Üzrə əyani şöbəsinin II kurs tələbəsi Qədirov Cavid Şixəli oğlunun




Yüklə 97.82 Kb.
tarix20.04.2016
ölçüsü97.82 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası

üzrə əyani şöbəsinin II kurs tələbəsi

Qədirov Cavid Şixəli oğlunun

<>

mövzusunda




S Ə R B Ə S T İ Ş İ №1


Fənn: Azərbaycan tarixi

Kafedra: Azərbaycan tarixi kafedrası

Elmi rəhbər: dosent Məmmədli Bəhram

Qrup: 823

S U M Q A Y I T - 2010

Plan:


  1. Abbasqulu ağa Bakıxanovun həyatı və siyası fəaliyyəti.

  2. Abbasqulu ağa Bakıxanovun elmi fəaliyyəti və pedoqoji xidmətləri.

  3. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri.


G İ R İ Ş
XIX əsr Azərbaycan xalqənən iqtisadi və mədəni inkişafı tarixində ziddiyyətli bir dövrü təşkil edir. Bu dövrdə bir tərəfdən məfkurə və mədəniyyət sahələrində köhnə feodal qalıqları hökm sürür, o biri tərəfdən qabaqcıl rus və Avropa mədəniyyəti, demokratik fikirlər, azadlıq ideyaları yayılmağa başlayırdı. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra yeni şəraitlə əlaqədar olaraq elm və mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik meylləri getdikcə daha da güclənir, həyatla bağlılıq, xalqla əlaqə telləri artmağa başlayırdı. Bədii ədəbiyyatda, elmin coğrafiya, astronomiya, tarix, ölkəşünaslıq, məntiq, psixologiya, dilşünaslıq və s. sahələrində müasir məzmunlu, yeni xarakterli əsərlər meydana çıxırdı.

Belə bir tarixi şəraitdə yeni maarifçiliyin ideya sələfi rolunda ağlın ehtiraslı tərənnümçüsü, çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov Qüdsinin elmi, ədəbi, fəlsəfi xidmətləri tarixi əhəmiyyət kəsb edir. A. Bakıxanov orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün zirvə məqamına M.F. Axundzadə ilə çatan yeni ictimai fikrin də ilk baniləri və klassik xadimləri sırasındadır.

Azərbaycan xalqının ictimai, mədəni, fikri inkişafı tarixində görkəmli yer tutan böyük simalardan biri də A. Bakıxanovdur. O öz dövrünün tanınmış alimi, mütəfəkkiri, istedadlı şairi və ilk Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi idi. XIX əsrin birinci yarısında yeni maarifçi-realist ədəbi cərəyanın yaranması müəyyən dərəcədə onun adı ilə bağlıdır.


Abbasqulu ağa Bakıxanovun həyatı və siyası fəaliyyəti
Abbasqulu ağa Bakıxanov Qüdsi Bakı xanlarının nəslindəndir. Onun Təbərsəranın qədim hakimləri nəslindən çıxan və Səfəvilər dövründə böyük dövlət qulluqlarında olan ulu babaları XVI əsrin axırlarında I Şah Abbasa qarşı çevrilən Xan Əhməd üsyanından sonra Bakı mahalına köçərək Ramana kəndində yaşamışlar. Həmin nəslin tanınmış cəsur nümayəndəsi Dərgahqulu bəy Abbasqulu ağa Bakıxanovun dördüncü babası sayılır. Xalq içərisində igidliyi və ağıllı tədbirləri ilə şöhrət qazanmış Dərgahqulu bəy XVIII əsrin birinci yarısında uzun illər Bakının hakimi olmuşdur.

Dərgahqulu bəydən sonra onun I Mirzə Məhəmməd xan (Nadir şahın ölümündən sonra) 1747-ci ildə Bakı xanlığının əsasını qoyaraq, özünü bu xanlığın birinci müstəqil xanı elan etmişdi.

I Mirzə Məhəmməd xandan sonra oğlu Məlik Məhəmməd xan onun yerinə keçdi. Məlik Məhəmməd xan 11 yaşlı oğlu II Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi altında Bakı hakimi təyin etdi. Özü Kərbəlaya gedib orada öldü.

II Mirzə Məhəmməd xannın hakimiyyəti uzun və müntəzəm sürmədi. O, 1791-ci ildə qardaşı Məhəmmədqulu xan tərəfindən sıxışdırılıb hakimiyyətdən qovuldu. 1806-cı ildə Quba xanlığı Rusiya ilə birləşdikdən sonra II Mirzə Məhəmməd xan Qubanın hakimi təyini edilmiş və bu vəzifədə o, XIX əsrin 20-ci illərinə qədər qalmışdı. Quba əyalətində olan Qaraqaşlı, Qulamlı, Qarabağlı, Rustov, Əmsar və Şıxnəzərli kəndləri ona təhkim edilmişdi. II Mirzə Məhəmməd xan Rusiya dövlətinə səmimi münasibət bəsləmiş və uşaqlarına rus təhsili verməyə çalışmışdır.

Abbasqulu ağa Bakıxanov həmin II Mirzə Məhəmməd xanın böyük oğludur. Abbasqulu ağa Bakıxanov 1794-cü ildə iyun ayının 21-də keçmiş Bakı qəzasının Əmirhacıyan kəndində anadan olmuşdur. Onun anası Sofiya xanım gürcü qızıdır.

Abbasqulu ağa Bakıxanovun ilk uşaqlıq illəri Əmirhacıyan, Balaxanı və Maştağa kəndlərində keçimişdir. Onun əsl vətəni, özünün də qeyd etdiyi kimi, Bakıdır. O öz atasından danışdığı zaman həmişə “bakılı II Mirzə Məhəmməd xan” deyə qeyd edirdi. Lakin o, Bakıda çox az yaşamış, ömrünün böyük bir hissəsini Qubada keçirdiyi üçün, buranı da özünün vətəni sayırdı. Qubada, əvvəl bir müddət Şeyx Əli xanın sarayında, sonra isə atasının Əmsar Kəndindəki malikanəsində yaşamışdır. Burada o, gözəl və nəcib xasiyyəti ilə hələ gənc yaşlarından özünə qubalılardan çoxlu səmimi dost qazanmışdır.

Abbasqulu ağa Bakıxanov təhsilə Bakıda başlamış, Qubada onu davam etdirmişdi. Qubada ruhanilərdən fars və ərəb dilində dərs alaraq hər iki dili öyrənmişdir. Fars və ərəb dillərini yaxşı bilməsi sayəsində Firdovsi, Xəyyam, Nizami, Xaqani, Mollayi-Rumi, Sə`di, Hafiz, Füzuli kimi böyük klassiklərin əsərləri ilə tanış olmuşdur.

1819-cu ilin dekabrında Abbasqulu ağa Bakıxanov Qafqazın baş hakimi A.P.Yermolov tərəfindən Tiflisə dəvət olunaraq, Şərq dilləri mütərcimi təyin edildi. Bu vəzifəyə təyin edildikdən sonra kiçik əyalət şəhəri olan Qubanı tərk edib, Gürcüstanın qədim paytaxtı Tiflis şəhərinə köçdü və burada yeni həyata başladı. Bakıxanovun fikri inkişafında Tiflisin mühüm rolu olmuşdur.

Gürcüstan Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra, Tiflisin siyasi və mədəni həyatı getdikcə dəyişməyə başladı. 20-ci illərdə Tiflis artıq Zaqafqaziyanın ən canlı mədəniyyət mərkəzinə çevrilmişdi. Tiflisdə olan bu illərdə A.S.Qriboyedov da yaşayırdı. Qriboyedovun Tiflisdə azərbaycanlılardan ən çox sevdiyi və və onunla ünsiyyət bağladığı şəxs Abbasqulu ağa Bakıxanov idi. O, dövlət başçılarına təqdim etdiyi raport və müraciətnamələrində “bizim Abbasqulu” deyə onu özünün ən yaxın və səmimi dostu, sədaqətli dövlət xadimi və zəkalı alim kimi göstərirdi. 1827-ci ildə Naxçıvan və İrəvan xanlıqları ilə danışıq aparmaq üçün Paskeviç tərəfindən Abbas Mirzənin yanına göndərilən hey`ətin içərisində Abbasqulu ağa Bakıxanov da var idi.

Bu illərdə Tiflisə rus şerinin günəşi, dahi A.S.Puşkin də gəlmişdi. O, 1829-cu il Rusiya-Türkiyə müharibəsi zamanı Qafqaza gələrək iki həftə Tiflisdə yaşamış və oradan Ərzuruma gedərək, ordu qərargahında qulluq edən azərbaycanlı zabitlər ilə tanış olmuşdu. Bir ehtimala görə, o, burada Abbasqulu ağa Bakıxanovla da görüşmüşdü. XIX əsrin 30-cu illərində Tiflisdə rus şairlərindən Y.P.Polonski və polyak inqilabçılarından Lado Zablotski də yaşayırdı. L.Zablotski Abbasqulu ağa Bakıxanovun yaxın əlaqə saxladığı dostlarından idi. Abbasqulu ağa Bakıxanov da Tiflisdə qulluq etdiyi illərdə Rusiyanın qabaqcıl adamları ilə əhatə olunaraq, bunların vasitəsi ilə Rusiyanın mədəni nailiyyətlərindən istifadə etməyə imkan tapırdı. Onun dünyagörüşü belə bir mühitdə təşəkkül tapmış və inkişaf etmişdi.

1823-cü ildə Abbasqulu ağa Bakıxanov Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü təyin edilmişdi. Qarabağa səfəri zamanı o bu əyalətin qədim tarixini, coğrafiyasını və etnoqrafiyasını öyrənmək, gələcək “Gülüstani-İrəm” əsəri üçün zəngin material toplayırdı. Həmin ildə Rusiya və İran dövlətləri arasında sərhəd məsələsini müəyyənləşdirən xətt üzrə general Velyaminovun başçılığı ilə səfərə çıxır, hərbi vəzifəsi ilə əlaqədar olaraq bir çox yerləri gəzir.

I Nikolay höküməti Yermolovdan şübhələndiyi üçün, 1827-ci ilin mart ayında onu qraf Paskeviçlə əvəz etdi. Abbasqulu ağa Bakıxanovun Rusiya dövlətindəki qulluğunun parlaq dövrü də bu zamandan başlayır. Onun irəli çəkilməsi və ordenlərlə təltif edilməsi Paskeviçin Qafqazda baş hakim olduğu dövrə təsadüf edir. Paskeviç Qafqaza baş hakim təyin olunduqdan sonra Abbasqulu ağa Bakıxanovu özünün tabeliyindəki adamlarından ən yaxını hesab edərək onu böyük bir etibarla irəli çəkirdi. 1826 – 1828-ci il Rusiya-İran və 1829-cu il Türkiyə müharibələri zamanı Paskeviç bu hökümətlərlə sülh danışıqlarını onun vasitəsi ilə aparırdı. A.Bakıxanovun diplomatik sahədəki fəaliyyəti və Qriboyedovla olan ünsiyyətinin möhkəmlənməsi də bu dövrə aiddir.

1827-ci ilin noyabrında İran Azərbaycanında (Dehxarqanda) Paskeviçin sədrliyi, Qriboyedovun katibliyi ilə Rusiya – İran dövlətləri arasında sülh məclisi açılır. Abbasqulu ağa Bakıxanov da həmin məclisdə Rusiya dövlətinin nümayəndəsi kimi iştirak edir. Dehxarqanda sülh danışıqları aparıldığı zaman Abbasqulu ağa Bakıxanov İran Azərbaycanı şairlərindən Fazil xan Şeyda ilə tanış olub, onu Paskeviçə təqdim edir.

Fazil xan Şeydanın İran şahlarının zülmündən azad olub Zaqafqaziyaya gəlməsində və burada müasir ruhda əsərlr yazmasında Abbasqulu ağa Bakıxanovun, şübhəsiz böyük rolu olmuşdur.

Abbasqulu ağa Bakıxanovun İran Azərbaycanında gördüyü faydalı işlərdən biri də Ərdəbildə rus qoşunlarının əlinə keçən zəngin Şərq kitabxanasının tədqiqi ilə məşğul olmasıdır. Qraf Paskeviç o zaman bu işi Qriboyedovla Bakıxanova tapşırmışdı. Çox qiymətli olan Ərdəbil kitabxanası rus qoşunlarının mühafizəsi altında Tiflisə daşındıqdan sonra, Abbasqulu ağa Bakıxanov oradakı əlyazmaları üzərində işləyərək Şərq müəllifləri tərəfindən yazılmış əsərlərin kataloqlarını tərtib etmişdir.

Abbasqulu ağa Bakıxanov 1832-ci ildə Bakıda rus dilində məktəb açmağa təşəbbüs göstərir və bu barədə hökümətə layihə təqdim edir. Layihədə bu sətirləri yazır: “Maarifə doğru ilk addım məktəb təsis etməkdir. Mən həmvətənlərimin faydası üçün var qüvvəmi bu işə həsr edirəm və öz nəzarətim altında məktəb təsis etmək haqqında fikir irəli sürməyə cəsarət edirm.”

Müharibələr qurtardıqdan sonra Abbasqulu ağa Bakıxanov dinc şəraitdə elmi fəaliyyətə başlamaq istəyir, məlumat və təcrübəsini artırmaq məqsədi ilə Rusiyaya səyahətə çıxmaq fikrinə düşür. Elmə həris olan alim bu xüsusda dövlət başçılarına müraciət edib, fikrini onlara bildirir və nəhayət, hökümətdən iki illik məzuniyyət və icazə aldıqdan sonra Rusiyanın mərkəzi şəhərlərinə səyahətə çıxır. 1833-cü ilin noyabrında Polşanın mərkəzi şəhəri olan Varşavaya gəlib çıxır. O zaman Varşavada Qafqazın keçmiş baş hakimi və sərkərdəsi feldmarşal qraf Paskeviç yaşayırdı.

Abbasqulu ağa Bakıxanov Varşavaya Paskeviçin yanına gəlmişdi ki, onun vasitəsilə həmişəlik məzuniyyətə çıxa bilsin. Paskeviç Varşavada onu çox yaxşı qəbul etmiş və haqqında böyük qayğıkeşlik göstərmişdir. Abbasqulu ağa Bakıxanov “Mişkatül-ənvar” (“Nurlar-mənbəyi”) əsərində bu hakimin lütflərinə nail olduğunu, onun tərəfindən təşkil olunan ziyafət məclislərinə çağırılaraq mehribanlıqla qarşılandığını, ümumiyyətlə, onun sayəsində Varşavada xoş və fərəhli həyat keçirdiyini qeyd edir.

Bu illərdə Varşavada “Rəşid bəy və Səadət xanım” hekayəsinin müəllifi İsmayıl bəy Qutqaşınlı, gürcü yazıçısı Georgi Eristavi və A.S.Puşkinin bacısı Olqa Sergeyevna Pavlişşeva yaşayırdılar. İsmayıl bəy Qutqaşınlı o zaman Varşavadakı rus ordu hissələrində xidmət edirdi.

Onun Varşavada yaxından tanış olduğu ailələrdən biri də A.S.Puşkinin bacısı Olqa Sergeyevna Pavlişşeva idi. Abbasqulu ağa Bakıxanov Varşavadan Peterburqa gələrkən özü ilə bərabər onun məktubunu Puşkinin ailəsinə gətirmişdi. 1834-cü ilin mayında Abbasqulu ağa Bakıxanov Varşavanı tərk edərək Peterburqa gəlir və iyulun ortalarına qədər təxminən iki ay burada qalır. Peterburqda o, A.S.Puşkin, onun atası Sergey Lvoviç, anası Nadejda Osipovna, qardaşı Lev və bunların vasitəsi ilə kübar rus ailələrindən knyaz Vyazemski, qrafinya İveliç, xanım Sofiya Karamzina, xanım Meşşerskaya və başqaları ilə tanış olur; özünün şirin söhbətləri və gözəl xasiyyəti ilə Puşkinin ailəsinin dərin hüsn-rəğbətini qazanır.

Puşkinin anası Nadejda Osipovna Peterburqdan qızı Olqaya göndərdiyi 1834-cü il 25 may tarixli məktubunda polkovnik Abbasqulu ağanın Varşavadan Peterburqa gəlməsi haqqında yazır: “Əzizim Olqa, biz sənin məktubunu, özün güman etdiyin kimi, düz atanın anadan olduğu gün aldıq, sənin belə diqqətli olmağın bizi mütəəsir etdi. Bizə belə yaxından bağlı olduğunu bildirməkdən çəkinməməyin həyatımızın son günlərində bizi xoşbəxt edir.

Abbasqulu ağa sənin məktubunu almağımızdan bir neçə saat sonra gəlib özünü bizə təqdim etdi: nə qədər gözəl adamdır, elə yaxşı mühasibdir ki... Onun davranış ədalarını çox sevirəm, ondan son dərəcə xoşum gəlir. Onu bizə göndərdiyin üçün sənə təşəkkür edirəm. Varşavadan gələrkən o, Riqanın yaxınlığında və haradasa isə daha başqa bir yerdə dayanmış olduğu üçün uzun zaman yolda qalmışdır. Lev və Aleksandr onu görməkdən çox məmnun oldular. O, bizdənahar etdi. Bu zaman madam Venevetnova öz oğlu və qardaşı ilə, habelə qrafinya İveliç, xanım Neymiç və Sobolevski də bizə idilər. Mənim əziz dostum Abbasqulu ağa bizə səndən, Peterburqa gəlməyi arzu etmədiyindən çox danışdı. Lakin o mənə Kovnodan Riqaya qədər yolda kareta olmadığından və bu yolu gələrkən sənə üz verə biləcək müsibətlərdən danışarkən, mən səni, indi Varşavada hər gün asudəcə gəzdiyini və bizimkindən daha isti bir hava ilə nəfəs aldığını bilib, allaha şükür edirəm”.

Nadejda Osipovna Peterburqdan Varşavaya qızı Olqaya yazdığı 8 iyun tarixli ikinci məktubunda yenə Abbasqulu haqqında u sözləri yazır: “Abbasqulu ağanı, dəmk olar ki, heç görmədiyim üçün çox acıqlıya; o, bir dəfə bizdə nahar etmiş, sonra 2-3 dəfə gəlmiş və məni tapmamışdır. Son dəfə o yenə mən evdə olmadığım zaman gəlmiş və atanla bir neçəsaat söhbət etmişdir”.

Onun Mixaylovski kəndindən yenə qızı Olqaya yazdığı 19 iyun tarixli məktubunda Abbasqulu haqqında bu sətirlərə rast gəlirik: “Abbasqulu çox nəzakətlə bizimlə vidalaşdı. O məni bir neçə dəfə qucaqladı. Mən sənə və Levə bəslədiyim dostluq münasibətlərimdə mənim də haqqım olduğuna onu inandırdım. Bu mənim üçün daha xoşdur. Mən onu səmimi qəlbdən sevirəm. O həqiqətən çox yaraşıqlı və şübhəsiz, sənin bizə təsvir etdiyin kimidir. Mən onunla birlikdə olanda özümü çox sərbəst hiss edirdim”.

Peterburqda Abbasqulu ağa Bakıxanovun görüşdüyü əhəmiyyətli simalardan biri də Azərbaycan alimi və şairi Mirzə Cəfər Topçubaşov idi. O, Peterburqda görkəmli dilçi, şərqşünas alim və istedadlı şair kimi tanınmışdı.

Peterburqda Abbasqulu ağa Bakıxanov iki aya qədər qalaraq daimi məzuniyyətə çıxmağa nail oldu. Onun ərizəsinə I Nikolay şəxsən özü baxıb, həmişəlik məzuniyyətə çıxmasına maaşının saxlanılması və lazım gəldiyi təqdirdə geri qaytarılması şərti ilə razılıq vermişdi.

Abbasqulu ağa Bakıxanov 1834-cü ildə iyul ayının təxminən ortalarında Peterburqu tərk edərək Odessa yolu ilə Tiflisə və oradan da Qubaya qayıtmışdır. Həmişəlik məzuniyyətə çıxdıqdan sonra o, Tiflisdən Qubaya köçərək 1835-ci ildən etibarən burada atasının Əmsar kəndində olan malikanəsində yaşamış, Qubada elmi və ədəbi fəaliyyətini davam etdirərək “Təhzibül-əxlaq”, “Kitabi-nəsihət”, “Kitabi-Əskəriyyə”, “Mişkatül-Ənvar” əsərlərini yazmışdır.

Bu illərdə o, Qubada “Gülüstan” adlı ədəbi məclis təşkil etmiş, Qubanın tanınmış şair və ziyalılarını bu məclisə toplayıb vaxtını onlarla şer yazmaqda və arifanə söhbətlərdə keçirmişdir.

1841-ci ildə Abbasqulu ağa Bakıxanov uzun illər çəkdiyi zəhmətin və apardığı ciddi tədqiqatın məhsulu olan məşhur “Gülütani-İrəm” əsərini fars dilində yazıb qurtarır. “Gülüstani-İrəm”in rus dilinə tərcüməsi və nəşri uğrunda çalışması ilə əlaqədar olaraq, o tez-tez Tiflisə gedir və fasilərlə burada yaşayırdı. Bu illərdə Tiflisdə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, erməni yazıçısı Xaçatur Abovyan, Mirzə Şəfinin şagirdi alman şairi Fridrix Bodenştedt, polyak şairi Lado Zablostski və rus şairi Y.P.Polonski yaşamaqda idi. Bunlardan başqa həmin illərdə Zaqafqaziyaya fransız səyyahı qraf Syuzanne, alman alimi professor Karl Kox, Qazan universitetinin proferssoru İ.N.Berezin gəlmişdi. Abbasqulu ağa Bakıxanovun həmin adamlarla tanışlığı bu dövrə aiddir.

Qraf Syuzanne 1840-cı ildə Zaqafqaziyaya səyahət etdiyi zaman Tiflis, Bakı və Qubaya gəlmiş, burada Abbasqulu ağa Bakıxanovla tanış olmuşdu. Bu tanışlıq “Gülüstani-İrəm” əsəri müəllifinin tarixi araşdırmalarla ciddi məşğul olduğu bir zamana təsadüf edir. Qraf Syüzanne Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasətini kəskin tənqid edərə “Səyahət xatirələri” adlı əsərində “Gülüstani-İrəm” əsərinin müəllifini tarix sahəsində ciddi tədqiqat aparan yorulmaz alim kimi təsvir etmiş, onun bu sahədəki kəşflərindən danışmışdır.

Səyahəti zamanı Qubadan keçib gedən və Abbasqulu ağa Bakıxanovun evində bir neçə gün qonaq qalan professor İ.N.Berezin də onun tarixi araşdırmalarla ciddi məşğul olduğunu “Daqğıstana və Zaqafqaziyaya səyahət” adlı əsərində qeyd etmişdir.

1834-cü ildə Qubada Abbasqulu ağa Bakıxanov İen universitetinin professoru nəbatət alimi Karl Henri Emili Koxla görüşür və “Gülüstani-İrəm”in Almaniyada, müəllifinə çoxlu qazanc yetişməsi şərti ilə, nəşrini ona təklif etdi. Lakin əsərin nəşri haqqında Peterburqdan cavab gözləyən və Rusiya vətəndaşlığı hissi ilə yaşayan alim, Koxun təklifini qəbul etmir. Karl Kox 1845-47-ci illərdə Veymarda almanca nəşr etdirdiyi 3 cildlik “Şərqə səyahət” əsərində Abbasqulu ağa Bakıxanovdan bəhs edərək onun xüsusilə, astronomiya sahəsində bilikli alim, dərin düşüncəli orijinal mütəfəkkir olduğunu qeyd edir.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərinin ruscaya tərcüməsi ilə xeyli məşğul olmuşdur. “Gülüstani-İrəm”in ruscaya 1844-cü ildə tamamlandıqdan sonra müəllif onu çap olunmaq üçün Peterburqa I Nikolaya göndərdi. Əsər imperator tərəfindən qəbul olunaraq baxılmaq üçün Akademiyaya verildi. Alimlər əsərin zəif və nöqsan tərəflərini göstərməklə bərabər, elmi əhəmiyyətini də qeyd etmişdilər.

Elm sahəsində öz bilik və təcrübəsini artırmaq məqsədi ilə Abbasqulu ağa Bakıxanov 1845-ci ildə Şərqə səyahət etmək fikrinə düşür və bu xüsusda ali hökümət dairələrinə müraciət edərək icazə alır.

Abbasqulu ağa Bakıxanov Şərqə səyahətində əsas məqsədi Şərqi öyrənmək idi. Səyahətinin yol planı da bunu aydın göstərməkdədir. O, səyahətə 1846-cı ilin martında çıxır və ilk əvvəl İrana gedərək, mart və aprel aylarını Təbrizdə keçirir. Təbrizdən Abbasqulu ağa Bakıxanov İranın paytaxtı Tehrana gedir. İki aydan artıq burada qalıb İranın görkəmli dövlət adamları, alim və yazıçılarını, qədim mədəniyyətini, incəsənətini və s. öyrənmişdi. Abbasqulu ağa Bakıxanov əvvəlcədən tərtib olunmuş yol planı üzrə Tehrandan Bağdada və oradan da Məkkəyə hərəkət etməli idi. Lakin knyaz Dolqorukinin məsləhətinə görə, o bu planı pozub Məkkəyə İstanbul və Misir yolu ilə getməli olur. İstanbulda Abbasqulu ağa Bakıxanov Türkiyə sultanı tərəfindən qəbul olunur. Qəbul zamanı o özü apardığı “Əsrarül-Mələküt” əsərinin ərəbcə əlyazmasını sultana verir. Bu əsər Həyatzadə Seyid Şərif təsəfindən türk dilinə tərcümə edilərək, 1848-ci ildə İstanbulda ərəbcə mətni ilə birlikdə “Əkarün-cəbərüt” adı ilə nəşr olunur. Həmin əsərdə müəllifin tərcümeyi-halı haqqında bəzi məlumat verilərək, onun Bakı xanlarının nəslindən olduğu, yaşının 50-dən keşməsi, Məkkədən qayıtması, elmdə böyük məharəti olan şöhrətli və bilikli alimlərdən sayılması və s. qeyd edilir. İstanbulda bir ay qaldıqdan sonra nəzərdə tutulan yol planı üzrə səyahətini davam etdirərək ərəb ölkələrinə yola düşür. Misiri gəzib bir müddət Qahirədə qalır. Burada alim və yazıçılarla tanış olur. Onun məqsədi vətənə qayıtdıqdan sonra gəzdiyi yerlərin vəziyyəti haqqında elmi əsər yazmaq idi, lakin ölümü buna imkan vermədi. O, Ərəbistanın isti səhralarını dolaşarkən, vətənindən uzaqlarda Mədinə və Məkkə arasında “Vadiyi-Fatimə” adlanan yerdə 1846-cı ildə vəba xəstəliyindən vəfat etdi.

Vəfat etdiyi yerdə də dəfn olundu. Lakin böyük Azərbaycan alim və şairinin məzarından bu gün orada heç bir iz və nişan qalmamışdır.


Abbasqulu ağa Bakıxanovun elmi fəaliyyəti və pedoqoji xidmətləri
Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı “Qanuni-Qüdsi” əsəridir. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, “Hərflər”, “Kəlmələr” və “Cümlə” adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.

1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. “Qanuni-Qüdsi”də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir.

“Qanuni-Qüdsi” əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri “Kəşfül-qəraib”, o birisi “Ümumi coğrafiyadır”dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan “Kəşfül qəraib” Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan “Ümumi coğrafiya” əsəri haqqında müəllif özü belə məlumat verir: “Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir”.

“Kəşfül-Qəraib”- Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov “Məriz” təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır.

“Ümumi coğrafiya”, fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. “Gülüstani-İrəm”də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində “Əsrarül-Mələkut”u yazarkən özünün “Ümumi coğrafiya” əsərindən müəyyən qədər istifadə etmişdir.

“Əsrarül-mələküt” əsərinin müqəddiməsində həmin əsərin “Ümumi coğrafiya” kitabının “riyazi hissəsindən” götürüldüyü qeyd olunur. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur.

Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri “Təhzibül-əxlaq”, digəri isə “Kitabi-nəsihət”dir.

“Təhzibül-əxlaq” əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir.

Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır.

Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır.

“Təhzibül-əxlaq” müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. “Təhzibül-əxlaq” əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir.

“Təhzibül-əxlaq” əsərində müqəddimədən sonra gələn “E`tidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə yetişməsin.

Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir.

Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan “Xatimə”də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir.

Burada Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir.

“Təhzibül-əxlaq”dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. “Kitabi-nəsihət”də 102 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlnır.

Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti “Təhzibül-əxlaq”dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. “Kitabi-nəsihət”in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir.

Uşaqların əxlaqının yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir.



Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri
Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında “mənim uzun illər zəhmətimin məhsuludur” – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir.

Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.

“Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:


  1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.

  2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.

  3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.

  4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.

  5. Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.

Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir.

Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır.

Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.

“Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.

“Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.



NƏTİCƏ
Abasquluağa Bakıxanov Qüdsi Azərbaycan xalqının ensiklopedik biliyə malik olan mütəfəkkir simalarından biridir. O, tarix,fəlsəfə, nücum, sərf-nəhv, ilahiyyət və etikaya aid qiymətli əsərlər müəllifi, fəal maarifçi, eyni zamanda klassik Azərbaycan poeziyasının bütün sirlərinə bələd olan qüdrətli bir şair kimi tanınır. Ədəbi-bədii irsi dərindən öyrənildikcə Bakıxanov gözlərimiz qarşısında daha da böyüyür. Onun XIX əsrin birinci yarısında yaşamış görkəmli rus və Avropa alim və şairlərilə bir cərgədə durduğu ürəyimizi sonsuz iftixar hissilə doldurur. A.Bakıxanovun yaradıcılığına küll halında baxdıqda dünyagörüşündəki bəzi ziddiyyətləri də görürük. Bu, şübhəsiz onu əhatə edən ictimai mühitdən, sarsılmaqda olan feodalizm ilə yaranmaqda olan kapitalizm arasında baş qaldıran ziddiyyətlərdən və şairin patriarxal dini baxışları ilə realist, hətta bəzən materialist görüşləri arasındakı çarpışmadan irəli gəlirdi.

A.Bakıxanovun bizə yadigar qoyub getdiyi əsərlər aşağıdakılardan ibarətdir:

Şerlər külliyyatı-buraya şairin “Mişkatül-ənvar” adlı poeması, avtobioqrafik şerləri, mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai və məsnəviləri daxildir.

Uzun müddət Bakıxanovun şerlər divanı itmiş hesab edildiyindən o, bir şair kimi tədqiq edilməmişdi. Lakin bu sətirlərin müəllifi həmin külliyyatı Respublika Əlyazmaları Fondunda tapıb, fars dilində yazılmış bütün şerlərini Azərbaycan dilində nəşr etdikdən sonra, alimlərimiz Bakıxanov Qüdsini qüdrətli bir şair kimi də tədqiq və təhlil etməyə imkan tapdılar.

“Riyazül-Qüds”- A.Bakıxanovun ilk əsərlərindən biridir. Doğma Azərbaycan dilində yazdığı bu əsər əsasən mərsiyə xarakteri daşısa da, yeri gəldikcə onu dinlə əlaqəsi olmayan lirik şerlərlə bəzəmişdir: Bu şerlər əsas mətndən ayrı – müstəqil əsər kimi oxunduqda, şairin hələ yaradıcılığının ilk dövrlərində nə qədər bədii və gözəl şerlər yarada bildiyinin şahidi oluruq. A.Bakıxanov bir çox başqa klassiklərimizdən fərqli olaraq öz əsərlərinin yazılma tarixini göstərdiyi üçün yaradıcılığındakı inkişaf xəttini müəyyən dərəcə izləmək mümkündür. Məsələn o, ”Riyazül-Qüds”in yazılma tarixini “əbcəd” hesabilə (əsərin adındakı hərflərlə) göstərmişdir. Bu sözlər rəqəmə çevrildikdə hicri 1236 (miladi 1820)-ci ili göstərir ki, buradan da müəllifin həmin əsəri 26 yaşında ikən yazdığı aşkar olur. Bu əsərdə sənətkarlıqla qələmə alınmış şer parçalarından aydın olur ki, A.Bakıxanov lap gənc yaşlarından ana dilində şer yazmağa başlamış və bu şerlərin bir qismini sonradan “Riyazül-Qüds”ə daxil etmişdir. Bu əsərdə Vaiz-Kaşifinin “Rövzətüş-şühəda”, Məhəmməd Füzulinin “Həqiqətüs-süəda” və Məhəmməd Bağır Məclisinin “Cilail-üyün” əsərlərinin təsiri var.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. Azərbaycan tarixi S.Əliyarlının redaktəsi ilə. Bakı, 2009. 861 səh.

  2. Azərbaycan tarixi VII cilddə - IV cild. Bakı,2007. səh 504.

  3. F.Qasımzadə - XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. 486 səh.

  4. Aarslı H., Arif M. – Ədəbiyytşünaslıq elminin tərəqqisi. Bakı, 1957.

  5. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.

  6. A.A.Bakıxanov – Gülüstani-İrəm. Bakı, 1952.

  7. E.Qarayev-XVIII əsr rus və avropa səyyahları Azərbaycan haqqında. Bakı, 2005

  8. İnternet resurs: http://www.az.wikipedia.org

  9. İnternet resurs: http://www.kayzen.az

  10. İnternet resurs: http://www.anl.az


MÜNDƏRİCAT
GİRİŞ----------------------------------------------------------------------------------1

Abbasqulu ağa Bakıxanovun həyatı və siyası fəaliyyəti----------------------1

Abbasqulu ağa Bakıxanovun elmi fəaliyyəti və pedoqoji xidmətləri-------6

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri------------------------9



NƏTİCƏ------------------------------------------------------------------------------11

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT----------------------------------------12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə