Təşkilatçılığı və “Azərsu” asc-nin iştirakı ilə 2015-ci IL 28 yanvar tarixində




Yüklə 144.84 Kb.
tarix01.03.2016
ölçüsü144.84 Kb.


Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin

təşkilatçılığı və “Azərsu” ASC-nin iştirakı ilə
2015-ci il 28 yanvar tarixində
SU TƏCHIZATI SAHƏSİNDƏ Şəffaflığın artırılması
mövzusunda keçirilən
Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
Ön söz
Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.
 “Azərsu” ASC ölkə üzrə 1308772 abunəçini içməli su ilə təmin edir. Bunlardan  1255853-ü əhali, 52919-u isə qeyri-əhali istehlakçılarıdır. Həmçinin, cəmiyyətin balansında 18244 km uzunluğunda su, 3507 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.
Tədbirin keçirilməsində əsas məqsəd su təchizatı və tullantı sularının axıdılması sahəsində nəzərə çarpan çatışmazlıqlar, istehlakçı hüquqlarının tanınması və qorunması, həmçinin qanunvericilikdə mövcud olan boşluq və ziddiyyətlərlə bağlı və digər problemlərin əhəmiyyətli müzakirəsinin aparılmasının təşkil edilməsidir.Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, yerli qeyri-hökumət təşkilatların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və “Azərsu” ASC-yə təqdim edilmişdir.
Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub.


  • Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru;

  • Ələkbər Ağasıyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti;

  • Azər Talıbov, “Şəffaflıq Azərbaycan” İB-nin baş hüquqşünası;

  • Aytən Əlizamanlı, “Şəffaflıq Azərbaycan” İB-nin kiçik hüquqşünası



    1. Sudan istifadə Qaydaları”

Mövcud vəziyyət

Analiz

AR Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə “Sudan istifadə Qaydaları” ( gələcəkdə “Qaydalar”) təsdiq edilmişdir.

Əvvəlki illərdə “Azərsu” ASC-dən rəsmi şəkildə bildirilmişdi ki, qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə Qaydaları”nın layihəsi işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib.



“Azərsu” ASC-dən verilən rəsmi açıqlamaya əsasən, “Sudan istifadə Qaydaları”nın layihəsi aidiyyatı qurumlara təqdim edilsə də, həmin layihə ictimaiyyətin geniş təbəqələrinə təqdim edilməmişdir. Layihə KİV, internet qaynaqlarında, hətta “Azərsu” ASC-nin rəsmi saytında (http://azersu.az) yerləşdirilmədiyindən onun haqqında fikir yürütmək mümkün olmayıb. Yeni layihə vətəndaş cəmiyyəti institutlarının, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirəyə çıxarılmış olsa idi, bunun layihəyə yalnız yararı dəymiş olardı. Hələ 2010-cu ildə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən müvafiq təkliflər və yeni müqavilə layihəsi “Azərsu” ASC-yə göndərilmiş, lakin verilmiş təkliflərin hissəsi nəzərə alınmışdır. Məsələn, sayğacın quraşdırıldığı yerdən asılı olaraq təchizatçı və istehlakçı arasında sayğaca görə məsuliyyət bölgüsü, konkret şərait nəzərə alınmaqla təchizatçı və istehlakçı arasında razılaşdırılmış əlavə müqavilə şərtlərinin mümkünlüyü və s. ilə əlaqədar tövsiyələrimiz nəzərə alınmış və təsdiq olunmuşdur.Həmçinin, sayğac göstəricilərinin kompüter qeydiyyatına alınması prosesinin sadələşdirilməsi və bildirişlərin təqdim edilməsi ilə bağlı olan tövsiyəmiz nəzərə alınaraq, bütün nəzarətçi heyəti müvafiq texniki vasitələrlə (indeksorlarla) təchiz olunmuşdur.

Qaydalar”ın 1.3-cü bəndinə əsasən “Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz”. Belə bir müddəa digər kommunal xidmət sahələrində qarşılıqlı münasibətləri tənzimləyən qaydalarda yoxdur və təqdirəlayiq hesab olunur.

Lakin layihənin ictimaiyyətlə müzakirəyə çıxarılmaması səbəbindən “Qaydalar”da bir sıra boşluqlar, ziddiyyətlər və istehlakçı hüquqpozmalarına şərait yaradan bəndlər öz əksini tapmışdır.


Tövsiyə edirik ki,

Gələcəkdə “Azərsu” ASC tərəfindən təklif olunan əlavə və dəyişikliklər vətəndaş cəmiyyəti institularının , QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirəyə çıxarılsın.

Mövcud vəziyyət

Analiz

Qaydalar”ın:

2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq;

2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək.


İçməli suyun və tullantı sularının tam və dəqiq uçotunun aparılması yalnız sayğac vasitəsilə mümkündür. Həm qaz, həm də elektrik enerjisi təchizatında real sərfiyyatın və borcun hesabatında sayğac göstəriciləri əsas götürülür. Yalnız içməli su təchizatı ilə əlaqədar borcun hesabatında normativ qiymətlərdən istifadə olunur. Bu qeyri-bərabərlik göstərilməyən (tam və ya qismən) xidmətlərə görə borcların hesablanmasına şərait yaradır və bu səbəbdən “Azərsu” ASC fiziki şəxs olan istehlakçılar üçün sayğac quraşdırılmasında maraqlı görünmür.

Tövsiyə edirik ki,

Qaydalar” 2.1.5-ci bəndindən “suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq” sözləri çıxarılsın.



Mövcud vəziyyət

Analiz

Qaydalar”ın aşağıdakı bəndlərinə əsasən STKM suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməlidir:

2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə;

2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda.

 


Qaydalar”ın 6.1-ci və 6.5-ci bəndinə əsasən əhali qrupundan olan istehlakçılar üçün su sayğaclarının quraşdırılması həmin sayğaclara nəzarət plombunun qoyulması ödənişsiz olaraq STKM tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq da su təchizatının dayandırılması üçün əsas kimi sayğacın dövlət standartlarının tələblərinə cavab verməməsi absurd haldır.

Digər tərəfdən, “Qaydalar”ın 2.1.9.3- cü bəndi AR Mülki Məcəlləsinin müqavilə azadlığını tənzimləyən maddələri ilə ziddiyyət təşkil edir və şərtləri onu qane etmədiyi hallarda da istehlakçını müqaviləni imzalamağa məcburetməyə yönəlib.



Tövsiyə edirik ki,

Qaydalar”ın 2.1.9.1 və 2.1.9.3-cü bəndləri ləğv edilsin.



Mövcud vəziyyət

Analiz

Qaydalar”ın 4.1.5-ci bəndinə (6.4) əsasən istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçının vəzifələrinə aid edilmişdir.

Əvvəla, sayğac quraşdırıldığı yerdən asılı olmayaraq istehlakçının təqsiri olmadan da (məsələn, verilən içməli suyun tərkibindəki mexaniki qarışıqların olması səbəbindən) yararsız hala düşə bilər.

Digər tərəfdən, 2 və daha artıq qonşu abonentin yaşadığı həyətyanı sahələrdə quraşdırılmış sayğacların üzərindəki plombların toxunulmazlığına görə də istehlakçı məsuliyyət daşıya bilməz.

Hər iki halda təchizatçı cavabdehlik daşımalıdır.


Tövsiyə edirik ki,

Qaydalar”ın 4.1.5-ci bəndində “istehlakçılara” sözündən sonra “( istehlakçının təqsiri olmadığı hallar istisna olmaqla)”, “həyətyanı sahələrdə”sözlərindən sonra isə “(ümumi həyət evləri istisna olmaqla)” sözləri əlavə edilsin.



Mövcud vəziyyət

Analiz

Qaydalar”ın aşağıdakı bəndlərinə əsasən:

5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq;

5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək;

5.1.8.STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüquqlarına aid edilmişdir.


Göründüyü kimi, istehlakçının tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək hüququ olduğu halda içməli su təminatında bu nəzərə alınmır.

Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR qanununun 8-ci maddəsinə əsasən, təchizatçı öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə fasiləsiz təmin edilsin.

Qəzaların və nasazlıqların aradan qaldırılmasında da ciddi problemlər qalmaqdadır. Belə ki, istehlakçının qəza ilə əlaqədar müraciətinə bəzi hallarda həmin gün operativ reaksiya verilmir, hər hansı ehtiyat hissəsinin olmaması bəhanə gətirilərək heç bir tədbir görülmür, bəzi kanalizasiya lyükları asfalt qatı ilə örtüldüyündən qəzanı aradan qaldırmaq mümkün olmur və s.

Hal-hazırda da bəzi ərazilərdə (xüsusən söküntü zonasında) təchizatçı ilə dövlət qurumları arasındakı anlaşılmazlıq səbəbindən aylarla davam edən su sızmaları dayandırılmır ( N.Nərimanov prospekti, B.Səfəroğlu, Ç.Mustafayev, M.A.Əliyev, M.Sübhi və s. küçələri). Son nəticədə sayğac quraşdırılmayan istehlakçıların hesabına ödənilən itkilərin həcmi artır.



Tövsiyə edirik ki

1.“Qaydalar”ın 5.1.6-cı bəndində “içməli su ilə” sözlərindən sonra “fasiləsiz” sözü əlavə edilsin.

2. “Qaydalar”ın 5.1.8-ci bəndində “qəzaların, nasazlıqların” sözlərindən sonra “ 24 saat ərzində” sözləri əlavə edilsin.

Movcud vəziyyət

Analiz

Qaydalar”ın 7.4-cü bəndinə əsasən “Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır.  Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır”.

Həm SSRİ dövründə, həm də 1990-cu ildən başlayaraq son dövrlərə qədər əhalinin dislokasiyası (hansı ünvanda neçə nəfər ailə üzvünün qeydiyyatda olması) barədə arayışlar hər ilin əvvəlində əraziyə xidmət edən sahənin əməkdaşları tərəfindən müvafiq MKİS –də hazırlanır, təsdiq edilir və öz idarələrinə təqdim edilirdi.

Bir neçə əməkdaşın təşkilati şəkildə verə biləcəyi məlumat xarakterli sənədlərin (arayışların) təqdim edilməsi öhdəliyinin milyondan artıq abonentin üzərinə qoyulması süründürməçilik yaradır, istehlakçıları vaxt itkisinə və maddi zərərə məruz edir və ələlxüsus göstərilməyən xidmətlərə görə (bir nəfər qeydiyyatda olduğu halda 4 və ya 5 nəfər üçün hesabatın aparılması) qeyri-qanuni borcların hesablanmasına şərait yaradır. İstehlakçılara kütləvi surətdə maddi zərər vurmaqla nəticələnən analoji “təcrübə” 2004-cü ildə “Azəriqaz” QSC tərəfindən də tətbiq olunmuşdu.Çoxsaylı məhkəmə proseslərinin və istehlakçı etirazlarının nəticəsində 2005-ci ildə “Azəriqaz” QSC rəhbərliyinin əmri ilə bu hesabat üsulu ləğv edildi.

Digər tərəfdən, ailə tərkibi haqqında arayışın əhatə etdiyi dövr nəzərə alınmadan yalnız təqdim olunduğu tarixdən hesabatda düzəliş edilir.


Tövsiyə edirik ki ,

  1. Qaydalar”ın 7.4-cü bəndində “Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır.” cümləsi “Əhalinin dislokasiyası (hansı ünvanda neçə nəfər ailə üzvünün qeydiyyatda olması) barədə arayışlar hər ilin əvvəlində əraziyə xidmət edən sahənin əməkdaşları tərəfindən müvafiq MKİS –də hazırlanır, təsdiq edilir və öz idarələrinə təqdim edilir.” cümləsi ilə dəyişdirilsin.

  2. Həmin bəndin təklif olunan cümlədən sonrakı hissəsi ləğv edilsin.

  3. Əhali qrupundan olan istehlakçıların mənzilləri üçün sayğacquraşdırma prosesi tam başa çatdıqdan sonra “Qaydalar”ın 7.4-cü bəndi ləğv edilsin.

Mövcud vəziyyət

Analiz

Qaydalar”ın 7.10-cu bəndinə əsasən “İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər”.

İstehlakçı hüquqlarının birbaşa pozulması kimi qiymətləndirilən bu bənd şantaj xarakteri daşıyır. Əgər istehlakçıya məxsus hər hansı kod hesabında hesablanmış borc istənilən səbəbdən, o cümlədən, təchizatçı ilə istehlakçı arasında yaranmış anlaşılmazlıq nəticəsində ödənilmirsə, mübahisə məhkəmə yolu ilə həll edilməlidir.


Tövsiyə edirik ki,

Qaydalar”ın 7.10-cu bəndinin ikinci cümləsi ləğv edilsin.



Mövcud vəziyyət

Analiz

Qaydalar”ın aşağıdakı bəndlərinə əsasən:

7.13. İstifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir.

7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir.

Əvvəlki illərlə müqayisədə nisbi azalma olsa da yenə də nəzarətçilər tərəfindən borcların qeyri-qanuni olaraq poçt qəbzlərinə əsasən mənzillərdə yığılması davam edir. Bu hal şəhərətrafı ərazilərdə daha çox müşahidə olunur.

Dəbbə puluna gəldikdə isə, əvvəla, onun faizi və hesablama mexanizmi göstərilməyib, həm də reallığa uyğun deyil. Əvvəlcədən ödəniş edən istehlakçılar üçün borcun hesabatında azalma nəzərdə tutulmadığından gecikdirilən ödənişlərdə dəbbə pulu hesablanmamalıdır.

AR Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nda da analoji 8.31-ci bənd 6 yanvar 2010-cu il tarixində ləğv olunmuşdur.


Tövsiyə edirik ki,

Qaydalar” 7.14-cü bəndində ikinci cümlə ləğv edilsin.



Mövcud vəziyyət

Analiz

Qaydalar”ın 8.7-ci bəndinə əsasən “Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır”.

Bu bənddə itirilmiş suyun həcminin hesabatı heç bir qanuni əsas olmadan 1 (bir) il müddətinədək uzadılıb. Halbuki, təchizatçının əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilməli, bildiriş təqdim edilməli və sudan istifadə qaydalarının pozulması hallarının olub - olmaması yoxlanılmalıdır.

Bu səbəbdən itirilmiş sərfiyyata görə hesabatın aparıldığı müddət sayğaca sonuncu dəfə baxış keçirildiyi andan başlayaraq 1 ( bir ) aydan artıq olmamalıdır.



Tövsiyə edirik ki,

  1. Qaydalar”ın 8.7-ci bəndindən “və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda” və “ötən 1 (bir) il müddətinədək” sözləri çıxarılsın .

  2. Həmin bəndə “İtirilmiş suya görə aparılan hesabatın əhatə etdiyi dövr sonuncu bildirişin verildiyi tarix nəzərə alınmaqla 1 ( bir ) aydan artıq olmamalıdır” cümləsi əlavə edilsin.

Mövcud vəziyyət

Analiz

Qaydalar”ın 6.5-ci bəndinə əsasən “İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir”.

Son 1-2 il ərzində hüquqi şəxs olan istehlakçıların hesabına quraşdırılmış və onların mülkiyyətində olan su sayğacları istismara yararlı olduğu halda təchizatçının əməkdaşları tərəfindən məcburi surətdə smart kart tipli sayğacla dəyişdirilir. Bu zaman istehlakçılardan əvəzlənmiş sayğacların da dəyəri tələb olunur, ödənilmədiyi təqdirdə su təchizatı dayandırılır.Halbuki sayğacın yenisi ilə əvəzlənməsi istehlakçının iradəsi əleyhinə olaraq təchizatçının təşəbbüsü ilə həyata keçirilir.

Tövsiyə edirik ki,

Qaydalar”ın 6.5-ci bəndinə “Qeyri-əhali qrupundan olan istehlakçıların təqsiri (arzusu) olmadan sayğacın dəyişilməsi zərurəti yarandıqda sayğacın dəyişdirilməsi STKM tərəfindən ödənişsiz həyata keçirilir.” cümləsi əlavə olunsun.



Mövcud vəziyyət

Analiz

“Azərsu” ASC-dən rəsmi şəkildə bildirilmişdi ki, qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə qaydaları”nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib. Güman edirdik ki, həmin layihədə istehlakçıların hüquqlarını lazımi səviyyədə qoruya biləcək2 yeni “Müqavilə” də öz əksini tapacaqdır. Hansı ki, “Müqavilə”nin 5.1-ci bəndininin - “Bu Müqaviləyə dəyişiklik və əlavələr Müəssisə və istehlakçı tərəfindən təsdiq edilmiş əlavə razılaşma ilə həyata keçirilir” olması digər kommunal xidmət sahələrindən fərqli olaraq, təqdirəlayiq hal hesab olunur. Buna baxmayaraq, həm “Qaydalar”da, həm də “Müqavilə”də bir sıra boşluqlar və ziddiyyətlər qalmaqdadır.

“Azərsu” ASC tərəfindən bildirilmiş məlumatlara əsasən Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertləri tərəfindən hazırlanmış “İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə” şərtlərinin əksəriyyəti onlar tərəfindən dövlət qurumlarına təqdim edilmiş layihədə öz əksini tapmışdı. Lakin “Sudan istifadə qaydaları”nın yeni layihəsi, o cümlədən, yeni “Müqavilə” layihəsi təsdiq olunmamışdan əvvəl “Azərsu” ASC tərəfindən bizə təqdim edilmədiyindən məlumatın doğruluğunu şübhə altına salır.

Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 1.1.-ci bəndinə əsasən “Bu Müqavilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir”.

Göründüyü kimi, “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə zidd olaraq “Azərsu”ASC içməli su təchizatının fasiləsizliyinə zəmanət vermir.

Tövsiyə edirik ki,

Müqavilə”nin 1.1.-ci bəndində “istehlakçının tələbatına uyğun” sözlərindən sonra “fasiləsiz” sözü əlavə edilsin.



Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 2.1.-ci bəndinə əsasən “İstehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir”.

Sayğac quraşdırılmayan istehlakçılar - əsasən şəhər ətrafı ərazilərdə yaşayan abonentlər üçün xüsusən yay mövsümündə həftələrlə, bəzi hallarda aylarla su təminatı olmadıqda borcun hesabatının dayandırılması şərtləri nəzərə alınmıyıb.



Tövsiyə edirik ki,

Əhali qrupundan olan istehlakçılar üçün sayğacquraşdırma prosesi tam başa çatdıqdan sonra “Müqavilə”nin 2.1.-ci bəndindən “sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada” sözləri çıxarılsın.

Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 2.3.-cü bəndinə əsasən “Həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evlərində yaşayan istehlakçılar sayğac olmadıqda, təyin olunmuş normadan artıq istifadə olunan suya görə (həyətyanı sahənin suvarılması və s. ) müəyyən edilmiş qaydada əlavə haqq ödəyirlər”.

Bu zaman sayğac quraşdırılmadığından borcun hesabatı real sərfiyyata əsaslanmır və istənilən halda göstərilməyən xidmətlərə görə borcun hesablanmasına şərait yaradır.


Tövsiyə edirik ki,

Müqavilə”nin 2.3.-cü bəndində həyətyanı sahənin suvarılması və s. xidmətlər üçün borcun hesabatının konkret hesablama mexanizmi göstərilsin.



Mövcud vəziyyət

Analiz

Təchizatçı “Müqavilə”nin 3.4.3-cü bəndinə əsasən istehlakçıya verdiyi suyun haqqı hesab təqdim edildiyi (göndərildiyi) gündən sonra 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçının su təchizatını dayandırmaq hüququna malikdir.

Əvvəlki illərlə müqayisədə nisbi azalma olsa da xidmət haqqlarının qeyri-qanuni olaraq nəzarətçilər tərəfindən azərpoçt qəbzlərinə əsasən mənzillərdə yığılması, bəzi hallarda yığılmış maddi vəsaitin tam və ya qismən mənimsənilməsi hələ də müşahidə olunmaqdadır.



Əvvəla, nəzarətçilər tərəfindən hər ay borc bildirişlərinin verilməsi öhdəliyi göstərilməyib, əvvəlki illərlə müqayisədə nisbi azalma müşahidə olunsa da bildiriş təqdim edilmədən nəzarətçilər tərəfindən poçt qəbzlərinə əsasən borcların mənzillərdə yığılması halları hələ də davam edir, bu da bəzi hallarda yığılmış vəsaitin qismən və ya tam mənimsənilməsinə şərait yaradır.

Tövsiyə edirik ki,

Sahə rəislərinin və nəzarətçilərin vəzifə öhdəliklərini tənzimləyən təlimatlara mənzillərdə pul yığılmasını və istehlakçılarla kobud rəftar edilməsini qadağan edən müvafiq əlavələr edilsin.

Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 3.7-ci bəndinə əsasən “İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər”.

Müqavilənin onunla bağlanmasına baxmayaraq istehlakçının ikinci mənzilində digər vətəndaşlar ( boşanmış ailə üzvləri , yaxın qohumları və ya mənzilin yeni mülkiyyətçisi ) yaşaya bilər. Bu halda borca görə borcu olmayan digər mənzilin su təchizatının dayandırılması başqa istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və qeyri-qanunidir.

Tövsiyə edirik ki,

Müqavilə”nin 3.7-ci bəndi ləğv edilsin.



Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 4.4-cü bəndinə əsasən istehlakçı  Müəssisə tərəfindən ölçü cihazlarına, siyirtmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin edir, onları daim işlək vəziyyətdə saxlayır, hər cür hava şəraitinin təsirindən (mexaniki zərbə, yağış, toz, donma və birbaşa günəş şüalarına məruz qalma və s.) qorunması üçün lazımi tədbirlər görür, Qaydaların tələblərinə uyğun ölçü cihazlarını texniki pasportlarında göstərilən müddətdə və digər hallarda dövlət yoxlamasından keçirir”.

Göründüyü kimi, qurğu, avadanlıq və ölçü cihazlarının harada yerləşməsindən asılı olmayaraq təchizatçının öhdəlikləri də istehlakçının vəzifələrinə aid edilib və müqavilənin bu şərti “Qaydalar”ın 6.4-cü bəndi ilə ziddiyyət təşkil edir.



Tövsiyə edirik ki,

Müqavilə”nin 4.4-cü bəndi “Qaydalar”ın 6.4-cü bəndinə uyğunlaşdırılaraq yeni redaksiyada verilsin.



Mövcud vəziyyət

Analiz

Müqavilə”nin 7-ci bəndində hər iki tərəfin informasiya xarakterli məlumatları və bank rekvizitləri göstərilir.


Vətəndaşların rəyinə əsasən qəza baş verdiyi hallarda istehlakçıların “qaynar xətt”ə müraciətləri çox vaxt istənilən nəticəni vermir. Xətt ya məşğul olur, ya da telefona heç kim cavab vermir. “Müqavilə”nin bu bəndində “Azərsu” ASC-nin rayon qəza xidmətlərinin əlaqə nömrələrinin göstərilməsi problemin həllinə kömək edərdi.

Tövsiyə edirik ki,

Müqavilə”nin 7-ci bəndində həm içməli su, həm də tullantı sularının axıdılması ilə əlaqədar rayon qəza xidmətlərinin əlaqə nömrələri göstərilsin.



    1. İstehlakçılarla müqavilələrin bağlanılması

Mövcud vəziyyət

Analiz

01 oktyabr 2014-cü il tarixə olan məlumata əsasən, “Azərsu” ASC  ölkə üzrə  1308772 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1255853-ü əhali, 52919-u isə qeyri-əhali abunəçiləridir.



“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı istehlakçı ilə müqavilə bağlamağa borcludur. Hal-hazırda xidmət sahəsində yaşanan ən ciddi problemlərdən biri “Azərsu” ASC kimi inhisarçı qurumların istehlakçılarla müqavilə bağlamaqdan yayınmasıdır. Müxtəlif ərazilərdə yaşayan vətəndaşların və şikayətçilərin arasında aparılan mini sorğunun nəticələrinə əsasən demək olar ki, qeyri-əhali abunəçilərinin hamısı ilə müqavilə bağlanmasına baxmayaraq əhali qrupundan olan abunəçilərə münasibətdə bu rəqəm 5 faizi ötmür. Həmin müqavilələrin bağlanma tarixi isə 2001-2008-ci illəri əhatə edir.

Tövsiyə edirik ki,

Əhali qrupundan olan istehlakçılarla müqavilələrin bağlanması vəziyyəti araşdırılsın, müqavilələrin bağlanılması üçün müvaviq tədbirlər görülsün.

  1. Azərsu” ASC-nin fəaliyyətində mövcud olan problemlər

Mövcud vəziyyət

Analiz

Xidmət səviyyəsinin qeyri-qənaətbəxş olması, əhalinin içməli su təchizatına və kanalizasiya xidmətlərinə olan ehtiyacının lazımi səviyyədə və fasiləsiz təmin edilməməsi ilə nəticələnir.

Təchizatçı qurumlar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə tam əməl olunmur.



Bakı şəhərinə daxil olan içməli su mənbədən paylama şəbəkələrinədək bir neçə mərhələdə MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələbləri əsasında analiz olunur. Belə ki, yeraltı və yerüstü su mənbələrindən götürülən su əvvəlcə mənbənin özündə 2874-82 saylı QOST-un standartları əsasında emal olunur və kəmərlər vasitəsilə paytaxtın su təchizatı şəbəkəsinə daxil olur. Paytaxta daxil olan suyun keyfiyyət göstəriciləri həmçinin “Bakı Sukanal” İdarəsinin mərkəzi laboratoriyasında təkrar təyin olunur. Nəql olunma və anbarlarda saxlama zamanı suyun keyfiyyət dəyişikliyinə nəzarəti təmin etmək məqsədilə analizlər götürülür.

“Azərsu” ASC-dən verilən açıqlamalara görə, içməli suyun başlıca sanitar-bakterioloji göstəriciləri bağırsaq çöplərinin sayıdır və analiz zamanı bu normalara xüsusi diqqət yetirilir. Amma bütün bunlar yalnız mərkəzləşdirilmiş qaydada su sistemi ilə təmin olunmuş şəhərlərə və qismən də rayon mərkəzlərinə aiddir. Mərkəzləşdirilmiş su sistemi olmayan rayonlarda əhali içməli suyu quyulardan, suvarma kanallarından, çay və göllərdən götürür ki, həmin mənbələrdə heç bir ekoloji təmizləmə aparılmır, əhalinin böyük əksəriyyətinin içdiyi suyun keyfiyyəti yoxlanılmır.

“Azərsu” ASC ölkənin yalnız 49 rayonunda mərkəzləşdirilmiş su sisteminə aid ərazilərdə suyun keyfiyyətinə nəzarət edə bilir. Bu rayonların isə cəmi 16-da mövcud su anbarlarında xlorator qurğuları işləyir və anbarlara daxil olan su xlor vasitəsilə saflaşdırılır. Qalan 33 rayonda əhalinin içdiyi su quru xlorla duruldulur. Bu zaman hər kubmetr suya 0,2-0,3 milliqram quru xlor qatılır. Artezian quyularından götürülən suyun bulanıqlığı isə hər litrə 0,5-1,5 milliqram xlor vurulmaqla aradan qaldırılır. Hazırda regionların əksəriyyətində içməli suyun yalnız bulanıqlığı və sudakı bağırsaq çöplərinin zərərsizləşdirilməsinə xüsusi diqqət yetirilir.

Müstəqil ekspertlər isə nəinki kənd yerlərində, heç iri şəhərlərdə və hətta paytaxt Bakıda əhalinin istifadə etdiyi içməli suyun tərkibinin təmizliyinə tam əmin deyillər. Kənd yerlərində əhalinin istifadə etdiyi suyun nəinki mənşəyi, heç fiziki-kimyəvi və bakterioloji keyfiyyət göstəriciləri yoxlanılmır. Mərkəzləşdirilmiş su sisteminə çıxışı olan paytaxt əhalisinin də əksəriyyəti çiy su içməyə qorxur. Şəhərdə yaşayanların çoxu içməli sudan istifadə etməzdən əvvəl onu tənzif, pambıq və ya su daşından süzür. Ümumiyyətlə şəhər sakinlərinin 90 faizi mənzillərə verilən suyu qaynatmamış içmir, çünki Bakıya gələn ən təmiz suyun icərisində də çöküntü adi gözlə görünə biləcək səviyyədədir.

Ekspertlər Azərbaycanda içməli suyun keyfiyyətinin 1982-ci ildə keçmiş SSRİ-nin qəbul etdiyi standartlar əsasında yoxlanmasını da düzgün hesab etmir. Azərbaycan BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların üzvü kimi əhalinin davamlı və təhlükəsiz içməli su ilə təminatına dair öhdəliklər götürüb. Ona görə də suyun keyfiyyət normaları Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsaslanmalıdır. Amma Azərbaycanda bunlar indi mövcud olmayan dövlətin standartları ilə nizamlanır. Halbuki əksər MDB ölkələrində, o cümlədən Rusiyada suyun keyfiyyətinə dair yeni standartlar və texniki şərtlər qəbul olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən verilən açıqlamaya görə, yaxın gələcəkdə içməli suyun keyfiyyətinə dair Azərbaycanın özünün Milli Standartları olacaq.




Tövsiyə edirik ki,

  1. Su təchizatı və kanalizasiya sahəsində göstərilən xidmətin keyfiyyət və təhlükəsizlik səviyyəsi artırılsın, buna cavabdeh olan vəzifəli şəxslərə tələblər sərtləşdirilsin, günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması təmin edilsin.

  2. İçməli su ilə əlaqədər qanunlarda əlavələr və dəyişiklər edilsin, Suyun keyfiyyətinə dair Milli Standartların qəbul olunması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən tezləşdirilsin.

  3. Azərsu” ASC-nin əhali qrupuna aid istehlakçılara göstərilən xidmətlər sahəsində inhisarına son qoyulsun, bu sahədə yeni su təchizatı müəssisələri (iki-üç) yaradılsın ki, bu sahədə sağlam rəqabət olsun və bu da son nəticədə əhaliyə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir etsin.

  4. Qaydalar”a və “Müqavilə”yə sayğac və içməli suyun ekspertizasının ( istehlakçının iştirakı ilə) aparılması və sənədləşdirilməsi ilə əlaqədar bəndlər əlavə olunsun.

  5. Qaydalar”a və “Müqavilə”yə istehlakçılara bir və ya bir neçə göstərici üzrə aşağı keyfiyyətli xidmət nəticəsində dəymiş zərərin ( o cümlədən, sağlamlığa) ödənilməsi ilə bağlı bəndlər əlavə edilsin.

Mövucd vəziyyət

Analiz

Qaydalar”ın 2.1-ci bəndinə əsasən STKM-in vəzifələri aşağıdakılardır:

2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və  mühafizəsini təmin etmək;

2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək;

2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;




Bakı şəhərinə verilən içməli suyun miqdarının kifayət qədər olmasına baxmayaraq, təchizatçının balansında olan məhəllədaxili sistemlərin əksəriyyəti ( o cümlədən, şəhər mərkəzinin bəzi hissələri) SSRİ dövründə inşa edilib və istismar müddəti başa çatdığından yararsız haldadır. Bu səbəbdən də ümumilikdə mənzillərin su təchizatı qənaətbəxş deyil.

Həmçinin, bir çox magistral su xətlərinin standartlara uyğun təzyiqə davam gətirməməsi istehlakçılara keyfiyyətli və fasiləsiz xidmət göstərilməsini qeyri-mümkün edir. Su təzyiqinin aşağı olması (xüsusən yay mövsümündə) səbəbindən mənzillərdə məişət avadanlıqlarından (qənaətli su qızdırıcısı, paltaryuyan maşın) normal istifadə etmək olmur. Digər tərəfdən, əhali qrupundan olan istehlakçıların istismarında olan sistemlərə texniki baxış keçirilməməsi fiziki şəxs olan istehlakçıları hüquqlarına laqeyd münasibətin göstəricisidir.



Tövsiyə edirik ki,

  1. Azərsu ASC tərəfindən öz balansında olan və istismar müddəti çoxdan bitmiş yararsız şəbəkənin əsaslı təmiri həyata keçirilsin.

  2. Qaydalar”ın 2.1.3-cü bəndinin tələblərinə lazımi səviyyədə əməl olunması üçün əməkdaşların fəaliyyətinə nəzarət gücləndirilsin.

Mövcud vəziyyət

Analiz

Əhali qrupundan olan istehlakçılar üçün sayğac quraşdırma prosesi ləng aparıldığından son zamanlara qədər yalnız həmin istehlakçıların yarısı üçün sayğac quraşdırılıb. Bu səbəbdən bir qisim istehlakçılar üçün borcun hesabatı real sərfiyyata deyil, virtual normalara əsaslanır. Sayğac göstəricilərinin qeydiyyata alınması sahəsində əvvəlki illərdə göstərdiyimiz problemlər isə qismən həll olunsa da, hələ də qalmaqdadır.

“Azərsu” ASC-nin rəsmi saytında yerləşdirilmiş məlumata görə, 01 oktyabr 2014-cü il tarixə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi 1243956 əhali qrupu abunəçinin 691723-ü və ya 55,6 faizi sayğacla təmin olunub. Qeyri-əhali qrupuna aid 52046 abunəçinin isə 38504-ü və ya 75,9 faizində sayğaclaşma aparılıb. Bu rəqəmlərə şərh verməyə heç bir ehtiyac qalmır. Sayğac quraşdırılarkən əhalidən bəzi hallarda qeyri-qanuni olaraq pul tələb edilir.

Tövsiyə edirik ki,

Əhali qrupundan olan istehlakçılar üçün su sayğaclarının quraşdırılması 2015-ci ilin dekabr ayının sonuna kimi başa çatdırılsın.

Mövcud vəziyyət

Analiz

Borcun hesabatı və ödənişlərlə əlaqədar sənədləşmədə şəffaflıq aşağı səviyyədədir. İstehlakçıların çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq “Vidkart” demək olar ki, onlara təqdim edilmir. Rəsmi borc bildirişlərinin hər ay paylanmaması da istehlakçılar üçün müvafiq problemlər yaradır.

Bir qisim istehlakçıların hesab vərəqələrinin araşdırılması göstərir ki, bəzi hallarda göstərilməyən xidmətlərə görə borc hesablanır, bu da daha çox içməli suyun verilməsi ilə əlaqədardır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Beləliklə, qanunun bu tələbi pozularaq təchizatçının istehlakçıya borcu və istehlakçının aparmış olduğu ödənişlər barədə dolğun məlumat verilmir. Yəni istehlakçıda özünün kredit tarixi barədə təfsilatı ilə məlumatı olmur. Belə vəziyyət əsas borcun əlavə ödənişlə əlaqədər sənədləşməsində şəffaflığın olmamasına səbəb olur.



Tövsiyə edirik ki,

İstehlakçı üçün hesablanmış borc və ödənişlə əlaqədar bütün sənədlər ( əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti) onun ilkin şifahi tələbi ilə təqdim edilsin.

Mövcud vəziyyət

Analiz

İçməli sudan istifadə ilə əlaqədar istehlakçıların əleyhinə reallığı əks etdirməyən aktlar tərtib olunur və qeyri-qanuni borclar hesablanır.

Borcun hesabatı ilə əlaqədar sorğulara (ərizə və şikayətlərə) ya cavab verilməməsi, ya da natamam və ya mahiyyəti üzrə cavablandırılmaması halları mövcuddur.




Həmin aktların təchizatçı və istehlakçı arasında mübahisələndirilməsi proseduru dəqiq müəyyən edilmədiyindən və şikayətlərin araşdırılması sahəsində şəffaflığın, ictimai nəzarətin olmaması səbəbindən, qeyri-qanuni borcların hesablanmasının qarşısını almaq hələ ki, mümkün deyil. Bu da istehlakçıların haqlı narazılığına və məhkəmələrin izafi yüklənməsinə səbəb olur.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1-ci maddəsinə əsasən, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Bundan başqa, həmin qanunun 7-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.Yəni vətəndaşa əsaslandırılmamış,natamam cavab verildikdə müraciət baxılmış hesab oluna bilməz. Göründüyü ki, burada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1 və 7-ci maddələrinin tələbləri kobud şəkildə pozulur.


Tövsiyə edirik ki,

  1. 955 nömrəli qaynar xəttdə ayrıca olaraq məmurların qanunsuz hərkətlərindən şikayət edilməsi üçün xətt ayrılsın və daxil olmuş şikayətlərin sayı, xarakteri, görülmüş tədbirlər, o cümlədən günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması, hansı inzibati tənbeh tədbirlərinə məruz qalması haqqında ictimaiyyətin məlumatlandırılması təmin edilsin.

  2. Abonent Etirazları üzrə Komissiyanın fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının, QHT nümayəndələrinin iştirakı təmin edilsin.

İctimaiyyətlə əlaqələr

Mövcud vəziyyət

Analiz

Təhlükəsizlik qaydalarına riayət olunması və istehlakçıların hüquqları ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri aşağı səviyyədədir.

“Azərsu” ASC istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli məqsədilə 24 saat fasiləsiz fəaliyyət göstərən Qaynar Xətt Xidməti yaradılıb. “Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, həmçinin magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 955 nömrəsinə zəng edib Qaynar Xəttə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür.

İctimaiyyətlə əlaqələr sahəsi ilə bağlı olaraq “Azərsu” ASC-nin rəsmi saytı fəaliyyət göstərir: www.azersu.az


Görünür ki, “Azərsu” ASC-yə bu sahədə fəaliyyətini gücləndirməyə onun korporativ maraqları mane olur.

“Azərsu” ASC-də neqativ hallardan, konkret vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən şikayət ediləcək “Qaynar xətt” fəaliyyət göstərmir. 955 nömrəli “Qaynar xətt”i vətəndaşların rəyinə əsasən qəza baş verdiyi hallarda istehlakçıların müraciətləri çox vaxt istənilən nəticəni vermir. Xətt ya məşğul olur, ya da telefona heç kim cavab vermir.


Saytın tərtibatında bir sıra qüsurlar aradan qaldırılmışdır. Lakin Azərsu ASC-nin əhali ilə çatımlılığının artırılması məqsədi ilə bir sıra rəy sorğularının keçirilməsi, tv və radio fm dalğalarında əhalinin maarifləndirilməsi və problemlərin həll olunması istiqamətində verilişlərin keçirilməsinə olan ehtiyac qalmaqdadır.

Tövsiyə edirik ki,

  1. Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) rəy sorğuları keçirilsin, rəy sorğusunun keçirilməsinə ekspert-mütəxəssislər, KİV, QHT və vətəndaş cəmiyyəti institutları nümayəndələri cəlb edilsinlər.

  2. Radionun FM dalğalarında kommunal xidmətləri (o cümlədən, su təchizatı) sahəsində mövcud olan vəziyyətlə əlaqədar əhali arasında ekspress rəy sorğuları keçirəcək, əhalinin üzləşdiyi kommunal problemlərdən bəhs edəcək verilişin açılması məqsədəmüvafiq hesab olunur.

Mövcud vəziyyət

Analiz

Hal-hazırda Asan xidmət mərkəzlərində bəzi kommunal xidmət sahələrinin, o cümlədən, Azərsu ASC-nin əməkdaşları da fəaliyyət göstərir. Lüzumsuz təchizatçı – istehlakçı görüşlərini və bürokratik əngəlləri aradan qaldıran bu hal təqdirəlayiq hesab olunur və müsbət qiymətləndirilir.

Müxtəlif səbəblərdən zədələnmiş smart-kartların dəyişdirilməsi, borc haqqında ümumi məlumatların verilməsi, sayğacların dəyişdirilməsi və s. həmin əməkdaşlar tərəfindən təmin edilir.

Lakin hesabın bir istehlakçının adından digərinin adına keçirilməsi nəzərdə tutulsa da vətəndaşlar bu məqsədlə Azərsu ASC-yə göndərilir. Borc olmaması barədə arayışların verilməsi isə ümumiyyətlə nəzərdə tutulmayıb.



Tövsiyə edirik ki,

Asan xidmət mərkəzləri tərəfindən hesabın bir addan başqa ada keçirilməsi və

borc olmaması barədə arayışların verilməsi təmin edilsin.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə