Tahirova azərbaycana qarşI İŞ




Yüklə 126.51 Kb.
tarix10.04.2016
ölçüsü126.51 Kb.



BİRİNCİ BÖLMƏ



TAHİROVA AZƏRBAYCANA QARŞI İŞ
(47137/07 saylı ərizə)

QƏRAR


STRASBURQ
3 oktyabr 2013

Bu qərar Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

Tahirova Azərbaycana qarşı işdə,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə)



hakimlər,

Isabelle Berro-Lefèvre, Sədr,


Elisabeth Steiner,
Khanlar Hajiyev,
Mirjana Lazarova Trajkovska,
Julia Laffranque,
Ksenija Turković,
Dmitry Dedov,
Bölmə Katibi Søren Nielsendən ibarət tərkibdə Palatada iclas keçirərək,

10 sentyabr 2013-cü ildə qapalı müşavirə keçirərək,

Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR


1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsində əsasən Azərbaycan vətəndaşı xanım Sürəyya Musa qızı Tahirova (“ərizəçi”) tərəfindən 28 mart 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (47137/07 saylı ərizə) əsasında açılıb.

2. Hüquqi yardım göstərilən ərizəçi Sumqayıtda fəaliyyət göstərən hüquqşünas cənab Ə.Mustafayev tərəfindən təmsil olunub. Azərbaycan Hökuməti (“Hökumət”) onun nümayəndəsi, cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.

3. Ərizəçi xüsusilə də iddia etdi ki, o, nümayişin dağıdılması zamanı polis tərəfindən döyülmüşdü və ölkədaxili hakimiyyət orqanları bu hadisəni araşdırmamışdılar. O, həmçinin iddia etdi ki, polisin nümayişə müdaxiləsi onun dinc toplaşmaq azadlığı hüququnun pozuntusunu təşkil edib.

4. 10 noyabr 2010-cu ildə şikayət barədə Hökumətə məlumat verildi. Həmçinin şikayətin qəbuledilənliyinə və mahiyyəti üzrə eyni vaxtda baxılması qərara alındı (29-cu Maddənin 1-ci bəndi).

FAKTLAR

I. İŞİN HALLARI


5.  Ərizəçi 1953-cü ildə anadan olub və Sumqayıtda yaşayır.

6.  O, 2-ci qrup əlildir və əlilliyə görə pensiya alır.


A. 26 noyabr 2005-ci il hadisələri


7. 6 noyabr 2005-ci ildə Azərbaycanda parlament seçkiləri keçirildi.

8. Seçkilərin nəticələri elan olunduqdan sonra Azadlıq müxalifət seçki koalisiyası 6 noyabr 2005-ci il parlament seçkiləri zamanı iddia edilən pozuntulara qarşı etiraz əlaməti olaraq nümayişlər keçirmək qərarına gəldi.  

9. 26 noyabr 2005-ci ildə Azadlıq iddia edilən seçki pozuntularına qarşı etiraz etmək üçün Bakıda Qəbələ Meydanında saat 3-dən 5-dək təyin edilmiş nümayiş keçirdilər. Nümayiş icazə verilmiş müddətdən çox davam etdiyindən, saat 5-dən azmüddət sonra polis nümayişçiləri zorla dağıtmaq üçün əməliyyata başladı. Dağıtma əməliyyatı dəbilqə, qalxan və dəyənəklərlə tam təchiz edilmiş çevik polis alayı tərəfindən həyata keçirildi.

10. Ərizəçi və onun ailəsi nümayişdə iştirak etdilər. Ərizəçinin sözlərinə görə 4:45 radələrində o, ərinin ona qoşulub evə birlikdə getmələri üçün onu gözləmək məqsədilə yavaş-yavaş meydanın kənarına gedirdi. Qəflətən o, xaotik şəkildə meydandan qaçmağa başlayan nümayişçiləri gördü. Eyni anda arxadan onun başına və belinə bir neçə dəfə zərbə vurdular. O, dönəndə onun sinəsinə və qarın nahiyəsinə ayaqla zərbə vurdular. O, ona ayaqla zərbə vuran şəxslərin formada olan və qalxan və dəyənəklə təchiz edilmiş polis əməkdaşlarının olduğunu görə bildi. O, hüşunu itirdi və yerə yıxıldı.

11. Bir neçə xəbər agentlikləri polis əməkdaşlarının ətrafında hüşsuz vəziyyətdə yerdə uzanmış ərizəçinin fotoşəkillərini çəkə bildilər. Bu şəkillərdən bəziləri müxtəlif qəzetlərdə və digər informasiya vasitələrində çap olundu.

12.  Ərizəçi qeyri-müəyyən müddət ərzində həmin yerdə uzanmışdı. O, bir neçə dəfə hüşunu itirdi və ayıldı. Ərizəçinin sözlərinə görə o, ayıq olanda bir neçə mülki şəxslərin ona kömək etməyə çalışdığını gördü, lakin çevik polis qüvvələri və onların polis itləri tərəfindən bu cəhdlərin qarşısı fəal şəkildə alındı. Uzun müddət ərzində çevik polis qüvvələri meydanda yerləşən təcili yardıma ona hər hansı yardım göstərməyə icazə vermədi və yalnız bir sıra mülki şəxslər çevik polis qüvvələrini buna icazə verməyə vadar etdikdən sonra, onu nəhayət ki, xəstəxanaya apardılar.

13. Ərizəçi 6:30-da xəstəxanaya yerləşdirildi. Ərizəçi ilə bağlı tibbi sənəddə deyilir:

“Tahirova Sürəyya Musa qızı 1953-cü ildə anadan olmuşdur və Sumqayıtda yaşayır, işləmir, 26 noyabr 2005-ci ildə saat 6:30-35 radələrində xəstəxanaya yerləşdirilmiş və 27 noyabr 2005-ci ildə tərk etmişdir.

Əsas xəstəliyin tam diaqnozu, digər xəstəliklər: qarın boşluğunun küt travması və diabet.

Xəstə xəstəxanaya sol qabırğalarının altında ağrı və ümumi zəiflik ilə müraciət etmişdi. Onun sözlərinə o, 26 noyabr 2005-ci ildə təxminən saat 5:00 radələrində polis əməkdaşları tərəfindən döyülüb. O, hadisə yerindən xəstəxanaya təcili yardım maşını ilə gətirilib. O, xəstəxanada müayinə edildi. Obyektiv müayinə zamanı palpasiyada qarın boşluğu bərk deyil və tənəffüsdə iştirak edir. Sol qabırğalarının altında bir az kəskin ağrı var. Ultrasəs müayinə qarın boşluğunda sərbəst maye və ya travmatik dəyişikliklər aşkar etmir. Ultrabənövşəyi müayinədə qabırğa qəfəsinin sol hissəsində sınıq görünmür. Xəstə sonrakı müayinə və dinamik müşahidə üçün Reanimasiya və İntensiv Terapiya Şöbəsinə köçürüldü. 27 noyabr 2005-ci ildə xəstənin və onun qohumlarının xahişi ilə xəstə (stabil vəziyyətdə) xəstəxananı tərk etdi.”

14. Ərizəçi gecəni xəstəxanada keçirdi və stasionar müalicə aldı. Onun vəziyyəti stabilləşdi və o, növbəti səhər xəstəxanadan çıxdı. 

B.  Daxili məhkəmələrdə icraat


15. Naməlum tarixdə ərizəçi pis rəftar nəticəsində vurulmuş maddi və mənəvi ziyana və onun dinc toplaşmaq azadlığı hüququnun pozulmasına görə kompensasiya tələb edərək, Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldırdı. O iddia etdi ki, Daxili İşlər Nazirliyinin çevik polis qüvvələri ona qarşı qanunsuz, əsassız və həddən artıq güc tətbiq etmişdilər və güc tətbiqi nəticəsində xəsarət almış şəxsləri təcili tibbi yardımla təmin etmək vəzifələrini yerinə yetirməmişdilər. Öz iddialarının müdafiəsi olaraq, o, müvafiq tibbi sənədləri və hadisənin fotoşəkillərini təqdim etdi.

16. Məhkəmə araşdırması zamanı Daxili İşlər Nazirliyinin nümayəndəsi ərizəçinin iddiasını rədd etdi.Onun arqumentləri aşağıdakılar idi:

“Birincisi, nümayişin müddəti əvvəlcədən müəyyən olunmuşdu. Tədbir 3:00-da başlamalı və 5:00-da başa çatmalı idi. Lakin bu müddətin başa çatdığını nəzərə almadan, nümayişçilər nümayişi qanunsuz olaraq davam etdirmək niyyəti ilə orada qaldılar. Qeyd edilməlidir ki, Daxili Qoşunların əsgərləri orada yox idi. Yalnız polis əməkdaşları və Çevik Polis Alayı meydanda idi. Onlar nümayişin sonunda səs ucaldanlar vasitəsilə nümayişçilərdən meydanı tərk etməyi xahiş etdilər. Polis əməkdaşları qanunvericiliyin tələblərini pozmamışdılar. Əksinə, çoxsaylı nümayişçilər əvvəlcədən müəyyən edilmiş müddətin başa çatmasından sonra qanunsuz olaraq meydanı tərk etmədilər.”

17. Daxili İşlər Nazirliyinin nümayəndəsi polis tərəfindən pis rəftarla bağlı ərizəçinin konkret şikayəti barədə səssiz idi. 

18. 31 mart 2006-cı ildə Səbail Rayon Məhkəməsi ərizəçinin öz iddialarını, xüsusilə də polisin hərəkətləri nəticəsində döyüldüyünü və ya başqa cür fiziki və psixoloji ziyan çəkdiyini sübut edə bilmədiyini müəyyən edərək, onun iddiasını rədd etdi. Bununla əlaqədar, əlavə izahat vermədən məhkəmə qərara aldı ki, məhkəməyə təqdim edilmiş tibbi sənəd və fotoşəkillər ərizəçinin iddialarını sübut etmir. Məhkəmə həmçinin qərara aldı ki, nümayişin zorla dağıdılması qanuni idi, çünki nümayişçilər hakimiyyət orqanları tərəfindən icazə verilmiş müddətdən kənar, saat 3:00-dan sonra Qələbə Meydanında qalmışdılar. Qərarın müvafiq hissəsində deyilirdi:

“Azərbaycan Respublikasının Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanunun 7-ci Maddəsi iğtişaşların və ya cinayətin qarşısının alınması, ictimai mənafenin və dövlət təhlükəsizliyinin qorunması, eləcə də demokratik cəmiyyətdə zəruri olan digər mənafelərin qorunması üçün sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.

Həmin qanunun 14-cü Maddəsinə əsasən toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvənin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək və toplantının dayandırılması və iştirakçılarının dağılışması üçün müvafiq qüvvə tətbiq etmək hüquqları vardır…

Məhkəmə iclasında ərizəçi polisin toplantını 26 noyabr 2005-ci ildə saat 5:00-dək dağıtdığını təsdiq edən hər hansı sübut təqdim etmədi. Əksinə, müəyyən olunmuşdu ki, polis əməkdaşları saat 5:00-dək nümayişə müdaxilə etməmişdilər və yalnız müəyyən edilmiş müddətin başa çatmasından sonra və çoxsaylı xəbərdarlıqlardan sonra, nümayişçilər dağıdılmışdı…

Bundan əlavə, ərizəçi məhkəməyə polis tərəfindən döyüldüyü və nəticədə hüşünü itirdiyi və yerə yıxıldığı üçün xəsarət aldığını təsdiq edən etibarlı sübut təqdim etməmişdi. Tibbi sənəd və fotoşəkillər iddianın əsaslandırılmış olduğu demək deyil.”

19. 5 iyun 2006-cı ildə ərizəçi şikayətlərini təkrar edərək, bu qərardan şikayət verdi. O, xüsusilə də qeyd etdi ki, məhkəmə onun polis tərəfindən pis rəftara məruz qaldığını göstərən müvafiq tibbi sənədlərin surətlərini və fotoşəkillərini ətraflı şəkildə araşdırmamışdı.

20. 11 avqust 2006-cı ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Apellyasiya Məhkəməsinin qərarı demək olar ki, birinci instansiya məhkəməsinin qərarının mətni ilə eynidir və ərizəçinin şikayətinin rədd edilməsinin eyni əsaslarını təkrar edir.

21. 12 dekabr 2006-cı ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.



II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK

A.  Azərbaycan Respublikasının Konstitusiyası


22. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı Maddəsinin III bəndində deyilir:  

“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz....”

23.  Konstitusiyanın 49-cu Maddəsi nəzərdə tutur:

“I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.”

B.  28 oktyabr 1999-cu il tarixli Polis haqqında Qanun


24.  Polis haqqında Qanunun müvafiq hissəsində deyilir:

Maddə 1. Əsas Anlayışlar

“Xüsusi vasitələr - dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələrdir...”



Maddə 26. Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi

“VI. Bu qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır…

VII. Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və onun qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.

IX. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.”



Maddə 27. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri

I. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:

1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;

5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;

7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;

8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə iyirmi dörd saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir.”


C.  Sözügedən müddətdə qüvvədə olan Cinayət Prosessual Məcəllə (“CPM”)


25.  Cinayət işinin başlanması ilə bağlı CPM-in müvafiq müddəalarında deyilir:

Maddə 37. Cinayət təqibinin növləri

“37.1. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.

37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 [böhtan], 148 [təhqir], 165.1 [müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma] və 166.1-ci [ixtiraçılıq və patent hüquqlarını pozma] maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 [qəsdən sağlamlığa az ağır zərər vurma], 128 [qəsdən sağlamlığa yüngül zərər vurma], 129.2, 130.2, 131.1 [ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma], 132-134 [döymə; əzab vermə; öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə], 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir...

37.5. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.”

Maddə 39. Cinayət təqibini istisna edən hallar

“39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):

39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə)...”

Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri

“46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.

46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.”

D.  Sözügedən müddətdə qüvvədə olan 13 noyabr 1998-ci il tarixli Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanun


26.  7-ci Maddə nəzərdə tutur ki, sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız Qanunla və demokratik cəmiyyətdə zəruri olan aşağıdakı mənafelərin qorunması məqsədilə qoyula bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün 4) əhalinin sağlamlığının mühafizəsi üçün 5) mənəviyyatın mühafizəsi üçün 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

27. 14-cü Maddə toplantının keçirilməsi ilə əlaqədar polisin səlahiyyətləri və vəzifələrini təsbit edir. 14.I.3-cü Maddəyə əsasən polisin yazılı xəbərdarlıqda göstərilən şərtlərə uyğun keçirilməyən toplantını zərurət yarandıqda dayandırmaq hüququ var. 14.II Maddə həmçinin nəzərdə tutur ki, polisin toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək, toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək, toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı gücün tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək, toplantının dayandırılması və iştirakçıların dağılışması üçün müvafiq güc tətbiq etmək hüququ var. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır (Maddə 14.6).


III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR VƏ HESABATLAR

A. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş güc tətbiqinə dair əsas prinsiplər


28.  Hüquq-mühafizə Orqanları Əməkdaşlarının Davranış Məcəlləsindən (BMT Baş Assambleyasının 17 noyabr 1979-cu il tarixli 34/169 saylı qətnaməsi ilə qəbul edilib) müvafiq çıxarışlarda deyilir: 

Maddə 3

“Hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız ciddi zərurət olduqda və vəzifələrinin icrası üçün tələb olunan dərəcədə güc tətbiq edə bilərlər.”



Maddə 5

“Hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı hər hansı işgəncə aktını, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı törədə, buna təhrik edə və ya dözümlü yanaşa bilməz, həmçinin hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı rəisin əmrlərini, yaxud müharibə vəziyyəti, müharibə təhlükəsi və ya milli təhlükəsizliyə təhdid, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə ictimai hadisə kimi müstəsna halları işgəncəyə, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya haqq qazandıran səbəb kimi göstərə bilməz”.

29. Hüquq-mühafizə Orqanlarının Əməkdaşları tərəfindən Güc və Odlu Silah Tətbiqinə dair Əsas Prinsiplərdən (Cinayətkarlığın qarşısının alınmasına və hüquqpozanlarla rəftara dair BMT-nin Səkkizinci Konqresi tərəfindən qəbul edilib, 27 avqust-7sentyabr 1990, Havana, Kuba) müvafiq çıxarışlarda deyilir:

“13. Qanunsuz, lakin qeyri-zorakı toplantıların dağıdılması zamanı hüquq mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməkdən çəkinməli, və ya, bu mümkün olmadıqda, belə gücü minimum zəruri dərəcədə məhdudlaşdırmalıdırlar.”   


B.  Beynəlxalq qurumların hesabatları


30. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidəsi Missiyasının 6 noyabr 2005-ci il parlament seçkiləri ilə bağlı Yekun Hesabatından (1 fevral 2006-cı il) müvafiq çıxarışlarda deyilir:

“9, 13 və 19 noyabrda Azadlıq seçki pozuntularına etiraz etmək məqsədilə Qələbə Meydanında mitinqlər keçirmək üçün icazə aldı və keçirdi. Hər hansı ciddi hadisələr qeydə alınmamışdır...

Azadlıq və digər müxalifət partiyaları 26 noyabrda Qələbə Meydanında digər etiraz mitinqi təşkil etdi. Bu mitinq SMM (Seçki Müşahidə Missiyası) Azərbaycandan getdikdən sonra baş tutdu. Polis mitinq üçün ayrılmış vaxt başa çatdıqdan dərhal sonra böyük güc tətbiq edərək, iştirakçıları dağıtdı.”

HÜQUQİ MƏSƏLƏLƏR


I.  KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU


31. Konvensiyanın 2, 3, 6 və 13-cü Maddələrinə istinad edərək, ərizəçi şikayət etdi ki, polis 26 noyabr 2005-ci ildə nümayişin dağıdılması zamanı ona qarşı əsassız və həddən artıq güc tətbiq etmişdir və dövlətdaxili hakimiyyət orqanları onun pis rəftarla bağlı şikayətlərinin səmərəli araşdırmasını aparmamışdı. Məhkəmə hesab edir ki, hazırkı şikayət Konvensiyanın yalnız 3-cü Maddəsi altında araşdırılmalıdır. Orada deyilir:

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”


A. Polisin ərizəçiyə qarşı iddia edilən pis rəftarı

1.  Qəbuledilənlik


32. Məhkəmə qeyd edir ki, bu şikayətin qəbuledilənliyi ilə bağlı Hökumət tərəfindən hər hansı etiraz qaldırılmadı. Lakin Məhkəmə hesab edir ki, qeyd etmək vacibdir ki, hazırki işdə ərizəçi ona qarşı polisin pis rəftarından şikayət edərək, Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldırıb. Bununla əlaqədar, Məhkəmə hesab edir ki, bu iddianı ərizəçinin polis tərəfindən pis rəftara məruz qalıb-qalmadığını araşdırmaq imkanına malik olan daxili məhkəmələr qarşısında qaldırmaqla, ərizəçi 3-cü Maddənin maddi aspektinə münasibətdə daxili müdafiə vasitələrini tükəndirmək tələbinə əməl edib.

33. Bundan əlavə, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, o, digər əsaslara görə də qəbuledilməyən deyil. Buna görə də, o, qəbuledilən elan edilməlidir.


 2.  Mahiyyət

(a)  Tərəflərin arqumentləri


34. Hökumət bildirdi ki, ərizəçi qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara məruz qalmamışdı. Bununla əlaqədar, Hökumət iddia etdi ki, ərizəçi polis tərəfindən pis rəftara məruz qalmış olduğu barədə yetərli sübut təqdim etməmişdi. Hökumət “qarın boşluğunun küt travması” diaqnozunun yalnız ərizəçinin subyektiv bəyanatlarına əsaslandığını bildirərək, ərizəçinin təqdim etdiyi tibbi sənədi mübahisələndirdi. Hökumət xüsusilə də Daxili İşlər Nazirliyinin xahişi əsasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru tərəfindən verilmiş 7 fevral 2011-ci il tarixli məktuba istinad etdi. Bu məktuba əsasən “qarın boşluğunun küt travması” yalnız ərizəçinin bəyanatlarına əsaslanırdı və qarın boşluğunda hər hansı zədələr, sınıqlar və ya travmatik dəyişikliklər aşkar edilməmişdi. Beləliklə, bu diaqnoz məhkəmə-tibb qaydalarına müvafiq olaraq bir zədə olaraq tövsif edilə bilməz. Fotoşəkillərə gəldikdə, Hökumət bildirdi ki, onlar ərizəçinin yerdə uzandığını göstərir, lakin onun polis tərəfindən döyüldüyünün sübutu deyil.

35. Ərizəçi Hökumətin arqumentlərini mübahisələndirdi. O bildirdi ki, 26 noyabr 2005-ci il tarixli nümayişin dağıdılması zamanı polis hər hansı əsas olmadan ona qarşı həddən artıq güc tətbiq etmişdir. O, xüsusilə də tibbi sənədə və nümayişin dağıdılması zamanı çəkilmiş fotoşəkillərə istinad etdi.


(b)  Məhkəmənin qiymətləndirməsi


36. Məhkəmə xatırladır ki, 3-cü Maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq mənada qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokollarının bir çox maddi-hüquqi müddəalarından fərqli olaraq, 3-cü Maddədə istisnalar nəzərdə tutulmur və onun müddəaları hətta millətin mövcudluğunu təhdid edən fövqəladə vəziyyət şəraitində belə 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş geri çəkilmələrə yol vermir (bax Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, § 93, Qərar və Qərardadlar toplusu, 1998-VIII, və Selmouni Fransaya qarşı [Böyük Palatanın qərarı], № 25803/94, § 95, AİHM 1999-V).

37. 3-cü Ьaddənin əhatə dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, § 162, Seriya A № 25; Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], № 30210/96, § 91, AİHM 2000-XI; və Pirs Yunanıstana qarşı, № 28524/95, § 67, AİHM 2001-III). Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır (bax Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərara, § 92).

38. Sübutların qiymətləndirilməsində Məhkəmə “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını qəbul edir. Belə sübut kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya oxşar təkzibedilməz fakt ehtimallarının birgə mövcudluğundan irəli gələ bilər (bax, digər qərarlarla yanaşı, Avşar Türkiyəyə qarşı, №. 25657/94, § 282, AİHM 2001-VII (çıxarışlar)). Məhkəmə  öz rolunun subsidiar xarakterli olduğunu dərk edir və etiraf edir ki, konkret işin halları baxımından qaçılmaz olan hallarda, faktların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin funksiyasını öz üzərinə götürərkən ehtiyatlı olmalıdır (məsələn bax Makkerr Birləşmiş Krallığa qarşı (qərardad), №. 28883/95, 4 aprel 2000-ci il). Bununla belə, Konvensiyanın 3-cü maddəsi üzrə iddialar irəli sürüldükdə, hətta artıq müəyyən daxili məhkəmə prosesləri və istintaqlar aparılmış olsa da, Məhkəmə məsələni xüsusi diqqətlə hərtərəfli araşdırmalıdır (bax Muradova Azərbaycana qarşı, №. 22684/05, § 99, 2 aprel 2009-cu il, və yuxarıda istinad edilən Avşarın işi üzrə qərar, §§ 283-84).

39. Hazırki işin hallarına qayıdaraq, Məhkəmə ilk əvvəl onu müşahidə edir ki, ərizəçinin polis tərəfindən ümumiyyətlə güc tətbiqinə məruz qalıb-qalmaması məsələsində tərəflər arasında mübahisə var (bax Rizvanov Azərbaycana qarşı, №. 31805/06, §§ 46-48, 17 aprel 2012-ci il, həmçinin yuxarıda istinad edilən Muradovanın işi üzrə qərarı ilə müqayisə et, § 107).

40.  Məhkəmə hesab edir ki, ərizəçi 26 noyabr 2005-ci il tarixdə polis tərəfindən güc tətbiqinə məruz qaldığı barədə bəyanatının müdafiəsi üçün kifayət qədər güclü sübut təqdim edə bilmişdir. Xüsusilə də, ərizəçi 27 noyabr 2005-ci ildə, hadisədən bir gün sonra tərtib edilmiş tibbi sənəd təqdim etdi. Düzdür, bu sənəd məhkəmə tibbi eksperti tərəfindən verilməyib və xəsarətlərin ətraflı məhkəmə-tibbi təsvirini nəzərdə tutmayıb və ya məhkəmə-tibbi metodlardan istifadə edərək onların yaranma səbəblərinin müəyyən etməyə çalışmayıb. Lakin o təsdiq etdi ki, ərizəçi nümayişin keçirildiyi Qələbə Meydanından xəstəxanaya təcili yardım maşını ilə gətirilmişdi və o, 26 noyabr 2005-ci ildə xəstəxanaya “qarın boşluğunda küt travma” diaqnozu ilə qəbul edilmişdi. O, dərhal xəstəxanaya yerləşdirildi və gecəni Xəstəxananın Reanimasiya və İntensiv Terapiya Şöbəsində keçirdi. O, vəziyyəti stabilləşdikdən sonra, növbəti gün xəstəxananı tərk etdi.

41. Bununla əlaqədar, Məhkəmə 27 noyabr 2005-ci il tarixli tibbi sənədlə bağlı Hökumətin Daxili İşlər Nazirliyinin xahişi əsasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru tərəfindən verilmiş 7 fevral 2011-ci il tarixli məktuba istinad edən şərhini qəbul edə bilməz. Hökumət iddia etdi ki, “qarın boşluğunun küt travması” diaqnozu yalnız ərizəçinin bəyanatlarına əsaslanırdı, 27 noyabr 2005-ci il tarixli tibbi sənəd ərizəçinin pis rəftara məruz qaldığını sübut etmir. Bununla belə, Məhkəmə hesab etmir ki, 7 fevral 2011-ci il tarixli məktubdan 27 noyabr 2005-ci il tarixli tibbi sənədin şübhə altına alınması üçün istifadə edilə bilər. Xüsusilə də Məhkəmə qeyd edir ki, 27 noyabr 2005-ci il tarixli tibbi sənəd hadisədən sonra, ərizəçinin həkim tərəfindən tibbi müayinəsindən sonra çıxarılıb, lakin 7 fevral 2011-ci il tarixli məktub ərizəçinin hər hansı tibbi müayinəsi olmadan, hadisədən beş ildən artıq müddət keçdikdən sonra verilib. Hər bir halda, Məhkəmə 7 fevral 2011-ci il tarixli məktubun müəllifinin sözügedən vaxtda xəstəni müayinə etmədən, beş il öncə qoyulmuş diaqnozu necə mübahisələndirə bilməsini başa düşmür. Yuxarıdakılara əsasən Məhkəmə hesab edir ki, 27 noyabr 2007-ci il tarixli tibbi sənəd müəyyən çatışmazlıqlara baxmayaraq, etibarlı tibbi sübut təşkil edir və hazırki şikayətin məqsədləri üçün onun məzmunu ərizəçinin “qarın boşluğunun küt travması”ndan əziyyət çəkdiyi barədə nəticəyə gəlmək üçün kifayətdir (yuxarıda istinad edilən Rizvanovun işi ilə müqayisə et, § 47).

42. Məhkəmə hesab edir ki, ərizəçinin hadisələr barədə versiyası həmçinin hadisə yerində çəkilmiş fotoşəkillərlə təsdiq olunub. Xüsusilə də, təqdim edilən fotoşəkillər qalxan və dəyənəklərlə polis əməkdaşları tərəfindən əhatə olunmuş ərizəçinin yerdə hüşsuz vəziyyətdə uzandığını göstərir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, xəstəxanaya çatdıqdan sonra ərizəçi bildirmişdi ki, o, Qələbə Meydanında polis əməkdaşları tərəfindən döyülüb. Hər bir halda 26 noyabr 2006-cı il tarixdə Qələbə Meydanında nümayişin dağıdılması zamanı polisdən başqa hər hansı digər şəxsin və ya qrupun güc tətbiq etdiyinin hər hansı əlaməti yoxdur. Belə halda, Məhkəmə 27 noyabr 2005-ci il tarixli tibbi arayışda təsvir edilmiş “qarın boşluğunun küt travması”nın 26 noyabr 2005-ci ildə polis tərəfindən yetirildiyi barədə ərizəçinin arqumentində hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Məhkəməyə təqdim edilmiş uyğun sübutlar nümayişin dağıdılması zamanı polis əməkdaşlarının ərizəçin qarın nahiyəsinə vurduğunu müəyyən etmək üçün kifayətdir. Məhkəmənin fikrincə, nə Hökumət öz arqumentlərində, nə də ki, dövlətdaxili məhkəmələr öz qərarlarında bu ehtimalın inandırıcı təkzibini təqdim etmədilər (bax, müvafiq dəyişikliklərlə, Nəcəfli Azərbaycana qarşı, № 2594/07, § 37, 2 oktyabr 2012-ci il).

43. Məhkəmə müvafiq olaraq ərizəçiyə qarşı güc tətbiqinin həddən artıq olub-olmadığını araşdıracaq. Bununla əlaqədar, Məhkəmə gücün tətbiq edildiyi hallara xüsusi əhəmiyyət verir (bax Güzel Şahin və Başqaları Türkiyəyə qarşı, № 68263/01, § 50, 21 dekabr 2006-cı il və Timtik Türkiyəyə qarşı, № 12503/06, § 49, 9 noyabr 2010-cu il). Şəxs polis və ya Dövlətin digər nümayəndələri ilə qarşı-qarşıya gəldikdə, şəxsin öz davranışının ciddi şəkildə zərurət yaratmadığı fiziki gücün tətbiqi insan ləyaqətini alçaldır və prinsipcə Konvensiyanın 3-cü Maddəsində təsbit edilmiş hüququn pozuntusudur (bax Kop Türkiyəyə qarşı, № 12728/05, § 27, 20 oktyabr 2009-cu il, və yuxarıda istinad edilən Timtikin işi, § 47).

44. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı fiziki gücün tətbiqinə onun öz davranışı ilə ciddi şəkildə zərurət yarandığı nümayiş etdirilmədi. Şübhəsizdir ki, ərizəçi polisə qarşı güc tətbiq etməmişdi və ya onlar üçün təhlükə yaratmırdı. Güc tətbiqinə haqq qazandıran digər hər hansı səbəblərin olduğu göstərilmədi. Buna görə də, Məhkəmə güc tətbiqinin gərəksiz, həddən artıq və yolverilməz olduğundan başqa nəticəyə gələ bilmir (bax yuxarıda istinad edilən Nəcəflinin işi, § 39, və yuxarıda istinad edilən Rizvanovun işi, § 50).

45. Məhkəmə hesab edir ki, ərizəçinin aldığı xəsarətlər ciddi fiziki ağrı və əzabın olduğunu sübut edir. Ərizəçi tibbi müalicə tələb edən “qarın boşluğunun küt travmasından” əziyyət çəkirdi. Pis rəftar və onun nəticələri həmçinin ərizəçinin insan ləyaqətini alçaltmaqla, ona mühüm psixoloji əzab vermiş olmalı idi. Belə olan halda, Məhkəmə hesab edir ki, şikayət edilən pis rəftar 3-cü Maddənin əhatə dairəsinə düşən minimal qəddarlıq səviyyəsinə çatmaq üçün və qeyri-insani və alçaldan rəftar hesab olunmaq üçün kifayət qədər ciddi idi.

46. Müvafiq olaraq, Konvensiyanın 3-cü Maddəsinin maddi-hüquqi aspekti pozulub.

B.  İddia edilən səmərəli araşdırmanın aparılmaması

1.  Qəbuledilənlik


47. Hökumət bildirdi ki, ərizəçi polisin iddia edilən qanunsuz hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinə və ya Baş Prokurorluğa şikayət təqdim etməmişdi. Buna görə də, daxili hakimiyyət orqanları ərizəçinin pis rəftarla bağlı iddialarının səmərəli araşdırmasını apara bilməmişdi.

48. Ərizəçi şikayətlərini müdafiə etdi.  

49. Məhkəmə hesab edir ki, ərizəçinin müvafiq dövlətdaxili hakimiyyət orqanlarına cinayət icraatı qaydasında şikayət vermədiyi ilə bağlı Hökumətin arqumentləri daxili cinayət hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə aid etiraz kimi qəbul edildiyindən, bu, şikayətin mahiyyəti ilə sıx bağlı olan məsələləri qaldırır. Bunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından açıq-aydın əsassız deyil. O, digər əsaslara görə də qəbuledilməyən deyil. Buna görə də, o, qəbuledilən elan edilməlidir.

2.  Mahiyyət

(a)  Tərəflərin arqumentləri


50. Tərəflər şikayətin mahiyyəti ilə bağlı hər hansı xüsusi qeydlər etmədilər.

(b)  Məhkəmənin qiymətləndirməsi


51. Şəxs 3-cü Maddəni pozmaqla polis tərəfindən pis rəftara məruz qaldığı barədə mübahisəli tələb irəli sürdükdə, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən, dövlətin ümumi öhdəliyi, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiya ilə müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülür və dolayısı ilə dövlətdən səmərəli rəsmi araşdırma aparmağı tələb edir. Bu araşdırma məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək gücündə olmalıdır. Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağa olduqca önəmli olmasına baxmayaraq, təcrübədə səmərəsiz ola bilər və Dövlətin nümayəndələri faktiki olaraq cəzalandırılmadan bir sıra hallarda onların nəzarətləri altında olan şəxslərin hüquqlarını poza bilərlər (bax yuxarıda istinad edilən Assenov və Başqalarının işi, § 102; və Labita İtaliyaya qarşı [Böyük Palatanın qərarı], № 26772/95, § 31, AİHM 2000-IV).

52. Pis rəftarın olması iddiaları ilə bağlı istənilən araşdırma hərtərəfli olmalıdır. Bu o deməkdir ki, hakimiyyət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqı bitirmək və ya qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər (bax yuxarıda istiand edilən Assenov və Başqalarının işi üzrə qərar, 103-cü və sonrakı bəndlər). Onlar hadisə ilə bağlı sübutları, o cümlədən şahid ifadələrini və məhkəmə ekspertizasını təmin etmək üçün mümkün olan bütün ağlabatan addımları atmalıdırlar (bax Tanrıkulu Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], № 23763/94, AİHM 1999-IV, 104-cü və sonrakı bəndlər; və Gül Türkiyəyə qarşı, № 22676/93, § 89, 14 dekabr 2000-ci il). İstintaq zamanı xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyən etmək imkanına xələl gətirən hər hansı nöqsan araşdırmanın bu standartına cavab verməmək riskini daşıyır (bax Batı və Başqaları Türkiyəyə qarşı, № 33097/96 və 57834/00, § 134, AİHM 2004-IV (çıxarışlar)).

53. Hazırki işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, ərizəçi onun polis tərəfindən pis rəftara məruz qaldığını şikayət edərək və pis rəftara görə kompensasiya tələb edərək, Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldırıb. Hazırki işin hallarında və Hökumət tərəfindən etirazın olmadığı halda, Məhkəmə 3-cü Maddənin maddi aspektinə münasibətdə daxili müdafiə vasitələrinin tükəndirilməməsi məsələsinin qalxmadığını müəyyən etdiyindən (bax yuxarıda 32-ci bəndə), Məhkəmə qeyd edir ki, bu müdafiə vasitəsi polis tərəfindən iddia edilən pis rəftarla bağlı bu kimi işdə Konvensiyanın 3-cü Maddəsinin prosessual aspektinə əsasən Razılığa gələn Dövlətin öhdəlikləri baxımından yetərli kimi nəzərdən keçirilə bilməz, belə ki, bu, məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılmasından daha çox ziyanın əvəzinin ödənilməsinə yönəlib.

54. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, hazırki işdə hər hansı cinayət istintaqı aparılmamışdı. Həmçinin tərəflər arasında mübahisələndirilmir ki, ərizəçi pis rəftara dair iddiaları ilə bağlı heç vaxt polis və ya prokurorluq orqanlarına cinayət icraatı qaydasında rəsmi şikayət verməmişdi. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırki işdə baxılmalı olan məsələ araşdırmanın səmərəli olub-olmadığını müəyyən etmək deyildir, çünki hər hansı araşdırma olmamışdır, ərizəçinin göstərilən halda cinayət icraatı qaydasında rəsmi şikayət verməməsinin onların belə istintaqı aparmağın qarşısını aldığını və ya onları bunu etmək ümumi vəzifəsindən azad etdiyini müəyyən etməkdir.

55. Məhkəmə bununla əlaqədar müəyyən edir ki, daxili qanunvericiliyə əsasən heç nə bu halda cinayət işi üzrə istintaqı başlamağa mane olmayıb

56. Xüsusilə də, Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyi daxili mülki məhkəmə icraatında cavabdeh idi və onun nümayəndəsi məhkəmə iclaslarında çıxış etmişdir. Beləliklə, polis orqanları ərizəçinin tibbi sənədlə və fotoşəkillərlə təsdiq edilən pis rəftarla bağlı iddialarından xəbərdar idilər.

57. Məhkəmə xatırladır ki, bununla əlaqədar, 3-cü Maddə üzrə şikayətlərdə də ölkədaxili səviyyədə hansı istintaq üsulu və ya forması tətbiq edilirsə-edilsin, məsələ dövlət orqanlarının diqqətinə çatdırılan kimi onlar öz təşəbbüsləri ilə hərəkət etməli və istintaq prosedurunun həyata keçirilməsinə görə məsuliyyəti ərizəçinin öhdəsinə buraxmamalıdırlar (bax yuxarıda istinad edilən Muradovanın işi, § 123). Bu qayda polisin nümayişin dağıdılmasında fiziki güc və xüsusi vasitələrdən istifadə etdiyi bir halda xüsusilə aktualdır. Məhkəmə bununla əlaqədar qeyd edir ki, polis orqanı Polis haqqında Qanunun 26-cı Maddəsinin VII bəndinə müvafiq olaraq fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda xidməti yoxlama aparılmalı və onun qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (bax yuxarıda 24-cü bənd).

58. Məhkəmə daha sonra qeyd edir ki, Polis haqqında Qanunun 27.I.8 Maddəsinə əsasən polis əməkdaşı həmçinin fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə iyirmi dörd saat ərzində müvafiq prokurora məlumat verməlidir. Hazırkı işdə Hökumət 26 noyabr 2005-ci il tarixli nümayişin dağıdılması zamanı polisin qüvvənin tətbiq edildiyi barədə müvafiq prokurora məlumat verib-vermədiyi barədə susurdu.

59. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən vaxtda qüvvədə olan CPM-yə əsasən sağlamlığa az ağır və ya yüngül zərər vurma, döymə və ya əzab vermə cinayətləri ilə bağlı cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında aparılır; başqa sözlə, bu cinayətlərlə bağlı cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti və ya prokurorun təşəbbüsü ilə başlanır. Xüsusilə də, CPM-in 37.5-ci Maddəsi nəzərdə tutur ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə başlanıla bilər (bax yuxarıda 25-ci bəndə). Buna görə də, ərizəçinin şikayətinin olmaması prokurora hakimiyyət nümayəndəsi tərəfindən, yəni hazırki işdə polis tərəfindən tətbiq edilən gücə münasibətdə cinayət təqibini başlamağa mane ola bilməzdi.

60. Yuxarıda göstərilən mülahizələr Məhkəməyə o nəticəyə gəlməyə kifayət edir ki, ərizəçi polis və və ya prokurorluq orqanlarına şikayət vermədiyindən, daxili hakimiyyət orqanlarının onun pis rəftarla bağlı iddialarının səmərəli araşdırmasını apara bilməmələri barədə Hökumətin arqumenti hazırkı işin xüsusi hallarına uyğun deyil.

61. Bundan əlavə, hakimiyyət orqanlarının ərizəçinin pis rəftarla bağlı iddiaları haqqında xəbərdar olmaları barədə mübahisəsiz faktı nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, hakimiyyət orqanları Konvensiyanın 1-ci Maddəsi ilə birgə Konvensiyanın 3-cü Maddəsinin prosessual aspektinə əsasən səmərəli rəsmi araşdırma aparmaq öhdəliyi daşıyırdılar. Ərizəçinin pis rəftarla bağlı iddialarının araşdırılmaması halında, Məhkəmə Konvensiyanın 3-cü Maddəsinin prosessual aspektinin pozulduğundan başqa nəticəyə gələ bilmir.

II.  KONVENSİYANIN 11-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU


62. Ərizəçi şikayət etdi ki, polisin nümayişə müdaxiləsi onun dinc toplaşmaq azadlığı hüququnun pozuntusunu təşkil edib. Konvensiyanın 11-ci Maddəsinin müvafiq hissəsində deyilir:

“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə …, iğtişaşın və cinayətin qarşısını almaq üçün, … və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz ...”

A.  Qəbuledilənlik


63. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, o, digər əsaslara görə də qəbuledilməyən deyil. Buna görə də, o, qəbuledilən elan edilməlidir.

B.  Mahiyyət

1.  Tərəflərin arqumentləri


64. Hökumət bildirdi ki, saat 5:00-dan sonra polisin nümayişə müdaxiləsi qanunda, yəni Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanunun 7 və 14-cü Maddələrində nəzərdə tutulmuşdur, iğtişaşın qarşısının alınması və başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi qanuni məqsəd daşıyırdı və demokratik cəmiyyətdə zəruri idi, belə ki, nümayişçilər özlərini aqressiv aparırdılar və qanunsuz nümayişi davam etdirmək niyyətində idilər. Hökumət qeyd etdi ki, nümayiş saat 3:00-dan 5:00-dək polisin hər hansı müdaxiləsi olmadan baş verdi, bu isə təşkilatçılar tərəfindən bildirilən müddət idi. Lakin nümayişçilər polis tərəfindən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, saat 5:00-dan, toplantının başa çatmalı olduğu vaxtdan sonra dağılışmaqdan imtina etdiyindən, sonuncular müdaxilə etməli olmuşdular.

65. Ərizəçi Hökumətin arqumentlərini mübahisələndirdi. O, xüsusilə də iddia etdi ki, nümayiş dinc idi və polis tərəfindən zorakı müdaxiləyə heç bir ehtiyac yox idi.


2.  Məhkəmənin qiymətləndirməsi

(a)  Müdaxilənin olub-olmaması ilə bağlı


66. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə yoxdur və Məhkəmə razılaşır ki, ərizəçinin toplaşmaq azadlığı hüququna müdaxilə olub.

(b)  Müdaxilənin əsaslandırılıb-əsaslandırılmaması ilə bağlı


67. Məhkəmə təkrar edir ki, müdaxilə “qanunla nəzərdə tutulmayıbsa”, 2-ci bəndə əsasən bir və ya daha çox qanuni məqsəd daşımırsa, və bu məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” deyilsə, 11-ci Maddənin pozuntusunu təşkil edəcək (bax Djavit An Türkiyəyə qarşı, № 20652/92, § 63, AİHM 2003-III; Balçık və Başqaları Türkiyəyə qarşı, № 25/02, § 44, 29 noyabr 2007-ci il; və Sergey Kuznetsov Rusiyaya qarşı, № 10877/04, § 37, 23 oktyabr 2008-ci il).

68. Nümayişin polis tərəfindən potensial dağıdılması və sonuncunun bununla əlaqədar güc tətbiq etməsi hazırkı işdə polisin müdaxiləsinin hüquqi əsası olmuş Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanunun 7 və 14-cü Maddələrində təsbit edilmişdir. Məhkəmə qəbul edir ki, müdaxilə “qanunla nəzərdə tutulmuşdur” və 11-ci Maddənin 2-ci bəndinin mənası baxımından iğtişaşın qarşısının alınması və başqa şəxslərin hüquqlarının müdafiəsi kimi “qanuni məqsədlər” daşıyırdı. Onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək qalır.

69. Bununla əlaqədar Məhkəmə ilk növbədə xatırladır ki, 11-ci Maddədə təsbit edilmiş toplaşmaq azadlığı hüququ demokratik cəmiyyətdə əsas hüquqdur və ifadə azadlığı hüququ kimi belə cəmiyyətin əsaslarından biridir. Buna görə də, onu məhdud şəkildə şərh etmək olmaz (bax yuxarıda istinad edilən Djavit Anın işinə, § 56). Müvafiq olaraq, Dövlətlər nəinki dinc toplaşmaq hüququna yalnız təminat verməlidirlər, lakin həmçinin bu hüquqa əsassız dolayı məhdudiyyətlərin tətbiq olunmasından çəkinməlidirlər. Sərbəst toplaşmaq azadlığının mühüm xarakterini və onun demokratiya ilə sıx əlaqəsini nəzərə alaraq, bu hüquqa müdaxiləyə haqq qazandırmaq üçün inandırıcı və tutarlı səbəblər olmalıdır (bax Ouranio Toxo Yunanıstana qarşı, № 74989/01, § 36, AİHM 2005 X (çıxarışlar), və Adalı Türkiyəyə qarşı, № 38187/97, § 267, 31 mart 2005-ci il, sonrakı istinadlarla).

70. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, polis müdaxiləsinə görə Hökumətin irəli sürdüyü yeganə səbəb bu fakt idi ki, ərizəçi daxil olmaqla nümayişçilər polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, nümayiş üçün ayrılmış vaxtın başa çatmasından sonra dağılışmadılar. Məhkəmə müşahidə edir ki, 26 noyabr 2005-ci ildə Qələbə Meydanında baş tutmuş nümayiş dinc idi və toplantıların keçirilməsi qaydalarına uyğun həyata keçirilmişdi.

71. Məhkəmə qeyd edir ki, tərəflər mübahisələndirmir ki, toplantı verilmiş bildirişdə nümayişin bitməsi üçün planlaşdırılan vaxtadək, saat 5:00-dək dinc şəkildə keçirilmişdi. Görünür ki, ərizəçi daxil olmaqla, nümayişçilərə polis tərəfindən saat 5:00-dan sonra onların nümayişinin davam etməsinin qanunsuz olduğu barədə məlumat verilmişdi və onlara dağılışmaq əmri verilmişdi. Bununla əlaqədar, Məhkəmə xatırladır ki, nümayişləri təşkil edən birliklər və digərilər demokratik prosesin iştirakçıları olaraq, qüvvədə olan qaydalara əməl etməklə, bu prosesi tənzimləyən qaydalara hörmət etməlidirlər (bax Oya Ataman Türkiyəyə qarşı, № 74552/01, § 38, AİHM 2006 XIII).

72. Lakin Məhkəmə sadəcə olaraq nümayişçilərin dağılışmasının gecikməsinə görə polis tərəfindən dinc nümayişin zorla dağıdılmasını və onların ərizəçi ilə rəftarını məqbul saya bilməz. Sözsüz ki, ictimai yerdə istənilən nümayiş müəyyən səviyyədə adi həyatın pozulmasına səbəb ola və ədavətlə qarşılaşa bilər. Lakin hazırkı işdə ərizəçinin və ya digər nümayişçilərin ictimai asayişə təhlükə yaratdığını güman etməyə əsas yoxdur. Hökumət bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Xüsusilə də, Hökumət ərizəçinin təqdim etdiyi faktları, yəni onun ərazini tərk etməyə və evə getməyə hazırlaşdığını şübhə altına ala biləcək hər hansı sübut təqdim etməmişdir.

73. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi daxil olmaqla, nümayişçilər demokratik cəmiyyətdə həyati əhəmiyyətli məsələyə, yəni iddia edilən seçki pozuntularına diqqət yetirmək istəyirdilər. Buna görə də Məhkəmə hakimiyyət orqanlarının nümayişə zorla dağıtmaqla son qoymağa cəhd etməsində səbirsizliyinə xüsusilə təəccüblənir (bax yuxarıda istinad edilən Balçık və Başqalarının işi, § 51).

74. Məhkəmənin fikrincə nümayişçilər zorakı hərəkətlərdə iştirak etmədikdə, dövlət hakimiyyəti orqanlarının dinc toplantılara münasibətdə müəyyən dərəcədə tolerantlıq nümayiş etdirmələri vacibdir ki, Konvensiyanın 11-ci Maddəsi ilə təminat verilən toplaşmaq azadlığı bütün mahiyyətini itirməsin (bax yuxarıda istiand edilən Oya Atamanın işi, § 42, və Nurettin Aldemir və Başqaları Türkiyəyə qarşı, № 32124/02, 32126/02, 32129/02, 32132/02, 32133/02, 32137/02 və 32138/02, § 46, 18 dekabr 2007-ci il). Lakin Məhkəmə hazırkı işdə heç bir tolerantlıq əlaməti görmür.

75. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə polisin ərizəçiyə münasibətdə zorakı müdaxiləsi qeyri-mütənasib idi və Konvensiyanın 11-ci Maddəsinin ikinci bəndinin mənası baxımından iğtişaşın qarşısının alınması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri deyildi. Müvafiq olaraq həmin müddəa pozulub.

III. 3-cü VƏ 11-ci MADDƏLƏRLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU


76. Ərizəçi daha sonra şikayət etdi ki, o, müxalifətin nümayişində iştirak etdiyinə görə polis tərəfindən ayrı-seçkiliyə məruz qalmışdır.

 77. Bununla belə, sərəncamında olan bütün materialları nəzərə alaraq və bu şikayətlər onun səlahiyyətləri çərçivəsində olduğundan, Məhkəmə hesab edir ki, onlar ərizəçinin iddia etdiyi kimi ayrı-seçkiliyin hər hansı əlamətini əks etdirmir. Buna görə də, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aydın əsassız olduğundan qəbuledilməyən sayılmalı və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.


IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ


78.  Konvensiyanın 41-ci Maddəsi nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.


A.  Ziyan


79. Ərizəçi maddi və mənəvi ziyanın kompensasiyasına görə 40000 avro tələb etdi.  

80. Hökumət bildirdi ki, ərizəçinin tələbi əsassız və həddən artıqdır. O hesab etdi ki, istənilən halda pozuntunun tanınması kifayət qədər əvəzin ədalətli ödənilməsini təşkil edir.

81. Məhkəmə qeyd edir ki, ərizəçi maddi ziyana görə tələbini təsdiq edən hər hansı sənədli sübut təqdim etməyib. Müvafiq olaraq, Məhkəmə bu tələbi rədd edir. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və onu sadəcə pozuntunun tanınması faktı ilə ödəmək olmaz və buna görə də kompensasiya təyin edilməlidir. Məhkəmə Konvensiyanın 41-ci Maddəsinin tələb etdiyi ədalət prinsipi əsasında qiymətləndirmə apararaq, ərizəçiyə mənəvi ziyana görə 11000 Avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.

B.  Məhkəmə xərcləri və digər məsrəflər


82. Ərizəçi daxili məhkəmələrdə çəkilən xərclərə və məsrəflərə görə 1700 avro tələb etdi. O, həmçinin Məhkəmədə çəkilən xərclərə və məsrəflərə görə 1100 avro tələb etdi. Bundan əlavə, o, tərcümə xərclərinə görə 800 avro, dəftərxana xərclərinə görə 200 avro və nəqliyyat xərclərinə görə 900 avro tələb etdi. Öz tələblərinin təsdiqi kimi o, daxili məhkəmələrdə və Məhkəmədə icraat zamanı göstərilmiş hüquqi xidmətlərə görə müqavilə təqdim etdi.

83. Hökumət hesab etdi ki, bu tələb əsassız və həddən artıqdır. Hökumət xüsusilə də bildirdi ki, ərizəçi öz tələblərinin əsaslandırılması üçün bütün zəruri sənədləri təqdim etməmişdir.

84. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız o halda malikdir ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Sərəncamında olan sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə məhkəmə xərclərinə və digər məsrəflərə görə Avropa Şurasından hüquqi yardıma görə alınmış 850 avro çıxılmaqla, ümumi məbləğ 2650 avro təyin etməyi ağlabatan hesab edir.

C.  İcranın gecikdirilməsinə görə faiz


85. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1.  Elan edir ki, Konvensiyanın 3-cü və 11-ci Maddələri üzrə şikayətləri qəbuledilən və ərizənin qalan hissəsi qəbuledilməyəndir; 
2.  Qərara alır ki, polis tərəfindən pis rəftarla bağlı Konvensiyanın 3-cü Maddəsi pozulub;
3.  Qərara alır ki, ərizəçinin pis rəftarla bağlı iddialarının səmərəli araşdırmasının aparılmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;
4.  Qərara alır ki, Konvensiyanın 11-ci Maddəsi pozulub;
5.  Qərara alır ki,

(a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə, ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevrilməklə aşağıdakı məbləğləri ödəməlidir:

(i) mənəvi ziyana görə 11000 avro (on bir min avro), bu məbləğin üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmalıdır;

(ii) hüquqi yardım qismində verilmiş 850 avro (səkkiz yüz əlli avro) çıxılmaqla, məhkəmə xərclərinə və digər məsrəflərə görə 2650 avro (iki min altı yüz əlli avro), bu məbləğin üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmalıdır;

(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun üzrərinə daha üç faiz əlavə edilməlidir;  
6.  Əvəzin ədalətli ödənilməsi ilə bağlı ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bədlərinə uyğun olaraq, 3 oktyabr 2013-cü ildə qərar barədə yazılı məlumat verilib.

Søren Nielsen Isabelle Berro-Lefèvre


Katib Sədr







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə