TahiR ƏŞRƏf oğlu cəFƏRLİ BİR Əsr bir nəSİL




Yüklə 1.72 Mb.
səhifə1/22
tarix10.04.2016
ölçüsü1.72 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22

TAHİR ƏŞRƏF OĞLU CƏFƏRLİ

BİR ƏSR BİR NƏSİL

İkinci kitab


(Qısaldılmış)

Məni boya başa çatdırmış

Seyid Bikə və Məşədi Fazilin

əziz xatirəsinə həsr edirəm




BAKI - 2011


ТАИР АШРАФ ОГЛЫ ДЖАФАРЛИ




Один век, один род. (роман из 8 томов)
Мужики
2-ой том ( в сокращениях) Баку - 2011
Книга описывает события, происходившие в Азербайджане с 1920 года по 40-е годы. В ней рассказывается, что произошло после установления Советской власти в Азербайджане. В ней даются эпизоды из жизни Азербайджана, которые не получили отражения, вернее объективного отражения, в исторической литературе. Автор стремится дать полное представление о том, что происходило на самом деле в Азербайджане и в Средней Азии накануне Второй мировой, а также в начале Великой Отечественной войны.

Tahir Əşhəf oğlu Cəfərli

Bir əsr bir nəsil. Roman (8 с.)

Kişilər. 1 cild

Bakı 2011 – 372 s

Ləman nəşr-poloqr.MMC
Redaktor və məsləhətçi: S.M. ASLANOV

Bədii tərtibatçı: S.M.HÜSEYNOVA

©


Bismillahir-rəhmanir-rəhim!

FAZİL


1920-ci may ayının əvvəli bütün Tiflis Bakıda baş verən dövlət çevrilişindən, Qubada və Gəncədə axıdılan nahaq qanlardan danışırdı.

Azərbaycanlıların çoxu Tiflisə köçməkdə idi. Əsasən əsilzadələr, ziyalılar və varlılar idilər. Fazil onlardan çoxunu şəxsən tanıyırdı.

-Bakı dağılır! Şəhərin mərkəzində yaşayanları evlərindən çıxarıb, 11-ci ordu ilə gəlmiş ermənilərə, yəhudilərə, ruslara verirlər. Fərqi yoxdur kimin evidir. Müqavimət göstərən camaatı tutub güllələyirlər. Bizim evimizi ermənilərə verdilər. Qaldıq evsiz. Odur çıxıb bura gəldik. Yaxşı ki, burada dədəmin mülkü durur. - deyə vaxtilə Fazillə gimnaziyada oxuyan «Ağ şəhərli» Abdulla danışırdı.

Axşam evə qayıdanda, Seyid Bikə Fazilə iki məktub uzatdı.

Birini Bakıdakı evlərinə baxan Cəbi kişi göndərmişdi. İkinci məktubsa Basqaldan idi. Yazan qardaşı Əbülfəz idi.

Birinci qardaşının məktubunu açdı. O, yazırdı:

«Dadaş, on gündən artıq idi ki, dədə Qubaya çıxıb getmişdi. Adətən tez qayıdardı. Dünən Tat Əli bizə gəlmişdi. Dedi ki, Qubadan dostu polkovnik Əbdülqəniyevi görmək üçün Xaçmaz tərəfə getdik. Mən qayıtdım, o, isə qaldı.

Səhər bütün Qubaya yayıldı ki, 11-ci orduya müqavimət göstərən «Ləzgi alayı» qırılıb. O saat oğlumla ata minib, Xaçmaz tərəfə sürdük. Bütün ətraf kəndin camaatı ora yığışmışdı. Şəhidləri məscidlərə daşıyırdılar. Kəblə Cəfərin də cəsədi onların arasında idi.

Onu başqalarından ayırdıq. Quba məscidinə gətirdik, adətimizə uyğun olaraq şəhər qəbiristanlığında yerə tapşırdıq. Basqala gətirə bilmədik.

Ağsaqqallarla birlikdə Qubaya gəldik. Məsciddə üç gün «Quran» oxutduq, ehsan verdik. Qəbrinin üstünü götürtdük. Rəhmətlik həmişə deyirdi ki, «Öləndə də belə yerdə öləsən!» Basqalda da hər cümə axşamı məclisini veririk. Qırxına qədər belə edəcəyik. Bura gəlməyin vacibdir.

Əhəd əmi də Bakıdakı çevrilişdən sonra ailəsi ilə bura köçüb. Evini əlindən alıblar. Deyir ki, Mir Hüseyn ağanın evini də tutublar, özündən isə heç bir xəbər yoxdur. Hamı gözdə qulaqdadır. Ümumiyyətlə hökumətin və parlamentin yüz iyirmiyə yaxın adamı yoxa çıxıb.

Hörmətlə Əbülfəz.»

İkinci məktubda Cəbi kişi yazırdı ki, Fazilin «İçəri şəhərdəki» evini alıb ermənilərə veriblər. Məni arvadımla küçəyə atıblar. Qonşuluqdakı Kəblə Rüstəmin həyətində kirayə qalırıq. Sənin kitablarını çıxarıb bura gətirmişəm. Ağa, qalan şeyləri vermədilər.»

Fazil evi alıblar sözünü oxuyanda ağılına gələn ilk fikir «kitablar nə oldu?». Oxuyanda ki, kitabları çıxarıb, özünə gəldi, ancaq üzü gülmədi.

-Nə yazırlar? - deyə Seyid Bikə soruşdu.

-Dədə tələf olub! Hazırlaş, Basqala gedirik.

-Bəs Zibeydə ana?

-Onun getməyi vacib deyil, qoy burada qalsınlar!

-Onda özün onunla danış!

-Fazil o birisi otağa keçdi. Qaynanası geniş türk divanında oturub «Quran» oxuyurdu. Fazili görüb kitabı örtdü.

-Bala, buyur!- deyə yanında yer göstərdi. Fazil keçib oturdu.

-Ana, biz Bikə xatınla Basqala getməliyik.

-Xeyr ola, bala?

-Atam rəhmətə gedib.

-Bəs mən?

-Ana, yol şuluqdur. Sizə əziyyət olar. Bir də Mir Hüseyn ağa bura gəlməlidir.

-Məgər o, Basqala gəlməyəcək?

-Ondan xəbərim yoxdur. Ola bilsin, gəlmədi. Ancaq Tiflisə gəlməliydi.

Zibeydə xatın Mir Hüseyn ağanı gözləmək qərarına gəldi. Bir də üç uşaqla hara gedə bilərdi.

-Allah rəhmət eləsin! Yolunuz uğurlu olsun!-deyə Zibeydə xatın icazə verdi.
BASQAL

Günorta çağı Basqal onları yay təravəti ilə qarşıladı, bayaqdan günün altı ilə hərəkət edən fayton canlı çəlləyin altına girəndə, sanki sərinliyi hiss etmiş atlara qüvvə gəldi, bərk qaçmağa başladı.

-Həmişə belədir. Atların bura çatana qədər canı çıxır, bura elə bil cana gəlirlər!-deyə faytonçu Fazilə müraciət etdi.

-Çünki bura cənnətin ayağıdır. Bizim ağsaqqallar deyirlər ki, Şirvan dünyada iki şeylə məşhurdur: Dirilik suyu və Musa peyğəmbərin «Sal daşı»1 ilə. «Saldaşın harada olduğunu bilən yoxdur, ancaq dirilik suyu, deyəsən elə Basqaldadır. Ancaq haradan çıxır? - bilən yoxdur.

-Vallah, belədir!

Cümə axşamı idi. Qəsəbə məscidinin qarşısı camaatla doluydu. Fazil qardaşlarını və əmisini onların arasında gördü, faytonu evləri tərəfə göndərdi, özü isə düşüb düz məscidə gəldi. Yadına düşdü ki, Kəblə Cəfərin yas məclisi adətə uyğun olaraq məsciddə keçirilir.

Ağsaqqallar Fazili bu dəfə başqa cürə qarşıladılar. Daha ona uşaq kimi deyil, Kəblə Cəfərin ailə başçısı kimi baxırdılar. Bu baxışlarında ailəyə böyük hörmət və izzət duyulurdu.

-Fazil, bala, axır qəmin olsun!-deyə məscid həyətinə daxil olan Fazili Basqal ağsaqqallarından biri Əlövsət qarşıladı:

-Allah atana rəhmət eləsin. İgid gəldi və igid kimi şəhid oldu. Düşmənə əyilmədi.

O, Fazili qarşısına salıb məscidin yuxarı başına keçirdi və mollanın yanında əyləşdirdi.

Fazil başıyla məsciddə oturanları salamladı və birinci dəfə orada olanları gözüylə süzdü. Bütün Basqal ağsaqqalları burada idi.

Başqa vaxt olsaydı, Fazilin cürəti belə çatmazdı ki, bu insanların yığışdığı yerə ayaq bassın. Adətə görə seçilmiş insanlar bir yerə yığışdıqda cavanlar ora gəlməzdilər. Bu hörmətsizlik sayılırdı.

-Atan böyük insan idi. Basqalın çörək ağacı idi. Yüzlərlə adam onun qoyduğu yolla pul qazanıb dolanırdı. İndi günümüz necə olacaq? -deyə Kəblə Qəfər kişi üzünü Fazilə tutdu. Ancaq o, dinmədi. Əvəzinə əmisi Əhəd danışdı:

-Allah ballarını saxlasın! Kəblə Cəfər yerinə əvəz qoyub gedib. Heç də atalarından geri qalmırlar. Atalarının işini davam etdirəcəklər.

-Allah ağzından eşitsin! - deyə yerlərdən səslər eşidildi.

Ağsaqqallar bununla sakitləşmədilər. Kimsə üzünü yenidən Fazilə tutdu:

-Bakıda baş verənlər heç də ürəyimizcə olmadı. Deyəsən, yenidən bizi Ursiyyətə qatacaqlar. - deyə kimsə söhbəti dəyişdi.

Fazil baxışların ona dikildiyini hiss etdi. Başını aşağı saldığından heç kimi görmürdü.

-Hakimiyyəti silahla bolşeviklər götürüblər. Ancaq Azərbaycan respublikasını Rusiyaya qata bilməzlər. Çünki bütün dünya bu dövləti tanıyıb.-deyə o, qısa cavab verdi.

-Bəs camaatın əlindən varını, dövlətini alırlar, Bakıdakı atanın mülkünü də, deyirlər, alıblar.

-Elədir.

-Bəs Basqalda nə ola bilər?

-Nə ola bilər ki?

-Bizim də varımızı dövlətimizi əlimizdən ala bilərlər.

-İndiyə qədər Basqalda belə şey olub?

-Heç vaxt!



-Bundan sonra da heç nə ola bilməz. Basqallının nəyi var? Bir-ki dəzgahı. Bu dəzgahlar işləsə, dolacağıq, işləməsə yox. Hansı ölkədə işləyəni işləməyə qoymurlar. Hansı quruluş olursa olsun, dəzgahlarımız işləyib. Bundan sonra da işləyəcək. Halal zəhmətimizlə qazandığımızı əlimizdən heç kim ala bilməz! Bunu bacarmazlar.

-Elədir!


Axşam Fazil evə qayıdanda Ziba xanım oğlunun boynuna sarıldı. Anasının göz yaşları onun üzünə süzülürdü.

-Ağlama, ana! Qismətimiz budur. Allah bilən məsləhətdir! - deyə onu sakitləşməyə çalışdı.

-Ay na, keçin əyləşin! - deyə Seyid Bikə də qayınanasını sakitləşməyə çalışdı. Fazil anasını divana oturtdu, Gəlin isə döşəkcəni onun kürəyinin arxasına qoydu.

-Mən sabah Bakıya gedirəm, ana, mənə icazə ver!- deyə Fazil əlindən öpdü.


-Sən daha böyük oğlansan! Bütün ailənin başçısan, daha məndən icazə almaya da bilərsən! Basqallılar eşitsə, nə deyər? «Ana uşağı!». Bundan sonra özün-özünün ağasısan. Ancaq ağa olsan da bir şeyi bilməlisən ki, evin yükü üzərindədir. Əlinə baxır.

-Ay na, mən bunları bilirəm. Ancaq sənin gözündə həmişə uşaq qalacağam. Ananın gözündə uşaq böyümür, həmişə uşaq qalır.


-Mənim gözümdə isə sən daha böyüksən! - deyə Ziba xanım oğlunun dəlilləri ilə razılaşmadı.

BAKIDA


Güclü külək Fazilin papağını qapıb qaçmaq istəyirdi. Ancaq o, bir əlilə onu tutub uçmağa qoymurdu.

Yuxarı məhəllədə Heybətgilin evlərinə çatanda gözlərinə inanmadı. Həyət qapıları heç vaxt bağlı olmurdu, ancaq indi bağlı idi. Odur ki qapını döydü.

Məşədi Nağı qapını açdı:

-Fazil, bala?

-Mənəm Nağı dayı!

-A bala, bəs Heybət hanı?

-Mənimlə deyil.

-Axı o Basqala getdi. Məni qoymadı ki, qarışıq zamandır, evdə qalım.

-Düz iş görüb! Əlbət mən Basqaldan çıxandan sonra ora gəlib.

-A bala, içəri keç!-deyə evə qalxdılar.

Məşədi Nağı nə isə demək istəyirdi, ancaq nədən başlayacağını bilmirdi. Minəvvər arvadın içəri girməsi sakitliyi pozdu:

-A bala, sən bizə xoş gəlmisən? Bəs Heybət hanı?

-Onunla rastlaşmamışam.

-Eşitdik, atanız həlak olub! Allah rəhmət eləsin!-deyə Minəvvər arvad başsağlığı verdi.

-Sizin və qayınatanızın evini müsadirə edib ermənilərə veriblər.

-Bəs qayınatam haradadır?

-Ondan heç bir xəbər yoxdur. Deyirlər, bolşeviklər gələndən sonra yoxa çıxıb. Tiflisdən vəziyyət necədir?

-Hələlik pis deyil, ancaq ruslar oraya da burunlarını soxurlar. Vasyagildən nə xəbər?

-Qalina İvanovna martda Piterə köçdü. Ürəyi onun yanında qalmışdı. Adresini qoyub.-deyə ayağa qalxdı və o birisi evdən məktubla qayıtdı:

-Vasyadandır!

Məktubu alıb diqqətlə oxudu. Vasya yazırdı ki, Nataşagillə qonşuluqda yaşayırlar. Bütün günü onlardadir. Andrey universitetdə dərs deyir. Əlbəttə bura Bakı deyil. Bir təhər keçinirik. Bu il universiteti da qurtarır.

Məktubu oxuyub gülümsədi. Dostlarının vəziyyətinin yaxşı olması onu sevindirdi. Çünki Rusiyada böyük qırğınlar olduğundan xəbərdar idi.

-Şükür xudaya! Hər şey yaxşıdır. –deyə məktubu cibinə qoydu.

-Küləyi görürsən də, adamı bayıra çıxmağa qoymur.-deyə Məşədi Nağı söhbəti dəyişdi.

-Bakı küləksiz yaşaya bilmir.-deyə Fazil ayağa qalxdı.

-Hara belə, bala?

-Marqarita Petrovnaya dəyib qayıdıram, təkdir.

-Gəl, birlikdə gedək! -deyə Məşədi Nağı otaqdan çıxdı, geyinib qayıtdı.

***


. -Милые!-deyə Marqarita Petrovna sevindiyindən əlini əlinə vurdu: -Клянусь не ожидала. -deyə onları otağa dəvət etdi.

Əlindəki zəmbili Fazil müəlliməsinə uzatdı.

-Bunlar isə lazım deyildir. Aclıq vaxtı özünüzə əziyyət vermisiniz!

- Marqarita Petrovna, bağışlayın ki, tez-tez gələ bilmirəm. Tiflisdəyəm.

-Bilirəm! Heybət məni darıxmağa qoymur. Hər gün mənə dəyir. İki gündür yoxdur.

-Basqala gedib.

-Niyə sənsiz?

-Məndən xəbərsizdir.

-Xeyr ola?

-Atamın yasına!

-Nəyə, nəyə?

-Atam Qubada həlak olub.

-Bəs mənə niyə deməmisiniz?

-Mən Tiflisdə eşidib, Basqala gəlmişdim.

-Allah onun torpağını yumşaq eləsin!- deyə Marqarita Petrovnanın gözləri yaşardı.

-Nataşkadan nə xəbər?

-Pis deyirlər. Ancaq orada da Bakı kimi aclıqdır. Güclə keçinirlər.

-Bura qayıtmaq istəmirlər?

-Andreyi yaxşı işlə təmin ediblər. Böyük perspktivi var. Ancaq sizin üçün yaman darıxıblar.

-Allah qoysa, vaxt tapıb gedərəm! -deyə Fazil gözləri yaşarmış ananı sakitləşdirdi.



***

Bir saatdan sonra Marqarita Petrovnagildən küçəyə çıxardılar. Daha külək əsmirdi. Elə bil bir saat bundan qabaqkı şəhər deyildi.

-Çaşıb, evinizə tərəf gedərsən? – deyə Məşədi Nağı onun «İçəri şəhərə» üz tutduğunu görüb soruşdu.

-Necə bəyəm, getmək olmaz?

-Məsləhət deyil! Səni kimi bir-ki nəfər kənarda olarkan evlərini əllərindən alıb erməni və başqa millətlərdən olanlara vermişdilər. Ev yiyələri gəlib öz evlərinə yiyə durmaq istədikdə, onları həbs etmişdilər. İndiyə qədər ölüm-itim sorağı belə yoxdur.

-Aydındır.-deyə Fazil yenə də yolunu «İçəri şəhər» tərəfə davam etdi.

-Yaxşı indi hara gedirsən?

-İcazə versəniz, gedib, Cəbi kişini tapardım!- deyə Fazil Məşədi Nağını sakitləşdirdi.

«İçəri şəhərin» girişindəki küçədə ondan ayrıldı, ancaq axşam qayıdacağına söz verdi.

Сəbinin yaşadığı Kəblə Rüstəmin evini «İçəri şəhərdə» hamı tanıyırdı. Odur ki, evini asanlıqla tapdı.

-Sənə canım qurban bala! - deyə Tükəzban arvad Fazili qarşıladı.

-Cəbi əmi haradadır?

-Bu dəqiqə gələr!

Fazil başını qaldırıb otağa baxdı. 14-15 kvadrat metr olardı. Ortaya qoyulmuş stol oNağın yarsını tuturdu.

-Elə bir otaqdır?-deyə Fazil soruşdu.

-Yox bundan balacası da var. Sizin kitabları ora yığmışıq.-deyə o birisi otağa keçdi və əlində bir qutu ilə qayıtdı. Qutunu Fazilə uzatdı

-Bu nədir?-deyə o, soruşdu.

-Cəbiyə deyəndə ki, evi bolşalt. O, hay-küy salıb əvvəl gələnləri qovlamışdı. Sizin seyfin sindırıb içindəkiləri götürüb bu qutuya yığıb. Kəblə Cəfərin burada qoyub getdikləridir. Gəlinin qır-qızılları da buradadır.

Fazil qutunu qırağa qoydu. Heç içinə belə baxmadı. O birisi otağa keçdi. Gözləri kitablarda qalmışdı. Onun ən böyük sərvəti elə bu kitablar idi. Ən çətin anlarda köməyinə gələn, dərdi-qəmini dağıdan, axtardığı suallara düzgün-dürüst cavab verən ən yaxın dostları idi.

-Ağa, salam!- deyə Cəbinin səsi onu mütailədən ayırdı.

-Cəbi dayı? Salam!

-A bala haradasan? Evimizi əlimizdən alıblar. Evsiz qalmışıq.

-Ürəyini sıxma, Cəbi dayı. Yuxarı məhəllədə evimiz var. Dədəm təzə almışdı. Elə bu gün ora köçərsiniz. Bura darısqaldır.

-Allah sənə ürəyincə versin, bala!

-Tükəzban xalaya deyin, hazırlaşsın. Sən isə get bir-ki araba tut gətir.

«Dağlıq məhəllənin» qurtaracağında keçən il aldıqları mülkdə Kəblə Cəfərin əsasən Bakıya qonaq gələn qohum-əğrabaları qalırdılar. Özü də Bakıda olanda çox vaxt bu mülkdə olurdu. Həyəti çox gen-geyiş idi. Fikirləşirdi ki, gələcəkdə burada bir-neçə mənzil tikdirib hətta kirayə də versin. Kəblə Cəfər hər şeydən pul qazanmağı bacarırdı.

Evin harada olduğunu Cəbi kişi yaxşı bilirdi. Ancaq nədənsə ora köçməmişdi.

Cəbi kişi arabalarla gəldi. Arabaçılar evin əşyalarını arabalara yükləməyə başladılar.

-A kişi, bizim evə niyə köçməmişdin?

-Dedim, yazıqları gələr, evsiz olduğumuzu bilib, bizə də öz evimizdə yer verərlər. Sonra sənə qalar.

-Özünə əziyyət vermisən! Donuzlardan tük istəmisən.

-Qonşularım da deyirdilər ki, çıxma! Kasıbsan, evin-eşiyin yox! Demirlər, kasıb-kusub hökumətidir. Qoy göstərsinlər ki, belədir.

-Köstərdilər?

-Kimdir kasıba həyan duran? Allah atana rəhmət eləsin. Dünyada sizin kimi adamlar azdır.

***

Kəblə Cəfərin yuxarı məhəllədəki mülkünün sakinləri Fazilin gəldiyini görüb onu əhatəyə aldılar. Nə baş verdiyindən çoxlarının xəbəri vardı. Kitabların və əşyaların arabadan boşaldılmasına kömək etdilər. Həyətə gətirdilər.



Fazil həyətin girəcəyindəki iki otağlı mənzilin qapsını açdı və Tükəzban arvada göstərdi. Bura çox gen-geniş idi.

-Xoşunuza gəlirmi?-deyə soruşdu.

-Bundan yaxşı yer harada ola bilər? Aşağıdakı evdən də genişdir.

-Sağlıqla işlədəsiniz!-deyə həyətə çıxdı.

Özü isə atasının mənzilinin qapısını açdı. Kitablarını ora yığdırdı.

Tükəzban arvad mənzilinin qarşısındakı eyvanı səhmana saldı, ərilə otaqdakı stolu çıxartdı, adətinə sadiq qalaraq həyətdəki samovara köz saldı.

Fazil yaman yorulmuşdu. Bütün günü ayaq üstə olduğundan gözləri yumulurdu. Ancaq qonum-qonşular onun ətrafına yığışmaqda idilər.

Samovar qaynadı. Tükəzban arvad çay dəmlədi və həyətdəkiləri yuxarı dəvət etdi.

-Cəbi dayı, Məşədi Nağı dayıya söz vermişdim ki, onlara qayıdacağam. Görürsən, nə qədər adamımız var. Harada yaşadıqlarını bilirsən. Bizim yaxınlığımızdadır. Mümkünsə, gedib onu bura dəvət edin!

Cəbi kişi həyətdən çıxdı.

-Allah atana rəhmət eləsin!- deyə yuxarı qalxan qonşulardan biri baş sağlığı verdi.

-Allah valedeynlərinizə rəhmət eləsin!- deyə Fazil cavab verdi: -Buyurun!

Qonşular stolun arxasına keçdilər.

-Tiflisdə vəziyyət necədir?- deyə həyətdə yaşayan basqallılardan biri soruşdu.

-Əvvəlki kimi! Hərə öz işində!

-Bəs bolşeviklər?

-Orada hələlik sakitlikdir. Burunlarını soxa bilmirlər. Burada nə baş verir?

-Köklü bakılıları evlərindən qovlayıb erməniləri və başqa millətləri yerləşdirirlər. Elə bil atalarının evidir. Böyüyümüz Nəriman Nərimanov olsa da, respublikamızı pedaras Mikoyan idarə edir.

-Camaatın vəziyyəti necədir?

-Necə olacaq? Acından ölür. Pullular Bakını tərk edib, çıxıb getdilər. Zavodlar, fabriklər işləmir. Müsadirə ediblər. Sahibkarların əllərindən pullarını-paralarını alıblar. Fəhlələri işlədirlər, ancaq maaş verən yoxdur.

Azərbaycanın neftini qatarlara, tankerlərə doldurub Rusiyətə göndərirlər. Əvəzinə heç nə almırlar. Şimal sərhədi başsız qalandan sonra Rusiyyətin bütün acları, avaraları, oğruları tökülüb Bakıya gəliblər.

Hamı Nərimanın atasını - anasını söyür. Azərbaycanlılar indi-indi nə baş verdiyini başa düşürlər.

-Mir Hüseyn ağadan nə xəbər var?

-Ordu şəhərə girəndən bir həftə sonra yoxa çıxıb. Hamı onu axtarır. Keçən həftə Nərimanov «Təzə pirə» gəlmişdi. Yaxasından yapışdıq «Hanı ağa?». Söz verdi ki, göstəriş verəcək: axtarıb tapsınlar!

-İnanırsınız?

-Yox!


-Firidun bəy Köçərlini də xilas edəcəyinə söz vermişdi. Eşitdik ki, Gəncədə onu güllələyiblər. Yalançıdır.

-Hacıdan nə xəbər?

-Oturub bağında, Bakıya gəlmir. Deyirlər, ev düsNağıdır. Sən nə etmək fikrindəsən?

-Nə edəcəyəm? Tiflisə qayıdacağam. Arteli işlədəcəyəm. Burada vəziyyət pis olsa, ora gəlin. Öz sənətinizlə məhğul olun!- deyə Fazil təklif etdi

-Çox sağ ol! Biz burada bir təhər keçinərik. Vay fəhlələrin halına.

-Cəhənnəməki!- deyə bayaqdan onlara diqqətlə qulaq asan Məşədi Nağı kişi dilləndi.

Fazilin başı söhbətə qarışdığından Cəbi ilə onun gəldiyini görməmişdi.

-Niyə, Nağı dayı?

-Kimlərdi fəhlələr? İrandan gələnlər. Bakı onlara çörək verib, qalmağa yer verib. İş verib, pul verib. İranda qalan atalarını, analarını, balalarını acından ölməyə qoymayıb. Əvəzində nə etdilər? Bu cür müqəddəs şəhəri ermənilərin, bolşeviklər ayağları altına atdılar, onlara çörək verənləri Bakıdan qovladılar... Allah da bəlalarını verir indi- acından ölürlər. Özləri cəhənnəmə, İranda ailələri acından ölür.

Dünən bunlardan biri, həmşərim, fəhlə Qasım bizə gəlmişdi. Nə edəcəyini bilmirdi. Dişimin dibindən gələni üzünə dedim. Peşmançılıqdan xəcalət çəkirlər. –deyə Məşədi Nağı başını yellədi.

-Nağı kişi, həyat belədir: Yetim çörək verənə xəyanət edər.- deyə Cəbi kişi fikrini bildirdi.

-Bəs sən niyə belə olmadın?- deyə Fazil ondan soruşdu. Cəbi kişi dinmədi.

-Çünki kökü təmizdir!- deyə Məşədi Nağı onun əvəzinə cavab verdi.

Məclis dağılarkən üzünü Məşədi Nağıya və eyvandakılara tutdu:

-Sabah çalışaq Mir Hüseyn ağanı axtaraq! Harada olduğunu bilməliyik. Fikirləşin görək, nə baş verə bilər?

-Sabaha qədər!-deyə qonşular ayrıldılar.

Gecəyə yaxın həyətdə Heybət göründü.

-Sən Basqalda deyildin?

-Eşidən də ki, qabağımca çıxmısan. Üz tutdum Bakıya.

-Gəl, səhər Mərdəkana gedək. Hacıya dəyək.

Dostlar razılaşdılar.

MƏRDƏKANDA

Səhər çağı fayton neft meşəsinin içilə isti və nöyütlü havanı yararaq irəli atıldıqca sərnişinlər sərinlik hiss edir, dözülməz iydən qurtarırdılar.

-A kişi, bir azda atların başını burax! Qoy buradan tez çıxaq!-deyə Heybət əlini faytonçunun çiyninə qoydu.

Sanki atlar da bu cəhənnəmdən tez çıxmaq istəyirdilər. Heyvanların iplərini buraxdıqdan sonra, qırmancı üstərinə çəkmədən götürüldülər.

-Başım çıxmır, Mir Hüseyn ağa harada ola bilər? -deyə Fazil sakitləşib yerində oturan dostundan soruşdu.

-Mən onu gözdən qoymurdum. Tez-tez ona dəyirdim. Hər gün səhər qulluğunda dururdum. O gün adətim üzrə onlara getdim. Qulluqçu dedi ki, dünən axşamdan evə gəlməyib.

Telefonu qaldırıb Lənkarana zəng etmək istədim, görüm Mir Kamil ağanın xəbəri var, ya yox? Telefon xətti işləmirdi. Hər yerə baş vurdum. Hətta inqlab komitəsinə də. Bir bolşevik soldatını it kimi içirtdim. Dostlaşdıq. Hər yerə baş vurdu. Heç nə bilmir.

-Bəs Bayıl türməsi?

-Orada nə işi? Müqəddəs bir adamı türməyə basarlar?

-Eh, Heybət! Sən kimdən nə umursan?

-Mərdəkandan qayıdıb Alyoşanı taparam!-deyə Heybət rus əsgərini nəzərdə tutdu.

Fazil isə başını aşağı salıb nəyi isə düşünürdü.

Mərdəkana çatdılar. Heybət ona tanış olan istiqaməti faytonçuya göstərdi. Gəlib Hacı Zeynalabdinin bağının qarşısında dayandılar.

Qapını onların üzünə Hacı özü açdı, onları görüb gözlərinə inanmadı.

-Fazil, sən hara bura hara? - deyə təəccüblə soruşdu.

-Gəlmişik, ağsaqqalımızı görək! - deyə o, cavab verdi.

-Bakıda nə baş verir? - deyə Hacı həyətdəki çardağın altına çatar-çatmaz soruşdu.

-Qarmaqarışıqdır. İt yiyəsini tanımır. Nə baş verdiyni heç kim bilmir. Bir şey gözə dəyir. Varlıların evini – eşiyini əlindən alıb ermənilərə, yəhudilərə və ruslara paylayırlar.-deyə Heybət cavab verdi.

-Bəs azərbaycanlılar?

-Kimdir onları it yerinə qoyan!? - deyə Fazil dözmədi.

-Bir adam dinmir ki, bu nə biyabırçılıqdır?

-Necə dinəcək? Erməni Mikoyan Bakıda yenə ağalıq edir. Dinənin başını kəsirlər. Bəzi axmaqlar da ona qoşulub.-deyə Heybət Hacının üzünə baxdı.

-Bilirəm, kimi deyirsən, cavan oğlan! Məni də bura o, dustaq edib.

-Fikriniz nədir?

-Əvvəl axır mənimlə görüşməlidir. Mənə borcludur. Onu mən adam eləmişəm! - deyə Hacı Zeynalabdin hirsləndi.

-Üstündə haqqınız var!- deyə Heybət onu sakitləşdirməyə çalışdı.

-Mir Hüseyn ağa necədir?- deyə birdən soruşdu.

-Elə ona görə gəlmişik. Yoxa çıxıb. Bəlkə siz bilərsiniz, haradadır və yaxud harada ola bilər?

-Mənim xəbərim yoxdur. Ancaq öyrənə bilərəm deyə ayağa qalxdı və ev tərəfə getdi.

-O, hara getdi?-deyə Heybət Fazildən soruşdu.

-Əlbət, telefonla zəng edəcək! - deyə Fazil onu səbirli olmağa çağırdı.

Beş dəqiqədən sonra Hacı Zeynalabdin qayıtdı. Gələn kimi üzünü Fazilə tutdu:

-Mən birinci dəfədir ona zəng etdim. Mir Hüseyn ağanın harada olduğunu soruşdum. Dedi, xəbərsizdir. Göstəriş verəcək ki, axtarsınlar.

Fazil ayağa qalxdı. Ona baxıb Heybətdə durdu.

-Hara bu tezliklə?

-Ağanı tapmalıyıq!-deyə üzürxahlıq etdilər.

***

Mərdəkanın çıxacağında faytonların qabağını silahlı dəstə kəsdi. Dayanmağa vadar oldular.



-Haradan gəlirsinz? - deyə dəstənin başçısı əlindəki «mauzeri» onlara tuşladı.

-Bağımızdan? - deyə Heybət o saat cavab verdi.

-Hacının yanından gəlmirsiniz?

-O, kimdir?

-Miyonçunu deyirəm!

-O, kim, biz kim? Biz kasıb babalarıq.

-Heç kasıba oxşamırsınız.

-Məktəb müəllimləriyik. İstəyirsən sənədlərimizi göstərək. - deyə Heybət özünü itirmədi.

-Hacının yanına da belə fayton gəlib. Onu saxlamalıyıq.

-İstəyirsən, bizi saxla, O fayton gələr, bizi buraxarsınız!-deyə Heybət təklif etdi.

Dəstə başçısı nəsə düşündü. Bir daha onları başdan ayağa qədər süzdü. Heybət onun üzünə baxıb gülürdü.

-Bunlar Hacının evindən çıxmadılar? - deyə faytonçudan soruşdu.

İndi onların taleyi faytonçudan asılı idi.

-Yox, yoldaş komissar! Öz bağlarından gəlirlər.-deyə faytonçu onları xilas etdi.

-Gedə bilərsiniz!-deyə dəstə başçısı göstəriş verdi.

Bir az oradan aralanan kimi Fazil əlini faytonçunun çiyninə qoydu:

-Çox sağ ol! Bizi xilas etdiniz!

-Borcumuzdur.

-Yazıq Hacını, deyəsən, gözdən qoymurlar!-deyə Heybət üzünü dostuna tutdu.

-Bilmirsən, niyə?

-Yox!

-Yeganə adamdır ki, xalqı küçələrə tökə bilər.



-Mənə elə gəldi ki, dünyadan xəbərsizdir.

-Hiss olunurdu.

-Bir daha bura gəldi yoxdur.

-Bəs necə öyrənək ki, Mir Hüseyn ağa haradadır?

-Ən yaxşısı, Alyoşanı tapmaqdır. İnqlab komitəsinə tez-tez gedib-gəlir.

***


Günortaya Bakıya yetişdilər. Düz Fazilgilə gəldilər. Faytonçunu da içəri dəvət etdilər, birlikdə nahar etsinlər.

Nahardan sonra faytonu Bayıl türməsinə sürdürlər. Türməni qarşısında faytondan düşdülər, faytonçunu buraxdılar. Qapsını döydülər. Üzlərinə qapını silahlı əsgər açdı:

-Nə istəyirsiniz?

-Rəisi.


-Kimdir soruşan?

-Deyin: vətəndaşlardır.

-Bir dəqiqə! Gözləyin! - deyə qapını onuların üzünə bağladı. Qapıçı iki dəqiqədən sonra qayıtdı.

-Buyurun içəri!-deyə onları dəvət etdi.

İçəri girəndə elə bil qaranlığa düşdülər. Gözləri heç nəyi seçmirdi. On-on beş atdım keçmişdilər ki, səs eşitdilər:

-Nə lazımdır?-deyə rusca soruşdular.

-Mənim qaynatam çoxdandır yoxa çıxıb. Dedilər ki, buradadır! Gəlmişik öyrənək: belədir ya belə deyil?

Gözləri qaranlığa öyrəşdikcə qarşılarında kimin olduğunu görməyə başladılar. Rəis qabağındakı kitabı onlara tərəf uzatdı:

-Bu adla adam burada olmayıb! İnanmırsız baxın!

-Çox sağ olun! Əziyyət verdik!- deyə Fazil təşəkkürünü bildirdi. Onlar otağı tərk edəndə, rəisin səsi yenidən eşidildi:

-Dayanın!

Fazillə Heybət yerlərində dayanıb onu tərəfə baxdılar.

-Siz AQPU1-ya muraciət edin! Məsləhətdir. Onlar hər şeyi bilirlər. Bakıda nə baş verib, hər şeydən xəbərdardırlar. - deyə rəis məsləhət bildi.

-Çox sağ olun!-deyə onlar qaranlıq dəhlizi tərk etdilər.

Bayıl türməsindən çıxdıqdan sonra fayton tapa bilmədilər. Şəhər tərəfə bir az piyadə getməyə məcbur oldular.

-Sən bilən, bu iqtidarla Mir Hüseyn ağa arasında ixtilaf ola bilər? - deyə Fazil soruşdu.

-İlk baxışda yox! Ancaq Mir Hüseyn ağa elə bir insandır- bir kəlməsinə xalq ayağa qalxa bilər.- deyə Heybət fikrini bildirdi.

-Mən də bu fikirdəyəm. Yadına sal! Müsəlmən qurultayını kim çağırdı? - Mir Hüseyn ağa. 1918-ci ildə «Yardım alaylarını» kim yaratdı?- Mir Hüseyn ağa. Sultanla danışığa kim getdi?- Mir Hüseyn ağa. Komissarlardan Bakını kim təmizlədi?

-Vəziyyət xoşa gələn olmayacaq! - deyə Heybət dilxor oldu.

Bir-ki küçə beləcə gəldilər. Şəhərə gedən yolun qırağında fayton gördülər. Çatıb mindilər.

-Fövqalada inqlab komissiyasına! - deyə istiqaməti göstərdilər.

Faytonçu, deyəsən, oranın harada olduğunu bilirdi, amma yol boyu bir neçə dəfə arxaya boylanıb kimləri apardığını görmək istəyirdi.

Fövqalada inqlabi komissiya keçmiş jandarmeriyanın binasında yerləşirdi. Fazil Heybəti kənarda gözləməyi xahiş etdi. Özü içəri girdi.

-Hara gedirsiniz? - deyə qapıdan girən kimi silahlı rus əsgəri qabağını saxladı.

-Böyüyünüzün yanına! -deyə Fazil rusca cavab verdi.

-O, yoxdur!

-Onda onu əvəz edən başqa bir adamın yanına aparın!-deyə Fazil təkid etdi.

Əsgər «Gözləyin!»-deyi və yanındakı əsgəri yuxarı göndərdi.

Tezliklə qayıtdı və əlilə yuxarı qalxmasına işarə etdi.

-Nə lazımdır?-deyə kabinetdən içəri girən kimi stol arxasında oturan qara eynəyli adam azərbaycanca soruşdu.

Onun ağır baxışları Fazilin diqqətindən yayınmadı.

-Mən sizi haradasa görmüşəm? - deyə Fazil qeyri-ixtayari onu tərəfə baxdı.

-Mir Hüseyn ağanın yanında. Nərman Nərmanovla gəlmişdim. İndi sən də yadıma düşürsən.

-Zənnimcə, Mir Cəfərsiniz?!

-Siz isə Mir Hüseyn ağanın kürəkəni. Tiflisli.

-Elədir.


-Nə məqsədlə bura gəlmiziniz?

-Mir Hüseyn ağa yoxa çıxıb.

-Haçan?

-Bir iyirmi beş gün olar.



-Mir Hüseyn ağa böyük adam idi. Heç din xadiminə oxşamırdı. Azərbaycanda bəlkə onu qədər savadlı adam yox idi. Millətçi idi. Bolşevizmi qəbul etmirdi. Görəsən, başına nə gəlib?- deyə öz-özünə danışa-danışa qarşısındakı dəftəri nəzərdən keçirdi, qarandaşla nəsə qeyd etdi. Sonra başını qaldırıb Fazilin üzünə baxdı: -Bizdə onun haqda heç bir məlumat yoxdur. Xəbər olsa, məlumat verərik. Ancaq hara? Sizin evləri müsadirə ediblər! - deyə Mir Cəfər Bağırov müəyyən qədər Mir Hüseyn haqqında məlumatlı olduğunu göstərdi.

-Bunun bir hüquqi əsası olmalıdır ya yox? - deyə Fazil səsini qaldırdı.

-Nə hüquqi əsası? Görüblər, yiyəsiz qalıb, alıb zəhmətkeşlərə veriblər.

-Hansı zəhmətkeşlərə? Hamısı keçmiş daşnaklardır. Azərbaycan xalqının düşmənləridir.

-Sən bunu haradan bilirsən?

-Öz gözümlə görmüşəm. Elə mənim evimə köçürtüyünüz Balayanı götürək. Mart hadisələri törədənlərdəndir.

-Bizim üçün hər şeydən əvvəl o, bolşevikdir! - deyə Mir Cəfər başını qaldırmadan sakit səslə cavab verdi. Nəsə yazmağa başladı.

Fazil daha dinmədi. Bir-neçə saniyə aralığa sükut çökdü.

-Daha nə demək istəyirsən? - deyə Mir Cəfər soruşdu.

-Məni qaynatamın taleyi maraqlandırır.

-Bizdə bu haqda məlumat yoxdur!- deyə əlindəki kağızı ona uzatdı:- Propuskdur. Bayıra çıxmaq üçün. Çox nadir hallarda bunu kiməsə veririk.

Küçədə Heybət var-gəl edirdi. Elə bil nə edəcəyini bilmirdi. Fazili görən kimi onu tərəfə qaçdı:

-Allaha şükür, sağ-salamatsan!- deyə dostunu bağrına basdı.

-Sənə nə olub?

-Nə olacaq? Rastıma Kərim gəldi. Yadına düşür? Bizimlə üzbəüz kontoru vardı. Soruşdu: Burada nə edirsən? Dedim, Fazili gözləyirəm. QPU-ya girib. Dedi ki, zalımın oğlu, məgər bilmirsən, ora girən çıxmır? Minlərlə oğulun başını yeyiblər. Ürəyim partlayırdı: bunun başına nə gəldi? Allaha şükür!

-Özünü ələ al!

-Ağadan nə xəbər?

-Heç bir məlumatları yoxdur. Ancaq hiss edirəm ki, hər şeyi bilirlər.

-Bayaqkı söhbətimiz yadımdan çıxmır. Ağa bunlar üçün, doğurdan da, təhlükədir. Qorxuram, başına oyun açarlar. İndi nə edək?

-Mir Kamil ağanı tapmalıyıq. Sabah Lənkarana yola düşməliyik.

-Hara gedirsən? Qəzetləri oxumursan?

-Hansı qəzetləri?

-Ötən həftənin...

-Nə yazırlar?

-Lənkaran polku bolşeviklərə tabe olmayıb, ölüm-itim var. Polk dağıdılıb.

-Bəs Mir Kamil ağanı haradan tapaq?

-Gözləyək!

-Axı evlərini əllərindən alıblar...

-Bizimkini ki, almayıblar. Ağıllı oğuldur, bizə gələr.

Bu fikirlə razılaşdılar. Evə qayıtdılar.


  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə