Ümummilli Lider Heydər Əliyevin




Yüklə 0.72 Mb.
səhifə2/7
tarix22.02.2016
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7

Tofiq HACIYEV

AMEA-nın müxbir üzvü,

AMEA Folklor İnstitutunda

Dədə Qorqud” şöbəsinin müdiri


ÖZÜ, VARİSİ VƏ ANA DİLİ
Orta əsrlər Avropa maarifçilərinin qənaətinə görə, döv­lət başçısı filosof olmalıdır. Bu fikir o zaman söylən­miş­di ki, fəlsə­fə bütün elm sahələrini özündə cəmləşdirirdi. Həmin fikrin canı odur ki, dövlətin başçısı dövlət siyasətini yürü­dəndə elmə əsas­lansın. Elm də, ədəbiyyat da, sənət də yük­sək mədəni inkişafın nəticəsidir. Və bunların hamısı mə­də­ni yetkinliyin məhsulu ol­maq etibarilə mədəniyyətin tərkib his­sələridir. Siyasi mə­də­niyyət, döv­lət-idarəçilik mədəniy­yəti o zaman kamil olur ki, möhkəm elmi təməl üstündə dur­sun. Mən oxuyub bildiyim bu keyfiyyətləri bilava­sitə, əyani şə­kil­­də mərhum Prezidentimiz Heydər Əliyevin şəx­sində gör­mü­şəm. Mən görmüşəm ki, O, cəmiyyətin hər han­sı bir züm­rə­si ilə görüşə gedəndə müvafiq sahə ilə bağlı təd­qi­qat apa­rar, möv­cud təcrübəni təhlil edər və auditoriyanın qarşı­sına çı­xardı. Buna görə də O, musiqi xadimlərinin profes­sional yığın­cağında yüksək intellekt sahibli bir sənət­şü­nas kimi, ya ədə­biy­yat tariximizin bir nəhəng nüma­yəndəsinin yubile­yin­də mükəm­məl bir ədəbiyyatşünas kimi çıxış edər­di. Öz fitrə­tindəki iste­dadının verdiyi təbii qabiliyyətini apar­dı­ğı həmin sinxron tədqiq və təhlillərlə daha da dolğun­laşdı­rardı. Təbii ki, hər elm, sənət, peşə sahəsinin öz spesifik ter­minologiyası olur. O, termi­nolo­gi­ya­ya bələd olmadan müva­fiq audito­ri­ya­da gedən söhbəti, müza­ki­rəni nəzarətdə sax­lamaq, onu idarə etmək mümkün deyil. Yax­şı ya­dım­dadır: H.Əliyev MK-nin birinci katibi gələndən sonra Azərbay­can yazıçı­la­rı­nın ilk qurultayı keçirilirdi. Qurul­tay­­da geniş, tarixi bir çıxış elədi. Çıxış, təbii, birinci, dolğun məzmunu ilə alqışlandı. İkin­ci və bundan çox diqqəti çəkən bu çıxışın dili oldu. Çı­xışın məz­munu salonu ona görə təəc­cüb­ləndirmədi ki, o, bu çıxış üçün material toplamış və ha­zır­­laşmışdı. Ancaq bir həf­təyə, on günə dil öyrənmək ol­maz­dı ki. Ömrü boyu çalışdığı yüksək vəzifələrdə həmişə rus dilini işlətmiş dövlət başçısı ana di­lində, Azərbaycan türkcəsində necə təmiz, rahat, into­nasi­yası, nəfəsi, vurğu­ları yerində olan bir nitq söylədi! Bu­rada qırx ildən də çox keçən bir vaxtda mə­nim yad­daşımdan silinməyən xeyli hadisələr oldu. Çox bö­yük istedad sahibi, böyük nüfuz sa­hi­bi yazıçı­larımızdan biri ədəbiyyatda özünü göstərən konyukturanın əleyhinə danışdı.

Konyuktur ədəbiyyat anlayışında, adətən, yüksək bədii sə­nətkarlıqla yox, şüurlu düşünülmüş, deyək ki, dövlət si­fa­rişi ilə yazılmış əsərlər nəzərdə tutulur. H.Əliyev onu da­yan­dırdı. Ədə­biyyatın dövlətə, dövlətçiliyə xidmət gös­tər­mə­yə borclu oldu­ğu­nu dedi. Dedi ki, əlbəttə, dövlətçiliyə xid­mət edən əsər zəif, sxe­matik olmamalıdır. Dedi, yadı­nı­za salın ki, Lenin L.Tolstoyu rus inqilabının güzgüsü ad­lan­dırıb.

Həmin qurul­taydan başqa bir hadisə. İstedadlı tənqid­çi­miz Qulu Xəlilov çıxı­şında vəzifəlilərə xeyli irad tutdu. İc­lası İsaq İbrahimov aparırdı. Ayağa qalxdı ki, Qulunun vax­tının qurtar­masını ona bildirsin. H.Əliyev onun qolundan tutub oturtdu. Bu o demək idi ki, tənqidə meydan vermək lazımdır. Böyük salonda gurultulu bir alqış qopdu. Və alqış xeyli çəkdi. Qulunun arxası rəyasət heyətinə qarşıydı. Ar­xa­da nə olduğunu, salonun nəyə əl çaldığını bilmirdi, elə bi­lirdi ki, camaat ona əl çalır. Ona görə alqış kəsiləndə Qulu de­di ki, yoldaşlar, çox əl vurmayın, bunun düşər-düşməzi olar. Bu sözə salon da güldü, H.Əliyev özü də. Bu qurul­tayda o vaxta qədər görmədiyimiz, dövlət baş­çı­sının iştirak etdiyi məclisdə şahidi olmadığımız başqa söhbətlər, ha­di­sələr də oldu. Olmamış, görünməmiş şeylər­dən biri o olmuş­du ki, qu­rultayqabağı Mərkəzi Komitənin birinci katibi ya­zıçıları, şairləri dəstə-dəstə – yaşlı nəsli bir, orta nəsli bir, gəncləri də bir qrup qəbul etmişdi. Bunlar hamısı ölkədə ya­ranan təzə ab-havadan xəbər verirdi. Bü­tün bunlarla yanaşı, məncə, qu­rultayın sonunda olan bir ha­di­sə çox ibrətli idi. Sonda SSRİ yazıçılarının Moskva qu­rul­tayına namizədlərin siyahısı oxun­du. Orta nəsildən bir yazıçı qalxdı ki, siyahıya mən də düşməliyəm. Siyahıda M.Rahimin də adı vardı. M.Ra­him iki il olardı ki, yorğan-döşək xəstəsi idi. Bir nəfər yerdən təklif etdi ki, bu istəyən adam M.Rahi­min yerinə əla­və olunsun. Hamı razılaşdı. Mərkəzi Ko­mi­tə­nin birinci katibi yenə mə­sə­ləyə qa­rışdı. Dedi ki: Məmməd Rahim xalq şai­ridir, Mos­kva­ya gedən si­yahıda onun adı hökmən olma­lıdır; bu si­ya­hıda xalqın, döv­lətin mədəniyyəti, ədəb-ərkanı görün­məlidir. Salon bu düzəlişə əl çaldı. Həmin yazıçıya Moskva­dan xa­hişlə bir yer alındı, Rahim də siyahıda sax­­landı. Bu etika, ağsaqqala hörmət norması hamının ürəyin­dən oldu. Bu, döv­lətçilik, idarəçilik, rəhbərlik etikası idi. Bu, Heydər Əli­yevin iş üslubu, rəhbərlik üslubu idi.

Bu üslubdan Azərbaycanın dövlətçilik tarixində çox şey­lər qaldı. Mən yenə ədəbiyyatla, mədəniyyətlə bağlı bir faktı yada salmaq istəyirəm. SSRİ zamanında, adətən, Sosia­list Əməyi Qəhrə­ma­nı adını kolxozçulara, fəhlələrə verər­di­lər. Çox nadir hallarda bu addan mədəniyyət adam­la­rına da pay düşərdi. Ancaq Heydər Əliyevin rəhbərliyi dövründə bu kiçik respublikadan on nəfərə yaxın ədə­biy­yat, incəsə­nət, mu­siqi xadimi həmin ada layiq görüldü. Bö­yük-böyük res­publikaların heç birində bu kəmiyyəti görmə­dik. Bu, sovet dövlət rəhbərliyində H.Əliyevin şəxsiy­yətinə olan hör­mət­dən irəli gəlirdi. O, öz şəxsiyyəti, öz hörməti ilə millətini, dövlətini tanıdırdı, şöhrətləndirirdi.

Yadımdadır, Rəsul Rzanın döşünə Sosialist Əməyi Qəh­­rə­manı ulduzunu ta­xan­da xalq şairimiz Məhəmməd Ha­dinin bu misralarını dedi:
Qoymuş miləl imzasını övraqi-həyata,

Yox millətimin xətti bu imzalar içində.
Və üzünü H.Əliyevə tutub əlavə etdi ki, Siz milləti­mi­zin adını həmin imzaların siyahısına yazdınız.

Milləti tanıtmaq, milləti şöhrətləndirmək H.Əliyevin ida­rə­çiliyində baş xətt idi. Bunun üçün xalqımızın böyük sə­nət adamlarının, şair və yazıçılarının, musiqi xadimləri­nin möhtə­şəm yubileylərini keçirər, heykəl – abidələrini ucal­dardı.

Bu tədbirlər silsiləsində “Dədə Qorqud kita­bı”nın 1300 illik yubi­leyinin xüsusi yeri var. Bu yubileylə H.Əliyev Azər­­bay­can ya­zı­lı ədəbiyyatının, ədəbi dilinin tarixini XIII əsrdən VII əsrə kö­çürdü. Ədəbiyyatımızın, ədə­bi dilimizin tarixini altı əsr tarixin dərinliyinə apardı və dünya bu tarixi qəbul etdi. Bu uluslararası nailiyyət böyük dövlət xadiminin möhtəşəm tarixi xidmətidir. Əlbəttə, H.Əliyevin xalqımızın tarixinə yazılmış xidmətləri çoxdur. Ancaq bunların heç bi­risi olmasaydı belə, yalnız ədəbiy­ya­­tımızı, dilimizi tarixin bu dərinliyinə yazdığına görə, təkcə bu xid­mətinə görə o, Azər­baycan tarixində əbədi yaşamaq haqqını qa­zanmış olardı. Bu tarixi iş onun təkcə dövlət başçısı xidməti de­yil, o, bu işə həm də bir vətəndaşlıq borcu kimi baxır, mil­lətinə bir övlad sevgisini ifadə etmiş olurdu. Onun fəaliy­yə­tində vətən sev­gisi ən həssas duyğu kimi görünür. O, görüş­lə­rindən bi­rin­də S.Vurğunun “Azər­bay­can” şeirindən bu misraları dedi:
El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan?!
Son misraları – “Ayrılarmı könül candan, Azər­bay­can, Azərbaycan” misralarını deyərkən kövrəldi, səsi titrə­di. Təsəv­vür edin, sərt hərbi işlərdə işləmiş, dövlət təhlükə­siz­liyi orqan­ları kimi dözümlülük tələb edən məqamları keçmiş insan “Ayrı­larmı könül candan, Azərbaycan, Azər­bay­can” – deyə-deyə köv­rəldi. Bu, həssas, zərif vətən sevgisi demək­dir. Və bu duyğunu ana dili sevgisi tamamla­yır. Ədəbiy­yatdan danışanda həmişə ana dilini, Azərbaycan türkcə­sini, onun zənginliyini, gözəlliyini ağız dolusu öyər­di. O, ana dili sevgisini, Ömər Faiq Nemanzadə deyən ki­mi, bütün sev­gilərdən yüksək tutardı. Onun dilə müna­si­­bətində qədim Çin filosofu Konfutsinin münasibəti özünü gös­tərir – Konfutsi demişdir: “Dil nöqsanlı olarsa, sözlər düşüncəni yax­şı anlada bilməz. Düşüncə yaxşı anlaşıl­maz­sa, edilməsi la­zım olan şey­lər yaxşı edilməz, vəzifələr yaxşı yeri­nə yetirilməz. Və­zi­fələr lazımi şəkildə yerinə yetiril­məz­sə, adətlər və mə­də­niy­yət­lər pozular. Adətlər və mədə­niy­yətlər pozularsa, ədalət yanlış yo­la düşər. Ədalət yolun­dan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. De­məli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil”. H.Əliyev dilin cəmiy­yətdə əhəmiyyətini dürüst müəyyən­ləş­dirirdi. Təkcə canlı ünsiy­yətdə deyil, bütövlükdə dövlət ida­rəçiliyində dilə dövlətin daxili və xarici siyasətinin tərkib his­səsi kimi baxır. Buna görə də H.Əliyev Azərbaycan pre­zidenti kimi “Azər­bay­can Respub­li­ka­sın­da dövlət dili haq­qında Azərbaycan Respub­li­ka­­sının qanunu” adı ilə bir fər­man verdi (Bakı şəhəri. 30 sentyabr 2002-ci il).

H.Əliyev millətin dilinə qayğısını hələ sovetlər döv­rün­də, rus şovinizminin baş alıb getdiyi zamanlarda gös­tər­miş və Azərbaycanın konstitusiyasına Azərbaycan dili­nin Azər­­baycan Respublikasının dövlət dili olması haqqın­da mad­də daxil et­mişdi. Bu “Qanun”da isə Azərbaycan dili müs­təqil dövlətçili­yi­mi­­zin tanıdıcı atributlarından biri kimi götürülür, onun (dövlət dili­nin) ünsiyyətin bütün sahələrdə tət­bi­qini, onun saflığının qo­run­ma­sını, zənginliyinin təmin olun­masını qəti şəkildə qanu­ni­ləş­dirir.

H.Əliyev Azərbaycan dilinin mənşəyi, Azərbaycan türk­­­cə­si­nin qədimliyi, türklərin eradan əvvəl bu torpaqda məs­kun ol­ma­sı ilə bağlı mübahisələrdə məsələnin milli məx­rəcdə həll olun­masında böyük tarixi iş gördü, elmi ob­yek­tivliyin saxlan­ma­sı­nın təminatçısı oldu. Akademik Ra­miz Mehdiyevin dediyi kimi “öz etnik mənşəyini dərk etmiş fər­din həyatı tarixiliklə dol­ğunlaşır”. H.Əliyevin dövlət­çilik siyasətindəki dolğunluq və qlo­bal müasirlik öz xal­qının ta­rixini yaxşı bilməsi, keçmiş döv­lətçilik tariximizin təcrübə­sindən yerli-yerində bəhrələnməsi ilə bağlıdır.

Məlum gerçəklikdir ki, istedad insanın fitrətində olur, Allah vergisidir, anadangəlmədir. Cəmiyyətin bütün sahə­lərdəki fəaliy­yətini sahmana salmaq üçün Allah insanların istedadını rəngarəng verir. Hamı şair ola bilmədiyi kimi, ha­mı dövlət xadimi də ola bilməz. Füzuli və Şah İsmayıl çağ­daş Azərbaycan türkləridir, hər ikisi böyük istedad sahib­ləri idi. Hər ikisi hökmdar idi. Füzuli söz sənətinin taxt-tac sa­hibi olmuşdu. Özü deyirdi ki: “Gör nə sultanəm məni-dər­viş kim, feyzi-süxən eylə­miş iqbalımı asari-nüsrət məz­həri. Hər sözüm bir pəhlivandir kim, bulub tə’yidi-həqq əzm qıl­dıq­da tutar tədric ilə bəhrü-bəri”. Şah İsmayıl isə dövlət­çilik taxt-tacının sahibidir. Füzuli isə möhtəşəm istedad sa­hibi olsa da, dövlət başçısı ola bilməzdi, onun fitrətində dövlətçilik iste­dadı yox idi. Allah o istedadı Şah İsmayıla vermişdi. Füzuli söz sultanlığından danı­şanda Şah İsmayıl Xətai deyirdi: “Şir­van xəlayiqi hamı Təbrizə daşına, Mülki əcəm sorar ki: qiyamət haçan qopar?”. Bu isə Şah İsmayılın mərkəzləşmiş Azərbaycan dövləti ideyasıdır.

Heydər Əliyevin fitrətində dövlət xadimi istedadı olub. Dövlət idarəçiliyi qabiliyyəti onun üçün Allah vergi­sidir. Onun daxili “mən”ində siyasi düşüncə, diplo­matik qav­rayış istedadı vardır. Və bu istedadın tərkibində haki­miyyət vərə­sə­liyinin to­xum­ları da var. XX əsrin sonundakı müs­təqil döv­lətimiz Xalq Cümhuriyyəti­mi­zin varisidir. Ye­ni müstəqil dövlətimizin quru­cu­luq proqra­mı­nı Heydər Əli­yev öz sələf­lərindən təhvil alıb is­tiq­lal bayrağımızı ucaltdı. Tari­ximiz belə uğurlu vərəsəlik keçid­­lə­ri ilə zəngindir. “Azər­baycanın yeni tarixində Ə.M.Topçu­­başov, F.Xoyski, M.Ə.Rəsul­zadə və Azərbaycan Xalq Cüm­hu­riyyəti­nin digər görkəmli qurucu­la­rı, ən yeni tarixdə Heydər Əli­yev məhz bu cür tarixi sima­lar­dandır” (Ramiz Mehdi­yev).

Vərəsəliyin daha təbii, fizioloji-psixoloji keçidi də var. Şairin övladlarından şair, musiqiçinin övladlarından musi­qiçi, xüsusən müğənninin övladlarından müğənni çıxdığının çox şahidi olmuşuq. Siyasət, diplomatiya, dövlət xadimi ailə­lərində də buna nümunələr çoxdur. Faktlardan biri gözü­müzün qaba­ğındadır: Heydər Əliyevin övladı İlham Əliyev dövlət idarə­çiliyində istedadla çalışır. Mən Heydər Əliyev – İlham Əliyev varisliyində dillə bağlı, dil siyasəti ilə bağlı əlaqəni diqqətə çatdırmaq istəyirəm.

Keçən il Respublika Prezidenti cənab İlham Əliyev Ağstafada ziyalılarla görüşündə bu gün cəmiyyətimizin hə­ya­tı üçün vacib olub, milləti və dövləti düşündürən aktual məz­munlu müxtəlif problemlərlə yanaşı, ana dilimizin saf­lığı və ədəbi dilin inkişafı üzərində də dayandı.

Necə deyərlər, hər sözün öz yeri, hər yerin öz sözü var; Prezident respublikamızın müxtəlif bölgələrində xalq ara­sındakı görüşlərində, camaat içindəki söhbətlərində küt­lə­­­nin tərkibini, deyək ki, auditoriyanın məzmununu nəzərə ala­raq ölkənin aqrar təsərrüfatı, sənayesi, iqtisadi-sosial tələ­batı, beynəlxalq-siyasi əlaqələrinin nizamı, Qara­bağ dər­di­­miz, onun çözülmə yolları və həll olunmasının perspek­tivi və gü­nü­müzün başqa mühüm məsələləri ilə bağ­lı nitqlər söyləmiş, söhbətlər etmiş, insanlarla canlı dialoqda olmuşdur. Ağstafa görüşündə iştirakçılar, ümu­mən, şairlər, yazıçılar, müəl­lim­lər, ziyalılar olduğundan, Prezi­dent söhbə­tini məclisin məz­mununa uyğun olaraq xüsusi şəkildə qurdu: – S.Vurğunun “Şairlər vətəni bizim tərəflər” kəlamını əsas tutub şeirdən, söz sənətindən, ədəbiyyatdan və bu ədəbiy­yatın ifadə va­si­təsi olan dildən, ədəbi dilin inkişa­fından, tə­mizliyindən da­nışdı. Prezident xüsusi vurğuladı ki, dilin saflı­ğını qoru­ma­lıyıq, söz sənəti nümayəndələrinin diqqətinə çatdırdı ki, həmişə ədiblər, ziyalılar dili inkişaf etdirmiş və onun saf­lı­ğını təmin etmişlər. Yəni yazıçı, ədib dili inkişaf etdirdiyi kimi, həm də onun təmizliyinə cavabdehdir. Prezident bu gö­­rüşündə mil­lətin mənəvi dözümünü, milli sarsılmazlığını onun tarixi-siyasi mübarizəsi ilə bağladı. Dedi ki, Azər­baycan çox əziy­yətlər çəkib, ağır günlər keçirib, sərt təyziq­lərə məruz qalıb, ancaq özünü itirməyib, müvazinətini sax­layıb, heysiyyətini, mil­li simasını qoruyub, hifz edib. Bu fi­kirlər böyük S.Vurğunun bu misraları ilə necə səsləşir: “Bö­yük bir keçmişin vardır, Bilin­məyir yaşın sənin, Nələr çəkmiş başın sənin.” Məhz bu şeirin “El bilir ki, sən mə­nimsən, Yur­dum, yuvam, məskənimsən, Anam doğma vətə­nimsən, Ay­rılarmı könül candan, Azər­bay­can, Azər­baycan” misralarını söylə­yər­kən mərhum prezi­den­timiz kövrə­lib qə­hərlənmişdi. Cənab İlham Əliyev ədəbiyyat adam­larının qar­şısına ədəbiy­yatla çıxır. Yüz il əvvəl Azərbaycan milli bur­juaziyasının tarix səhnəsinə çıxması ilə milli dirçəlişin ya­ran­­ması zamanı avropa­lı­laş­ma meyli də baş qaldırarkən Əli bəy Hüseynzadə millətinə üzü­nü tutub ulu babalarının tarixi rəşa­də­tini yada salırdı: “İslam di­ni ilə islamlaşan, ərəb elmi ilə elmlə­nən, ərəb mədəniyyəti ilə mə­dəniyyətlənən türklər ərəbləş­məyib, yenə türk oğlu türk qal­dılar.” Cavan prezi­dentimiz bugünkü qloballaşma dövründə mil­lətimizin so­vetlər zamanı ruslaş­ma­yıb, milli xislətini qoruyub sax­ladı­ğını, Azərbaycan oğlu azərbay­canlı kimi qal­dığını yada sa­laraq, xalqımızı qlobal­laş­­ma qaza­nında əriməməyə, itirmə­mə­yə çağırır, “Avro­pa­nın mədə­sində həzm olunmayaq, Av­ropanın və dünyanın in­tellektini mənim­səyək, düşüncəsini həzm edək” – deyir.

Keçdiyi əziyyətli, tarixən sarsıntılı yolda millətin öz varlığını qoruyub sax­la­dığını de­yər­kən Prezident, təbii, həm də millətin baş atributu olan dilini tarixin odlarından-alov­larından keçirə­rək bu gün­ə mükəmməl şəkildə gətirib çıxar­masını nə­zərdə tutur.

Prezident İlham Əliyevin Ağstafa görüşündəki dil söh­bə­ti­nin məğzi bundan ibarətdir. Bu görüşdən bir ay sonra Prezi­dent “Azərbaycan dilini qloballaşma şərai­tində zamanın tələb­lərinə uyğun istifadəsinə və ölkədə dil­çiliyin inkişafına dair Döv­lət Proqramı haqqında” Sərənca­m imzaladı. Bu sə­rəncam Ağsta­fa söhbətinin davamıdır. Bu sərəncamda hə­min söhbət qa­nun­laşdı. Burada, hər şeydən əvvəl, diqqəti çəkən odur ki, bu ide­ya xalqla ünsiyyətdən doğulub; bu, formal bir göstəriş deyil, kabi­netdə hazırlan­mış bir qərar deyil, xal­qı­mızın mənəvi saf­lı­ğından gələn və həmin mənəvi məz­munun bilavasitə təmi­natçısı olan ünsiy­yət vasitəsinin – dilinin inkişafı, saflığı haq­qında sərən­camdır, dövlətin dövlət dilinə münasibəti, isti qayğı­sı­dır. Dövlət dili ilə canlı xalq dilinin əlaqəsinə xüsusi diqqət yetirilir.

Bu halda dövlət dili rəsmi, quru qrammatika dili ol­maqdan çıxıb, şirəli, emosiyalı nitq faktına çevrilir. Mən prezidentimizin bu rəsmi dildə qeyri-rəsmi ifadələr işlət­mək­lə nitqinə canlı, ürəyəyatan yumşaqlıq verməsinin dəfə­lərlə şahidi olmuşam. Nəsiminin dediyi kimi alınır: “Gərçi Nə­simi sözün dadın verdi, vəli Dadə gətirdi onu ləfzi-şə­kər­­barımız”. Beləcə şirin danışıq dili ilə rəsmi dil dada gə­tirilir. Bu yaxınlarda televiziya çıxışında torpaqlarımız uğ­runda mübarizədə inadcıl olacağımızı deyərkən Prezident belə mü­qayisə apardı: “Erməninin ağlı özünə getmə­sin, gü­nü harda xoş keçsə, oranı özünə vətən bilsin, bizim vətə­nimiz öz tor­pağımızdır, onun hər qarışı özümüzündür.” Bu nitq aktı­nın rəsmi məzmunu öz yerində, burada “ağlı özünə getmə­sin”, “günü harda xoş keçsə” qeyri-rəsmi dil ifadə­lə­rinin, canlı da­nışıq dili ifadələrinin işlənməsi bir dilçi kimi mənim diq­qətimi cəlb elədi. Sərəncamdakı bu cümlələr gös­tərir ki, Prezident ana dilimizin imkanlarını bilavasitə özü görür, onu qiymətlən­dirir və öz dil təcrübəsində ondan istifadə edir. Prezident deyir: “Ana di­li­miz öz imkanlarının zənginliyi, səs qurulu­şunun səlisliyi və qrammatik qurulu­şu­nun sabitliyi ilə səciyyələnir.” Hələ imkanı görmək hər şey deyil, ondan is­tifadə etməyi bacarmaq şərtdir. Prezident bu məsələyə tari­xin və bugünün gözü ilə baxır: “Ölkə­mizin zaman-zaman müx­təlif imperiyalar tərki­bin­də yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mə­dəni də­yər­lərin layiqin­cə yaşamasını və inki­şafını təmin et­mişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbay­canın hər bir vətəndaşının müqəddəs bor­cu­dur”. Prezi­dentin bütün çıxışlarında, rəsmi və qeyri-rəs­mi nitq­lə­rində bu im­kan­ların gerçək­ləşdiyi­nin şahidi olmu­şuq. Bakı Dövlət Uni­versiteti­nin 90 illik yubileyində dedi ki, mən bundan sonra da universitet üçün əlimdən gələni əsirgəməyəcəyəm – “la­zım ola­nı” yox, “əlimdən gə­ləni, edə­cəyəm” yox, əsirgə­mə­yəcəm – ifa­dəsini xalqın can­lı da­nışığında deyilən kimi işlətdi.

Prezident İlham Əliyev ana dilinin incəliklərinə bələd olduğu üçün gündəlik mətbuatdakı, radio-televiziya veriliş­lə­rindəki qüsurları görür və narahat olur. Bu sərəncam həmin narahatlığın nəticə­sidir. Sərən­cam­da bir tərəfdən, müasir ya­zıçı və şairlərimizi ədəbi dilimizi bugünkü uca­lığa çat­dıran ulu babalarının – Nəsimi və Füzulinin, Vaqif və Sa­birin, M.Fətəlinin və M.Cəlilin işini tarixi ənənəyə sədaqətlə davam etdirməyə səfərbər edir, o biri tərəfdən, dil mütəxəs­sislərinin ədəbi dildə baş verən qüsurlara qarşı vaxtlı-vax­tında tədbir gör­mədiklərini nəzərə çatdırır. Sərəncamda bu məsələ bütün dəqiqliyi ilə ifadə olunur: “Ədəbi dilimizin in­kişaf qanu­nauy­ğunluqlarına xələl gətirə biləcək yad ün­sür­lərin üzə çıxarı­l­ması və qarşısının alınması istiqa­mə­tin­də mütə­xəs­sislər heç də həmişə çeviklik nümayiş etdirə bil­mirlər”. Çox sərrast deyilib: yəni mütə­xəssislər, ümu­miy­yətlə, bu dil məxrəcdən­çıx­ma­larına la­qeyd deyillər, müəy­yən işlər görülür, hətta bu möv­zuda disser­tasiyalar yazılır, elmi konfranslar keçirilir, ancaq bu işdə çe­viklik yoxdur, prose­sin qarşısı alınmır. Bu da var ki, bu işin ağırlığı eyni dərəcədə dilçilərlə bərabər mətbuat işçilərinin üzərinə düşür. Dilçi deyir, yazır, mətbuat işçisi məsuliyyət hiss etmir, deyilənləri nəzərə almır. Sərəncam bu məsələni ayrıca qeyd edir: “Dilin böyük ictimai-siyasi hadisə və mə­nəvi həya­tımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və tele­vi­ziya ka­nal­­larında ədəbi dil normasının pozulması adi hal almış­dır”. Bəli, bir sıra qəzet-jurnallar hərdən-hərdən yox, məhz çox zamanlar dil norma­sından kənara çıxır və kənara çıxma­larından heç diksinmirlər də, bu normasızlıq məhz adi hal almışdır, nor­masızlıq onlar üçün normaya çevril­mişdir. Bu normasızlıq, tə­səvvür edin ki, ədəbi dilin bütün qatlarını əhatə edir. Alın­ma sözləri kim necə gəldi işlədir. Uzaq get­məyək, ölkəmizin siyasi, mədə­ni həyatında böyük hadisə olan Avroviziya necə deyilirdi və bu gün də yenə necə de­yilir? İc­timaiyyətin təx­minən 95 faizi yevrovijn deyirdi və yenə də deyir. Ancaq ATV kanalı Avro­vi­zi­ya dedi və deyir. Sadəcə bu sözün tər­kib hissə­lərinin dilimizdə deyilmə və yazılma ənə­nəsini izləmək lazımdır: biz həmişə Avropa demiş və yaz­mışıq, Yev­ropa yox. Deməli, birinci hissə Avro şəklində alın­ma­lıdır. Yaxud həmişə televiziya demiş və yaz­mışıq, televijn yox. Tele­viziya çıxışlarında mən Prezidentin dilin­də Avro­viziya de­yilişini eşitmişəm. Şübhə­siz, cənab Prezi­dent ingilis dilini televijn deyənlərin hamısından yaxşı bilir, ancaq tələf­füzdə ədəbi dil norma­sı­na əməl etmişdir.

Sərəncamda tərcümə mədəniyyətinə xüsusi diqqət yeti­rilir və keyfiyyətsiz tərcümələrin baş alıb getməsi söy­lənir; dublyaj olunmuş filmlərdəki dolaşıq sintaksis və tələffüz nor­masızlığı ünsiyyət dilimizi korlayır, mədəni ictimaiyyəti­mizi narahat edir. Təbii ki, tərcümə ilə bağlı tələbatda iki isti­qa­mə­tə fikir ver­mə­li­yik: həm müxtəlif dillərdən bədii və elmi tər­cümələr sovet döv­rün­dəki kimi rus dili vasitəsilə yox, birbaşa orijinaldan edilmə­li­dir – müstəqillik dövründə bu işə başla­mı­şıq, indi sərəncamda istə­nilən kimi həm işi sürəkli hala gətir­mək, həm də keyfiy­yəti yüksəltmək lazım­dır. Eyni zamanda, bu gün Azərbay­can türkcə­sin­də dünyanın böyük dövlətlərinin dillərinə geniş yer vermə­li­yik. Məhz bu tərcü­mələrlə günü­müzün Azərbaycan həqi­qət­lərini dünyaya çatdıra bilərik. Bu isti­qamətdə qiymətli nəşrlə­ri­miz var: “Azərbay­can” (Azər­bay­­can, ingilis və rus dillərində. La­yi­hə­­nin rəh­bəri: Fatma Ab­­dullazadə. Bakı – 1998), “Qara­bağ” (müəl­lif­ləri: Ya­qub Mahmudov, Kərim Şükürov. Azər­bay­can və in­gilis dillərində. Ön sözün müəllifi UNESCO – nun xoşmə­ram­lı sə­fi­ri xanım Mehriban Əliyeva. Bakı – 2005) , “Naxçı­van” (Azər­baycan və ingilis dillərində. Baş məsləhətçi: Vasif Talıbov; elmi re­daktor: İsmayıl Hacıyev. Bakı – 2007), “Azər­baycan incə­sə­nə­ti” (Rasim Əfəndi, ingilis dilində. Bakı – 2004 ).

Ana dilimizlə bağlı sovet dövründəki tədbirlər sərən­camda xa­­tırlanır, Ümummmilli Liderimiz Heydər Əliyevin məlum tarixi fər­­manları, bilavasitə gördüyü işlər yada sa­lınır. Yəni bu sə­rən­­camın keçmişlə bağlılığı var, o, H.Əli­yevin dövlətçilik fəa­liy­­­­yətinin tərkib hissəsinin bir faktı kimi meydana çıxmışdır. Bu­rada bir addım da irəli atıl­mışdır: ana dilinin saflığının qorun­ma­­sı, ədəbi dilin inki­şafı ilə yanaşı, Azərbaycan dilçilik elminin və­­ziy­yəti haqqında məsələ qal­dırılır. Azərbaycan dilçili­yinin qar­­­­­şı­sın­da xüsusi tələblər qo­yulur və bununla da bu elm sahə­si­nin inkişafı üçün böyük bir perspektiv açılmış olur. Bu deyi­lən­lə­­rin, qarşıya qoyulan tə­ləb­lərin zəruruliyinə, ümümdöv­lət əhə­miy­­yəti daşımasına də­lalət faktı olaraq bir həftə sonra Prezident “Azər­­­baycan Milli Elmlər Akademi­yasının Nəsimi adı­na Dilçi­lik İnstitu­tunun mad­di-texniki bazasının güclən­dirilməsi haq­qın­da” yeni sə­rən­cam verdi. Əlbəttə, bu, işdir, ana di­linə dövlət qay­­­­­­­­ğısının bir daha əyani nümayiş etdirilməsidir. Da­ha “nə edək, necə edək” suallarının cavabı verildi – Prezident il­lik ehti­yat fon­dun­dan Dilçilik İnsti­tu­tuna iki milyon manat və­sait ayır­dı.

Bütövlükdə bir-birinin ardınca verilən bu iki sərən­cam 2002-ci ildə mərhum Prezidentimiz Heydər Əliyev tərə­findən “Azərbaycan Respublikasında dövləti dili haqqında Azərbaycan Respublikasının qanunu” adı ilə verilmiş fərma­nın davamıdır. Ana dili, dövlət dili ilə bağlı dövlət siyasə­tin­də vərəsəlik budur.

Kamran ƏLİYEV

filologiya üzrə elmlər doktoru, professor,

AMEA Folklor İnstitutunda “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə