Teymur Elçin Gəl, Bahar Gözəl bahar, Gözəl bahar! Darıxırıq, Tez gəl, bahar!




Yüklə 55.14 Kb.
tarix28.04.2016
ölçüsü55.14 Kb.
Teymur Elçin

Gəl, Bahar
Gözəl bahar,

Gözəl bahar!

Darıxırıq,

Tez gəl, bahar!
Çətir-çətir

Güllər gətir,

Otaqlara

Dolsun ətir.
Sənsən əziz,

Şən nəğməmiz;

Gözləyirik

Yolunu biz.
Gözəl bahar,

Tez gəl,bahar;

Bağçamızda

Dincəl, bahar!

Din, Dan
Səhər məni Din, dan,

Oyat sən, Din, dan,

Saat,sən! Din, dan.

Mən bərk yatsam,

Din, dan, Zəngi vur,

Din, dan, Səslə: dur!

Din ,dan. Din,dan,

Bax sən yatma, Din, dan,

Oyaq qal; Din,dan.

Oxu, çal.


Gözəl Vətən
Oxuyuruq, nəğməmiz

Uzaqlara yayılsın,

Səsimizdən hər tərəf

Tez yuxudan ayılsın,
Gözəl vətən, can vətən,

Bizə mehriban vətən.
Qarlıdır,vüqarlıdır

Papağı şiş dağların,

Barlıdır,baharlıdır

Tarlaların,bağların.
Gözəl vətən, can vətən,

Qoynu gülüstan vətən.
Sən xoşbəxt böyüdürsən

Bizi hər gün, hər saat.

Daim ucalaq deyə

Bizə verirsən qanad.
Gözəl vətən, can vətən,

Hər gün ucalan vətən.


Siçan balası
-Niyə belə balacasan,

ay siçan?

-Qorxudan.

-Kimdən qorxursan belə?

-Pişikdən.

-Onda niyə çıxırsan

deşikdən?

Siçan baxdı pişiyə,

Qaçdı girdi deşiyə.
Analar və laylalar
Hər anaya –

öz balası

Hər balaya –

öz laylası.

Gecələrin yuxusu var,

Gecələrin qorxusu var,

Gecələri oyaq qalır,

Layla çalır

Analar.

Hər biri öz dilində.

Nə deyir laylasında

Ana maral, ana fil, -

nə deyir?

Nə deyir laylasında

Ana qartal, ana şir?

Dovşanların anaları,

İnsanların anaları –

nə deyir?
***

Turacın laylası



Turaca bax, turaca bax,

Dalınca bir ovçu düşüb

Onu görsə, vuracaq.

Kola girdi ana turac.

Dedi: - Tez ol, mənə yol aç,

mənə yol aç!

Dalımca bir ovçu gəlir,

Məni görsə, vuracaq.

Turac qaçdı koldan-kola,

Meşəlikdə gözdən itdi.

Çox axtardı ovçu onu

Gün batanda çıxıb getdi.
***

Qara çadır qurdu meşə,

Ulduzları bircə-bircə

Bu çadırdan asdı gecə.

Yuvasına gəldi turac.

Balaları gözləyirdi

yuxusuz, ac.

Cücələri yığdı ana

Qanadları altına.

Başladı laylasına:

-Yatın, yatın, cücələr.

Səs salmayın gecələr.

Kəsin cikkiltinizi,

Tapar tülkülər sizi.

Əgər sizi güdsələr,

Bircə-bircə tutsalar,

Tükünüzü didsələr,
Onda mən neylərəm bəs?

Bizim bu meşəlikdə

Gəlməz köməyə heç kəs.

Tez yatın, salmayın səs.

***

Qurbağanın laylası
Gölməçədən qırağa

Çıxdı ana qurbağa,

Ulduzlara vurdu göz,

Qırıldatdı neçə söz.

Yatanları oyatdı.

Yekəağız balası

Birdən yadına düşdü.

Özünü suya atdı.

Çox keçmədi, qayıtdı,

Gölməçə qırağında

Laylasını yaratdı:

- İtdi çömçə quyruğun,

İndi nədir buyruğun?

Sən tez böyü, mənə çat,

Yuxun gəlir, tez ol yat,

vğa, vğa,

vğa, vğa.

Yat, mənim ağa balam,

Körpəm, qurbağa balam.

Ye, ağzın yekə olsun,

Boyun bir tikə olsun,

vğa, vğa,

vğa, vğa.

Səsin tutsun gölümü,

Yaxın qoyma ölümü.

Baş vur lilə, gir zığa.

Tut ye çoxlu mığmığa,

vğa, vğa,

vğa, vğa.

***

Delfinin laylası
Ov edib gedirdi

Balıqçı qayığı.

Dalınca düşmüşdü

Bir köpək balığı.
Sən demə delfinlər

Güdürmüş bayaqdan.

Qovdular uzağa

Balığı qayıqdan.

Qayıdıb getdilər

Hərəsi bir yana,

Qaldılar o yerdə

Bir bala, bir ana.

Qayığın yanında

Görəndə delfini,

Qayıqçı tez onun

Soruşdu kefini.

Bu delfin elə bil

Qayığı qucurdu,

Sevincdən quş kimi

Az qala uçurdu.

Bir dəcəl uşaqtək

Qururdu min oyun,

Qayıqla az qala

Olurdu qol-boyun.

Bir yerdə üzdülər

Qaranlıq düşüncə,

Laylası bu oldu

Delfinin o gecə:

- A mənim ilkin balam,

Balaca delfin balam,

Göy sular yerin olsun,

Delfin balam, yat!
Qaçma ora-bura sən,

Tez düşərsən tora sən.

Ağıllı ol, can balam,

Göyçək, mehriban balam,

Delfin balam, yat!
***
Kirpinin laylası
Gedirdi ana kirpi

bulağa,

Yatmamış, əl-üzünü

yumağa.

Yarpaqlar xışıldadı

meşədə,

İki göz işıldadı

meşədə.

Titrədi, kirpi düşdü

qorxuya.

Balası getməmişdi

yuxuya.

Qayıtdı ana kirpi

evinə,

Yaladı balasının

burnunu.

Söylədi bunu:

- Meşədə səs var,

Gəzir canavar,

Səsin gəlməsin,

Yat, kirpiciyim,

Yat, körpəciyim.

İynələrin çox,

Hərəsi bir ox;

Kim sənə dəysə,

Gözünə batsın.

Balam tez yatsın.

Yat kirpiciyim,

Yat, körpəciyim.

***

Canavarın laylası



Yuvasına qayıtdı

Canavar.

Qan iyini alanda

Mırıldandı balalar.

Gətirdiyi quzunu

Körpələrə yedirtdi.

Oynaşdılar,

Boğuşdular,
Yorulub yatışdılar

balalar.

Laylasına başladı

Canavar:

- Yat, mənim küçük balam,

Tez böyü, kiçik balam.

Qulaqların, gözlərin,

Dişlərin iti olsun,

Quzunun əti olsun

yediyin.

Kimi görsən parçala,

Böyü, canavar bala.

Parçala, parçala, parçala.

Uu-uu...

Uu-uu...
***

Anamın laylası



- Bəs mənim laylam, ana?!

- Öz laylan var sənin də.

A qadan alım,

Yadımdan çıxıb.

Bir azca dayan,

Yadıma salım.

İşıq gəldi elə bil

Ananın gözlərinə.

Bir az da yuxu qatdı

Yuxulu sözlərinə.

Deməsə də laylasının yaşını,

Qucaqladı balasının başını.

Oxudu:

- Layla dedim balama,

İl keçə, ay dolana.

Balam gedə yuxuya,

Başına Ay dolana.
Yat, ulduz balam,

Qorxusuz balam.

Ceyran körpə ahuya

Laylasını oxuya.

Canavarın balası

Çoxdan gedib yuxuya.

Yat, qoçaq balam,

Yat, oyaq balam.

Sayıram gecələri,

Təkləri, bircələri.

Sən də yat, çoxdan yatıb

Turacın cücələri.

Yat, göyçək balam,

Mənim tək balam.

Qurdlar, quşlar yatıblar,

Yuxuya bal qatıblar.

Qurbağanın gölünə

Elə bil daş atıblar.

Sən də yat, balam,

Şokolad balam.

-Yoruldunmu?

-Yox, yox, ana!

Qurban olum laylana.

Yenə söylə.

- Çaylar dolu su gəlsin.

Elin arzusu gəlsin.

Layla dedim balama,

Yatsın, yuxusu gəlsin.

Yat, dincəl balam,

A dəcəl balam.

Yerini saldım rahat,

Qoçaq, zirək balam, yat.

Yuxun ətirli olsun,

Mənim çiçək balam, yat.

Yat, körpə quzum,

Şəkərim, duzum, yat!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə