Uzun müddət Azərbaycanda fəlsəfəyə nə isə yad bir şey kimi baxılmışdır. Səbəbi isə bu olmuşdur ki, biz millətin öz düşüncəsindən doğan bir fəlsəfi tə­limi deyil, bizə yad olan fəlsəfi sistemləri tədris və təbliğ etmişik




Yüklə 0.86 Mb.
səhifə1/10
tarix27.02.2016
ölçüsü0.86 Mb.
  1   2   3   4   5   6   7   8   9   10



Ön söz
Uzun müddət Azərbaycanda fəlsəfəyə nə isə yad bir şey kimi baxılmışdır. Səbəbi isə bu olmuşdur ki, biz millətin öz düşüncəsindən doğan bir fəlsəfi tə­limi deyil, bizə yad olan fəlsəfi sistemləri tədris və təbliğ etmişik. Müstəqillik əldə etdikdən sonra qar­şıda duran vəzifələrdən biri də, heç şübhəsiz, milli məfkurənin inkişaf etdirilməsi, bilavasitə öz mədəni-mənəvi aləmimizi, ictimai həyatımızı əks etdirən ye­ni fəlsəfi baxışların formalaşması olmuşdur. La­kin iqtisadi islahatlar sürətlə getsə də, şüurların ye­niləşməsi çox ləng gedir. Nəticədə şüurla gerçək ic­timai həyat arasında bir uyğunsuzluq yaranır. Də­yişikliklərə daha çevik reaksiya publisistik təfəkkür səviyyəsində həyata keçir. Daha sonra obrazlı dü­şün­cənin, bədii ədəbiyyatın yeniləşməsi üçün imkan açılır. Milli fəlsəfi fikrin inkişafı isə ən inert sahə­dir. Belə ki, gündəlik hadisələrə bütün dünyanın, bə­şə­riyyətin inkişaf qanunauyğunluqları konteks­tin­də münasibət bildirmək çox çətindir. Konkret milli dirçəliş hadisəsinin konkret zamanda universal me­yar­larla dəyərləndirilməsi üçün nisbi ilə mütləqin, mahiyyət ilə hadisənin vəhdətindən çıxış etmək tələb olunur. Təbii ki, bizim milli ictimai gerçəkliyimizi Qərb filosofları deyil, bu gerçəkliyin öz içərisindən çıxmış fəlsəfə tədqiqatçıları dəyərləndirməlidir. La­kin yeni düşüncəli filosofların öz-özünə yetişməsi də mümkün deyil. Digər tərəfdən, cari ictimai-mənəvi həyatın içərisindən çıxan, bu həyatın özünün ye­tiş­dir­diyi gənc nəsil klassik fəlsəfi tədqiqat vərdiş­lə­ri­nə malik olmadıqlarından, onlar məsələləri ancaq təs­vir edə bilir və ya publisistik səviyyədə əks et­di­rir­lər. Yüksək fəlsəfi hazırlığı olan şəxslərin çoxu mə­nimsədikləri nəzəri bilikləri tədris edə bilsələr də, onu praktik həyatla əlaqələndirməkdə çətinlik çə­kirlər. Nəticədə fəlsəfə harada isə gerçək hə­yatı­mız­dan uzaq olan məsələləri araşdırmaqda davam edir. Yaşadığımız aktual problemlərin dəyərlən­diril­mə­si işi isə yenə də jurnalistlərin üzərinə düşür. Te­le­viziya kanalları və mətbuat insanların mənəvi və intellektual ehtiyaclarını ödəmək üçün müxtəlif yol­lar axtarır, amma istinad edə biləcəyi mükəmməl, for­malaşmış meyarlar sistemi yox dərəcəsindədir.

Belə bir şəraitdə fəlsəfi publisistikanın forma­laş­ması çox vacibdir. Ya gərək jurnalistlər fəlsəfi dü­şüncə səviyyəsinə yüksəlmək üçün çalışsınlar, ya da gərək filosoflarımız publisistik janrda yazmağı öy­rən­sinlər. Başqa çarə yoxdur.

Giriş əvəzi:

Baxış bucağına baxış

Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır.

Əbu Turxan

Həyat kənardan baxandamı daha gözəl görü­nür, yoxsa içərisində itib-batandamı? Nabələd bir həyatmı, yoxsa bəlli bir həyatmı daha gözəldir?

Hər bir addım planlı surətdə atılandamı, yoxsa sürprizlərlə dolu olandamı həyat daha maraqlı olur?

Bir var, həyatda başını aşağı salıb yaşayanlar, “palaza bürünüb elnən sürünənlər”. Bir də var, özü də kortəbii bir həyat yaşamasına rəğmən, yaşayan­la­ra baxıb, həyatın gözəlliyini seyr edənlər, xəyal dünyasında səadət tapanlar.

Və bir də var, baxanlara baxanlar. Gördüklə­ri­miz yalnız baxdıqlarımızı əks etdirmir, nə vaxt, ne­cə və hansı gözlə baxmaqdan da çox şey asılıdır. Möv­lananın dediyi kimi, “mavi şüşədən baxanda hət­ta Günəş də mavi görünür”.

Və nəhayət, bir də var, həyatı dərk edərək yaşayanlar.

Əslində, burada zaman ardıcıllığı ilə təsnifat mümkün deyil. Çünki müəyyən həyat təcrübəsi top­la­yaraq həyatı dərk etmiş insan artıq yeni məqamda daha yüksək bir səviyyədə həyata dönmək istə­yər­kən, əvvəlki həyatı yerində tapa bilmir, həyatın qatarı artıq getmiş olur. Əbu Turxanın yazdığı kimi:
Ömrün çox hissəsi keçəndən sonra,

Öz həyat yolunu seçəndən sonra,

Dünyanı dərk etmək nəyə gərəkdir,

Bəlkə səhvlərimiz düzələcəkdir?!
Həyatın ən böyük paradokslarından biri də elə bundan ibarətdir. Əlbəttə, əvvəl bilib sonra iş görmək daha məqsədəuyğun olardı. Amma bilmək üçün də əvvəlcə həyatın içində olmaq tələb olunur. «Əvvəlcə Söz gəlir» – deyən Bibliyayamı, «Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur», – deyən Balza­ka­mı, «İlk başlanğıc əməldir, işdir», – deyən Göte­yə­mi inansaq daha düzgün olardı? Peyğəmbərimiz isə «Əvvəlcə əql gəlir», – demişdir. Qurani Kərim də dö­nə-dönə insanlara ağıl işlətməyi tövsiyə edir. Amma, əlbəttə, əsl həyat, şüurlu həyat – ağıl, söz, bi­lik və əməlin vahid bir səbəbiyyət zəncirində, zaman ardıcıllığı ilə düzülməsini deyil, onların ha­mı­sının eyni zaman müstəvisində birləşməsini – di­na­mik vəhdətini tələb edir. Lakin buna necə nail ol­maq mümkündür?

Bəli, hər şeyi öz şəxsi həyatında təcrübədən çıxarmaq sadəlövhlük olardı. Çünki atılan nizələri geri qaytarmaq mümkün deyil. Atalarımız bizə “yüz ölçüb bir biçməyi” məsləhət bilir. Amma həyati bi­liklərin mənbəyini həyatın özündən, şəxsi həyat təc­rü­bəsindən başqa harada tapmaq olar ki?!

Amma olarmış! Bunun üçün nəsillərin təcrü­bə­sindən intixab edilmiş fəlsəfə, ədəbiyyat və sənət vardır. Bunun üçün analitik fəlsəfənin ara-bir öz mü­­cərrəd səma taxtından aşağı enərək gündəlik hə­yat hadisələrinə işıq salmasına ehtiyac var! Bu­nun üçün bədii ədəbiyyatın böyük ümumbəşəri prob­lem­lərlə yanaşı, cari problemləri də gündəmə gətirməsi tələb olunur. Birinci – fəlsəfi publisistikaya, ikinci ­– bədii publisistikaya uyğun gəlir. Bizdə klassik fəl­sə­fə haqqında az-çox təsəvvür var, amma onun real hə­yat təcəssümü yoxdur. Yaxud bədii ədəbiyyat var, amma onun məhz yaşadığımız dövrü, zəmanənin prob­lemlərini əks etdirən səhifələri çatışmır.

Böyük yunan filosofu Pifaqorun apardığı ma­raq­lı bir müqayisədə baxışların və məqsədlərin müx­təlifliyi çox gözəl görünür. Pifaqor adamları məq­səd və fəaliyyətinə görə üç qrupa bölür və on­ları obrazlı surətdə səciyyələndirmək üçün Olimpiya oyunlarına gələnlərlə müqayisə edir. Burada bir qisim adamlar öz fiziki imkan və qabiliyyətlərini nümayiş etdirərək yarışırlar. Digərləri buraya çoxlu adam toplanmasından istifadə edərək, ticarət və xidmət məqsədilə gəlirlər. Üçüncülər isə tamaşaçı qismində gəlir və məqsədləri yalnız oyunları müşa­hidə etməkdir. Pifaqora görə, həyatda da belədir. Kim­lərsə şöhrətin, kimlərsə var-dövlətin qulu olur. Lakin elələri də var ki, yalnız kənardan seyr edirlər və yeganə məqsədləri baxıb-görmək, görüb-gö­tür­mək, həqiqəti aşkara çıxarmaqdır. Bu üçüncüləri Pi­fa­qor filosof adlandırırdı. Burada fəlsəfə həm də “tə­­mənnasız elm” mənasında başa düşülür. Son məq­səd – əldə olunan biliklərdən hansı sahədə isə istifadə etmək yox, sadəcə biliyin özü – həqiqətdir. İnsan həqiqətə qovuşanda mənən saflaşır. Dünyanı, təbiəti dəyişmək məqsədini qarşıya qoymasa da, dünyanın, təbiətin ahəngini dərk edir və bu ahəngə uyğunlaşmaq imkanı əldə edir.

Eyni bir hadisəyə fərqli səmtlərdən, müxtəlif elm sahələrinin mövqeyindən baxdıqda, hər dəfə onun müxtəlif cəhətləri, xassələri üzə çıxır. Daxili quruluşun mürəkkəbliyi çoxpilləliliyi ilə əlamət və xassələrin müxtəlifliyi arasında əlaqə maddi gerçək­liyin istənilən hissəsinin mühüm göstəricilərindən biridir. Lakin hər bir obyekt insanın ona müna­si­bə­tindən, baxış bucağından asılı olaraq müxtəlif cür görünür. Eyni bir məzmun bu və ya digər forma­lar­da təzahür etmiş olur.

Elmi fəaliyyət biliyə seçki ilə yanaşılmasını, müəyyən bir problemin aydınlaşması, kristallaşması üçün zəruri olan ən mühüm biliklərin ön plana çə­kilməsini tələb edir. Fikrin fokuslanmasına mane olmasın deyə, “yaddan çıxarılmalı” olan biliklər də, baş­qa bir problemin həlli zamanı ön plana çəkilir və s. Yəni tədqiqatçı üçün çox bilmək deyil, bilikləri yönəltmək bacarığı tələb olunur.

Çox pulu olan, lakin ondan istifadə etməyi ba­ca­rmayan adamlar olduğu kimi, çox biliyi olan, la­kin lazım gəldikdə onu saf-çürük edərək müəyyən istiqamətə yönəldə bilməyənlər də var.

Yuxarıda qeyd etdiyimiz kimi, biliklər iki yerə bölünür. Bilavasitə insanların maddi fəaliy­yə­ti­nə xidmət edən biliklər (əməli biliklər) olduğu kimi, ancaq aralıq mərhələ vasitəsi ilə tətbiq olunan bi­lik­lər də vardır. “İnsansızlaşdırılmış” dünyanın obyek­tiv qanunauyğunluqlarını əks etdirən koqnitiv bilik­lərdən praktikada istifadə etmək üçün fərdi fəaliyyət miqyasından kənara çıxan xüsusi sosial mexanizm, xüsusi qüvvə tələb olunur. Deməli, yeni bilik əldə etmək insanın güc-qüvvəsini öz-özünə artırmır. Ək­si­nə, bu biliyin qüvvəyə çevrilməsi üçün də qüvvə məs­rəfi, maddi vəsait, fəaliyyət lazımdır.

Bəzən maddi fəaliyyət imkanı məhdud olduq­da, güc-qüvvə çatmadıqda insanın ən nəcib arzu və niyyəti həyata keçməmiş qalır. Müdrik adam gücsüz olduqda dünyadakı ahəng pozuntularını duyur, dərk edir, amma onları aradan qaldıra bilmir. Dünyanı məqsədəuyğun şəkildə dəyişmək üçün nə etmək la­zım olduğunu bilir, lakin buna qüvvəsi çatmır. Bu, müdrik adamın faciəsidir. Başqa birisinin isə maddi imkanı, gücü-qüvvəsi var, lakin nə etmək lazım ol­duğunu bilmir. Buna baxmayaraq, güclü olan “haq­lı” çıxır. Bu – nadan adamın xoşbəxtliyidir.

Orta əsr Şərq fəlsəfəsində müdrik adamın fa­ciəsi nadan adamın xoşbəxtliyindən üstün tutulur. Çün­ki birincinin faciəsində də bir məna var və on­dan nə isə öyrənmək mümkündür.

Hər şey insanın arzularının, həyat idealının ne­cə formalaşmasından asılıdır.

Lakin ideal anadan gəlməmi olur, yoxsa in­sa­nın yetişdiyi mühitdən və aldığı təhsildən asılı ola­raq­mı yaranır? Burada hər hansı bir fikrin xeyrinə qərar çıxarmaq düzgün olmazdı. Belə ki, əxlaqi-mə­nə­vi meyarlar kimi, estetik hiss də insanın ümumi dün­yagörüşündən, bilik və təhsil səviyyəsindən ası­lı­dır. Lakin estetik hiss ancaq tərbiyənin məhsulu ola bilməz. O həm də insanın yaranışından, genetik baş­lanğıcdan asılıdır. İnsan məhz kənarda olanın hə­min bu daxili standartlara uyğunluğundan həyəcan­lanır. Daha doğrusu, kənar təsir onun qəlb dünya­sın­da qeyri-aşkar şəkildə, passiv, cansız formada olan han­sı isə bir başlanğıca adekvat olduqda həmin da­xili cizgini, formanı, ideyanı qıcıqlandırır, işə salır. İn­san qəlbinin hansı isə dərin bir qatında canlanma, oyanış baş verir. İnsanı pərvazlandıran, həyəcan­lan­dıran da məhz bu daxili oyanış, daxili canlanmadır.

Bununla belə, hər şeyi belə bəsit bir modellə izah etmək də birtərəfli olardı. Yəni burada söhbət heç də yalnız insana fitrən verilmiş olanla bu fitrətin insandan kənarda gerçək mövcudluğu arasında uz­laş­madan getmir. Sadə şəkildə, əlbəttə, bu belədir. La­kin insan dünya ilə təmasda olduqca, oxuyub-mə­nimsədikcə və yaşayıb-öyrəndikcə onun Mən-i də, qəlbinin dərin guşəsindəki ilkin fərdi-mənəvi varlığı da, genetik kodlaşdırılmış sistem də müəyyən təka­mülə məruz qalır. Əlbəttə, qəlbin dərinliyində heç to­xunulmamış, bakirə guşələr də var. Qəlbin «sarı simlər»i də var. Hər bir ilk təmas kimi, insanın öz qəlb dünyasının hər hansı guşəsi ilə ilkin görüşü də əsrarəngiz bir hadisədir, bir oyanış, bir doğuluşdur.

Bəli, insan hər dəfə yenidən doğulur, hər dəfə Yeni bir əlaməti ilə, varlığının hər hansı bir yeni cə­həti ilə bu dünyaya qədəm qoyur. Və həyat sadəcə bir dəfə doğulmuş körpənin sonrakı zahiri ya­şayı­şın­dan ibarət olmayıb, doğulma və canlanma pro­ses­lərinin bütöv bir silsiləsidir. M.Unamuno deyir: «Biz hər şeyi canlandırmalıyıq. Bunun üçün isə hər şeyə öz ruhumuzla təsir etməliyik. Ruh da nə qədər çox verirsə, o qədər zəngin olur. Öz ruhumuzla baş­qalarını canlandırmaq isə onlara sahib olmaq de­məkdir».1

Yaşadığımız həyatda söz sahibi olmaq istə­yi­riksə, həyat yaşantısının enerjisi həyatımıza cəlb olu­nan ictimai mühiti işıqlandırmaq və canlandır­maq üçün yetərli olmalıdır. Digər tərəfdən, bu mühit özü də işıqlı olarsa, ancaq bizdən almağa möhtac qalmaz və əksinə, bizim iç aləmimizin işıqlan­ma­sına və deməli, xoşbəxt həyatımıza da təminat ver­miş olar.

Amma ictimai mühitin işıqlı olması tək bir ada­mın ciddi-cəhdindən, istək və iradəsindən asılı olmur. Əslində yaşadığımız mühit bizim üçün qəza­vü-qədərdir, taledir. Düzdür, tale təkcə insanın yaşa­dığı lokal mühitlə şərtlənmir. Geniş planda bu mühit həm zaman, həm də məkanca sonsuzlaşır. Mühit bö­yüdükcə, insan kiçilir, bütövlükdə və tamamilə asılı vəziyyətə düşür. Bu, insanın Allah dərgahındakı ki­çikliyidir. Lokal mühitdə isə insan real bir güc mər­kəzi kimi çıxış edə bilər. İnsanın zəka potensialı əslində o qədər böyükdür ki, o bütövlükdə ictimai mühitə önəmli təsir göstərmək iqtidarındadır. Əgər ic­timai həyat hansı isə bir ideya işığında nizamla­nırsa, bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur. Əks təqdirdə insanı qaranlıqda vur­nux­maq aqibəti gözləyir.

Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması. Və bir də var, dərk olunmuş ictimai həyat!

Ədəbiyyata baxış



  • Ocaq və kül

  • Dilin və fikrin potensialı

  • Vaqif, “Vaqif” və üç Vaqif

  • Qaranlığın işığı

  • Şekspirdən Hamletə






Ədəbiyyat – əbədiyyəti ana,

anı əbədiyyətə çevirir.

Əbu Turxan




frame1

Ocaq və kül

İosif Brodski belə deyir: «Sona qədər yanma­ğın nə olduğunu yalnız kül bilir».

Gözəl deyilmişdir, deyilmi?

Bəli, gözəl görünür ilk baxışdan...

Düşündürür həm də: kül elə müdrik ola bil­səydi…

«Kül» müstəqim mənada, həm də məcazi mə­­nada daxili enerjisi, yanma potensialı artıq sərf olun­­­muş və bir daha yanmaq və canlanmaq iqti­da­rın­da olmayan bir qa­lıqdır. Daxili hərəkətverici qüv­və alovla birlikdə çıxır. «Yanmaq» həm də hə­rə­kətə gəl­mək, «həyəcanlanmaq» və bu həyəcanı baş­qa­la­rına ötürmək deməkdir. Yanğının iztirabları da alov­la birlikdə çıxıb səpələnir. Kül əgər xa­tır­la­ya bil­səydi iztirab çəkərdi, iztirab çəkə bilsəydi, bu onun yeni yanğısı olardı. Amma, maləsəf, kül bun­la­rın heç birinə qadir deyil.

J.Jores isə: «Ocaqdan külü yox, közü götür­mək lazımdır», – deyir. Şüb­hə­siz, köz hələ varsa!

O şey ki, axıradək yanıb külə dönə bilir, o, ol­sa-olsa müvəqqəti, məh­dud, sonlu bir ocağı sim­vo­lizə edər. Müvəqqəti olan isə milli ruhun, həyat uğ­­runda mübari­zənin və əbədi nurun rəmzi ola bilməz.

Ancaq milli ruha söykənən, min illərin də­rin­li­yin­dən güc alan proses da­­vamlı olur. Mənbəyi bi­zə yad olan hər hansı şey isə gec-tez tükənə­cək­dir və uzaq yolda ona bel bağlamaq olmaz. Bir atım barıtla savaşa çıxmaq ol­maz. Böyük idealların ger­çək­ləş­məsi üçün tükənməyən nur mənbəyi lazımdır.

Poetik təb də bir atım barıt kimidir. Həyə­can­­lan­­mış atom öz artıq ener­­ji­sini şüalandıraraq ye­ni­dən nor­mal vəziyyətə keçdiyi kimi, il­ham­lan­mış sə­nətkar da bu ilhamın, hiss-həyəcanın da­şı­dı­ğı ener­jini şeir və ya di­gər sə­nət vasitələri ilə «şü­a­landı­raraq» «normal vəziyyətə» keçir. “Normal və­ziy­yət” isə əslində iqtidarsızlıq vəziy­yətidir.

«Biz şair xalqıq», – deyirlər. Yəni daha tez tə­sir­lənə bilir və təəs­sü­rat­larımızı da daha rahat ifa­də edərək öz normal vəziyyətimizə düşürük. Nyu­ton isə deyir ki, əqlin qüdrəti fikrin sürəkliliyində özünü göstərir.

Fəlsəfi vəcd ona görə uzun sürə bilir ki, o, id­rakla birləşir. Soyuq ağ­lın sərinliyi ilham qığıl­cı­mını tez alışıb yanmağa qoymur. Alışıb yanmağın isə adəti yandırmaq­dırsa, aqibəti – kül olmaqdır.

Əgər təmas dairəsində yanmağa hazır olan, qu­ru, yetkin od hərisləri var­sa birinin alışıb yan­ma­sı başqaları üçün sadəcə bir işarə olacaq; proses hə­lə uzun sürəcək. Mühitdə, arxada heç nə yoxdursa, alı­şan təkcə özünü yan­­dırar və tez tükənər, …ya kü­lə, ya kömürə dönər. Kömürün küldən fərqi ca­nın­da hələ də yanmaq poten­sialının saxlanmasıdır.

Yanmağa və yandırmağa çalışan, amma bü­tün tə­maslar sıradan çıx­dı­ğında daha heç kəsi, heç nə­yi yan­dıra bilməyən, son dəfə işararaq öz cöv­hə­rini yan­dıran və yanğısına son qoyulan axırıncı qor, axırıncı qığıl­cımdır – bu dərdi çəkən! Bəli, so­na qə­dər yanmağın nə oldu­ğunu sonuncu qığılcım bi­lir. Ondan sonra nə yanan qalacaq, nə də bilən! Kül nədir, bildiyi nə!

Ətrafa sıçramış qığılcımların, qor­la­­rın, köz parça­larının harada isə münbit mühitə düşərək yeni bir alov üçün baş­lanğıc olmasını izləmək qalır. Əvvəl çəkilmiş iztirabların nağılını da bu yeni alovlar söyləyəcəkdir.

Ölüm – ruh və bədən arasında sazişin

pozulması
Bəli, yeni alovlar!

İnsan həyatı da belədir. Bu həyat ayrı-ayrı mə­qam­larda insanın ya­ra­dı­cı potensialının reali­za­si­yası, özü­nü kənarda təsdiqləməsi formasında da­vam edir. Ancaq yaradıcılıq məqamları sözün hə­qi­qi mə­nasında həyatdır. Qa­lan hal­larda insan öz «nor­mal vəziyyətinə» qayıdır və öz cismani möv­cud­­lu­ğu­nu sadəcə davam etdirir. Yeyir-içir və bu za­man yan­ğını xatırladan mad­də­lər mübadiləsi, kim­yəvi pro­ses­lərdir. Bu, əslində bioloji həyatdır və bü­tün in­san­­lar üçün təxminən eyni məzmuna ma­likdir. İn­sanın mənliyi, fər­diy­yəti, si­ması bə­dən­dəki maddə­lərin yox, ancaq ideyanın təcəssümü, ru­hun yan­ma­sı ilə ifadə olunur. Nə qədər ki, bədəndə ruh var, insan sağdır. Ruh tü­kə­nən­də sadəcə cəsəd qalır və bu cə­sədin həyatdan xəbəri olmur. Çün­ki həyat səh­nə­ləri, həqiqi yaşantılar və onların iztirab və sevinc xa­ti­rə­lə­ri ruhla birlikdə «uçub gedir». (İnsanı onun cə­sə­dində axtaranlar alovun nişanələrini küldə ax­taran­lar kimidir.)

Lakin təəssüf ki, bütün ömrü əhatə edən bu proses adi şüurda da, dini-fəl­səfi yanaşmalarda da an­caq son məqamla məhdudlaşdırılır. Ölüm – ru­hun bə­dəndən ay­rılması imiş. Halbuki, ruh bütün ömür boyu yandıqca sə­pə­lənir, pay­lanır və onun qı­ğıl­cım­ları münbit mühitlərə düşərək yeni hə­yat­ını ya­şa­yır. Ömrün sonunda bədənlə daha uzlaşa bil­mə­yən, onu hə­rə­kətə gətirə bil­məyən tü­kənmiş ruh­mu bədəni tərk edir, yoxsa hələ ki­fa­yət qə­dər ya­­ra­dı­cılıq gücü olan ruhmu taqətdən düşmüş və onun üçün daha mühit ola bilməyən bədəndə qala bil­mir? Hər halda uzlaşma daha mümkün olmur, saziş po­zulur.

Zərrə-zərrə, qığılcım-qığılcım paylanmış, öz həyatını artıq kifayət qə­dər yaşamış və yaymış ru­hun «ölməsi» əslində bir o qədər də ölüm deyil. Çün­­ki o, çoxdan başqalarında yaşayır. Bu zaman re­­in­karnasiyadan danışma­ğa da ehtiyac qalmır. Çün­ki bu proses diskret şəkildə, bütövlükdə ruhun bir bə­­dəndən başqa bədənə köçürülməsi şəklində get­­mir. O, bütün ömür ər­zin­də san­ki müxtəlif ra­kurs­­lardan kopiyalanır və özünün fərqli mühit­lər­də­ki yeni hə­yatını davam etdirir. Yəni insanın hə­ya­tı tək öz bə­dəni ilə məh­dud­laşmayaraq yeni əra­zi­lərə yayılır. Və bu yayılmanın əsas formalarından bi­ri yara­dı­cılıq prosesidir. Düzdür, insanın yarat­dı­ğı əsərlər ruh formasında deyil, maddi təcəssüm for­­masında olur, lakin onlar başqa insanlar tə­rə­fin­dən can­lan­dırılaraq yeni həyat tapır. Nəticədə, bü­tün şüurlu həyat boyu ətrafı işıqlandırmış, səpə­lən­miş, paylan­mış ruh kifayət qədər yüngülləşir və onun bədəndən ayrılması, uçub getməsi də çox rahat olur.

Digər variantda, nə zaman ki, işləyən, «ya­nan» an­caq bədən olur və ruh «alovlana» bilmə­yə­rək tüstü­ləyir, hislənir-paslanır və nəhayət, bədən ya­­­­nıb qurtardıqdan sonra özünə yer axtarır. (Bunlar ar­tıq «incik» ruhlardır. On­­lar paylanmadığına və tü­kənmədiyinə görə ağırlaşır və rahatca uçub-gedə bil­­­mirlər. Və onların yerləşməsi məsələsi çox vaxt mü­əmmalı olur. Mə­sə­lə­nin bu tərəfi daha çox mis­tik xarakter daşıdığına görə, biz onu açıq qoyuruq.)

«Odu söndürüb külü ilə oynayırıq»
“Bizim dünya” xeyli dərəcədə yanmış, işıq­lan­­­mış, öz enerjisini istifadə etmiş və artıq so­l­maq­da, sönməkdə olan bir dünyadır. «Şair» niyə qa­ran­lıq dünyaya girir? Qaranlıqlar iki cür olur. Ya ta­ma­milə yanıb külə dön­müş, ya da hələ heç yan­ma­ğa başlamamış, bütün poten­sial enerjisini passiv halda da olsa özündə saxlayan bir dünya.

Lakin imkanlar dünyasında axının əksinə də get­mək olar, yolları görməyib kolların arası ilə də getmək, yıxıla-dura, iməkləmək də olar, geniş yola çıxıb atını dördnala çapmaq da!

Qaranlıqlara öz bəsit ağlı ilə bərabər girən və ora­da əllaməlik edən, fikirləşən və öz məhdud bilik «xə­zi­nə»sini işə keçirmək istəyənlərin orda işıqlı bir başlanğıc tapmaq şansları sıfra bərabərdir.

Öz hissi təcrübəsindən çıxış edərək təbiətin qanu­nauyğunluqlarını aşkara çıxaran insan uzaqba­şı elm mə­qa­mına yüksələ bilər. Yəni söhbət «hissi dün­ya» ad­lan­dırılan, yəni bizə hiss orqanlarımızla bəlli olan dün­ya­dan gedir. Ruhani dünya haqqında, dünyanın nəfsi və in­sanın mənəvi aləmi haqqında isə insana çox az bilik veril­mişdir (Quran-i Kərim).

Bizim bütün fəlsəfi düşüncələrimiz də bu az bi­liklər çərçivəsindən o tərəfə keçə bilmir. Çünki his­­si dün­ya ancaq ruhla, mənəviyyatla qarşılaş­dırı­lar­­­kən, an­caq onun işığında fəlsəfənin predmetinə çevrilir.
5 iyun, 2009

frame2

Dilin və fikrin potensialı

«Poeziya – söz sənətidir»
Adi danışıq dili, epik üslub, nəqli cümlələr qeyri-aşkar şüurun və hissiyyatın ifadəsi üçün ye­tər­li deyil. Hissiyyatın, əhvalın musiqi ilə və ya rən­glərin dili ilə ifadə edilməsindən fərqli olaraq po­eziya məhz təbii dilin imkanlarından istifadə edir; lakin bu dil adi danışıq di­lin­dən fərqli olaraq, mü­baliğələr, məcazlar, təşbehlərlə «bə­zə­dilmiş», ha­­be­lə ritm və ahənglə tamamlanmış xü­susi bir dil­dir. O, artıq poetik dil statusu almışdır. Bu dil qa­­fi­yə­yə, ahəngə, ritmə salınmış sözlər yox, daha çox də­­rə­cədə, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir.

Məqsədimiz hissiyyatı, əhvalı ifadə edən müx­təlif sənət növləri içərisindən məhz poeziyanı ayırmaq və onun «söz sənəti» olmaqdan başqa, «fi­kir sənəti» ol­maq iddiasını və bu xüsusda potensial imkanlarını araş­dır­maqdır.

Ənənəvi poeziya hadisələrdən, təzahürlərdən təsir­lənən şairin ürək sözlərini ifadə edir. Tə­­əs­sü­ratlar təfək­kür prizmasından keçərək həyatın, dün­ya­nın ən ümumi qa­nuna­uy­ğun­luq­larında iz sal­ma­mış, ideyalar səltənətinə qədəm qoymamış, intel­lekt süzgəcindən keçməmiş elə birbaşa, hansı isə ob­raz­larla, təşbihlərlə, bənzətmələrlə ifadə olunur. Həm də bu cəhət nə isə bir çatışmazlıq kimi yox, po­eziyanın rəmzi, tələbi kimi, bir məziyyət kimi qəbul edilir.

Hiss, duyğu necə yaranıbsa oxucuya eləcə, hə­­lə öz təravətini itirmədən, öz bakirəliyində təq­dim olunur. Əlbəttə, əgər bədii dilin buna qüdrəti ça­tarsa!

Poeziyaya bu cür münasibət Azərbaycanda o qə­­dər dərin kök atmışdır ki, ayrı-ayrı hal­lar­­da şa­ir­lər bu ənənədən uzaqlaşaraq mahiyyətləri, ümu­mi­lə­ri tərənnüm etmək «iddiasına» düş­dükdə, ədəbi tən­qid, hətta onların şöhrətindən, nüfuzundan çə­kin­mə­yərək, kəskin mövqe tut­­muş, onları «fəlsə­fə­çilikdə» günahlandırmışdır.

Lakin XX əsr Azərbaycan poeziyasında bu ta­bu­nu pozmaq meylləri də güclü olmuşdur. Sə­­­­məd Vur­ğun da, Rəsul Rza da bütün «fəlsəfəçilik» it­ti­ham­larına baxma­yaraq, vaxtaşırı kon­kre­t­­­­lik­dən ümu­miyə, mahiyyətə doğ­ru addımlar atmış və fəl­sə­fi poeziyanın gözəl nümunə­lərini ya­­ratmışdırlar.

Düzdür, Səməd Vurğunda fəlsəfilik tamam başqa üslubda və istiqamətdə, Rəsul Rzada isə xeyli fərqli for­mada özünü göstərir. Lakin formalar fərqli olsa da məğ­zi eynidir: poeziya fəl­sə­­fi qata yüksəlir. Səməd Vur­ğun fəlsəfə mərtəbəsinə poetik vüsət qa­nadlarında qalxır. Rə­sul Rza isə mahiyyət dün­yasına təhlil və düşüncə qapı­sından keçir. La­kin heç biri bu mərtəbədə hə­mi­­şəlik lövbər salmır və yenidən hissi dünyanın konkret ya­şan­tılarına qa­y­ıdaraq axıradək öz şa­ir missiyalarını ye­rinə yetirirlər.

Poeziya fikri tənbəlləşdirir
Şeiriyyət qanadlarında fikir də yüksəklərə uç­­mağa can atır. Yüksəlir, amma uzağa gedə bilmir.

Elm qatarında gedən fəlsəfə daha uzaq məsa­fələri qət edir.

Poeziya uzaqları yaxına, öz hüzuruna gəti­rir… Və fikir tənbəlləşir. Xəyalın gücünə adət edə­nin fi­kirləş­mə­yə ehtiyacı qalmadığına görə, fikir müs­təqil və sürəkli bir proses kimi institutlaşmır, ic­ti­mai­ləş­mir, başqa sözlə, elmiləşə bilmir. Və nə­ti­cədə uzağa da gedə bilmir.

Fizikadan məlumdur ki, səs dalğaları tez sön­dü­­yü­nə görə çox uzaqdan eşitmək mümkün olmur. Görmək olur, eşitmək olmur. Həm də işıq böyük sürətlə yayıldığı halda, səs yavaş gedir və tez sönür. Ona görə də, səsi uzağa daşımaq üçün onu işıq (elek­tromaqnit) dalğalarına yükləyirlər (modulya­siya). Bu yükləmənin çox unikal bir həll üsulu ta­pılmışdır. Amma biz indi fizikanın təfər­rüatına getmək istəmirik. Önəmli olan odur ki, zəifi, yo­ru­lanı (enerji itkisi çox olanı) yorulma­yanın üzərinə yükləyəndə o da uzağa gedə bilir.

Bax, Qərb fəlsəfi fikri məhz elm üzərinə yük­lənmiş və bunun sayəsində kumilyativlik əldə edə­rək daha uzaqlara (dərinliklərə, habelə təfə­r­rü­at­lara) getmək imkanı qazanmış bir fəlsəfədir.

Bu, əlbəttə, onun qazancıdır. Bəs bu izdivac­da fəl­sə­fənin itirdiyi nədir? Artıq itirmişdirmi, nəyi itir­miş­dir bu başqa sualdır. Amma bir şey şüb­hə­siz­dir ki, itirmək təh­lükəsi böyükdür. Həm də söh­bət nə az, nə çox – özü­nü itirməkdən, fəl­sə­fə­siz­ləşməkdən – elmi­ləş­mək­dən ge­dir.

Formadakı sərbəstlik fikrin də daha sərbəst ifa­də olunmasına imkan verir. Azərbaycan ədəbiy­ya­tında ən­ənəvi poeziya ilə yanaşı, sərbəst şeirin də yaranması bir qayda olaraq məhz bu cəhətdən də­yərləndirilir. Halbuki, bu, məsələnin zahiri tərə­fi­dir. Və belə təəssürat yaranır ki, əruz və heca vəz­nlərində müəyyən bir fikri ifadə et­mək çətinliyi çox vaxt fikrin çərçivələnməsi ilə nəticə­lənir. Sər­bəst vəzndə isə qafiyə, ritm əsas olmadığına görə, müəllif ancaq fikrin dəqiq çatdırılmasını ön plana çəkir.

Lakin məsələnin daha önəmli bir cəhəti yad­dan çıxır. Belə ki, ənənəvi şeir poeziyanın mahiy­yətini ifadə edən, onun tərifində önə çəkilən bir cəhəti – söz sənəti olmaq cəhətini özündə saxladığı halda, sərbəst vəzndə yazılan əsərlər bu tərifə bir o qədər də uyğun gəlmir. Yəni burada söz aparıcı rol oynamır. Heç fikir də aparıcı ola bilməz. Əks təq­dirdə fikir elə nəqli formada ifadə olunardı. Burada ilkin olan təəssüratdır. Və şeirin ya­zılması prosesi təəss­üratın ideya kimi formalaşması mərhələsindən keçir. Amma sərbəst vəznli şeirdə də ide­ya hələ tam (yəni konturları aydın və dəqiq olan elmi ideya sə­viyyəsində) formalaşmış ol­mur. Ona görə də, onun ifadəsi üçün yenə də bədii obra­za, metaforik va­si­tə­lərə ehtiyac yaranır. Sadəcə ola­raq, burada dil apa­rıcı rol oynamır. Ona görə, bu cür şeirlərin tər­cü­məsi də nis­bətən rahat olur. Apa­rıcı olan şairin dün­yagörüşü, bilik dairəsi, fikir arsenalıdır, yəni subyekt şairin özüdür. Müvafiq bilik səviyyəsi və fəl­­səfi dünyagörüşü olmayan şairlərin sərbəst vəzn­də yazdığı şeirlər heç bir də­yə­rə ma­lik deyil. Hal­buki, təbii ilhama malik olan, si­nəsi söz­lə dolu olan şairlər hər hansı bir kiçicik fi­kir ətrafında yazmağa başlayan kimi, dilin öz ahəngi və sintaktik in­for­masiya tutumu köməyə gə­lir və bu yaradıcılığın məh­sulu hər halda şeir olur.


  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə