Təhsildə keyfiyyət konsepsiyası və Amerika təcrübəsi Hamlet İsaxanlı (Xəzər universiteti, Bakı, Azərbaycan) Xülasə




Yüklə 85.48 Kb.
tarix07.04.2016
ölçüsü85.48 Kb.



Təhsildə keyfiyyət konsepsiyası və Amerika təcrübəsi
Hamlet İsaxanlı
(Xəzər universiteti, Bakı, Azərbaycan)
Xülasə
Təhsildə keyfiyyət təhsil sisteminin ən əsas anlayışlarından və qarşıda duran əsas məsələlərindən biridir, daha doğrusu birincisidir. Məqalədə təhsildə, xüsusilə ali təhsildə müasir keyfiyyət anlayışının və keyfiyyət konsepsiyasının əsasları təqdim olunur. Təhsildə islahat, keyfiyyət ölçüləri və keyfiyyətə cavabdeh olan təşkilatlar haqqında ən mühüm məqamlara nəzər salınır. Təhsildə keyfiyyatın təmin edilməsi və artırılması sahəsində dünya təcrübəsi, xüsusilə Amerika təcrübəsi təhlil olunur.
Abstract
Quality in education is one of the foundational concepts and foremost priorities of the education system; in fact, it is the most important issue. In the present article, the concept of quality in education, and particularly in modern higher education, is introduced. Reforms in education, ways to measure quality, and organizations responsible for quality are taken into consideration. An analysis is made of global experience, and especially American experience, in the areas of ensuring and increasing quality in education.
Təhsil öz əhatə dairəsinə görə bəşəriyyətin ən geniş fəaliyyət növü sayııla bilər. Cəmiyyətin əksər qismini əhatə etmək baxımından təhsillə rəqabətə girə bilən yeganə sahə, yəqin ki, əyləncə sektorudur. Lakin əyləncə sektoru öz-özünə inkişaf edən, öz daxili enerjisi və qaynaqları ilə özünə yol açan və ya bazar açan bir iş olduğu halda, təhsil ciddi elmi üsullarla təşkil olunan, dərindən işlənmiş dövlət siyasətinə və dövlət qayğısına möhtac olan bir fəaliyyətdir. Əyləncə sektoru Adam Smitin söylədiyi “gözəgörünməz əl”lə tənzimlənə bilir, təhsil isə hər zaman gözəçarpan iradənin, dövlət və özəl bölmələrin qarşılıqlı ahəngdar fəaliyyətinin məhsuludur. Təhsildə ən çox işlənən ifadələrdən biri və əldə edilməsi ən çox arzu olunan xassələrdən biri keyfiyyətdir. Cəmiyyət və fərdlər, dövlət və vətəndaşlar sadəcə təhsil deyil, keyfiyyətli təhsil istəyirlər. Hər yerdə təhsil sistemində aparılmalı olan islahatdan, islahat nəticəsində keyfiyyətin təmin olunmasından danışılır. Təhsildə islahat nədir və o, necə aparılmalıdır? Təhsildə keyfiyyət nəyə deyilir? Keyfiyyət konsepsiyası necə formalaşır? Keyfiyyəti necə ölçmək olar və keyfiyyəti kimlər ölçə bilər? Keyfiyyəti əldə etmək üçün nə lazımdır? Dünya təcrübəsi, xüsusi halda dünyanın ən inkişaf etmiş ali təhsil sisteminə malik olan Amerika təcrübəsi keyfiyyət haqqında nə deyir? Bu məqalənin məqsədi bu suallara bu və ya başqa dərəcədə cavab verməyə çalışmaqdır.
İslahat və siyasi iradə

İnkişaf durmadan, dayanmadan irəli atılan düşünülmüş addımlardan ibarətdir. Cəmiyyət bir tərəfdən əldə etdiyi uğurları qorumağa çalışır, digər tərəfdən isə daima yeniləşməyə, irəli getməyə, yeni məzmun və yeni formaları sınaqdan keçirməli olur. Düşünülmüş addımların atılması, yeni üfüqlərin açılması üçün dəyişmənin planlı şəkildə həyata keçirilməsi zəruridir. Planlı dəyişmə isə islahat aparmaq deməkdir. İnkişafa nail olmağın tək yolu güclü islahat proqramının hazırlanması və onun planlı tətbiqidir. Bu, ölkələrə, hökumətlərə, iqtisadiyyata, siyasətə, təhsilə və digər ümummilli sistemlərə, eləcə də ayrı - ayrı təşkilatlara, qurumlara aiddir. Ölkə miqyasında zəruri olan islahatlar zamanın tələbindən doğsa da, əhəmiyyətli uğur əldə edilməsi siyasi iradədən asılıdır, ayrı - ayrı texniki məqamlar mühüm rol oynamır, cəmiyyətin bütün əlaqədar qüvvələri hərəkətə gətirilməlidir. Hər hansı ölkəmiqyaslı sahədə (təhsil, səhiyyə,…) köklü dəyişmələri hədəf alan islahat proqramı əvvəl -əvvəl pilot layihələrlə, təcrübə qazanmaq və ya ümumi planı sınamaq üçün həyata keçirilən kiçik layihələrlə başlaya bilər. Sonra tətbiq obyektləri get -gedə artmalı, nəzərdə tutulan sahəni bütöv əhatə etməlidir.


İslahatlar üzdəki görüntülərə deyil, dərinlərdə duran və sistemin kökündə dayanan cəhətlərə toxunmalı, onları dəyişməyə, yeni nizama, yeni sistemə salmağa yönəlməlidir. Bu iş, düşünülmüş islahat planı ilə bərabər, onun həyata keçirilməsi üçün kifayət qədər vaxt da tələb edir. İslahat hamar yol deyil, ağır yoldur, uğurlarla bərabər müəyyən səhv addımların atılması da mümkündür. Səhvlərdən nəticə çıxarıb, ümumi planda müəyyən dəyişikliklər edib yola daha əminliklə davam etmək olur.
Təhsildə islahat

Təhsil sahəsində islahat hər yerdə və hər zaman ən ağır və ən çətin iş hesab olunub. Bu sahədə köklü dəyişmələr insanların düşüncə tərzində, həyat fəlsəfəsində, cəmiyyətə, xalqa xas olan dəyərlər sistemində yeniləşmə tələb edir. Təhsilin nəticələri və cəmiyyətə təsiri böyükdür, mürəkkəbdir və həlledicidir. Təhsildəki köklü dəyişmələr nəticəsində fərdlərin dəyişməsi və inkişafı ilə bərabər, ictimai - siyasi mühitin qiymətləndirilməsinə münasibət də dəyişir. Bu zaman bir yandan milli kimliyin, özünüdərkin güclənməsi baş verirsə, o biri tərəfdən bəşəri dəyərlərə daha dərindən nüfuz etmə imkanı əldə edilir.

Təhsil sahəsində islahatlar təhsil müəssisələrini dəyişdirmək və nəticə etibarilə gücləndirmək məsələsini ortaya qoyur. Bu, fərdlərin dəyişməsindən daha ağır, əslində müqayisə olunmaz dərəcədə çox ağır məsələdir. Təşkilatların dəyişməsi daha uzun zaman tələb edir.
Rəqabət və keyfiyyət

Müasir dünyada ali məktəblər ağır rəqabətə, bəzən qlobal rəqabətə davam gətirmək məcburiyyəti qarşısında qalır. Bu zaman yeganə çıxış yolu özünü digərlərdən fərqləndirmək, daha yaxşı, daha güclü olduğunu sübuta yetirməkdən ibarətdir. Daha keyfiyyətli təhsil verən, daha böyük nüfuza malik olan təhsil müəssisələri güclü rəqabət qarşısında daim axtarış aparmağa, yeniləşməyə məcbur olur, keyfiyyətə baxışını genişləndirməyə və dəqiqləşdirməyə çalışır. Əslində mükəmməlliyə can atan qurum və ya fərd daim dəyişmədə olmalıdır, bu, həm də onun qarşısına qoyduğu məqsədin təkmilləşməsi, dəyişməsi deməkdir. Bu məqsədlə yola çıxan şəxs, təşkilat və ya dövlət öz yolu ilə irəlilədikcə məqsəd və hədəf də irəliləyir. Bu hərəkət bitmir, dayanmır, dayanmaq məqsəddən yayınmağa, geri qalmağa bərabər olur.


Ali məktəbin məqsədi, növü və nüfuzu

Ali məktəbin qarşısına qoyduğu məqsəd nədən ibarətdir, vəzifəsi nədir, bu vəzifəni yerinə yetirmək üçün, bu məqsədə çatmaq üçün hansı yollar seçilib?

Bir ali məktəb əsasən bakalavr dərəcəsi vermək üçün nəzərdə tutulan proqramları həyata keçirməklə məşğul ola bilər. Digərinin bir sıra sahələrdə magistr proqramlarına da marağı ola bilər. Başqa birisi elmi-tədqiqatlara çox əhəmiyyət verməklə magistr və doktor proqramlarını ön plana çəkə bilər. Təbii ki, sonuncu halda ali məktəb elmi araşdırmalarla təhsili bir-birinə qovuşdurmağa çalışır və mövcud, məlum biliyi saxlamaq və ötürməklə, yaymaqla kifayətlənmir, onu inkişaf etdirməyə, yeni bilik istehsal etməyə də cəhd edir. Bunlarla yanaşı, ali məktəb cəmiyyətlə sıx əlaqədə olmaq, tətbiqi işlərlə cəmiyyətə xidmət etmək vəzifəsini də qarşısına bir məqsəd kimi qoya bilər.

Ali məktəbin iş dünyası ilə əlaqələri çox mühümdür. Dünya qloballaşdıqca böyük şirkətlər, korporasiyalar hər sahədə, o cümlədən də ali məktəblərin inkişafında böyük rol oynaya bilər. Öz növbəsində şirkət və korporasiyaların da ali məktəbin xidmətinə, apardığı tədqiqatlara, yetişdirdiyi mütəxəssislərə ehtiyacı var.

Sadalananlar ali məktəbin tipini, kateqoriyasını göstərməklə yanaşı, onun gücünə də işarədir.

Ali məktəbin nüfuzu incə və mürəkkəb məsələdir. Tədqiqatda yüksəkdə olmayan ali məktəbdə bakalavr proqramları çərsivəsində tədris keyfiyyətli ola bilər, eləcə də doktorluq/tədqiqat universitetində bakalavrlıq səviyyəsində tədris müqayisədə çox yüksək keyfiyyətli olmaya da bilər. Təftiş edən mütəxəssislər qrupunun təcrübəsi, sahənin incəliklərinə bələd olması standartlarda və ümumiyyətlə, dəyərləndirmələrdə olan subyektivliyi azaltmağa imkan verir.

İçtimai rəy ali məktəb haqqında ortalama fikir və obraz formalaşdırır, bu zaman ali məktəbin bir sıra güclü (və zəif) tərəfləri ümumi orta obrazın kölgəsində qala bilir.

Keyfiyyət və standartlar

Ali təhsildə keyfiyyət nəyə deyilir? İnsan fəaliyyətinin müxtəlif sahələrində olduğu kimi təhsildə də keyfiyyət yüksək standartlara malik olmaqdır, fərqli, istisna xüsusiyyətdir, əla deməkdir. Keyfiyyət gözəgörünən nöqsanların olmaması deməkdir. Keyfiyyət ali məktəbin mədəniyyəti deməkdir, hər kəsin öz işində məsuliyyətini dərk etməsi, ali məktəbdə iş mədəniyyətinin hökm sürməsi deməkdir. Bu cəhətdən keyfiyyət asan izah olunan, lakin çətin əldə ediləndir. Keyfiyyət davamlı inkişafa yönələn sistem və üsulların hökm sürməsidir, zəruri işlərin mümkün qədər vaxtında görülməsidir. Keyfiyyət və yeniləşmə, yəni innovasiya bir-biri ilə sıx əlaqədədir, bir-birindən asılıdır.

1990 - cı illərin əvvəllərində total keyfiyyət menecmenti konsepsiyası irəli sürüldü. Bu, inzibati xidmətin keyfiyyəti və effektliliyinə aiddir. Bu sistemdə əməliyyatların aparılmasının və ümumiyyətlə, inzibati sistemin çevikliyi və ahəngdarlığı, informasiya texnologiyasına əsaslanması həlledici şərt kimi qəbul edilir. Keyfiyyət hamının iştirakıdır, komanda işinin təşkili və nəticəsidir. Təhsildə keyfiyyət təhsilə baxış sistemidir, mövqedir, daxili mədəniyyətdir.

Digər tərəfdən keyfiyyəti ali məktəbin bütün fəaliyyət sahələrində minimum standartlara malik olması kimi də qəbul etmək olar. Hər sahədə minimum standartları ödəyən qurum əslində gözəgörünən nöqsanların olmamasını təmin etmiş olur. Əslində keyfiyyət get-gedə şiddətlənən rəqabətdə tək öndə olmaq üçün deyil, həm də ayaq üstə qalmaq, yaşamaq, var olmaq üçündür.

Keyfiyət həm də mövcüd formanın əsaslı şəkildə dəyişməsidir, yüksək standartlara doğru yönələn bir hərəkətin, təkmilləşməyə can atmanın daimiliyidir, özünütənqidin və təftişin ali məktəbdə cərəyan edən əsas prosesləri daimi izləməsidir. Təhsil sistemində keyfiyyətin özündən daha çox keyfiyyətə nəzarət, keyfiyyətin ölçülməsi, keyfiyyətin təminatı, keyfiyyətin artırılması kimi söz birləşmələri ilə izah olunan, tərif verilən əməliyyat və proseslər, cəhdlər, meyllər, səy və təşəbbüs öyrənilir, vacib hesab edilir. Keyfiyyət bir prosesdir və bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir.
Keyfiyyətin tərifini verərkən və onu izah edərkən tez-tez standartlar sözü işlədilir. Bu söz əslində ikibaşlıdır, bir tərəfdən bu söz ilə mükəmməllik, kamillik, əlaçılıq nəzərdə tutulur (buna yüksək standartlar da deyilir, dünya standartları, avropa standartları kimi ifadələr mövcuddur), digər tərəfdən isə adilik (standart qaydalar, yəni minimum standartlar) göz önünə gəlir.

Cəmiyyətin və ya konkret qurumun xüsusi gözləntiləri və tələbatları orada hökm sürən dəyərlərlə müəyyən edilir, dəyərlərə söykənir. Keyfiyyət nəzərdə tutulanla gerçək vəziyyət arasında, tələbatla hal-hazırkı zamana kimi əldə olunmuş nəticə arasında olan yaxınlıqdır. Keyfiyyət içəridən baxışla kənardan, yad gözlə baxışın yaxınlığıdır.

Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə bir tərəfdən bu prosesin necə getməsini göstərən parametrlər, digər tərəfdən isə prosesin nəticəsi, yəni məzunlar keyfiyyəti müəyyən edən cəhətlərdir. Keyfiyyəti ölçən qurumların ən çatışmayan tərəflərindən biri onların nəticəyə, yəni məzunlara az fikir verməsidir. Təhsildə akademik standartlar (tədris və tədqiqatla, tədris planı və proqramlarla bağlı dəyərlər), xidmət standartları, o cümlədən maddi şərait və mənəvi mühiti xarakterizə edən cəhətlər, xüsusiyyətlər mövcuddur.
Keyfiyyəti kimlər ölçür?

Ən mühüm suallardan biri: keyfiyyəti ölçməyə kimlər məsuldur? Eyni qurumda, bir təhsil müəssisəsində keyfiyyəti ölçməyə ən azı üç namizəd var – təhsil müəssisəsinin özü, hökumət və keyfiyyət haqqında qərar verməyə səlahiyyəti olan müstəqil qurumlar, məsələn akkreditasiya agentlikləri, o cümlədən beynəlxalq və regional akkreditasiya qurumları.

Təhsil ocağının daxili dəyərləndirilməsi nədir? Ali məktəb öz əməkdaşlarının, müəllim, alim, idarəedənlər və tələbələrin iştirakı ilə ciddi özünüdəyərləndirmə aparır, özünün bütün fəaliyyət sahələrinə tənqidi nəzər salır, güclü və zəif tərəflərini, əsas hədəflərini, onu təhdid edən cəhətləri aşkara çıxarmağa, özünü əsas rəqibləri ilə müqayisə etməyə, nöqsanları aradan qaldırmaq planını və inkişaf yollarını müəyyən etməyə çalışır. Keyfiyyət haqqında kənardən fikir yürütməli olan akkreditasiya qurumları öz işini birinci növbədə bu daxili dəyərləndirməni təhlil etmək üzərində qurur, ali məktəbdə aparılmış öz-özünü təftişin obyektivliyi, dərinliyi və əhatə dairəsinin genişliyi məsələsini aydınlaşdırır, həmçinin tələbə, müəllim, idarəedənlər və xidmət bölməsində çalışanlarla müsahibə və sorğular aparır. Akkreditasiyanın nəticəsi olaraq məsul agentlik ali məktəbdə cari vəziyyət haqqında peşəkar fikir yürütməklə yanaşı keyfiyyətin artırılması yolları barədə tövsiyələr də verməlidir. Bir hesabat şəklində hazırlanan kənar (xarici) dəyərləndirmə bu və ya digər dərəcədə ictimaiyyətə çatdırıla bilər.

Keyfiyyətin tərəfsiz ölçülməsi və artırılması yollarını göstərən akkreditasiyanın əsas nəticəsi əsasən dövlətin ali məktəbə yardımı, o cümlədən maliyyə yardımı siyasətinin müəyyən edilməsi olmalıdır. Dövlət ali məktəbləri üçün dövlət büdcəsindən birbaşa maliyyələşmənin olub-olmayacağı və olacağı halda onun həcmi barədə söhbət getməlidir. Özəl ali məktəb halında isə onun və tələbələrinin dövlətdən böyük güzəştlə kredit və borc almaq hüququnun qazanılması - uğurlu akkreditasiyanın nəticəsi bu ola bilər.

Dünya təcrübəsi göstərir ki, hökümət bu işə qarışmaq fikrindədirsə, o, minimum standart­ları düzgün müəyyən etməyə çalışmalı və bununla kifayətlənməyi bacarmalıdır. Postsosialist ölkələrdə, bir sıra Asiya və Afrika dövlətlərində təhsilin keyfiyyətinin ölçülməsi məsələsində dövlət monopoliyası mövcuddur.
Keyfiyyətdə «əlavə dəyər»in rolu

Çox vacib cəhətlərdən biri ali məktəbin öz tələbələrini nə dərəcədə ciddi oxutması ilə, məzunların aldığı diplomun gücü ilə bağlıdır. Bu məsələ postsosialist cəmiyyətlərdə və inkişaf etməkdə olan ölkələrdə daha aktualdır. Təsəvvür edək ki, bir ali məktəb yeni qəbul olunmuş orta biliyə malik tələbəni müasir proqramlar əsasında təhsil və mənəviyyat baxımından ciddi bir mühitdə yetişdirib səviyyəli məzun-mütəxəssisə çevirir. Digər ali məktəb isə yaxşı biliyə malik tələbəni köhnəlmiş proqramlar əsasında və qeyri-ciddi təhsil və mənəviyyət mühitində oxudur və nəticədə həyata və işə hazır olmayan məzun-mütəxəssis yetişdirir.

Tələbənin müəyyən tədris intervalının (bir semestr, bir il, tam bakalavr və ya magistr proqramı boyu və s.) başlanğıcındakı və sonundakı uğurları, bu və ya digər göstəriciləri arasındakı fərq, daha doğrusu “son göstərici minus başlanğıc göstərici” ali məktəbin (və tələbənin) “əlavə dəyəri” kimi qiymətləndirilə bilər. “Əlavə dəyər”in böyüklüyü ali məktəbin (eləcə də tələbə çalışqanlığının, iradəsinin, həvəsinin) gücünü, effektliliyini göstərən mühüm amildir.

Ali məktəbin kadr hazırlığında ciddi süzgəc rolunu oynayıb-oynamaması keyfiyyətin ən vacib ölçülərindən biridir. Ali məktəb, orta təhsil almış insanların içindən bir qismini seçib onlara ali təhsil verir və tədris prosesində imtahanlar silsiləsi və məzun olmaq üçün müəyyən olunmuş tələbatlar vasitəsilə tələbənin irəliləməsini və mütəxəssisə çevrilməsini tənzimləyən “süzgəc”lər qoyur. Bu süzgəclərdən keçənlər məzun olurlar. Ali məktəbin nüfuzu, gücü və səviyyəsi bu süzgəclər silşiləsinin ciddiliyi, obyektivliyi, uyğunluğu və dəqiqliyi ilə birbaşa bağlıdır.


Keyfiyyətin yaranmasında iştirak edən əsas amillər/tərəflər

Ali təhsilin həyata keçirilməsində və keyfiyyətin təmin edilməsində bir-biri ilə sıx əlaqədə olan dörd amil və ya dörd ünsür (insanlar, qaynaqlar və ideyalar) iştirak edir:

1° Öyrənənlər, müəyyən ali təhsil dərəcəsi (bakalavr, magistr, doktor…) almaq istəyənlər, yəni tələbələr.

2° Öyrədənlər, yəni alimlər, müəllimlər, yüksək ixtisaslı mütəxəssislər.

3° Öyrənənlərlə öyrədənlərin fəaliyyət göstərdiyi şərait və mühit, yəni ali məktəbdəki mənəvi mühit, idarəetmə və maddi-texniki qaynaqlar/ şərait.

4° Müəllimlərin tələbələrə dərs deyərkən əsaslandığı ideyalar və proqramlar, yəni müasir və dinamik təhsil modeli, proqramlar və tədris planları. Öyrənənlər və öyrədənlərlə, şərait, idarəetmə və mühitlə yanaşı nəyin öyrədildiyi (hansı tədris planları, fənn proqramları və hansı dərs kitabları?) həlledici əhəmiyyətə malikdir…

Şərait və mühit elə olmalıdır ki, tələbə öyrənmək istəsin və ya öyrənməkdə çətinlik çəkən tələbə öz gücsüzlüyünü, bacarıqsızlığını dərk edib düşünsün, tədbir görsün və ya kənara çəkilməli olsun. Eyni zamanda bəlli şərait və mühit müəllimin öyrətməyə gücünə və həvəsinə təsir edə bilir.

İndikatorlar qrupu və ya keyfiyyətin yeddi tərəfi

Nəhayət, ali məktəbin səviyyəsini ölçə bilən göstəricilər və ya standartlar həm ali məktəbə tələbə qəbulunu, yəni başlanğıc şərtləri, həm təhsil prosesini, həm də təhsilin nəticəsini, məhsulunu ölçməyə yönəlib. Müxtəlif keyfiyyət analizində giriş, yol/proses və çıxışdan ibarət olan bu üç amildən birinə (və ya ikisinə) daha çox fikir verilə bilər.

Hər hansı ali məktəbi (qismən də fakültəni, departmenti/kafedranı,…) qiymətləndirərkən dəqiq işlənmiş indikatorlar və ya standartlara əsaslanmaq zəruridir. Bu standartların baxılan ali məktəbdə hansı dərəcədə olması haqqında fikir yürutmək qymətləndirməyə məsul olan qurumun işidir. Təhsildə keyfiyyətə təsir edən amillərin küllisini, yəni ali məktəbi yaxşı edən, “yaxşı ali məktəb” adını səciyyələndirən alilləri və ya ünsürləri çox müxtəlif şəkildə qruplaşdırmışıq mümkündür. Məsələn: 1. Təhsil və tədrislə bağlı plan və proqramlar. 2. Tələbələr və tələbə həyatının təşkili. 3. Alimlər və müəllimlik fəaliyyəti. 4. Təhsil siyasəti, tədrisin ciddiliyi və mühit. 5. Maddi və fiziki qaynaqlar. 6. Kitabxana. 7. İnkişaf və fəaliyyət planları.

Bu yeddi qrupda ali məktəbin gücünü, kamilliyini şərtləndirən təxminən səksən göstərici irəli sürülmüşdür (bax: Hamlet İsaxanlı. Yaxşı nədir, pis nədir? Ali təhsilin inkişafı və ali məktəblərin keyfiyyət göstəriciləri haqqında. “Xəzər Xəbər”, 2004, No 166-170)


Keyfiyyətə baxış. Amerika təcrübəsi tarixindən. Akkreditasiya

Təhsil müəssisələrini bütövlüklə xarakterizə edən ümumi keyfiyyətin ölçülməsində, eləcə də ayrı-ayrı elm-tədris sahələri üzrə təhsil müəssisələrinin uğurlarını və cari vəziyyətini araşdırıb peşəkar bir fikir söyləmək məsələsində amerikalıları pioner hesab etmək olar.

XIX əsrin 2-ci yarısında ABŞ-da təhsil siyasəti və təhsil qurumları ilə bağlı bir sıra həyati vacib problemlər meydana çıxmışdı. Ali təhsil almaq üçün kolleclərə qəbul qaydaları işlənilməmişdi, kolleclərdən dərəcə alıb məzun olmaq barədə hamı tərəfindən qəbul olunmuş standartlar yox idi. Klassik, sabit, donuq tədris planları işə yaramırdı, seçmə dərslərə ehtiyac artmışdı. Sosiologiya, psixologiya kimi yeni elm sahələri də formalaşmaqda idi ki, ali məktəblər onlara biganə qala bilməzdi. Bir kollecdən bakalavr dərəcəsi almış məzun başqa kollecdə magistr (master) proqramına daxil olmaq istəyəndə xeyli uyğunsuzluqlar meydana çıxırdı.

Bu cür problemlərlə üzləşən ali məktəblər çıxış yolları axtarmaq məcburiyyətində qalmışdı. Xüsusilə, ali məktəbə qəbul məsələsi gündəlikdə möhkəm dayanmış, təxirəsalınmaz hala gəlmişdi. Miçiqan Universiteti 1871-ci ildə öz müəllimlərini orta məktəblərə göndərib məktəblərdə tədrisin vəziyyətini araşdırmağa başladı. Bəyənilmiş orta məktəblərin məzunları orta məktəbi bitirmək haqqında sənəd-diplom təqdim etməklə Miçiqan Universitəsinin tələbəsi olmaq hüququ qazandılar. İndiana, Wisconsin və California universitetləri də analoji hərəkət etməyə başladılar. Bu, Amerikada təhsil müəssisələrinin planlı, düşünülmüş şəkildə dəyərləndirilməsinin, təhsildə keyfiyyət ölçülərinin tətbiqinin başlanğıcı oldu. Beləliklə, ali məktəblər orta məktəbləri qiymətləndirən, müəyyən mənada akkreditasiya edən qurum vəzifəsini öz öhdələrinə götürdülər.

Tezliklə bu hərəkat bölgə xarakteri aldı və qonşu ştatlarda kolleclərə qəbul məsələsini bənzər yolla həll etmək meylləri gücləndi. Müxtəlif coğrafi bölgələrdə təhsil standartlarının müəyyən edilməsi və keyfiyyətin ölçülməsində xüsusi marağı olanlar könüllü surətdə birləşib müstəqil, özəl qurumlar halında fəaliyyətə başladılar. 1885-ci ildə Yeni İngiltərə məktəblər və kolleclər assosiasiyası (New England Association of Schools and Colleges), 1887-ci il Orta ştatlar (Middle States), 1895-ci il Cənub (Southern) və Şimali Mərkəz (North Central) məktəblər və kolleclər assosiasiyaları quruldu. Digər iki analoji qurum uyğun olaraq 1917-ci və 1923-cü illərdə yaradıldı: Şimali-Qərb (Northwest) və Qərb (Western) məktəblər və kolleclər assosiyaları.

Bu altı assosiasiya universitet və kollecləri akkreditə etməyə, ali məktəbləri bütövlüklə, institut kimi (ingilisçə-“institutional”, türkcə-“kurumsal) qiymətləndirmək işinə başladılar. Onlar 1910 və 1954-cü illər arasında akkreditədən keçmiş ali məktəblərin siyahısını elan etdilər. Bu günə kimi ABŞ universitələrinin və kolleclərinin qurum dəyərləndirilməsi bu altı nüfuzlu müstəqil gəlir güdməyən (nonprofit) qeyri-hökümət təşkilatlarının üzərinə düşür. Bu regional assosiasiyalar öz keyfiyyət standartları və ya indikatorları küllisini çap etdirir və daima yeniləşdirməyə çalışırlar.

Akkreditasiya bir tərəfdən diaqnostika üçündür, keyfiyyətin və standartların donuq olmadığını, hərəkətdə olduğunu nəzərə alır, ali məktəbin fəaliyyətinə bir proses kimi baxır, inkişafına kömək edir, yol göstərir. Digər tərəfdən isə akkreditasiya qərardır, keyfiyyət haqqında hökm vermək üçündür, rəsmi tanınmadır, prosesi tənzimləmə funksiyasını yerinə yetirir.

Bu zaman, əlbəttə, ali məktəbin təbiətinə, məqsədinə görə, ölçüsünə və digər əlamətlərə görə fərqli olmasını və fərdiliyini, özünəməxsus olmaq istəyini akkreditasiya qurumu nəinki sındırmağa çalışmamalı, tam əksinə, birinci növbədə nəzərə almalı, bu istəyi qorumalıdır.

Əslinə qalsa, ABŞ-da akkreditasiya üçün müəyyən edilmiş minimum standartlar çox yüksək deyil. Bu səbəbdən güclü ali məktəblərlə yanaşı bir sıra nisbətən zəif kollec və universitetlər də akkreditasiyadan keçə bilirlər. Ümumi və ya minimum standartların çox yüksək olması da doğru deyil, onlar çox əhatəli və ciddi olduqca ali məktəbləri bir-birinə yaxınlaşdırmaq, fərqləri yoxa çıxarmaq və nəticədə təhsil mühitini qəlibə salmaq, beləliklə də yoxsullaşdırmaq təhlükəsi artır. Onsuz da mərkəzləşdirilmiş təhsil siyasəti olmayan ABŞ-da ali məktəblər bir-birindən məqsəd, hədəf və vəzifələrinə görə, tələbə və müəllimlərinə görə… böyük dərəcədə fərqlənə bilirlər. Və, onların hamısına eyni ölçüləri tətbiq etmək, onlara eyni gözlə baxmaq doğru görünmür.
Amerikada «ixtisaslaşmış» akkreditasiya

Bütövlükdə akkreditasi­ya­dan fərqli bir dəyərləndirmə isə proqram-fənn yönlü assosiasiyaların üzərinə düşür. Əgər birincilərə ABŞ-da “regional akkreditasiya” deyilirsə, proqram, sahə xarakteri daşıyanlara “ixtisaslaşmış” (“specialized”) və ya “peşəkar” (“professional”) akkreditasiya deyirlər. İxtisaslaşmış akkreditasiya sahəsində birinci addımı Amerika Tibb Assosiasiyası atdı. 1905 – 1907-ci illərdə bu assosiasiyanın Tibbi təhsil şurası (The Council of Medical Education) mövcud tibb fakültələrini gücünə, keyfiyyətinə görə təhlil və təsnif edib sıraladı, onların reytinqini müəyyən etdi. Maraq üçün, həmçinin ilk addımlardan məsələnin həllinə nə qədər ciddi yanaşıldığını göstərmək üçün, qeyd edək ki, baxılan 160 fakültədən 82-si bəyənilən (A sinfi), 46-sı bəyənilməyə namizəd (B sinfi) və 32-si bəyənilməyən (C sinfi) kateqoriyalarına dixil edildi. 1915-ci ilə kimi bu dəyərləndirmə təkrarlandı, bəyənilənlərin sayı 66-ya, bəyənilməyə namizədlərin sayı 17-yə endi (və 12 fakultə bəyənilmədi). Bu işin naticəsində Birləşmiş Ştatlarda tibbi təhsil fövqəladə dəyişmələrə məruz qaldı, bəyənilən fakültələrin tədris planları kökündən təftiş olundu, yeniləşdi (bu proses bu gün də davam edir).

Hal-hazırda ABŞ-da elm, sənət və texnologiyanın bir sıra sahələri üzrə ali məktəb proqramlarını dəyərləndirən peşəkar assosiasiyalar fəaliyyət göstərir. Mühəndislik və Texnologiya üzrə akkreditasiya qurumu (Accreditation Board for Engineering and Technology), Biznes və biznesə aid proqramların keyfiyyətini dəyərləndirən Müstəqil kollec və fakültələri akkreditasiya edən şura (Accrediting Council for Independent Colleges and Schools), Amerika Vəkillər Assosiasiyası (American Bar Association), eləcə də tibb, diş həkimliyi, veterinar həkimliyi, memarlıq üzrə keyfiyyəti dəyərləndirən peşəkar assosiasiyalar fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, ixtisaslaşmış akkreditasiya bir sıra sahələrdə (riyaziyyat, fizika, kimya, tarix, siyasi elmlər…) adətən tətbiq olunmur.
Akkreditasiya qurumlarının müstəqilliyi və hökumətin rolu. Amerika təcrübəsi

Cəmiyyətə ali məktəblərin gücü, keyfiyyəti (əslində isə yararlı olub-olmaması) barədə peşəkar məlumat verməyə çalışan bir sıra müstəqil qurumların varlığı və onların mühüm rol oynaması Birləşmiş Ştatlarda təhsil sisteminin həm rəngbərəngliyini, həm də dinamizmini nümayiş etdirir.

Düzgün akkreditasiya siyasətinin təşəkkülü Amerika ali təhsil sistemini gücləndirən, dünya birincisi edən amillərdən biri hesab olunur. Amerika ictimaiyyəti və tədqiqatçılar bu uğurun bir səbəbini də akkreditasiya qurumlarının hökümətdən asılı olmamasında, müstəqilliyində görür.

1992-ci il Ali təhsil aktına edilən əlavələr nəticəsində Amerika tarixində ilk dəfə federal hökumət keyfiyyətin təminatı məsələsinə birbaşa müdaxilə etmək imkanı qazandı. Belə ki, hər ştatda tələbələrinə federal maliyyə köməyi almaq haqqına sahib olmaq istəyən ali məktəbin keyfiyyəti haqqında fikir yürütmək üçün orta təhsildən sonrakı təhsili təftiş edən dövlət qurumlarının (State Postsecondary Review Entities) yaradılması tələb edildi. Üstəlik, federal təhsil departamentinin təzyiqi altında fəaliyyətdə olan müxtəlif akkreditasiya agentlikləri Akademik akkreditasiya üzrə milli siyasət şurasını (National Policy Board on Academic Accreditation) yaratdılar. Bu şuranın yaradılmasında məqsəd akademik akkreditasiya məsələsində milli standartların (bizim öyrəşdiyimiz dillə desək, dövlət standartlarının) təklif edilməsi, o cümlədən, tələbələrin qavrama-öyrənmə dərəcəsini müəyyən edə bilən ölçülərin işlənməsi idi. Nəticədə, Birləşmiş Ştatlarda da akademik keyfiyyətin təminatı məsələsində digər inkişaf etmiş ölkələrdəki modellərə bənzər milli sistemin yaradılması gözlənilirdi. Lakin 1994-də Konqres bu dövlət təftiş qurumunun fəaliyyətini lazımsız hesab etdi və onu maliyyələşdirmədi. Sonralar ali təhsil aktı yeniləşdirildikdə də təftiş məsələsinə yenidən baxılmadı. Həmçinin 1995-cı ilin yayında ali məktəblər (dövlət və özəl) nümayişkaranə surətdə Akademik Akkreditasiya üzrə milli siyasət şurasının təkliflərini rədd etdilər. Mərkəzi, vahid akkreditasiya qurumunun qeyri-obyektiv nəticələrə gəlmə ehtimalının böyük olduğu və ümumiyyətlə, mərkəzləşdirmənin effektsiz və zərərli olduğu qeyd edildi. Amerika ali təhsil sisteminin böyüklüyünün bir əlaməti də onun rəngarəngliyi, müxtəlifliyi, dinamizmi, mərkəzi idarəçiliyinin olmamasıdır. Hər hansı mərkəziyyətçilik, dövlət müdaxiləsi bu akademik əzəmətə xələl gətirə bilər.

Beləliklə, mərkəzləşdirilmiş və hökümət təsirində olan akkreditasiya fikri baş tutmadı, əksinə 1996-cı ildə ali məktəb rektorlarının xüsusi referendumu nəticəsində müstəqil fəaliyyət göstərmək istəyən çoxsaylı akkreditasiya qurumlarını tanıma üzrə şura meydana gəldi.

ABŞ-da həm regional akkreditasiya agentlikləri, həm də peşəkar assosiasiyalar iki rəsmi təşkilat tərəfindən tanınırlar: Ali təhsil üzrə şura (Council on Higher Education) və ABŞ təhsil katibi (US Secretary of Education). Onu da qeyd edək ki, ABŞ-da dərəcə və ya diplom üyüdən dəyirmanlar, yəni asanlıqla diplom verən ali məktəblərlə yanaşı akkreditasiya üyüdən dəyirmanlar, yəni asanlıqla akkreditasiya verən assosiasiyalar da mövcuddur. Ali təhsil üzrə şura onların əlamətlərini elan edir, ali məktəblərə onlardan uzaq durmağı tövsiyə edir. Akkreditasiya üyüdən assosiasiyalar Ali təhsil üzrə şura tərəfindən tanınmırlar (və tərsinə bu şura tərəfindən tanınanlar, onların sayı 60 ətrafındadır, düzgün çalışan assosiasiya sayılırlar).


Doktorluq proqramları və keyfiyyət

Qiymətləndirilməsi o qədər də asan olmayan tədqiqat və doktorluq proqramlarının keyfiyyəti məsələsi də diqqətdən kənarda qalmadı. Bu məsələ Milli araşdırma şurasının (National Research Council) dəstəyi ilə hökumətin müdaxiləsi olmadan ciddi şəkildə öyrənildi, 1982 və 1995-ci illərdə nəticələr nəşr olundu. Həm ali məktəblər, həm siyasətçilər tərəfindən bu araşdırma və onun müəyyən etdiyi keyfiyyət sıralaması ciddi qəbul edildi. 1982-də Amerika ali məktəblərində inkişaf etdirilən 32 sahə və ya ixtisas üzrə 2699, 1995-də isə 41 sahə üzrə 3600 tədqiqat-doktorluq proqramı tədqiq olunub dəyərləndirildi. 2006-cı ildən başlanan böyük həcmli yeni dəyərləndirmənin nəticələri 28 sentyabr 2010-cu ildə elan edildi. 212 tədqiqat-doktorluq yönlü ali məktəbin 62 sahə üzrə təqribən 5 min doktorluq proqramı öyrənildi. Bu, artıq elektron (“online”) məlumat əsaslı dəyərləndirmədir. Müəllim və alimlərin tədqiqat məhsuldarlığı, nəşrlər, çap olunmuş əsərlərə edilən istinadlar (sitatlar), alınan qrant və mükafatlar, hər konkret sahəyə aid tələbə (doktorant) və professorların sayı, verilən doktorluq dərəcələrinin sayı, digər yerdə çalışan həmkarların-mütəxəssislərin proqramın keyfiyyəti haqqında fikirləri kimi (cəmi 20) indikatorlar nəzərə alınmaqla doktorluq proqramlarının gücü müəyyən edilir.

Daha sürətlə inkişaf edən sahələrdə, xüsusilə təbiət elmlərində 10-12 il ərzində universitet proqramlarında böyük dəyişmələrin olması mümkündür; bu səsbəbdən məlum xülasə/qiymətləndirmə xeyli köhnəlmiş ola bilər. Elektron məlumatlar bazasının əmələ gəlməsi və orada dövri olaraq (daha qısa zaman ərzində) yeni müsahidələrin əks olunması bu işi müəyyən dərəcədə yoluna qoya bilər.

Əlbəttə ki, doktorluq proqramlarının keyfiyyətinin kəmiyyətlə ölçülməsi məsələsinin bir qədər mübahisəli olduğu da məlumdur.



Akkreditasiyanın əhəmiyyəti

İnkişaf etmiş ölkələrdə ali təhsil ocaqlarına dövlət büdcəsindən ayırmalar azaldıqca (ABŞ-da 1992-dən başlayan bu azalma durmadan davam etməkdədir) və rəqabət gücləndikcə ali məktəblər öz məqsəd və vəzifələrinə bir daha nəzər salır, inkişaf planlarını təftiş edir, akademik keyfiyyətin təminatı üçün yeni formalar axtarırlar. İnkişaf etmiş və inkişafda olan ölkələrin böyük əksəriyyətində rəqabətin təzyiqi altında aparılan bu axtarış, əsasən, Birləşmiş Ştatlarda tətbiq olunan forma və ideyaları mənimsəmək meyllərini nümayiş etdirir. Bir daha qeyd edək ki, səviyyəli ali məktəblər bölgədə deyil, beynəlxalq miqyasda gedən qlobal yarış və rəqabət içərisindədir.

Hal-hazırda vahid Avropa ali təhsil məkanı yaratmaq uğrundakı geniş miqyaslı çalışmalar (yəni Bologna sistemi) Amerikan ali təhsil modelinin avropalılar üçün, ideal olmasa da, bir nümunə olduğunu göstərir.

ABŞ-da regional akkreditasiyanın əhəmiyyəti çox böyükdür. Akkreditasiya almış ali məktəbin və onun tələbələrinin federal qrant, müqavilələr və maliyyə yardımı almaq üçün müraciət etmək, eləcə də müxtəlif fondların yardım proqramlarında iştirak etmək haqqı olur. Bakalavr dərəcəsi almış tələbələrin daha yüksək dərəcə verən proqramlara daxil olması üçün də onların akkreditə olunmuş ali məktəbdən məzun olması şərtdir. Beləliklə, ali məktəblər regional akkreditə olunmadan fəaliyyət göstərə bilsələr də (ümumi fəaliyyət üçün akkreditə olunub-olunmamaq mənasında heç bir qadağa yoxdur), ümumamerika ali təhsil sistemində tam iştirak etmək üçün akkreditə olunmaq zəruridir. Digər tərəfdən, bir sıra tətbiqi sahələrdə (tibb, hüquq, mühəndislik, müəllimlik və s.) yalnız ixtisaslaşmış, peşəkar assosiasiyaların akkreditə etdiyi proqramları bitirənlər öz peşələri üzrə praktik fəaliyyət üçün lisenziya istəyə bilərlər. ABŞ-da akkreditə hərəkatının əhəmiyyətini və çox geniş vusət aldığını nəzərə alaraq müstəqil akkreditasiya agentliklərinin qurulması prosesini tənzimləyən, onları “tanımaq” funksiyasını öz üzərinə götürən qurum da mövcuddur: Ali təhsil akkreditasiya şurası (Council of Higher Education Accreditation). Birləşmiş Ştatlar təhsil departmenti isə akkreditəyə qarışmadan akkreditə edən qurumlara və akkreditə olunmuş ali məktəblərə federal maliyyə yardımı ayrılması məsələsini tənzimləyir.
Keyfiyyət uğrunda. Sovetlər, Amerika və Avropa

Amerika Avropanı nümunə götürərək, Avropadan öyrənərək öz ali məktəblərini qurdu (baxmayaraq ki, 1862-ci ildən başlayaraq Amerika ali təhsil sistemində Avropaya xas olmayan və yüksək inkişafa böyük kömək olan fərqli addımlar da atılmağa başlanıldı).

Keyfiyyəti ölçmə və akkreditasiya məsələlərində isə Avropa Amerikanın qazandığı təcrübədən faydalanmağa çalışdı. 1952-ci ildə Hamburqda (Almaniya) yaradılmış UNESCO təhsil institutu bu işdə mühüm rol oynadı.

1957-ci ildə 1-ci Sovet peyki (“sputnik”i) orbitə çıxarıldıqdan sonra qərb ölkələrində və xüsusilə ABŞ-da təhsilin keyfiyyəti barədə müzakirələr həm elmi, həm siyasi baxımdan yeni böyük vüsət aldı. Ümumiyyətlə, Sovet uğurlarının Birləşmiş Ştatları və Qərbi Avropanı silkələməsi Qərbdə yeni təhsil erasının başlanğıcı oldu.

Təhsil beynəlxalq əməkdaşlığın zəruri olduğu və ən sox inkişaf etdiyi sahələrdən biridir. Elm, tədqiqat və elmin tətbiqləri cəmiyyətin inkişafında həlledici rol oynayır. Bu sahədə baş verən hadisələrin böyük qismi ali məktəblərdə cərəyan edir. Ali məktəblərin, elm ocaqlarının qarşılıqlı əlaqəsi və əməkdaşdığı sayəsində elm və texnologiya zaman boyu -nəsildən nəsilə və məkan boyu - ölkədən ölkəyə ötürülür, bəşəri qüvvəyə çevrilir. Ciddi əməkdaşdıq isə tərəflərin bir-birinə yaxın keyfiyyətdə və səviyyədə olmasını, “eyni havaya sazlanmasını”, müəyyən dərəcədə bir-birinə tuş gəlməsini tələb edir. Ali məktəblərarası tələbə mübadiləsi və bir-birinin uğurlarından bəhrələnmək istəyi keyfiyyətə müəyyən ümumi baxışın inkişaf etdirilməsinə gətirib çıxarır. Məsələn, Avropada razılaşdırılmış keyfiyyət ölçüləri varmı?

Bologna prosesinin ən mühüm maddələrindən biri ali təhsildə Avropa ölçülərini müəyyən etməyə çalışmaq, keyfiyyətin təmin edilməsinə yönələn kriteriya və metodologiyaların hazırlanmasında əməkdaşlıq etməkdir. Avropa Keyfiyyətin Təminatı Şəbəkəsi (ENQA) kimi təşkilatlarla sıx əlaqədə işləmək istiqamətində işlər görüldü. Bəzi ümumavropa keyfiyyət agentliklərinin rolunun artacağı və ya yenilərinin yaradılacağı istisna olunmasa da, təəssüf ki, keyfiyyatın ölçülməsi məsələsində Avropa hələ yekdil bir qərara gələ bilmir. Boloniya prosesinə qoşulmuş 47 ölkənin hər biri öz ali məktəblərinin keyfiyyət dəyərləndirməsi ilə özü məşğul olarsa Bologna bəyannaməsindəki “ali təhsil memarlığının harmonizasiyası” necə əldə edilə bilər? Birləşmiş Ştatlarda bu ali məktəblərin bütövlükdə akkreditasiyası ilə 6 regional assosiasiya məşğul olur. Avropada da regional və ya başqa növ geniş əhatəli akkreditasiya qurumları yaranacaqmı?


Avropa ölkələrində Rektorlar Konfransı adlanan və ali məktəb rektorlarını birləşdirən qurumlar fəaliyyət göstərir, onlar təhsilin keyfiyyəti, araşdırma, tələbə və mütəxəssis mübadiləsi kimi sahələrdə və ümumiyyətlə ali təhsil siyasətinin düzgün formalaşmasında fəal iştirak edirlər. Azərbaycanda isə Azərbaycan rektorlar assosiasiyası real həyatda yoxdur, yalnız kağız üzərindədir.

1993-də Avropa rektorlar assosiasiyası (GRE) tərəfindən Avropadakı üç iri klassik universitet çox müxtəlif sahələr üzrə öz - özünü təhlil yolu ilə və kənardan dəvət olunan mütəxəssislərin gözü ilə dəyərləndirildi. Bu, güclü və zəif tərəfləri aşkara çıxarmaq, inkişaf üçün mövcüd olan imkanları/fürsətləri, eləcə də təhdidləri araşdırmaq vasitəsilə həyata keçirildi. “Ali məktəbin inkişafına təsir göstərən daxili və xarici maneələr hansılardır?”, “hansı dəyişmələrə ehtiyac duyulur?” suallarına cavab axtarılırdı. Maneələrin aşılması yeni imkanların açılmasına gətirib çıxarır.


Ali təhsildə keyfiyyətin ölçülməsinə yönələn bəzi beynəlxəlq layihələr

Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Keyfiyyət menecmenti, keyfiyyət qiymətləndiril­məsi və qərarvermə prosesi” adlı layihəsi (1995-1997) ali təhsilin keyfiyyətinin geniş millətlərarası dəyərləndirilməsi baxımından maraqlı nümunədir. Məqsəd müxtəlif ölkələrdəki keyfiyyət dəyərləndirməsi sistemlərinin məqsəd, metod və gözləntilərini aydınlaşdırmaq və əldə olunan nəticənin idarəetmə və qərar qəbuletmə məsələlərinə göstərdiyi təsiri öyrənmək idi. Bu layihə 40 ali məktəbin iştiraki ilə Avropa, Avstraliya, Kanada və Meksikada həyata keçirildi.


UNESCO kimi bəzi beynəlxalq qurumlar da ali təhsildə keyfiyyətin ölçülməsi siyasətində fəallıq göstərirlər.

Müxtəlif ölkələrin əməkdaşdığına maraqlı misal olaraq 1989-cu ildə Avstraliya, Kanada, Hong Kong, İrlandiya, Yeni Zelandiya, Cənubi Afrika və Böyük Britaniya (və müşahidəçi statusu iləYaponiya) arasında bağlanmış Vaşinqton Akkordu adlanan sazişi göstərmək olar. Bu saziş həmin ölkələrdəki akkreditasya sistemlərini və uyğun ali məktəbləri qarşılıqlı məqbul saymaqla, akkreditə olunmuş mühəndislik proqramlarını qarşılıqlı etibarlı hesab etdi (4 il müddətində). Beləliklə, bu ölkələrin birində mühəndislik fakültəsindən məzun olduqda digər ölkədə işədüzəlmə məsələsindəki formal maneələr aradan qaldırılmış oldu. 2001-ci ildə qəbul olunmuş oxşar Sydney Akkordu mühəndislik proqramlarının 3 illik akkreditasiyası, 2002-ci ild qəbul olunmuş Dublin Akkordu isə texnik (texniki mühəndis) proqramlarının 2 illik ortaq akkreditasiyası haqqındadır. Qeyd edək ki, fərdlərin, bu halda mühəndislərin kvalifikasiyalarının tanınması haqqında da 3 müqavilə imzalanmışdır (1999, 2001 və 2003-cü illərdə).



Ədəbiyyat

1. Hamlet İsaxanlı. Müasir dünyada ali təhsil sistemində nələr baş verir və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” necə olsa yaxşıdır?. Xəzər Universitəsi nəşriyyatı, 2008.

2. Hamlet İsaxanlı. Yaxşı nədir, pis nədir? Ali təhsilin inkişafı və ali məktəblərin keyfiyyət göstəriciləri haqqında. Xəzər Xəbər, 2004, № 166-170.

3. Hamlet Isaxanli. On Education System in a Transition Economy. A View From Azerbaijan. Khazar University Press, 2006.

4. Hamlet Isaxanli. Diversification of post-secondary education: Azerbaijan. UNESCO: International Institute for Educational Planning, 2011 (to be published).

5. Standards and Quality in Higher Education. Edited by John Brennan, Peter de Vries and Ruth Williams. HE Policy Series 37/ Jessica Kingsley Publishers, 1997.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə