Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə6/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Ədəbiyyat

1.http://www.edebiyadvesanatakademisi.com/edebiyad/777-turkcenin_kelime_turetme_ve_anlam_karsilama__y%C3%B6ntemleri.html.

2.Sadıqova.S. Müasir Azərbaycan ədəbi dilində termin yaradiciliğı prosesi. “Elm” ,2010, 239.s.

3.Цzkan.M. İnsan iletiim ve dil.İstanbul-2010.

4.Sadıqova.S. Dillərin qarşılıqlı zənginləşməsində alınmalar-Terminologiya məsələləri.Bakı, Elm,2013.

5.http://www.proz.com/forum/turkish/222775kelime_t%C3%BCretmek_ve_d%C3%BCzeltiler.html.

6.Ələkbərova.K. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində Türkiyə tükcəsinin təsiri. “Nurlan”, Bakı, 2010.238 səh.

7.Timurtaю. F.Uydurmaзэlэk, Uydurma kelimeler ve tьrkзede kelime yapme. Makaleler (Dil ve edebiyat incelemeleri)(s. 330-344). Ankara. 1997.

8.Timurtaю. F.Tьrkзede kelime yapme ve yanlız tьretilen kelimeler. Makaleler (Dil ve edebiyat incelemeleri) (s. 321-330). Ankara. 1997.

9.Azərbaycan dilinin izahlı lüğəti.I cild. Bakэ, 2006.

10.Quliyev.T. Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibinin yeni düzəltmə sözlər hesabına zənginləşməsi. –Terminologiya məsələləri. Bakı, 2013.(14-20).

Gatibe Mahmudova

A view to the term and word formation process in

Turkish languages

Summary

Since the language began to be the communication between people, there was a need to create new words. As the cultural relations between the people increased, people needed to find the new incoming concepts in our lives. With the development of science and technology the new term and words began to be occurred.

The word formation process occurred because of the need. The word formation arose with the joining of lexical suffixes to the roots as in the agglutinative languages like Turkic languages. One can compensate the word need in language with the joining of suffixes to the roots, creating compound words with combining two words, the borrowing words from foreign languages.

The article is dealt with the methods of word formation in Turkic languages, the problem of naming of new terms in language. The author used Azerbaijan, Turkish scientists’ work and web pages.




Гатиба Махмудова

Взгляд на процесс образования слов и терминов в тюркских языках

Резюме

С того времени, как язык стал основным средством общения между людьми, он испытывал нужду в образовании новых слов. С развитием культурных отношений между людьми возникала необходимость для определения новых, вошедших в жизнь, понятий. Развитие науки и техники стало причиной появления новых слов и терминов в языке.

Процесс словообразования зарождается с целью обеспечения возникающей в языке потребности в новых словах. В тюркских языках, являющихся агглютинативными, слова образуются путем прибавления лексических аффиксов к существующим корням. Потребность в словах в языке удовлетворяется прибавлением лексических аффиксов к корням существующих слов, соединением двух слов, образующих сложное слово и заимствованием слов из иностранных языков.

В представленной статье рассматриваются способы словообразования в тюркских языках, проблема наименования новых, вошедших в язык понятий национальными терминами. В работе использованы труды азербайджанских и турецких ученых, а также материалы и статьи из интернета.




Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu, Türk

dilləri şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, M.Mirzəliyeva

filologiya üzrə fəlsəfə doktoru,dos. E.Əliyeva

Mənzurə Musayeva

Milli Aviasiya Akademiyası,

filologiya üzrə fəlsəfə doktoru
ELMİ-TEXNİKİ MƏTNLƏRDƏ ÇOXFUNKSİYALI SÖZLƏRİN TƏRCÜMƏ ÇƏTİNLİKLƏRİ
Açar sözlər: tərcümə, leksik, qrammatik, analtik, sintatik frazeoloji, Azərbaycan dili, İngilis dili, orijinal

Ключевые слова: перевод, лексический, грамматический, аналити­чес­кий, синтаксический, фразеологический, Азербайджанский язык, английский язык, оригинальный.

Key words: translation, lexical, grammatical, analytical, syntactical, parasitological, the Azerbaijani language, the English language, original.
Məlumdur ki, bir dildə olan informasiyanı digər dilin leksik-qrammatik, fonoloji-semantik, fonetik və s. vasitələri ilə müəyyən ünvana çatdırılması dillərarası əməliyyat kimi başa düşülür. Tərcümə obyekti olan dilin kommunikativ vahidlərinin strukturunda əslində heç bir lazımsız element olmadığı halda, tərcümə edən dildə tərcümə zamanı müəyyən qədər izahedici elementlərin işlənməsinə yol verilir. Yəni tərcümənin əsas məqsədi orijinaldakı mənanı tərcümə mətni vasitəsi ilə yenidən ifadə etməkdir. [2, s.60-63,133s]. R. Jakobson yazır: “ Tərcümə zamanı tərcüməçi iki dil sistemini qarşılaşdırır. Onlardan biri eksplist və sabit, digəri isə potensial və adaptə edilə biləndir” [1,s.380]. A.D. Şveyser tərcüməni tərcüməçinin vasitəçiliyi ilə mümkün olan dillərarası və mədəniyyətlərarası nitq ünsiyyətinin bir vasitəsi kimi qiymətləndirir [3,s.29-31,304]. Beləliklə, tərcümə bir proses kimi müxtəlif mənalarda təzahür edir. Əlbəttə ki, orijinal dildəki elmi-texniki sahəyə aid mətnləri və ya frazeoloji vahidləri tərcümə dili arasındakı mətnləri və ya frazeoloji vahidləri bir-biri ilə tutuşdurularsa müxtəlif qanunauyğunluqlar, çətinliklər aşkar olunur. Məsələn, elmi-texniki sahəyə aid mətnlərin və ya frazeoloji vahidlərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi zamanı qrammatik, leksik və stilistik xüsusiyyətlərlə bağlı bir sıra çətinliklərlə üzləşmə qaçılmaz olur. Məlumdur ki, hər bir dilin qrammatikası cümlədə sözün dəyişmə və birləşmə qaydalarını müəyyən edir və ona görə də tərcümə olunan mətnin və ya frazeoloji vahidlərin məzmununun Azərbaycan dili vasitəsi ilə düzgün ötürülməsi üçün qrammatik çətinlikləri aradan qaldırmaq xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu iki dilin də qrammatik quruluşunun bir- birindən fərqlənməsi tərcümə prosesində yaranan qramatik çətinliklərə səbəb olur.

Sintatik dil hesab edilən, yəni sözlər arasındakı əlaqə öz sonluqları ilə ifadə olunan və cümlədə sərbəst söz sırasına malik olan Azərbaycan dilindən fərqli olaraq, özündə analtik formanı əks etdirən, belə ki, qrammatik mənanı köməkçi sözlərlə (bağlayıcılar, söz önləri və s.) ifadə edən ingilis dili bir sıra əsas xüsusiyyətlərə malikdir. Müasir ingilis dilində hal sisteminin olmaması səbəbindən sözlər arasında əlaqələrin yaranması və cümlə üzvlərinin yerinin möhkəmləndirilməsi üçün söz önlərinin işləməsinə zərurət yaranır. Digər tərəfdən ingilis dilində cümlədə sabit söz sırasının olması, öz növbəsində köməkçi və müstəqil mənalı sözlərin çoxfunksiyalılığına səbəb olur. Bu dil hadisəsini onunla izah etmək olar ki, ingilis dilində suffiks və prefiks şəklində xüsusi formal əlamətlərə malik olan sözlərin çoxu cümlədə yerləşmə yerindən asılı olaraq müxtəlif nitq hissələrinin funksiyalarını yerinə yetirir. Onu da əlavə etmək olar ki, ingilis dilində cümlədə sözlər arasında əlaqə morfoloji üsullarla deyil, müxtəlif növ sintaktik vasitələrlə, xüsusilə də, sabit söz sırası ilə qurulduğuna görə tərkibində şəxsiz fel formaları, yəni məsdər, cerund, feili sifətlə yaranmasının şahidi oluruq. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində də feilin üç şəxsiz forması var: məsdər, feili sifət, feili bağlama. Lakin hər iki dildə feilin şəxsiz formaları sayca eyni olsa da, tərkibcə müxtəlifdir: ingilis dilindən fərqli olaraq Azərbaycan dilində cerund adlanan nitq hissəsi yoxdur. İngilis dilində isə dilimizdə geniş miqyasda işlədilən feili bağlama adlanan feil forması mövcud olmaması tərcümə prosesində müəyyən çətinliklərin yaranmasına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, tərcümə prosesində yaranan qrammatik çətinlikləri üç əsas kateqoriyaya bölmək olar:

-Cümlədə xüsusi sabit söz sırasının olması ilə şərtlənən tərcümə çətinlikləri;

- Sintaktik quruluşların tərcümə çətinlikləri;

-Çoxfunksiyalı sözlərin tərcümə çətinlikləri.

Qeyd edilən qrammatik çətinliyin bu kateqoriyaları ilə orijinaldan elmi-texniki sahəyə aid mətnlərin və ya frazeoloji vahidlərin tərcüməsi zamanı daha çox qarşılaşırıq. Məlumdur ki, müasir ingilis dilində hal sisteminin olmaması və cümlədə sabit söz sırasının mövcud olması bu dildə çoxfunksiyalılıq hadisəsinin yaranmasını zəruriləşdirir. Belə ki, söz cümlədə yerləşmə yerindən asılı olaraq öz formasını dəyişmədən müxtəlif nitq hissələrinin funksiyalarını yerinə yetirə bilir. Çoxfunksiyalılıq hadisəsinin suffiks və prefiks kimi xüsusi formal əlamətlərə malik olmayan müstəqil mənalı nitq hissələrinə (isim, feil, sifət və zərf) xas olmasına baxmayaq, köməkçi nitq hissələrinin (köməkçi feillər, sözönlər, bağlayıcılar) və bəzi şəxsiz feil formalarının da çoxfunksiyalılıq hadisəsi geniş miqyasda yayılmışdır. Müxtəlif nitq hissələrinin formaca eyni olması əksər hallarda sintaktik təhlildə yetərincə təcrübəyə malik olmayan tərcüməçi üçün onun düzgün müəyyən edilməsində çətinlik yaradır və nəticə etibarilə, bu da tərcümə prosesində cümlənin mənasının təhrif edilməsinə gətirib çıxarır. Məsələn, əgər biz “ing” sonluğuna malik formaların tərcüməsi ilə bağlı təhlilə nəzər salsaq, fikrimizin təsdiqini taparıq. Qeyd edək ki, “ing” suffiksi müxtəlif funksiyalarda işlənə bilir:

1) Azəbaycan dilində isim, feili bağlama, budaq cümlə və məsdər formasında çıxış edən Gerund funksiyasında, məsələn:

Heating the substance will cause a greater motion of electrons- Maddənin qızması elektronların hərəkətinin sürətlənməsinə səbəb olur.

By employing coil switching any number of primary and secondary coils may be connected into the circuit- Makara çeviricisini istifadə edərək, dövrəyə istənilən miqdarda birinci və ikinci dərəcəli makaraları qoşmaq olar.

Briefing is a procedure intended to all passengers before take-off.

Təlimatlandırma hava gəmisi yola düşməmişdən bütün sərnişinlər üçün nəzərdə tutulmuş prosedurdur.

Studying of thunderstorms in meteorology covers the physical properties of these phonomena.

Meteorologiyada qasırğanı tədqiq etmək bu fonomenin fiziki xassələrini əhatə edir.

2) Azəbaycan dilinə feili bağlama və feili sifət kimi tərcümə edilən Participle I funksiyasında, məsələn:

The voltimeter measures the effect of voltage acting upon its terminals.-Voltimetr onun sıxaclarına təsir edən gərginliyin kəmiyyətini ölçür.

Decreasing the wavelength we increase the frequency- Biz dalğa uzunluğunu azaldaraq tezliyi artırmış oluruq.

Electromagnetic plates deflect this stream of electrons depending on how the control is operated.

Elektromaqnit lövhələri onların necə idarə edilməsindən asılı olaraq elektron axınlarından meyl edir.

This gives a useful band width of from 1 to 4 kilocycle depending on the carrier frequency.

Tezlik daşıyıcısından asılılıq 1-dən 4 kilosikl qədər faydalı tezlik enini yaradır.

Göründüyü kimi verilmiş cümlələrdə “ing” suffiksli formalar bir-birindən fərqlənmir, yəni yalnız formaya əsaslanaraq onların nitq hissəsi kimi fərqləndirilməsində çətinliklər meydana gələ bilər. Belə ki, cerund cümlənin əvvəlində mübtəda funksiyasında çıxış etdiyi zaman müəyyən qədər səhvlər baş verir, bəzən o, Participle I kimi də qəbul edilə bilər və Azərbaycan dilinə feli bağlama kimi tərcümə edilə bilər. Belə səhvlərdən uzaqlaşmaq üçün adi təhlil metodundan istifadə etmək olar. Belə ki, durduqları yerlərinə görə “ing” suffiksli eyni fel formalarını bir-birindən fərqləndirmək üçün onların mənasını nəzərə almaq lazımdır, yəni xəbəri tapmaq lazımdır, bu halda xəbərdən solda dayanan “ing” suffiksli fel forması mübtəda funksiyasında çıxış edən gerund olacaq. Bundan başqa cerundu felis sifətdən və ya feli bağlamadan fərqləndirmək üçün transformasiya üsulundanda istifadə etmək olar, məsələn: a briefing room birləşməsini a room for briefing şəklində transformasiya etmək mümkün olduğu halda, a briefing personnel birləşməsini a personnel for briefing transformasiya edilə bilmir. Beləliklə, həmin birləşmələrin transfor­ma­si­ya ilə fərqləndirmək mümkün olur.

Qeyd etmək lazımdır ki, “ing” suffiksli bağlayıcılar və sözönüləri də tərcümə prosesində müəyyən çətinliklər yaradır. Çünki ingilis dilində bu tip formalara malik bağlayıcılar adətən tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümləni bir-birinə bağlayır (providing/supposing (əgər, -sa, -sə)); ancaq “ing” suffiksli sözönüləri sadə geniş cümlələrdə daha çox istifadə olunur, məsələn; including (... da, ... də, daxil olaraq, daxil edilərək, daxil edilməklə, daxil olmaq şərtilə); regarding/concerning /considering (haqqında, barəsində, xüsusunda, dair); following (ardınca, arxasınca, sonra).

Qeyd etmək lazımdır ki, “ing” suffiksindən başqa “ed” suffiksli sözlərin tərcüməsində və təhlilində də çətinliklər yaranır; məsələn, provided” sözünün “ed” suffiksi müxtəlif funksiyalarda işlənə bilir, məsələn:


  1. Past Indefinite formasında(Keçmiş zamanın qeyri-müəyyən forması), yəni feilin ikinci formasında qaydalı feillərin sonunda, məsələn:

This generator provided the necessary wave form. Bu generator lazımi dalğa formasını yaratdı.

  1. Participle II formasında (İndiki zamanın bitmiş forması), yəni feilin üçüncü formasında qaydalı fellərin sonunda,

This wave will be a true indication of the wave form provided by the generator. Bu dalğa generator vasitəsilə yaranan dalğa formasının həqiqi göstəricisi olur.

  1. bağlayıcı funksiyasında

This arrangement will be quite satisfactory provided the transformer is of correct design. Bu qurğu tamamilə təmin edilmiş olacaq, o şərtlə ki, transformator düzgün layihələşdirilmiş olsun.

Başqa bir misala müraciət edək, məsələn:

The radio equipment used operated from a 12-volt direct current source.-İstifadə edilən radioavadanlıq 12 voltluq sabit cərəyan mənbəyindən işlədi.

Əgər cümlədə “ed”suffiksili iki feil forması iştirak edirsə və Participle II formasından sonra çıxışlıq halı yoxdursa bu iki yanaşı dayanan feil formasından birincisi- Participle II, ikinci isə məlum cümlənin xəbəridir. Feili sifət sözönləri sayca az olsa da onlar daha çox elmi-texniki ədəbiyyatlarda istifadə olunur və tərcümə prosesində müəyyən çətinliklər yaradır.

Problemin həllinin optimal yolu kimi həmin sözlərin Azərbaycan dilinin söz və ifadələri ilə əvəz edilməsi deyil, onların ifadə etdikləri mənalarının verməklə mütəxəssislərə kömək etməkdir.
ƏDƏBIYYAT


  1. Jakobson R. On Linguistic Aspects of Translation//in literature in language/ Ed.I.A. Brower. Cambridge (Belknap Press) 1987, 428p.

  2. M.İ.Musayeva. Azərbaycan dilində mülki aviasiya terminlərinin formalaşmasında tərcümənin rolu. Bakı 2007, 133s.

  3. Швейцер A.D. Вопросы теории перевода в зарубежной лингвистике. М.:1978, 304с.


Mansura Musaeva

Grammatical difficulties of translation of the multifunction words in scientific and technical texts

Summary

This article deals with the grammatical translation difficulties of the multifunction words during translation of exact meaning of the scientific and technical texts or phraseological compounds into the Azerbaijani language


Манзура Мусаева

Грамматические трудности перевода многофункциональных слов в научно-технический тексте

Резюме
В этой статье обсуждается грамматические трудности перевода многофункциональных слов при передаче точного содержания переводимого научно-технических текстов или фразеологических соединений средствами азербайджанского языка.


Çapa tövsiyə edən: Milli Aviasiya Akademiyası, İngilis dili

kafedrası
Rəyçilər: filologiya elmləri doktoru İ.Qasımov

filologiya üzrə fəlsəfə doktoru,dos.V.İvaşenko



Şəbnəm Həsənli-Qəribova

AMEA, Dilçilik İnstitutu,

shabnam.hasanli@yahoo.com
XI-XII ƏSR TÜRK DİLLƏRİNDƏ OYUN VƏ ƏYLƏNCƏ İLƏ BAĞLI ETNOQRAFİZMLƏR
Açar sözlər: etnoqrafizm, oyunlar, türk dilləri, XI-XII əsrlər.

Ключевые слова: этнографизм, игры, тюркские языки, XI-XII веков.

Key words: ethnographism, games, turkic languages, XI-XII centuries.
Türk xalqlarının etnoqrafik leksikasını tədqiq edərkən diqqəti cəlb edən bir xüsusiyyət də türklərin əyləncəsi və oynadıqları oyunlardır. Oyunlar türk məişətinin mühüm bir hissəsi olduğundan onlarla bağlı anlayışların öyrənilməsi türkün dilinin tədqiqi baxımından faydalıdır. Çünki oyun və əyləncələr xalqın mənəvi mədəniyyət dünyasının bir parçasıdır. Geniş məzmunu və müxtəlifliyi ilə seçilən oyun və əyləncələr bəsit istirahət vasitələri olmayıb özündə xalqın dini-inanc dünyagörüşündən başlayaraq, gündəlik məişət fəaliyyətinə qədər həyatın bütün sferalarını özündə əks etdirir. Bu əyləncələrin bəziləri xalqın mənəvi dünyasının inikasıdırsa, digərləri məişətin ağır yükünü azaltmaq üçün nəzərdə tutulmuş fəaliyyətin bir parçasıdır. Belə ki, döyüşkən türk xalqları qida təminatı üçün ovçuluqla məşğul olmaq, qonşu qəbilələrdən qorunmaq və onu məğlub etmək üçün gücün əsas olduğu «yıkmaca (güləş), siyirtmək (qaçış), taş atmaq, yumruq döyüşü» kimi oyunlar yaratmışlar.[1 ,s.244] Lakin nəzərə almaq lazımdır ki, türk oyun anlayışı idmana daha yaxın olan belə oyun növləri ilə yanaşı “müῆüz-müῆüz”, “çeῆli maῆlı” tipli uşaq oyunları, o cümlədən rəqs, teatr kimi təsviri oyunları da əhatə edir. Bu isə oyun sözünün müxtəlif anlayışları ifadə etməsi, sözlə eyniköklü olan “oynamaq” feilinin bir-birindən fərqli mənalara sahib olması ilə bağlıdır. Mahmud Kaşğarinin «Divan»ında «oyun» kimi qeyd edilən sözdən törənən “oynagu”, “oynagu yer” sözlərinə verilən “oyun sahəsi-əyləncə yeri” mənası sözün XI əsrdə də ikili xarakter daşıdığını göstərir. “Qutadğu Bilig”də «oyun» sözünün əyləncə mənası ilə yanaşı «hiylə, kələk» mənasında da rast gəlir:

Oyunka katılmausa ay anur.

Oyunka katılsa boyun bağlanur.

«Ey kudretli insan mümkünse onun oyununa düşme,

Bu tuzağa düşünce insanın boynu bağlanır».K.B. 5928 b.]

Qeyd etməliyik ki, Türkiyə türkcəsinin Artvin şivəsində «hiylə» mənası indi də işlənməkdədir.

Kurışjanov da XIII əsr abidəsi olan «Kitabi-məcmu-u tərcüman türki və əcəmi və moğoli və farsi» əsərində “oyna”, “oynağıl” (ايناكل) feilləri iki mənada oynamaq» və «zarafat etmək» kimi işlənmişdir. [2.,s.175] XII-XIII əsrə aid təfsirdə isə «oynamaq» «əylənmək» mənasında işlənilən feldən yaranan «oyun» sözü «oyun, əyləncə», «oynakuçi» sözü isə «oyunçu və zarafatcıl» mənasını ifadə etmişdir. Qeyd etmək lazımdır ki, «Təfsir»də oyun sözünün «oyin» şəklinə də təsadüf edilir. [3., s.34-35 ] Müasir türk dillərində bu sözün çoxsaylı həqiqi və məcazi mənaları mövcuddur. «Türkiyədə «oyun» və «oynamak» sözünün bir çox mənası vardır. Uşaqların oyunu, rəqs, dramatik göstəri, kart, zər kimi bəxt oyunları, idmanla bağlı hərəkətlər həmişə «oyun» sözü ilə ifadə olunur.[4., s.12-13] Türk dilinin izahlı lüğətində bu sözün on mənasına yer verilmişdir.[T.S.] Azərbaycan dilində isə “əylənmək” və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ oyun adlandığı kimi, müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi də bu sözlə ifadə olunur. Azərbaycan dilinin izahlı lüğətinddə bu sözün daha 3 mənası verilmişdir: “1. Rəqs; oyun havası; 2. Hoqqa, kələk, fırldaq, hiylə; 3. Müəyyən rolu oynama, ifa eləmə”[ADİL, s. 441]

XI-XII əsr oyunları isə əksərən yarış xarakterli oyunlardır və daimi mübarizə əsasında formalaşmışdır.Oyunların məhz bu məziyyətləri daşıması daima səfər və mücadilə ruhuyla yaşayan türklərdə savaş abı-havasının itməməsi və savaşa hazırlığın fasiləsiz olaraq davam etməsilə əlaqədardır.«At yarışları, güllə atma, çovkan, güləş, doğançılıq (yırtıcı quşlarla ov) mübarizə əzmini artırırdı. Qadınların da oynadığı müxtəlif top oyunları isə Hunlardan bəri türklər arasında oynanmaqda olub, Göytürklər dövründə Çinə də yayılmışdır».[5.,s.275] İ.Kafesoğlu, B.Szasz və W.Eberharda əsaslanaraq yazdığı bu fikirlər türklərin yaz və yay aylarında tərtib etdiyi şölən və bayramlarda keçirilən oyunların qısa təsviri olmaqla bərabər qadınların da belə əyləncələrdən uzaq durmadığını göstərir. Əlbəttə, buna ən gözəl nümunə KDQ-dakı qadınların ox atıb, at çapmaq, qılınc qurşanıb, güləş meydanında kişilərlə yarışmaqlarıdır.

Ümumiyyətlə, yuxarıda sadalanan bütün oyunlar əsrlərdir bir əyləncə növü kimi yaşamaqla bərabər, eyni zamanda müasir türklərin milli idman oyunlarının da əsasını təşkil edir. XI əsrdə türklərin arasında əsasən böyüklərin oynadığı belə oyunları aşağıdakı şəkildə qruplaşdırmaq olar: 1) Atla bağlı oyunlar, 2) topla bağlı oyunlar. 3.Digər oyunlar.

«Kuş kanatın er atın» deyən Kaşğari at və at oyunlarının türklər üçün əhəmiyyətini «At türkün qanadıdır» ifadəsində izah etmişdir. Bu baxımdan türk oyunları arasında at yarışları xüsusi yer tutur və onlarla bağlı ifadələr bu günədək türk dillərində yaşamaqdadır. Türk idman tarixini araşdıran Y.Tayqa bu barədə yazır: «Qədim türklər hələ miladdan əvvəl atalardan qalma bir adətlə payızda (8-ci ayda) atların balaladığı ərəfədə Ta-lin adlı yerdə toplanıb qurban kəsər, at sayımı həyata keçirərdi. Tai sözü tanrılara qurban təqdim etmək üçün meşə ətrafında at çapmaq deməkdir. Əgər meşə yoxdursa söyüd budaqları yerə basdırılaraq işarələnir. Bir neçə at basdırılan bu söyüd budaqları ətrafında 4 nala üç dəfə qaçarlardı. Bu payız bayramında edilirdi və qurban kəsmədən sonra gerçəkləşirdi» [6.,s.16].

Atla bağlı XI-XII əsr nümunələrində təsadüf olunan olduq at (qalsız at), öy at (kül rəngli at), özlük (qiymətli at), yorığa at (yorğa at) yıp/ yelü (atları bağlamaq üçün istifadə olunan ip), ayğır [R.Ə III 131-3], bi (madyan, quraq) [R.Ə. III 80-15], bögrül at (böyrü ağ olan at) [R.Ə. I. 464-26], bulak at (boyu qısa beli enli olan at) [R.Ə I, 381-3], bül at ( səkil at) [R.Ə., 1, 347-10], uğar bül (qaşqa at) [R.Ə I, 347-11], adhrım (yəhərin altına 2 yandan qoyulan keçə) [R.Ə I, 169-5], ala at (alaca rəngli at) [R.Ə I, 148-6], arkun (vəhşi ayğırla ev madyanından olan at) [RƏ I, 417-15], at bırkığı (at fınxırtısı) [R.Ə I, 449-17], at kamçısı (I, 414-27), salga at (bədöy at) [R.Ə I, 420-15], tüm kara at (tam qara at) [R.Ə I, 348-23], tümtoruğ at (düm doru at) [R.Ə I, 348-24], yügür yīki (at başlığındakı yüyən), utqun (yəhərin sol yanındakı enli kəmər), yular (atın yuları), daq (atlar vurulan damğa) və s. etnoqrafizmlər türkün ata bağlılığını və onu müqəddəs saymasını göstərən nümunələrdən bəziləri­dir.

At oyunlarını «yarış» və «öziş» adlandıran türklər «Ol meniῆ birle at özişti» [BA.I.s.184], «Ol anıῆ birle at yarıştı» [BA.III,27] ifadələrdə at oyunlarını ifadə edərmişlər. Burada işlənən «yarış» sözü müasir türk dillərində də yaşamaqdadır və məna genişlənməsinə məruz qalaraq təkcə at oyunlarını deyil, sonda qalibin elanı ilə nəticələnən bütün oyunların adı olaraq yaşamaqdadır.

“Kitabi-məcmuu-tərcuman…”da feil şəklində “yarış, yarışğıl” (يرش غل) qarşımıza çıxan söz «at yarışlarında iştirak etmək» mənasını dayışır.İbn Mühənnanın lüğətində «yarşamaq» kimi işlənən feil müasir türk dillərində yarış (Azərbaycan, türk, qumuq, başqırd), jarıs (qaz, qaraqalpaq), yarışu (tatar) şəklində yaşamaqdadır.At yarışları ilə bağlı istifadə olunan digər söz isə «yortuş»dur [R.Ə II, 112-3].«At sürməkdə yarışmaq» mənasına gələn sözün kökündə 4 nala çapmaq – “yortmaq” feili durur.Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində də işlənən yorğa (at) sözü də eyniadlı feldən törəmişdir. Oyunlar isə «utuş»la [R.Ə I, 230-21] nəticələnərdi ki, bu da oyunda qalib gəlmək deməkdir.

Atla həyata keçirilən oyunlarda qalib «talaş»ın çəkilməsilə məlum olardı. «At oyunlarda meydanın sonunda çəkilən ip» [BA. I.366] olan «talaş», “Kitab-i məcmuu tərcüman” əsərində «mübahisə etmək - спорить» mənasında feil kimi qarşımıza çıxır. Azərbaycan dilində isə bu feil “dalaş(maq)” şəklində bugün də işlənməkdədir.Kurışjanov sözün noqay və qazax dillərində «talas» şəklində mövcud olduğunu da qeyd edir. [2.,s,195] R.Əskər də “Divanü luğat-it-türk”də bu sözü məhz belə «talas» kimi oxumuş [R.Ə. I. 370-24] və sözün «tasal» variantının mövcud olduğunu da göstərmişdir. Müəllif bu sözü «çovkan oyununda cızılmış sərhəd» kimi vermişdir [R.Ə.I, 392-8]. Ümumiyyətlə, XI-XII əsr abidələrində haqqında ən çox danışılan və məlumat verilən oyun “ çovkan”dır.

«Ot üstündə xakkey oyununu xatırladan «Çövkən»in qaydası üzrə atlı oyunçular bir-birlərinə rəqib iki dəstəyə ayrılaraq topu uzunluğu 120-130 sm ucu əyri çövkənlə rəqib qapısından keçirməli idilər.Oyun uzunluğu 90-150 m, eni 60-120 m olan sahədə keçirilərdi. Meydançanın hər iki qurtaracağından ağac dirəklərdən düzəldilən qapı sütunlarının hündürlüyü 2,50 m olurdu. Mənbələrdən məlum olur ki, fasilə ilə 2 saat davam edən oyun müsiqilə müşayiət edilirdi…Oyun başlamazdan əvvəl şeypurlar səslənir, sonra xüsusi alayın sərkərdəsi topu meydana daxil edir, beləliklə yarış başlanırdı. Oyunu 3 hakim idarə edirdi; baş hakim süvari olurdu” [7.,s.488]

«Taῆuk», «əgiş», «çögən» bu oyunla bağlı istifadə olunan etnoqrafizmlərdir. «Taῆuk» çovkan qalibinin hədiyyəsinə deyilir.Bu oyun zamanı topu gərilən ipdən, yəni «talas/tasal»dan keçirən şəxsə verilən ipək parça və ya hədiyyədir. C. Klauson sözün kökünün «bölüşdürmək» mənalı «tan» feili olduğunu, onun da xakas və qırğız dillərində işləndiyini bildirir.[EDPT] Qeyd edilən söz XI əsrdə yalnız çovkan oyununa aid olmayıb, eyni zamanda «hökmdara səfər zamanı verilən qida və zərxaradan ibarət hədiyyə» mənasını daşıyır. «Taῆuk» M.Kaşğarı tərəfindən həm də müharibə zamanı nizə uclarına taxılan «ipək parça» kimi izah edilmişdi. “Kutadğu Bilig”də isə tanuk «hədiyyə» kimi işlənmişdir:

Talun neῆ taῆuk tutti miῆ miῆ elig

Munu kıl taῆukı kutadğu bilig

Binlerce el hediye olarak ona çok nadide şeyler sundu

İşte sen de bu Qutadğu biligi hediye et. [K.B. 112 b.]

Sözün mənşəyini araşdırdığımız zaman maraqlı faktlar üzə çıxır. C.Klauson sözü «bölüşdürmək» feilindən törəndiyini göstərsə də, “Qutadğu Bilig” və “Ətabətül- Həqaiq” əsərlərində «təəcüblənmək, heyrətlənmək» mənasına gələn «tan» isminin və «tan»la feilinin [K.B. 6480.b.], [ƏH. 6sb] mövcudluğu «taῆuk»un mənşəyinin fərqli olduğunu göstərir. Qeyd etmək lazımdır ki, «tan» feili «Kitabi-məcmuu-tərcümani» əsərində «tanla», «tanlagil» şəklində eyni mənada işlənmişdir.. [2.,s.195]Lakin fikrimizcə, sözün kökü «to(a)n /don» ismidir , «taῆuk» «tonluk» sözünün dəyişikliyə uğramış bir variantıdır. Bu hər iki sözün daşıdığı mənaların yaxınlığını da sübut edir. Etnoqrafizmin keçdiyi inkişaf yolu isə belədir: «ta(o)nluk» → «tannuk» → «taῆuk».

Çovkan oyunuyla bağlı təsadüf etdiyimiz digər söz isə «əgiş» etnoqrafizmidir.Çovkan oyununda edilən köməyi bildirmək üçün istifadə olunan «əgiş», «əg» feili əsasında yaranmışdır. Azərbaycan dilində əy(mək), türk dilində ığ(mek) kimi işlənən feil əsasında yaranan «əgiş» birgəlik bildirən bir feil kimi, həm də kömək adı kimi istifadə olunur. «Ol maῆa çögen egişdi – O mənə çögen bükmekte yardım etti» [DLT. 251].

Bu oyuna adını verən «çovkan» sözü isə türk tarixi ilə bağlı ən çox mübahisəyə yol açan etnoqrafizmdir. Yaxın və Orta Şərqdə, Orta Asiyada qədim çağlardan bəri oynanılan bu oyun bütün yerli xalqlar üçün milli əyləncəyə çevrilməklə yanaşı, onu yaradan xalqın milli iradəsinin təfəkkür tərzinin də təcəssümüdür. Mahmud Kaşğarinin «çöğen» şəklində verdiyi etnoqrafizm “çovkan oyununda istifadə olunan dəyənək və sopa”dır [DLT, 241]. Bu oyunun milli mənsubluğunu göstərən «çögən»in mənşəyi ilə əlaqədar, türkoloq və iranşünaslar arasında çoxsaylı fərqli fikirlər mövcuddur. C.Klauson sözün bir variantı kimi çawga:n [EDPT., s.396] olduğunu qeyd edir. Bu yerdə vurğulamalıyıq ki, sözün bu variant XY-XYI əsrlərdə yaşamış Lami-i Çələbinin «Guy-u Çevgan» əsərinin adına çevrilmişdir.

Çuvaş dilində mövcud olan çup/çop (qaçmaq, atla qaçmaq) feilindən düzələn çupkan/çopkan (qaçan, gəzəyən) [8.,s,423] sözünü «çovkan»ın ilkin variantı kimi qəbul etmək mümkündür. Lakin Mahmud Kaşğarinin oyun adının «çögen» - çomaq, dəyənək sözüylə omonim verməsi və müasir Türkiyə türkcəsi dialektləridə çöggen (Konya), çögenik (ucu əyri çəlik) (Elazığ), çöğen (ucu əyri çəlik, yüksək budaqlardan və ya otluqdan ot çəkməyə yarayan haçalı ağac) (Kayseri, Van, Urfa, Sivas, Ankara) [D.S.,II.s.127] dialektizmlərinin XI əsrdəki mənaları eyniyyət təşkil edərək yaşaması sözün məhz «dəyənək» mənasının əsas götürülməsini vacib edir.

«Divan» da yer alan aşağıdakı cümlələrə nəzər salaq:

“Ol çögen egtürdi – أكترديچكانالO çevgan eğdirdi”[BA.,I, 223-9];

“Ol anıng birle çöğen urdi ümleşü – O أنك برلاا چكأن أردى ١ملشوُال, onunla şalvarını ortaya qoyarak çevgen oynadı» [BA., I. 242-5];

Burada çöğen چكأن şəklində yazılsa da, sözün maddəbaşı kimi verildiyi yerdə چكن yazılışına yer verilmişdir [BA., I 402-15].

N.Gəncəvi də «Xosrov və Şirin» əsərində bu oyunun təsvirinə yer vermişdir.

«Şirinə dedi ki: «Gəl, at çaparaq,

Bir az bu meydanda çövkən oynayaq.

Xosrovun çövkəninə top atdılar» [9.,s.118].

«Çöğen» sözünün XIV əsrdə yaşamış Germiyanlı Şeykoğlu Mustafa Camalinin «Hurşid-ü Ferahşad» əsərində və XVI əsrdə yaşamış Afyonlu Ahterinin yazdığı «Ahteri-Kebir» (كبيرأختري) əsərində eyni mənada işlənməsi oyununun həmin dövrlərdə də türklər arasında geniş yayılmasından xəbər verir:

«Biz ol meydanda kim oyun savaştır

Ki çöğeni چوكأنيkılıçtır topu bastır [Hurş. XIV. 59]

«Et-tabtab»-[Ar.] طبطأب آل: Çöğen چوكأن, beğler anında top oynarlar. (Ah.XVI. 611).

Verilən hər iki nümunədəki ərəbcə yazılışlara diqqət yetirdikdə maraqlı bir fakt üzə çıxır. Bilindiyi kimi ərəb dilində saitlərin yazılışı xüsusi hərflərlə ifadə olunmur. Qısa saitlər hərəkələr, uzun saitlər يوآ hərflərilə yazıda öz əksini tapır və bu türk dilində mövcud saitlərin hamısının ifadəsi üçün kifayət etməməklə yanaşı, sözlərin fərqli oxunuşuna da əsas yaradır. Sözün «çovgan» variantı da qeyri-türklərin sözü ərəb yazılışına uyğun oxunması nəticəsində üzə çıxmışdır. Çünki, istər ərəb, istərsə də fars dilində qalın saitlərə meyillilik “ö”nün qısa “o” kimi oxunmasına, “o” ifadə edən “و” – “v” kimi oxunmasına yol vermişdir.

Osmanlı türkcəsində چوگأن yazılış şəklilə qarşımıza çıxan söz eyni zamanda təsəvvüfi məna qazanaraq “Allahın əzəldəki təqdiri” anlayışına çevrilmişdir.«Çevgan-ı sünbül» isə divan ədəbiyyatında «sevgilinin saçı» kimi simvollaşdırılmışdır.«Çevgan-baz», «çevgan-dar», «çevgan-zen», «çevgani» sözləri isə bu oyunla bağlı yaranan anlayışlardır. [ F. Devellioğlu, 178].

XI əsrdə “çoğan”ın bir başqa variantı da yanan közlə oynanılan şəklidir. M.Kaşğarinin «bandal» sözünə verdiyi izahatdan aydın olur ki, ağacdan yumru şəkildə kəsilən parça ilə uşaqlar gecə köz parçalarına vuraraq bənzər bir oyun oynarlarmış və bu «ot bandal» adlanırmış [DLT.,s.169].

XI-XII əsr türklərinin oynadığı oyunlardan biri də güləş olmuşdur. Yunus Tayqanın «iki canlı arasındakı mücadilənin ən mükəmməl şəkli» [8.,s.1] adlandırdığı güləş XI-XII əsr oyunları arasında xüsusilə diqqəti cəlb edir. XXI əsrə qədər böyük inkişaf yolu keçmiş güləş hətta türk deyimlərində də öz əksini tapmışdır: «Kız birle küreşme, kısrak birle yarışma» (BA. I, 474).XI əsrdə «güləş» eyni zamanda «çalış» sözü ilə ifadə olunmuşdur [R.Ə. II, 137-4].” Kutadğu Bilig”də sözün kökü olan «çal» feilini yerə vurmaq, çırpmaq, məğlub etmək mənaları verilmişdir.

Bulak semrisə kör munar hem azar.

İdisin çalar yirke andın tezer

Haşarı at semirirse kudurur ve azar.

Sahibini yere çalar ve ordan kaçar.[K.B., 3600. b.]

«Çalış» sözü “Divanü luğat-it-türk”əsərində də təkcə «güləş» mənasında deyil, həm də «badalaq» kimi işlənmişdir. Burada müşahidə olunan proses, bizim fikrimizcə, məna genişlənməsi və dəyişməsi nəticəsində omonimliyin yaranmasıdır. «Yerə vurmaq» - «çal» feilindən meydana çıxan nəticəni və prosesin adı olan « badalaq, yerə atış» mənasını ifadə edən «çalış» daha sonra belə bir nəticə ilə bitən oyunun adına çevrilmişdir. Abidələrdə bu oyunla bağlı təsadüf olunan cümlələrdə başqa bir ifadəyə də təsadüf olunur: «Ol anıῆ adhakın bağdadı» - «Güreşte onun ayağını sarmaya vurdu» [BA.III, s.277].

Müasir Türkiyə türkcəsində bu söz eyni mənanı daşıyır. Güləşdə «qayçı» fəndinin tədbiqi «bağdamak» adlanır.

Türk oyunlarından bəhs edərkən «tepük» ( تبك) etnoqrafizmi də diqqəti cəlb edir. «Tepük» kimi də oxuna bilən sözün qısa forması «top»dur [R.Ə.I, 335-17]. DLT-də «çovkanla vurulan top, topac» kimi izah edilən «top/topık» qurğuşun ərintisini keçi tükü ilə bürüyərək, sarıyaraq hazırlanır və yalnız çovkan oyununda deyil, eyni adı daşıyan oyunun da bir parçası kimi də işlənir. «Uşaqlar bunu təpərək oynayır» [R.Ə.I, 387-3] deyən M.Kaşğari bununla da, müasir futbolun ilk ruşeymlərinin türklər arasında mövcudluğu barədə məlumat verir, «Təp» (döymək, vurmaq, təpmək) [R.Ə.I, 497-18] feilindən törənən söz «döyülən, vurulan, tərpənən əşya» mənasını verir. “Qutadgu-Bilig”-də «topık»ın yuvarlaqlığı bir çox məqamlarda dünya ilə bağlı müəllifin fikirlərini çatdırmaq üçün bir vasitəyə çevrilir:

Topık yirde urdum bus öz berkitü

Özüm yaῆzagını soῆa körkitü

Söylediğimi güclendirmek ve neye benzediğimi

Sana göstermek için yere bir top koydum.

Neteg kim orunsuz topık, yuvlunur

Anı teg me devlet özüm yolunur.

Dümdüz yerde top nasıl kendi kendine yuvarlanırsa,

Mutluluk da öyledir; ben sıyrılıp giderib. [K.B. 661-662 b.]

XIII əsr nümunəsi olan «Kitab-i məcmun-tərcumani» əsərində feil kimi «tep» işlənsə də, topuk (طبق) sözü ayağın bir parçası olan “topuğ”u ifadə edir.Fikrimizcə, hər iki söz, eyni semantik çərçivə əsasında formalaşmış omonimlərdir. Çünki, “təpmə” və ya “topma” prosesi məhz ayağın daha doğrusu çovkan oyununda çöğənin topuq hissəsilə baş verir.

Topla həyata keçirilən digər oyun isə B.Atalayın «çelik çomak» kimi tərcümə etdiyi oyundur.Tuldı (تلدي) feilini izah edərkən M.Kaşğarinin verdiyi تلديبلٲ١ذريتبقنيٲر «er tobığnı azrı bile tuldı»-Adam, topu çatal değnekle vurdu”cümləsində «bu bir türk oyunudur» deyərək açıqladığı oyun otüstü xakkeyi xatırladır. Burada oyuna başlamaq istəyən tərəf yuxarıda qeyd etdiyi kimi hərəkət edir.“Çelik çomak” da belə bir vuruşa əsaslanan oyundur” [BA.II. 22-23].Türkçə sözlükdə isə «çelik çomak» - «uşaqların çomaqla dəmirə vuraraq oynadıqları oyun» kimi verilmişdir.

«Ütüş/ötüş» etnoqrafizmi isə uşaq oyununun adı olmaqla bərabər “birisini ötüb keçmə” mənasını daşıyır.Oyuna adını verən söz eyni zamanda “yanındakını itələ” deməkdir [R.Ə.I, 131-4].Məhz buna görə oyunun digər adı «ötüş-ötüş»dür. “Keçmək, bir yerdə keçmək, dəlib keçmək” mənasındakı «öt» feilində “Qutadğu- Bilig”-də «ötüş» etnoqrafizmi ilə eyni kökdən olan «ötgen»«ötgü» isimlərinə də təsadüf edilir.

XI əsrdən bugünə kimi türk xalqları arasında yayılan oyunlardan biri də «aşıq oyunu»dur.Aşıq sümüyü ilə oynanılan bu oyunla bağlı «çik» [R.Ə. I.346-15], «bök/bik» [R.Ə.III.137-13], «çik-bök» [R.Ə.III, 137-14] ifadələrinə təsadüf edilir.Aşığın tərəfləri olan «çik»«bök» bir-birinin əksidir. Müasir Türkiyə Türkcəsində də aşığın çuxur tərəfi (D.S., II- s.1212) olan «çik/cik» türk dialektlərində həm də «bir uşaq oyunu»nun adıdır. (D.S. II-s.1212) «bök/böke» isə aşıq sümüyünün yumru tərəfidir. (D.S.) «çik durmak / çik yatmak» ifadələri isə türk dialektlərində aşıq oyununda bir hərəkətin - aşıq atılanda çuxurun üstdə düşməsinin adı kimi hələ də yaşamaqdadır. (D.S. II -s.1212) «bök, böke» isə «aşıq sümüyünün yumru tərəfi» kimi Van və Qars şivələrində işlənməkdədir. Azərbaycan dilində işlənən «çikini-bikini bilmək» birləşməsi də bu oyunun dildə daşlaşaraq yaşayan bir parçasıdır.

XI-XII əsr uşaq oyunlarından biri də «münğüz-münğüz»(منكزمنكز) dür ki, dəstə şəklində həyata keçirilir. Uşaqların məntiqini və diqqətini cəm etmə xüsusiyyətini inkişaf etdirən bu oyun çay, göl sahilində oynanılır. Uşaqlardan biri hakim olur və yaş qumun üzərində oturan digər uşaqlara «münğüz-münğüz» deyir və uşaqlar «ne münğüz?» deyərək, ona sual verir. Hakim isə buynuzlu heyvaların adını çəkər və uşaqlar onu təkrarlayırlar.Hakim buynuzsuz heyvan adını çəkib uşaqları yanıltmağa çalışır. Buna aldanan və səhv heyvan adını təkrarlayan uşaq isə cəzalandırılır və suya atılır.

Bu oyun haqqında geniş məlumat verən M.Kaşğari onun hansı türklər arasında oynanılması haqqında məlumat vermir. [DLT, s.348] Lakin, müəllifin “Sözbaşı”nda «mim»in Oğuz, qıpçaq və subarlar tərəfindən «be» ilə əvəz edildiyini qeyd etməsi oyunun Xəzərin qərb tərəfində - bu türklərin kompakt şəkildə yaşadığı yerlərdə oynanılmadığını göstərir.Çünki adətən belə səs keçimlərində müəllif bunu xüsusilə qeyd edir və digər variantları da oxucunun nəzərinə çatdırır.Burada isə belə xüsusi qeyd yoxdur. Təsadüf deyil ki, buna görə də müasir Türkiyə türkçəsi və Azərbaycan dili ədəbi dili və onun dialektlərində buna bənzər bir oyunu ifadə edən ada təsadüf edilmir. Qədim türk dili lüğətində də bu sözün yalnız “Divanü luğat-it-türk”-də işləndiyi qeyd edilir.[DTS., s.354]



Çanğlı-Manğlı (چنكلي منكلي) adlı oyun da türklərin ən qədim oyunlardan sayılır və fikrimizcə, tərəflərindən biri məna ifadə etməyən və ahəngə uyğun təkrarlanan sözlərin birləşməsilə əmələ gələn ad indi də Türkiyə türkcəsində işlənən «çan» - zəng, zınqrov sözü əsasında yaranmışdır. C.Klauson da sözü zənglə əlaqələndirir: «No doubt a meaningless jingle» (şübhəsiz ki, mənasız cingildəmə) [EDPT, s.471] Müəllif eyni zamanda Osmanlı türklərində buna bənzər «çatal matal» oyunundan da bəhs edir ki, «Türkçe Sözlük»də onun izahı bu şəkildədir: “Çatal-matal kaç çatal” üzərinə tullanıb belində oturulacaq gözləri bağlı şəxsin, üstündə oturanın tək və ya çəngəl formasında qaldırılmış qoşa barmağının neçə olduğunu tapmasına əsaslanan bir növ birdirbir oyunu» (T.S., s.399) “Birdirbir” oyunu isə oyunçuların bir-birinin üstündən tullanaraq oynadıqları bir oyun növüdür (T.S., s.270). Lakin Besim Atalayın verdiyi izah tamamilə fərqlidir. O, M.Kaşğarinin sözün ərəbcə qarşılığı kimi verdiyi آلدودۃ( əd-daudatu) sözünü «yelləncək» kimi tərcümə etmişdir [BA.III, 379]. C. Klausonun isə bu sözü «see-saw» (gör-gördü) kimi (EDPT, s.426) tərcümə etməsi oyunun necəliyi haqqında dəqiq fikir yaratmır.

XI əsrdə uşaqların oynadığı bir oyun da «karaguni»dır. Axşamlar uşaqlar oynadığı bir oyun adı ilə “Divanü luğat-it-türk”-də işlənən «karaguni» bizim fikrimizcə «karagü»- kor sözü əsasında yaranmışdır. “Qutadğu-Bilig”-də bu sözə dəfələrlə təsadüf edilir.

Biligsiz karagu turur belgülüg

Ay közsüz karagu bilig al ülüg.

Bilgisiz, mühakkak ki, kördür;

Ey gözsüz kör, bilgiden hisseni al».[K.B., 271.b.].

XI əsr əyləncələrindən biri də «yalngu»dur. M.Kaşğarinin «cariyələrin oynadığı bir oyundur”,-dediyi oyun «yelləcək»dir. Kəndirin ağaca bağlanıb ortasında əyləşən cariyənin ayağını yerə vurmasıyla hərəkətə gələn yelləncəyin adı ilə eyniyyət təşkil edən oyun yəqin ki, «yalngu» feili ilə əlaqədardır.

Çiçeklikte sandvaç ünün sumlıdı.

Üdiklig eşitti köngül yalngudı.

Bahçede bulbul yabancı bir dilde bir şeyler söyledi.

Bunu duyan sevdalının gönlü tutuşdu. [K.B. 5972b]

“Qutadğu Bilig”-də işlənən fars mənşəli “nerd-ü şatranç” birləşməsi isə hal-hazırda türk xalqları arasında geniş yayılan nərd və şahmat oyunlarının həmin dövrdə də türklərin əyləncəsinin bir hissəsini təşkil etməsini göstərir. Hökmdar elçisinin vacib xüsusiyyətlərini qələmə alan Y.X.Hacibin fikrincə, «nərdü-şatranc» biliciliyi bunlardan biridir:

Yana nerd-ü şatranc bilir erse ked

Harifleri andın ulır erse ked.

Bundan başka, çok iyi tavla ve şatranc.

Bilmeli, rakiplerini iyice sıkıştırmalı [K.B. 2634 b.]

Fars mənşəli «şadrenc» sözündən yaranan «şatranc» leksemi yəqin ki, M.Kaşğazinin qeyd etdiyi kimi bəzi türklərin “ص” -ı “ş” kimi tələffüzü ilə əlaqədar yaranan fonetik hadisə ilə əlaqədardır. Müasir Azərbaycan dilində bu oyunu adlandıran «şahmat» sözü isə oyundakı taktiki gedişi məğlub etməni ifadə edir və sonradan məna genişlənməsi nəticəsində oyun adına çevrilmişdir. Rus (şaxmat, şaxmatist), macar (sakk), rumın (tabla de şah (şahmat), şahist (şahmatçı)), bolqar (şahmat, şahmatça iqra), serb (säh-mät), yunan (saxmat) dillərində də işlənən bu söz və onun törəmələri əsasən türk dilləri vasitəsilə dilə keçmişdir.

«Satranç» sözü də Türkiyə türkcəsi vasitəsilə rumın (şatrange, sandrange), bolqar (santraç), alban (sandranç), serb (satranc), yunan (sadrançı, sadransi) dillərinə keçmiş və işlək leksikaya daxil olmuşdur .[TVS.,s.734]

Türk xalq uşaq oyunlarından biri də ceviz oyunudur.Oyun haqqında dəqiq məlumat olmasa da, «eti绫etiçlik» sözləri oyunun çuxurlar hazırlanaraq oynandığını göstərir.«Ətəç» sözü ceviz-ceviz oyunundakı çuxurun [R.Ə.I-125-4], «ətəçlik» isə «oyun üçün açılmış yerin» [R.Ə.I. 206-25] adıdır.Tədqiqat zamanı, Azərbaycan xalq oyunları arasında rastımıza çıxan «noxud çuxuru» bu oyun haqqında fikir yürütməyə imkan verir, «Bu maraqlı oyun ev şəraitində keçirilir. Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sininin dövrəsi boyunca bir-birinin yanında, qumun içərisində kiçik çuxurlar düzəldilir.Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şer deyirlər:

Tay cütüm (1 cüt)

Taylar cütüm (2-ci cüt)

Alaca mətək (3-cü cüt)

Dalınca kötək (1 tək)

Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu oyunçuların çuxurdakı tək sayda olan noxudların üzərinə düşərsə o oyunu udmuş hesab olunur» [7,s,487].

Fikrimizcə, «ceviz-ceviz» oyunu ya eynilə bu şəkildə oynanır, ya da bu oyunun açıq havada, torpaq üzərində oynanılan variantıdır, əsrlər boyunca bir qədər dəyişikliyə uğrayaraq xalq arasında yaşamışdır.

«Köçürmə» isə uşaq oyunu olub bir digər adı «on dörd»dür.Birinci adı oyunda istifadə olunan fındıq, daş və bənzəri şeylərin yerindən köçürülməsi ilə bağlıdırsa, «on dört» oyun üçün çəkilən meydançanın 14 cızıqdan ibarət olması ilə əlaqədardır.

Qeyd olunan oyunların araşdırılması göstərir ki, türklərin yaratdıqları əyləncə növləri, xalqın estetik dünyagörüşünün mənəvi dəyərlərin inikasıdır. Bu oyunlarla bağlı anlayışların-etnoqrafizmlərin tədqiqi təkcə XI-XII əsr türk dilinin öyrənilməsi üçün deyil, eyni zamanda müasir dövr türk dillərində yaşayan etnoqrafizmlərin tarixi köklərinin aşkarlanması baxımından olduqca önəmlidir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə