Tarixi tədqiqatlarda riyazi metodların tətbiqi mərhələləri Tarixi proses və hadisələrin ölçülməsi Tarixi proseslərin modelləşdirilməsi




Yüklə 31.07 Kb.
tarix27.04.2016
ölçüsü31.07 Kb.
Mövzu:

Azərbaycanın qədim və orta əsrlər tarixinin tarixi tədqiqatlarında

Riyazi metod
Plan:

  1. Tarixi tədqiqatlarda riyazi metodların tətbiqi mərhələləri

  2. Tarixi proses və hadisələrin ölçülməsi

  3. Tarixi proseslərin modelləşdirilməsi



Ədəbiyyat:

1. Б.А. Добриянов. Методологические проблемы теорического и исторического познания. М, 1968

2. И.Д. Ковальченко. Методы исторического исследования. М, 1987

3. J.Topolski. methodology of History. V,1976

4.Ə.M. Mehdiyev. Tarix tədrisinin metodikasına dair. Bakı, 1958

5. Tarix tədrisinin metodikası (dərs vəsaiti) Bakı,1972



GƏNCƏ 2015

Azərbaycanın qədim və orta əsrlər tarixinin tarixi tədqiqatlarında

Riyazi metod

1.Tarixçilərin tarixi hadisələri və prosesləri “hesablamaq” imkanı keçən əsrin əvvəllərində yaranıb. Lakin qeyd etmək lazımdır ki, tarixi tədqiqatlarda kəmiyyət metodlarının istifadəsinə münasibət həmişə bir mənalı olmamışdır. Subyektivist metodologiya tərəfdarlarının müxtəlif məktəb və istiqamətləri tarixi keçmişin obyektiv bərpası mümkünlüyünü inkar edərək, kəmiyyət metodlarının tarixin bərpasına heç bir köməklik göstərməyəcəyini iddia edirdilər. Onların fikrincə tarixçinin əsas vəzifəsi keçmişin təsviri metodlarla subyektiv əks etdirilməsidir.

Əksinə, strukturalist konsepsiyanın tərəfdarları tarixi keçmişin obyektiv dərk edilməsinin mümknülüyünü qəbul etsələr də, pozitivist ənənələri davam etdirərək, tarixin obyektiv bərpası üçün yalnız riyazi və kəmiyyət metodlarının zəruri olduğunu göstərirdilər. Bununla da onlar ənənəvi tarixi metodlardan istifadənin lüzumsuz olduğunu sübut etməyə çalışırdılar. Keçən əsrin əvvəllərində tarix elmində formalaşmış istiqamətlərdən olan dialektik materializm tarixi tədqiqatlarda imkan daxilində həm klassik, həm də qeyri-ənənəvi metodların istifadəsinin vacibliyi və zəruriliyini vurğuladı.

Riyazi və kəmiyyət metodlarının tarix elmində tətbiqi ilk vaxtlar iqtisadi tarix və demoqrafiyanın ehtiyacları üzündən mümkün olmuşdur. Riyazi və kəmiyyət metodlarının iqtisadi və demoqrafik problemlərin həlli zamanı tətbiqinin fəlsəfi əsası pozitivist konsepsiya tərəfindən qoyulmuşdur. Bu dövrdə (XIX əsrin sonu- XX əsrin əvvəlləri) riyazi üsulların köməyi ilə yeni toplanmış rəqəmlər təhlil olunurdu. İlk dəfə 1866-cı ildə İngiltərədə C.T.Rocer tərəfindən nəşr etdirilən kənd təsərrüfatı və qiymətlər probleminə həsr olunmuş 6 cilddlik tədqiqat işində tarixi informasiyanın təhlili zamanı riyazi metodlardan istifadə olunmuşdur. Sonralar C.D.Avennelinin XIII əsrdən XVIII əsrədək Fransada mövcud olmuş qiymətlər və əmək haqqının dinamikasına həsr olunmuş əsərində, A.Yanovskinin XVI əsr Polşa tarixinin tədqiqinə həsr olunmuş və statistik materialların təhlili əsasında yazılmış tədqiqat işində riyazi metodlar tətbiq edilmişdir.

Tarixi tədqiqatlarda riyazi və kəmiyyət üsullarının tətbiq olunmasının ikinci mərhələsi bu metodların tarixi tədqiqatlarda istifadəsinin nəzəri əsasının formalaşması ilə başlanır. Bu nəzəriyyənin yaranması ilk növbədə marksist siyasi iqtisadiyyatın xidməti sayılmalıdır. XX əsrin əvvəllərində yaranmış bir sıra elmi əsərlər, məs.,V.Leninin «Rusiyada kapitalizmin inkişafı» adlı əsəri, sosial strukturun statistik təhlilinə əsaslanaraq, yazılmışdır. Bu dövrdə yaranmış tədqiqat işlərində riyazi metodların tətbiqi aqrar, sənaye, demoqrafik və s. bu qəbildən olan problemlərin həlli ilə bağlı olsa da, onların tətbiqinin nəzəri cəhətdən əsaslandırılması və nəzəri bazasının formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi.

Tarixi tədqiqatlarda riyazi və kəmiyyət metodlarının istifadəsinin üçüncü mərhələsi ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Tətbiqi riyaziyyat, kibernetika elmlərinin geniş imkanıları və ictimai-siyasi, tarixi problemlərin getdikcə daha fundamental xarakter alması bu metodların tarixi tədqiqatlara cəlb edilməsini genişləndirdi. Tarixi tədqiqatlarda tətbiq olunan riyazi və kəmiyyət metodlarının xüsusiyyət və növlərini araşdırmamışdan öncə onların mahiyyətinin müəyyənləşdirilməsi zəruridir.

Qeyd edək ki, tarixi tədqiqatlarda kəmiyyət metodlarının tətbiqi demək olar ki, həmişə mövcud olmuşdur. Çünki kəmiyyət metodları kəmiyyət göstəriciləri sistemi əsasında obyektiv reallığın təzahür və proseslərinin adi təsvirini təşkil edir. Riyazi metodlar isə tarix elmi üçün yeni istiqamət olaraq, əslində verilən kəmiyyət göstəriciləri əsasında təzahür və proseslərin formal-kəmiyyət və riyazi modellərinin yaradılması deməkdir. Hər bir tarixi təhlil məzmun-təsvir və ya məzmun-kəmiyyət xarakteri daşıyır. Bu baxımdan tarixi tədqiqatlarda kəmiyyət və keyfiyyət təhlilini qarşı-qarşıya qoymaq qeyrimümkündür.

2.Tarixdə mahiyyət-məzmun təhlili təsviri xarakter daşıyaraq, şifahi formada həyata keçirilir. Lakin hər bir tarixi təzahür və prosesin tam təhlili onlarda olan kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin uyğunluğu müəyyən edilməzsə, tam sayıla bilməz. Tarixi tədqiqat yalnız kəmiyyət və keyfiyyət birliyini açıqlayan ölçü müəyyən edildikdə tamamlanmış hesab olunur. Məhz bu konteksdən tarixi tədqiqatlarda kəmiyyət metodlarının yerinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzəri cəhətdən istənilən tarixi reallığın öyrənilməsi zamanı kəmiyyət metodlarını tətbiq etmək olar. Lakin bu metodların praktik tətbiqi yalnız obyektlər və proseslərin tədqiqi müəyyən səviyyəyə çatdıqda mümkün olur. Məhz buna görə tarixi tədqiqatlarda kəmiyyət və riyazi metodların köməyi ilə həll oluna biləcək üç tip problem müəyyən edilir:

1) tədqiq edilən reallığın təşkil olunduğu keyfiyyətlərin, xüsusiyyətlərin kəmiyyət ölçüsü və sərhədlərini müəyyən etmək üçün onun rəqəmlər vasitəsi ilə xarakterizə olunması;

2) tədqiq edilən hadisə və proseslərin formal-kəmiyyət və riyazi modellərinin qurulması;

3) yeni elmi nəzəriyyələrin yaradılması və artıq mövcud olanların ifadəsi üçün riyazi metodların tətbiqi.

Kəmiyyət və riyazi metodların tarixi tədqiqatlarda tətbiqi ilk növbədə obyektiv reallığın təzahür və proseslərinin ölçülməsinin mümkünlüyü ilə şərtlənir. Əslində ölçmə obyektlər arasında münasibətlərin yaradılmasıdır. Ölçmənin mahiyyəti bu münasibətlərin rəqəmlərlə ifadə olunmasında əks olunur. Tarixi hadisə və proseslərin ölçülməsi üçün əsas onların keyfiyyət cəhətdən eyni tipli olması, tədqiq olunan obyektlərin müqayisəsinin mümkünlüyüdür. Məhz buna görə də tarixi hadisə və proseslərin ölçülməsi imkanı onlar haqqında yalnız müəyyən mahiyyət-məzmun bilikləri toplananda mümkün olur. Tarixi hadisə və proseslərin ölçülməsi sahəsində tarix müəyyən məhdudiyyətlərə malikdir və yalnız tarixi mənbələrin imkanı çərçivəsi daxilində kəmiyyət göstəriciləri sisteminin variasiyası və ya zaman (dinamik) sıralarını əks etdirə bilər. Variasiya sıraları müxtəlif obyektlərdə eyni xüsusiyyətlərin kəmiyyət göstəricilərini, dinamik sıralar isə eyni obyektlərin məxsus olduqları bu və ya digər xüsusiyyətləri xarakterizə edən göstəriciləri təşkil edir. Tarixi mənbələrdə əks olunan kəmiyyət göstəriciləri əsasən variasiya sıralarıdır. Məhz buna görə də tarixi tədqiqatlarda dinamik sıraların yaradılması olduqca çətindir. Tarixi obyektləri xarakterizə edən göstəricilərin böyük əksəriyyəti keyfiyyət atributlarıdır. Onların ölçülmə vahidi olmadığından onları metrik göstəricilərə çevirmək çətindir.

Keyfiyyət xüsusiyyətlərinin ölçülməsinin ən sadə metodu onların saylarının müəyyən edilməsidir. Kəmiyyət göstəricilərindən fərqli olaraq, keyfiyyət göstəricilərinin ölçülməsi tək deyil, bütöv xüsusiyyətlərə aiddir. Tarixi hadisə və proseslərin keyfiyyət göstəricilərinin ölçülməsi və kəmiyyət sistemi ilə formalaşdırılması metodlarından biri kontent-analizdir (təsviri-təhlil). Bu metod həm sadə, həm də mürəkkəb problemlərin həlli zamanı tətbiq edilir. Bu metodun mahiyyətini öyrənilən obyektlərin təzahür və xüsusiyyətlərinin kəmiyyətləşdirilməsi təşkil edir. Növbəti mərhələdə eyni kəmiyyət xüsusiyyətlərinə malik obyektlərin sayı müəyyənləşdirilir və bu keyfiyyət göstəriciləri kodlaşdırılır. Nəticədə təsviri informasiya rəqəmsal sistem formasını alır. İctimai varlığın təzahür və proseslərinin ölçülməsinin ən mürəkkəb problemi obyekt və təzahürlərə aid xüsusiyyətlərin intensivlik dərəcəsinin müəyyənləşdirilməsidir. Məhz bu problemin aradan qaldırılması üçün tarixçilər çox zaman ekspert qiymətlərindən istifadə edirlər. Bu üsula görə ayrı-ayrı xüsusiyyətlərin intensivlik şkalası müəyyən edilir. Bu proses çətin olsa da olduqca dərin və obyektiv biliklərin əldə olunmasına kömək edir. Lakin bu üsulların tarixi tədqiqatlarda geniş istifadəsi ümumi metodoloji, metodik və texniki problemlərin həllini və tarixçilərin bu metodlarla dərindən yiyələnməsini tələb edir.

3.Tarixi proses və təzahürlərin öyrənilməsində modelləşmə mühüm əhəmiyyət kəsb edir və tarixi tədqiqatlarda riyazi metodların tətbiqinin ən yüksək səviyyəsini təşkil edir. Məlumdur ki, modelləşmə tarixi gerçəklik və reallığın qurulan modellər əsasında təhlili deməkdir. Xarakterinə görə modellər maddi və ideal olmaq şərti ilə iki yerə bölünürlər. Əslində tarixi proseslərin modelləşdirilməsi öyrənilən obyektin mahiyyətinin riyazi işarələr formasında əksidir. Modelləşmənin əsasını oxşarlıq nəzəriyyəsi təşkil edir. Obyektlərin modellər əsasında öyrənilməsi mümkünlüyü isə analogiya prinsipinə əsaslanır.

Tarixçilər arasında belə bir fikir formalaşıb ki, riyazi modellərin qurulması üçün müəyyən elmi hipotez yaradılmalıdır. Model bu hipotezə uyğun qurulmalı, sonra isə onun modelə əsasən təsdiq olunub olunmadığı yoxlanılmalıdır. Lakin riyazi modelləşmə üçün elmi hipotezin formalaşdırılması əsas şərt deyil. Tarixi proseslərin modelləşdirilməsi üçün yaradılan modelləri əksetmə-ölçmə və immitasiya-proqnoz olmaqla iki qrupa bölmək olar.

Əksetmə-ölçmə modelləri tarixçilər tərəfindən adi və ənənəvi metodlar vasitəsilə tədqiqi mümkün olmayan ictimai inkişaf proseslərinin xüsusiyyətləri və qanunauyğunluqlarını öyrənmək üçün tətbiq olunur. Bu modellərin əsasında tədqiq olunan obyektin xüsusiyyət, xasiyyət və inkişafının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi və modelləşdirilməsi durur.

Riyazi model tədqiq olunan obyektin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün qurulursa, o immitasiya-proqnoz tipinə aiddir. İmmitasiya tədqiq edilən obyektin optimal inkişaf variantını müəyyənləşdirmək imkanı verir. Tarix elminə münasibətdə əksetmə-ölçmə modellərinin bütün növlərini tətbiq etmək olar. İmitasiya-proqnoz modellərinə gəldikdə isə onların tətbiqi yalnız üç tip problemlərin həllində daha effektiv nəticə verir:

1. Alternativ tarixi situasiyaların modelləşdirilməsi; yəni obyektiv və subyektiv cəhətdən mümkün olan, lakin faktiki olaraq, reallaşmamış tarixi situasiyaların modelləşdirilməsi. Bu cür modellər tarixin real inkişaf istiqamətini dərindən təhlil etmək imkanı verir.

2. Kontrfaktik situasiyaların modelləşdirilməsi, yəni real mövcud olmamış, lakin ehtimal oluna bilən tarixi situasiyaların modelləşdirilməsi. Bu cür modellər real tarixi şəraitin qiymətləndirilməsi üçün etalon rolunu oynayır və reallığın idealdan nə qədər fərqləndiyini müəyyənləşdirməyə imkan verir.



3. Tarixi hadisə və proseslərin adi xarakteristikası üçün imitasiya modellərinin qurulması. Adətən bu modellər tarixi hadisələr haqqında mənbələrdə kifayət qədər konkret-tarixi faktlar tapılmayanda qurulur.

Beləliklə, tarixi tədqiqatlarda riyazi və kəmiyyət metodlarının istifadəsinin geniş perspektivləri və imkanıları mövcuddur. Tarixi təzahür və proseslərin modelləşdirilməsinin geniş tətbiqi qlobal tarixi problemlərin həllində mühüm nailiyyətlər əldə etmək imkanı verir. Sadəcə olaraq, onların modelləşdirilməsi zamanı əsas diqqət modellərin məzmunmahiyyətinə yönəldilməli və bu baxımdan tədqiqat obyektinə məzmun cəhətdən yanaşılmalı, bütün metodoloji və mənbə- informasiya problemlərinin hərtərəfli əhatəsi təmin edilməlidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə