Ümumi MÜDDƏalar (1-14)




Yüklə 3 Mb.
səhifə1/48
tarix29.02.2016
ölçüsü3 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   48
AZƏRBAYCAN RESPUBLİKASININ 
VERGİ MƏCƏLLƏSİ


MÜNDƏRİCAT

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)



 

 FƏSİLLƏR (Maddələr)

1.      ÜMUMİ MÜDDƏALAR (1-14)

2.      VERGİ ÖDƏYİCİSİ. VERGİ AGENTİ. (15-19)

3.      DÖVLƏT VERGİ ORQANLARI (20-31)

4.      VERGİ NƏZARƏTİ (32-52)

5.      VERGİ QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT (53-61)

6.      VERGİ ORQANLARININ QƏRARLARINDAN (AKTLARINDAN) VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) ŞİKAYƏT VERİLMƏSİ (62-64)

7.      VERGİLƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ ÜMUMİ QAYDALAR (65-94)

8.      FİZİKİ ŞƏXSLƏRİN GƏLİR VERGİSİ (95-102)

9.      HÜQUQİ ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİ (103-106)

10.  FİZİKİ ŞƏXSLƏRİN GƏLİR VERGİSİNƏ VƏ HÜQUQİ ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİNƏ AİD OLAN MADDƏLƏR (107-152)

11.  ƏLAVƏ DƏYƏR VERGİSİ (153-181)

12.  AKSİZLƏR (182-195)

13.  ƏMLAK VERGİSİ (196-202)

14.  TORPAQ VERGİSİ (203-208)

15.  YOL VERGİSİ (209-212)

16.  MƏDƏN VERGİSİ (213-217)

17.  SADƏLƏŞDİRİLMİŞ SİSTEM ÜZRƏ VERGİ (218-212)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 


VERGİ MƏCƏLLƏSİ
[1]

ÜMUMİ HİSSƏ


 

Fəsil I


ÜMUMİ MÜDDƏALAR[2]

Maddə 1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər


1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.

1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi


2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.

2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir.

2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri, daxil edilə bilməz:

2.4.1. Azərbaycan Respublikasının inzibati xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar[3]

2.4.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;

2.4.3. vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;

2.4.4. büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar;

2.4.5. vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin verilməsi ilə bağlı müddəalar;

2.4.6. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar.

2.4.7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.[4]

2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

2.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.

2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.[5]

2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.[6]

  1   2   3   4   5   6   7   8   9   ...   48


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə