Tələbə: Tapdıqlı Yusif Kafedra müdürü: prof.Ş. Hacıyev Elmi rəhbər: dos. M. Quliyev




Yüklə 174.98 Kb.
tarix23.04.2016
ölçüsü174.98 Kb.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Kurs işi


Fakültə:Beynəlxalq iqtisadi münasibətlər

Kurs:III

Qrup:870

Tələbə:Tapdıqlı Yusif

Kafedra müdürü: prof.Ş.Hacıyev

Elmi rəhbər:dos.M.Quliyev

Mövzu:Afrika regionu ölkələri


Bakı-2009

Plan;

  1. Afrika regionu ölkələrinin iqtisadiyyatının ümumi xarakteristikası

  2. Afrika ölkələrinin əsas sosial-iqtisadi inkişaf xüsusiyyətləri

  3. Region ölkələrinin iqtisadiyyatının sahəvi quruluşu

  4. Afrika ölkələrində demoqrafik inkişafın vəziyyəti

  5. Afrika ölkələrinin xarici iqtisadi əlaqələrinin vəziyyəti


Giriş

Biz bilirik ki, dünya ölkələri iqtisadi inkişaf səviyyəsinə görə 2 böyük yarımqrupa ayrılır: İnkişaf etmiş ölkələr (İEÖ) və İnkişaf etməkdə olan ölkələr (İEOÖ). Bu iki yarımqrupun hər birinin özünəməxsus xüsusiyyətləri, inkişaf modelləri, iqtisadi göstəriciləri və s. var. Ancaq mənim işləyəcəyim mövzu olan Afrika regionu özü İEOÖ-lər sırasına aid olduğundan, həm də bu ölkələr içərisində belə ən geridə qalan region olduğuna görə mən məhz İEOÖ-lər haqqında qısaca ümumi giriş vermək istəyirəm.

İEOÖ anlayışı BMT-də ilk dəfə olaraq İklinci Dünya Müharibəsindən sonra meydana gəlmişdir.Bu termin müstəmləkə sisteminin süqutundan və yeni müstəqil dövlətlərin meydana gəlməsindən sonra daha geniş istifadə edilməyə başladı.1960-cı illərdən başlayaraq keçmiş müstəmləkələrin və asılı ərazilərin, indiki inkişaf etməkdə olan ölkələrin (onları “azad olmuş ölkələr”, “üçüncü dünya ölkələri”, “Cənub ölkələri”, “Əyalət ölkələri” də adlandırırlar) dünya təsərrüfatında yeri və əhəmiyyəti güclənmişdir.

İnkişaf etməkdə olan ölkələrin ümumi cəhətləri və xüsusiyyətləri sırasına aşağıdakıları aid etmək olar:



  1. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının çoxukladlı xarakteri.

  2. Məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi, sənayenin, kənd təsərrüfatının və sosial infrastrukturun geridə qalması (yeni sənaye ölkələri və digərləri istisna olmaqla).

  3. Dünya təsərrüfatı sistemində asılı vəziyyət. Kapitalizmin əyalət xarakteri.

Əksər inkişaf etməkdə olan ölkələrin ümumi cəhətləri:yoxsulluq, əhali çoxluğu, işsizliyin yüksək səviyyəsi, inkişaf etmiş ölkələrə olan borcun yüksək səviyyəsidir.İEOÖ-in əksəriyyəti öz sosial inkişaflarında və əhalinin həyat səviyyəsində İEÖ-dən 20-50dəfə geri qalırlar.

İEOÖ-in geriliyini şərtləndirən amillərdən biri də onların Qərbin inkişaf etmiş dövlətlərindən asılı olmalarıdır. Məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi, geridə qalmış sosial-iqtisadi struktur, ənənəvi aqrar-xammal ixtisaslaşması inkişaf etməkdə olan ölkələrin Qərb ölkələrinə xarici iqtisadi orientasiyasını müəyyən etmişdir.

Bu ölkələr sırasında ən geridə qalmış region məhz Afrika regionudur. Bunu əsas səbəbi qitənin əksər dövlətlərinin uzun illər boyu müstəmləkə olması, və müstəmləkəçi ölkələr tərəfindən talanmasıdır. Müstəmləkədən azad olmuş Afrika ölkələrinin iqtisadiyyatı hələ də keçmiş müstəmləkəçilərin iqtisadiyyatından asılıdır. Çünki, onların əsas ixrac ölkələri məhz bu müstəmləkəçilərdir. Və orda tələbin dəyişməsi dərhal özünü Afrika ölkələrinin iqtisadiyyatında göstərir. Bu asılılığı aradan qaldırmaq üçün iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək, yeni emal sənayesi müəssisələri inşa etmək, k/t-nın intensiv inkişafını təmin etmək lazımdır. Bu isə külli miqdarda kapital tələb edir. Bu kapitalı isə qitəyə cəlb etmək üçün İEÖ-lər qarşısında bir sıra öhdəliklər götürmək lazımdır ki, bu da yenidən asılılıq deməkdir.Buna bir sıra ədəbiyyatlarda “lənətlənmiş asılılıq dairəsi” deyirlər.

Hər şeyə rəğmən Afrikanın özünün də zəif də olsa bir iqtisadi sistemi, inkişaf meylləri vardır ki, bununla da daha əhatəli tanış olmaq üçün plan üzrə növbəti sualları izləmək kifayətdir.



1. Afrika 55-ə qədər müstəqil dövləti özündə birləşdirir.Bu ölkələrin əksəriyyəti 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində müstəqillik əldə edə bilmişlər.Həmin dövrədək Afrika müstəmləkə materiki adlanırdı.Demək olar ki, bütün Afrika dövlətləri Böyük Britaniya, Fransa, Portuqaliya, İtaliya, İspaniya və Belçikanın müstəmləkəsi kimi mövcud idilər. XXΙ əsrin əvvəllərinə yalnız Qərbi Saxara tam müstəqillik statusu ala bilməmişdir. 1976-cı ildə İspaniya həmin ölkədən öz qoşunlarını çıxardıqdan sonra xalq cəbhəsinin mübarizəsi nəticəsində Saxara Ərəb Demokratik Republikası yaradılmışdır (bu respublika bir neçə ölkə tərəfindən tanınmışdır). Deməli,onlar müasir dünyaya müstəmləkə yükü, zəif milli iqtisadiyyat, dünya bazarına çıxışda aqrar-xammal ixtisaslaşması ilə daxil olmuşlar. Ona görə də dünya təsərrüfatı ilə inteqrasiyada o qədər də sadə olmayan vəzifələr yerinə yetirməli olurlar. Afrika dünyanın böyük regionları içərisində ərazisinə və ahalinin sayina gorə (754 mln. nəfər) ikinci yeri tutduğu halda, ÜDM-in həcminə görə axırıncı yerlərdən birini tutur.

Afrikanın bütün ölkələri,CAR-dan başqa inkişaf etməkdə olan ölkələr sırasına daxildirlər.Bunların da 33-ü daha az inkişaf etmiş ölkə hesab edilirlər.

Müəyyən təsnifata görə Afrika dövlətlərinin 48-i tropik Afrika adlanır.Bu ölkələr Saxara səhrasının cənubunda yerləşirlər.

İdarəçilik formalarına görə Afrika dövlətlərinin əksəriyyəti (46) prezident respublikası idarəçiliyinə aiddirlər.Burada parlament respublikası çox azdır.Monarxiya idarəçiliyi ancaq Mərakeş, Lesoto və Svazilenddə mövcuddur.Bu ölkələrdə dövlət başçısı kraldır.

İnzibati-ərazi quruluşuna görə Afrika dövlətlərinin çoxu unitar dövlət hesab edilirlər.Burada cəmisi dörd federativ dövlət mövcuddur : CAR-9 əyaləti, Nigeriya-30 ştatı, Komor adaları 4 ada qrupunu özündə birləşdirir(Komor adaları Federativ İslam Respublikası)

Eləcə də 1994-cü ildən Həbəşistan da (9 ştatı birləşdirir) Federativ dövlət adlanır.Onu da qeyd etmək lazımdır ki, burada respublika idarəçiliyi başqa ölkələrdə olduğu kimi heç də müfafiq prinsiplərə tam cavab vermir.Bir çox səbəblər üzündən (iqtisadi gerilik,feodalizmin və kapitalizmin qalıqları,əhalinin mədəni səviyyəsinin aşağı olması, iki sistemin mövcud olması və bu ölkələrin bir çoxunda sosialist istehsal üsulunun istiqamət göterməsi və s.) bu ölkələrdə diktatorluq, avtoritar rejim psixologiyası özünü göstərir.

Afrika dövlətləri bir çox ümumi cəhətləri ilə yanaşı kəskin təbii, tarixi, etnik, sosial-iqtisadi fərqləndirici cəhətlərə də malikdirlər.

Ən ümumi şəkildə ilk növbədə Şimali və Tropik Afrika kimi bölgü aparılır.Burada Tropik Afrika daha geridə qalmış ölkələri əks etdirir.İnkişaf etməkdə olan ölkələrdən 47-48 ölkə daha kasıb hesab edilir.Bunların da 28-i Tropik Afrikanın payına düşür.15 ölkənin dənizə çıxışı yoxdur (əlbəttə bu da məyyən çatışmazlıqlar yaradır).

Bunlarla yanaşı ərazi baxımından Afrika 5 bölgəyə ayrılır: Şimali, Cənubi, Qərbi, Mərkəzi və Şərqi Afrika.

1.Şimali Afrikanın Atlantik okeanına, Aralıq dənizi və Qırmızı dənizə çıxışı vardır. Odur ki, bu ərazinin Avropa və Asiya ilə əlaqələri genişdir.Bu ölkələrin kənd təsərrüfatı pambıq, zeytun, Sitrus bitkiləri, üzümçülük üzrə ixtisaslaşmışdır.Sənayedə mineral xamalların çıxarılması və emalı əsas götürülür. Çox əvvəllərdən duz çıxarılır.Daş kömür, dəmir filizi, mis, sink, volfram, nadir metallar, uran, fosforitlər çıxarılması üzrə kəşfiyyat işləri genişlənmişdir.

Neft-qaz mədənləri bu bölgənin simasını dəyişmişdir.Geoloji işlər Əlcəzairdə, Misirdə, və Sudanda çox geniş aparılır.Livan və Əlcəzair beynəlxalq əmək bölgüsündə neft istehsalına görə, Əlcəzair qaz üzrə, Mərakeş və Tunis fosforitlər üzrə fərqlənirlər.Bu bölgə demək olar ki, quraqlıq ərazidir.Nil çayı şimali Afrika xalqları üçün böyük əhəmiyyət kəsb edir.Ekvatorial Afrikadan başlamış Sudan və Misirdən keçərək Aralıq dənizinə töküldüyü yerdə delta əmələ gətirmişdir.Saxara səhrasında zəngin yeraltı sulardan da istifadə edilir.

Ərazidaxili əlaqələr o qədər də geniş inkişaf etdirilməmişdir.Daxili əmtəə dövriyyəsi cəmi ticarət dövriyyəsinin 10%-dən artıq deyildir.Əlcəzair, Tunis, Mərakeş və Livan arasındakı Maqrib (qərb) və Misir ilə Suriya arasındakı birlikdə müsbət nəticə verə bilməmişdir.

Əksər dövlətlər çoxukladlı təsərrüfata malikdirlər.Şimali Afrika xalqları əsasən ərəbdillidirlər.Zəngin mədəni irsə, sənətkarlıq ənənələrinə, suvarma torpaqlarına, köçəri heyvandarlığa malikdirlər.Bəzən Şimali Afrikanı Maqrib1 adlandırırlar.Şimali Afrika 8,5 mln.kv.km ərazini və 200,0 mln nəfər əhalini birlədirir.
Şimali Afrika ölkələrinin bəzi iqtisadi göstəriciləri (2005)


Ölkələr


Ərazisi mln.km2

Əhalisi mln. nəfər

Cəmi ÜDM, mlrd.dol.

1

Əlcəzair

2382

32,5

102,0

2

Misir

1002

77,5

89,5

3

Qərbi Saxara

266

0,256

-

4

Liviya

1760

5,8

38,7

5

Mərakeş

447

32,8

51,6

6

Sudan

2506

40,2

27,5

7

Tunis

164

10,1

28,7




Cəmi

8527

199,0

338,0

2.Cənubi Afrika-bu qitənin cənub hissəsini tutur. Avropa, Amerika və Asiyadan daha aralıdadır.5 ölkəni özündə birləşdirir.Ərazisi 2574,4 min kv.km, əhalisi təqribən 51 mln. nəfərdir.

Bu yarımqrupda da kənd təsərrüfatı və hasilat sənayesi üstünlük təşkil edir.Əsas faydalı qazıntıları – almaz, qızıl, platin, xromitlər, dəmir filizi və marqansdan ibarətdir.Əsas ixrac hasilat sənayesi məhsulları isə kənd təsərrüfatı məhsullarından ibarətdir.Bu bölgəyə olan cəmi xarici kapital 28 mlrd. dollar təşkil edir.

Bu ərazinin əsasını CAR təşkil edir.Bu qitədə CAR yeganə dövlətdir ki, yeni sənaye ölkəsi kimi inkişaf edərək inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına daxil olmuşdur.CAR 1961-ci ildə Britaniya müstəmləkəçiliyindən azad olmuş və müstəqillik əldə etmişdir.Faydlı qazıntı ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindəndir.Onun ərazisində qızıl, almaz, dəmir filizi, platin, kömür, uran, xrom, nikel, mis, sink ehtiyatları var.Əkinə yararlı torpaqlar ərazisinin cəmi 10%-ni təşkil edir.CAR-ın təbii-coğrafi yerləşməsi də əlverişlidir.Burada Atlantik okeanından Sakit okeana gdən yollar kəsişir.Əhalisi 44 mln. nəfərdir.Əhalinin əksər hissəsi şəhərlərdə yaşayır.Təbii artım aşağıdır:-0,46% milliyətcə əhalisini cənubi afrikalılar təşkil edir: qara dərili əhali 79%, ağ dərili 9,6% təşkil edir.Əhalinin əksər hissəsi xristian dininə sitayiş edir.Paytaxtı Pritoriya şəhəridir.Dövlət quruluşu respublikadır.

CAR Afika qitəsinin ən inkişaf etmiş ölkəsidir.2006-cı ildə ÜDM 240 mlrd. Dollar olmuşdur, adambaşına həcmi isə 13000 dollardır.ÜDM-də kənd təsərrüfatının payı 2,6%, sənayenin payı 30,3%, xidmət sahələrinin payı isə 67% təşkil edir.İnflyasiyanın səviyyəsi 2006-cı ildə 5% olmuşdur.Ölkənin büdcəsi 80 mlrd. Dollardır.Sənayenin artım sürəti 7,1% olmuşdur.Lakin CAR-da əhalinin 50%-i yoxulluq həddində yaşayır.Bu kimi problemləri həll etmək üçün hökumət proqramlar işləyib hazırlayır.Bu proqramlarda yeni iş yerlərinin açılması, yığım və investisiyaların stimullaşdırılması, ölkənin xarici iqtisadi əlaqələrinin yaxşılaşdırılması nəzərdə tutulur.Lakin bu tədbirlərə baxmayaraq ölkənin iqtisadi inkişaf tempi aşağıdır.2006-cı ildə ÜDM-nin artım tempi 4,5% olmuşdur.Müasir dövrdə CAR ΙΙΙ dünya ölkələri arasında ən çox vədlər verən bazar rolunu oynayır.Burada nəinki zəngin faydalı qazıntılar, eləcə də ölkənin gələcək gələcək inkişafına imkan verən unikal sosial-iqtisadi faktorlar var.İnkişaf etmiş iqtisadi infrastruktur, geniş texnoloji baza, yüksək ixtisaslı mütəxəssislər, həmçinin kifayət qədər ucuz işçi qüvvəsi CAR-ı azad sahibkarlıq fəailiyyəti və xarici investisiyalar üçün sərfəli ölkəyə çevirməkdədir.Sənaye sahələrindən hasiledici sənaye əsas yer tutur.Emaledici sənaye sahələrindən metallurgiya, kimya, neft emalı, kömür sənayesi, maşınqayırma, tekstil və yeyinti sənayesini göstərmək olar.Son illər k/t-nın inkişafı bütün ölkə iqtisadiyyatının inkişafı üçün açar rolunu oynayır.Bütün bu sahələrlə yanaşı ölkədə xidmət sektoru da yüksək səviyyədə inkişaf etmişdir və çalışanların böyük bir hissəsi məhz bu sahədə fəailiyyət göstərirlər.
Cənubi Afrika ölkələrinin bəzi iqtisadi göstəriciləri (2005)


Ölkələr

Ərazisi min.km2

Əhalisi mln. nəfər


Cəmi ÜDM mlrd.dollar



1

Botsvana

582

1,6

10,2

2

Lesoto

30

2,0

1,5

3

Namibiya

824

2,0

6,1

4

Svazilend

17,4

1,1

2,4

5

CAR

1121

44,0

239,4




Cəmi

2574,4

50,7

259,6

3.Qərbi Afrika-Tropik səhra zonasını əhatə edir.Rütubətli ekvatorial meşələri vardır.Qərbi Afrika ən böyük əraziyə və əhalinin çox hissəsinə malikdir.Bu yarımqrup ərazidə kənd təsərrüfatında tarlaçılıq və istehlak bitkiləri istehsalı, sənayedə isə dağ mədən sənayesi inkişaf etdirilir. Bu əraziyə 16 dövlət daxildir.Təqribən 6050 min kv. km əraziyə malikdir, 255 mln.nəfər əhalisi vardır.

Bu bölgənin əsas faydalı qazıntıları-neft, boksidlər, dəmir filizi, marqans, qızıl, almaz, fosfatlar və sairədən ibarətdir.Burada 7 dövlət-Benin, Burkina-Faso, Kot-d’İvuar, Mali, Niger, Seneqal, Toqo.Vahid pul vahidi olan Frank KFA VSELO-dan istifadə edirlər.Bu bölgənin dövlətləri xalis kapital idxalçısı kimi çıxış edirlər.Cəmi xarici kapital 70 mlrd.dollar təşkil edir.

Qərbi Afrika ölkələrinin bəzi iqtisadi göstəriciləri (2005)



Ölkələr


Ərazisi min.km2

Əhalisi mln.nəfər

Cəmi ÜDM,mlrd.dol

1

Benin

113

7,6

4,4

2

Burkina-Faso

274

13,5

5,6

3

Qambiya

11

1,6

0,5

4

Qana

239

21,9

11,0

5

Qvineya

246

9,5

0,8

6

Qvineya-Bisau

36

1,4

0,3

7

Kabo-Verde

4,0

0,42

0,9

8

Kot-d’İvuar

322

17,3

16,4

9

Liberiya

11

3,0

0,4

10

Mavritaniya

1026

3,1

1,9

11

Mali

1240

11,4

5,4

12

Niger

1267

12,2

3,4

13

Nigeriya

924

129,0

99,1

14

Seneqal

200

11,7

8,7

15

Syerra-Leone

72,0

5,9

1,1

16

Toqo

57,0

5,4

2,1




Cəmi

6042

255

162,0

4.Mərkəzi Afrika-rütubətli ekvatorial meşə zonasında yerləşir.Etnik cəhətdən qohum xalqların birliyindən ibarətdir.Burada təqribən 9 dövlət təmsil olunur.Ərazisi 6613 min kv.km, əhalisi 111 mln. nəfərdir.

Respublika dövlət quruluşu daha geniş yer tutur.Burada da iqtisadiyyatda kənd təsərrüfatı ilə hasilat sənayesinin rolu böyükdür.Zəngin mineral ehtiyatları vardır.Faydalı qazıntılardan-kobalt, mis, marqans, qızıl, almaz, neft və təbii qaz istehsal edilir.Qərbi Afrikada olduğu kimi burada da 6 dövlət-Qabon, Konqo, MAR, Çad və Ekvatorial Qvineya vahid pul vahidi olan Frank KFA-VEAS-dan istifadə edirlər.Afrikanın mərkəzi bankının emissiyası əsasında bu ölkələrə cəlb edilən cəmi xarici kapital 47 mlrd.dollardır.

Mərkəzi Afrika ölkələrinin bəzi iqtisadi göstəriciləri(2005)



Ölkələr

Ərazisi,min km2

Əhalisi,mln.

nəfər


Cəmi ÜDM mlrd.dol.

1

Anqola

1247

14,0

32,8

2

Qabon

268

1,4

8,7

3

Konqo DR (Zair)

2345

61

30,0

4

San-Tome və Prinsipi

1,0

0,200

0,200

5

MAR

623,0

4,0

4,0

6

Çad

1284,0

10,0

6,0

7

Ekvatorial Qvineya

28,1

0,500

3,0

8

Kamerun

475

16,0

30,0

9

Konqo

342

4,0

3,0




Cəmi

6613

111,0

118,0

5.Şərqi Afrika.Bu bölgə özündə 17 dövləti birləşdirir,2005-ci ilə ərazisi 6863,0 min kv.km, əhalisi 277 mln.nəfərdir.Bu ölkələrin əksəriyyəti ingilislərin və fransızların müstəmləkəsi olmuşdur.Onların hamısı inkişaf etməkdə olan dövlətlər sırasına daxildir.Bu yarımqrupda ÜDM-in yaradılmasında kənd təsərrüfatı və hasilat sənayesi üstünlük təşkil edir.

Faydalı qazıntılardan-mis, sink, kobalt, xromitlər, qızıl, almaz, qiymətli daşlar, dəmir filizi, fosfat ehtiyatları vardır.

İxracda əsas yeri xammal tutur.Burada hasilat sənayesi məhsulları və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.



Şərqi Afrika dövlətləri xarici kapitaldan istifadəyə meyillidirlər.2003-cü ilə cəmi xarici kapital 50 mlrd.dollar olmuşdur

Şərqi Afrika ölkələrinin bəzi iqtisadi göstəriciləri (2005)




Ölkələr


Ərazisi, min.km2

Əhalisi, mln.nəfər

Cəmi ÜDM, mlrd.dol.

1

Brundi

28

7,8

0,7

2

Cibuti

22

0,705

0,7

3

Zambiya

753

11,3

7,2

4

Zimbabve

391

12,2

4,5

5

Keniya

580

33,8

18,7

6

Komor adaları

2,2

0,6

0,4

7

Mavrikiy

2,0

1,2

6,2

8

Madaqaskar

587

18,0

5,0

9

Mayotta

-

-

-

10

Malavi

118

12,7

2,1

11

Mozambik

802

19,4

6,5

12

Renyuon

2,5

0,665

-

13

Ruanda

26,4

8,0

2,1

14

Seyşel adaları

500

0,084

0,7

15

Somali

638

8,6

-

16

Tanzaniya

945

36,8

12,6

17

Uqanda

241

27,3

8,7

18

Eriteriya

125

4,7

1,0

19

Həbəşistan

1100

73,1

11,1




Cəmi

6863

277

88,2

Afrika zəngin xammal ehtiyatlarına malikdir.Burada mineral yanacaq ehtiyatlarından: kəşf edilmiş neft ehtiyatı (9 mlrd.ton) dünya ehtiyatının 3%-i qədər; qaz müvafiq olaraq 9 trln.m3-5%; uran-500 min ton-30-33% təşkil edir.

Şimali və Qərbi Afrikada Liviya, Əlcəzair, Nigeriya zəngin neft və qaz yataqlarına, Cənubi və Qərbi Afrikada-CAR, Namibiya və Niger zəngin uran yataqlarına malikdirlər.

Afrikada dağ mədən kimya xammalı-fosforitlər (Mərakeş, Əlcəzair, Tunis) ehtiyatları 60 mlrd.ton təşkil edir ki, bu da dünya üzrə olan ehtiyatların 70%-dən də artıqdır.Dağmədən xammalından dəmir filizi ehtiyatları (CAR, Əlcəzair, Liviya, Mavritaniya və Liberiyadan başqa) çox geniş yayılmışdır.Bu ehtiyatlar təqribən 60 mlrd.ton qiymətləndirilir ki, bu da dünya ehtiyatının 10%-ni təşkil edir.Proqnoza görə əlvan metallar xammalı; boksidlər (Qvineya, Kamerun), mis filizi (Zair, Zambiya və CAR) 20 mlrd.ton həcmində qiymətləndirilir.

Qiymətli metallar və almaz ehtiyatına görə də Afrika birinci yerlərdən birini tutur.Burada kəşf edilmiş qızıl ehtiyatının (43 min ton) 42 min tonu CAR-ın payına düşür ki, bu da dünya üzrə olan müvafiq göstəricinin 55%-ni təşkil edir.

Beləliklə, Afrika marqans, xrom filizi, boksidlər, qızıl, kobalt və fosfat ehtiyatına görə dünyada birinci, mis və asbest yataqlarına görə ikinci, neft, qaz və dəmir filizi ehtiyatlarına görə üçüncü yeri tutur.

Bu regionda CAR daha yüksək göstəricilərə malikdir.Odur ki, bu ölkəni inkişaf etmiş ölkələr sırasına aid edirlər.CAR daha çox qızıl ehtiyatına malik olması baxımından bütün dünyaya məlumdur.Dünya üzrə qızıl çıxarılmasının 25%-i onun payına düşür.Qeyd etməliyik ki, CAR-ın ərazisində qızıl çıxarılması 1886-cı ildən başlanmışdır.XIX əsrin axırlarınadək ildə 20-50 ton, XX əsrin əvəllərində ildə 200-300 ton, XX əsrin ortalarında isə ildə 600-800 ton qızıl çıxarılmışdır.2000-ci ildə isə qızıl çıxarılması xeyli azalmış və 440 ton təşkil etmişdir.Qeyd etməliyik ki, CAR ancaq qızıl deyil, uran çıxarılmasına görə də qabaqcıl yerlərdən birini tutur.Kəşfi məlum olan uran ehtiyatı 150 min tondur.Bu sahədə Avstraliya, Qazaxıstan və Kanadadan sonra Braziliya, Nigeriya və Özbəkistanla eyni səviyyədədirlər.Burada uran konsentratları çıxarılması 1952-ci ildə başlanmışdır.O vaxtlar istehsalın həcmi ildə 6000 ton təşkil etmiş, sonralar azalaraq 1990-cı illərdə 3,5 min tona bərabər olmuşdur.

CAR almaz çıxarılmasına görə də böyük inkişaf tapmışdır.Burada ilk almaz tapılması 1867-ci ilə təsadüf edir.Bəzi mülahizələrə görə almaza çay sahilində çoban (uşaq), digər mülahizələrə görə isə yerli fermerlərin (Yakobs və Nekirk) uşaqları tapmışlar.

Hazırda dünya üzrə cəmi almaz ehtiyatının (115mln.karat) həcminə görə CAR, Botsvana və Avstraliyadan geri qalır (Konqo Demokratik Respublikası və Kanada ilə eyni səviyyədə dayanır).CAR-ın cəmi almazının 50%-ə qədəri (9-10 mln.karat) zərgərlik üçün istifadə edilir.Həmin regionda ikinci yerə Nigeriya dayanır (baxmayaraq ki, hər nəfərə düşən ÜDM-in həcmi azdır).

CAR daha çox qızıl ehtiyatına malik olduğu halda, Nigeriya həmin ərazidə neft ehtiyatının əsas hissəsinə malikdir.Həmin ərazinin əhalisinin 21%-i, ÜDM-in isə 17%-i Nigeriyanın payına düşür.Bütün bunlarla yanaşı həmin ərazinin ölkələrinin əksəriyyəti (44 ölkə) ərzaq çatışmazlığı şəraitində yaşayırlar.



2. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, Afrikada kifayət qədər iqtisadi ehtiyat mövcuddur.Lakin yaxın vaxtlarda bu ehtiyatlardan nə dərəcədə istifadə edilməsi problemləri hələki qalır.Afrika investorlar tərəfindən daha az mənimsənilmiş ərazi hesab edilir.Hazırki Afrikanın inkişafını Cənub-Şərqi Asiyanın 40-50-ci illəri ilə, Mərkəzi Asiyanın 15 il bundan əvvəlki dövri ilə və 10 il bundan əvvəlki Latın Amerikasının inkişafı ilə müqayisə etmək olar.Hər iki modeldə kəmiyyət göstəricilərinə-artım sürətinə üstünlük verilirdi.Bu modellərin həyata keçirilməsində investisiyanın artırılması, xarici ticarətin genişləndirilməsi problemləri ön plana çəkilirdi.

<<Quruluş dəyişikliyi modeli>>. 80-cı illərdə BVF Afrika dövlətlərinin inkişafı üçün deyilən model təklif etmişdir.Bu modeldə əsasən iqtisadiyyatda islahat aparılması nəzərdə tutulurdu.Təsərrüfat fəaliyyətinin liberallaşdırılması, dövlətin iqtisadiyyata qarışmasını məhdudlaşdırmaq, maliyyə sisteminin sabitləşdirilməsi, bazar təsərrüfatının hərtərəfli inkişafı məsələləri əsas götürülürdü.İdarəçilik aparatının təkmilləşdirilməsi, istehsalın effektivliyinin yüksəldilməsi, bazar münasibətlərinin təkmilləşdirilməsi ön plana çəkilirdi.

Beləliklə, 90-cı illərdə Afrikada bu model inkişaf xətti kimi formalaşırdı.Afrika dövlətlərinin əksəriyyətində 90-cı illərin ortalarından dövlət müəssisələrinin, bankların özəlləşdirilməsi genişləndirilmişdir.

Belə ki, 1990-cı ildə Kamerunda 80 dövlət müəssisəsindən 12-si özəlləşdirilmiş və 5-i ləğv edilmişdir.1995-ci ildə isə 27 müəssisə özəlləşdirilmişdir.

Keniyada həmin illərdə özəlləşdirilən müəssisələr 20-dən 40-a çatmışdır.Qanada 1995-ci ildə 260 dövlət şirkətindən 64-ü, Nigeriyada 500 şirkətdən 73-ü özəlləşdirilmişdir.

Nəticədə 90-cı illərin ortalarına Afrika regionunda gözə çarpacaq dərəcədə irəliləyiş baş vermişdir.Belə ki, BMT-nin İqtisadi Komissiyasının məlumatına görə 1995-2000-ci illərdə bu regionda ÜDM 2,3%, 33 ölkədə isə 2-4% artmışdır.

BVF-in məlumatına görə Afrikada iqtisadi artım 1998-2000-ci illərdə 3,2%-dən artıq olmuşdur.Daha müsbət hallardan biri ondan ibarətdir ki, hazırda 27 ölkədə iqtisadi artım sürəti əhalinin artım sürətini qabaqlayır.

Bütün bunlara baxmayaraq hələ də dövlət bölməsində olan bədxərclik, geridə qalmış iqtisadi infrastruktura, daxili siyasi qeyri-sabitlik, dövlətlərarası münaqişələr, xarici investisiyanın həcminin azalması, xarici bazara çıxış, xarici borcların çoxalması və digər problemlər nin həyata keçirilməsində müəyyən çətinliklər yaradır.

3. Afrika ölkələrinin inkişafı və eləcə də bir çox problemlər hər şeydən əvvəl iqtisadiyyatın çoxukladlı olması ilə xarakterizə edilir.Məhz hansı təsərrüfat formasının üstün olması bir çox hallarda iqtisadiyyatın quruluşunu müəyyən etmiş olur.

Afrikada və xüsusilə tropik Afrikada hazırda da patriarxal icma və feodal təsərrüfat forması mövcuddur.Eləcə də kənd təsərrüfatında, sənayedə xidmət dairəsində xırda əmtəə təsərrüfatı da fəaliyyət göstərir.

Kapitalist təsərrüfat forması-dövlət sahibkarlığında və eləcə də xarici kapital qoyuluşu sahələrində daha çox xarakterikdir.Böyük dövlətlərin TMK-rı Afrika dövlətlərinin bir çoxunda özlərinin qız cəmiyyətlərini yaratmışlar.Bu şirkətlər hasilat və emal sənayesi sahələrində maliyyə, mehmanxana biznesi, xarici ticarət sahələrində daha geniş fəaliyyət göstərirlər.Keniya, Konqo, Zimbabve, Liberiya, KDR (Zair), Qvineya, Burundi, Qabon ölkələrində xarici kapitalın mövqeyi daha güclüdür.

60-70-ci illərdə Afrika dövlətlərinin iqtisadiyyatında dövlət bölməsinin (ukladın) xüsusi çəkisi yüksək idi.Lakin <> proqramının həyata keçirilməsi prosesində beynəlxalq maliyyə təşkilatlarının maliyyə köməkliyi ilə dövlət bölməsinin xüsusi çəkisi azalmışdır.

Aydındır ki, təsərrüfat formalarının müxtəlifliyi iqtisadiyyatın quruluşuna da güclü təsir edir.

Afrikada iqtisadiyyatın quruluşu baxımından ən ümumi cəhət ondan ibarətdir ki, aqrar bölmənin xüsusi çəkisi yüksəkdir.Lakin buna baxmayaraq dövlətlər arasında o qədər də eynilik yoxdur.Son 10-15 ildə iqtisadiyyatın quruluşunda nəzərə çarpacaq dərəcədə dəyişiklik baş vermişdir.ÜDM-in formalaşması üzrə ayrı-ayrı təsərrüfat sahələrinin təhlili nəticəsində Afrika dövlətlərini beş qrupa bölmək olar:

Birinci-sənayenin və xidmət sahəsinin üstünlük təşkil etdiyi dövlətlər.Bura əsasən şimal və cənub dövlətlərini aid etmək olar.Bu ərazidə kənd təsərrüfatının xüsusi çəkisi 20%-dən azdır.Afrika şəraitində bu qrup dövlətlərin iqtisadi göstəriciləri, hər nəfərə düşən ÜDM-in həcmi nisbətən yüksəkdir (neft, qaz, fosforitlər və digər xammal məhsulları ixrac edirlər).

İkinci-kənd təsərrüfatının və sənayenin üstün olduğu dövlətlər.Bura Afrikanın şərq dövlətlərinin iqtisadiyyatı uyğun gəlir.Bu dövlətlərin bəzilərində xidmət sahəsi ilə kənd təsərrüfatı üstünlük təşkil edir ki, bu da üçüncü qrup adlandırılır.Hər iki qrup dövlətlər hər nəfərə düşən ÜDM-in həcminə görə ən axırıncı yerlərdə dayanırlar.

Dördüncü qrupa daxil olan dövlətlərdə üçüncü bölmənin xüsusi çəkisi yüksəkdir.Kənd təsərrüfatı və sənaye isə təqribən bərabər səviyyədədirlər.Üçüncü və dördüncü qrupa aid edilən dövlətlər Qərbi Afrika dövlətləri hesab edilirlər.Burada da xidmət dairəsinin inkişafına baxmayaraq kənd təsərrüfatı iqtisadiyyatın sürətli inkişafına zəmin yarada bilmir.

Bəzi dövlətlərdə hər üç sahə təqribən bərabər səviyyədədirlər.Bu da beşinci qrup dövlətlər hesab edilirlər.

Mərkəzi Afrika dövlətləri üçün də I və III qrup təsərrüfatçılıq xasdır.Daha doğrusu sənaye ilə xidmət sahələrinin və bəzi ölkələrdə isə xidmət ilə kənd təsərrüfatının üstünlüyü mövcuddur.Onu da qeyd etməliyik ki, burada sənayenin üstünlüyünün də özünəməxsus xüsusiyyəti vardır.Belə ki, mineral xammalın çixarılması prosesinə nisbətən onun emalı daha geri qalmaqdadır.Eləcə də sənaye infrastrukturu da zəif inkişaf etmişdir.

Belə ümumi mülahizələrdən başqa müəyyən xüsusi cəhətləri də qeyd etmək olar.



Kənd təsərrüfatı- <<Ərzaq və kənd təsərrüfatı təşkilatı>>nın məlumatına görə Afrikada 200 mln.hektar torpaq becərilir, 900 mln.hektar isə daimi otlaq kimi istifadə edilir.Becərilən torpaqların xüsusi çəkisi çox aşağıdır.

Afrika və xüsusilə tropik Afrika dünyanın ən aqrar ərazisi hesab edilir.2000-ci ilin məlumatına görə bu bölmə təqribən 20% təşkil edir.Həmin ərazinin aktiv əhalisinin 68%-i kənd təsərrüfatı ilə məşğuldur.Bəzi ölkələrdə isə - Mozambik, Həbəşistan, Tanzaniya, Çad, Keniya, Qambiya, MAR və Qvineyada bu gösərici 80%, Burundi, Malavi, Ruanda, Nigeriya, Burkina-Faso, Uqanda, Malidə 90% təşkil etmişdir.Onu da qeyd etməliyik ki, rəsmi statistika bir qayda olaraq ÜDM-in hesablanmasında natural təsərrüfatı nəzərə almır.Hətta belə olduqda da 2000-ci ildə kənd təsərrüfatının xüsusi çəkisi KDR-da 58%, Həbəşistanda 55%, Tanzaniyada 47%, Burundidə 53%, Malavidə 42%, MAR-da 54%, Syerra-Leonedə 50%, Qvineya-Bisauda 54%, Uqandada 44% olmuşdur.

Kənd təsərrüfatı istehsalının artım sürəti çox aşağıdır-80-cı illərdə 1,9%, 2000-ci illərdə 1,5% təşkil etmişdir.Bu isə əhalinin artım sürətindən xeyli aşağıdır.Ona görə də burada ərzaq çatışmazlığı problemi daha aydın gözə çarpır.BMT-nin məlumatına görə həmin ərazidə yaxın 15 ildə taxıl çatışmazlığı 50 mln. tondan artıq olacaqdır.

Afrikanın kənd təsərrüfatı patriarxal icma, feodal və xırda əmtəə təsərrüfatına əsaslanır.İstifadə edilən torpaq sahəsinin 90%-ə qədəri əl alətləri ilə becərilir.Əkinçilik primitiv aqrotexniki metodlara əsaslanır.Demək olar ki, suvarılan sahə yoxdur.Hazırda becərilən torpaqların cəmisi 5%-i irriqasiya sistemindən istifadə edir.Beləliklə kənd təsərrüfatı demək olar ki, təbiətdən asılı vəziyyətdə qalır.Kimyəvi gübrələrdən çox zəif istifadə edilir.Bu isə məhsuldarlığın az olması ilə şərtlənir.Məsələn, son illərin məlumatına görə Afrikada orta hesabla hər hektara 11 kq gübrə verildiyi halda, Latın Amerikasında bu göstərici 67 kq, Asiyada 129 kq olmuşdur.

Əkinçiliyin bəzi sahələrində xarici mülkiyyət – xarici kapital mövcud olduğu üçün ixracat üçün məhsul istehsalı nəzərdə tutulur.Belə sahələrdə nisbətən az–çox inkişaf müşahidə olunur.Bunlar texniki lif, kauçuk, yun, dəri, pambıq, texniki yağlar, kopra və sairədən ibarətdir.

Emal sənayesi həddindən artıq geridə qaldığına görə bu məhsullar xammal kimi ixrac edilirlər.Az-çox Zimbabve, Nigeriya, Keniya və bəzi digər ölkələrdə yerli xammal toxuculuq və ayaqqabı sənayesində istifadə edilir.Bunlardan əlavə kakao-paxlalılar, kofe, tropik meyvələr, bitki yağları, şəkər-xammal və digər bir çox məhsullar da ixrac bölməsinə daxildirlər.

Heyvandarlıq daha sərfəli olub kapital yığımı dairəsi hesab edilir.Aydındır ki, mal-qaranın sayı onun shibinin varidatı sayılır.Keniya, Zambiya, Botsvana, Tanzaniya, Nigeriya, Zimbabve, Kamerunda heyvandarlıq əmtəəlik hesab edilir və məhsulun bir qismi ixrac edilir.

Sənaye-Afrika ölkələri müstəqillik əldə etdikdən sonra sənayenin inkişafı o qədər də nəzərə çarpmırdı. Nisbətən iri və orta müəssisələr az-çox dağ-mədən sənayesində yarana bilirdi.Onlar da xarici kapitala məxsus olduğu üçün, milli iqtisadiyyatın inkişafına o qədər də zəmin yarada bilmirdi.

Ümumi şəkildə bu regionun sənayesi aşağıdakı cəhətləri özündə əks etdirir:



  • milli iqtisadiyyatın özündə sənaye müəssisələri arasında inteqrasiya proseslərinin zəif olması;

  • istehsal həcminin az olması üzündən effektivliyin aşağı olması;

  • regionda bir-birini tamamlaya bilən istehsal strukturlarının olmaması;

  • istehsal xərclərinin tərkibində idxal olunan komponentlərin çox olması;

  • istehsal infrastrukturasının həddindən artıq geridə qalması;

  • texnoloji gerilik və s.

Afrikada və eləcə də tropik Afrikada faydalı qazıntıların çox olması hasilat sənayesinin böyük rol oynamasına üstünlük vermişdir.Bu isə onların dünya bazarında xammal üzrə ixtisaslaşdırılmasını genişləndirmişdir.

60-cı illərin əvvəllərinə bu regionda Zambiya, KDR və Zimbabve güclü mineral xammal istehsalçısı kimi məlum idilərsə, 70-ci ilin axırlarına onların sırasına daha 8 ölkə; Anqola, Qvineya, Liberiya, Mavritaniya, Niger, Nigeriya, Svazilend, Syerra-Leone qoşulmuşlar.

Bütünlükdə bu ərazi üzrə ÜDM-in 34%-i (2000 il) sənayenin payına düşür.Bunun da yarısı hasilat sənayesinin hesabına formalaşır. Aydındır ki, bu sahədə ayrı-ayrı ölkələr arasında kəskin fərq vardır.Belə ki, həmin göstərici Nigeriya, Anqola, Botsvana və Qabonda 90% təşkil etmiş, Toqo, Qana, Qvineya-Bisau, Mavritniya, Namibiya, Qvineyada isə 50-85%-ə bərabər olmuşdur.

Mineral ehtiyatlardan neft, təbii qaz, boksidlər, almaz, fosfotlar, çoxlu filiz növləri (dəmir, uran, marqans, xrom, mis, kobalt, qurğuşun, sink və s.) hasil edilir.

Emal sənayesinin xüsusi çəkisi (ÜDM-də) 1980-cı ildə 12%, 2000-ci ildə isə 15% olmuşdur.Bu dünya üzrə emal sənayesinin 1%-ni təşkil edir.Bəzi ölkələrdə isə bu göstərici yüksəkdir, belə ki, Zambiya və Zimbabvedə ÜDM-in 30%-i, Mavrikiyada-23%-i emal sənayesinin payına düşür.

Lesoto, Malavi, Çad, Burkina-Faso, Keniya, Mavritaniya, Seneqal, Kamerun, Kot-d`İvuarda həmin göstərici 10-20% arasındadır.Bu regionda yüngül sənayenin inkişafına daha çox üstünlük verilir.

Ağır sənaye sahələrindən kimya sənayesi aparıcı rola malikdir.Maşınqayırma müəssisələrinin əksəriyyəti (avtomobil, traktor, elektrotexnika məmulatları istehsalı və s.) texniki təmir üzrə fəaliyyət göstərirlər.Eləcə də Zimbabve, Zambiya və Nigeriyada maşınqayırma müəssisələri də mövcuddur.Bunlarla yanaşı Şimali Afrikada – Misir, Mərakeş və Tunisdə emal sənayesi xeyli inkişaf etdirilmişdir.Əlcəzairdə neft-qaz kompleksi, kimya sənayesi tərəqqi tapmışdır.Bu ölkələrdə dövlət bölməsinin xüsusi çəkisi artıqdır.

Xidmət dairəsi.Afrika ölkələrinin çoxunda xidmət dairəsi nisbətən dinamik inkişaf yolundadır.2000-ci ilin məlumatına görə həmin sahənin xüsusi çəkisi 50%-ə qədər olmuşdur.ÜDM-in Seneqalda 59%-i, Mozambikdə 45%-i, Madaqaskarda 55%-i, Mavrikiyada 58%-i, Qambiyada 55%-i xidmət bölməsinin payına düşür.

Nəqliyyat, ticarət, inşaat, maliyyə xidməti az-çox inkişaf tapmışdır.Misir, Mərakeş, Tunis, Keniya, Qambiya, Seneqal, Mavrikiya, Seyşel adalarında turizm daha geniş yayılmışdır.Tunisdə turizmdən olan gəlir ÜDM-in 5%-ni təşkil edir.

Bütünlükdə sosial sahə və sosial xidmət çox geridir.

4. Afrikanın sosial-iqtisadi inkişafı bir çox hallarda mürəkkəb demoqrafiya vəziyyəti ilə də müəyyən edilir.1960-cı ildə həmin regionda olan əhalinin sayı 275 mln. nəfər olduğu halda, 1980-cı ildə onların sayı 475 mln. nəfər, 2000-ci ildə 750 mln. nəfər təşkil etmişdir.Artım sürətinin hazırki səviyyəsi ilə 2025-ci ildə əhalinin sayı 1.5 mlrd. Nəfərdən artıq olacaqdır.Onu da nəzərə almaq lazımdır ki, bu regionda dünya üzrə ən yüksək artım sürəti mövcuddur (1980-1994-cü illərdə orta illik artım 3% olmuş, 1995-2015-ci illərdə isə 2,3-2,7% olması qeyd edilir). Orta hesabla hər qadının 6 uşağı (Şimali Afrikada -4, Latın Amerikasında-3) vardır.Odur ki, qanunauyğun olaraq bu barədə zəruri tədbirlərin görülməsi lazım gəlir.Artıq 90-cı illərin ortalarından 30-dan artıq ölkədə doğumun tənzim edilməsi barədə proqramlar qəbul edilmişdir.12 ölkə bu proqramı daha yaxın vaxtlarda həyata keçirməyi planlaşdırırlar.

Həmin regionda insandan ibarət kapitala daha az investisiya sərf edilir.Ona görə də qanunauyğun olaraq işçi qüvvəsinin keyfiyyəti də aşağıdır.

Yaşlı əhali içərisində savadsızlar 60-70% təşkil edir.Ancaq Botsvana, Qabon, Macrikiya, Seyşel adaları, CAR və s.insanın inkişafı üzrə orta səviyyəli hesab edilirlər.Bu sahədə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Mozambik, Nigeriya kimi ölkəyə azı 200 il lazım gələcəkdir.

Hazırda Afrikada urbanizasiya (şəhərlərə axın) prosesi geniş vüsət almışdır.Əgər 1960-cı illərdə Afrikada 1 mln.nəfər əhalisi olan 1-2 şəhər vardısa, hazırda belə şəhərlərin sayı 30-a qədərdir.2000-ci ilin məlumatına görə əhalinin 31%-i şəhərlərdə yaşayır.20 yaşa qədər olan cavanların hamısı şəhərlərə getməyə can atır.Bu isə şəhərlərdə işsizliyin artmasına səbəb olur.

Afrika ölkələrində daxili və xarici miqrasiya da geniş yayılmışdır.Bu regiondan xüsusilə Əlcəzair, Mərakeş və Misirdən Qərbi Avropaya çoxlu işçi qüvvəsi gedir.70-ci illərin əvvəllərindən Afrikadan (yeni varlı mərkəz sayılan) Fars körfəzi ölkələrinə işçi qüvvəsi axını çoxalmışdır.2000-ci illərdə Qərbi Asiyanın bu hissəsində fəhlələrin 70%-ni kənardan gələnlər təşkil etmişdir.

Bütün qeyd etdiklərimizlə yanaşı göstərməliyik ki, Afrikanın sosial-iqtisadi inkişafına əks təsir edən bir çox cəhətlər hələ də qalmaqdadır:



  • cəmiyyətdə sosial bərabərsizlik;

  • əhalinin çox hissəsinin gəlirlərinin az olması;

  • vətəndaş müharibələri;

  • siyasi böhranlar və s.

Onu qeyd etmək kifayətdir ki, xarici və daxili mühacirlərin çoxu son on illiklərdə bir çox münaqişələrin səbəbkarı olmuşlar.Bu münaqişələrin çoxu irqi zəmində baş verir. Son vaxtlar 30-dan çox silahlı toqquşma olmuş və 10 milyon nəfərdən çox adam ölmüşdür. Bu hadisələrin nəticəsi olaraq yenidən 20 milyon nəfərdən çox adam mühacirliyə məruz qalmışlar.

5. Hazırda demək olar ki, heç bir ölkəni dünyadan təcrid olunmuş halda təsəvvür etmək olmaz. Bu mənda Afrika ərazisi də ən böyük ərazilərdən biri kimi dünya iqtisadiyyatına inteqrasiya olunur.Lakin Afrika ölkələrinin xarici ticarəti dünya ticarətində o qədər də çox deyildir (dünya üzrə ixracın 2,5%-ni, idxalın isə 3,8%-ni təşkil edir). Buna baxmayaraq regionun özünün iqtisadi inkişafında xarici ticarətin böyük rolu vardır. Bəzi məhsul novləri üzrə isə dünya bazarı üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, İƏ və İT ölkələrinin kakao idxalının 70%-i, sink idxalının 45%-i, marqans filizinin 33%-i, tropik Afrikanın payına düşür

Afrika dövlətlərinin ixracının əsası xammal şəklində həyata keçirilir. Burada da kənd təsərrüfatı və hasilat sənayesi məhsulları üstünlük təşkil edir. Məsələn, Uqandada xarici ticarətin 95%-i ancaq kofenin, Nigeriyada 94%-i neftin, Zambiyada 93%-i misin, Əlcəzairdə 97%-i enerji daşıyıcılarının hesabına formalaşır.

Bəzi ölkələr hətta dünya miqyasında müəyyən xammal növlərinin istehsalı və ixracı üzrə aparıcı rola malikdirlər. Belə ki, Kot-d`İvuar və Qana dünya üzrə kakao və paxlalıların ixracında birinci-üçüncü yerləri tuturlar (müvafiq olaraq 30 və 14% təşkil edirlər). Dünya üzrə boksidlər ixracının 40%-i ancaq Qananın payına düşür.

Regionda cəmi ixracın 1960-cı ildə 92%-i, 2000-ci illərdə isə 86%-i xamallardan ibarət olmuşdur. Sənaye məhsullarında bu müvafiq olaraq 7 və 14%-dir. Bütövlükdə inkişaf etmekde olan ölkələr üzrə isə bu göstəricilər 60-cı ildəki 33%-dən 2000-ci illərdə 66%-a çatmışdır. Bu göstəricilərdən də aydın olur ki, Afrika ərazisi üçüncü dünya ölkələri içərisndə də geridə qalmaları ilə fərqlənirlər.

Sənaye məhsulları ixracındakı üstünlüyə görə Mavrikiya daha çox fərqlənir. Burada ümumi ixracda sənayenin payı 1970-ci ildəki 1,8%-dən artaraq 2000-ci ildə 68% olmuşdur. Bu sahədə Kot-d`İvuar, Mali, Qana, Madaqaskar, Tanzaniya müəyyən nailiyyətlər əldə etmişlər. Bununla yanaşı 30-dan artıq ölkə emal olunmamış xammal ixrac edirlər.

Yerli istehsalın xarici təxribatdan qorunması üzündən eyni növ əmtəə ixracı daha da artır. Belə ki, 60-cı illərdə 6 növ əmtəə (kakao, kofe, pambıq, şəkər, çay, tütün) cəmi kənd təsərrüfatı üzrə olan ixracın 55%-ni təşkil etiyi halda 70-ci illərdə bu göstərici 66%, 2000-ci illərdə 70% olmuşdur. Hazırda da 40-dan artıq ölkə ixracdan olan gəlirin 50%-dən çoxunu bir-iki məhsul hesabına əldə edirlər.Bu isə həmin ölkələr üçün ciddi çətinliklər yaradır.

Əvvəla ixrac edilən xamalların, xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətləri uzun müddət aşağı səviyyədə olur. İkincisi isə qiymətlər müəyyən dəyişkənliyə uğrayırlar. Bu isə ÜDM-in daha çox hissəsini ixracdan formalaşdıran ölkələrdə iqtisadiyyatın sabitliyini pozur.

Afrika ölkələri xarici ticarəti əsasən Aİ, ABŞ və Yaponiya ilə aparırlar. 2000-ci illərdə həmin ölkələrin payı ixracda və eləcə də idxalda 70% təşkil etmişdir. Asiya regionunun xüsusi çəkisi ixracda 7%, idxalda isə 9,5% olmuşdur.

Ümumiyyətlə Afrikanın və xüsusilə tropik Afriknın xarici ticarətinin həcmi son on illiklərdə azalmışdır. Tropik Afrikanın kakao-paxlalılar üzrə dünya bazarındakı xüsusi çəkisi 1970-ci ildəki 80,3%-dən 2000-ci illərdə 67,2%-ə; kofe üzrə 26%-dən 15%-ə; pambıq üzrə 30%-dən 16%-ə; ağac (mebel və s.) üzrə 13,4%-dən 7,2%-ə; dəmir filizi üzrə 12,5%-dən 2,5%-dək azalmışdır. Bütünlükdə region üzrə əmtəə və xidmətlərin ixracı ÜDM-in təqribən 20-25%-nə (2000) bərabərdir (1980-cı ildə 31% olmuşdur).

İxracda olan gəlirin 60%-ə qədəri neft və neft məhsullarının payına düşür. Qeyd etdiyimiz kimi kofe, kakao, paxlalılar, pambıq, ədviyyat, tropik meyvələrdən hazırlanmış içkilər, yağ, piy və digər bir çox məhsullar ixrac edilirlər.



<>nın tələblərinə uyğun olaraq ticarətin liberallaşdırılması və tarif dərəcələrinin dəyişdirilməsi Afrikanın iqtisadiyyatına güclü zərər vurmuş olur. Tarif dərəcələrində müəyyən yerdəyişmələr tətbiq edilir. Belə ki, Afrikadan alınan xammalın emalı bahalandıqca, onların idxal məhsullarının qiymətləri də artır. Məsələn, bu ölkələrdən Yaponiyaya kakao-paxlalılar tarif tətbiq edilmədən gətirilir.Lakin həmin ölkələrə şokolad gətirilməsində rüsumlar 12,5%-ə bərabərdir. ABŞ-a gətirilən təzə tropik meyvələr üçün rüsum 8,7% olduğu halda, həmin ölkələrə gətirilən meyvə şirələri üçün rüsum 46,7%-dir.

Bir çox hallarda bu regionun iqtisadiyyatı inkişaf etmiş sənaye ölkələrinin konyukturasından da çox asılıdır.70-ci illərdə əlverişli konyukturanın olması regiona xaricdən olan gəlirin artmasına, sosial-iqtisadi inkişafa zəmin yaradırdı. 80-cı illərdə isə sosial-siyasi vəziyyət pisləşmişdir.

Hazırda regionun qarşısında daha ciddi problemlər dayanır. Daxili ehtiyatların səfərbər edilməsi, investisiya şəraitinin yaxşilaşdırılması, xüsusi sahibkarlığın inkişafına köməklik göstərilməsi, xarici kapitalın cəlb edilməsi ön plana çəkilmişdir. Bu regionda BVF-un və Dünya Bankının sabitləşmə və quruluş dəyişikliyinə dair proqramı əsasında 80-cı illərdən islahatlar həyata keçirilir. İqtisadiyyata dövlətin qarışması azaldılmış, milli iqtisadiyyatda bazar tənzimlənməsi genişlənmişdir. Bununla yanaşı nisbətən zəif inkişaf etmiş ölkələrdə isə dövlət tənzimləməsinin məhdudlaşdırılması o qədər də fayda vermir.

İxracı nəzərdə tutan qeyri-ənənəvi yeni sahələr də yaranmışdır. Belə ki, Keniya və Malavi ixrac üçün gül becərirlər, Madaqaskar və Mavrikiya ixrac zonasında sənaye məhsulları istehsal edirlər, Botsvanada avtomobil yığılması həyata keçirilir. CAR-da siyasi sistemdə mülayimlik yaranması ilə yaxın ölkələrin CAR ilə əlaqələri genişlənmişdir. CAR sənayenin inki.afı üçün Anqola, Botsvana, Lesoto, Mozambik, Namibiyaya investisiya qoyur. Qonşu ölkələr öz ixrac sənayesində CAR-ın bazarını nəzərdə tuturlar və beləliklə regional inteqrasiya əlaqələri yaradırlar. Birgə fəaliyyət əsasında regionda infrastruktura inkişaf etdirilir.

CAR-ın Durban və Keyptaun limanları çox yükləndiyinə görə Mozambikdə Maputu və Beyra yeni limanları yaradılmışdır.Bu limanlar həmin region üzrə olan yük daşımaların böyük bir hissəsini öz üzərinə götürmüşdür. Son dövrlər Cənubi Afrika ölkələri arasında gömrük və ticarət ittifaqları yaradılır ki, bu da ölkələr arasında iqtisadi əlaqələri xeyli asan və səmərəli edir.


Nəticə: Yuxarıda qeyd etdiklərimlə Afrika regionu haqqında ümumi məlumat əldə etdik.Və Afrika ölkələri iqtisadiyyatının sahəvi quruluşu, iqtisadi inkişaf səviyyəsi, onun dünya iqtisadiyyatında yeri, demoqrafik vəziyyəti və s. kimi əsas anlayışlar haqqında ümumi məlumatımız formalaşdı.Yazdıqlarımı qısa şəkildə analiz etsəm görərik ki, doqurdan da Afrika regionu dünyanın ən geridə qalmış regionudur. Bu ölkələrin müstəmləkə tarixləri və hələ də həmin müstəmləkəçilərdən asılılığı, heç bir demokratik idarəetmə sisteminin olmaması, zəngin təbii sərvətlərdən səmərəsiz şəkildə istifadə, qəbilələrarası mübarizələr və s. bu kimi çoxsaylı problemlər region ölkələrinin əksəriyyətinin inkişafına böyük əngəl yaradır.Əldə olunan vəsaitlər çox az olduğundan və yalnız zəruri tələbatların ödənməsinə çatdığından ölkələr böyük miqdarda xarici borclar götürməyə məcbur olurlar ki, sonradan bu borcların qaytarılması demək olar ki mümkünsüz olur və bu region ölkələrinin İEÖ-dən asılılığını bir az da artırır. Demək olar ki, hər il Afrikanın xarici borcları artır. Məsələn: 90-cı illərdə Afrikanın xarici borcu hər il təqribən 2,5% artırdı.

Ancaq bəzi ölkələr bu borclardan və təbii ehtiyatlardan nisbətən səmərəli istifadə etməklə normal inkişaf əldə etmişlər. Hətta CAR inkişaf etmiş ölkələr sırasına daxil olmuşdur. CAR-la yanaşı Şimali Afrika ölkələri də öz iqtisadi inkişaf templərinə görə digər Afrika ölkələrindən kəskin fərqlənirlər. Onların belə sürətli inkişafının əsas səbəbi zəngin neft-qaz ehtiyatları və əlverişli iqtisadi-coğrafi mövqedir. Bu ölkələrin Avropaya yaxınlığı onların mədəniyyət və təhsil sahələrinin inkişafına öz töhfəsini verir.Eyni zamanda Aralıq dənizinin gözəl təbii iqlim şəraiti burada turizmin yüksək səviyyədə inkişafına səbəb olmuşdur.

Dünya iqtisadiyyatında Afrika regionu ölkələri əsasən xammal istehsalçısı kimi çıxış edirlər. Bəzi ölkələr eyni zamanda kənd təsərrüfatı və yüngül sənaye məhsulları da ixrac edirlər. Ancaq kənd təsərrüfatı məhsullarının özü belə bircinslidir, yəni k/t məhsulu ixrac edən ölkə belə yalnız bir məhsuldan ixrac edir. Bu isə bu ölkələrin isthlakçılardan asılılığına səbəb olur və orada tələbatın dəyişməsi dərhal özünü region ölkələrinin iqtisadiyyatında göstərir. Buna görə də dünya iqtisadiyyatında baş verən kəskin dəyişikliklər öz acı nəticələrini ilk öncə Afrikada göstərir. Təsadüfi deyil ki, dünya maliyyə böhranı başlayan kimi BVF-nun və DB-nın rəhbərləri dünya ölkələrini ilk öncə Afrika ölkələrinə maliyyə yardımı göstərməyə çağırdılar. Çünki hər kəs burdakı vəziyyətin nə qədər həssas olduğunu, Afrika əhalisinin böyük əksəriyyətinin adi su və qida çatışmamazlığından əziyyət çəkdiyini gözəl bilir. Buna görə də BMT-nin “ərzaq və təhlükəsizlik” proqramı əsasən məhz bu ölkələr üçün həyata keçirilir.

Çox təəssüf ki, dünya birliyi bu kimi ölkələrə yalnız adi yardımlar etməklə kifayətlənirlər. İmperialist dövlətlərin başlarının öz böyük siyasi oyunlarına qarışması bu dövlətləri diqqətdən kənarda qoymuşdur. Ancaq inanıram ki, gələcək məhz belə ölkələrin üzünə güləcək.




Ədəbiyyat siyahısı:

1. Киреев “Международные экономика”

2. Конотопов: “История экономики зарубежных стран”

3. C.Kərimov, A.Orucov, H.İsrafilov: “Dünya İqtisadiyyatı”

4. World Bank: “World investment report”, “World finance report”

5. Worldbank.org



6. IMF.org

1 Maqrib- ərəbcə deməkdir.Bura Mərakeşi, Əlcəzairi, Tunisi, Liviyanı, Mavritaniyanı və Qərbi Saxaranı aid edirlər.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə