Təsdiq edilmişdir Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması qaydalari




Yüklə 67.95 Kb.
tarix10.04.2016
ölçüsü67.95 Kb.


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il ____ tarixli

_____ nömrəli qərarı ilə

təsdiq edilmişdir
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü, 6.4-cü maddələrinə və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 14-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin mühafizəsi və hüquqi qorunması sahəsində əlavə tədbirləri müəyyən edir.

1.2. Azərbaycan xalqına məxsus və kollektiv yaradıcılığın nəticəsi olan qeyri-maddi mədəni irsin-diyarşünaslıq (xalq adət və ənənələri, milli bayram və mərasimlər, tarixi rəmz və sirlər), folklor (milli musiqi və rəqslər, şifahi xalq yaradıcılığı, xalq oyun və tamaşaları, şifahi ifadələr) və digər söz yaradıcılığı (sözlər, işarələr, adlar, simvollar və s.) və sənətkarlıq nümunələrinin (xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət, milli təsviri yaradıcılıq), nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elm, ədəbiyyat və incəsənət sahəsində yeniliklərin, yaradıcılıq nəticələri olan bütün növ ənənəvi biliklərin, o cümlədən ənənəvi biliklər kimi qorunan milli mətbəx nümunələrinin (mətbəx ləvazimatları, qablar, ocaqlar, onların adları, hazırlanma texnologiyaları, milli ənənəvi qida məhsullarının, milli xörəklərin (yeməklərin) reseptləri, içkilərin texnologiyaları və adları), ənənəvi qida və mətbəx mədəniyyəti ilə bağlı ənənələrin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması bu Qaydalara uyğun olaraq tənzimlənir.

1.3. Bu Qaydaların müddəaları müvafiq qanunvericiliyə uyğun olaraq, folklor nümunələri (ənənəvi mədəni nümunələr) əsasında yaradılmış müəlliflik hüququ və əlaqəli hüquqların yeni obyektləri, həmçinin ənənəvi biliklər əsasında yaradılmış patent qabiliyyətli obyektlərlə bağlı məsələlərə şamil edilmir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qeyri-maddi mədəni irs – Azərbaycan xalqına məxsus və kollektiv yaradıcılığın nəticəsi sayılan şifahi ənənələrdə və ifadə formalarında özünəməxsusluğun daşıyıcısı olan dil də daxil olmaqla ifaçılıq sənətində, adət-ənənələrdə, bayram mərasimlərində, təbiətə və kainata aid bilik və ənənələrdə, ənənəvi sənətkarlıqla əlaqədar bilik və vərdişlərdə öz əksini tapmış ənənələr, təqdimat, ifadə formaları və nümunələr, biliklər və vərdişlər. Milli mətbəx nümunələri, o cümlədən mətbəx ləvazimatları, qablar, ocaqlar, milli xörəklər (yeməklər) və içkilər, onların adları, hazırlanma texnologiyaları, ənənəvi qida və milli mədəniyyətlə bağlı ənənələr də qeyri-maddi mədəni irsə daxildir. Qeyri-maddi mədəni irs folklor nümunələrini (ənənəvi mədəni nümunələr) və ənənəvi biliklərin bütün növlərini əhatə edir;

2.1.2. qeyri-maddi mədəni irsin qorunub saxlanılması – qeyri-maddi mədəni irsin aşkar edilməsi, identifikasiyası (eyniləşdirilməsi) və sənədləşdirilməsi (pasportlaşdırılması), saxlanılması, tədqiq edilməsi, təbliği, həmçinin onların məhv olmaqdan müdafiəsinə yönəldilmiş tədbirlər;

2.1.3. folklor nümunələri (ənənəvi mədəni nümunələr) – Azərbaycan xalqı, eləcə də onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, xalqın ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı, tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar) və digər xalq yaradıcılığı nümunələri;

2.1.4. ənənəvi biliklər - ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;

2.1.5. folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin hüquqi qorunması – folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin əqli mülkiyyət rejimində “pozitiv” və “müdafiə”li qorunması;

2.1.6. folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin “pozitiv” qorunması – folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) və ənənəvi biliklərə münasibətdə əqli mülkiyyət hüquqlarının həyata keçirilməsinin təmin edilməsi;

2.1.7. folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin “müdafiə”li qorunması folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) və ənənəvi biliklərə münasibətdə üçüncü şəxslər tərəfindən əqli mülkiyyət hüquqlarının alınmayacağına təminat verən strategiyalar toplusu.


3. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin

dövlət reyestrinə daxil edilməsi və inventarlaşdırılması
3.1. Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələri bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aparılan Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə (bundan sonra- Reyestr) daxil edilir.

3.2. Azərbaycan xalqına məxsus olan qeyri-maddi mədəni irs nümunələrinin Reyestrə daxil edilməsi haqqında təkliflər müvafiq dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları və yaradıcılıq birlikləri, eləcə də vətəndaşlar tərəfindən Nazirliyə təqdim olunur.

3.3. Reyestrə daxiledilmə prosedurları siyahıyaalınma və sənədləşdirmə (pasportlaşdırma) kimi iki zəruri mərhələlərdən ibarətdir.

3.4. İlkin mərhələdə Reyestrə daxil olan Azərbaycan qeyri-maddi mədəni irs nümunələri Nazirlik tərəfindən 1 ay müddətində siyahıya alınır və rəsmən təsdiq edilir.

3.5. Reyestrin siyahısının təsnifatı diyarşünaslıq (xalq adət və ənənələri, milli bayram və mərasimlər, tarixi rəmz nümunələri və sirlər), folklor (milli musiqi və rəqslər, şifahi xalq yaradıcılığı, xalq oyun və tamaşaları) və sənətkarlıq (xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət, milli təsviri yaradıcılıq) istiqamətlərini əhatə edir.

3.6. Reyestrin siyahısına daxil edilən nümunəyə onun kateqoriyası, sinfi, qrupu, növü, janrı haqqında məlumatları əks etdirən hərf-rəqəmli formada şifrələnmiş fərdi reyestr kodu verilir.

3.7. İkinci mərhələdə Reyestrə daxil edilən obyektlər Nazirlik tərəfindən 7 iş günü müddətində sənədləşdirilir (pasportlaşdırılır).

3.8. Sənədləşdirmədən (pasportlaşdırmadan) sonra qeyri-maddi mədəni irs nümunələrinə dair müvafiq məlumat bazalarının (mətn, foto, audio, video) yaradılması nəzərdə tutulur.

3.9. Azərbaycan qeyri-maddi mədəni irs nümunəsinin bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən inventar pasportuna nümunənin adı, reyestr kodu, kateqoriyası, sinfi, qrupu, növü, janrı, inventarlaşdırmanı aparan orqanın adı və möhürü, pasportun yazıldığı tarix, pasportu imzalayan səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və imzası daxil edilir.
4. Qeyri-maddi mədəni irs nümunələrinin hüquqi

qorunmasına aid prosedurlar
4.1. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) əqli mülkiyyətin xüsusi növü kimi qorunduğunu və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən ictimai varidata daxil edildiyini nəzərə alaraq, Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması prosedurları Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.

4.2. Folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin əqli mülkiyyət rejimində qorunmasını təmin etmək məqsədi ilə aşağıdakı prosedurlar həyata keçirilir:

4.2.1. xarici fiziki və hüquqi şəxslərin qeyri-qanuni istifadəsinə qarşı tədbirləri təmin edən “pozitiv” qorunma, o cümlədən:

4.2.1.1. folklor nümunələrindən (ənənəvi mədəni nümunələrdən) və ənənəvi biliklərdən kommersiya məqsədi ilə digər dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda icazəsiz istifadənin qarşısının alınması;

4.2.1.2. mədəni materialın təhqiredici və alçaldıcı məqsədlərlə istifadəsinə yol verilməməsi;

4.2.1.3. folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin hüquq sahibləri və istifadəçiləri arasında yanlış, yaxud aldadıcı əlamətlərin yaranmaması üçün, həmçinin istifadə olunan materialın mənbəyinin göstərilməməsi və ya yarımçıq göstərilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi;

4.2.2. folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin özününküləşdirilməsi (mənimsənilməsi) yolu ilə müəlliflik hüququnun və digər əqli mülkiyyət hüququnun əldə edilməsinin qarşısının alınması üçün əqli mülkiyyət hüquqlarının “müdafiə”li qorunması;

4.2.3. qeyri-maddi mədəni irsin tərkib hissəsi olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) digər dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən kommersiya məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadəsinə icazə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-6.4-cü maddələrinə uyğun olaraq Agentlik tərəfindən verilir.


5. Qeyri-maddi mədəni irs nümunələrinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi
5.1. Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələri bu Qaydalara uyğun olaraq Azərbaycan xalqına məxsus əqli mülkiyyət obyektləri kimi Agentlikdə qeydiyyata alınır.

5.2. Qeydiyyat üçün sifarişçi qismində aşağıda göstərilənlər müraciət edə bilərlər:

5.2.1. Nazirlik və onun müvafiq səlahiyyətli qurumları;

5.2.2. Azərbaycan Milli Elmlər Akademiyası (və ya Akademiyanın müvafiq səlahiyyətli qurumları);

5.2.3. yerli cəmiyyətlər (qruplar).

5.3. Qeyri-maddi mədəni irs nümunələrinin qeydiyyatı üçün Agentliyə təqdim edilən nümunələrin siyahısı, adı (adları), mənşəyi və ya mənsub olduğu icma barədə məlumatlar Nazirliklə razılaşdırılmalıdır.

5.4. Qeyri-maddi mədəni irs nümunəsinin qeydiyyatı üçün Agentlik tərəfindən təsdiq edilmiş ərizə forması doldurulur.

5.5. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

5.5.1. sifarişçinin hüquqi ünvanı barədə məlumat və ya olduğu ünvanı təsdiq edən sənədin surəti;

5.5.2. sifarişçinin (hüquqi şəxs olduğu halda) əsasnaməsinin (nizamnaməsinin) notarial qaydada təsdiq edilmiş surəti (eyni hüquqi şəxs qeyri-maddi mədəni irsin qeydiyyatı ilə bağlı təkrar müraciət etdikdə, təşkilatın adında, yaxud təşkilati-hüquqi formasında dəyişiklik edilməmişdirsə və hüquqi ünvanı dəyişməmişdirsə, bu halda onun əsasnaməsinin (nizamnaməsinin) surəti və hüquqi ünvanını təsdiq edən sənəd tələb olunmur);

5.5.3. qeyri-maddi mədəni irs nümunəsinin geniş təsviri (siyahısı);

5.5.4. qeyri-maddi mədəni irs nümunəsinin mənşəyi və mənsubluğu barədə məlumat;

5.5.5. qeyri-maddi mədəni irslə bağlı əvvəllər kütləvi informasiya vasitələrində material dərc edilmişdirsə, həmin materialın müəllifi və dərc edildiyi nəşr barədə məlumat (dərc edilmiş materialın surəti əlavə olunmaqla).

5.6. Qeyri-maddi mədəni irs nümunələrinin qeydiyyatı üçün sənədlər Agentliyə Azərbaycan dilində təqdim olunmalıdır.

5.7. Qeyri-maddi mədəni irs nümunəsinin qeydiyyatı barədə müraciətə onun Agentliyə təqdim edildiyi tarixdən 1 ay müddətində baxılaraq, müvafiq qərar qəbul edilir.

5.8. Qeyri-maddi mədəni irsin qeydiyyatı üçün təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun gəlmədikdə, sənədlərdə və məlumatlarda müəyyən edilmiş çatışmazlıqlar, yaxud yol verilmiş təhriflərin düzəldilməsi barədə sifarışçi Agentliyin yazılı bildirişini aldığı tarixdən etibarən 7 iş günü müddətində onları aradan qaldırmadıqda, Agentlik qeydiyyatdan imtina edir. İmtina barədə 3 iş günü müddətindən gec olmayaraq sifarişçiyə əsaslandırılmış yazılı bildiriş göndərilir.

5.9. Agentlik qeyri-maddi mədəni irs nümunəsini qeydiyyata aldıqda 3 iş günü müddətində hüquq sahibinə qeyri-maddi mədəni irs nümunəsinin dövlət qeydiyyatı haqqında bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən nümunədə Şəhadətnamə verir.

5.10. Qeydiyyata alınmış qeyri-maddi irs nümunələrinə dair məlumatlar qaytanlanmış, hər bir səhifəsi ardıcıllıqla nömrələnmiş və Agentliyin möhürü vurulmuş “Qeyri-maddi mədəni irs nümunələrinin qeydiyyatı kitabı”na daxil edilir və Agentliyin elektron məlumat bazasında yerləşdirilir.


___________________________________

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları”na


1 nömrəli əlavə



AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Azərbaycan qeyri-maddi mədəni irs nümunəsinin
İNVENTAR PASPORTU
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrində qeydiyyata alınmışdır


Nümunənin adı

Reyestr kodu
Kateqoriyası




Sinfi

Qrupu
Növü




Janrı
İnventarlaşdırmanı aparan orqanın adı




Pasportun yazıldığı tarix

Nazir ________________________________________

M.Y.
“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları”na
2 nömrəli əlavə

AZƏRBAYCAN RESPUBLİKASININ MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ
Azərbaycan qeyri-maddi mədəni irs nümunəsinin dövlət qeydiyyatı haqqında
Ş Ə H A D Ə T N A M Ə
________
Qeyri-maddi mədəni irs kimi qorunan obyektin adı





Növü




Obyektiv forması




Qeydiyyat tarixi və №-si




Müstəsna hüquq sahib(lər)i





Sifarişin tarixi və №-si
Müstəsna hüquq sahib(lər)i

(hüquqi ünvanı, dövlət qeydiyyatına alındığı tarix, yerli cəmiyyətin (qrupun) adı, yerləşdiyi ərazi)







məxsus olan

(qeyri-maddi mədəni irs nümunəsinin adı)
dövlət qeydiyyatından keçirmiş və bu şəhadətnaməni vermişdir.
SƏDR __________________________
M. Y.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə