VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə14/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

4. 4. Məqsədyönlü dövlət tənzimləmələri - İlham Əliyevin strayeji kursunun əsasıdır.
Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqti­sadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
Konseptual baxış. Azərbaycan müstəqillik əldə etdikdən və bazar iqtisa­diyyatının əsasları qoyulmağa başladıqdan sonra bütün postsovet ölkələrində, o cümlədən, Azərbaycanda dövlətin iqtisadi həyatda rolu məsələsinə münasibət kəskin sürətdə dəyişdi.

İctimai həyatda istehsal vasitələri üzərində dövlət mülkiyyətinin və dövlətin hegemon olduğu Sovet dövləti iflasa uğradıqdan sonra dövlətin iqtisadiyyatda tənzimləyici funksiyasının maksimum dərəcədə azaldılmasını ölkənin yeganə xilas yolu hesab edənlər, hakimiyyətin yüksək etalonlarında təmsil olundular. Bazar iqtisadiyyatı - liberallaşma - dövlətin tənzimləyici rolu kimi bir-biri ilə əlaqədar olan məfhumlar arasında nisbət sonuncunun əleyhinə kəskin sürətdə dəyişdi.

Bütün bu ölkələrdə dövlətin totalitar rolu haqqında (Baltikyanı respublikalarından başqa) bir ifratçılıq başqa ifratçılıqla əvəz olundu, yəni dövlətin iqtisadi funksiyası minimuma endirildi.

Hadisələrin sonrakı gedişi göstərdi ki, hər iki ifrat nöqteyi-nəzər olduqca ziyanlıdır. Çünki yaxşı məlumdur ki, bazar iqtisadiyyatı şəraitində dövlət mü­daxiləsi olmadan və ya bu müdaxilə minimuma endirildikdə iqtisadiyyat səmərəli şəkildə fəaliyyət göstərə bilməz, xaos yaranar və aradan qaldırılması çətin olan ziyanlı nəticələr törəyə bilər.

Dövlətin özünün müstəqil mövcud olması və daha da möhkəmlənməsi üçün də məqsədyönlü iqtisadi sistemin yaradılması vacib şərtdir. Dövlətin sistem yaradıcı fəaliyyəti iqtisadi infrastrukturun səmərəliliyi və həyata dözümlülüyünün həlledici amilidir.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və bazar iqtisadiyyatı bəzi­lərinin başa düşdükləri kimi bir-birinə zidd məfhumlar deyil, əksinə bir-birini tamamlayır. Reallıqlar göstərir ki, dövlət müdaxiləsindən azad, heç bir məh­dudiyyət qoyulmayan bazar iqtisadiyyatı yalnız nəzəriyyələrdə mövcud ola bilər və belə bir «xalis» model dünyanın heç bir yerində sınaqdan keçirilməmişdir. Çünki bazar müəyyən avtomatik tənzimləmə mexanizminə malik olsa da, çoxsaylı gözlənilməz və ciddi problemlər yaradır. Bunlar dövlət tərəfindən ağılla tən­zimlənməsə, ölkədə mövcud olan sosial tarazlıq və nizamın əsaslarını sarsıda bilər. Çünki bazar öz-özünə dayanıqlı iqtisadi infrastruktur sistemini yaradıb inkişaf etdirə bilməz.

Tarixi təkamül prosesi göstərir ki, inkişaf etmiş sənaye ölkələrinin bəşəri inkişafda aparıcı mövqe qazanmalarında dövlət həlledici rol oynamış və oyna­maqda davam edir. Bu ölkələrin, demək olar ki, hamısında XX əsr ərzində dövlətin həyata keçirdiyi genişmiqyaslı tənzimləmə tədbirləri və sosial proqramlarının başlıca məqsədi sərt qanunlara əsasən fəaliyyət göstərən bazar mexanizminin mənfi nəticələrinin aradan qaldırılması, ona sosial yönümlülük verilməsi, potensial sosial konfliktlərin azaldılması, bəzi inhisarçı qruplaşmaların dağıdıcı fəaliyyətinin qarşısının alınmasıdır.

90-cı illərin birinci yarısında Azərbaycanda özünü göstərən sosial-iqtisadi fəlakətlərin başlıca səbəblərindən biri yeni və səmərəli dövlət mexanizmi yaradıl­madan köhnələrinin ləğv edilməsi və dövlət maşınının zəifləməsi, keçmişdə ictimai həyatda aparıcı mövqe tutan dövlət müəssisələrinin iflic vəziyyətinə düşməsi, iqtisadi fəaliyyətin normativ-hüquqi bazasının olmaması, hakimiyyət mexanizmi­nin zəifliyi təşkil etmişdir. Dövlətin zəifliyi isə iqtisadiyyatın kriminallaşmasına aparan yoldur.

Biz qloballaşan bir dünyada yaşayırıq. Getdikcə dərinləşməkdə olan və bütün dünya dövlətlərini öz təbii axarına cəlb edən genişmiqyaslı qloballaşma prosesləri onun, istər ümumdünya miqyasda, istərsə də milli səviyyədə idarə olun­masını tələb edir. Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə yeni tələblər qoyur. Zaman tələb edir ki, onlar adət etdiyimiz makro və mikroiqtisadi tənzim­ləmələrlə yanaşı - beynəlxalq əmtəə, xidmət, kapital və işçi qüvvəsi axınlarına müdaxilə etmək, proqnozlaşdırmaq və iqtiqamətləndirmək kimi çox mühüm funksiyaları da yerinə yetirsinlər. Ənənəvi dövlətlər qloballaşma şəraitində iki cəbhəyə qarşı mübarizə aparmağa məcburdurlar: 1) Ölkənin daxili problemlərinə qarşı; 2) Nəzarətdən çıxma təhlükəsi doğuran transmilli qüvvələrə qarşı.

Müasir iqtisadiyyatda dövlətin tənzimləyici rolu olduqca artmışdır. Tənzimləmə tədbirləri bazarın mənfi nəticələrinin aradan qaldırılması, ətraf mühitin qorunması, maliyyə sektoru və inhisarların fəaliyyətini əhatə edir. Dövlətin rolu ölkə iqtisadiyyatının rəqabət qabi­liyyətinin artırılmasında, elmi-texniki tərəqqinin stimullaş­dırıl­masın­da, infrastruk­turun yaradılmasında, informasiyanın toplanması və işlənməsində, milli sahibkarlar üçün əlverişli işgüzar və vergi mühitinin yaradılmasında, xarici kapital və işçi qüvvəsinin axınının tənzimlənməsində olduqca artmışdır.

Qlobal maliyyə-iqtisadi mühitinə inteqrasiya etməyə başlayan gənc dövlətlərin modernləşməsi, onların lider dövlətlərə yaxınlaşma arzuları hər şeydən əvvəl dövlətin özünün modernləşməsini, onun funksiyalarının yenidən qurulmasını və təkmilləşdirilməsini, idarəetmə strukturunun rasionallaşdırıl­masını və həlledici qərarların qəbul edilmə mexanizmi də daxil olmaqla idarəçilik alətlərinin yenilənməsini tələb edir. İslahatlar aparılaraq dövlət quruluşunun qloballaşmanın tələblərinə uyğunlaşmasının gecikdirilməsi ciddi maddi, intellektual və mənəvi-psixoloji itkilərə yol aça, iqtisadiyyatın staqnasiya vəziyyətinə düşməsinə səbəb ola bilər. İqtisadiyyatı idarəetmə mexanizmində bu gün səmərəli olan alət, sabah başqa rolda ola bilər. Ona görə də cari vəzifələr həll edilərkən qlobal proseslər nəzərə alınmaqla sabahkı problemlər haqqında düşünmək lazımdır. Bu isə uzun müddətli inkişaf strategiyasını tələb edir.

Keçid iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi modernləşməsinin əsasını liberallaşma ideyası təşkil edir. Bunu kütlələrin yaradıcılıq enerjisinin səfərbər olunmasına yönəlmiş ictimai tərəqqinin məntiqi tələb edir. Lakin sovet inzibati-amillik sisteminin süqutundan sonra planlaşdır­madan imtina edilməsi iqtisadiyyatın səmərəli idarə olunması məntiqinə uyğun deyildir. Bu zaman qarşıya qoyulan konkret məqsədlərə doğru dövlətin irəliləməsini SSRİ dövründə mövcud olan bürokratik - israfçı təsərrüfatçılıqdan fərqləndirmək lazımdır. Bu planlaşdırmanın əsasını inzibati-amirlik üsulları deyil, iqtisadi-maliyyə amilləri təşkil etməlidir. Ona görə də hesab edirik ki, ölkəmizdə yeni prinsiplər əsasında fəaliyyət göstərən Planlaşdırma və proqnozlaşdırma orqanının yaradılması vacibdir.

Son 20 ildə inkişaf etmiş sənaye ölkələri səviyyəsinə yüksəlmiş Şərqi və Cənub-şərqi Asiya ölkələrinin təcrübəsi göstərir ki, onlar bu müvəffəqiyyətə müa­sir iqtisadi mexanizmdən səmərəli istifadə etməklə nail olmuşlar. Onların yeritdikləri siyasət ümumi ibtidai təhsilin sürətli inkişafı, orta və ali məktəblərə yolla­rın geniş açılması ilə yanaşı öz vəzifələrini aydın dərk edən, səriştəli və məsuliyyətli dövlət administrasiyası yaradılmasına yönəldilmişdir. Belə adminis­trasiya savadlı makroiqtisadi tənzimləmə aparır, makroiqtisadi situasiyanı sabit­ləşdirir, mülkiyyətə sözsüz təminat verir, etibarlı və çevik bank sistemi yaradılmasına, investisiyaların artırılmasına xidmət edir. Həmin dövlətlərin xarici - iqtisadi fəaliyyətin tənzimlənməsi, maliyyə sisteminin inkişafı, idxalı əvəz edən və ixracyönlü sənayenin inkişafı sahəsində yeritdikləri siyasət iqtisadiyyatın modern­ləşdirilməsi və qabaqcıl dövlətlər səviyyəsinə yüksəldilməsində həlledici rol oynamışdır.

Aparıcı beynəlxalq təşkilatlar da gənc ölkələrdə dövlət quruculuğunun modernləşdirilməsi və iqtisadi siyasətin qloballaşmanın tələblərinə uyğun olaraq həyata keçirilməsi tövsiyələri ilə çıxış edirlər. Məsələn, Dünya Bankı 1996-cı ildə hazırlamış olduğu illik hesabatını planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid məsələlərinə həsr etmiş və bazarın fəaliyyətini təmin edən modern təsisatların yaradılmasına xüsusi diqqət vermişdir. Onun 1997-ci ildə hazırlamış olduğu illik hesabat isə «Dövlət dəyişən dünyada» adlandırılmışdır. Hesabatın əsas məzmununu səmərəli dövlətin yaradılması ideyası təşkil edir. 1999/2000-ci illərin yekununa həsr edilmiş hesabatda isə inkişaf problemləri ona qloballaşmanın təsiri nöqteyi-nəzərindən təhlil edilir və belə adlan­dırılmışdır: «Qlobal iqtisadiyyatın hamıya işləməsi üçün».

Azərbaycanda müstəqil dövlət quruculuğunun memarı olan Ümummilli lider Heydər Əliyev iqtisadiyyatda müasir tələblərə uyğun dövlət tənzimləmələri sisteminin də əsasını qoymuş, mürəkkəb bir şəraitdə inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan səmərəli dövlətçilik mexanizmini formalaşdırmışdır.

İqtisadiyyatın dövlət tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi missiyası cənab İlham Əliyevin üzərinə düşür. O, prezident seçildikdən sonra Nazirlər Kabinetinin ilk iclasında proqram xarakterli çıxışında demişdir: «Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaranıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycan yaradaq».

Tarixi təcrübə göstərir ki, hökumət o zaman yaxşı nəticələr əldə edə bilər ki, öz qarşısına həyata keçirilməsi mümkün olan real vəzifələr qoymuş olsun.

Ölkə qarşısında duran problemlər kompleksindən ən vacibini seçmək və iqtisadi siyasəti həmin istiqamətə yönəltmək dövlət başçısından böyük ustalıq tələb edir. Bu barədə iqtisadi nəzəriyyədə hazır resept yoxdur. Dünya dövlətlərinin müsbət təcrübəsi də həmişə orientir rolunu oynaya bilməz. Hər ölkə inkişafın müxtəlif mərhələlərində dayanır və konkret dövrdə hər bir ölkə qarşısında fərqli prioritet vəzifələr dayanır. Ölkə qarşısında duran konkret vəzifələri seçmək və cəmiyyəti, dövlət orqanlarını, ictimai təşkilatları və vətəndaşları həmin vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirmək iqtisadi inkişafın açarıdır.

Bir sözlə, dövlətin əsas funksiyası cəmiyyət qarşısında duran təməl vəzi­fələrin müəyyən edilməsi və onların həyata keçirilməsi üçün qüvvələrin səfərbər edilməsidir. Bu baxımdan 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Prezident Fərmanı xüsusi əhəmiyyət kəsb edir. Fərmanda mövcud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfatı sisteminə inteqrasiyası və bu sistemdə özünə laiyqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması ölkə qarşısında duran prioritet məqsəd kimi müəyyən edilmişdir. Bu mühüm tarixi sənəddə ölkə qarşısında duran həyati əhəmiyyətli problemlər kompleksi təsbit edildi və yerinə yetirilməsi dövlət orqanlarına bir vəzifə kimi tapşırıldı.

Bu problemlər arasında ölkədə işsizliyin azaldılması və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına yönəldilmiş tədbirlər aparıcı mövqelərdən birini təşkil edir. Bu xətt prezident İlham Əliyevin seçkiqabağı və seçkidən sonrakı fəaliyyətinin əsas istiqamətini təşkil edir. İşsizlik bazar iqtisadiyyatı şəraitində, xüsusən keçid iqtisadiyyatı ölkələrində ciddi sosial və iqtisadi problemlərdən biridir. Real iqtisadi həyatda işsizlik ölkədə iş qüvvəsi təklifinin ona olan tələbdən çox olması nəticəsində meydana gəlir. Onun azaldılma­sının başlıca yolu isə yeni iş yerləri açılmaqla məşğulluğun stimullaşdırılması sahəsində dövlət tənzimləmələrinin səmərəliliyi və əhatə dairəsinin artırılmasıdır. Məşğulluğun artırılması kimi ilk baxışda sadə görünən məsələnin həll edilməsinin əsasında iqtisadi inkişafın kəmiyyət və keyfiyyət göstəricilərinin ciddi sürətdə təkmilləşdirilməsi, dərin struktur islahatlarının aparılması dayanır. Həmin həyati əhəmiyyətli problemlərin həll edilməsi üçün yuxarıda adı çəkilən tarixi sənəd dövlət orqanlarının fəaliyyətinin təsdiq edilmiş strateji inkişaf proqramları əsasında tənzimlənməsini bir vəzifə kimi qarşıya qoymuş və bu iş müvəffəqiyyətlə həyata keçirilir.

Qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər arasında regionların sosial-iqtisadi inkişafı üzrə Döv­lət Proqramı, aqrar bölmədə ciddi dönüş yaradılmasına və sahibkarlıq fəaliyyətinin canlandırılmasına yönəldilmiş iqtisadi siyasət müstəsna əhəmiyyətə malikdir.

11 fevral 2004-cü ildə imzalanmış Fərmanla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı təsdiq edilmişdir. Bu ideyanı cənab İlham Əliyev hələ 2003-cü ilin noyabrında Nazirlər Kabinetinin ilk iclasında belə əsaslandırmışdır: «Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün regional proqramlar həyata keçirilməlidir. Sizə bildirməliyəm ki, Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşıbdır. Bu, onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Əlbəttə, bunun da obyektiv səbəbləri vardır. Amma bu istiqamətlərdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir».

Belə bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, qəbul olunmuş Dövlət Proqramları dinamik xarakter daşıyır və dəyişən zamanın tələblərinə uyğun olaraq getdikcə daha da təkmilləşdirilir. Belə ki, cənab İlham Əliyev demişdir: «Çünki 2004-cü ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı qəbul edilərkən, əlbəttə ki, qarşıda duran bütün məsələləri o vaxt nəzərdə tutmaq qeyri-mümkün idi. Proqrama salmaq mümkün deyildi. Həyat inkişaf edir, davam edir və qarşıya çıxan yeni məsələlər sərəncamlarda öz əksini tapır. Beləliklə, biz regional inkişaf proqramına düzəlişlər edərək, onu daha da təkmilləşdiririk».

İnkişafın təmin edilməsi üçün ölkədə mövcud olan regional disbalansın aradan qaldırılmasına ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldıl­masına, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə yönəl­dil­mişdir. Adı çəkilən əhatəli sənəddə bölgələrdə özəl mülkiyyətin və sahibkarlığın inkişafına xüsusi əhəmiyyət verilir.

Cənab İlham Əliyev xüsusi vurğulayır ki, «Sahikarlığın inkişafı bizim siyasətimizin ən vacib istiqamətlərindən biridir. Son iki il ərzində Azərbaycanda sahibkarlıqla məşğul olanların sayı xeyli dərəcə artıbdır. Onu təmin etmək üçün həm dövlətin qayğısı var, dəstək var, eyni zamanda əməli-praktik tədbirlər də var». İqtisadiyyatda liberallaşdırma tədbirləri davam etdirilir, sahibkarlara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilir». Müasir standartlara cavab verən infrastrukturun yaradılması sahibkarlığın inkişafına ciddi təkan verəcəkdir. Bununla yanaşı hesab edirik ki, müstəqil ekspertlər tərəfindən Azərbaycanda sahibkarlıq mühitinin monitorinqinin aparılması və onun daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsi məqsədəuyğundur.

Aqrar bölmənin inkişafının sürətləndirilməsi vəzifələri də Cənab İlham Əliyev tərəfindən dövlət strukturlarına bir vəzifə kimi tapşırılır. Torpaq özəl mülkiyyətə verilibdir. Bunun nəticəsində kənd təsərrüfatı istehsalında böyük uğurlar vardır. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlamalıdır. Dövlətin öhdəsinə nə düşürsə, biz bunu edəcəyik. Amma eyni zamanda, yerlərdə də bu məsələyə böyük diqqət göstərilməlidir. Hesab edirəm ki, aqrar sektorda texniki servis mərkəzləri yaradılmalıdır. Fermerlər texnika ilə daha böyük həcmdə təmin olunmalıdır. Toxumçuluq bazası inkişaf etməlidir və əlbəttə, emal sənayesi yaradılmalıdır. Bu istiqamətdə artıq çox uğurlu addımlar atılıbdır. Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir, dünya standartlarına cavab verən emal müəssələri yaranmaqdadır.

Bu həm işsizlik probleminin aradan qaldırılmasına kömək edir, həm də eyni zamanda, yerli istehsalın inkişafı üçün gözəl zəmin yaradır. Bizim də məqsədimiz budur ki, Azərbaycanda yerli istehsal inkişaf etsin, idxal azalsın və Azərbaycan öz daxili bazarını ölkəmizdə istehsal olunan məhsullarla təmin etsin. Hesab edirəm ki, əgər kənd təsərrüfatında bu vaxta qədər görülən tədbirlər davam etdirilsə, biz buna da nail ola biləcəyik».

Kənd təsərrüfatının inkişaf etdirilməsi regional inkişaf proqramının əsasını təşkil edir, Çünki regionlarda əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayır, kənd təsərrüfatı ilə məşğul olurlar. «Aqrolizinq» səhmdar cəmiyyətinin yaradılması bu sahədə mühüm bir tədbirdir. Görülən tədbirlər nəticəsində fermerlər üçün ilkin şərait yaradılır, güzəştli kreditlər, texnika və gübrə verilir.

Nəticədə son iki ildə aqrar sektorda sürətli irəliləyiş müşahidə olunur. Dövlət büdcəsi vəsaiti hesabına texnika və gübrə alınaraq fermerlərə güzəştli şərtlərlə verilməsi nəticəsində kənd təsərrüfatı istehsalında artım özünü göstərmişdir. Aqrar bölmənin inkişafının mühüm nəticələrindən biri odur ki, ölkədə istehlak mallarının tərkibində yerli məhsulların xüsusi çəkisi hiss olunacaq şəkildə artmışdır. Bu, o deməkdir ki, yerli məhsullar daxili bazarda ucuz xarici mallarla rəqabətə dözür və bir çox hallarda qalib gəlir. Bəzi kənd təsərrüfatı məhsullarının ixracında müşahidə olunan artım məhz bunun nəticəsidir.

Bütün bunlar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün də olduqca əhəmiyyətlidir. Belə ki, daxili kənd təsərrüfatı ehtiyatlarının davamlı artırılması hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynayır. Daxili kənd təsərrüfatı istehsalının himayə edilərək qorunub saxlanılması və inkişaf etdirilməsi gözlənilməz hadisələr baş verərsə, əhalinin ərzaq çatışmazlığı hallarının baş verməsi barədə narahatlığını azaldır.

Həqiqətən, əhalinin ərzaqla və aqrar-sənaye kompleksinin xammal ilə təmin olunmasında müstəsna rol oynayan aqrar bölmə iqtisadiyyatın yenidən qurulması strategiyasında milli prioritet kimi cəmiyyət və dövlət tərəfindən ciddi diqqət ayrılmasını tələb edir. Qloballaşma və Azərbaycanda dönmədən açıq qapı siyasəti tətbiq edildiyi bir şəraitdə aqrar sənaye kompleksinin inkişafının sürətləndirilməsi və dünya bazarının şərtlərinə uyğunlaşdırılması aqrar biznesin xüsusiyyətləri və dünyada bu sahədə «yaşıl inqilab»ı yaradan amil və proseslər nəzərə alınmalıdır. Sənaye məhsulları ilə kənd təsərrüfatı məhsullarının qiymətləri arasında mövcud olan qeyri-mütənasibliyin azaldılması, aqrar bölmədə istehsalın maddi-texniki təchizatının daha da yaxşılaşdırılması, onun səmərəliliyinin artırılması, ödəmə qabiliyyətli istehlak tələbinin artırılması üçün daha təsirli tədbirlər görülməsi çox vacibdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş konfransda cənab İlham Əliyev demişdir: «Bütün bu planların təməlində bir məqsəd dayanır: ölkəmiz daha da möhkəmlənsin, daha da zənginləşsin, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, daha da yaxşı maaş alsın, pensiya alsın və Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirsin».

Dövlət başçısı əldə olunmuş nailiyyətlərlə kifayətlənməyərək qarşıya daha böyük vəzifələr qoymuşdur: «İndi əsas səylərimizi qarşıda duran vəzifələrin həllinə yönəltməliyik. Qeyd olunduğu kimi, bütövlükdə, Azərbaycanda iqtisadi inkişafla bağlı olan vəziyyət müsbətdir. Ancaq bu, o demək deyil ki, biz artıq arxayınlaşaq, yaxud da əldə edilmiş nailiyyətlərlə kifayətlənək. Biz gərək çox ciddi işləyək, öz fəaliyyətimizi daha da təkmilləşdirək».

Aparılan islahatlar iqtisadiyyatın idarə edilməsi sahəsində dövlətin inzibati müdaxiləsinin aradan qaldırılmasına, dövlətin iqtisadi amillərlə tənzimləyici funksiyasının genişlənməsinə, mülkiyyət üzərində inhisarçılığın və dövlətin təsərrüfatçılıq funksiyasının məhdudlaşdırılmasına, sahibkarlığın və azad iqtisadi­fəaliy­­yətin bərqərar olmasına və son nəticədə dövlətin iqtisadi qüdrətinin möh­kəmləndirilməsinə və vətandaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi həyata müdaxiləsi iki for­mada həyata keçirilir: 1. Dovlətin bilavasitə sahibkar kimi çıxış etməsi, 2. İqti­sadiyyatın dövlət tənzimlənməsi.

İqtisadi islahatlar nəticəsində iqtisadiyyatın dövlətsizləşdirilməsi sahəsində həyata keçirilən radikal tədbirlərə baxmayaraq hal-hazırda strateji sahələrdə dövlət müəssəsələri müəyyən dərəcədə qalmaqda davam edir. 2007-ci ilin məlumatlarına görə ölkədə qeydiyyatda olan hüquqi şəxslərin 15%-i dövlət mülkiyyətinə aiddir. Dövlət müəssələrindən və əmlakından səmərəli istifadə olunması, dövlət müəssisələrinin rentabelliyinin artırılmasi bazar iqtisadiyyatı şəraitində həmişə aktualdır.

Bu baxımdan, 6 iyun 2007-ci ildə İlham Əliyevin imzaladığı ”Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında ”sərəncamda təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” müstəsna əhəmiyyətə malikdir. Proqramda qeyd edilmişdir ki, yüksək iqtisadi artım şəraitində dövlət əmlakının idarə edilməsinə ehtiyac vardır. Mövcud dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarətin təmin edilməsi; özəlləşdirilən dövlət müəssələrinə cəlb edilən investisiyaların həcminin artırılması vacibdir.

Sərəncamda dövlət əmlaklarının idarə edilməsinin təkmilləşdirilməsi üzrə geniş miqyaslı tədbirlər planı təsdiq edilmişdir. Planda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Normativ hüquqi bazanın dövlət müəssisə və təşkilatları tərəfindən dövlət əmlakından səmərəli istifadə etməsinə nəzarətinin gücləndirilməsi; daşınmaz dövlət əmlakının icarəyə və istifadəyə verilmə mexanizminin təkmilləşdirilməsi; təsərrüfat obyektlərində dövlətə məxsus payların və səhm zərfinin idarə edilməsinin təkmilləşdirilməsi; dövlət müəssisələrində institusional dəyişikliklərin sürətləndirilməsi; müəssisələrin özəlləşdirilmədən sonrakı inkişafına nəzarət mexanizminin formalaşdırılması.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti Departa­mentinin bazasında Antinhisar Dövlət xidməti yaradılmışdır. Ötən müddət ərzində Antiinhisar Dövlət xidməti tərəfindən rəqabətin qorunması və inkişaf etdirilməsi, rəqabətin məhdudlaşdırılmasının, hökmran mövqedən sui-istifadənin haqsız rəqa­bət hallarının qarşısının alınması və aradan qaldırılması və təbii inhisar subyekt­lərinin fəaliyyətinin tənzimlənməsi sahəsində davamlı və çoxşaxəli işlər görülmüşdür.

Ölkədə əlverişli investisiya mühitinin yaradılması və inflyasiya amilləri sahəsində mühüm yeri olan təbii inhisar subyektlərinin (elektik enerjisi, qaz, su, Dəmiryolu, hava və dəniz nəqliyyatı, rabitə və digərlərinin ) tariflərinin tənzimlən­məsinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası 2007-ci il ərzində tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.

“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xid­mətlərin) siyahısı”na iqtisadiyyatın müxtəlif sahələri üzrə təbii inhisar, dövlət inhisarı və inhisarçı təsərrüfat subyektlərini əhatə edən 39 istiqamət daxil edilmişdir.

2007-ci il ərzində respublika üzrə neft məhsullarına olan tələbatın tam ödənilməsi, habelə dünya bazarında xam neftin qiymətinin artdığı bir vaxtda daxili bazarın səmərəli tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarına uyğun olaraq, neft məhsullarının yeni qiyməti təsdiq edilmişdir . Qiymət artımı nəticəsində dövlət büdcəsinə 200, 0 mln. manatdan çox əlavə vəsait daxil olmuşdur və yenidən bölgü nəticəsində dövlət büdcəsində bu vəsait aztəminatlı təbəqələrin sosial müdafiəsinə yönəldilmişdir.

Son dövrdə xarici bazarlarda təbii qazın qiymətinin artması, bu təbii sərvətin istifadəsində israfçılığa yol verilməməsi və tələbatın daxili imkanlar hesabına ödənilməsini və beləliklə də, təbii qazın tariflərinə yenidən baxılmasını zəruri etmişdir.

Sahibkarlıq mühiti. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət hima­yəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbir­lərinin səmərəsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırıl­ması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmışdır ki, bu mexanizm kiçik və orta sa­hibkarların maliyyə vəsaitlərinə olan tələbatın ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes inkubatorların, bisnes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Dövlət sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2007-ci ildə özəl sektorun ümumi daxili məhsuldakı payı 84%-ə çatmışdır. Hazırda aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 % arasında dəyişir.

2007-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 7,8% artaraq 60812 olmuşdur. 2008-ci il yanvarın 1-də Azərbaycanda kənd təsərüfatı sahəsində 9521, emal sahasində 6148, tikinti sahəsində 7438 müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, 4600-ə yaxın xarici investisiyalı müəssisə qeydə alınmışdır. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı isə 6, 7 % artaraq 2008-ci il yanvarın 1-nə 260 minə çatmışdır.

Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaş­ması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamət­lərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsüsilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərcivəsində Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş sahələrin, eləcə də ölkə başçısının fərman və sərən­camlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin müəyyənləşdirilməsinə yönəldilir. Bütün bunlar bazar iqtisadiyyatının mühüm hissəsidir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hakimiyyət, Azərbaycanın dövlət müstəqilliyini etibarlı şəkildə qorumuş və dövlətçiliyimizin daha da möh­kəm­ləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər sistemi həyata keçirmişdir. Bu tədbirlərin səciyyəvi cəhəti onların məhz sistemli xarakter daşımasıdır, bunlara isə xüsusi vurğulamaq lazımdır ki, dünyanın bir sıra inkişaf etməkdə olan ölkələri, o cümlədən, “Asiya pələngləri”, məhz bazar iqtisadiyyatına keçməklə və müasir iqtisadi ideyalardan bəhrələnməklə nail olmuşlar, bu ölkələrdə azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Keçmiş sovet respublikalarının bir çoxundan fərqli olaraq, Azərbaycanın siyasi hakimiyyət sistemi sabit bir şəkildə idarə edilir. Xüsusilə, ali dövlət idarəçiliyi sistemində ierarxiya prinsipinə ciddi şəkildə əməl edilməsi ölkənin vahid mərkəzdən idarə olunmasının səmərəliliyini daha da artırır. Ekspertlərin fikrinə görə, (E.Məmmədov) Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti sistemli xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzun müddətli perspektivlər açır. Xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün “imkanlar pəncərəsi” kimi dəyərləndirirlər. Bütün bunlar ölkəmizi qlobal üfüqlərə doğru qüdrətli dövlətlə getməyi zəmanətli şəkildə təmin edir.



1   ...   10   11   12   13   14   15   16   17   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə