilə aydındır ki, "bazar" və "bazar iqtisadiyyatı" kapital yığımı və təbəqələşmə anla­yış­ları ilə vəhdət təşkil edirlər.

Proseslərin mahiyyətini düzgün dərk etmək üçün «qlobal iqtisadiyyatı» «dünya iqtisadiyyatından» fərqləndirmək lazımdır. F. Brodel və U. Uollerşteyn «dünya iqtisadiyyatı» dedikdə dünya miqyasında kapital yığımını başa düşürlər. Bu proses isə Qərbdə XVİ əsrdən başlanmışdır. Manuel Kastels hesab edir ki, qlobal iqtisadiyyat - bütün planet miqyasında real zamanda vahid sistem kimi iş­ləməyə qadir olan iqtisadiyyatdır. Kapitalist istehsal üsulu zaman və məkanın sərhədlərini aşmağa çalışaraq, durmadan inkişaf etmişdir. Dünya iqtisadiyyatı an­caq XX əsrin sonunda informasiya və kommunikasiya texnologiyasına əsaslanan yeni infrastruktur əsasında əsl qlobal iqtisadiyyata çevrildi.

Qloballaşma iqtisadi sistemin bütün əsas proses və ünsürlərində özünü göstərir. Tarixdə ilk dəfə olaraq kapitalın idarə olunması real vaxt rejimində qlo­bal maliyyə bazarlarında fasiləsiz olaraq həyata keçirilir [187, s. 105]. Yeni texnologiya kapi­ta­lı qısa müddət ərzində bir iqtisadiyyatdan digər iqtisadiyyata keçirməyə imkan ve­rir. İnvestisiya və valyuta kimi müxtəlif ölkələrin iqtisadiyyatı da qarşılıqlı əla­qə­lər və qarşılıqlı asılı və qlobaldır. Başqa sözlə, qloballaşma dünya təsərrüfatının vahid əmtəə, xidmət, kapital, işçi qüvvəsi və biliklər bazarına çevrilməsi de­mək­dir. Bu, bey­nəl­miləlləşmənin yeni və yüksək mərhələsidir. Dünya TMŞ-lər üçün vahid bazara çevrilir, bütün ölkələr onların fəaliyyəti üçün açıqdırlar. Onları iq­ti­sa­di ədəbiyyatda bəzən sərhədsiz dövlət adlandırırlar. TMŞ-lərin müasir dövrdə əsas məqsədi mənfəətin maksimallaşdırılmasından çox, bazarın maksimallaşdı­rıl­­masıdır. Çünki onların əsas məqsədi mənfəəti maksimum dərəcədə ar­tırmaq ol­sa, rəqabət mübarizəsində başqa şirkətlərə uduzarlar. Qlobal­laş­ma beynəlxalq rə­qabəti daxili bazarlara da keçirir. Ona görə də bazar iqti­sa­diy­yatının əsas pos­tu­latı olan rəqabət mexanizmi özünün qanunlarına uyğun olaraq bütün dünya miqyasında işləyir. Texnoloji inqilab is­tehsal amillərindən daha səmərəli istifadə edən şirkətlərə texnoloji üstünlük əl­də etməklə mənfəətlərini optimallaşdırmaq imkanı verir. İnformasiya cəmiyyətində yüksək naliyyətlərlə yanaşı, sosial gərginlik və sosial ziddiyyətlər də artır.

Mütəxəssislərin əksəriyyəti hesab edirlər ki, qloballaşma prosesinin əsa­sın­da son onilliklərdə iqtisadiyyatın və bütün bəşəriyyətin texniki-texnoloji, nəqliyyat-kom­mu­nikasiya və informasiya bazasında dərin inqilabi dəyişikliklər da­ya­nır. Məhz həmin sahələrdə son yüzillikdə baş verən sıçrayışlar dünya iqtisadi məkanının müxtəlif hissələrinin bir-biri ilə üzvi şəkildə birləşməsinə yol açdı. Bu pro­ses tə­sərrüfat həyatının çoxəsirlik beynəlmiləlləşmə təmayülünün məntiqi nəticə­si­dir. Bu­ra­da kapitalın hökmranlığı daha çox texnologiya və rəqabət üstünlüyünə əsaslanır.

İqtisadi qloballaşma – milli təsərrüfatların vahid dünya iqtisadiyyatına çevrilməsi prosesidir. Əvvəllər dünya iqtisadiyyatı yer kürəsində mövcud olan və ticarət və digər əlaqələrlə bir-birinə bağlı olan, müəyyən dərəcədə qapalı iqtisadiyyatların məcmuundan ibarət idi. İndi isə o, dövlətlər və müxtəlif ölkələrə məxsus transmilli təsərrüfat subyektləri arasında dövlətin iştirakı olmadan baş verən mürəkkəb qarşılıqlı münasibətlər toplusudur.

Iqtisadi qloballaşma işçi qüvvəsi, kapital, texnologiya, əmtəə bazarlarının beynəlxalq mahiyyət alması və ölkə bazarlarının bir-birinə açılması prosesini əks etdirir.

Dünya Bankının verdiyi tərifə görə, qloballaşma fərdlərin və firmaların digər ölkə rezidentləri ilə könüllü iqtisadi əlaqələr aparmaq imkanı və azadlıqlarıdır.

Qlobal maliyyə-iqtisadi mühit qlobal və regional iqtisadi məkanda mal və xidmətlərin, kapital və maliyyənin, işçi qüvvəsinin hərəkətini təmin edən şəraiti və bu sahədə mövcud olan qaydaları özündə ehtiva etdirir.

Qloballaşma dövründə beynəlxalq iqtisadi əlaqələrin aparıcı həlqələrindən biri olan maliyyə və valyuta münasibətləri ölkələrin təsərrüfat həyatının yaxınlaşmasında mühüm rol oynayır. Məlum olduğu kimi, ümumdünya maliyyə-valyuta sistemi əmtəə istehsalının inkişafı, pul dövriyyəsi və beynəlxalq iqitsadi münasibətlərin bazası əsasında tədiyə dövriyyəsinin iştirakçıları arasında formalaşmış hesablaşma qaydalarıdır. Bu qaydalar hökumətlərarası sazişlər və beynəlxalq təşkilatların nizamnamələri ilə reqlamentləşdirilir. Nisbi müstəqilliyə malik olan valyuta münasibətləri tədiyə balansı, valyuta məzənnəsi, kredit və hesablaşma əməliyyatları vasitəsilə ictimai təkrar istehsalın gedişinə, ölkələrin iqtisadi inkişaf sürətinə, proporsiyalarına və istiqamətinə ciddi təsir göstərir.

Qlobal maliyyə-iqtisadi mühiti onunla səciyyələnir ki, ayrı–ayrı ölkələrin təsərrüfat subyektləri yalnız ölkə daxilində deyil, həm də xarici bazarlarda əvvəllər görünməmiş dərəcədə sərbəstlik əldə etmişlər. Əgər onlar əvvəllər sərhədləri epizodik hallarda keçirdilərsə, indi belə hallar daimi xarakter almışdır. Digər tərəfdən, milli dövlətlər qeyri rezidetlərə imkan vermişdir ki, onlar qarşılıqlılıq prinsipi əsasında həmin ölkədə maneəsiz olaraq ticarət və bizneslə məşğul olsunlar. Hətta onlara milli sahibkarların malik olduqları hüquqları da verirlər.

Bazarlar sürətlə qloballaşır. Bazarların qloballaşması dedikdə, əmtəə, xidmət və mobil mahiyyətə malik olan istehsal amillərinin sərbəst beynəlxalq hərəkəti başa düşülür. Bu hərəkət dünya miqyasında rəqabət mühitində formalaşan qiymətlər əsasında gerçəkləşir. Məsələn, müasir neft və ərzaq, o cümlədən, taxıl bazarı daha çox qlobal mahiyyət daşıyır. Bazarların qloballaşmasını bazar iqtisadiyyatının yüksək mərhələsi hesab etmək olar.

Son onilliklərin əsas xarakterik xüsusiyyətlərindən biri maliyyə bazarlarının qloballaşmasıdır. Maliyyə bazarlarının qloballaşmasının zəruri şərti kapitalın əsas formalarının liberallaşdırılması, onun texniki vasitəsi isə pul vəsaitlərinin bir anda dünyanın istənilən nöqtəsinə köçürülməsini təmin edən qlobal telekommunikasiya sistemidir. Maliyyə bazarları isə, məlum olduğu kimi, valyuta, kredit və qiymətli kağızlar bazarlarından ibarətdir. Maliyyə bazarları möhtəkirlik əməliyyatlarına, yəni aktivlərə sahib olmaq üçün deyil, onların yüksək qiymətli satışından yüksək mənfəət əldə etmək üçün alqı-satqı əqdlərinə geniş imkanlar yaradır. Məhz möhtəkirlik əməliyyatları qlobal maliyyə bazarlarına qeyri-sabitlik mahiyyəti verir.

Qlobal maliyyə-iqtisadi mühiti dünya iqtisadiyyatı üçün yeni və yüksək səviyyəli risqlər yaratmışdır. XX əsrin ikinci yarısı dünyada yüksək iqtisadi inkişafı və dərin elmi-texniki tərəqqi ilə xarakterizə edilir. Bazar iqtisadiyyatına xas olan inkişafda tsiklik xarakteri nisbətən zəif təzahür edirdi.

İqtisadi böhranlar, əsas etibarı ilə qısamüddətli xarakter daşıyır, bir ölkədə ciddi, digərlərində isə nisbətən az özünü göstərir və hətta bəzilərində heç özünü göstərmir. Beynəlxalq iqtisadi münasibətlərin intensiv inkişafı dünyada tsiklin yaranmasına və iqtisadi böhranların inkişafına mane olurdu.

Lakin 90-cı illərdə qloballaşmanın sürətlə inkişaf etdiyi bir şəraitdə maliyyə böhranları dünya iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrildi. Belə böhranlar Şərqi və Cənubi-Şərqi Asiya, Latın Amerikası ölkələrində və Rusiyada özünü göstərdi. Fond bazarlarının çökməsi, bankların və firmaların kütləvi şəkildə iflası, valyutaların devalvasiyası, inflyasiyanın güclənməsində ifadə olunan həmin böhranlar həm daxili, həm də xarici amillərin nəticəsi idilər. Ancaq onların miqyası və formaları onu göstərirdi ki, həmin böhranların meydana gəlməsində və inkişafında beynəlxalq borclar, kapital və maliyyənin beynəlxalq hərəkətinin nəhəngliyi, ticarət və maliyyə axınlarının liberallaşdırılması ciddi rol oynayır.

Beynəlxalq əmək bölgüsünün obyektiv olaraq dərinləşməsi prosesi milli iqtisadiyyatların bir-birinə açılmasını tələb edir. Bunun nəticəsində, dövlətlər həm milli təsərrüfat subyektlərinin xaricdə, həm də qeyri-rezidetlərin ölkə daxilində ticarət–iqtisadi əlaqələri üzərində özünün inhisarçı nəzarətindən məhrum olmuşlar. Sahibkarların xarici bazarlarda uğurlu fəaliyyətinin əsas şərti onların yüksək rəqabət qabiliyyətinə malik olmasıdır. Ona görə də belə açıqlıq dərəcəsindən ilk növbədə TMŞ-lər istifadə edirlər. Beynəlxalq maliyyə kapitalının həmin çoxistiqamətli şirkətləri milli “oyunçulara” nisbətən rəqabət mübarizəsində adətən həmişə qalib çıxırlar. Qloballaşmanın özünü daha çox göstərdiyi maliyyə sahəsində onların qalib vəziyyəti daha aydın şəkildə görünür. Belə ki, dünya maliyyə bazarlarında və fond birjalarında pul kapitalının və qiymətli kağızların təmərküzləşməsi nəticəsində nəhəng miqdarda fiktiv kapital toplanmışdır. Müəyyən hallarda belə təmayüllər olduqca təhlükəlidir. Qiymətli kağızlarla aparılan möhtəkirlik, onların real maddi dəyərlərdən ayrı mövcud olması, şirkətlərin və sahibkarların real vəziyyətinə təsir göstərməyən səhm alqı - satqıları menecerlərə imkan verir ki, onlar öz şirkətlərində mövcud olan əsl vəziyyəti ört-basdır etsinlər. [327, 2008, №1, s. 240]

Rabitə texnologiyasında özünü göstərən sıçrayışlar maliyyə sahəsində qloballaşmanı olduqca sürətləndirmişdir. Bu sahədəki qloballaşmanı birbaşa investisiyalar daha da dərinləşdirir. İqtisadi inteqrasiyanın dərinləşməsi nəticəsində xarici ticarətdə ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verməsinə baxmayaraq bu sahə maliyyə və birbaşa qoyuluşlardan geri qalır. Əməyin beynəlxalq hərəkəti isə qloballaşma prosesinin ən məhdud sahəsidir:

Maliyyə-iqtisadi mühitdə aşağıdakı ümumbəşəri təmayüllər özünü göstərir.


  1. Özəl biznes dövlətlərarası sərhədləri asanlıqla dəf etməyə başlamışdır. Düzdür, hələlik buna əsas etibarilə transmilli şirkətlər və beynəlxalq banklar nail ola bilirlər.

  2. Dövlətlər xarici mal, xidmət, kapital və işçi qüvvəsi qarşısında əvvəllər qoyduqları gömrük və digər maneələri tədricən azaldır və hətta tamamilə aradan qaldırırlar.

  3. Xarici ticarətin liberallaşdırılmasını və onlara ÜTT çərçivəsində riayət olunmasını təmin edən ümumdünya qaydaları meydana gəlmişdir.

  4. Valyuta - maliyyə böhranlarının qarşısının alınması üçün BVF xətti ilə ümumdünya maliyyə tənzimləmələrinə cəhd edilir.

  5. Birbaşa xarici investisiyalar yolu ilə və bir sıra nəhəng fond birjaları və qiymətli kağızlarla birjadankənar ticarət vasitəsilə istehsalat və bank kapitalının sərbəst miqrasiyası prosesi başlamışdır.

  6. Sərnişin və yük daşınmasında aviasiya və digər nəqliyyat növlərində sürət amilinin rolu artmış və nəqliyyat xidmətində ümumdünya şəbəkəsi yaranmağa başlamışdır.

  7. Sözün əsl mənasında, qlobal rabitə sistemi kimi internet şəbəkəsi yaranmışdır. Bu xarici ticarət, maliyyə və digər sahələrdə əqdlərin bağlanmasını və yerinə yetirilməsini sürətləndirir və xeyli asanlaşdırır.


1. 2. Qloballaşma şəraitində yeni maddi mühitin və informasiya məkanının transformasiyası
Tarixi inkişafın gedişi prosesində insan özü üçün istehsal alət və vəsaitləri daxil olmaqla cəmiyyət həyatının maddi əsasını təşkil edən maddi mühit yaratmış və onu inkişaf etdirir. XX əsrin ikinci yarısında elmi-texniki və texnoloji inqilabların sürətlənməsi nəticəsində cəmiyyətin maddi həyatında yeni keyfiyyət dəyişiklikləri baş verdi. Elm bilavasitə məhsuldar qüvvəyə çevrildi, ön plana isə informasiya texnologiyaları çıxdı. Həyatın, demək olar ki, bütün sahələrində sıçrayış baş verdi. Abad mənzillərlə zəngin olan nəhəng şəhərlər intensiv olaraq artır. Standart məişət texnikasının (soyuducular, kondisionerlər, tozsoran, paltar və qabyuyan maşınlar, mikrodalğalı sobalar) kütləvi istehsalı təmin edilmişdir. İnformasiya texnikası məişətə (televizorlar, kompyuterlər, sürətçıxaran aparatlar, printerlər, videomaqnitofonlar) geniş miqyasda daxil olmuşdur. Yeni rabitə vasitələri (faks, mobil telefon, elektron poçtu) sürətlə inkişaf edir. Nəqliyyat köklü sürətdə dəyişmişdir: bir sutkadan da az müddət ərzində sərnişin laynerləri insanları yer kürəsinin istənilən nöqtəsinə çatdırır. Nüvə texnologiyası geniş miqyasda tətbiq edilir. Süni peyklər vasitəsilə əldə edilən məlumatlar gündəlik həyatda istifadə edilir. Günümüzün bir çox reallıqları yaxın keçmişdə fantaziya kimi görünürdü.

ETT nəticəsində postsənaye və ya informasiya cəmiyyəti adlanan yeni cəmiyyət yaranmışdır.

XX əsrin sonunda "sosializm lagerinin" sü­qutundan sonra - bazar iqti­sa­diyyatı, siyasi demokratiya, ideya plüralizmi, "açıq cəmiyyət" və "açıq iqtisadi inkişaf" modeli ümumbəşəri xarakter alaraq cəmiy­yə­tin irəliyə doğru hərəkətinin aparıcı istiqamətinə çevrildi.

Qloballaşmanın əsasında istehsal sferasında baş verən dəyişikliklərdir. Mürəkkəb texnologiyanın tətbiqi, ixtisaslaşma və əməyin kooperasiyası sahəsində getdikcə özünü daha çox göstərən dəyişikliklər xüsusi əhəmiyyətə malikdir. İstehsal prosesində baş verən tərəqqi nəqliyyat, rabitə, ticarət və təhsil sahəsində tərəqqi ilə müşaiyət olunur.

Elektron texnologiyaya əsaslanan müasir telekommunikasiya sistemində tətbiq edilən informasiya texnologiyası tamamilə yeni hadisədir.

Maddi sahədə baş verən həmin dəyişikliklər isə insanların həyatında, tələbatında, davranışında və psixologiyasında yeni təmayüllərlə müşaiyət olunur.

Ölkə daxilində iqtisadi hökmranlığı ələ keçirən kapital hələ orta əsrlərdən dünya miqyasında hökmranlıq etməyə can atmağa başlamışdır. Bu prosesin baş­lanğıcı Avro - Atlantik ölkələrin ticarət kapitalının hökmranlığını təmin edən merkantilizm dövrünə təsadüf edir. Sənaye inqilabı baş verənə qədər aparıcı Qərb dövlətlərinin rəsmi siyasətinin əsasını təşkil edən merkantilizm ideyalarının son nəti­cə­si dünyanın zəngin xammal mənbələrini Qərbin ticarət kapitalının yığım mən­ti­qinə tabe etməkdən ibarət olmuşdur. Sürətlə zənginləşən avropalı tacirlər öz dövlətlərinin bi­lavasitə hərbi dəstəyi ilə yeni-yeni bazarlara və kapital mənbələrinə can atır­dı­lar. Qızıla, yeni-yeni torpaqlara və xarici mallara olan hərislik yeni ticarət yolla­rı­nın açılmasına, müstəmləkəçilik sisteminin yaranmasına və o dövrün dünya bazarının hüdudlarının yeni regionlar hesabına genişlənməsinə səbəb oldu.

Sənaye inqilabının qələbəsi, azad rəqabət və bazar mexanizminin tam şə­kildə işləməyə başlaması və fabrik-zavod istehsalının kütləviləşməsi dünya ba­za­rına qoşulan yeni regionlarla təsərrüfat əlaqələrini daha da genişləndirdi. XIX əsrin sonlarında dünya bazarı formalaşdı. Tədricən malların hərəkəti ilə yanaşı istehsal amillərinin (kapital, işçi qüvvəsi sahibkarlıq qabiliyyəti, texnologiya) də beynəlxalq hərəkəti sürətlənərək, dünya təsərrüfatı sistemini formalaşdırdı. La­kin Asiya (Yaponiyadan başqa), Afrika və Latın Amerikası ölkələri sənaye inqilabından kənarda qalaraq, beynəlxalq əmək bölgüsü sistemində kənd təsərrüfatı və dağ-mədən sənayesinin məhsulları ilə iştirak etməli oldular.

Yuxarıda göstərildiyi kimi, dünya təsərrüfatı sisteminin inkişafında yeni mərhələ XX əsrin 80-90-cı illərində başlamışdır.

İnkişaf etmiş və yaxud zəngin Şimal ölkələri üçün bu dövr postsənayeləş­mə erasına keçid, bir çox geri qalmış ölkələr üçün (Yeni sənaye ölkələri və Çin) iqtisadi geriliyin aradan qaldırılması və postsosialist ölkələri üçün bazar iqtisadiy­yatına dönüş, bütün dövlətlər üçün isə - daxili və xarici həyatın liberallaşması və onun qloballaşması dövrü kimi xarakterizə edilir.

Tamamilə təbiidir ki, yeni yaranan iqtisadi və maliyyə mühitində istehsal amillərinin tərkib hissələrinin beynəlxalq miqyasda hərəkəti eyni şəkildə cərəyan etmir və bir-birindən fərqlənir. Məsələn, dünya bazarında kapitalın çevikliyi ilə işçi qüvvəsinin çevikli eyni deyildir. Belə ki, ümumi ekvivalentdə - pulda təzahür edən kapitalın hərəkəti dövlətlər arasında əslində maneəsiz baş verir. Onun hərəkətinin yeganə meyarı-yüksək mənfəət əldə etməkdir. Lakin işçi qüvvəsinin hərəkətverici meyarları mürəkkəb və müxtəlifdir. Yüksək əmək haqqı bu me­yar­lar­dan yalnız biridir. Onun əsas meyarı isə əlverişli təbii, sosial və mənəvi mü­hi­tin olmasıdır. Ona görə də hətta milli təsərrüfatlar daxilində də işçi qüvvəsi bazarı­nın çevikliyi, digər bazarlara nisbətən zəifdir. Beynəlxalq miqyasda isə dil, mə­də­ni və s. maneələr də mövcuddur. Ona görə də məhdud da olsa əmək bazarı da qlobal mahiyyət daşıyır: 1)firmalar dünyanın istədikləri yerin­də yerləşə­rək əmək ehtiyatlarından manesiz istifadə edə bilərlər; 2) firmalar hər yerdən is­tədikləri mütəxəssisləri cəlb edə bilirlər; 3) insanlar dünyanın istənildən nöqtə­sin­dən müxtəlif səbəblərlə (müharibə və s. ) öz ölkəsini tərk edərək, öz təşəbbüs­ləri ilə istənilən əmək bazarlarına müraciət edə bilərlər) [187, s. 105-106].

Elm, texnologiya və informasiyanın beynəlxalq miqyasda hərəkəti sərbəst­dir və qlobal mahiyyət daşıyır. Texnoloji informasiya üzərində mülkiyyət hüququ rəqabət üstünlüyünü yaradır. Texnologiya və bilik mübadiləsi qlobal iqtisadiy­ya­tın hərəkətverici qüvvəsinə çevrilmişdir. Dünya dillərinin leksikonuna daxil olan «ye­ni iqtisadiyyat» termini məhz bununla əlaqədardır.

Postsənaye cəmiyyətində yüksək mənfəəti ən yeni texnologiyaya malik olanlar əldə edirlər. Bunun üçün elmi tədqiqatları intensivləşdirmək, onların nəticələrinin tətbiqini sürətləndirmək, təhsilin səviyyəsini yüksəltmək, informasiya sisteminin geniş şəbəkəsini yaratmaq, sosial təminatın etibarlı müdafiəsini təmin etmək lazımdır. Yeni şəraitdə cəmiyyətin fiziki deyil, intellektual potensialı ön plana çıxır. Kadrların professionallığı və bilik səviyyəsi, yeni texnologiya ilə əlaqədar sahələrə maraq yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Klassik kapitalizm işçi qüvvəsinin ölkə daxili hərəkində, xammal əldə etmək üçün müstəmləkələrin zəbt olunmasında maraqlı idi. Yeni şəraitdə insanların və ideyaların ölkələrarası hərəkəti ön plana çıxır. Bu zaman elmi ideyalar və yüksək ixtisaslı mütəxəssislər geniş miqyasda, yalnız həyat səviyyəsi kifayət qədər yüksək olan qabaqcıl sənaye ölkələrində istifadə edilir. Ona görə intellekt idxalı sərfəli gəlir mənbəyinə çevrilmişdir. İEOÖ-ə ağır zərbə vuran “beyin axını” geniş yayılmışdır.

Postsənaye cəmiyyəti təşkilatçılıq və idarəçilik sahələrində ciddi dəyişiklik­lər ilə xarakterizə edilir. Texnoloji üstünlük üçün yüksək təşkilatçılıq, işdə dəqiqlik, çeviklik tələb olunur. İstehsal prosesinin yenidən qurulması imkanı vaxt itirilmədən nəzərdən keçirilməlidir. Əsas məsələlərdən biri- istehsal prosesində idarəçiliyin texniki-təşkilat və sosial aspektlərini öyrənən elm sahələrinin inki­şafıdır. Elektron birjalar və elektron ticarət sisteminin təşkili kapitalın dövriyyəsi və dövranını xeyli sürətləndirmişdir. [186, s. 53]

Müasir iqtisadiyyat həddən artıq mürəkkəbləşmişdir. Onu canlı orqanizmin inkişafı ilə müqayisə etmək olar. Müəssisələrarası əlaqələrin, onların bir-birindən asılılığının artdığı bir şəraitdə inkişaf imkanlarından birini daim seçmək tələb olunur. Bu seçim isə həlledici olur. Kəskin iqtisadi dəyişikliklər neqativ nəticələr yaradır, tərəqqi yalnız tədrici dəyişikliklərlə mümkündür.

Yeni maddi mühitdə izafi mənfəət istehsal xərclərini əhəmiyyətli dərəcədə aşağı salan az qrup müəssisələrdə əldə edilir. Həmin müəssisələrdə məhsul isteh­­salına sərf edilən vaxt ictimai zəruri (orta) vaxtdan azdır. Daha yüksək əmək məhsuldarlığı yeni texnologiya tətbiq edilməsi, bəzən isə istehsalın təşkilinin təkmilləşdirilməsi hesabına əldə edilir. Lakin elmi-texniki nailiyyət geniş yayıldıq­da, izafi mənfəət azalır. Ona görə qabaqcıl firmalar həmişə yeni texnologiya axtarışındadırlar.

Qloballaşma dövründə təsərrüfat vahidlərinin fəaliyyətində xarici mühitin rolu getdikcə artır. Xarici mühit dedikdə, müəssisələrin fəaliyyətinə təsir göstərən xarici şərait nəzərdə tutulur. [157, s. 12] Müəssisələr beynəlxalq bazarlara çıxdıqda menecerlər qlobal iqtisadi və maliyyə mühitinin tələblərini nəzərə almalıdırlar. Beynəlxalq rəqabət mühitinə uyğunlaşmaq zərurəti olduqca vacibdir. Məlum olduğu kimi hər bir sahədə müxtəlif rəqabət şəraiti hökm sürür. Çevik siyasət yeridən firmalar xarici mühitin verdiyi üstünlüklərdən məharətlə istifadə edirlər. Ölkə daxilində də bəzi firmalar xarici rəqiblərlə daha uğurlu rəqabət mübarizəsi apara bilirlər. Qlobal iqtisadi sistemin yaranması xarici bazarlar, yeni məhsullar haqqında informasiyanın tez yayılmasına imkan verir. Müəssisələr çevik şəkildə istehsalı xaricə köçürməyə və yaxud xaricdən ölkəyə gətirməyə şərait axtarır.

Himayəçilik meyllərinin müəyyən dərəcədə sərtləşməsinə baxmayaraq, əmtəə və xidmət bazarları getdikcə daha çox qloballaşır. Belə ki, 1986-1995-ci il­lərdə dünyada əmtəə dövriyyəsi ildə orta hesabla 6,5 % artaraq 1,9 dəfə ço­xal­mışdır. Xidmət ticarəti isə bu dövrdə daha sürətlə artmışdır [259, s.5]. 1995-2006-cı illərdə isə dünyada əmtəə dövriyyəsi daha 2,4 dəfə çoxalaraq 10010, 0 mlrd. dollardan 24273, 0 mlrd. dollara çatmışdır. [əlavə №1]

Qlobal iqtisadiyyat şəraitində xarici bazarlara çıxış yeni təsərrüfatçılıq siste­mi­nin aparıcı ünsürünə çevrilmişdir. Beynəlxalq iqtisadiyyat sahəsində tanınmış mü­təxəssis M. Porter haqlı olarq hesab edir ki, müasir dövrdə ticarət, o cüm­lə­dən mal ixracı qlobal strategiyanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir [222, s. 27].



1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə