«TƏBİƏTİn dialektikasi»na giRİŞ




Yüklə 102.4 Kb.
tarix25.04.2016
ölçüsü102.4 Kb.
F.ENGELS

«TƏBİƏTİN DİALEKTİKASI»NA GİRİŞ1


Təbiətin müasir tədqiqi–qədim insanların naturfəlsəfə sahəsindəki dahiyanə fəralərinin və ərəblərin çox mühüm olsa da, yalnız qeyri-müntəzəm və əksəriyyətlə bir nəticə vermədən itib getmiş kəşflərinin əksinə olaraq, elmi, müntəzəm və hərtərəfli bir inkişafa gətirib çıxaran bu yeganə tədbir də–bütün yeni tarix kimi elə bir böyük dövrdən başlanır ki, biz almanlar bu dövrü, o zaman bizə üz vermiş milli bədbəxtliyə görə Reformasiya adlandırırıq, fransızlar onu Renessans, italyanlar isə–çinkveçento (hərfiyyən: beş yüzüncü illər, yəni on altıncı əsr. Red.) adlandırırlar və bu adlardan heç biri həmin dövrün məzmununu tamam əhatə etmir. Bu dövr XV əsrin ikinci yarısından başlanan dövrdür. Kral hakimiyyəti şəhərlilərə arxalanaraq feodal zadəganlığının qüdrətini qırdı və əslində milliyyətlərə əsaslanan böyük monarxiyalar yaratdı ki, bunlarda da müasir Avropa millətləri və müasir burjua cəmiyyəti inkişaf etməyə başladı; həm də şəhərlilərlə zadəganlar hələ öz aralarında vuruşmaqda davam edərkən, alman kəndli müharibəsi gələcəkdə sinfi döyüşlər olacağını əvvəlcədən göstərdi, zira bu müharibədə meydana atılanlar təkcə üsyan etmiş kəndlilər deyildi,–bunda daha heç bir yenilik yox idi,–habelə kəndlilərin ardınca müasir proletariatın əldə qırmızı bayraqlar tutub əmlakın ümumi olmasını tələb edən sələfləri göründü. Bizans süqut edərkən xilas edilən əlyazmaları və Roma xərabələrindən qazılıb çıxarılan antik heykəllər, heyrətə gəlmiş Qərb qarşısında yeni bir aləm–qədim yunan aləmini açdı; bu aləmin parlaq obrazları qarşısında orta əsrlərin xülyaları yox olub getdi; İtaliyada incəsənət misilsiz dərəcədə tərəqqi edərək, sanki klassik qədim dövrün inikası oldu və daha heç bir zaman bu tərəqqiyə çatmaq mümkün olmadı. İtaliya, Fransa və Almaniyada yeni, ilk, müasir ədəbiyyat yarandı. Az sonra bunun ardınca İngiltərə və İspaniya öz klassik ədəbiyyat dövrünü keçirdi. Köhnə «orbis terrarum» (hərfiyyən: torpaqlar dairəsi; Qədim romalılarda dünya, yer kurəsi belə adlanırdı. Red.) çərçivələri dağıdıldı; əslində yalnız indi yer kürəsi kəşf edildi və sonrakı dünya ticarəti üçün, sənətin manufakturaya keçməsi üçün təməl yarandı, manufaktura da müasir iri sənayenin başlanğıc nöqtəsi oldu. Kilsənin ruhani diktaturası sarsıdıldı; german xalqlarının əksəriyyəti bu diktaturanı açıqca öz üzərindən atdı və protestantizmi qəbul etdi, halbuki roman xalqları arasında hələ ərəblərdən keçən və yeni kəşf olunmuş yunan fəlsəfəsindən qida alan şən bir azad fikirlilik getdikcə daha dərin kök salmağa başladı ki, bu da XVIII əsr materializmini hazırladı.

Bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində bu, ən böyük mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkürünün gücü, ehtiras və xarakteri cəhətdən, hərtərəflilik və alimlik cəhətdən dahilərə ehtiyacı olan və onları yetirən bir dövr idi. Müasir burjua hökmranlığının əsasını qoyan adamlar, hər nə olsalar da, burjuacasına məhdud adamlar deyildilər. Əksinə, onlar o zaman üçün xarakterik olub cəsarətlə macəra axtarışlarının ruhundan bu və ya başqa bir dərəcədə ilham alırdılar. O zaman, demək olar ki, heç elə bir böyük adam yox idi ki, uzaq səyahətlərə çxmamış olsun, dörd və ya beş dildə danışmasın, bir neçə yaradıcılıq sahəsində parlamasın. Leonardo da Vinçi böyük bir rəssam olmaqdan başqa, habelə böyük bir riyaziyyatçı, mexanik və mühəndis idi, fizikanın ən müxtəlif sahələrindəki mühüm kəşfləri ilə ona borcludur. Albrext Dürer rəssam, həkkak, heykəltəraş, memar idi, bundan əlavə, istehkam sistemini icad etmişdi və bu sistem bəzi elə ideyaları ehtiva edirdi ki, çox sonralar Montalamber və ən yeni alman istehkam nəzəriyyəsi onları yenidən qamarlamışdı. Makiavelli dövlət xadimi, tarixçi və şair idi, bundan əlavə, yeni dövrün yad olunmağa layiq birinci hərbi yazıçısı idi. Lüter təkcə kilsənin deyil, alman dilinin də Avgi tövlələrini təmizlədi, müasir alman nəsrini yaratdı və XVI əsrin «Marselyozası»2 olub qələbəyə inamla dolu bir kilsə mahnısının mətni və musiqisini yaratdı. O zamankı qəhrəmanlar hələ əmək bölgüsünün qulu olmamışdılar, halbuki indi biz, əmək bölgüsünün adamı məhdud edən, birtərəflilik əmələ gətirən təsirini onların xələflərində çox tez-tez müşahidə edirik. Lakin onların xüsusilə xarakterik cəhəti bundan ibarət idi ki, onların demək olar hamısı tamamilə öz dövrünün mənafeyi ilə yaşayır, əməli mübarizədə fəal iştirak edir, bu və ya başqa bir partiyanın tərəfdarı olur və bəziləri söz və qələmlə, bəziləri qılıncla, bəziləri də eyni zamanda həm söz və qələm, həm də qılıncla mübarizə edirdilər. Onları kamil bir insan edən xarakter mükəmməlliyi və gücü də buradan irəli gəlir. O zaman kabinetlərinə qapanan alimlər istisna təşkil edirdilər; bunlar ya ikinci və üçüncü dərəcəli adamlardan, ya da özünü oda salmaq istəməyən ehtiyatlı filisterlərdən ibarət olurdular.

O zaman təbiət də ümumi bir inqilab şəraitində tədqiq edilirdi və bu tədqiq özü başdan-başa inqilabi ruhda idi: axı o özü üçün hələ yaşamaq hüququ qazanmalı idi. Yeni fəlsəfənin baniləri olan böyük italyanlarla birlikdə, bu tədqiq də inkvizisiya tonqalları və zindanlarına öz qurbanlarını verdi. Xarakterikdir ki, təbiətin sərbəst öyrənilməsini təqib etməkdə protestantlar katolikləri ötüb keçmişdilər. Servet qan dövranını kəşf etməyə lap yaxınlaşdığı bir zamanda Kalvin onu yandırtdı, həm də məcbur etdi ki, onu diri-diri iki saat qovursunlar; inkvizisiya isə Cordano Brunonu, heç olmazsa, sadəcə tonqalda yandırmaqla kifayətlənmişdi.

Papanın bullasını yandıran Lüterin bu hərəkətini sanki təkrar edib təbiət tədqiqinin müstəqilliyini bildirən inqilabi bir hadisə Kopernikin ölməz əsərinin nəşr olunmasından ibarət idi; Kopernik bu əsərində, təbiət məsələlərində kilsənin nüfuzuna qorxa-qorxa və, necə deyərlər, ancaq ölüm yatağında ikən, meydan oxumuşdu3. Təbiətşünaslığın ilahiyyatdan azad olması tarixi bu zamandan başlanır, hərçənd bunların bir-birinə qarşı ayrı-ayrı iddiaları yaşadığımız günlərə qədər aydınlaşdırılmaqda davam edir və bəzi adamların başında hələ indi də aydınlaşdırılıb başa çatdırılmamışdır. Lakin bu zamandan etibarən elmlər də nəhəng addımlarla inkişaf etmiş və bu inkişaf, belə demək mümkünsə, öz başlanğıc nöqtəsindən olan məsafənin (zaman daxilində) kvadratına proporsional olaraq qüvvətlənmişdir. Sanki dünyaya sübut etmək lazım idi ki, bu zamandan etibarən üzvü materiyanın yüksək məhsulu olan insan ruhu üçün, qeyri-üzvi materiyanın hərəkət qanununa əks olan bir hərəkət qanunu qüvvədədir.

Təbiətşünaslığın inkişafının indi başlanmış olan birinci dövründə başlıca iş, əldə olan materialın öhdəsindən gəlmək idi. Bir çox sahələrdə lap əvvəldən başlamaq lazım gəlirdi. Qədim zamandan Evklid və Ptolemeyin Günəş sistemi, ərəblərdən onluq hesab sistemi, cəbrin əsasları, rəqəmlərin indiki şəkli və əlkimya irs qalmışdı; xristian orta əsrlərindən isə heç bir şey qalmamışdı. Belə bir vəziyyətdə labüd olaraq ən elementar təbiətşünaslıq–yer və səma cisimlərinin mexanikası və bununla birlikdə, ona xidmət edən riyazi metodların kəşfi və təkmilləşdirilməsi birinci yer tutdu. Burada böyük işlər görüldü. Nyuton və Linneyin adları ilə bağlı olan həmin dövrün son çağında biz görürük ki, bu elm sahələri müəyyən dərəcədə başa çatmışdı. Ən mühüm riyazi metodlar: analitik həndəsə–başlıca olaraq Dekart tərəfindən, loqarifm–Neper tərəfindən, diferensial və inteqral hesablama,–Leybnits və bəlkə, Nyuton tərəfindən əsas etibarı ilə müəyyən edilmişdi. Başlıca qanunları həmişəlik olaraq aydınlaşdırılmış bərk cisimlərin mexanikası haqqında da eyni sözləri demək olar. Nəhayət, Günəş sistemi astronomiyasında Kepler planetlərin hərəkət qanunlarını kəşf etdi, Nyuton isə bu qanunları materiyanın ümumi hərəkət qanunları nöqteyi-nəzərindən ifadə etdi. Təbiətşünaslığın qalan sahələri hətta belə ilkin şəkildə də mükəmməlikdən uzaqda idi. Maye və qaz halında olan cisimlərin mexanikası göstərilən dövrün yalnız sonlarına doğru xeyli əhəmiyyətli dərəcədə işləndi (Səhifənin kənarında bu qeyd vardır. «Alp dağlarından gələn selləri nizama salmaqla əlaqədar olaraq Toriçelli bu işi görmüşdü». Red.). Astronomiyanın əməli tələbdəri sayəsində son dərəcə müvəffəqiyyət qazanmış optika istisna odmaqla, sözün əsl mənasında fizika hələ ən birinci, ilk inkişaf pillələrindən kənara çıxmamışdı. Kimya flokiston nəzəriyyəsi vasitəsi ilə əlkimyadan yenicə azad olmuşdu4. Geologiya hələ mineralogiyanın rüşeym mərhələsindən yüksəyə qalxmamışdı, buna görə də paleontologiya hələ heç mövcud ola bilməzdi. Nəhayət, biologiya sahəsində hələ başlıca olaraq həm botanika və zoologiyaya, həm də anatomiya və əsl fiziologiyaya aid son dərəcə çoxlu material toplamaq və bu materialı ilk dəfə sistemə salmaqla məşğul olurdular. Həyat formalarını bir-biri ilə müqayisə etməkdən, bunların yer üzünə coğrafi səpələnməsini, bunların varlığı üçün lazım gələn iqlim şəraitini və başqa bu kimi şəraiti öyrənməkdən hələ heç danışıq da ola bilməzdi. Burada Linneyin sayəsində yalnız botanika və zoologiya, təqribən başa çatmışdı.

Lakin nəzərdən keçirilən dövrün xüsusilə xarakterik cəhəti spesifik bir ümumi dünyagörüşünün hazırlanmasından ibarətdir ki, bunun da mərkəzini təbiətin qətiyyən dəyişilməzliyi haqqındakı təsəvvür təşkil edir. Bu baxışa görə, təbiət, hər hansı bir yolla yaranmış olsa da, bir halda ki, mövcuddur, bütün mövcud olduğu dövr ərzində həmişə dəyişməz qalmışdır. Planetlər və onların peykləri əsrarəngiz bir «ilk təkan» tərəfindən bir dəfə hərəkətə gətirildikdən sonra, əzəldən bəri və ya, hər halda, bütün şeylər tükənənə qədər, əvvəldən onlar üçün müəyyən edilən ellipslər üzrə hərəkət etməkdə davam etmişlər. Ulduzlar öz yerlərində əzəldən hərəkətsiz qalıb «ümumi cazibə» vasitəsi ilə bir-birini bu vəziyyətdə saxlamışdır. Yer kürəsi əzəldən və ya yaradıldığı gündən bəri (nöqteyi-nəzərdən asılı olaraq) heç dəyişilmədən daim bir cür qalmışdır. İndiki «beş qitə» həmişə mövcud olmuş və insan əli ilə dəyişdirilən və ya bir yerdən başqa bir yerə köçürülən şeylər istisna olmaqla bu qitələrin həmişə eyni dağları, vadi və çayları, eyni iqlimi, eyni flora və faunası olmuşdur. Bitki və heyvan növləri meydana gələrkən həmişəlik bərqərar edilmiş, oxşar həmişə oxşarı doğurmuş, Linney isə bəzi yerlərdə cütləşdirmə sayəsində bəlkə də yeni növlər meydana gələ bildiyini ehtimal etməklə böyük bir güzəştə getmişdir. Zamanla inkişaf edən bəşəriyyət tarixinin əksinə olaraq, təbiət tarixinin yalnız məkanca genişləndiyi fərz edilirdi. Təbiətdə hər bir dəyişikliyi, hər bir inkişafı inkar edirdilər. Əvvəllər bu qədər inqilabi olan təbiətşünaslıq birdən-birə elə bir başdan-başa mühafizəkar təbiət qarşısında qalmışdı ki, bu təbiətdə indi də hər şey əzəldə olduğu kimi qalırmış və hər şey dünyanın axırına qədər və ya əsrlər boyu əvvəlki şəkildə qalmalı imiş.

XVIII əsrin birinci yarısındakı təbiətşünaslıq qədim yunan dövrünə nisbətən öz biliyinin həcmi və hətta materialın sistemə salınması cəhətdən nə qədər yüksəyə qalxırdısa, bu materiala ideya cəhətdən yiyələnmək mənasında, təbiətə ümumi baxış mənasında ondan bir o qədər geri qalırdı. Yunan filosofları üçün dünya mahiyyət etibarı ilə xaosdan yaranmış, inkişaf etmiş və bərqərar olmuş bir şey idi. Nəzərdən keçirdiyimiz dövrdəki təbiətşünaslar üçün isə, dünya donub qalmış, dəyişməz bir şey idi, əksəriyyəti üçün də birdən-birə yaranmış bir şey idi. Elm hələ də ilahiyyət içərisində dərin batıb qalır. O hər yerdə son səbəb olaraq, təbiətin özü ilə izah edilə bilməyən və kənardan verilən bir təkan axtarıb tapır. Nyutonun təmtəraqla ümumi cazibə adlandırdığı cəzbetmə materiyanın mühüm bir xassəsi hesab edilirsə, bəs onda planetlərin öz orbitləri üzrə hərəkətini ilk dəfə həyata keçirən anlaşılmaz tangensial qüvvənin mənbəyi haradadır? Saysız-hesabsız bitki və heyvan növləri necə meydana gəlmişdir? Xüsusən, əzəldən mövcud olmadığı qəti müəyyən edilən insan bəs haradan meydana gəlmişdir? Təbiətşünaslıq bütün bu kimi suallara çox zaman yalnız belə bir cavab verirdi ki, bütün bunlara hər şeyin yaradanı məsuldur. Nəzərdən keçirdiyimiz dövrün əvvəllərində Kopernik ilahiyyatla vidalaşır; Nyuton bu dövrü ilahi ilk təkan postulatı vasitəsi ilə başa çatdırır. Nəzərdən keçirdiyimiz dövrdə təbiətşünaslığın qalxdığı ən yüksək ümumiləşdirici fikir, təbiətdə qoyulan qaydaların məqsədəuyğunluğu fikrindən ibarət bayağı Volf teleologiyası idi ki, bu teleologiyaya görə, pişiklər ona görə yaradılmışdır ki, siçanları yesinlər, siçanlar ona görə yaradılmışdır ki, pişiklər onları yesinlər, bütün təbiət isə ona görə yaradılmışdır ki, yaradanın müdrikliyi sübut edilsin. Etiraf etmək lazımdır ki, o zamankı fəlsəfənin ən böyük xidməti bundan ibarətdir ki, o öz dövründəki təbii-elmi biliklərin məhdudluğuna baxmayaraq, yoldan azmamış, Spinozadan başlamış böyük fransız materialistlərinə qədər dünyanı onun özündən izah etməyə var qüvvə ilə çalışmış, bunun ətraflı surətdə təsdiq olunmasını isə gələcək təbiətşünaslığının öhdəsinə buraxmışdır.

Mən XVIII əsr materialistlərini də bu dövrə daxil edirəm, çünki yuxarıda təsvir edilən təbii-elmi materialdan əlavə onların əlində heç bir başqa material yox idi. Kantın tam bir dövr təşkil edən əsəri onlar üçün sirr olaraq qaldı. Laplas isə onlardan xeyli sonra meydana gəlmişdi5. Bunu da unutmayaq ki, elmin tərəqqisi təbiətə olan bu köhnə baxışı tamamilə sarsıtmışdısa da, XIX əsrin bütün birinci yarısı Hələ həmin baxışın hökmranlığı altında idi (Səhifənin kənarında bu qeyd vardır: «Təbiətə olan köhnə baxışın donuq xarakteri bir tam olmaq etibarı ilə butün təbiətşünaslığı ümumiləşdirici və yekunlaşdırıcı tərzdə tədqiq etmək üçün zəmin yaratmışdı: fransız ensiklopedistləri hələ sırf mexaniki şəkildə–bir-birinin yanında;–sonra da eyni zamanda Sen-Simon və Hegelin başa çatdırdığı alman naturfəlsəfəsi». Red.) və əslində bu baxışı hələ indi də bütün məktəblərdə keçirlər (Bu baxışları təkzib etmək üçün elmi əsərlərində olduqca qiymətli material verən bir adamın hələ 1861-ci ildə həmin baxışlara necə qəti tərəfdar olduğunu aşağıdakı klassik sözlər aydın göstərir:

«Bizim Günəş sistemimizin bütün mexanizmi,–biz onu anlaya biləcəyimiz dərəcədə deyə bilirik ki – mövcud olan varlığı saxlamağa, onun uzun muddət dəyişmədən mövcud olmasına yardım edir. Ən qədim zamanlardan bəri yer üzərində heç bir heyvan, heç bir bitki daha mükəmməl bir şəklə girmədiyi və ya ümumiyyətlə başqa bir şəklə düşmədiyi kimi, biz bütün orqanizmlərdəki pillələrin ardıcıllığında bu pillələrin bir-birinin ardınca deyil, yalnız bir-birinin yanında gəldiyini görduyümüz kimi, bizim öz insan nəslimiz bədən cəhətdən həmişə eyni şəkildə qaldığı kimi,–eynilə, hətta eyni bir zamanda mövcud olan göy cisimlərinin son dərəcə müxtəlifliyi də bizə ixtiyar vermir belə güman edək ki, bu formalar yalnız müxtəlif inkişaf pnllələridir; əksinə, bütün yaradılanlar özluyündə eyni dərəcədə mükəmməldir» (Medler, «Populyar astronomiya», 5-ci nəşri, Berlin, 1861, səh. 316).).

Təbiətə olan bu donuq baxışa ilk dəfə təbiətşünas deyil, filosof zərbə endirdi. 1755-ci ildə Kantın «Ümumi təbiət tarixi və səma nəzəriyyəsi» əsəri çıxdı. İlk təkan məsələsi aradan qaldırıldı: Yer və bütün Günəş sistemi zaman daxilində əmələ gəlmiş bir şey kimi meydana çıxdı. Təbiətşünasların böyük çoxluğu təfəkkürə qarşı nifrət bəsləməsəydi,–Nyuton bunu: fizika, metafizikadan özünü Gözlə!6–deyə xəbərdarlıq şəklində ifadə etmişdi.–Kantın təkcə bu dahiyanə kəşfindən elə nəticələr çıxarmalı olardılar ki, bu nəticələr onları dolama yollarda arası kəsilmədən dolaşmaqdan qurtarardı və yanlış yolda sərf olunan külli miqdar vaxt və əməyə qənaət edilmiş olardı. Axı Kantın kəşfində bütün gələcək irəliləmənin başlanğıc nöqtəsi verilmişdi. Əgər Yer əmələ gəlmiş bir şey idisə, onda onun indiki geoloji, coğrafi, iqlim vəziyyəti, Yer üzündəki bitkilər və heyvanlar da bir zaman əmələ gəlmiş bir şey olmalı idi və Yerin yalnız məkan daxilində, yəni bir-birinin yanında yerləşmək şəklində deyil, habelə zaman daxilində, yəni birinin digərindən sonra gəlməsi şəklində də tarixi olmalı idi. Əgər bu istiqamətdə dərhal və qətiyyətlə tədqiqat davam etdirilsəydi, təbiətşünaslıq bu vaxta qədər indiki vəziyyətindən xeyli artıq irəliləmiş olardı. Daha fəlsəfə yaxşı nə verə bilərdi? Aradan uzun illər keçəndən sonra, Laplas və Herşel Kantın bu əsərinin məzmununu inkişaf etdirib daha ətraflı surətdə əsaslandırdılar, beləliklə «nebulyar hipotezin» qəbul olunması üçün tədricən şərait hazırlanıncaya qədər bu əsər bilavasitə nəticəsiz qaldı. Sonrakı kəşflər ona, nəhayət, qələbə qazandırdı; bu kəşflərdən ən mühümləri bunlar idi: sabit ulduzların öz hərəkətinin müəyyən edilməsi, dünya fəzasında müqavimət göstərən bir mühitin mövcud olduğunun sübut edilməsi, dünya materiyasının kimyəvi eyniyyətinin və Kantın güman etdiyi közərmiş duman kütlələrinin mövcud olduğunun spektral təhlil vasitəsi ilə müəyyən edilməsi (Səhifənin kənarında bu qeyd vardır: «Yerin fırlanmasına qabarmanın göstərdiyi ləngidici təsir də Kant tərəfindən kəşf edilib yalnız indi başa düşülmuşdür». Red.).

Lakin təbiətin sadəcə mövcud olmaq deyil, əmələgəlmə və məhvolma halında olduğunun yenicə başa düşülməsinə başqa bir tərəfdən yardım göstərilməsəydi, şübhə etmək olardı ki, təbiətşünasların əksəriyyəti Yerin dəyişkənliyi təsəvvürü ilə Yer üzündə yaşayan orqanizmlərin dəyişilməzliyi nəzəriyyəsi arasındakı ziddiyyəti tezmi başa düşə bilərdi. geologiya meydana gəldi və bir-birindən sonra əmələ gəlib bir-birinin üstündə yerləşən geoloji təbəqələrin nəinki təkcə mövcud olduğunu aşkara çıxartdı, hətta bu təbəqələrdə qalan balıqqulaqlarını və ölüb getmiş heyvan skeletlərini, indi daha mövcud olmayan bitki gövdələrini, yarpaq və meyvələrini də tapdı. Cəsarətlə etiraf etmək lazım gəlirdi ki, ümumiyyətlə və bütövlükdə götürülən təkcə Yerin deyil, habelə onun indiki səthinin və burada yaşayan bitki və heyvanların da zaman daxilində tarixi vardır. Bunu əvvəllər xeyli həvəssiz qəbul edirdilər. Yerdə baş verən inqilablar haqqında Küvyenin nəzəriyyəsi sözdə inqilabi, işdə isə mürtəce bir nəzəriyyə idi. Bu nəzəriyyə allahın kainatı bir dəfədə yaratdığı fikri əvəzinə, onun bir neçə dəfə təkrar yaradıldığını irəli sürür və möcüzədən təbiət üçün mühüm bir amil düzəldirdi. Yalnız Layel yaradıcının şıltaqlığının nəticəsi olaraq, birdən-birə baş verən inqilabları Yerin yavaş-yavaş dəyişilməsinin tədrici təsiri ilə əvəz edərək, geologiyaya sağlam düşüncə daxil etdi (Layel baxışının–hər halda onun ilk şəklində–nöqsanı ondan ibarət idi ki, bu baxışa görə, Yer üzündə təsir göstərən qüvvələr həm keyfiyyətcə, həm də kəmiyyətcə daimi hesab olunurdu. Bu baxışa görə Yer soyumur, Yer müəyyən bir istiqamətdə inkişaf etmir, sadəcə olaraq təsadüfi, rabitəsiz şəkildə dəyişilir.).

Layel nəzəriyyəsi üzvi növlərin daimiliyi fərziyyəsi ilə özündən əvvəlki nəzəriyyələrin hamısından daha çox bir araya sığmır. Yer səthinin və buradakı bütün həyat şəraitinin tədricən dəyişilməsi fikri orqanizmlərin tədricən dəyişilməsi və dəyişilən mühitə uyğunlaşması nəzəriyyəsinə bilavasitə gətirib çıxarırdı, növlərin dəyişkənliyi nəzəriyyəsinə gətirib çıxarırdı. Lakin ənənə təkcə katolik kilsəsində deyil, təbiətşünaslıqda da böyük bir qüvvədir. Layel özü uzun illər boyu bu ziddiyyəti görmürdü, onun şagirdləri isə bu cəhətdən ondan da geri qalırdılar. Bunu yalnız, o zaman təbiətşünaslıqda hökm sürən əmək bölgüsü ilə izah etmək olar, zira bu əmək bölgüsü üzündən hər bir tədqiqatçı özünün xüsusi bilik sahəsi ilə az-çox kifayətlənirdi və ancaq çox az tədqiqatçı tama bütövlükdə nəzər salmaq qabiliyyətini itirməmişdi.

Bu zaman fizika irəliyə doğru çox böyük bir addım atdı və bu addımın nəticələri təbiətşünaslığın bu sahəsində tam bir dövr təşkil edən 1842-ci ildə demək olar eyni zamanda üç müxtəlif adam tərəfindən yekunlaşdırıldı. Hoylbronnda Mayer və Mançesterdə Coul istiliyin mexaniki qüvvəyə və mexaniki qüvvənin istiliyə çevrildiyini sübut etdilər. İstiliyin mexaniki ekvivalentinin müəyyən edilməsi bu barədəki bütün şübhələrə son qoydu. Eyni zamanda peşəkar bir təbiətşünas deyil, ingilis advokatı olan Qrov fizikada əldə edilən ayrı-ayrı nəticələr üzərində sadəcə işləmək yolu ilə sübut etdi ki, fiziki qüvvə adlanan qüvvələrin hamısı–mexaniki qüvvə, istilik, işıq, elektrik, maqnetizm və hətta kimyəvi qüvvə adlanan qüvvə də–müəyyən şəraitdə, qətiyyən azalmadan bir-birinə çevrilir və beləliklə Qrov fiziki tədqiqat yolu ilə Dekartın belə bir müddəasını bir daha sübut etdi ki, dünyada mövcud olan hərəkətin miqdarı dəyişməzdir. Bunun sayəsində müxtəlif fiziki quvvələr–fizikanın, necə deyərlər, bu dəyişməz «növləri»–materiyanın müxtəlif yollarla bir-birindən ayrılan və müəyyən qanunlara görə bir-birinə keçən hərəkət formalarına çevrildilər. Filan və filan qədər fiziki qüvvələrin mövcud olmasının təsadüfiliyi elmdən kənar edilmədi, zira bunların qarşılıqlı əlaqəsi və bir-birinə keçməsi sübut edildi. Əvvəllər astronomiyada olduğu kimi, fizika da elə bir nəticəyə gəlib çıxdı ki, bu nəticə hərəkət edən materiyanın əbədi dövranını hökmən elmin son nəticəsi kimi göstərirdi.

Lavuaziyenin və xüsusən Daltonun vaxtından bəri kimyanın heyrət ediləcək qədər sürətlə inkişaf etməsi təbiət haqqındakı köhnə təsəvvürləri başqa bir cəhətdən də puç edirdi. O vaxta qədər yalnız canlı orqanizmdə əmələ gələn kimyəvi birləşmələrin qeyri-üzvi yolla əldə edilməsi sayəsində sübut edildi ki, kimya qanunlarının qeyri-üzvi cisimlər üçün nə dərəcədə hökmü varsa, üzvi cisimlər üçün də eyni dərəcədə hökmü vardır, beləliklə də hələ Kantın qəbul etdiyi belə bir fikir xeyli dərəcədə aradan qaldırıldı ki, guya qeyri-üzvi təbiətlə üzvi təbiət arasında əbədi keçilməz bir uçurum varmış.



Nəhayət, bioloji tədqiqat sahəsində də keçən əsrin ortalarından etibarən müntəzəm surətdə təşkil edilən elmi səyahət və ekspedisiyalar, dünyanın hər yerindəki Avropa müstəmləkələrinin burada yaşayan mütəxəssislər tərəfindən daha dürüst öyrənilməsi, sonra, ümumiyyətlə paleontologiya, anatomiya və fiziologiyanın müvəffəqiyyətləri, xüsusən mikroskopun müntəzəm surətdə tətbiq edildiyi və hüceyrə kəşf olunduğu zamandan etibarən bu elm sahələrindəki müvəffəqiyyətlər–bunların hamısı o qədər material topladı ki, müqayisəli metod (Səhifənin kənarında bu qeyd vardır: «Embriologiya». Red.) tətbiq etmək mümkün və eyni zamanda zəruri oldu. Bir tərəfdən, müqayisəli fiziki coğrafiya sayəsində müxtəlif flora və faunaların həyat şəraiti müəyyən edildi, digər tərəfdən isə müxtəlif orqanizmlər onların homoloji orqanları cəhətdən bir-biri ilə müqayisə edildi, həm də təkcə yetkin vəziyyətində deyil, habelə bütün inkişaf pillələrində müqayisə edildi. Bu tədqiqat nə qədər dərindən və dəqiq aparılırdısa, üzvi təbiətin dəyişməz kimi müəyyən edilib yuxarıda təsvir olunan donuq sistemi tədqiqatçının nəzərində bir o qədər çox əriyib gedirdi. Ayrı-ayrı bitki və heyvan növləri arasındakı hədlər getdikcə daha yayğın bir şəkil almaqdan başqa, habelə o zamana qədər mövcud olan bütün təsnifatı sanki lağa qoyan nəştərçə və pulcuqlu7 balıq kimi heyvanlar da aşkara çıxarıldı (Səhifənin kənarında bu qeyd vardır: «Narval, habelə arxeopteriks və i.a.»8. Red.) və, nəhayət, elə orqanizmlər tapıldı ki, onların heyvanlar, yaxud bitkilər aləminə aid olduğunu söyləmək belə mümkün deyildi. PaleontoloGiya salnaməsindəki kəsirlərin yeri getdikcə daha çox doldurularaq, hətta ən çox inadedənləri ümumiyyətlə üzvi aləmin inkişaf tarixi ilə ayrı-ayrı orğanizmlərin inkişaf tarixi arasında heyrət ediləcək paralelizm olduğunu etiraf etməyə vadar edirdi, beləliklə də, botanika və zoologiyanın düşdüyü və sanki getdikcə daha çox dolaşıb qaldığı labirintdən çıxarılacaq bir növ Ariadna yumağını verirdi. Xarakterikdir ki, günəş sisteminin əbədiliyi nəzəriyyəsinə Kantın hücum etməsi ilə, demək olar, bir zamanda K.F.Volf 1759-cu ildə təkamül nəzəriyyəsini irəli sürərək, növlərin daimiliyi nəzəriyyəsi üzərinə ilk dəfə hücum etdi9. Lakin onun yalnız dahiyanə surətdə əvvəlcədən söylədiyi fikir Oken, Lamark və Berin əsərlərində müəyyən bir şəkil aldı və tam yüz il sonra, 1859-cu ildə elmdə Darvin10 tərəfindən qalibiyyətlə həyata keçirildi. Demək olar ki, eyni bir zamanda müəyyən edildi ki, hələ əvvəllər bütün orqanizmlərin quruluşunda son tərkib hissələri hesab edilən protoplazma və hüceyrənin ibtidai üzvi formalar şəklində müstəqil yaşadığı hallara da təsadüf edilir. Bunun sayəsində üzvi təbiətlə qeyri-üzvi təbiət arasındakı uçurum minimuma endirildi və bununla da orqanizmlərin inkişaf yolu ilə əmələ gəldiyi nəzəriyyəsi qarşısında duran ən ciddi çətinliklərdən biri aradan qaldırıldı. Təbiətə yeni baxış əsas etibarı ilə hazır idi; məlum oldu ki, donub qalan hər şey axardır, hərəkətsiz olan hər şey hərəkət halındadır, əbədi sayılan hər bir xususi şey keçicidir: sübut olundu ki, bütün təbiət əbədi bir axın və dövran içərisində hərəkət edir.

Beləliklə biz yenə də yunan fəlsəfəsinin böyük banilərinin elə bir baxışına qayıtmış olduq ki, təbiətin ən kiçik zərrəciklərindən başlamış ən böyük cisimlərə qədər, kiçik dənələrindən başlamış günəşlərə qədər, protistlərdən11 başlamış insana qədər bütün təbiət əbədi bir yaranma və məhvolma halındadır, arasıkəsilməz axın, daimi hərəkət və dəyişilmə halındadır. Arada yalnız bir mühüm fərq vardır ki, yunanlarda dahiyanə fərz edilən şey bizdə təcrübəyə əsaslanan ciddi elmi tədqiqin nəticəsi olmuş, buna görə də daha çox müəyyən və aydın bir şəkil almışdır. Doğrudur, bu dövranın empirik yol ilə sübut edilməsində hələ kəsir vardır, lakin artıq qəti müəyyən edilənlərə nisbətən bu kəsir cüzidir; həm də bu kəsrin yeri ilbəil daha çox doldurulur. Bu sübutun ayrı-ayrı təfərrüatında necə kəsir olmaya bilər ki, ən mühüm bilik sahələri olan ulduz astronomiyası, kimya və geologiya bir elm olmaq etibarı ilə çox olsa bir əsrdən bəri, fiziologiyada müqayisə metodu isə ən çoxu 50 ildən bəri mövcuddur və demək olar hər bir həyat inkişafının əsas forması olan hüceyrə qırx ildən də az bundan qabaq kəşf edilmişdir! (Əlyazmasında bu abzas əvvəlki və sonrakı abzaslardan horizontal xətlərlə ayrılmış və üstünə çəpinə xətlər çəkilmişdir. Engels əlyazmasının başqa əsərlərdə istifadə etdiyi hissələrində, adətən, belə xətlər çəkirdi. Red.).

Kəhkəşanın (ağyolun) ən uzaq ulduz halqaları ilə məhdudlaşan dünya adamızın saysız-hesabsız günəşləri və günəş sistemləri, qasırğa kimi fırlanan közərmiş qaz dumanlıqlarından sıxılmaq və soyumaq nəticəsində inkişaf etmişdir; bu dumanlıqların hərəkət qanunlarını biz, yəqin ki, yalnız bir neçə əsr davam edəcək müşahidələr ulduzların öz hərəkəti haqqında aydın təsəvvür verəndən sonra kəşf edəcəyik. Görünür, bu inkişaf hər yerdə eyni sürətlə davam etməmişdir. Astronomiya bizim ulduz sistemimizdə qaranlıq cisimlərin, təkcə planet cisimlərinin deyil, digər qaranlıq cisimlərin, deməli, sönmüş günəşlərin də (Medler) mövcud olduğunu qəbul etməyə getdikcə daha çox məcbur olur; digər tərəfdən (Sekkinin fikrincə), qaz halında olan dumanlı ləkələrin bir hissəsi hələ hazır olmayan günəşlər şəklində bizim ulduz sistemimizə mənsubdur, bu isə Medlerin iddia etdiyi kimi, başqa dumanlıqların uzaqlardakı müstəqil dünya adalarından ibarət olduğu fikrini istisna etmir; bu dünya adalarının nisbi inkişaf dərəcəsini isə spektroskop müəyyən etməlidir.

Laplas ayrıca bir duman kütləsindən günəş sisteminin necə inkişaf etdiyini ətraflı surətdə və hələ indiyədək misli görünməmiş şəkildə göstərmişdir; sonrakı elm onun fikrinin gedişini getdikcə daha çox təsdiq etmişdir.

Bu yolla əmələ gələn ayrı-ayrı cisimlərdə–günəşlərdə, planetlərdə, peyklərdə–əvvəlcə materiyanın istilik adlandırdığımız hərəkət forması hökm sürür. Günəşin hətta indiki temperaturu şəraitində elementlərin kimyəvi birləşmələrindən heç danışıq ola bilməz; günəş üzərində bundan sonrakı müşahidələr burada istiliyin nə dərəcədə elektrikə və ya maqnetizmə çevrildiyini göstərər; artıq indidən, demək olar, müəyyən olunmuş hesab etmək olar ki, günəş üzərində baş verən mexaniki hərəkətlər yalnız istiliklə ağırlıq arasındakı toqquşma nəticəsində meydana gəlir.

Ayrı-ayrı cisimlər nə qədər xırda isə, bir o qədər tez soyuyur. Bizim Ay artıq çoxdan sönüb öldüyü kimi, əvvəlcə peyklər, asteroidlər, meteorlar soyuyur. Planetlər daha yavaş soyuyur, ən yavaş soyuyan isə mərkəzi günəşdir.

Soyuma artdıqca, bir-birinə çevrilən fiziki hərəkət formalarının qarşılıqlı təsiri getdikcə daha çox birinci plana keçir və bu hal o vaxta kimi davam edir ki, nəhayət kimyəvi yaxınlıq özünü göstərməyə başlamaq nöqtəsinə gəlib çatır və o vaxtadək kimyəvi cəhətcə bir-birinə laqeyd olan elementlər bir-birinin ardınca kimyəvi cəhətcə bir-birindən fərqlənir, kimyəvi xassələr kəsb edir və bir-biri ilə birləşir. Temperaturun aşağı düşməsi ilə birlikdə, bu soyumadan asılı olaraq qaz halındakı materiyanın bir hissəsinin əvvəlcə maye, sonra isə habalə bərk cisim halına keçməsi ilə birlikdə və bunun sayəsində yaranmış yeni şəraitlə birlikdə bu birləşmələr daim dəyişilir, həm də temperaturun aşağı düşməsi təkcə hər bir elementə deyil, habelə elementlərin hər bir ayrıca birləşməsinə də müxtəlif təsir göstərir.

Planetdə bərk qabığın əmələ gəlməsi və onun səthində suyun yığılmağa başlaması ilə, onun mərkəzi göy cismindən aldığı istiliyə nisbətən öz istiliyinin getdikcə əhəmiyyətini itirməyə başlaması bir vaxta düşür. Planetin atmosferi müasir mənada meteoroloji hadisələrin, onun səthi isə geoloji dəyişikliklərin baş verdiyi, elə bir sahə olur ki, orada atmosfer yağıntısı üzündən meydana gələn çöküntülər, onun közərmiş maye halındakı daxili nüvəsinin xaricində tədricən zəifləmiş təsirə nisbətən getdikcə daha üstün olur.

Nəhayət, temperatur səthin, heç olmazsa böyük bir hissəsində aşağı düşüb zülalın yaşaya biləcəyi həddi aşmayanda, başqa əlverişli ilkin kimyəvi şərait mövcud olduqda, canlı protoplazma əmələ gəlir. Bu ilkin şəraitin nədən ibarət olduğunu biz indiki zamanda hələ bilmirik. Bu da təəccüblü deyildir, ona görə ki, zülalın kimyəvi formulu indiyədək hələ müəyyən edilməmişdir və biz hətta kimyəvi cəhətdən nə qədər müxtəlif zulali cisim olduğunu da hələ bilmirik, həm də ona görə ki, yalnız təqribən on il bundan əvvəl məlum olmuşdur ki, heç bir quruluş forması olmayan zülal həyatın bütün mühüm funksiyalarını: həzm, ifrazat, hərəkət, yığışıb büzülmək, qıcıqlanmaya qarşı əks-təsir, törəyib artmaq kimi funksiyaları yerinə yetirir.

İrəliyə doğru yeni bir addım atılmasına imkan verən şərait yaranana qədər, beləliklə də, nüvə və qabığın əmələ gəlməsi sayəsində bu formasız zülaldan ilk hüceyrə meydana gələnə qədər, bəlkə də, min illər keçmişdir. Lakin bu hüceyrə ilə birlikdə bütün üzvi aləmdə forma əmələ gəlməsi üçün də əsas yaranmışdı. Paleontologiya tarixinin verdiyi bütün məlumata əsasən fərz etməliyik ki, əvvəlcə saysız-hesabsız hüceyrəsiz və hüceyrəli protist növləri əmələ gəlmişdir; protistlərdən bizim zəmanəmizə qədər yalnız «Eozoon canadense»12 qalmışdır, həm də bunlardan bəziləri tədricən fərqlənib ilk bitkiləri, digərləri isə ilk heyvanları əmələ gətirmişdir. İlk heyvanlardan isə, başlıca olaraq sonrakı fərqlənib ayrılma yolu ilə saysız-hesabsız heyvanat sinifləri, dəstə, fəsilə, cins və növləri inkişaf etmişdir, nəhayət, sinir sisteminin tamamilə inkişaf etdiyi bir forma, yəni onurğalılar meydana gəlmiş və ən axırda yenə də bunlardan elə bir onurğalı əmələ gəlmişdir ki, insan adlanan bu onurğalıda təbiət özü özünü dərk edir.

Həm də insan, yalnız fərdi mənada, yəni təkcə bir yumurta hüceyrədən təbiətin əmələ gətirə bildiyi ən mürəkkəb orqanizmə qədər inkişaf etmək yolu ilə deyil, habelə tarixi mənada da fərqlənib ayrılma yolu ilə meydana gəlir. Min illər boyu davam edən mübarizədən sonra, nəhayət, əl ayaqdan fərqləndikdə və dik yeriş meydana çıxdıqda insan meymundan ayrıldı, beləliklə də aydın nitqin inkişafı üçün və beynin güclü inkişaf etməsi üçün əsas yaranmış oldu və bunun sayəsində o zamandan etibarən insanla meymun arasında keçilməz bir uçurum əmələ gəldi. Əlin ixtisaslaşması alətin əmələ gəlməsi deməkdir, alət isə spesifik insan fəaliyyəti deməkdir, insanın təbiətə əks-təsir göstərib onu dəyişdirməsi, yəni istehsal deməkdir. Məhdud mənada götürüldükdə heyvanların da alətləri vardır, lakin bu alətlər heyvanların yalnız öz bədən üzvləri şəklindədir: qarışqa, arı, qunduz; heyvanlar da istehsal edirlər, lakin ətraf təbiətə onların istehsal cəhətdən göstərdiyi təsir təbiət qarşısında sıfıra bərabərdir. Yalnız insan təbiətə iz buraxacaq dərəcədə təsir göstərə bilmişdir: insan müxtəlif bitki və heyvan növlərinin yerini dəyişdirməkdən başqa, öz yaşadığı yerin xarici görünüşünü və iqlimini də dəyişdirmiş, hətta bitki və heyvanların özünü də o dərəcədə dəyişdirmişdir ki, insan fəaliyyətinin nəticələri yalnız Yer kürəsinin tamamilə ölüb getməsi ilə birlikdə aradan qalxa bilər. Həm də insan buna hər şeydən əvvəl və başlıca olaraq öz əli vasitəsi ilə nail olmuşdur. Hətta indiyədək təbiəti dəyişdirmək üçün insanın ən qüdrətli aləti sayılan buxar maşını da son nəticədə, məhz bir alət olmaq etibarı ilə əlin fəaliyyətinə əsaslanır. Lakin əlin inkişafı ilə bərabər baş da addımba-addım inkişaf edib şüur əmələ gəlmiş, əvvəlcə ayrı-ayrı faydalı əməli nəticələrin şəraiti başa düşülmüş, sonra isə, bunun əsasında, daha əlverişli şəraitdə olan xalqlar bu faydalı nəticələr üçün şərt olan təbiət qanunlarını başa düşmüşlər. Təbiət qanunlarının getdikcə daha sürətlə dərk olunması ilə birlikdə isə təbiətə əks-təsir göstərmək vasitələri də artmışdır; əgər əl ilə birlikdə və onunla yanaşı olaraq, qismən də əlin sayəsində insan beyni də müvafiq surətdə inkişaf etməsəydi, insanlar təkcə əl vasitəsi ilə heç bir zaman buxar maşını yarada bilməzdilər.

İnsanla birlikdə biz tarix sahəsinə qədəm qoyuruq. Heyvanların da tarixi vardır, yəni öz mənşəyi və tədricən indiki vəziyyətlərinə qədər inkişafı tarixi vardır. Lakin onlar bu tarixin passiv obyektləridir; həm də özləri bu tarixdə xəbərləri və arzuları olmadan iştirak edirlər. İnsanlar isə, əksinə, sözün dar mənasında heyvanlardan nə qədər çox uzaqlaşırlarsa, bir o qədər çox öz tarixlərini özləri şüurlu surətdə yaradırlar və irəlicədən nəzərdə tutulmayan nəticələrin, nəzarət altında olmayan qüvvələrin bu tarixə təsiri bir o qədər azalır, tarixi nəticə əvvəlcədən müəyyən edilmiş məqsədə bir o qədər dürüst uyğun gəlir. Lakin biz bəşər tarixinə, hətta zəmanəmizin ən çox inkişaf etmiş xalqlarının tarixinə bu miqyasla yanaşsaq, görərik ki, burada qarşıya qoyulan məqsədlə əldə edilən nəticələr arasında hələ də çox böyük uyğunsuzluq vardır, irəlicədən nəzərdə tutulmayan nəticələr yenə də üstünlük təşkil edir, nəzarət altında olmayan qüvvələr planla hərəkətə gətirilən qüvvələrə nisbətən xeyli güclüdür. Həm də nə qədər ki, insanların ən mühüm tarixi fəaliyyəti, onları heyvan vəziyyətindən insan vəziyyətinə yüksəldən, onların bütün başqa fəaliyyət növlərinin maddi əsasını təşkil edən fəaliyyət–insalların yaşayış tələbatını ödəməln olan istehsal, yəni bizim zəmanəmizdə ictimai istehsal–nəzarət altında olmayan qüvvələrin insanlar tərəfindən nəzərdə tutulmayan təsirinin kortəbii hərəkətinə xüsusilə tabedir və nə qədər ki, arzu edilən məqsəd burada yalnız bir istisna olaraq əldə edilir, ən çox hallarda isə buna tamamilə əks olan nəticələr meydana çəlir,–başqa cür ola da bilməz. Ən qabaqcıl sənaye ölkələrində biz təbiət qüvvələrini özümüzə tabe etmiş və insanın xidmətinə vermişik; bunun sayəsində biz istehsalı hədsiz dərəcədə artırmışıq, belə ki, indi bir uşaq əvvəllər yüz nəfər yaşlı adamın istehsal etdiyindən daha çox istehsal edir. Bəs istehsalın belə artmasının nəticələri nədən ibarətdir? Həddən artıq əmək və kütlələrin yoxsulluğu artır və hər on ildən bir böyük bir iflas baş verir. Darvin, iqtisadçıların ən böyük tarixi bir nailiyyət kimi təriflədiyi azad rəqabətin, yaşamaq uğrundakı mübarizənin heyvanlar aləmində normal bir hal olduğunu sübut edərkən insanlara, xüsusən öz həmyerlilərinə nə qədər acı bir satira yazdığını heç güman etməmişdi. Ümumiyyətlə istehsal insanları başqa heyvanlardan spesifik bioloji cəhətdən yüksəyə qaldırdığı kimi, yalnız ictimai istehsalın şüurlu surətdə təşkili, planlı istehsal və planlı bölgü onları ictimai cəhətdən də yüksəldə bilər. Tarixi inkişaf ictimai istehsalın bu cür təşkilini gündən - günə daha zəruri edir və gündən-günə onun üçün daha çox imkan yaradır. Yeni tarixi dövr bu zamandan başlanacaq və bu dövrdə insanlar özləri, insanlarla birlikdə isə onların bütün fəaliyyət sahələri, xüsusən təbiətşünaslıq elə müvəffəqiyyətlər qazanacaqdır ki, indiyədək görülən işlərin hamısını tamamilə kölgədə buraxacaqdır.

Lakin «meydana gələn hər şey məhv olmalıdır» (Höte. «Faust», I hissə, üçüncü səhnə («Faustun kabineti»). Red.). Aradan bəlkə də, milyonlarla il keçəcək, yüz minlərlə insan nəsli törəyib məhv olacaq, lakin elə bir zaman qətiyyətlə gəlir ki, günəşin tükənməkdə olan istiliyi qütblərdən gələn buzu daha əridə bilməyəcək, ekvator ətrafında getdikcə daha çox toplaşan bəşəriyyət yaşamaq üçün lazım olan istiliyi daha orada da tapa bilməyəcək, üzvi həyatın son izi tədricən yox olacaq və Ay kimi soyumuş ölü bir kürə olan Yer artıq ölü günəş ətrafında getdikcə daha qısa orbitlər üzrə dərin bir zülmət içərisində fırlanacaq və, nəhayət, onun üzərinə düşəcəkdir. Bəzi planetlər bu aqibətə Yerdən əvvəl, başqaları isə sonra uğrayacaq; ahəngdar tərkib hissələrinə parçalanmış, işıqlı və isti günəş sistemi əvəzində dünya fəzasında özünün tənha yolu ilə hərəkət edən soyuq və ölü bir kürə qalacaqdır. Bizim günəş sistemimizə üz verəcək bu aqibət gec-tez bizim dünya adamızın bütün başqa sistemlərinə də üz verməlidir, bütün başqa saysız-hesabsız dünya adaları sistemlərinə də üz verməlidir, hətta elə dünya adalarına da üz verməlidir ki, onların işığı, Yer üzündə işığı görə bilən insan gözü mövcud olanadək heç bir zaman gəlib Yerə çatmayacaqdır.

Bəs belə bir günəş sistemi öz həyat yolunu başa çatdırandan və sonu olan hər şey kimi ölüb gedəndən sonra nə olacaq? Günəşin meyidi ucsuz-bucaqsız fəzada bir meyid kimi daim hərəkətmi edəcək, əvvəllər, sonsuz dərəcə müxtəlif şəkildə bir-birindən fərqlənib ayrılan bütün təbiət qüvvələri həmişəlik dönüb yeganə hərəkət formasına, yəni cazibə qüvvəsinəmi çevriləcək?

«Yoxsa»–Sekkinin sual etdiyi kimi (səh. 810),–«təbiətdə ölü sietemi əvvəlki közərmiş dumanlıq halına qaytarmağa qadir olan, onu təzədən yeni bir həyata sövq edə biləcək qüvvələr vardır? Biz bunu bilmirik».

Əlbəttə, biz bunu bir mənada bilmirik, 2x2=4 olduğunu və ya materiya cazibəsinin məsafə kvadratına uyğun olaraq artdığı və əksildiyini bildiyimiz mənada bilmirik. Lakin təbiətə olan baxışlarını mümkün qədər vahid və ahəngdar bir tam halında birləşdirən və zəmanəmizdə ən səthi ağıla malik empirik üçün də hökmən zəruri olan nəzəri təbiətşünaslıqda biz çox zaman heç də tam məlum olmayan kəmiyyətlərdən istifadə etməli oluruq, buna görə də hər zaman fikir ardıcıllığı hələ kifayət qədər olmayan biliklərin irəliləməsinə kömək etməli olmuşdur. Müasir təbiətşünaslıq hərəkətin məhv edilməzliyi müddəasını fəlsəfədən əxz etməli olmuşdur; bu müddəa olmadan, təbiətşünaslıq indi daha mövcud ola bilməz. Lakin materiyanın hərəkəti yalnız kobud mexaniki hərəkətdən, yalnız yerdəyişmədən ibarət deyildir; materiyanın hərəkəti istilik və işıqdır, elektrik və maqnit gərginliyidir, kimyəvi birləşmə və parçalanmadır, həyat və, nəhayət, şüurdur. Durub demək ki, materiya bütün sonsuz varlığı ərzində bircə dəfə–o da öz varlığının əbədiliyinə nisbətən ancaq bir an içində–öz hərəkətini fərqləndirib ayırmaq və, beləliklə, bu hərəkətin bütün rəngarəngliyini aşkara çıxarmaq imkanına malik olmuşdur, bundan əvvəl və sonra isə həmişə ancaq sadəcə yerdəyişmə ilə məhdudlaşmışdır,–durub belə demək, materiyanın ölən və hərəkətin keçici bir şey olduğunu iddia etmək deməkdir. Hərəkətin məhv edilməzliyini təkcə kəmiyyət mənasında deyil, habelə keyfiyyət mənasında da başa düşmək lazımdır. Materiyanın xalis mexaniki yerdəyişməsi özündə əlverişli şəraitdə istiliyə, elektrikə, kimyəvi təsirə, həyata çevrilmək imkanını ehtiva etsə də, öz-özündən bu şəraiti doğura bilməz,–belə bir materiya öz hərəkətində müəyyən cəhətdən qüsurlu olardı. Özünə xas olan müxtəlif formalara çevrilmak qabiliyyətini itirən bir hərəkət, hərçənd hələ «dynamis»ə (imkana. Red.) malikdir, lakin «energeia»ya (gerçəkliyə. Red.) daha malik deyildir, beləliklə, qismən məhv edilmişdir. Lakin bunların heç biri mümkün deyildir.

Hər halda bir şey şübhəsizdir: bir zamanlar bizim dünya adamızın materiyası o qədər çox hərəkəti istiliyə çevirmişdir ki,–biz hələ də məhz nə cür hərəkəti çevirdiyini bilmirik,–buradan, azı (Medlerə Görə ) 20 milyon ulduza malik günəş sistemləri əmələ gələ bilmişdir və bu sistemlərin tədricən ölüb gedəcəyi eyni dərəcədə şübhəsizdir. Bu çevrilmə necə baş vermişdir? Günəş sistemimizin gələcəkdəki «caput mortuum»unun (hərfiyyən: ölü baş; məcazi mənada: ölü qalıqlar, közərmədən, kimyəvi rsaksiyadan sonrakı tullantılar və i.a.; burada sönmüş günəş və onun üzərinə düşmüş həyatdan məhrum planetlər nəzərdə tutulur. Red.) bir zaman yeni-yeni günəş sistemləri üçün yenidən xammala çevrilib-çevrilməyəcəyini keşiş Sekki bilmədiyi kimi biz də bu çevrilmənin necə baş verdiyini bilmirik. Lakin biz burada ya yaradanın köməyinə əl atmalı, ya da belə bir nəticə çıxarmalıyıq ki, bizim dünya günəş sistemləri üçün lazım olan közərmiş xammal təbii yolla, hərəkətin çevrilmələri yolu ilə əmələ gəlmişdir, həmin çevrilmələr hərəkət edən materiyaya təbiətən xasdır və, deməli, materiya bu çevrilmələrin şəraitini milyon-milyon illərdən sonra da olsa, az-çox təsadüf şəklində, lakin təsadüfə də daxilən xas olan zərurətlə yenidən yaratmalıdır.

Belə bir çevrilmənin mümkün olduğunu indi getdikcə daha çox qəbul etməyə başlayırlar. Belə bir əqidəyə gəlirlər ki, səma cisimlərinin son aqibəti bir-birinin üzərinə düşməkdir, həm də belə toqquşmalar zamanı əmələ gəlməli olan istiliyin miqdarını da hesablayırlar. Yeni ulduzların birdən-birə meydana gəlməsinə və çoxdan məlum olan ulduzların parlaqlığının yenə də birdən-birə artmasına, astronomiyanın bizə məlumat verdiyi bu hadisələrə bu cür toqquşmaların səbəb olduğu ən asan yolla izah edilir. Həm də nəzərdə tutmaq lazımdır ki, bizim planet qrupumuzun günəş ətrafında fırlanmasından və bizim günəşin dünya adamız daxilində hərəkət etməsindən başqa, bütün dünya adamız da başqa dünya adaları ilə müvəqqəti nisbi müvazinət halında olaraq, dünya fəzasında hərəkət edir, zira hətta sərbəst uçan cisimlərin nisbi müvazinəti də yalnız bir-birindən qarşılıqlı asılı olan hərəkət daxilində mövcud ola bilər; bundan əlavə, bəziləri fərz edirlər ki, dünya fəzasının hər yerində temperatur bir-birinin eyni deyildir. Nəhayət, biz bilirik ki, cüzi bir hissəsi istisna olmaqla, dünya adamızın saysız-hesabsız günəşlərinin istiliyi, dünya fəzasının temperaturunu, heç olmazsa, Selsi dərəcəsinin milyonda biri qədər artırmağa əbəs yerə çalışaraq fəzada itib gedir. Bəs bu çox böyük miqdar istilik nə olur? Bu istilik dünya fəzasını qızdırmaq istərkən həmişəlik yox olub gedirmi, dünya fəzasını on və ya daha, çox sıfırla başlanan onluq kəsrin ifadə etdiyi cüzi dərəcədə qızdırmış olmaq faktında daha əməli cəhətdən deyil, yalnız nəzəri cəhətdən saxlanılırmı? Bu fərziyyə hərəkətin məhvedilməzliyini inkar edir; bu fərziyyə onu mümkün hesab edir ki, bütün mövcud olan mexaniki hərəkət səma cisimlərinin ardıcıl surətdə bir-birinin üzərinə düşməsi yolu ilə istiliyə çevriləcək, bu istilik şüalanıb dünya fəzasına yayılacaq və bunun nəticəsində, «qüvvənin məhvedilməzliyinə» baxmayaraq, ümumiyyətlə hər bir hərəkət kəsilə biləcəkdir. (Yeri gəlmişkən, burada hərəkətin məhvedilməzliyi ifadəsi əvəzinə işlədilən: qüvvənin məhvedilməzliyi ifadəsinin nə qədər yersiz olduğu aşkara çıxır). Beləliklə, biz, bu nəticəyə gəlirik ki, şüalanıb dünya fəzasına yayılan istilik müəyyən bir yolla,–bu yolu müəyyən etmək gələcəkdə bir zaman təbiətşünaslığın vəzifəsi olacaq,–başqa bir hərəkət formasına çevrilmək və bu hərəkət formasında yenidən bir yerə toplanıb aktiv fəaliyyətə başlamaq imkanına malik olmalıdır. Beləliklə də, ölüb getmiş günəşlərin yenidən közərmiş dumanlığa çevriləcəyini qəbul etmək yolunda duran başlıca çətinliklər aradan qalxır.

Həm də, sonsuz zaman daxilində aləmlərin bir-birini daim təkrar olunan ardıcıllıqla əvəz etməsi, sonsuz fəzada saysız-hesabsız aləmlərin eyni zamanda mövcud olduğunu yalnız məntiqi surətdə tamamlayır: bu müddəanın hökmən zəruri olduğunu hətta yanki Dreyperin nəzəriyyəyə zidd olan beyni də etiraf etməyə məcbur olmuşdur («Sonsuz fəzada aləmlərin çoxluğu sonsuz zaman daxilində aləmlərin bir-birini ardıcıllıqla əvəz etməsi təsəvvürünə gətirib çıxarır» (Dreyper, «Əqli inkişaf tarixi», II cild, səh. [325])).

Materiyanın hərəkət etdiyi əbədi dövran bundan ibarətdir,–bu dövran öz yolunu yalnız elə bir zaman ərzində başa çatdırır ki, onu ölçmək üçün bizim Yer üzündəki il artıq kafi bir ölçü vahidi ola bilməz; bu dövranda ən yüksək inkişaf zamanının, üzvi həyat zamanının və, daha artıq desək, özünü və təbiəti dərk edən mövcudatın yaşayış zamanının ölçüsü də həyat və mənlik şüurunun mövcud olduğu məkanın ölçüsü kimi cüzidir; bu dövranda materiyanın sonlu mövcudiyyət formalarından hər biri – fərqi yoxdur, istər günəş və ya dumanlıq olsun, istər ayrıca bir heyvan və ya heyvan növü olsun, istərsə kimyəvi birləşmə və ya parçalanma olsun,–eyni dərəcədə keçicidir və, orada daim dəyişilən, daim hərəkət edən materiyadan və onun hərəkət və dəyişilmə qanunlarından başqa heç bir şey əbədi deyildir. Lakin bu dövran zaman və məkan daxilində nə qədər tez-tez və nə qədər amansızlıqla baş verirsə-versin, neçə milyonlarla günəş və yer kürəsi yaranıb məhv olursa olsun; müəyyən bir günəş sistemində və yalnız bir planetdə üzvi həyat üçün lazım olan şərait yaranacağı zamanadək nə qədər uzun bir vaxt keçirsə keçsin; saysız-hesabsız üzvi mövcudat içərisindən düşünə bilən beynə malik heyvanlar inkişaf edəcəyi zamanadək nə qədər saysız-hesabsız üzvi mövcudat əmələ gəlib məhv olursa olsun, onlar da öz həyatı üçün qısa bir muddətdə əlverişli şərait tapandan sonra yenə də rəhmsizliklə qırılıb getsin – biz əminik ki, materiya özünün bütün çevrilmələrində həmişə eyni ilə qalır, onun atributlarIndan heç biri heç bir zaman itib gedə bilməz və buna görə də materiya Yer üzündəki ən yüksək məhsulunu,–yəni düşünən ruhu bir zaman nə qədər amansız zərurətlə qıracaqdırsa, başqa bir zaman, başqa bir yerdə eyni dərəcədə zəruri olaraq yenidən yaratmalı olacaqdır.


F.Engels 1875–1876 illərdə yazmışdır.

İlk dəfə alman və rus dillərində «Marks və Engels arxivi»ndə çap edilmişdir, II kitab, 1925-ci il.




1 «Təbiətin dialektikası»–F.Engelsin başlıca əsərlərindən biridir; bu əsərdə XIX əsrin ortalarında təbiət elmlərinin qazandığı ən mühüm nailiyyətlər dialektik məterializm baxımından ümumiləşdirilmiş, materialist dialektika daha da inkişaf etdirilmiş, təbiətşünaslıqda metafizik və idealist konsepsiyaların tənqidi verilmişdir.

«Təbiətin dialektikası» materiallarının üçüncü bağlamasının Engels tərəfindən tərtib edilmiş mündəricatında bu «Giriş» «Köhnə giriş» adlanır. «Girişi» 1875-ci və ya 1876-cı ilə aid etmək olar. Bəlkə də «Giriş»in birinci hissəsi 1875-ci ildə, ikinci hissəsi isə 1876-cı ilin birinci yarısında yazılmışdır.



2 Engels Lüterin «Ein feste Burg ist unser Gott» («Tanrı–bizim əsl dayağımızdır») xoralını nəzərdə tutur. H.Heyne «Almaniyada din və fəlsəfə tarixinə dair» adlı əsərinin ikinci kitabında bu xoralı «Reformasiya Marselyozası» adlandırır.

3 Dünyanın heliosentrik sistemini şərh etdiyi «Səma dairələrinin dövranı haqqında» kitabının nüsxəsini Kopernik vəfat etdiyi gün, yni 1543-cü il mayın 24-də (köhnə üsulla) almışdı.

4 XVIII əsrdə kimyada hökmran olan baxışlara görə belə zənn edilirdi ki, yanma prosesi xüsusi bir maddənin, cisimlərdə flokistonun olması ilə izah edilir, yanma zamanı həmin maddə cisimlərdən ayrılır. Görkəmli fransız kimyaçısı A.L.Lavuazye bu nəzəriyyənin əsassız olduğunu sübut edərək, yanmanı yanan maddənin oksigenlə birləşməsi kimi izah etdi.

5 Kantın 1755-ci ildə imzasız nəşr olunan «Allgemeine Naturgeschichie und Theorie des Himmels» («Ümumi təbii tarix və səma nəzəriyyəsi») əsəri nəzərdə tutulur. Əsərdə Kantın kosmoqonik hipotezi şərh edilmişdi, bu hipotezə görə günəş sistemi ilkin dumanlıqdan əmələ gəlmişdir. Günəş sisteminin əmələ gəlməsi haqqında Laplasın hipotezi ilk dəfə onun «Exposition du systeme du monde» («Dünya sisteminin şərhi»). I–II cildlər, Paris, 1796, əsərinin son fəslində şərh edilmişdi.

6 İ.Nyutonun «Natural fəlsəfənin riyazi əsasları» adlı əsərinin Ümumi nəsihət adlı III kitabında irəli sürdüyü fikir nəzərdə tutulur. Nyutonun bu fikrini nəzərdə tutaraq Hegel özünün «Fəlsəfi elmlərin eksiklopediyası» § 98, 1-ci əlavədə qeyd edirdi: «Nyuton… fizikanı metafizikaya qapılmaqdan açıqca çəkindirir…».


7 Lansetnik (amfioks)–onurğasızlardan onurğalılara keçid formasını təmsil edən balığabənzər çox kiçik heyvandır; bir sıra dənizlərdə və okeanlarda yaşayır. Pulcuqlu (lepidosiren)–həm ağ ciyərləri, həm də qəlsəmələri olan və iki cür nəfəs alan balıqlar yarımsinfinə mənsub heyvandır, Cənubi Afrikada yaşayır.

8 Narval (seratod)–iki cür nəfəs alan balıq, Avstraliyada yaşayır.

Arxeopteriks–quşlar sinfinin ən qədim nümayəndələrindən biri və eyni zamanda sürünənlərin, bəzi xüsusiyyətlərinə malik olan, qazıntıda tapılan onurğalı heyvandır,



9 K.F.Volfun 1759-cu ildə nəşr olunan «Theoria generationis» («Əmələ gəlmə nəzəriyyəsi») adlı dissertasiyası nəzərdə tutulur.

10 1859-cu ildə Ç.Darvinin «Növlərin mənşəyi haqqında» əsəri çapdan çıxmışdır.

11 Protistlər–Hegelin təsnifatına görə ən sadə orqanizmlərin (təkhüceyrəli və hüceyrəsiz) geniş qrupudur ki, çoxhüceyrəlilərin iki aləmi (nabatat və heyvanat) ilə yanaşı üzvi təbiətin üçüncü xüsusi aləmini təşkil edir.

12 Eozoon canadense (eozoon kanadenze)–Kanadada qazıntı zamanı tapılan və ən qədim primitiv orqanizmlərin qalıqları sayılan heyvan. Alman zooloqu K.Mübius 1878-ci ildə həmin heyvanmn, üzvi mənşəyi haqqındakı fikri təkzib etmişdi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə