Tərbiyə işi: məktəb, ailə, ictimaiyyət




Yüklə 10.82 Kb.
tarix25.04.2016
ölçüsü10.82 Kb.
Tərbiyə işi: məktəb, ailə, ictimaiyyət

Çoxəsrlik bəşər tarixi sübut etmişdir ki, cəmiyyətin sürətli inkişafını təmin edən amillər içərisində ən önəmlisi tərbiyədir: düzgün qoyulmuş tərbiyə inkişafa böyük təkan verdiyi kimi, əksinə, səhv tərbiyə geriliyin əsas səbəbinə çevrilir. II Dünya müharibəsindən sonrakı proseslər,məğlub Almaniya və Yaponiyanın, qalib SSRİ-nin sonrakı taleləri buna əyani sübutdur.

Üçüncü minillikdə sivilizasiya çoxsaylı ictimai və təbiət xarakterli kataklizmlər və fəlakətlərlə rastlaşır və bu şəraitdə bəşəriyyət özünün gələcək inkişaf yolunu müəyyənləşdirmək məcburiyyətindədir. Bu istiqamətlər içərisində ən zəruri və əlverişli olanı təhsil və tərbiyə sayılmalıdır, çünki bu sahə milyarddan çox şagirdi və 50 milyondan çox müəllimi əhatə edir. Həmçinin isbat olunmuşdur ki, ən əlverişli investisiya insan yetişdirilməsi üçün yönəldilən investisiya sayılır.

İnsanın bir şəxsiyyət kimi formalaşması, onun mənəvi-əxlaqi dəyərlər sisteminin təşəkkül tapması təhsillə bağlıdır.

Müəllim şəxsiyyəti, nüfuzu, əxlaqı cəmiyyət üçün nümunə olmalıdır. Bir vaxtlar ən yüksən təhsil qabiliyyətinə malik olan əlaçı, medalçı gənclərimiz müəllim ixtisasına yiyələnərək gənc nəslin tərbiyəsi ilə məşğul olurdular. Bu gün ölkəmizdə tanınan görkəmli alim və ziyalıların mövcudluğuna görə xalqımız Mustafa Topçubaşov, Əziz Əliyev, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Mirəli Axundov, Qara Mustafayev kimi tanınmış alim-pedaqoqlara minnətdar olmalıdır.

Əfsuslar olsun ki, bu sahədə ölkədəki mənzərə heç də ürəkaçan deyil: 250-300 balla pedaqoji ali təhsil müəssisələrinə qəbul olunan gənclərin gələcəkdə müəllim kimi fəaliyyətinin nəticəsini qabaqcadan proqnozlaşdırmaq çətin deyil – ölkələr və millətlər arasında gedən bu gərgin yarışda belə kadrlarla qələbə qazanmaq müşkül görünür.

“Dövlət bir binadırsa, onun təməli təhsil və tərbiyədir” fikri özünü həmişə doğruldur. SSRİ-də süni peykin kosmosa buraxılması ilə əlaqədar amerikanlar çox narahat olmuş, “millət təhlükədədir: məktəb islahatı zəruridir” fikrini irəli sürmüş və təhsilə qoyulan xərcləri kəskin artırmışdır, nəticə isə göz qabağındadır.

Ulu öndərimizin müdrik siyasəti nəticəsində imzalanan neft-qaz kontraktları ölkəmizin maddi imkanlarının kəskin artmasına şərait yaratdı: ölkədə çox böyük quruculuq, abadlıq işləri görülür. Amma bilməliyik ki, təbii sərvətlərimiz təkənməz deyil.

Məlumdur ki, hər bir ailənin ən böyük nailiyyəti yaxşı təhsil və tərbiyə almış sağlam övlad böyütməkdir. Dövlət və millət üçün də bu şərt keçərlidir - ən böyük sərvətimiz yüksək intellektə və tərbiyəyə yiyələnmiş sağlam vətəndaşlarımızdır. Bizim gələcəyimiz təhsillə bağlıdır. Elə bir təhsil ki, onun nəticəsi Nobel mükafatçıları, yəni texnologiyaların, ən müasir elmi kəşflərin ixtiraçıları olsun. Bütün bunların kökündə isə gözəl əxlaqlı, həssas, mədəni, vətənpərvər insan dayanır. Təhsilin nəticəsi bu olmalıdır. Belə vətəndaşların yetişdiyi ölkə dünyanın ən nüfuzlu, cəlbedici və qüdrətli ölkəsi olacaqdır. Mən inanıram ki, Azərbaycan istər insan, istərsə də maddi resurslar cəhətdən buna qadirdir.

Böyük mütəfəkkir M.F.Axundovun Yusif Sərracın dili ilə söylədiyi sözlər unudulmamalıdır və bu gün də yerinə düşür: “Hakimi vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar, yəqin bilsinlər ki, bu növ hərəkət axırda onların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur”.

“Dünyada yalnız bir problem var, tək bir problem – mənəvi məzmunu və mənəvi qayğıları insanlara qaytarmaq!” – deyən Antuan de Sent-Ekzüperi necə də haqlıdır.

Yalnız sağlam mənəviyyat dünyanı xilas edə bilər – sağlam mənəviyyatın əsasları isə təhsillə bağlıdır.


Ədəbiyyat

  1. A.Mirzəcanzadə “Yaradıcılıq haqqında düşüncələr” Bakı, “Yazıçı” 1984

  2. İ.P.Podlasıy “Pedaqogika” , Moskva “Vlados” 2003

  3. V.A.Sitarov “Didaktika” Moskva “Akademia” 2002

  4. M.F.Axundov “Aldanmış kəvakib”

  5. V.S.Kukuşkin “teoriya i metodika Vospitatelnoy rabotı” Rostov-Don” mart

2002.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə