Uilyam Somerset Moem Həyati hadisələr




Yüklə 91.31 Kb.
tarix27.04.2016
ölçüsü91.31 Kb.
Uilyam Somerset Moem
Həyati hadisələr
Henri Qarnetin adətiydi: günorta şəhərdən çıxanda nahar etmək üçün evə getməzdən qabaq öz klubuna baş çəkər və bric oynardı. O, elə adam idi ki, onunla oynamaq xoş idi. Oyundan yaxşı baş çıxarırdı və oyun zamanı əmin ola bilərdin ki, əlindən gələni əsirgəməyəcək. Uduzanda dilxor olmaz, udanda müvəffəqiyyətini bacarığından çox, bəxtinin gətirməsilə əlaqələndirərdi. Ürəyiyumşaq idi, oyundaşı səhv edirdisə, bəhanə tapıb onu ovundura bilərdi. Bəzən də eşidərdin ki, Qarnet oyundaşına yersiz bir kəskinliklə deyir ki, ömründə ondan pis oyunçu görməyib. Bununla belə, onun heç vaxt ağlınıza gətirə bilməyəcəyiniz kobud bir səhvə yol verdiyini gördükdə, oyundaşı azacıq da olsun onu hirsləndirmək məqsədi olmadan səhvini göstərdikdə, bir çılğınlıqda bütün dəlillərin ziddinə getdiyini və Qarnetin tamamilə haqlı olduğunu görmək daha heyrətamiz idi. Amma onunla oynayan adamların hamısı onun köhnə dostları idi və heç biri Qarnetin pis zarafatına ciddi fikir verməzdi. Henri Qarnet tanınmış bir firmanın dəllalı və partnyoru idi. Firmadakılardan birinin ağlına belə gəlmişdi ki, onu maraqlandıran səhmdar cəmiyyətin hansınasa nə isə üz verib.

  • Bu gün bazar necədir?

  • Səs-küylüdür. Hətta ağzından süd iyi gələnlər də qazanırlar.

Aydın idi ki, səhmdarlar cəmiyyətinin və onun payçılarının Henri Qarnetin pərtliyi ilə heç bir əlaqəsi yox idi. Bir şey aydın idi: ona nə isə olmuşdu. O, çox səmimi yoldaş idi. Buz baltası kimi sağlamdı. Çoxlu pulu vardı. Arvadını, uşaqlarını sevirdi. Həmişə kefi kök olar, oyun zamanı əhəmiyyətsiz şeylərə ürəkdən gülərdi. Bu gün o, qaşqabaqlı və dinməzcə oturmuşdu. Qaşları hirslə çatılmış, üzündə qəmgin bir görkəm vardı. Bir qədər keçəndən sonra dostlarından biri aradakı bu gərginliyi zəiflətmək üçün Henri Qarnetin həmişə həvəslə danışdığı bir mövzudan söhbət açdı.

  • Oğlun necədir, Henri? Məncə, yarışlarda yaxşı çıxış edib.

Henri Qarnetin qaşqabağı bir az da tutuldu.

  • Gözlədiyim qədər də yaxşı çıxış etməyib.

  • Monte-Karlodan nə vaxt qayıdır?

  • Dünən gecə gəlib.

  • Vaxtını necə keçirib?

  • Məncə, pis olmayıb. Bircə onu bilirəm ki, özünü gicliyə qoyub.

  • Hə, necə?

  • Etiraz etməsəydiniz, bu barədə danışmaq istəməzdim.

Dostlarının üçü də maraqla ona baxdılar. Henri Qarnet acıqlı halda yaşıl mahud örtüklü stola tərəf keçdi.

  • Bağışla, dostum, indi kartı sən paylayırsan.

Oyun gərgin bir sükut içində keçirdi. Qarnet öz kartının çıxdığını gördü, amma kartları elə pis oynadı ki, üç oyunu uduzdu, lakin bir söz də belə olsun deyilmədi. Başqa oyun başlandı və həmin oyunda kartı dandı.

  • Heç birisindən yoxdur? – oyundaşı ondan soruşdu. Qarnet elə əsəbi vəziyyətdə idi ki, cavab belə vermədi; partiyanın axırında məlum oldu ki, əlində lazımi kart ola-ola renons elan etmişdi. Bununla da oyunu uduzmuşdular. Onun bu diqqətsizliyi oyun yoldaşının nəzərindən yayınmadı.

  • Axı sənə nə olub, Henri? Gic kimi oynayırsan.

Qarnet pərt idi. Özünün uduzmağı bir o qədər də eyib etməzdi, amma onun diqqətsizliyi üzündən oyun yoldaşı da uduzmalı oldu. Özünü ələ aldı.

  • Yaxşısı budur ki, daha oynamayım. Zənn edirdim ki, bir neçə oyun məni sakitləşdirər, amma məsələ burasındadır ki, fikrimi oyuna yönəldə bilmirəm. Düzünü deyim ki, kefim yoxdur.

Dostları bərkdən güldülər.

  • Onu deməsən də olar, məsələ aydındır.

Qarnet məyusluqla gülümsündü.

  • Sizinlə mərc gəlirəm ki, mənim başıma gələn əgər sizin başınıza gəlsəydi, siz də dilxor olardınız. Həqiqətən də çox pis vəziyyətdəyəm. Biriniz bu vəziyyətdən çıxmaq üçün ağlabatan məsləhət versə, minnətdar olaram.

  • Gəlin içək, sən də bizə danış görək nə baş verib. Əgər biz üçümüz, K.C., Daxili İşlər Nazirliyinin işçisi və məşhur cərrah, bu vəziyyətdən sənə çıxış yolu göstərə bilməsək, çətin ki, başqaları bunu edə bilsin.

K.C. ayağa durdu və xörəkpaylayanı çağırmaq üçün zəng çaldı.

- Əhvalat məlun oğlum barəsindədir – Henri Qarnet dedi.

İçkilər sifariş verildi və gətirildi. Henri Qarnet onlara bu əhvalatı danışdı. Haqqında danışdığı oğlan Henri Qarnetin yeganə oğluydu. Adı Nikolas idi, Niki çağırardılar. On səkkiz yaşındaydı. Ondan başqa Qarnetlər ailəsinin iki qızı vardı: Biri on altı, digəri on iki yaşındaydı. Baxmayaraq ki, ata, ümumiyyətlə, qızlarını daha çox istəyir, bu nə dərəcədə ağılsız görünsə də və bunu büruzə verməmək üçün əlindən gələni etsə də, şübhə yox idi ki, Henri Qarnet ən çox məhəbbətini oğluna vermişdi. O, qızlarına qarşı mehriban olub, ad günlərində və Milad bayramında onlara qəşəng hədiyyələr verərdi. Bununla belə Nikini dəlicəsinə sevirdi. Henri Qarnet onu öz dünyası hesab edir və çətinliklə gözünü ondan çəkə bilirdi. Siz onu təqsirləndirə bilməzsiniz, çünki Niki elə bir oğlan idi ki, hər bir valideyn onunla fəxr edə bilərdi. Boyu altı futdan azacıq hündür idi. O, çevik, əzələli, kürəkdən enli, beldən incə olub, yaraşıqlı qamətini şax tutardı.

Yaraşıqlı başı var idi. Bir qədər dalğalı açıq şabalıdı saçları, uzun qara kirpikləri, mavi gözləri, yaxşı nəzərə çarpan qaşları, qırmızı ətli dodaqları, gündən qaralmış təmiz dərisi vardı. Güləndə dümdüz və ağappaq dişləri görünərdi. Utancaq deyildi, amma davranışında bir təvazökarlıq duyulurdu. Bu, diqqəti cəlb edirdi. İctimai münasibətlərdə sərbəst, nəzakətli, sakit və şən idi. Niki gözəl, sağlam və layiqli valideynlərin övladı olub, yaxşı ailədə yaxşı tərbiyə almış və yaxşı məktəbdə oxumuşdu. Ümumi nəticə bu idi ki, cavan, yetkinlik dövrünün kamil nümunəsiydi. Görərdiniz ki, o, göründüyü kimi də namuslu, səmimi və ləyaqətlidir. Valideynlərinə heç vaxt zərrə qədər əziyyət verməmişdi. Bir uşaq kimi nadir hallarda xəstələnər və heç zaman dəcəllik etməzdi. Bir oğlan kimi ondan gözlədiyiniz hər işi edərdi. Onun məktəb göstəriciləri də əla idi. Niki son dərəcə tanınmışdı. Məktəbi mümkün olan bir sıra mükafatla başa çatdırmış, məktəb futbol komandasının başçısı və kapitanı olmuşdu. Bu heç də hamısı deyil. Niki on dörd yaşında gözlənilmədən özündə tennis oyununa qabiliyyəti olduğunu aşkar etdi. Tennis atasının nəinki çox sevdiyi oyun idi, eyni zamanda onu çox yaxşı oynayardı və oğlunda tennisçi perspektivini müəyyənləşdirdikdən sonra ona şərait yaratdı. Tətil günlərində atası onu peşəkarlar tərəfindən məşq etdirərdi. Bu zaman Nikinin on altı yaşı vardı və öz yaşında olan oğlanların bir çox yarışında qələbə qazanmışdı. Niki atasını elə udardı ki, pis oyun nümayiş etdirdiyi üçün keçmiş oyunçu yalnız atalıq məhəbbətinə görə oğlu ilə barışardı. On səkkiz yaşında Niki Kembric universitetinə daxil oldu. Henri Qarnet belə fikirdə idi ki, oğlu oranı qurtarmazdan əvvəl universitetin komandasında oynamalıdır. Məşhur tennisçi olmaq üçün Nikidə bütün keyfiyyətlər vardı. Buna görə də Henri Qarnet Niki Kembricə qəbul olmamışdan əvvəl üstündə durdu ki, o, bütün yayı İngiltərədə ən yaxşı müəllimin göstərişləri altında məşq etsin. İnstinktiv olaraq, Nikiyə bu barədə heç nə deməsə də, gələcəkdə oğlunun Uimbldonda oynayacağına ümid bəsləyirdi. Kim deyə bilərdi, bələ də Deyvis Kuboku yarışlarında Vətənini təmsil etmək onun oğluna nəsib olacaqdı. Oğlunun elə indicə məğlubiyyətə uğratdığı Amerika çempionunun əlini sıxmaq üçün torun üstündən sıçradığını və tamaşaçıların qulaqbatırıcı alqışları altında meydançanı tərk etdiyini xəyalına gətirdikdə Henri Qarnetin qəhərdən boğazı tutulurdu.



Uimbldonun yorulmaz daimi tamaşaçısı kimi Henri Qarnetin tennis aləmində çoxlu dostu vardı və bir axşam Sitidə nahar zamanı gördü ki, onlardan biri, polkovnik Brabazon, ondan bir qədər aralıda əyləşib. Söhbət əsnasında onunla Niki barəsində, növbəti yarışlarda universitetin komandası tərkibində oğlunun çıxış etməsi üçün hansı imkanların ola biləcəyindən söhbət açdı.

  • Niyə qoymursan ki, gedib Monte Karloda yaz yarışlarında çıxış etsin? – polkovnik gözlənilmədən dedi.

  • Əşşi, inanmıram ki, o yarışlar üçün yarasın. Hələ on doqquz yaşı yoxdur. Keçən oktyabrda Kembricə qəbul olub, bütün zərbələrə tab gətirə bilməz.

  • Əlbəttə, Ostin, Qrəm və başqaları onun sıxıb suyunu çıxardarlar, amma bir-iki oyunu da o uda bilər. Uşaq-muşaqla oynamalı olarsa, iki-üç oyunu niyə də udmasın? Oğlunuz heç vaxt yaxşı oyunçularla oynamayıb, bu yarış onun üçün gözəl məşq olardı. Dənizkənarında keçirilən yarışlarda indiyə qədər öyrəndiklərindən orada daha çox şey öyrənəcək.

  • Bu haqda heç düşünməmişəm də. Semestrin ortasında istəmirəm dərsləri buraxıb getsin. Həmişə onun beyninə yeritmişəm ki, tennis oyundan başqa bir şey deyildir, o, təhsilinə mane olmamalıdır.

Polkovnik Brabazon Qarnetdən semestrin nə vaxt qurtaracağını soruşdu.

  • Lap yaxşı. Oğlunuz təxminən üç gün dərs buraxmalı olacaq. Söz yox ki, bunu da yoluna qoymaq olar. Bilirsiniz, nəzərdə tutduğumuz oyunçulardan ikisi bizi pis vəziyyətdə qoyub. İşimiz şuluqdur. İstəyirik ki, mümkün qədər yaxşı komanda göndərək. Almanlar ən yaxşı oyunçularını göndərirlər. Eləcə də amerikalılar.

  • Dostum, bu baş tutan deyil. Əvvəla, Niki bu işə bir o qədər də yaramır. İkincisi, Nikimi kimi bir uşağı ona həyan olacaq bir adam olmadan Monte Karloya göndərmək fikrini ağlıma gətirə bilmirəm. Özüm gedə bilsəydim, bir şey fikirləşərdim, buna da söz ola bilməz.

  • Mən orada olacağam, oraya İngiltərə komandasının oynamayan kapitanı kimi gedirəm. Gözüm oğlunuzun üstündə olar – polkovnik Brabazon dedi.

  • Başınız qarışacaq, həm də istəməzdim ki, siz belə bir məsuliyyəti öz üzərinizə götürəsiniz. Sizə düzünü deyim ki, oğlum indiyə qədər xaricdə olmayıb. Monte Karloda qaldığı müddətdə bir an da olsun, rahatlığım olmayacaq.

Bununla da söhbəti qurtardılar və bir qədər keçəndən sonra Henri Qarnet evə getdi. Polkovnik Brabazonun təklifi onu elə şirnikləndirmişdi ki, bu barədə arvadına danışmaya bilmərdi.

  • Təsəvvür edirsən, polkovnik Brabazon deyir ki, Niki əslində yaxşı oyunçudur. Mənə dedi ki, onun oynadığını görüb və yaxşı üslubu var. Ancaq birinci yeri tutmaq üçün gərək çox məşq etsin. Əzizim, hələ uşağın Uimbldonda yarımfinal oyunlarında çıxış etdiyini görəcək.

  • Daha uşağın on səkkiz yaşı var. Hələ indiyə qədər bir pis iş görməyib və bundan sonra da görəcəyini güman etməyə heç bir əsas yoxdur.

  • Onun təhsili nəzərdən qaçmamalıdır, bunu unutma. Məncə semestrin axırına yaxın onun dərs buraxmasına yol vermək çox pis olardı.

  • Axı üç gün nə böyük şeydir ki? Belə bir imkanı uşağın əlindən almaq günahdır. Əminəm ki, Nikiyə bu barədə desək, sevincdən atılıb düşəcək.

  • Amma demək istəmirəm. Onu Kembricə tennis oynamağa göndərməmişəm. Onun dəyanətli olduğunu bilirəm, ancaq onu bu yolla sınağa çəkmək səfehlikdir. Monte Karloda tək getmək üçün o, həddindən artıq uşaqdır.

  • Demək istəyirsən ki, bu yaxşı oyunçulara qalib gəlməyə onun heç bir ümidi yoxdur, amma deyə bilmirsən.

Henri Qarnet yüngülcə köks ötürdü. Evə gedərkən ağlına belə bir fikir gəlmişdi ki, Ostinin səhhəti hələ müəyyən deyil, Qrəm isə istirahətdədir. Fərz edək ki, elə belə sübut naminə, Nikinin bir az bəxti gətirərdi. Onda şübhə yoxdur ki, Kembric komandasının tərkibində çıxış edəcəkdir. Əlbəttə, bütün bunlar boş şeylərdi.

  • Dedim ki, baş tutan deyil, əzizim, qərara gəlmişəm və sözümdən dönmək niyyətində deyiləm.

Missiz Qarnet susdu. Amma ertəsi günü oğluna məktub yazıb məsələdən onu halı etdi. Oğluna yazdı ki, əgər Monte Karloya getmək istəyirsə, onun yerinə olsaydı, atasının razılığını alardı. İki gündən sonra Henri Qarnet oğlundan bir məktub aldı. Bərk həyəcanlanmışdı. Niki müəllimini görmüşdü. Onun özü də tennisçi idi. Kollecin rektoru təsadüfən polkovnik Brabazonu tanıyırmış və semestr qurtarmamış Nikinin getməyinə etiraz etməmişdi. Onların ikisi də hesab edirdi ki, belə bir fürsəti əldən vermək olmaz. Niki bu işdə zərər gətirəcək bir şey görmürdü və əgər atası ona bu dəfə izn versəydi, növbəti semestrdə var qüvvəsi ilə çalışacağına söz verirdi. Bu çox yaxşı məktub idi. Missiz Qarnet ərinin məktubu oxuduğuna səhər yeməyi zamanı göz qoymuşdu və onun qaşqabaq göstərməsindən narahat olmadı.

  • Bilmirəm sənə xəlvəti dediyim bir şeyi nə üçün Nikiyə yazmağı zəruri hesab etmisən. Yaxşı iş görməmisən. İndi uşağı əməlli-başlı yolundan çıxartmısan.

  • Bağışla, belə güman etdim ki, polkovnik Brabazonun Niki barəsində belə yüksək fikirdə olmasını bildirmək onu sevindirəcək. Başa düşə bilmirəm, axı nə üçün kimsə adamlara onların haqqında danışılan yalnız xoşagəlməz şeyləri xəbər verməlidir. Həm də aydınca yazmışdım ki, onun getməyi barəsində söz ola bilməz.

  • Sən məni pis vəziyyətdə qoymusan. Zəhləm gedən bir şey varsa, o da oğlumun mənə qəddar və onun kefinə soğan doğrayan bir adam kimi baxmasıdır.

  • Əşşi, Niki heç vaxt belə fikirdə olmaz. O, belə düşünə bilər ki, sən səfeh və ağılsızsan, amma əminəm ki, tezliklə dərk edəcək ki, sənin sərt olmağın onun özünün xeyrinədir.

  • Aman Allah – Henri Qarnet dedi.

Arvadıı gülməyə adət etmişdi. Misiz Qarnet bildi ki, işlər düzəlib. İstədiyin bir işi etmək üçün kişiləri yola gətirmək necə də asandır. Henri Qarnet üzdə də olsa, qırx səkkiz saat sözünün üstündə durdu, amma sonra güzəştə getdi və iki həftədən sonra Niki Londona gəldi. Bir gündən sonra misiz Qarnet və böyük qızı atayla oğlu tək buraxdılar. Henri oğluna bəzi məsləhətlər vermək üçün fürsətdən istifadə etdi.

  • Monte Karlo kimi bir yerə bu yaşında sənə tək getməyə icazə verdiyim üçün özümü çox narahat hiss edirəm, amma mən yalnız sənin ağıllı olacağına bel bağlayıram. Zəhlətökən ata olmaq istəməzdim, ancaq üç şey var ki, səni onlardan xəbərdar etməyi özümə borc bilirəm. Birincisi qumarbazlıqdır, qumar oynama; ikincisi puldur; heç kimə pul borc vermə; üçüncüsü qadınlardır, onlarla işin olmasın. Əgər bu üç şeyi etməsən başın salamat olar. Bax, dediklərimi yaxşı yadında saxla ha!

  • Baş üstə, ata – Niki gülümsündü.

  • Bu mənim sənə son sözümdür. Dünyanın işlərindən az-çox başım çıxır, mənə inan, məsləhətimin xeyri olar.

  • Söz verirəm, məsləhətinizi unutmaram.

  • Afərin, oğlum. İndi gəl yuxarıya xanımların yanına qalxaq.

Niki Monte Karlo yarışlarında nə Ostini, nə də Qrəmi uddu, amma özünü rüsvay da etmədi. O, ispan tennisçisi üzərində gözlənilmədən qələbə çaldı. Digər oyunda isə heç kəsin güman etmədiyi halda Avstriya oyunçularından birinə azacıq üstünlüklə qalib gəldi. Qarışıq qoşa yarışlarda yarımfinala çıxdı. Ondakı cazibə hamının qəlbini fəth etdi və özünə də müəyyən dərəcədə ləzzət verirdi. Yarışlar, ümumiyyətlə, göstərdi ki, onun gələcəyi var. Polkovnik Brabazon dedi ki, çox keçməz, yaxşı oyunçularla görüşlərdə kifayət qədər təcrübə əldə etdikcə atasının başını daha da ucaldacaqdır. Yarışlar sonra çatdı. O birisi gün Niki Londona uçmalıydı. Yaxşı oyun nümayiş etdirmək üçün olduqca ehtiyatlı dolandı; az papiros çəkdi, dilinə içki vurmadı və erkən yatdı. Amma axırıncı axşam ürəyindən keçdi ki, haqqında bu qədər eşitdiyi Monte Karlo həyatından bəzi şeyləri görmək pis olmazdı. Tennisçilərin şərəfinə rəsmi nahar verildi və nahardan sonra başqa oyunçular kimi Niki də idman klubuna getdi. Birinci dəfə idi ki, ora gəlmişdi. Monte Karlo izdihamlı, otaqlar da ağzına kimi dolmuşdu. Niki indiyə kimi şəkillərdən başqa heç yerdə ruletka oyununu görməmişdi. Qarışıqlıq içərisində yaxınlaşdığı ilk stolun yanında ayaq saxladı. Müxtəlif ölçülü pullar yaşıl örtüklü stolun üstünə səpələnmişdi. Bank qoyan kəskin bir hərəkətlə çarxı fırlatdı və ağ balaca şarı onun içinə atdı. Bundan sonra adama elə gəldi ki, uzun bir vaxt gəlib keçdi, şar dayandı və başqa bir bank qoyan kobud laqeyd bir hərəkətlə uduzanların pullarını özünə tərəf qamarlayıb yığdı.

Az sonra Nikinin fikri “qırmızı və qara” oyununa başları qarışmış adamlara tərəf yönəldi, ancaq onun nə demək olduğunu anlaya bilmədi və zənn etdi ki, maraqsız oyundur. Başqa bir otaqda bir dəstə adam gördü və oraya getdi. Qızğın bakkara oyunu gedirdi və Niki dərhal o gərginliyi duydu.



Oyunçuları kənarda dayanmış adamlardan misdən düzəlmiş məhəccər ayırırdı. Adamlar stolun arxasında hər tərəfdə doqquz-doqquz oturmuşdu, kart paylayan ortada, bank qoyan isə onunla üzbəüz əyləşmişdi. Bir yığın pul əldən-ələ keçirdi. Kart paylayan bir yunan sindikatının üzvüydü. Niki onun sakit sifətinə nəzər saldı. Sayıq gözləri vardı, amma üzünün ifadəsi dəyişmədiyindən heç vaxt udduğunu və uduzduğunu bilmək olmurdu. Dəhşətli, qeyri-adi təsirli bir mənzərə var idi. Niki qənaətcil tərbiyə olunduğundan kiminsə hər oyunda risk edərək min funt uduzduğunu, sonra da zarafat etdiyini və qəhqəhə çəkərək güldüyünü görmək onu özünəməxsus bir tərzdə həyəcanlandırır, həm də bərk hirsləndirirdi. Tanışlarından biri ona yaxınlaşdı.

  • Bir şey udmusan?

  • Mən oynamıram.

  • Ağıllı adamsan. Axmaq oyundur. Gedək bir az içək.

  • Gedək, nə deyirəm.

Onlar içkilərini içərkən Niki dostlarına dedi ki, birinci dəfədir belə kompaniyada iştirak edir.

  • Sən gəl bir balaca riskə get. Bəxtini sınamadan Monte Karlodan getmək səfehlikdir. Yüz frank uduzsan, böyük ziyana düşməzsən.

  • Mən demirəm ki, ziyana düşərəm, amma atam buraya gəlməyimi bir o qədər də istəmirdi. Onun mənə tapşırdığı üç şeydən biri də qumar oynamamaqdır.

Bununla belə müsahibindən ayrılandan sonra rulet oynanılan stollardan birinə tərəf yaxınlaşdı. Bir müddət uduzanların pullarını kart paylayanın özünə sarı qamarladığına udulmuş pulların qaliblərə verildiyinə dayanıb baxdı. Bunun valehedici olduğunu danmaq qeyri-mümkün idi. Dostu haqlıydı, heç olmasa bircə dəfə stolun üstünə bir şey qoymadan Monte Karlodan getmək, həqiqətən də səfehlik olardı. Bu da təcrübə olacaqdı, elə bir təcrübə ki, o yaşda bütün adamlar ona can atırdılar. Niki fikirləşdi ki, o, atasına qumar oynamamağı söz verməyib, onun məsləhətini unutmayacağını söz verib. Bu ikisi tamamilə fərqli şeylərdir, elə deyilmi? O, cibindən yüz franklıq banknot çıxarıb bir qədər utancaqlıqla on səkkiz rəqəminin üstünə qoydu. Bu rəqəmi Niki ona görə seçmişdi ki, on səkkiz yaşı vardı. Böyük bir ürək çırpıntısı ilə çarxın fırlanmasını izlədi. Balaca ağ şar fırlandıqca əcinnə kimi səs salırdı, çarx getdikcə daha yavaş fırlanır və balaca ağ şar tərəddüd edirdi. Görünür, dayanmaq üzrə idi, hərlənməkdə davam etdi və on səkkiz rəqəminin üstünə düşəndə Niki gözlərinə inana bilmədi. Ona çoxlu pul ötürdülər. Onları götürəndə əlləri titrədi. Görünür, böyük məbləğ idi. O qədər özünü itirmişdi ki, növbəti raund üçün pul qoymağı belə unutmuşdu. Doğrusu, daha oynamaq niyyətində deyildi. Bir dəfə bəs idi, ancaq yenidən on səkkiz rəqəmi yaxınlaşanda o təəccübləndi. Onun üstündə yalnız bir pul var idi.

  • Allah haqqı, sən yenə udmusan – Nikinin yanında duran bir kişi dedi.

  • Mən? Mən ora heç nə qoymamışdım.

  • Yox, qoymusunuz, sizin ilk dəfə banka qoyduğunuzdur. Onlar həmişə onu siz geri götürməyincə orada saxlayırlar. Məgər siz bunu bilmirsiniz? İçi pulla dolu olan başqa bir bağlamanı Nikiyə ötürdülər. Onun başı fırlanırdı. Udduğunu saydı. Yeddi min frank idi. Onu qəribə bir qüvvət hissi bürüdü. Özünü olduqca ağıllı hesab etdi. Bu pul qazanmaqda heç vaxt eşitmədiyi ən asan yol idi. Onun səmimi, gözəl sifətini təbəssüm bürümüşdü. Nikinin işıqlı gözləri yanında dayanan bir qadının baxışları ilə rastlaşdı. Qadın gülümsündü və dedi:

- Bəxtiniz gətirir.

O, ingiliscə danışırdı, amma ləhcəsi hiss olunurdu.

- İnana bilmirəm buna, ömründə ilk dəfədir ki, oynayıram.

- Hiss olunur. Mənə min frank borc verərsinizmi?

- Verərəm.

O, Nikinin pul yığınından bir qom götürdü və təşəkkür edərək gözdən itdi. Niki ilə az əvvəl danışan kişi deyindi.

- O pulların üzünü bir də görməyəcəksiniz.

Niki pərt olmuşdu. Axı atası ona demişdi ki, heç kimə borc pul verməsin. Nə axmaq iş tutmuşdu! Ömründə kiminsə başına belə iş gəldiyini görməmişdi. Olan olmuşdu və həmin anda bəşər övladına qarşı qəlbində elə bir məhəbbət baş qaldırdı ki, imtina etmək heç ağlına da gəlmədi və bu səbəbdən də həmin pulun müəyyən bir dəyərə malik olduğunu dərk etmək, demək olar ki, onun üçün mümkün deyildi. Eyib etməzdi, onun hələ altı min frankı qalmışdı, udmasa, çıxıb gedəcəkdi. Pulu on altı rəqəminin üstünə qoydu. On altı Nikinin böyük bacısının yaşı idi, lakin bir şey çıxmadı, sonra on ikinin üstünə qoydu, bu onun kiçik bacısının yaşı idi. Uğursuzluq təkrarlandı. O, müxtəlif rəqəmləri bəxtəbəxt sınadı, amma hamısı uğursuzluqla nəticələndi. Qəribə idi. Ona elə gəldi ki, oyun çevikliyini itirib. Düşündü ki, heç olmasa, bəxtini bir dəfə də sınasın və bununla da qurtarsın. Elə də etdi və əli gətirdi. Uduzduqlarının əvəzini çıxdı və hələ əvvəlkindən bir az da çox oldu. Bir saat ərzində bəxti ona həm dönüklük etmiş, həm də üzünə gülmüşdü. Həyatında indiyə qədər bu qədər həyəcan hissi keçirməmişdi. O qədər pul udmuşdu ki, cibləri tutmurdu. Qərara gəldi ki, getsin. Pul xırdalanan yerə özünü yetirdi. Qarşısında iyirmi min frankı görəndə ağzı açıla qaldı. Ömründə bu qədər pulu olmamışdı. Pulları cibinə qoydu, dönüb getmək istərkən min frank borc verdiyi qız ona yaxınlaşdı.



  • Bayaqdan sizi axtariram – o dedi – qorxurdum ki, getmiş olarsınız, məni fikir götürmüşdü. Deyirdim görəsən barəmdə nə düşünəcəksiniz. Alın, bu da sizin min frankınız. Borc verdiyiniz üçün çox sağ olun.

Niki pul kimi qızardı, heyrətlə ona baxdı. Onun haqqında necə də yanılmışdı! Atası tapşırmışdı ki, qumar oynamasın, ancaq o oynadı və iyirmi min frank da uddu. Atası demişdi ki, heç kimə borc pul verməsin, amma o vermişdi, özü də tamamilə yad bir adama. O da qaytarmışdı. Məsələ burasındadır ki, o atasının düşündüyü qədər də axmaq deyildi. Niki hiss etmişdi ki, risk etmədən həmin qadına borc verə bilər və görürsünüz ki, zənnində yanılmamışdı. Bununla belə o, elə həyəcanlanmışdı ki, bu cavan xanım gülümsünməli oldu.

  • Sizə nə olub? – deyə soruşdu.

  • Düzünü deyim ki, ağlım kəsmirdi pulları qaytarasınız.

  • Siz məni nə yerinə qoyursunuz? Yoxsa zənn edirsiniz ki, mən... fahişəyəm?

Niki qulağının dibinəcən qızardı.

  • Xeyr.

  • Mən heç eləsinə oxşayıram?

  • Zərrə qədər də.

O çox sadə geyinmişdi, əynində qara paltar, boynunda qızıl boyunbağı vardı. Onun sadə donu yaraşıqlı və zərif boy-buxununu gözə çarpdırırdı. Çox qəşəng üzü və səliqəli saçları vardı. Yüngülvari boyalanmışdı. Niki fikirləşdi ki, ondan uzaqbaşı üç-dörd yaş böyük ola bilər. Qadın onun üzünə mehribancasına gülümsündü.

- Ərim Mərakeşdə nazirlikdə işləyir və mən də Monte Karloya bir neçə həftəliyə gəlmişəm. Bura gəlməyimi o, məsləhət görmüşdü.

- Mən isə gedirəm – Niki dedi, çünki deməyə ağlına başqa söz gəlmədi.

- Nə tez!

- Sabah tezdən durmalıyam. Londona təyyarə ilə gedəcəyəm.

- Aydındır. Yarışlar bu gün qurtardı, hə? Bilirsiniz, sizi bir-iki dəfə oynayanda görmüşəm.

- Doğrudan? Başa düşmürəm, nə üçün məhz məni görmüsünüz?

- Gözəl oyun üslubunuz var, həm də gödək şalvarda çox qəşəng görünürsünüz.



Niki təvazökar oğlan olsa da, ağlına gəldi ki, bəlkə elə o, min frankı onunla tanış olmaqdan ötəri borc alıb.

  • Gecə klubunda heç olmusunuz? – o soruşdu.

  • Yox, heç vaxt olmamışam.

  • Hə, onda orada olmamış Monte Karlodan gərək getməyəsiniz. Niyə gedib bir az rəqs etməyəsiniz? Açığını deyim ki, mən acından ölürəm və bir qədər qaxacla hazırlanmış qayğanaq yemək çox yerinə düşərdi.

Nikinin yadına atasının öyüd-nəsihəti düşdü. O demişdi ki, qadınlarla heç bir işi olmasın. Ancaq bu başqa aləm idi və bu gözəl varlığa bir dəfə baxsaydınız, onun son dərəcə ləyaqətli olduğunu görərdiniz. Niki hiss etmişdi ki, onun əri mülki dövlət qulluğunda çalışır. Nikinin valideynlərinin də mülki qulluqçular arasında dostları vardı və öz xanımları ilə bəzən Nikigilə nahar etməyə gələrdilər. Düzü, həmin xanımlar nə onun kimi cavan, nə də onun kimi gözəl idilər, ancaq o xanımlara xas olan xüsusiyyətlər onda vardı. Bir də iyirmi min frank udduqdan sonra bir az şənlənmək pis olmazdı.

  • Məmnuniyyətlə sizinlə gedərdim. Belə ki, orada çox qalası olmasam, etiraz etməyəsiniz. Mehmanxanada tapşırmışam ki, saat 7-də məni oyatsınlar.

  • Haçan istəsəniz gedə bilərsiniz.

Niki gördü ki, gecə klubu gözəl yerdir. İştaha ilə qaxacla hazırlanmış qayğanağı yedi. İkisi bir şüşə şampan içdi. Rəqs etdilər, cavan xanım ona dedi ki, gözəl rəqs edir. Niki onsuz da yaxşı rəqs etdiyini bilirdi və həm də onunla rəqs etmək asandı. O, quş kimi yüngüldü. Yanağı Nikinin üzünə söykədi və gözləri bir-birinə sataşanda Niki onun gözlərində elə bir təbəssüm gördü ki, ürəyi əsdi. Bir zənci qadın məlahətli xırıltılı səslə oxuyurdu. Rəqs meydançası adamla dolmuşdu.

  • Sizin çox gözəl olduğunuzu sizə deyən olub? – xanım ondan soruşdu.

  • Məncə yox – Niki gülümsündü – lənətə gələsən, deyəsən, mənə vurulub – özü-özünə fikirləşdi. Niki o qədər də axmaq deyildi ki, qadınların xoşuna gəldiyindən xəbəri olmasın və xanım ona işarə vuranda onu bir az da özünə tərəf sıxdı. O, gözlərini yumdu və ahəstə köks ötürdü.

  • Zənn edirəm, bu qədər adamın qarşısında sizi öpmək heç yaxşı çıxmaz.

  • Nə danışırsınız, onlar məni nə hesab edərlər?

Artıq gec idi və Niki dedi ki, getməlidir.

  • Mən də gedirəm. Yolüstü məni mehmanxananın yanında düşürərsinizmi?

Niki hesabı verdi. Hesabın çox olması onu xeyli təəccübləndirdi, amma cibində bir o qədər pul olduğunu halda vecinə almaya da bilərdi. Taksiyə mindilər. Xanım ona tərəf qısıldıqda Niki onu öpdü. Bu, xanımın xoşuna gəldi.

  • Deməli belə - Niki fikrə getdi – görəsən burada bir kələk varmı?

Onun ərli qadın olduğu həqiqət idi, ancaq əri Mərakeşdə idi. O, sanki Nikiyə vurulmuşdu. Olduqca lütfkar və nəzakətli idi. Amma bir iş vardı. Atası ona xəbərdarlıq etmişdi ki, qadınlarla heç bir işi olmasın. Niki yenidən fikrə getdi. O əslində söz verməmişdi ki, qadınlarla heç bir işi olmayacaq, o yalnız vəd vermişdi ki, atasının nəsihətini unutmayacaq və düzü unutmamışdı da. Həmin ana qədər yadındaydı. Lakin hər şey şəraitdən asılı olur. O çox şirin bir xilqət idi. Bunu tale özü ona yetirmişdi və bu qisməti əldən çıxarmaq axmaqlıq olardı. Mehmanxanaya çatanda Niki taksinin pulunu verdi.

  • Piyada gedəcəyəm. Gecə klubunun ağır havasından sonra təmiz havanın deyirəm xeyri olar – Niki dedi.

  • Bir dəqiqəliyinə yuxarı qalxaq, sizə oğlumun şəklini göstərmək istərdim.

  • Həə, oğlunuz da var? – Niki bir qədər pərtliklə dilləndi.

  • Bəli, şirin bir uşaq.

Niki onun arxasınca pilləkənlərlə yuxarı qalxdı. Qətiyyən istəmirdi ki, onun oğlunun şəklini görsün, ancaq nəzakət xatirinə özünü elə göstərdi ki, guya görmək istəyir. O, axmaqlıq edəcəyindən qorxurdu. Ağlına gəldi ki, xanım onu şəklə baxmağa ona görə gətirib ki, səhv etdiyini incə bir mətləblə ona qandırsın. “O elə zənn edir ki, mən uşağam”.

Ürəyində arzuladı ki, kaş o pulları gecə klubunda şampana xərcləməməliydi.

Lakin xanım körpə oğlunun şəklini axırda ona göstərəsi olmadı. Otağa elə təzəcə girmişdilər ki, ona tərəf döndü, qollarını Nikinin boynuna dolayıb dodaqlarından öpdü. Onu heç vaxt belə ehtirasla öpməmişdilər.


  • Əzizim – xanım dedi.

Bir anlığa atasının məsləhəti onun xəyalından keçdi və tez də unuduldu.

Niki sərvaxt yatar və ən cüzi bir səs onu yuxudan oyadardı. Niki üç saat keçəndən sonra oyandı və bir müddət harada olduğunu anlaya bilmədi. Vanna otağının qapısı azacıq aralı idi və oranın yanılı qalmış işığı otağa düşdüyündən bir o qədər də qaranlıq deyildi. Birdən kiminsə otaqda hərəkət etdiyini hiss etdi. Sonra nə isə yadına düşdü. Gördü ki, dostudur. Danışmaq istəyəndə xanımın hərəkətində elə bir qəribəlik duydu ki, özünü saxladı. O, ehmalca yeriyir, sanki onu oyatmaqdan ehtiyat edirdi. Bir-iki dəfə dayanıb, çarpayıya tərəf baxdı. Nikini maraq götüdü ki, nə axtarır və tezliklə də gördü. O, üstündə Nikinin paltarları olan stula sarı getdi və bir də Niki yatan yerə tərəf nəzər saldı, bir qədər gözlədi. Bu, Nikiyə əbədiyyət kimi göründü. Sükut o qədər gərgin idi ki, Niki elə bir ürəyinin döyüntüsünü eşidirdi. Sonra lap yavaş-yavaş, çox sakitcə Nikinin pencəyini götürdü, əlini onun iç cibinə saldı və udmağı ilə öyündüyü min franklıq o gözəl pulların hamısını çıxartdı. Pencəyi öz yerindən asdı və o biri paltarları da onun üstünə elə qoydu ki, guya heç ona əl vuran olmayıb. Sonra pul dəstəsi əlində bir müddət quruyub qaldı. Niki instinktiv olaraq yerindən sıçrayıb onu qamarlamaq istədi, lakin niyyətindən vaz keçdi. Onu bu fikirdən çəkindirən şey qismən təəccüb, qismən də əcnəbi ölkədə yad bir mehmanxanada olmasıydı. Əgər qalmaqal salsaydı, nələr olacağını bilmirdi. O, Nikiyə baxdı. Onun gözləri yarıyumuluydu. Niki əmin idi ki, xanım onu yatmış hesab edir.

Xanım özünü inandırdı ki, hərəkətləri ilə onu oyatmayıb, çox ehtiyatla otağa keçdi. Pəncərədə bir stolun üstündə dibçəkdə sinerariya gülü vardı. O, gözlərini tam açaraq indi xanımı izləyirdi. Gülün dibçəkdə tamamilə boş yerləşdiyi aydınca görünürdü, çünki xanım gülün gövdəsindən tutaraq dibçəkdən çıxartdı, pulları dibçəyin içinə qoyub, gülü yenidən əvvəlki kimi yerləşdirdi. Gizlətmək üçün əla yer idi. Heç kim güman etməzdi ki, o qəşəng çiçək açmış bitkinin altında nə isə gizlədilib. Xanım barmaqları ilə torpağı səliqəyə saldı və sonra heç bir səs salmadan çox ehmalca otağa keçib yenidən yerinə girdi.


  • Əzizim – o, nəvazişli səslə dedi.

Niki dərin yuxuya getmiş adam kimi, aramla nəfəs alırdı. Xanım yan üstə çevrildi və özünü yatmağa sahmanladı. Niki belə sakit uzanmasına baxmayaraq, fikrində bərk məşğul idi. İndicə şahid olduğu səhnə onu hədsiz dərəcədə hiddətləndirmişdi və fikrindəkiləri öz-özünə qətiyyətlə danışırdı.

“O lənətəgəlmiş fahişədən başqa bir şey deyil. Balaca oğlu, Mərakeşdə olan əri – hamısı cəfəngiyyatdır. O, murdar bir oğrudur. İndi bildim onun kim olduğunu. Məni hərif hesab edir. Bu yolla məndən bir şey qoparmaq istəyirsə, yanılır”.



Bu qədər qoçaqlıqla udduğu həmin pulları nə edəcəyi barədə artıq qərara gəlmişdi. Çoxdan arzu edirdi ki, öz maşını olsun və atasının ona maşın almamasını Niki simiclik hesab edirdi. Cavan bir oğlan istəməz ki, həmişə ailəvi maşında getsin. Bəli, atasının dərsini verəcək və özünə maşın alacaqdı. Belə ki, təxminən iyirmi min iki yüz franka əldən çox yaxşı bir maşın ala bilərdi. Həmin pulları geri qaytarmaq istəyirdi, ancaq necə əldə edəcəyini bilmirdi. Səs-küy qaldırmaq istəmirdi. O, bələd olmadığı mehmanxanada yadelli idi. Çox güman ki, bu rəzil qadının orada dostları var idi. Açıq döyüşdə istənilən kəslə üz-üzə gəlməkdən çəkinməzdi, ancaq kiminsə onun üstünə silah qaldırıb, axmaq yerinə qoymasını istəməzdi. Bundan başqa da fikirləşdi ki, özü də haqlı olaraq, pulun onunku olduğuna dair heç bir sübutu yoxdur. İş gəlib sorğu-suala çıxsa, qadın and içərdi ki, pul özününküdür və onu da asanlıqla sürütləyib polis məntəqəsinə aparardılar. Həqiqətən də nə edəcəyini bilmirdi. Bir qədər keçəndən sonra qadının aramla nəfəs aldığından, onun yuxuya getdiyini gördü. Maneəsiz-zadsız öz işini gördüyündən qayğısızcasına yuxulayırdı. Onun belə sakitcə yatması, özünün isə oyaq qalaraq bu qədər nigaranlıq keçirməsi Nikini cinləndirdi. Birdən beyninə bir fikir gəldi. Fikir o qədər kara gələn idi ki, yerindən sıçrayıb onu dərhal yerinə yetirməkdən yalnız böyük soyuqqanlılıq göstərməklə əl çəkə bildi. Baxarıq, kim deyən olacaq. Qadın onun pullarını oğurlamışdı, çox əcəb, o da həmin pulları ondan oğurlayacaqdı və ədalət bərpa olunacaqdı. Niki bu xəyanətkar qadının bərk yuxuya getdiyinə əmin olana qədər sakitcə gözləməyi qərara aldı. Gözlədiyi vaxt ona çox uzun göründü. Qadın tərpənmirdi. Uşaq kimi aramla nəfəs alırdı.

  • Əzizim – Niki nəhayət dilləndi.

Cavab gəlmədi, bir tərpəniş olmadı. Dünyadan xəbəri yox idi. Çox yavaşca, hər bir hərəkətdən sonra dayanıb, çarpayıdan sürüşüb çıxdı. Onun oyanıb-oyanmadığını bilmək üçün bir anlığa lal-dinməz dayanıb baxdı. O, əvvəlki kimi aramla nəfəs alırdı. Gözlədiyi müddətdə Niki otaqdakı avadanlığa diqqətlə baxmışdı ki, pəncərəyə tərəf gedərkən stola və ya stula ilişib səs-küy salmasın. Bir-iki addım atıb gözlədi, bir neçə addım da getdi. Ayaqdan çox yüngül olduğundan, addımlayarkən səs salmadı. Pəncərəyə çatana qədər düz beş dəqiqə vaxt getdi. Orada yenə diksindi. Çarpayı azacıq cırıldadığından Niki azacıq diksindi, qadın yuxuda o biri böyrü üstə çevrildi. Yüzü sayana qədər gözləməli oldu. Daş kimi yatmışdı. Olduqca ehtiyatla sinerariyanın gövdəsindən tutub, onu ehmalca dibçəkdən çıxartdı, o biri əlini içinə saldı, barmaqları pula toxunanda nəbzi sürətlə vurmağa başladı. Pulu əlinə alıb yavaşca diçəkdən çıxartdı. Bitkini yerinə qoydu və öz qaydasınca diqqətlə torpağı aşağı basdı. Bunları edərkən bir gözü çarpayıda yatan qadına zillənmişdi. O sakitcə yatmağında idi. İkinci dəfə dayandı, sonra səssizcə paltarları olan stula tərəf getdi. Əvvəlcə pulu pencəyinin cibinə qoydu və sonra geyinməyə başladı. Buna on beş dəqiqə vaxtı getdi, çünki səs-küy salmağa yol verə bilməzdi. Naharda əynində olan jaketlə yanaşı nazik köynək geyinmişdi. Buna görə özündən razı qaldı. Belə ki şax köynəyi geyməkdən bunu səssiz-küysüz geymək daha asan idi. Güzgüsüz qalstukunu bağlanmaqda bir qədər çətinlik çəkdi, lakin haqlı olaraq belə düşündü ki, qalstuk bir o qədər də yaxşı bağlanmasa, heç eyib etməz. Kefi kökəlirdi. Bu işlər ona bütünlüklə əyləncə kimi görünürdü. Nəhayət ayaqqabılarından başqa qalan paltarlarını geyindi. Onları əlinə aldı. Fikirləşdi ki, onları dəhlizə çıxan kimi geyinəcək. İndi isə otaqdan keçib qapıya özünü çatdırmalıydı. Qapıya elə sakitcə çatdı ki, hətta ən ayıq yatan adam belə oyanmazdı. Açarı çox yavaşca burdu, qıfıl səs saldı.

  • Kimdir?

Birdən qadın yerin içində qalxıb oturdu. Nikinin ürəyi ağzına gəldi. Özünü itirməmək üçün böyük cəhd göstərdi.

  • Mənəm, saat 6-dır. Getməliyəm. Çalışırdım ki, sizi oyatmayım.

  • Eh, unutmuşam.

Qadın yastığa söykəndi.

  • Madam ki, oyaqsınız, onda ayaqqabılarımı geyinim. O, çarpayının qırağında oturub onları geyindi.

  • Bayıra çıxanda səs salma. Mehmanxana adamlarının səs-küydən xoşları gəlmir. Eh, elə yatmaq istəyirəm ki..

  • Siz gedin yatın.

  • Getməzdən əvvəl məni öpün. Niki əyilib onu öpdü.

  • Şirin oğlansan, gözəl aşiqsən. Yaxşı yol.

Mehmanxanadan çıxınca Niki özünü tam arxayın hiss etmədi. Dan yeri ağarmışdı. Səma buludsuz idi və limanda yaxtalar, balıqçı qayıqları sakit suda hərəkətsiz dayanmışdılar. Küçələrdə adam yox idi. Niki səhərin xoş təmiz havasından dərindən bir nəfəs aldı. Özünü ayıq və yaxşı hiss etdi. O özündə həm də məmnunluq duydu. Qollarını yelləyə-yelləyə sinəsini qabağa verərək iri addımlarla tənəyə doğru qalxdı. Bağların kənarında və kazinonun qabağındakı güllər səhər işığında şehli olduğundan çox gözəl görünürdü. Nəhayət, mehmanxanaya gəldi. Buraya iş günü artıq başlanmışdı. Foyedə xidmətçilər boyunlarında şərf, başlarında beret təmizlik işləri ilə məşğul idilər. Niki otağına qalxdı, isti vanna qəbul etdi. Vannanın içində uzanaraq razılıqla düşündü ki, o bəzi adamların fikirləşdiyi qədər də key deyil. Çimdikdən sonra səhər idmanı etdi, geyindi, şeylərini yığışdırıb aşağı mərtəbəyə səhər yeməyinə getdi. Yaxşı iştahı vardı. Ona materikdə adamların yedikləri səhər yeməyi lazım deyildi, sıyıq qreypfrut, qaxacla hazırlanmış qayğanaq, marmelad, kürədən təzəcə çıxmış bir-iki bulka yedi. Bulkalar o qədər kövrək və ləzzətli idi ki, adamın ağzında əriyirdi. Üç fincan da qəhvə içdi.

Bayaqdan kefi kök idi, indi lap əla oldu. Qəlyanını yandırdı, papiros çəkməyi yaxın vaxtlarda öyrənmişdi. Mehmanxananın pulunu verdi və onu gözləyən taksiyə tərəf getdi. Taksi onu Kann şəhərinin o biri tərəfində yerləşən aerodroma aparmaq üçün gəlmişdi. Nitsaya qədər yol alçaq dağların ətəyi ilə gedirdi. Aşağıda mavi dəniz və sahil xətti görünürdü. Fikirləşirdi ki, yamanca bəxti gətirib. Onlar Nitsadan keçdilər. Kefi kök, damağı çağ səhər tezdən dənizin kənarıyla uzanıb gedən düz yola çıxdılar. Niki haqq-hesabı bir gün udduğu pulla deyil, atasının ona verdiyi pulla ödəmişdi. Gecə klubundakı şam yeməyi üçün min frank xırdalamışdı. Amma bu xain qadın ondan borc aldığı min frankı qaytarmış olduğundan indi cibində iyirmi min frank var idi. Ürəyindən keçdi ki, pullara bir baxsın. Az qala pullar əlindən çıxmışdı. Buna görə də onlar Niki üçün indi ikiqat qiymətli idi. Şalvarın arxa cibindən pulları çıxartdı. Etibarlı yer olaraq pullar üçün şalvarın arxa cibini seçmişdi. Onları bir-bir saydı. Pulların başına nə isə qəribə bir iş gəlmişdi. İyirmi dənə min franklıq olmaq əvəzinə, orada iyirmi altı min franklıq pul var idi. Heç nə başa düşmədi. Pulları yenidən iki dəfə saydı. Buna şübhə ola bilməzdi; onun iyirmi min frank əvəzinə iyirmi altı min frankı var idi. Baş aça bilmədi. Öz-özündən soruşdu ki, bəlkə idman klubunda zənn etdiyindən daha çox udub. Xeyr, bu ola bilməzdi, çünki dörd cərgədə hər birində beş min frank olmaqla stolun arxasında oturub pulları düzən kişini lap aydınca xatırlayırdı. Pulları özü də saymışdı. Birdən səbəbi yadına düşdü. əlini dibçəyin içinə salanda orada əlinə düşən nə var idisə hamısını götürmüşdü. Niki maşında arxaya söykənib ucadan qəhqəhə çəkdi. Bu, həyatının ən maraqlı hadisəsiydi. Xanım səhər yuxudan oyandıqdan bir qədər sonra gül dibçəyinə tərəf gedəcək, çox məharətlə ondan çırpışdırdığı pulları götürmək istədikdə, orada nəinki Nikinin, həm də öz yığdığı pulların əldən çıxdığını görəcək. Bu barədə düşündükdə gülməkdən uğunub getdi. Onun özünə gəldikdə, bu haqda heç nə etmək olmazdı. Niki nə qadının adını, nə də mehmanxananın ünvanını bilmirdi. O istəsəydi də, qadının pullarını qaytara bilməzdi.



  • Ona laöp yerində oldu – Niki öz-özünə dedi.

Henri Qarnetin dostlarına bric oynayarkən, danışdığı hekayət bundan ibarət imiş. Əhvalatı bir gün əvvəl nahardan sonra arvadı və qızı onu oğlu ilə tək qoyaraq portveyn şərabı içmək üçün gedəndən sonra Niki özü təfsilatı ilə danışmışdı.

  • Məni əsəbiləşdirən odur ki, Niki özündən çox müştəbehdir, guya bir qəhrəmanlıq göstərib. Başına gələnləri danışıb qurtardıqdan sonra mənə nə desə yaxşıdır?! Günahsızcasına mənə baxaraq dedi:

  • Bilirsən, ata, zənnimcə mənə verdiyin məsləhətdə müəyyən səhvə yol vermisən. Sən dedin kart oynama, amma mən oynadım və çoxlu pul uddum. Sən dedin borc vermə, mən verdim və borcumu qaytardılar. Sən demişdin qadınlarla işin olmasın, mən isə əksinə hərəkət etdim və altı min frank qazandım – Dostların üçü də bərkdən gülsə də, Henri Qarnetin eyni açılmadı.

  • Dostlar, sizə nə var ki, gülürsünüz, bilsəniz mən necə çıxılmaz vəziyyətdəyəm... Uşaq mənə hörmət edərdi, ona nə deyərdimsə, həqiqət kimi qəbul edərdi. İndi isə onun gözlərindən duydum, mənə cəfəngiyyat danışan bir axmaq kimi baxır. Mənim ona bir çiçəklə yaz olmaz deməyimin heç bir əhəmiyyəti yoxdur. O başa düşmür ki, bu təsadüfdür. O elə güman edir ki, hər şey onun qoçaqlığı sayəsində olub. Belə fikirlər onu korlaya bilər.

  • Dostum, özünüzü bir qədər axmaq yerinə qoymusunuz – dostlarından biri dedi – bunu danmağına dəyməz, elə deyilmi?

  • Elədir, amma bu iş xoşuma gəlmir. Bu çox murdar işdir. Taleyin haqqı yoxdur ki, kiminsə başına bu oyunları açsın. Bir də ki, etiraf etməlisiniz ki, mən xeyirli nəsihət vermişəm.

  • Çox xeyirli.

  • Həm də ki, yaramaz oğlum bu işdə yana da bilərdi, amma yanmayıb. Siz ey dünyanın aqil insanları, mənə deyin görək, mən belə bir vəziyyətdə necə hərəkət etməliyəm?

  • Qulaq as, Henri. Yerinə olsaydım, narahat olmazdım. Mən belə fikirdəyəm ki, oğlun xoşbəxt doğulub, ümumiyyətlə, bu ağıllı və ya varlı doğulmaqdan daha yaxşıdır – hüquqşünas dostu dedi.


İngilis dilindən tərcümə edən:

Səfər İsgəndərli


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə