Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə3/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Литература


  1. Новиков Л.А. Лексикология русского языка, её основные понятия и категории. «Русский язык в национальной школе», 1972, №6.

  2. Лотте Д.С. Основы построения научно-технической терминологии. Москва, 1961, стр.59.


S.Novruzova

Elmi-texniki terminologiyada çoxmənalılıq

Xülasə

Məqalə elmi-texniki terminologiyada çoxmənalılıq yolu ilə yaranan terminlərə həsr olunmuşdur. Çoxmənalılıq yolu ilə yaranan terminlər spesifik əlamətlərinə görə üç qrupa ayrılmışdır: metafora, metonimiya və sinekdoxa əsasında yaranan terminlər.


S.Novruzova

On multiple meanings of scientific and technical terms

Summary

Multiple meanings plays an important role in terminology. Changing the original meaning of words is one of the most freguent ways to form a new term in scientific and technical literature.

In contemporary terminology, haring a single meaning for a word is disable but not always possible situation. Depending on how original meaning of the word was changed, multiple meaning of the words could be classified as: metaphor, synecdoche and metonymy.

Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Terminologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor S.Sadıqova

filologiya üzrə fəlsəfə doktoru N.Hüseynova

Reyhan Həbibli

Bakı Dövlət Universiteti

venerahr@rambler.ru
«ERQONİM» KONSEPTİ İLƏ BAĞLI MÜLAHİZƏLƏR
Açar sözlər: erqonim, erqonimiya, urbanonim, nominasiya, adresat, resipiyent, motivasiya

Ключевые слова: эргоним, эргонимия, урбаноним, номинация, адресат, реципиент, мотивация

Key  words: ergonym, ergonymy,  urbanonym, nomination, addressee, recipient, motivation
Xüsusi adlar hər bir dilin leksik fondunun mühüm təbəqələrindən biridir. Yeni amillərin və sosial-iqtisadi şəraitin meydana çıxması ilə adların tərkibi dəyişməklə bərabər, onların öyrənilməsində yeni istiqamətlər yaranır. Onomastik terminsistemin tam uyğunluğu, onomastik vahidlərin təsnifi, milli linqvomədəniyyətin, həmçinin mədəniyyətlərarası məkanda xüsusi adların işlənməsinin psixolinqvistik və sosiomədəni aspektləri və s. kimi nəzəri məsələlər həm tədqiqatçılar, həm də nominatorların daim diqqətindədir.

Obyektiv şəhər məkanını əks etdirən şəhər dili müxtəlif adları, o cümlədən şəhər obyektlərinin (küçələrin, mikrorayonların, ticarət müəssisələrinin və s.) adlarını özündə birləşdirir. Linqvistik tədqiqatlarda şəhərdaxili adların məcmusunu ifadə etmək üçün çoxsaylı yaxın mənalı terminlərdən istifadə olunur: «şəhərin leksikası», «urbanonimiya» (Y.V.Krasilnikova, L.A.Kapanadze), «şəhər mühitinin sözləri» (Mixalap, Şmelyova) və s. Hazırda kommersiya müəssisələrinin: mağazaların, kafelərin, restoranların, gözəllik salonlarının, klubların və s. adlandırılması üçün termin axtarışı vacib məsələdir. Tədqiqat aspektindən asılı olaraq müxtəlif terminlər müəyyən edilmişdir: «oykodomonimlər», «erqonimlər», «emporonimlər»; «lövhələrdəki sözlər», «reklam urbanonimləri» və s. Onomastikada idarələrin, mədəni, idman, ticarət obyektlərinin, tibbi və məişət xidmətləri göstərən təşkilatların, müəssisələrin, şirkətlərin və s. işarəsi üçün bu terminlərdən istifadə olunur: «erqonimlər», «erqonizmlər», «şəhər obyektlərinin adları», «erqourbonimlər», «firmonimlər» və b.

Erqonimiya problemlərinin rus dilçiliyində işlənilməsi XX əsrin ortalarında başlanmışdır. İlk olaraq B.Z.Bukçina, Q.A.Zolotova, S.A.Koporski, M.N.Morozova, L.V.Şetinin və b. bu məsələyə diqqət yetirmişlər. «Erqonim» terminini 1978-ci ildə A.V.Superanskaya irəli sürmüşdür. Azərbaycan dilçiliyində A.M.Qurbanovun, A.Hacıyevin bu məsələ ilə bağlı tədqiqatları var [1; 2].

Erqonimiya (həm də bütövlükdə süni onomastika) son illərdə dilçiliyin fəal tədqiqat obyektinə çevrilmişdir. Müasir tədqiqatlar erqonimiyanın sosiolinqvistik və praqmatik analizinə həsr olunmuşdur, burada erqonimlərin müəyyən regionda semantik, sözyaratma və işlənmə xüsusiyyətlərinə daha çox diqqət yetirilir. Dilçiləri müxtəlif tədqiqat aspektləri baxımından erqonimiya problemləri çox maraqlandırır. Belə ki onomastik leksikanın bu bölməsi hər zaman dinamik inkişafdadır. Buna baxmayaraq, erqonimiya müasir dilçilikdə kifayət qədər ətraflı öyrənilməyib, bu sahədə ciddi terminologiya mövcud deyil, şəhər infrastrukturu obyektlərinin adları birmənalı təyin edilmir. Tərkibində əcnəbi söz olan və ya əcnəbi dil vasitələrinin köməyi ilə düzələn erqonimlər də az öyrənilib. İqtisadiyyat subyektlərinin adlandırılmasına həsr olunmuş tədqiqatlarda «erqonim» və ondan fərqli terminlərə rast gəlmək mümkündür. Məhz hansı onimlərin erqonimiyaya aid edilməsi məsələsi indiyə qədər elmi mübahisələrin predmetidir. Erqonimlərin öyrənilmə səviyyəsini və müasir dilçilik ədəbiyyatında onların şərhini təqdim edək.

Şəhərin kommunikativ məkanı dedikdə, şəhər sakinlərinin nitq təsiri sahələrinin kompleksi başa düşülür. Bu məkan müəyyən dərəcədə müxtəlif növlü obyektlərlə, müəssisələrlə formalaşır. Müəssisənin növ adı – şəhər infrastrukturu obyekti kimi insanların işgüzar birliyinin müəyyən tipinin işarəsidir (mağaza, restoran, gözəllik salonu və s.).

İlk terminlərdən olan «erqonim» – «… insanların işgüzar birliyinin, o cümlədən ittifaq, təşkilat, dərnək, idarə, korporasiya, müəssisə, cəmiyyət, məkanın xüsusi adı» kimi müəyyənləşib [3, S.151]. S.V.Zemskova «erqonimiya» dedikdə, xüsusi olaraq hər hansı bir regionun sənaye-təsərrüfat obyektləri adlarının məcmusunu nəzərdə tutur [4, S.15]. D.A.Yalovets-Konovalova erqonimi «sosial birliklərin işarəsi» kimi müəyyənləşdirir [5, S.19]. Y.A.Yakovleva və A.M.Yemelyanova erqonimi müxtəlif funksional profilli tikililəri (binalar, müəssisələr, firmalar, mağazalar, idman kompleksləri, bazarlar, kinoteatrlar və s.) bildirən xüsusi ad, onimin xüsusi növü kimi, habelə idarələrin, iş birliklərinin, korporasiyaların və s. adı kimi nəzərdən keçirirlər və onu urbanonimlərə aid edirlər [6].

A.A.Stambrovskaya erqonimləri firma, müəssisə və idarə adları kimi müəyyən edir [7]. N.V.Şimkeviç «erqonim» anlayışının çərçivəsini daraldır və təklif edir ki, o yalnız «insanların işgüzar birliyi kimi müəssisə»nin işarəsi zamanı istifadə olunsun. Müəssisə adı hüquqi subyekt kimi işlənirsə, tədqiqatçının fikrincə, «temonim» terminindən istifadə edilməlidir [8].

R.İ.Kozlova görə, «… lokallaşmış kommersiya müəssisələrinin adları təkcə erqo- deyil, həm də topoobyektlərdir» [9, S.28]. Müəllif belə müəssisələrin adı kimi «erqourbonim» terminini irəli sürür. Tədqiqatçı hesab edir ki, erqourbonimin əsas əlaməti onun başlıca funksiyası – fərdi şəxslərə mal və ya xidmətlərin kommersiya əsasında (gəlir götürmək məqsədilə) təqdim edilməsidir. «Erqourbonim» iki hissədən – «erqonim» (müəssisə adı) və «urbonim / urbanonim» terminlərindən ibarətdir [10].

R.İ.Kozlov erqourbonimin strukturunu nəzərdən keçirərək, üç komponent göstərir: identifikator, kvalifikator və diferensiator [9, S.46]. Erqourbonimin identifikatoru ticarət sahəsində dövlət qanunvericiliyi tərəfindən standartlaşdırılmış və müəssisənin profilini, növünü, tipini müəyyən edən termindir. İdentifikasiyaedici komponent şəhər obyektinin ümumi adıdır (məs., salon, bazar, kafe və s.). Erqonimin kvalifikatoru şəhərdaxili obyektin nominator tərəfindən bütöv adın tərkibində verilən və obyektin profilini, xidmət səviyyəsini, çeşid və ya digər funksional, yaxud tərz əlamətlərini dəqiqləşdirən təyinidir. Bu iki komponent bir-birini dəqiqləşdirir, məsələn: gözəllik salonu, mebel salonu və s. Erqonimin diferensiatoru əsas semantik yükü daşıyır. Həmin komponent obyektin fərdi adıdır. Əvvəlki iki komponent ümumi isimlərlə, diferensiasiyaedici komponent isə xüsusi isimlə – erqonimlə ifadə olunur.

R.İ.Kozlov erqonominasiyanın obyekti dedikdə elə kommersiya müəssisəsi nəzərdə tutur ki, həm insanların işgüzar birliyi kimi, həm məhsulun satış yeri kimi, həm də şəhər məkanına daxil olan topoobyekt kimi mövcuddur. Nominasiyanın subyekti – lokallaşmış kommersiya müəssisəsinin adlandırılmasını həyata keçirən şəxs və ya şəxslər qrupudur. Nominasiyanın adresatı isə potensial alıcılar qrupudur.

«Erqonim» konsepti sahəsindəki daxili bölünməni N.V.Podolskaya belə izah edir: «Predmetin dərindən öyrənilməsi, daxili əlaqələrin və bir-birindən asılılığın müəyyənləşdirilməsi zamanı anlayışın daha xüsusi anlayışa bölünməsi baş verir ki, bu da həmin xüsusi anlayışların terminləşməsi ilə müşayiət olunur» [3, S.10]. Hazırda alimlər erqonimiya ilə bağlı olan bu anlayışları göstərirlər: «kommersiya müəssisəsinin adı», «emporonimlər» – ticarət müəssisələrinin adları, «firmonimlər» – kommersiya şirkətlərinin adları, «biznesonimlər» [11] – bizneslə məşğul olan təşkilatların adları və s. Xüsusi adlar sırasında onların fərqləndirici xüsusiyyəti nominasiyanın sosial motivləşməsi, onun «sifarişli» xarakteri, seçim faktoru və sosial obyektlərin adlandırılma stereotiplərinə riayət etmədir.

Bütün ad vahidlərini əhatə edən daha neytral terminlərin tətbiqi cəhdləri də maraqlıdır. Məsələn, «iş obyektlərinin adları», «reklam adı», «kommersiya nominasiyası», «neyminq», yəni adlandırma, obyektin müstəsnalığını, qeyri-adiliyini xüsusilə nəzərə çarpdıran və digərlərindən onu fərqləndirən adın seçilməsi [12]. Ümumi onomastik məkanda yanaşı mövcud olduğu digər adlarla erqonimlərin funksional birləşməsi rus dilçiliyində əsas istiqamətlərdən biridir. Məsələn, «reklam adı» terminini təqdim edən İ.V.Krükova hesab edir ki, buraya erqonimlərdən başqa, ticarət nişanları (praqmatonimlər), KİV adları (hemeronimlər), festival, konkurs, konsert adları (geortonimlər), nəqliyyat vasitələrinin adları (poreyonimlər) aiddir [13, S.228]. Çünki onları reklam diskursunda mənsubluq, praqmatik istiqamətlənmə, semantik modifikasiyalar birləşdirir.

Kommersiya erqonimiyası – ya istisnasız ticarət müəssisələrinin adlarıdır, ya da fəaliyyətinin başlıca məqsədi gəlir götürmək olan bütün strukturların, digər analoji birliklərlə rəqabətə girən işgüzar birliklərin adlarıdır.

Fikrimizcə, N.V.Podolskayanın erqonimə verdiyi tərif daha məqsədəuyğundur, yəni insanların işgüzar birlik adlarının məcmusu. N.V.Şimkeviçin verdiyi tərif bundan çox fərqlənməsə də, N.V.Podolskayanın izahını daha dəqiq hesab edirik. «İnsanların işgüzar birliyi» anlayışına idarə, müəssisə, təşkilat, birlik, ittifaq, dərnək, təhsil ocaqları, idman və tibbi xidmət obyektləri, kommersiya müəssisələri, mədəniyyət obyektləri, məişət xidməti müəssisələri, cəmiyyət aid edilə bilər.

Erqonim adresata təsiri nəzərdə tutur, yəni praqmatikaya malikdir. Praqmatika – semiotikanın işarə sistemləri ilə onlardan istifadə edənlər arasında münasibətləri öyrənən bölməsidir. Burada, hər şeydən əvvəl, danışanın (nominatorun, erqonim müəllifinin) dinləyənə (resipiyentə, bu erqonimin adresatına) qeyri-məntiqi yolla nitq təsiri haqqında söhbət gedir. Bu baxımdan praqmatik və qeyri-praqmatik erqonimlər fərqləndirilir. Qeyri-praqmatik erqonimlər məlumatlandırma baxımından 2 qrupa bölünür: 1) informativ– obyektin fəaliyyət növü barədə məlumat verir. Bu erqonimlər obyektin fəaliyyətini təsvir edir, bəzən onun coğrafi mövqeyini göstərir, bir sözlə, mühüm informasiya təqdim edir (Bakı Tikiş Evi, Suraxanı Maşınqayırma zavodu və s.). Bəzən isə belə erqonim obyektin birbaşa fəaliyyət növünə aid olmayan məlumatlar verir; 2) qeyri-informativ erqonim – obyekt haqqında heç bir məlumat vermir («İpək Yolu» restoranı).

Praqmatik erqonimlərə adresata təsir göstərən erqonimlər aiddir. Bunlar iki yerə bölünür: 1) praqmatik informativ – müəssisənin fəaliyyət növünə bilavasitə aid olmayan, lakin adresatda müəssisənin pozitiv obrazını yaratmağa kömək edən əlavə informasiya verir. Məsələn, bu, obyektin yeri barədə informasiya da ola bilər («Dərnəgül market»); 2) praqmatik assosiativ – müsbət assosiasiyalar yaratmaq yolu ilə adresata təsir göstərməyə çalışanlar. Bunlar üç yarımqrupa bölünür: a) assosiativ-informativ – adresata əlavə informasiya verir, müsbət münasibət formalaşdırır («Çevik» təhlükəsizlik xidməti, «Universal» supermarketi); b) müxtəlif fəlsəfi, siyasi, sosial və s. ideyaları əks etdirən («Virtual Qarabağ» İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi; «Sağlam İnkişaf və Maarifləndirmə» İctimai Birliyi); c) əbədi dəyərlər kateqoriyasına (bədii və incəsənət əsərləri, tarixi realilər və s.) əsaslanan («Dədə Qorqud» özəl liseyi, «Sindbad Travel»şirkəti).

Erqonimin praqmatik potensialının formalaşmasında brendinq də müəyyən rol oynayır, yəni firmanın müsbət reputasiyasının yaradılması və onun adının brendə çevrilməsi üzrə piar (PR) tədbirlər kompleksi.

Erqonimin əsaslandırılması şəhərlilərin / adresatların dil şüurunu əks etdirir. Burada şəhər nominasiyalarının informasiya potensialı təzahür edir. Bu potensial əcnəbi dil vahidlərinin assimilyasiya dərəcəsindən, nominasiya tipindən (birbaşa və ya dolayı) asılıdır. Erqonimin səciyyəvi xüsusiyyəti polimotivasiyadır ki, bu da dildaxili və dillərarası əsaslandırılmanı əhatə edir. Dillərarası əsaslandırılma universal xarakter daşıyır və şəhərin müxtəlif sosial qruplarının nitqində müşahidə olunur. Polimotivasiya bir motivema (motivləşmiş söz) ilə birləşdirilmiş müxtəlif motivasiya tipləridir. Bu zaman motivləşmiş söz onu motivləşdirən iki və daha artıq leksik vahidə malik olur.

Erqonimyaratmanın vacib şərti onun motivasiyasıdır. «Onomastik nominasiyanın motivləri – müəyyən obyekt üçün müəyyən xüsusi adın seçilməsi və ya yaradılmasının ekstralinqvistik səbəbləridir» [3]. Ad yaradılarkən motivləşmiş olur. Zaman keçdikcə motiv unudula bilər, bəzi hallarda nominasiya motivi gizli ola bilər. Buna görə də «motivləşmiş ad» və «motivləşməmiş ad» terminləri müəyyən dərəcədə şərtidir və faktiki olaraq nominasiya motivini açmağın «mümkünlüyünü» və ya «qeyri-mümkünlüyünü» bildirir. Bu və ya digər təşkilata, şirkətə ad verərkən nominator qərar verməlidir ki, adda nəyi əks etdirmək istəyir. Müəssisənin bir sıra xüsusiyyətləri arasında birini seçmək və onun əsasında adresatı həvəsləndirən motivi qurmaq lazımdır. Çox vaxt erqonimlər müəyyən predmet və ya anlayışla motivləşmir, nominatorun şəxsi düşüncələrinə müvafiq yaranır. Motivasiya məqsədi ilkindir – o, bütün nominasiya aktını müəyyənləşdirir və erqonimin kommunikativ effektliyini şərtləndirir. Subyektiv motivasiya istiqamətləri və adresatın diqqətini cəlb etmək cəhdləri daha geniş yayılmış istiqamətlərdir.

Motivləşmiş erqonimlər dedikdə, erqonimin müəssisənin fəaliyyət sferası ilə bilavasitə əlaqəsini əks etdirən adlar nəzərdə tutulur. Bu kateqoriyaya erqonimlərin aşağıdakı qruplarını aid etmək olar:

1) obyektin yeri, mövqeyi ilə bağlı erqonimlər: Azərbaycan Universiteti, «Azərenerji» ASC, «Azərbaycan Dəmir Yolları» QSC, Bakı Humanitar Kolleci və s.

2) obyektin fəaliyyət sferasını göstərən erqonimlər: «Ağ çiçəyim» gül mağazası, «Diaqnoz» tibb mərkəzi, «Mis emalı» zavodu, «Maarif» nəşriyyatı və s.

3) qadın adlarından əmələ gələn erqonimlər: «Şafa Studio», «Kəmalə» gözəllik salonu, «Günay» Atçılıq İdman Klubu, «Arzu-Aytən» gözəllik salonu və s.

4) kişi adlarından düzələn erqonimlər: «Mircəfər boxing» boks və trenajor zalı, «Qələndər Klinikası», «Əli usta pastanesi» və s.

5) coğrafi, toponimik və etnoqrafik assosiasiyalarla əmələ gələn erqonimlər: «London taksi» şirkəti, Keşlə bazarı və s.

6) obrazlı təsəvvürlər əsasında meydana çıxan erqonimlər: «Üns» Yaradıcılıq Səhnəsi, Odlar Yurdu Universiteti və s.

Motivləşmənin nəticəsi baxımından onun tipləri vardır: 1) kvaziremotivləşmə – ekspressivlik yaratma vasitəsi kimi omonimik və paronimik yaxınlaşmalar prosesində sözün dəyişməsi; 2) yalançı motivləşmə – «yalançı» motivləşdirici əlaməti əks etdirən dil vahidləri arasındakı əlaqə [14].

Motivləşməmiş erqonimlər elə adlardır ki, bunlarda adlandırılan obyektlə erqonim arasında birbaşa əlaqə yoxdur, onlar məhsul və xidmətlə uyğun gəlmir. Bu kateqoriyaya aşağıdakı qruplar daxildir:

1) insanın statusu və keyfiyyətlərini ifadə edən leksika bazasında yaranan erqonimlər: «Əfəndi» restoranı və s.

2) bitki və heyvan adlarından ibarət erqonimlər: «Çinar market», «Çinar-Araz Firması».

3) coğrafi terminologiya, təbiət hadisələrinin adları əsasında əmələ gələn erqonimlər: «Gilavar» restoranı

4) mifonimlərdən əmələ gələn erqonimlər: «Hermes» estetik mərkəz

5) tarixi qəhrəmanların və görkəmli şəxsiyyətlərin adlarından əmələ gələn erqonimlər: «Çingizxan» restoranı, aptek «Nizami», «Qorqud Holdinq»

6) kosmonimlərdən düzələn erqonimlər: «Ulduz» şirniyyat fabriki, «Planet» restoranı

7) mücərrəd isimlərdən əmələ gələn erqonimlər: «İdeal» mağazalar şəbəkəsi

8) fəsil adlarından düzələn erqonimlər: «Bahar Təmizlik» Xalçayuma Fabriki

9) toponimlərdən düzələn erqonimlər: «Muğan» Kommersiya Bankı, «Sədərək» Ticarət Mərkəzi, «Araz» ekologiya liseyi.

Müasir nominasiya sahəsində daha aktiv tendensiya – ekspressivləşdirmədir. Bu ekspressiv leksikanın rolunun artmasında və dil oyunu üsullarından fəal istifadədə özünü biruzə verir. Tədqiqatçılar onomastik məkana qeyri-normativ nitq elementlərinin, jarqonizmlərin və dialektizmlərin yayılmasını qeyd edirlər. Bunun nəticəsi ekspressemlərdir, yəni emotiv damğalanmış dil vahidləridir. Onlar nominatora imkan verir ki, öz şəxsi fikrini və ətrafdakıların rəyini əks etdirsin. Erqonim-ekspressemlərə bunları misal göstərmək olar: «Bəh-Bəh club». Onomastikaya keçən ekspressivliyin bilavasitə sübutlarından biri də dil oyunudur. Məsələn, sözün qrafik cildinin dəyişilməsi: GardeRobe (mağaza).

Müasir şəhərin erqonimiyası üçün səciyyəvi cəhət erqonimlərin yaradılması zamanı əcnəbi dil vahidlərindən və elementlərindən istifadədir. Erqonimiyada əcnəbi dil vasitələrinin işlənmə tendensiyaları müxtəlifdir. Bunlardan biri ksenomotivasiyadır, yəni motivləşdirici vahidlər kimi mənbə dilin söz və söz birləşmələrindən istifadə edilməsidir. Məsələn, «İtaldizayn» mağazası, «BestComp Grup» şirkəti, «Qlobus-print» MMC, «Xpress-Elita» şirkəti, «Medline» klinikası «Accessbank», «Noteclub» mağazası, «Datatech» mağazası və s. E.S.Butakovanın fikrincə, əcnəbi mənşəli erqonimlər şəhərin kommunikativ məkanının fraqmenti kimi elə xüsusi adlardır ki, tərkibində istənilən əcnəbi mənşəli komponent var, insanların işgüzar birliklərinin adlarıdır. Bunlar polifunksional təbiətə malikdir, şəhərin kommunikativ məkanının modelləşdirilməsində iştirak edir və şəhərlilərin (nominatorların və adresatların) onomastik şüurunun modelləşdirilməsi vasitəsidir. Əcnəbi ad başqa qrafikada verilirsə, bu, transliterasiya edilmiş reversiv adlanır [14]. Məsələn, «Çudo Peçka» adının latın qrafikası ilə yazılması.

Obyektlərə advermə qanunauyğunluqları adların müxtəlif semantik xüsusiyyətlərini, koqnitiv əsaslarını müəyyənləşdirməyə imkan verir. Koqnitiv əsaslar ümumtipoloji, etnik, milli, dini, sosio-siyasi spesifikaya malikdir və bu və ya digər obyektin adının necə olması barədə konseptual təsəvvürlərin reprezentasiyasıdır. Adlandırılan obyektin statusu adın seçiminə birbaşa təsir göstərir və erqonimin koqnitiv modelinin motivləşdirici nüvəsini təşkil edir. Erqonimin koqnitiv modelinin əsas komponentləri bunlardır: referent, əlamətlər toplusuna malik obyekt kimi referent haqqında təsəvvür, metafora/metonimiya, yeni söz (söz yaradıcılığı, alınma və milli sözün qarışığı), alınma, transonimləşmə. Adlandırmanın baş verdiyi sosiolinqvistik situasiyadan asılı olaraq dini, etno-milli, sosio-siyasi filtrlər qüvvəyə minir [15]. Bu model, onun komponentləri müəyyən şəkildə erqonimin semantikası ilə bağlıdır.



Fikrimizi yekunlaşdıraraq qeyd etmək istərdik ki, şəhər obyektlərinin adlandırılması ümumi nominasiya prosesinin yalnız bir hissəsidir. Adlar istənilən müasir şəhərin ayrılmaz bir hissəsidir. Onların yayılma sferası getdikcə genişlənir. Bu artım nitq mədəniyyətinin mühüm estetik problemlərindən birinə çevrilir. Bütün bunlar bir daha erqonimiya sahəsində dil siyasətinin zəruriliyini sübut edir.

Ədəbiyyat


  1. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. I–II c., B., 2004.

  2. Hacıyev A. Ktematonimlərin leksik-semantik qrupları – Dil məsələlərinə dair tematik toplu, 1997, №2, s.135-150.

  3. Подольская Н.В. Словарь русской ономастической терминологии. М., 1988.

  4. Земскова С.В. Лексико-семантический и словооброзовательный анализ эргонимов г.Тольятти Самарской области Российской Федерации. Дисс.… канд. филол. наук. Самара, 1996.

  5. Яловец-Коновалова Д.А. Названия коммерческих предприятий. Автореф. дисс. … канд. филол. наук. Челябинск, 1997.

  6. Яковлева Е.А., Емельянова А.М. Ономастическое пространство как составная часть «языка города» и его основные единицы (на примере эргонимов г.Уфы) // Вестник Башкирского ун-та. 2006, №3, с.84-87.

  7. Стамбровская А.А. Возможности ассоциативного эксперимента в изучении ономастического сознания (на материале эргонимических номинаций Красноярска) // Лингвистический ежегодник Сибири. Вып.6. Красноярск, 2004. с.193-196.

  8. Шимкевич Н.В. Русская коммерческая эргонимия: прагматический и лингвокультурологический аспекты. Автореф. дисс. … канд. филол. наук. Екатеринбург, 2002.

  9. Козлов Р.И. Эргоурбонимы как новый разряд городской ономастики. Дисс. … канд. филол. наук. Екатеринбург, 2000.

  10. Козлов Р.И. Современные эргоурбонимы в городской топонимической системе // Известия Уральского гос.ун-та. Гуманитарные науки. 2001. №20. вып.4.

  11. Донскова О.А., Донскова Г.А. Семантика и прагматика бизнесонимов // Топонимика и ономастика Северного Кавказа. Тезисы первой общекавказской конференции. Пятигорск, 1997.

  12. Иванова Н.К. «Г.Иваново»: Особенности брендинга и нейминга (опыт топонимического анализа на местном лингвистическом материале. –www.isuct.ru/e-publ/.

  13. Крюкова И.В. Рекламное имя: от изобретения до прецедентности. Дисс. … докт. филол. наук. Волгоград, 2004.

  14. Бутакова Е.С. Эргонимы иноязычного происхождения в коммуникативном пространстве города. Автореф. дисс. … канд. филол. наук. Томск, 2013.

  15. Донскова О.А. Особенности связей поверхностного и глубинного уровней семантики онима // Университетские чтения – 2011 (13-14 янв. 2011 г.) Часть VII, секции 20–22 симпозиума 1. Пятигорск, 2011. с.11-16.

Рейхан  Габибли

Некоторые  взгляды  на  концепт  " эргоним"

Резюме
Хотя  эргонимическая  лексика постоянно находит­ся   в  динамическом  развитии, она  недостаточно  изучена  в современ­ном  языкознании. Отнесение   конкретного онима  к эргонимии- предмет научных споров. Настоящая  статья  посвящена именно  данной проблеме. В ней рассмат­ри­ва­ет­ся  степень  изученности  эргонимов  и  дается их  науч­ное  объяс­не­ние  в современном языкознании.
Reyhan Habibli

Some views of  the concept" ergonym"

Summary
Despite the continual dynamic  development  of the vocabulary, it  has not  been  studied  enough  in   modern  linguistics yet. To  classify a concrete   onym  as  ergonymy is a subject  of scientific  discussions. The  article  deals  with this problem. In the  article  is examined  the level of  study  of  ergonyms   and  is given their  scientific  explanation  in  modern  linguistics.


Çapa tövsiyə edən: Bakı Dövlət Universiteti,

Azərbaycan dilçiliyi” kafedrası


Rəyçilər: filologiya üzrə fəlsəfə doktoru,dos.Y.Məmmədli

filologiya üzrə fəlsəfə doktoru,dos.M.Vəliyeva

Hacıyeva Nərgiz

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN DİLİNDƏ TƏQLİDİ SÖZLƏRİN FONETİK- ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: səstəqlidi söz, fonetik-üslubi, təkrar, emosional-ekspressiv, vasitəli təqlid, sinonim, ritmik söz.

Ключевые слова: звукоподражательное слово, фонетико-стилистический, повтор, эмоционально-экспрессивный, косвенное подражание, синоним, ритмическое слово.

Key words: imitative words, phonetic-stylistic, repetition, emotional-expressive, indirect imitative, synonym, rithmical word.
Təqlidi sözlər müxtəlif dilçilər tərəfindən müxtəlif adlarla, “onomatop”, “ideofon”, “səstəsvir” adı ilə tədqiq olunmuşdur. Səstəqlidi sözlərə Azərbaycan dilçiliyində son dövrlərdə maraq artmış, bu barədə maraqlı tədqiqat işləri yazılmışdır (1;2;3).

Səstəqlidi sözlərdə məna olub-olmaması məsələsi daima dilçiləri düşündürmüşdür. Məşhur rus dilçisi A.M.Peşkovskiy yazır ki, “burada digər sözlərdə olduğu kimi səs və mənaya üzvlənmə yoxdur, belə ki, burada bütün məna səsdədir”(4,168). A.N.Tixonov qeyd edir ki, “həqiqətən, səstəqlidi sözlərdə bütün məna səsdədir. Lakin o, hər halda var və məhz səslə ifadə olunur. Bununla səstəqlidi sözlərin mənası digər sözlərin mənasından fərqlənir”( 5,72-76).

Bizim fikrimizcə, səstəqlidi sözlər mənaya malikdir, belə ki, dildə mənasız heç nə yoxdur. Fonetik üslubiyyatın ilk tədqiqatçısı, görkəmli Azərbaycan dilçisi Ə.Dəmirçizadə yazırdı:” Sövti-təqlid sözlərinin formalaşması göstərir ki, dildə olan səslərin demək olar ki, hamısı bu və ya digər məna çalarlığına malikdir. Məsələn, “u” səsi “uğultu”, “gurultu”, “qurultu” və buna bənzər hadisələrin səs rəngini vermək üçün, “ş” səsi “atışmaq”, “çapışmaq” kimi əməliyyatın və ya “şırıltı”, “xışıltı” kimi hadisələrin, yaxud şaqraqlıq, şənlik kimi psixi halların səs rəngini vermək üçün əlverişli hesab olunur. Buna görə dildə mövcud olan səslərin belə şərti-nisbi məna rənglərinə səslərin məna çalarlığı deyilir” ( 6, 41-42).

Səs simvolizminin mövcud olması barədə mövcud olan fikirlərə görə bir çox dilçilər bu hadisənin bədii dildə, xüsusilə poeziyada olmasını qeyd edirlər. Ayrı-ayrı səslərin şeirdə oynadığı rolu göstərərək E.A.Zoz qeyd edir ki, səslərin simvolluğu digər dil vasitələri kimi şeirin qiymətləndirmə-emosional tonallığını yaradır və əsərin estetik dəyərinin qəbul olunmasında üslubi vasitə kimi istifadə oluna bilər (7, 11-21).

Təqlidi sözlərin üslubi xüsusiyyətləri uşaq nitqində, uşaq poeziyasında daha parlaq üzə çıxdığı üçün onların fonetik-üslubi xüsusiyyətləri burada tədqiq olunmalıdır. İngilis uşaq poeziyasında səstəsviri fonoüslubi və fonosemantik istiqamətlərdə araşdıran A.A.Yeqorova səstəsvirə səstəqlidi sözləri və səs simvolizmini aid edir (8). O yazır ki, səstəsvirin bədii obrazlar yaratması üçün, nitqin ekpressivliyinin güclənməsi üçün uşaq poeziyası xarakterikdir. Uşaq poeziyasında səstəsvir uşağın emosiyasına təsir etmək funksiyasını yerinə yetirir, müxtəlif fonetik üsullarla onun diqqətini çəkmək məqsədi güdür, onun köməyilə şeirin mənası açılır. İlk dəfə səstəqlidi sözləri Azərbaycan dilçiliyində fonetik üslubi ifadə vasitələrinə aid edən Ə.Dəmirçizadə onları səslənməsi ilə mənası arasında əlaqə olan sözlərə aid etmişdir (9, 46). Azərbaycan uşaq poeziyasında səstəqlidi sözlərin üslubi xüsusiyyətləri müəyyən qədər tədqiq olunmuşdur (10;11). Uşaq şeirlərinin fonetik xüsusiyyətlərini tədqiq edən Veysəlova M. yazır:” Uşaq şeirlərinin fonetik xüsusiyyətlərindən biri də şeirlərin leksik tərkibinə səstəqlidi sözlərin daxil edilməsidir. Səstəqlidi sözlər şeirlərdə şeirin ahəngdarlığını artırır, axıcılığı təmin edir. Emosionallığı, ekspressivliyi gücləndirmək üçün səstəqlidi sözlərdən bir vasitə kimi istifadə edilir (12, 63-66).

Səstəqlidi sözlərin fonoloji sistemində fonemləri fərqləndirən və mənaya malik olan, səstəsvir funksiyasını həyata keçirən fonemotipdir. Fonemotip fonemin tipi olub (konkret dillə əlaqədar olmayan) onun akustik-artikulyator xüsusiyyətlərindən asılıdır ( partlayan, cingiltili, sonor və s.). ”Beləliklə, fonemotip-özünəməxsus invariant olub, fonemlərin səstəsvir funksiyasını dəyişmədən fonemlərin variantlaşmasını həyata keçirir. Konkret dildə bir fonemotipə bir neçə müxtəlif reallaşma uyğun gəlir. Məsələn, partlayışlı fonemotipə b,d, g,q səsləri uyğun gəlir” (13, 17-27). Variantlılıq-dilin universal xüsusiyyətidir. O, bütün səthlərdə, o cümlədən fonetik sahədə üzə çıxır. Səs variantlılığı dilin fonetik quruluşunun bütün komponentlərini, eləcə də mətnin intonasiya quruluşunu əhatə edir(14, 69-74).

İ.Q.Ruzin qeyd edir ki, onomatopun tərkibində fonemlərin çoxu bir səstəqlid funksiyasından artıq funksiyaya malikdir. Yarımfunksional vahidlər olaraq fonemlər müxtəlif fonosemantik oppozisiyalarda çıxış edir və müxtəlif fonemotipləri əhatə edir. Fonoloji oppozisiyalardan fərqli, fonosemantik oppozisiyaların neytrallığı fərdidir. Bir oppozisiyada əhəmiyyətli olan o birində neytral olur. Bu və ya digər oppozisiyanın göstəricisi paronimik sahədir. Fonemotip nə qədər fərdidirsə, onun paronimi o qədər azdır”(13, 17-27).

Bədii ədəbiyyatda, xüsusən uşaq ədəbiyyatında təqlidi sözlərin işlədilməsi yalnız real faktı əks etdirmə məqsədi daşımır, habelə üslubi funksiyaya malikdir. Təqlidi sözlərin səs tərkibinin rəngarəngliyi, sait-samit münasibətlərinin müxtəlif çalarlılığı, bu dil vahidlərinin rəngarəng işlənmə spesifikası və s. cəhətlər onlardan istifadə imkanlarını genişləndirir, çoxməqsədliliyini təmin edir. Elə buna görə də təqlidi sözlərin fonetik-üslubi xüsusiyyətlərinin öyrənilməsi əhəmiyyət kəsb edir.

Səstəqlidi sözlər müxtəlif fonetik tərkibdə olduğu kimi, onların mətndə işlədilmə imkanları da rəngarəngdir. Belə ki, onların birdəfəlik işlədilməsi faktı az halda diqqəti çəkir. Bunun bir səbəbi reallıqla əlaqədardırsa, digər səbəbi onların mətndə yerinə yetirdikləri bədii-üslubi funksiya ilə bağlıdır. Bir dəfəlik işlədilən təqlidi sözlər, əsasən, informativ məzmunun verilməsi ilə bağlıdır. Məsələn: İnad keçi yazıq-yazıq mələdi: --Məə...,evimizi istəyirəm(Ə.Babayeva); Üç dəcəl ağacdələn//Səni səsləyir belə//--Tıq! Gəl!//--Çıq! Gəl!(İ.Tapdıq); Dənizdəki gəmidən//Gupp, atdılar topları(M.Əliyev); Ha hıqqana-hıqqana//Çəkic dəydi “Tıq!” ona(M.Əliyev).

Bir məsələni də qeyd edək ki, təqlidi sözlərin belə bir dəfə işlədilməsi həmişə bu faktın özünü əks etdirmir. Yazıçı, şair məqsədindən asılı olaraq, davamedici təqlidi sözləri bir dəfə də işlədə bilər. Məsələn: Günel əllərini qulaqlarının yanında xoruz pipiyinə oxşar tərzdə tutdu və banladı: --Quqqulu-qu(Z.Xəlil). Bu məqamda şair təqlidi sözü iki, hətta üç dəfə təkrarlaya bilərdi, lakin xüsusi ekspressiv çalar daşımadığı üçün buna ehtiyac hiss olunmur.

Qeyd edək ki, bəzən təqlidi söz real faktın özünü yox, onun doğurduğu emosional münasibəti əks etdirir. Məsələn: Qoz acgözü bir oğlan//Yeriyirdi yolda tək.//Yoxdu yanında heç kim,//--”Qarr” elədi qarğatək.(M.Əliyev)

Təqlidi sözlərin daha çox işlək forması ikiqat təkrar olunmasıdır. Bu forma real səslənməklə yanaşı, ekspressiyaya xidmət edir. Burada bir məsələyə də toxunmaq lazım gəlir. Belə ki, təkrarlanan təqlidi sözlərin iki cür yazılması özünü göstərir: ayrı və defislə. Bunu təsadüfi və ya səhv hesab etmək olmaz, ona görə ki, hər yazılış formasının özünəməxsus semantik-informatik funksiyası vardır.

Defislə yazılan təqlidi sözlərdə fonetik-semantik bütövlük vardır. Bütün nitq hissələrinin bu cür formalaşan mürəkkəb quruluşları vardır. İstər əsas, istərsə də köməkçi nitq hissələri olsun, təkrarın əsas funksiyası ekspressivlik yaratmaqdır. Bəzi hallarda yeni leksik mənalar yaratmasına baxmayaraq, həmin məqamın özündə də ekspressivlik əhəmiyyətli rol oynayır. Defislə yazılan təqlidi sözlərdə də bunu müşahidə etmək çətin deyil. Məsələn: Çaxmağı çəkdi:çax-çax,//Tüfəng açıldı:pax-pax (T.Elçin); Yaz gələndə axşam-səhər// Bağçalarda bir quş ötər:// hop-hop, hop-hop (M.Dilbazi); Deyin ki, mənimsiniz,// Miyo-miyo, cücələr.(T.Elçin); Qurbağanı görən tək//Ulaq başı havalı...//Qaçdı gözdən aralı:// -Birdən elə bilərlər,//-“Qurr-qurr”...eyləyən mənəm ( H.Ziya); A yel qanadlı cik-cik,// Sənin tək “cirik-cirik”// Edə bilməsəm də mən //“Civ-civ” edirəm hərdən

( H.Ziya).

Təqlidi sözlərin iki dəfə təkrarlanması daha çox müəllif təhkiyəsində işlədilir. Bunun əsas səbəbi mürəkkəb sözün, əsasən, iki sözdən təşkil olunmasıdır, eyni sözün üç və ya dörd dəfə təkrarlanması ilə mürəkkəb söz yaradılması xarakterik hal deyil. Məsələn: Bir gün gördüm tüklü ayı// mağarada xor-xor yatır,//xorultusu göyə çatır(Z.Xəlil); Kök bir aslan// Xor-xor yatır, xoruldayır.(M.Rzaquluzadə)

Misallardan göründüyü kimi, “xor-xor” təqlidi sözü hər dəfə həmin təqlidi sözdən yaranan düzəltmə sözlə birlikdə işlənmişdir; birinci nümunədə “xorultu” ismi ilə, ikincidə “xoruldayır” feli ilə birlikdədir. Bu isə emosional-ekspressiv çaların artırılmasına xidmət edir.

Ikiqat təqlidi sözlərin ikinci yazılış forması ardıcıl və defissiz, vergül, yaxud üç nöqtə, hətta bəzən nida ilə işlədilməsidir. Bu zaman, təbii ki, təqlidi sözlərin birləşib bir vahid yaratmasından danışmaq olmaz; burada hər söz öz məzmun funksiyasında çıxış edir. Sözlər arasında edilmiş fasilə onların ayrı-ayrı, lakin təkrar edilən nominativ sözlər kimi işlədildiyini göstərir. Məsələn:



Oğlan birdən qollarını qaldırıb dilləndi:-Qarr! Qarr! Bax belə uçacağam başqa yerə ( N.Süleymanov);O birdən Çingizin fotoaparatının səsini eşitdi: çırt...çırt ( Həbibə)

Demək lazımdır ki, hətta eyni təqlidi sözlər müxtəlif məqamlarda həm defislə, həm də ayrıca ardıcıl şəkildə işlədilə bilir. Bu zaman onların fərqi daha aydın şəkildə seçilir. Məsələn: Dənizdə şimşək çaxır,//Sanki tüfəng açılır,// Səslənir:şaraq-şaraq(T.Mütəllibov); Gülalı kişi bu zaman ağacdan asdığı tüfəngi götürüb qışqırdı: --Al, kafir! Şaraq! Şaraq!(N.Süleymanov)

Birinci cümlədə faktın ardıcıl sürətlə baş verdiyi, ikinci cümlədə isə fasiləli ardıcıl fakt ifadə olunmuşdur.

Bəzən davamedici xarakterli təqlidi söz yalnız iki dəfə təkrarlanır ki, bu da əslində informativ səciyyə daşıyır. Məsələn: İldırım vurub daşları yuvarlayırdı: Gurup!..Gurup! Tavandan qurğuşun kimi damlalar düşdü: tırıp! tırıp! (M.Dilbazi); Şarap! Şarap! Dalğalar səslənir güllə kimi(T.Mütəllibov); Şırşır çaydan gəldi səs: Bul-bul!(T.Elçin)

Təqlidi sözün üç dəfə təkrarlanması ekspressivliyin gücləndirilməsinə xidmət edir.Bunlar da iki formada yazılır: ayrılıqda və defislə. Yuxarıdakı fakt burada da özünü göstərir. Məsələn: Üçüncü qarğa gəldi.// –Qarr,qarr, qarr(M.Əliyev); Dəyir ağaca balta.// Tapp! Tapp! Tapp!(T.Elçin); Tuk-tuk-tuk...//Baxın, ağacdələndir (T.Mütəllibov); Dayanmadı dinc// dəmirbaş çəkic.// Tuk, tuk, tuk!(T.Elçin); Bax, qatar belə olar,// Qu...qu...qu...(X.Əlibəyli); Kəsilirdi sanki taxta// –Pxı, pxı, pxı...(M.Əliyev)

Qeyd edək ki, təqlidi sözün daha artıq təkrarına rast gəlmək olur: dörd, beş, altı dəfə. Bunlar çox vaxt şeirin ölçüsünü, ritmini yaratmaq üçün yaradılır. Məsələn: Xoruldayır ev sahibi// Xorr, xorr, xorr, xorr(X.Əlibəyli); Bunu görüb Alabaş bərkdən-bərkdən hürərdi:// Ham, ham, ham, ham...(M.Rzaquluzadə); Əriyib yuxum//—Dum, dum, dum, dum, dum(T.Elçin); Çəkdim tətiyi:// Ta...ta...ta...ta...ta... (H.Ziya); Həm oxuyur, həm də çalır:// Bin, bin, bin, bin, bin, bin...(T.Elçin)

Bəzən şair müəyyən rəngarəng emosional ritm yaratmaq, obrazlı deyimi gücləndirmək üçün bir neçə dəfə təkrarlanan təqlidi sözləri daxili bölgülərlə verir; daxili bölgü isə məqsəddən asılı olaraq, müxtəlif çəkildə olur. Məsələn: Tıq-tıq, Tiq-tıq-tıq!// Yenə qapını bərk-bərk döyürlər.// –Tak-tak, Tak-tak-tak!(T.Elçin)

Təqlidi sözlər situasiyadan asılı olaraq müxtəlif fonetik formalarda verilir. Bu zaman təqlidi sözlərin ya hamısı, ya da bir hissəsi fərqləndirilmiş şəkildə olur ki, bu da emosional-ekspressiv çaları gücləndirməyə xidmət edir. Uşaq ədəbiyyatında bu xüsusiyyət önə çəkildiyindən səsdəyişməsi ilə fərqlənən təqlidi sözlərin birləşməsinə daha geniş yer verilir. Məsələn: Kimdir axı meşə qıran?// Taq-tuq! Taq-tuq!(M.Aslan); Tik-tak! Tik-tak! Tik-tak!// Bir divara bax,// Saat işləyir (M.Rzaquluzadə); Əlini ver tutum səni,// Çax-çux, çax-çux! (T.Elçin); Ara vermədən ötürdü zindan// –Din-dan, din-dan!(M.Əliyev); Yerişi var// tappır-tuppur (M.Əliyev); Tarap-turup atlılar (“Tıq-tıq xanım” nağılı); Oxudu birdən tütək: tril-trül! (T.Elçin)

Lakin burada bir məsələyə də toxunmaq lazımdır: bəzən bu cür təqlidi sözlərdə komponentlər arasında başqa səs kompleksi də işlənir, amma bunu ünsür hesab etmək olmaz. Məsələn: Saldı tak-ka-tuk, //Damı mıxladı(T.Elçin)

Buradakı təqlidi sözün komponentləri içərisində ünsür yoxdur; daha doğrusu, hər üç komponent təqlidin özünə aid səslərdir.

Hər hansı təbiət hadisəsi ya eyni səslənməyə malik olur, ya da müxtəlif səslənmə ilə təkrar şəklində ifadə olunur, lakin, əsasən ritmik olaraq ya söz, ya da birləşmə və mürəkkəb söz şəklində eyni cür təkrarlanır. Buna baxmayaraq, bəzən təkrarlar bir-birindən fərqlənir; daha doğrusu, komponentlərdən birinin fərqlənməsi yolu ilə təkrarlanması özünü göstərir. Məsələn: Zurna çaldı ağacdələn: Tuq-tuq, taq-tuq...(M.Əliyev)

Emosional-ekspressiv çaları gücləndirmək, oxünaqlığı artırmaq, uşaqların daha böyük diqqətini cəlb etmək üçün bəzən eyni təqlidi söz ya daxili ünsürlə və ya ünsürsüz, ya da yarımçıq fonetik tərkibdə eyni ünsürlə təkrarlanır. İkinci formada təkrarın yaratdığı effekt daha güclüdür. Bir məsələni də demək lazımdır ki, buradakı ünsür əsas nitq hissələrində, xüsusilə isim, sifət və zərf yaradıcılığında iştirak edən ünsürdən fərqlidir. Adı çəkilən nitq hissələrində -a-, -ba-. –ha- ünsür kimi işlədilir və bunlar qrammatika kitablarında qeydə alınır. Təqlidi sözlərdə də bu ünsürlər mürəkkəb vahidi formalaşdırır. Bu ünsürlərin hansının işlədilməsi təqlidin sonuncu səsindən asılı olur. Məsələn: Dələ çıxıb oyuqdan Fındıq qırır şaqqaşaq(H.Ziya); Dırınqhadırınq Pıspısa xanımı Siçan Solub bəyin evinə gətirdilər.(“Tıq-tıq xanım” nağılı); Daldada yazdığıma “dambadamdır” dedilər(R.Əhmədzadə); Filin də düz vurur ürəyi: Taphatap! Taphatap! Canhacan! Canhacan!(M.Əliyev)

Ünsürlə formalaşan təqlidi sözlərin bir hissəsində komponentlər fonetik tərkibi etibarilə fərqli olanlardır; bu zaman ekspressivlik daha güclü olur. Məsələn: Hər qırx beş dəqiqədən bir səslənən məktəb zəngləri uşaqları çağırır: Hey zaranqa-zuranq(Ə.Babayeva)

Lakin təqlidi sözlərin bu tipinin bir cəhəti də vardır ki, həmin halda ikinci komponent çox zaman -ra ünsürü ilə işlənir. Daha doğrusu, bu ünsür həm -a-, -ba-, -ha- ünsürü olan həm də olmayan, habelə tam təkrar, həm də fonetik fərqli təkrar olan təqlidi sözlərdə işlədilir. Hətta eyni mətndə bu variantların hamısına eyni zamanda rast gəlmək olur. Bu ünsür heç bir ədəbiyyatda qeyd edilməsə də, əslində bu dil vahidlərinin formalaşmasında sistem xarakteri daşıyır. Məsələn: Mən qatarda gedirəm! Takqa-tarak, takqa-tarak (H.Ziya); Mismara vurdu: Tak-qa-tuk, tak-tuk(T.Elçin); İmtahan babatdır, ay qoçaq, Ürəyim pis vurur: “Dambadaram, Tappatarap(S.Qədirzadə); “Danq-daranq!” güllə atdım, Şiri yerə uzatdım (X.Əlibəyli); Qanadını qartalın Tap-tarap naxışladım(M.Əliyev); Sərçələr tirdən aşdı. Cik-cirik, saf-çürük(X.Əlibəyli); Hər tərəfi “şaqqaşaraq” səsləri bürüdü(E.Ağayev); Taxtapuşun üstündə əvvəl “tan-tan-tan-tan”, sonra da “tappa-turup”, tappa-turup” səslər eşidildi.(Ə.Babayeva)

Elə hallar da olur ki, dildə bu təqlidi sözlərin hər ikisi işlədilir, daha doğrusu, -ra- ünsürlü, həm də onsuz formalardan istifadə olunur. Bu isə, bir tərəfdən təbiət hadisəsinin fərqli olması, digər tərəfdən, fərdi üslubun nəticəsi kimi özünü göstərir. Məsələn: Dələ çıxıb oyuqdan Fındıq qırır şaqqaşaq(H.Ziya); Birdən hardasa göy guruldadı. Hər tərəfi şaqqaşaraq səsləri bürüdü.(E.Ağayev)

Birinci cümlədə dələnin fındıq qırması davamedici olsa da, fasiləlidir, ikinci cümlədə isə göy gurultusu, şimşək çaxması hadisəsi fasiləsiz ardıcıl olduğundan təqlidi sözdə bu fakt ikinci ünsürün iştirakı ilə ifadə olunur.

Bəzən bu cür təkrarlarda ikinci komponentdə “r” səsi bir neçə dəfə təkrarlana bilir. Bu səsin təkrarlanması kəmiyyətinin azlığı-çoxluğu fakta emosional münasibətlə bağlıdır, çünki həmim sözdə müəyyən bir səsin bu şəkildə təkrarlanması emosional-ekspressiv çaların qüvvətlənməsinə xidmət edir. Məsələn: Vaqonu da uçurur...Taq-tarrraq... tarrraq... tarrrrraq... Vaqonlar bir-birilə toqquşaraq: Şaq-şarraq... şarraq... şarrrrraq.(M.Rzaquluzadə)

Ümumiyyətlə, hər hansı bir sözdə eyni səsin bir neçə dəfə bilərəkdən təkrarlanması üslubi xarakter daşıyır və emosional-ekspressiv çaları gücləndirməyə xidmət edir. Təqlidi sözlərdə belə təkrarlara tez-tez rast gəlmək olur; bu zaman həm sait ,həm samit təkrarlana bildiyi kimi, təkrarlanan səs həm sonda, həm ortada ola bilir. Məsələn: Budağından eşitdi Bayquşun nəğməsini, Quuuuu, quuuuu...(X.Əlibəyli); O hər səhər barabana bir zərbə ilişdirimiş:-Buuumb! (Z.Xəlil); Onlar boş vedrənin içinə girib necə sürətlə qaçırdılarsa, vedrədən qəribə səs çıxırdı: uuuu (Z.Xəlil); Onlar sürətlərini bir az da artıranda vedrə əjdaha kimi bağırmağa başladı: uuğğğuuu...(Z.Xəlil).

Təqlidi sözlərin bədii ədəbiyyatda işlədilməsinin müxtəlif üslubi məqam və funksiyaları var. Üslubi məqamlardan biri təqlidi sözlərin omonimlik və ya sinonimlik xüsusiyyətinə malik olmasıdır. Məlumdur ki, həyatdakı səslər nə qədər müxtəlif, rəngarəng olsalar da, onlar ümumi ifadə olunmada çox zaman eyni fonetik tərkibdə verilirlər. Məsələn: Zurna çaldı ağacdələn Tuk-tuk, tuk-tuk...(M.Əliyev); Qatar yola düşüb gəlir: Tuk-tuk! Tuk-tuk!..(N.Süleymanov); Dayanmadı dinc Dəmirbaş çəkic. Ağır başını mismara vurdu: Tuk, tuk, tuk! ( T.Elçin); Addımladı yavaş-yavaş: Tıq-tıq, tıq-tıq, tıq...(X.Əlibəyli); Tıq-tıq –Tıq-tıq-tıq!...Yenə qapını bərk-bərk döyürlər. -Tıq-tıq –Tıq-tıq-tıq!..(T.Elçin); Quş oxuyurdu: -Din-dan, din-dan (M.Əliyev); Səhər məni oyat sən! Din, dan! Din, dan!(T.Elçin); Ötürdü zindan...—Din-dan, din-dan(M.Əliyev);

Göründüyü kimi, ilk üç cümlədə “tuk” təqlidi sözün hər biri ayrı-ayrı həyat faktları ilə bağlı səsləri ifadə edir; birinci cümlədə ağacdələnin ağacı dəlməsini, ikinci cümlədə qatarın yolda hərəkətinin səsini, üçüncü cümlədə isə çəkicin mismara dəyərkən çıxardığı səsi ifadə edir. Sonrakı iki cümlədə də buna uyğun vəziyyəti müşahidə edirik; dördüncü cümlədə “tıq” təqlidi sözü addım səsini, beşinci cümlədə qapının döyülməsini, nəhayət, sonuncu iki cümlədə “din” və “dan” təqlidi sözləri bir yerdə çıxış edərək altıncı cümlədə quşun oxuma səsini, yeddinci cümlədə isə zindana vurulan çəkicin səsini ifadə edir.

Təqlidi sözlərin bu cür omonimliyə malik olması, bir tərəfdən, reallıqdakı səslərin bir-birinə çox yaxın olması və sözlər şəklində səslənməni fonetik tərkibə görə bu müxtəlifliyin ifadə edilə bilməməsi, digər tərəfdən, hər bir yazıçının, şairin fakta fərqli yanaşması, məqsəd və situasiya ilə bağlıdır. Eyni təqlidi sözün müxtəlif səslənməni ifadə etməsini İ.Q.Ruzin polivalent onomatop adlandıdırır (13, 14). Təqlidi sözlərdə bu faktı digər dilçilər də qeyd etmişlər (1, 2, 3).

Təqlidi sözlərin sinonimliyi də diqqəti çəkən faktlardandır. Sözsüz ki, eyni faktla bağlı səslənmə də eyni cür olur, lakin eyni səciyyəli müxtəlif situasiyalı hadisələr eyni səslə verildiyi kimi, müxtəlif fonetik variantlarda da verilə bilər. Yazıçı bəzən məqsədindən asılı olaraq, eyni hadisəni bir-birinə yaxın, lakin müəyyən fərqli səslənmə ilə verir. Məsələn: Üçüncü qarğa gəldi: Qarr, qarr, qarr (M.Əliyev); Qarğalar qırhaqır edir qır-qır(S.Qənizadə); Birdən elə bilərlər—“Qurr-qurr” eyləyən mənəm (H.Ziya); İncimə ha, kvak, kvak, kvak (M.Rzaquluzdə); Körpəm, qurbağa balam...Vğa, vğa, vğa, vğa(T.Elçin); Cırcırama qurbağaya : “Cəh-cəh”ə bənzədələr “vağ-vağ”ını(H.Ziya); Tarap-turup atlılar(“Tıq-tıq xanım” nağılı); Dəymiş tutlar tarap-turup qumun üstünə töküldü(Ə.Babayeva); Çəkdim tətiyi: Ta...ta...ta... ta... (H.Ziya); “Danq-daranq!” güllə atdım(X.Əlibəyli); Tüfəng açıldı: pax-pax.(T.Elçin)

İlk üç cümlədə “qar”, “qır”, “qur” təqlidi sözləri qarğanın səsi üçün, sonrakı üç cümlədə “kvak”, “vğa”, “vağ” təqlidi sözləri qurbağanın səsi üçün, yeddinci cümlədəki “ta”, səkkizinci cümlədəki “danq-daranq”, doqquzuncu cümlədəki “pax” təqlidi sözləri isə güllə səslərini ifadə edir.

Lakin burada bir məsələyə də toxunmaq lazım gəlir. Əsərdə bəzən eyni faktla əlaqələnən müxtəlif təqlidi sözlərə rast gəlirik, lakin onları həmişə sinonim hesab etmək olmaz. Misala baxaq: Qu...qu...quuu! Qatar da xalanı Bakıya gətirəcək.(N.Süleymanov)

Bu cümlədəki “qu” təqlidi sözü qatarla əlaqəli olsa da, bir az əvvəldə verdiyimiz “tuk-tuk” qatar səsi ilə sinonim deyil, ona görə ki, bunlar qatarla bağlı olan, lakin ayrı-ayrı faktları ifadə edən səslərdir; belə ki, “qu” sözü qatarın fit səsini, “tıq-tıq” isə qatarın təkərlərinin səsini ifadə edir.

Bütün bu göstərilən təqlidi sözlər dildə işlədilən və lüğətlərə daxil olan sözlərdir. Uşaq ədəbiyyatında yazıçılar tərəfindən yaradılan elə fərdi təqlidi sözlərə rast gəlmək olur ki, onlar okkazional təqlidi sözlər adlanırlar. Belə təqlidi sözlərdə ayrı-ayrı sait və samitlər təkrar olunaraq, diffuz səslərə bənzər səs birləşməsi yaradırlar. Müəyyən üslubi məqsədlə, yazıçılar emosional təsiri gücləndirmək üçün belə səs birləşmələrindən istifadə edirlər. Məsələn:



Nərgiz nənə “piş-piş” deyib Qaracanı səsləmək istədi, amma “piş-piş” əvəzinə dodaqları arasından s...s...fs...fs...səsləri çıxdı(Ə.Babayeva); Qədir nərə çəkirdi:-Drrrırrrı.(Z.Xəlil); Qədirin ağzından hayqırtıya oxşayan dəhşətli səs çıxırdı:-Hıxxx. Fısss.(Z.Xəlil); Qaz tükü kəpənəyin sualına cavab vermək əvəzinə onu qorxutdu :-Vvuuu....Bu saat sənə göstərərəm! Vvvuuu... (Z.Xəlil); Yox, bu zarıltıdan çox ayağına bıçaq batmış pələngin nəriltisinə oxşayırdı: -Aaauuğuğğu (Z.Xəlil); Yanğınsöndürən bərkdən qışqırdı. -Uuğğuuğğuuğğuu! (Z.Xəlil); Bir azdan bu zarıltı adamları dəhşətə gətirən uğultuya, sonra isə tank səsinə çevrildi.-Jjjjııı.(Z.Xəlil); Tək səbir tapança kimi açılırdı: -Həptsiiii!(Z.Xəlil)

Səstəqlidi leksikanın bədii ədəbiyyatda işlənməsi göstərir ki, onun üçün aqlomeratların –nisbətən kiçik mətndə ümumi fikirlə birləşən səstəqlidi vahidlərin işlənməsi xarakterikdir (15,12). Qoroxova L.A. ingilis dilində sadə və tərkibi, homogen və geterogen aqlomeratlar ayırır (15,13). Homogen aqlomeratlar mətndə eyniköklü səstəqlidi sözlərin, geterogen aqlomeratlar müxtəlif kökə malik səstəqlidi sözlərin işlənməsidir. Müxtəlif üslubi məqsədlərlə hər iki növ aqlomerat təqlidi sözlərdən Azərbaycan uşaq ədəbiyyatında istifadə olunur . Homogen aqlomerat təqlidi sözlərdə həm təqlidi söz, həm də ondan düzələn nitq hissəsi eyni mətn parçasında işlədilir. Məsələn: Xoruldayır ev sahibi//Xorr, xorr, xorr, xorr (X.Əlibəyli); Bir gün gördüm tüklü ayı...//Mağarada xor-xor yatır//Xorultusu göyə çatır ( Z.Xəlil); Bir qəfəsdə Tosqun qəssab pişiyitək//Kök bir aslan Xor-xor yatır, xoruldayır. ( M.Rzaquluzadə)

Misallardan göründüyü kimi, “xorr” təqlidi sözü iki cür sözlə əlaqəyə girib işlənir; birinci halda nominativ xarakterli sözlə(xor-xor yatır). Ikinci halda həmin təqlidi sözün özündən morfoloji yolla yaranmış fel və ya isimlə(xor-xor xoruldayır; xorultusu xor-xor). İkinci halda emosional-ekspressiv çalar daha qüvvətli şəkildə təzahür edir. Qeyd etmək lazımdır ki, bu cür işlənmə digər vahidlərdə də, o cümlədən obraz təqlidi sözlərdə özünü göstərir: işım-işım işıldamaq.

Dilçiliyimizdə daxili obyektli feillərdən bəhs edilir. Həmin vahidlər də məhz bu yolla meydana çıxır: ov ovlamaq, quş quşlamaq və s. Bu ifadələrin formalaşması bir sözün müxtəlif sözlər şəklində təkrarlanması ilə bağlıdır. Deməli, bu cür ifadələrin formalaşması ümumdil hadisəsidir.

Homogen aqlomerat təqlidi sözlərə nisbətən geterogen aqlomerat təqlidi sözlər, müxtəlif kökə malik təqlidi sözlər eyni üslubi məqsədlə istifadə olunur və daha çox rast gəlinir. Bu tip aqlomeratlardan istifadə xüsusən qafiyə yaratmaq məqamında işlədilir. Məsələn:

Qarğalar qırhaqır edir qır-qır,

Qırğılar qıyhaqıy uçur pır-pır...( S.Qənizadə);

Daşları yuvarlayırdı.

Gurup!...Gurup!..

Tavandan qurğuşun kimi damlalar

Düşdü tırıp, tırıp!...( M.Dilbazi);

Çaxmağı çəkdi Çax-çax,

Tüfəng açıldı:pax-pax.( T.Elçin)

Lakin bu tip aqlomeratların yaradılması həmişə qafiyə ilə bağlı olmur. Belə ki, həm şeir, həm də nəsr parçasında-kiçik mətn içərisində real faktı vermək, obrazlı-emosional ifadə tərzinə nail olmaq üçün müxtəlif məqamlarda işlədilən aqlomeratlara da rast gəlmək olur. Məsələn:



Oxudu birdən tütək- Tril-trül...

Qarıldadı qarğalar- Qarr-qarr!

Səs saldı qurbağalar- Qurr-qurr!

Şırşır çaydan gəldi səs- Bul-bul!...( T.Elçin);

Xoruz açıb ağzını:

Quq-qulu-qu” eyləyir...



Toyuq hindən çıxaraq,

Haray salır “Qaq-qaq-qaq...”

Cücə “cib-cib” edəndə

Tez yanına qaçmışam.

Qaz qaçsa gölə sarı

Pıçıldayır:”Ğa-ğa-ğa...”.

Hindtoyuğu hirslənib

Söyləyir:”Qılo-qılo...”

Bağçamızda bülbülün

Səsi gələndə “Cəh-cəh...”( H.Ziya);

Talvarın böyründəki su çəlləyinin tənəkə qapağına düşən dəyirmi buz parçaları dam-dam-dam-daranq səslənirdi, dolu yaş otların üstünə düşəndə isə başqa səs çıxarırdı:tap-tap-tap. Pətəklərin üstünə düşəndə lap ayrı səs gəlirdi: taraq-turaq, taraq-turaq.( Ə.Babayeva)

Təqlidi sözlərlə bağlı diqqəti cəlb edən fonetik üslubi vasitələrdən biri onların vasitəli təqlidlə verilməsidir.”Vasitəli təqlid o deməkdir ki, obyektiv aləmə məxsus səslər müxtəlif sözlərdəki eyni səslərin və ya səs birləşmələrinin alliterasiyası vasitəsilə yaradılır”(11,57). Vasitəli təqlid şeirdə “məna ilə səslənmə arasında” ahəngdarlığın təmin edilməsinin (9,55) ən mühüm üslubi vasitələrindən biridir. Vasitəli təqlidi yazıda qrafik olaraq əks etdirmək üçün şair və yazıçılar qrafondan istifadə edirlər. L.L. Yemelyanova qrafonu fonoloji səthin assosiativ üslubi vasitəsi hesab edir ki, bu, orfoqrafik normanın pozulması ilə reallaşır ( 16,3). Vasitəli təqlidi sözlərdə daha çox okkazional qrafondan istifadə olunur. Sözləri hecalara bölmək, ayrı-ayrı səsləri fərqləndirmək, müəyyən səsləri uzatmaq və ya təkrarlamaq belə üsullardandır (11,59). Vasitəli təqlid iki yolla formalaşır: 1. Saitlərin dəyişməsi. 2.Samitlərin dəyişməsi.

Saitlərin dəyişməsində nəzərə çarpan cəhət müəyyən səsləri ifadə etmək üçün onların uzanmasıdır. Bu uzanma saitlərin təkrarı şəklində verilir. Bu yolla leksik mənaya malik sözlər səstəqlidi sözlərə bənzədilir. Məsələn: Heç adamın da başına torpaq atarlar, axı, ağzım-burnum doldu...u...u (Həbibə); Torpaq həsrəti daha da yandırdı qaratoyuğu.-Haradasan, torpaaaq?! Səs gəldi:-Ha!...ha!...ha!... (N.Süleymanov); Çəpiş bacı da ona...//Yalvarıb-yaxarardı: -Mə...mə...//Ay dəcəl, mə...mə...//Bəsdir, tərslik eləmə...ə...ə...(M.Rzaquluzadə); Gəldi qaça-qaça,// Mələyərək: -Mə-ə! Mə-ə!//Doymamışam, Süd verin mə-nə!(T.Elçin); Çox susamışdı cücə: -Cib-cib...//Getdi arxdan su içə:-Cib-cib-cib...//Hoppandı qorxa-qorxa -Cib-cib-cib-cib,//Birdən yıxıldı arxa: Ci-i-i-i-ib, -Ci-i-i-i-ib!...(M.Rzaquluzadə); Dağ mindi vaqona, bir də qoz;//-Do-do-doo... Tərpəndi parovoz (M.Əliyev); Balaca dağkeçisi yerə baxa-baxa , ağlamsınmış dedi:-Məəən, o yana getmək istəyirdim (N.Süleymanov); İnad keçi yorğun üzünü ovçunun ətəyinə sürtüb yazıq-yazıq mələdi:- Məə...ə...evimizi istəyirəm...əm (Ə.Babayeva); “Mə-mə-mə-mə-mə-ə-ən Çəpiş deyiləm, quşam, Bir görün necə Bir budağa qonmuşam ( M.Rzaquluzadə).

Vasitəli təqliddə samitlərin təkrar işlənməsi nəticəsində müəyyən sözlər müvafiq təqlidi sözlərə bənzədilir ki, bu da təsvir olunan hadisənin emosionallığını artırır, səslərin müəyyən heyvanlara, quşlara məxsus olduğu ilə bərabər ayrı-ayrı sözləri də ifadə etdiyini üzə çıxardır. Məsələn: Quşlar oxuduqca elə bil kamanın nazik teli səslənirdi: -Mən yuva qurmaq istəyirəm, qur...maq, bala uçurmaq...Sonra elə bil dəfin qumrovları cingildədi:-Bizzz ...də...Bizzz də...Uçççmaq istətirik. Göyərçin bütün günü ona dedi:-Yuvanı orda qurrrma! Qurrrma! Bildirçin sözə qarışdı:-Bu budaq yuva saxlamazzz! Saxlamazzz! (M.Dilbazi); Qurbağalar çıxıb sudan//Bir ağızdan bağırdılar//Dur, məclisi quruda qurr!//Quruda qurrr! (M.Dilbazi); Gördü bura gözəldi//Üçüncü qarğa gəldi//-Qarr, qarr, qarr!//Yerr varr? -Varr...varr! (M.Əliyev); Göyərçin uçub uca bir dağın təpəsinə qondu...-Amandır...r....r...r...Mənə hirslənməyin, mən ağ göyərçinəm (M.Dilbazi).

Bəzən müəlliflər emosional-ekspressiv təsiri gücləndirmək üçün vasitəsiz və vasitəli təqlidi eyni mətndə işlədir. Məsələn: İncimə ha, kvak, kvak, kvak... Nəğmələrin qurrudurrr...( M.Rzaquluzadə); Bir quş qondu bağçaya,//Ucaltdı şən səsini,//Oxudu nəğməsini://Tut-bit, tut-bit//İyulda gəldi o quş//Oxudu nəğməsini:// Tut-yox, tut yox(Z.Xəlil); Vaxtı gələndə //o zəng çalacaq//-Vaxtdır-r-r! Dur-r-r!Dur-r-r!//Hər saat sənə//Deyir ucadan://Dan,dan, dan!(M.Rzaquluzadə); Sərçələr tirdən aşdı//Birbaş dənə daraşdı.//Cik-cirik, saf-çürük/(X.Əlibəyli); İki hindtoyuğu çoxdan tanışdı//Zəngləşib o ki var danışardılar://-Alo!...Qlo-qlo!.. Aloo!... Qlo-qlo!...(H.Ziya)

Vasitəli təqlidin bir növü də sözləri hecalara bölərək işlətməkdir. “Çox nöqtələrdən, hecalara bölməkdən məharətlə istifadə əşya və hadisələri qabarıq şəkildə nəzərə çarpdırmaq məqsədi güdür (11, 16) Bu cür işlənən sözlər şeirin ritmliyini artıırır. Məsələn: Sonra ikinci qarğa//Qondu cevizə qar-rğa!( M.Əliyev)

Təqlidi sözlərə daxil olan söz qruplarından biri də “ritmik” sözlərdir. Bu sözlər mənadan məhrum olaraq səs kompleksləri ilə müşaiyət olunaraq ritmliyi artırmağa xidmət edir. Ritmik sözlər barədə Azərbaycan dilçiliyində ilk dəfə məlumat verən M.Adilov qeyd edir ki, təkrarlanan məzmunsuz-mənasız səs kompleksləri heç bir məna bildirmədiyi üçündür ki, onları istənilən misraya, cümləyə bağlamaq mümkün olur. Semantikadan məhrum olan belə tərkibləri istənilən tərəfə çəkmək mümkündür . Bəzən əslində mənalı dil vahidləri də ritm vəzifəsi daşıyır, ritm üçün işlənir. Bu zaman sözün mənası deyil, ritmik funksiyası , (yəni sırf xarici əlaməti) əsas götürülür və buna görə də bunları “ritmik sözlər” adlandırmaq olar (17, 505-506). Ritmik sözlər barədə A.Qurbanovun da fikirləri maraqlıdır. O, qoşa sözlərdə ikinci tərəfinin bəzən mənasız sözlərdən təşkil olunduğunu nəzərə alıb, belə sözləri şərti olaraq ritmik sözlər adlandırır (18, 74). Bədii ədəbiyyatda belə ritmik sözlərə rast gəlmək olur. Məsələn: Daldada yazdığıma “dambadaramdır” dedilər//Bu səbəbdən də mənə “yaxşı adamdır”-dedilər ( R.Əhmədzadə); Qaçay balam qapqaradı//Ay duduy, duduy, duduy,//Vay duduy, duduy, duduy.(C.Zeynalov); Dənçidən tülkü etdi xan Xəlili//Nay-nanay...lal lalay...lili lili...(S.Qənizadə); Arvad genə dınqır-dınqır eləyir(N.Vəzirov); Nağaramı vurum, vurum, Dum-ba-du-rum, dum-ba-du-rum! (X.Əlibəyli);

Müxtəlif uşaq sanamalarında da belə ritmik sözlər işlənir. Məsələn: Əl,əl, əpənəy,//Əldən çıxdı kəpənəy...;//Molla, molla moduna //Molla getdi oduna;//Ülüm-ülüm üyüldüy,//Torbalara düzüldüy//Las, lus, inqila, ivan, vıs.(Ağbaba folkloru).

Təbiət hadisələri qədər də təqlidi sözlər zəngin və rəngarəngdir. Lakin onların omonimliyi, sinonimliyi və antonimliyi dil kateqoriyaları ilə müəyyənləşir və bunlar bədii ədəbiyyatda yalnız informativlik üçün deyil, habelə obrazlı-emosional ifadə üçün istifadə olunur. Bu baxımdan təqlidi sözlərin tədqiqi böyük əhəmiyyət kəsb edir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə