T Ü rkolog I y a 2 2012 roza eyvazov kiŞVƏRİNİn poetik dünyasi X ü L a s ə




Yüklə 498.51 Kb.
səhifə1/4
tarix22.02.2016
ölçüsü498.51 Kb.
  1   2   3   4


T Ü R K O L O G İ Y A

2 2012

ROZA EYVAZOV

KİŞVƏRİNİN POETİK DÜNYASI

X ü l a s ə. XV əsr sənətkarı Kişvərinin əsərlərində leksik-morfoloji və sintaktik cəhətdən həm Azərbaycan ümumxalq canlı danışıq dilinin, dialekt və şivələrinin, həm də türk dillərinin əvvəlki dövrlərinə aid xüsusiyyətlərinə təsadüf edilir, həmçinin ərəb, fars sözləri və ifadələri, izafət birləşmələri, konkret olaraq qıpçaq-karluk qrupu türk dillərinə xas olan sözlər və qrammatik formalar işlənir. «Kitabi-Dədə Qorqud» dastanında, Nəsimi və Qazi Bürhanəddin əsərlərində təsadüf edilən qədim Azərbaycan sözləri ilə bərabər, Nəvai təsiri nəticəsində işlədilən qədim özbək sözləri, ifadələri və qrammatik ünsürləri özünü göstərir.
Açar sözlər: Kişvəri, poetika, leksika, qrammatika, türk dilləri

XV əsr Azərbaycan xalqının tarixinə ictimai, siyasi və iqtisadi həyatın, mədəniyyət və ədəbiyyatın, elmin, xüsusən Azərbaycan dilinin inkişafı dövrü kimi daxil olur. Şimaldan Dərbənd, qərbdən Anadolu, cənubdan İran körfəzinə qədər bütöv bir ərazi Azərbaycan dilində danışırdı. Qaraqoyunlu və Ağqoyunluların hökmranlığı zamanı saraylara yol tapan Azərbaycan dili XV əsrdə həm ünsiyyət vasitəsi, həm də poeziya və sənət dili olmaqla əsas yer tuturdu. Həsənoğlu, Qazi Bür­hanəddin, Seyid İmadəddin Nəsimi tərəfindən yüksəldilən Azər­baycan ədəbi dili XV əsrdə daha da inkişaf edir. Cənubi Azərbaycanda yaranan Ağqoyunlu sülaləsinin hökmranlığı, xüsusən Səfəvilərin hakimiyyəti dövründə bu dil Azərbaycanda, İranda, İraqda və qismən Kiçik Asiyanın şərq hissəsində yaşayan müxtəlif türk qəbilələrinin ədəbi-bədii dil kimi istifadə etdiyi bir vasitə olaraq beynəlxalq xarakter alır və sonrakı əsrdə də bu xüsusiyyətini qoruyub saxlayır; belə ki, Səfəvilər dövründə dövlət dili səviyyəsinə qalxır [1. S. 153–186; 2. S. 239; 3. S. 234–236, 299; 4. S. 85–86].

Kişvəri «Divan»ının dilində müxtəlif dialekt və şivə xüsusiyyətləri ilə yanaşı, başqa türk dillərinin ünsürləri də müəyyən dərəcədə özünü
göstərmişdir. Həmin ünsürlərin şair dilinə təsirini aydınlaşdırmaq məq­sədi ilə tarixə müraciət etmək lazımdır. Azərbaycan dilinin tarixi haqqında yazılmış əsərlərdən aydındır ki, dilimizin ədəbi normalarının formalaşmasında onun sonralar daha da inkişaf edərək sabitləşməsində sırf Azərbaycan sözləri ilə bərabər, digər oğuz və qıpçaq qrupu ünsürləri də iştirak etmiş və müəyyən rol oy­namışdır. Dilimizin yazılı abidələrinin, eləcə də dialekt və şivələrinin araşdırılması sübut edir ki, qıpçaq ünsürlərinin Azərbaycan dilinə keçməsi tarixi bu tayfaların Azərbaycan ərazisinə yürüşü ilə əlaqədardır. Qipçaq qrupu ünsürləri Azərbaycan dilinin formalaşmasında həlledici rol oynamasa da, onun inkişafına təsir etmiş, dilimizin təşəkkülündə nəzərə çarpacaq dərəcədə iz buraxmışdır. Qıpçaq ünsürlərinə nisbətən oğuz qrupu ünsürləri Azərbaycan dilində daha möhkəm yer tutmuş, onun təşəkkülündə bilavasitə iştirak etmişdir. Orta Asiya və Azərbaycan ərazisində məskən salan qədim türkdilli xalqların təmasda olması, köçəri türk qəbilələrinin daimi axını, onların arasında olan tarixi köklərin birliyi, türk dillərində yaranan tarixi ədəbi abidələrin ümumiliyini bir daha sübut edir [5. S. 6; 6; 7. S. 5; 8. S. 7–13]. Orta əsr Azərbaycan ədəbi dili eləcə də ciğatay və qədim özbək dilinin təsirinə məruz qalmışdır [9. S. 6]. «Ciğatay şeir dili öz sərhəd­lərindən kənara çıxmağa başlamış, sonralar başqa türk dillərinə, o cümlədən Azərbaycan yazılı ədəbi dilinə təsir etmişdi. Bunun nəticəsində də Azərbaycan ədəbi dili tarixində yüksək mərhələlərdən olan orta əsr şeir dilində (Nəsimi, Kişvəri, qismən Xətai və Füzulinin dilində) ciğatay şeirinin bəzi morfoloji formaları üslubi ənənəyə çevrilmişdi» [10. S. 85]. Dərin siyasi, ictimai, iqtisadi kökləri olan belə bir cəhət müxtəlif səbəblərlə yanaşı, o cümlədən XV əsr Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin (Bəsiri, Kişvəri, Ziyayi, Xülqi, Allahi, sonralar Şah İsmayıl sarayına yaxın olmuş Şahqulu bəy, Süsəni bəy, Pəri Peykər və b.) Əlişir Nəvai və Hüseyn Bayqaranın başçılıq etdiyi Herat ədəbi mək­təbində təhsil almaları ilə əlaqədardır. Nəvai ədəbi məclisindən çıxmış bu sənətkarlar vətənə döndükləri zaman Azərbaycan ədəbiyyatına Nəvai ruhunu, ciğatay və qədim özbək dilinin xüsusiyyətlərini gətirmişlər [2. S. 300

Kişvəri də belə bir dövrdə yaşayıb-yaratmış və öz gözəl qəzəlləri ilə şöhrətlənmiş sənətkarlardandır. Şairin həyat və yaradıcılığı ətraflı şəkildə öyrənilməmiş, doğulduğu və öldüyü il məlum deyildir.

Kişvəri haqqında ilk məlumata Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin Səfəvilər dövrü şairlərinə həsr etdiyi təzkirəsində təsadüf edilir. XX əsr türk ədəbiyyatşünası İsmayıl Hikmət Sam Mirzənin bu məlumatı əsasında axtarışlar aparmış, 1928-ci ildə Bakıda nəşr etdirdiyi

«Azərbaycan ədəbiyyatı tarixi» [11. S. 286–290] adlı əsərində bəhs etmışdır [12. S. 72].

Kişvəri «Divan»ı haqqında qiymətli məlumatı H. Araslı 1946-cı ildə «Füzuli sələflərindən Kişvəri» adlı məqaləsində vermişdir. O, yazır: «Hələ “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ni yazarkən bizə Kiş­vərinin bir neçə qəzəli məlum idi. Leninqrad Şərqşünaslıq İnstitutunun əlyazmaları şöbəsində saxlanılan Xətai “Dəhnamə”sinin sonunda bu şairin əsərlərindən bir neçə qəzəl mövcuddur ki, bu qəzəllər Kişvərinin adını klassik şairlər sırasında çəkməyə imkan verirdi. Lakin bu il (1946) Nizami adına Ədəbiyyat İnstitutunun əldə etdiyi bir Divan şair haqqında daha ətraflı fikir söyləmək üçün imkan yaratmış oldu. Bu divan əsasında şairin həyat və yaradıcılığına aid müəyyən fikirlər söyləmək mümkündür» [13. S. 24].Qeyd etmək lazımdır ki, XV əsrdə yaşamış şairlər içərisində Kişvəri təxəllüslü sənətkar haqqında Məhəmməd Əli Tərbiyətin «Danişməndani-Azərbaycan», Pənahi Makulunun «Ədəbi məlumat cədvəli» və «Azər­baycan ədəbiyyatı tarixi» kitablarında məlumat vardır.

Məhəmməd Əli Tərbiyətin «Danişməndani-Azərbaycan» kitabında şair haqqında yalnız bir cümlə ilə məlumat verilmişdir: «Nemətulla Kişvəri Dilməqani Divani darəd morəkkəb əz farsiyo torki» [14. S. 135]. (Nemətulla Kişvəri Dilməqaninin türk və fars dillərindən ibarət «Divan»ı vardır. – R. E.).Pənahi Makulunun «Ədəbi məlumat cədvəli»ndə verilmiş məlumata görə, Nemətulla Kişvəri Dilməqani Dilməqanda anadan olmuş, Azər­baycan və fars dillərində yazmışdır [15. S. 194, 480].

1960-cı ildə nəşr edilmiş «Azərbaycan ədəbiyyatı tarixi» kitabında H. Araslı tərəfindən şair sadəcə olaraq Kişvəri təxəllüsü ilə verilmiş və onun Qəzvində anadan olduğu, Təbriz şəhərində isə yaşayıb-yaratdığı göstərilmişdir [2. S. 305].

Biz «Danişməndani-Azərbaycan» kitabındakı məlumata əsasən şairin adını hələlik, Nemətulla Kişvəri Dilməqani kimi qəbul edirik. Dilman (Dilməqan) Cənubi Azərbaycanda Urmiya ilə Təbriz ara­sında, Urmiya gölünə tökülən çayın üzərində yerləşən qədim tarixə malik bir şəhərdir. Bu şəhərin bir adı da Səlmasdır. Hazırda Şapur şəhəri adlanır. Bəzi tarixçilərin verdiyi məlumata görə, İsfahan şəhərinin qərb hissəsində də vaxtilə Dilman adlı yer mövcud imiş. Ağsu rayonunda Dilman adlı bir dağ kəndi vardır. Əvvəllər Şamaxı şəhərinə tabe olan bu kəndin əhalisi vaxtilə Cənubi Azərbaycanın Dilman şəhərindən köçüb burada məskən salmışdır. Orta əsr klassik milli poeziyamızın görkəmli nümayəndəsi Kişvərinin vətənidir [16. S. 462–463].

Azərbaycan dilində yazılmış əsərləri ilə özünə müəyyən mövqe tutmuş XV əsr sənətkarı Kişvərinin «Divan»ı nadir nüsxələrdəndir. Bozumtul cildi, içərisindəki şeirləri qara və qırmızı tuşla haşiyələnmiş, vərəqləri saralmış, gözəl və narın nəstəliq xətti ilə yazılmış 17 x 11 sm ölçülü 154 səhifəlik bu «Divan»ın Bakı nüsxəsi, yuxarıda qeyd etdiyimiz kimi, 1946-cı ildən elm aləminə məlumdur, həmin «Divan» M-27/8408 şifrəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitu­tunda saxlanılır. Əsasən qəzəllərdən, qismən də müxəmməs, mürəbbe, müstəzad və təxmislərdən ibarət olan bu «Divan»ın axırında şairin üç səhifəlik «Təşrihilbədən» şeiri vardır. Son vərəqdə 1120-ci il hicri tarixində qələmə alınmış və nəstəliq-şikəstə xətti ilə yazılmış farsca «Qəribnameyi-Sinayi» adlı iki səhifəlik şeir diqqəti cəlb edir. Kişvəri əsərlərində yad olan bu əlavə şeir parçası, çox ehtimal ki, şairə məxsus deyildir.

Kişvəri «Divan»ının Daşkənd nüsxəsi Özbəkistan Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda 652 nömrəli əlyazması içərisindədir. Əlyazması Füzulinin «Leyli və Məcnun» əsəri ilə başlayır. Həmin əsər 106b-cı səhifədə tamamlanır. «Leyli və Məcnun»un köçürülməsi 1196-cı il hicri tarixidir. Kişvəri «Divan»ı 107b-ci səhifədən başqa xətt ilə -dur xəbər şəkilçisi ilə qafiyələnən qəzəllə başlayaraq 174b-cü səhifədə «Ya mehri-əfruz, ya xurşidi-ənvərdür nədür» misrası ilə bitən yarımçıq «Təşrih il-bədən» şeiri ilə qurtarır. Daşkənd nüsxəsinin xətti və quruluşu Bakı nüsxəsinə çox yaxındır. Bakı nüsxəsində oxunmayan kəlmələrin yerləri xəttat tərəfindən burada da boş buraxılmışdır. Hər səhifədə 13 beyt vardır. Yalnız müxəmməslərdə bu xüsusiyyət pozulur. Əlyazmasının əvvəlində olmayan müxəmməs, mürəbbe, təxmislər, Bakı nüsxəsində isə Daşkənd nüsxəsində olmayan mürəbbe, müxəmməs və təxmislər vardır. Digər mürəbbe, müxəmməs və təxmislər isə hər iki nüsxədə eynilik təşkil edir. Kişvəri «Divan»ının paleoqrafik və xəttatlıq xüsusiyyətlərini, eləcə də əlyazmasının sonuncu vərəqində yazılmış «Qəribnamə»nin axırında qoyulmuş tarixin başqa katib tərəfindən sonradan əlavə edildiyini nəzərə alsaq, nüsxənin əsas mətninin XVI əsrdə köçürüldüyünü təxmin etmək olar. Bu fikri «Divan»ın imla xüsusiyyətləri sübut edir [17. S. 49].Kişvəri elm aləminə Azərbaycan dilində «Divan» yaradan bir sənətkar kimi daxildir. Lakin aparılan araşdırmalardan aydın olur ki, o, fars dilində də «Divan» tərtib etmişdir.

Kişvəri «Divan»ları üzərində aparılan müşahidələrdən aydın olur ki, şairin dili başlıca olaraq Azərbaycan canlı xalq dili əsasında inkişaf etmişdirsə də, bu prosesdə özbək ədəbi dilinin ciddi təsirindən də kənarda qala bilməmişdir. Klassik şərq, xüsusən İran poeziyasından ruhlanan Kişvəri, öz şeirlərində böyük özbək şairi Əlişir Nəvainin təsirini də aydın hiss etdirir.

Əsərlərindən görünür ki, şair Ağqoyunlular sülaləsinin mədəniy­yətpərvər hökmdarı sultan Yəqubun dövründə yaşayıb-yaratmışdır. Kiş­və­rinin tez-tez sultan Yəquba müraciəti, onun (Kişvərinin) XV əsrin son dövründə yaşadığını və bu illərdə yaşlı bir şair olduğunu aydınlaşdırır. Məs.:


Qələndər Kişvəridir bir süxəndan,

Süxənguyadır üştə kuyi-meydan.

Onun hər beytidir bir dürri-qəltan,

Qulaq asməz ona Yəqubi-Sultan

Məni bu qayğu öldürdü, mədəd hay! [18. S. 10].
Başqa bir şeiri şairin sultan Yəqub dövrünü arzuladığını göstərir. Məs.:
Taleyi-bərgəştə bir daxi qılaydı sərvəri,

Kim cila tapsaydı şol ayineyi-İsgəndəri.

Şölə çəksəydi çiraği-tudeyi-Bayindəri,

Vəh nə ləzzət tabğay ol saət qələndər Kişvəri,

Kim görünsə röyəti-Yəqub xani bir dəxi [18. S. 10].
Deməli, «şair bir müddət, yəni sultan Yəqubun son hakimiyyət dövrü olan 1490-cı illərə qədər sarayda yaşamış, hörmət görmüşdür. Sultanın ölümündən sonra şahzadələr arasında gedən münaqişələr dövründə isə saraydan kənarda qalıb öz keçmiş günlərini xatırlamışdır» [13. S. 34–35; 2. S. 305].

Sultan Yəqubun ölümündən sonra 1490–1502-ci illər arasında Ağqoyunlu şahzadələrin hakimiyyət uğrunda apardıqları müharibə illərində zəmanədən şikayətlənən, dərin iztirablar keçirən:


Bir əhli-dil xani ki, ana şikvə qılğalı

Dərdi-fəraqi-yarü qəmi-ruzigardən [18. S. 10].


Yaxud:
Məni ta ruzigari-səngdil ayırdı yarımdin,

Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdin [18. S. 10],


deyən şair, sultan Murad dövründə saraydan kənarda qaldığı illərdə şeirə, sənətə qiymət verən sultan Bayqara kimi bir hami, dayaq arzulamış, böyük söz ustadı Nəvai ilə görüşmək istəmişdir. Bu münasibətlə demişdir:

Kişvəri şeiri Nəvai şeiridən əksük iməs,

Bəxtinə düşsəydi bir sultan Hüseyn Bayqara [18. S. 11].
Yaxud:

Xosrovi-Təbrizdin çün bulmadı kamım rəva,

Eyb iməs gər meyli-türkani-Səmərqənd eyləyim.

Kişvəri tək şireyi-şeiri-Nəvai birlə mən

Sən cigər pərkaləsi can birlə peyvənd eyləyim [18. S. 11].
Kişvəri əsərlərindən aydın olur ki, şair qəriblikdə çətinliklərlə qarşılaşmış, ehtiyac, sıxıntılıq üzündən o, həmişə ahu-vay etməyə məcbur olmuşdur. Məs.:

Ğürbət məni zarü natəvan qıldı yenə,

Seylabi-sirişkimni rəvan qıldı yenə [18. S. 11].
Yaxud:
Gözümdin bimarəmü yerim pozuq mehrablar,

Kişvəri, hiç kim ğəribliğ içrə bimar olmasun [18. S. 11].


Göründüyü kimi, Kişvəri şeirlərində dərin bir kədər var. Heç bir din və təriqət görüşləri ilə bağlı olmayan, təbiətən şad, həyata bağlı, gözəlliyi qiymətləndirən bu sənətkarın əsərlərində hiss edilən kədər onun dövrü və şəxsi həyatı ilə əlaqədardır. Həyati məhəbbətin tərənnümü, dil sadəliyi, fikir aydınlığı, səmimiyyət, axıcılıq Kişvərinin bütün lirik şeirlərinə xas olan əsas cəhətlərdəndir [2. S. 307; 13. S. 37].

Kişvərinin şeirlərindən onun Həbibi ilə dostluq etdiyi aydınlaşır. Şair şeirlərinin birində dostu Həbibidən şikayətlənərək yazır:


Nə mən nalana həmdəmdir Həbibi,

Nə mən bimarə müşfiq bir təbibi,

Nə mən məhcurə vəslidən nəsibi,

Həbibi va Həbibi, va Həbibi!

Əgər görsən, səba, ol bivəfanı,

O şol biganeyi-naaşinani,

Degil unutmagil mən binəvanı,

Həbibi va Həbibi, va Həbibi! [18. S. 11–12].


Kişvəri əsərlərindən məlum olur ki, o, Nəsimi irsinə bağlı bir şair olmuşdur. Nəsiminin Kişvəriyə təsirini göstərmək üçün aşağıdakı müqayisələrə nəzər salaq:

Nəsimi:
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şahım, mahım, dilaramım, həyatım, dirliyim, ruhim,

Pənahım, məqsədim, meylim, mədarım, fikrətim, şanım [18. S. 12].
Kişvəri:
Nigarım, dilbərim, yarım, vəfasız şux didarım,

Xəyalım, həmdəmim, fikrim, hədisim, şerü divanım.

Üzü bədrim, sözü şəhdim, gözü ahu, saçı cadu,

Qədi ər-ər, təni mərmər, ləbi ləli-bədəxşanım [18. S. 12].


Kişvəri və Füzuli əsərlərində oxşar motivlərə rast gəlinir [18. S. 29–30]. Kişvəri əsərlərinin Azərbaycan ədəbi dilinin tarixi üçün xüsusi əhəmiyyəti vardır. Araşdırmalar göstərir ki, şair Azərbaycan dilinin incəliklərini, onun ifadə vasitələrini hərtərəfli dərk edən bir sənətkardır. Sözə yüksək qiymət verən, onun təsir qüvvəsini, qüdrətini duyan şair deyir:
Kişvərinin sözüdür inci, onu sındırmagil

Kim, bəhasından düşər, çün daneyi-inci sına [18. S. 12].


Sözdən böyük ustalıq və məharətlə istifadə edib, hər sözü öz yerində, müxtəlif mənalarda işlətməyi bacaran şairin şeirlərinə nəzər salaq:
Köksümü qalxan qılıbmən oxların qarşısına,

Gər inanmazsan bir ox atgil mana qarşı, sına [18. S. 13].


Yaxud:
Ey gözün zaği-siyahü zülfi-mişkinin duzağ

Daneyi-xalın üçün düşmüş duzağına du zağ [18. S. 13].


Nümunədə verdiyimiz duzağ ‘tələ’, du zağ ‘iki qarğa’ deməkdir.

Kişvəri ədəbi-bədii üslubun klassik ənənə ilə bağlı olan qədim ifadə vasitələrindən istifadə etmiş, ümumxalq canlı danışıq dilində işlənən sözləri, müxtəlif söz birləşmələrini, morfoloji və sintaktik vasitələri yazılı ədəbi dilə gətirmişdir. Məs.:

Ey pəri, mən tilbəni gər yad qılsan vəqtidür.

Vəh ki, keçti ruzigarım neçə sayrular bilə.

Hər necə əsrükdürür, var andə bir huşyarlığ.

Xani dövlət kim əyağ içib əyağını öpəm.

Ana hər nəstə kim tanrı verübdür barı gökçəkdir [18. S. 13].
Nümunələrdə verilmiş tilbə, sayru, əsrük, əyağ, nəstə, tanrı kimi qədim Azərbaycan sözləri sonrakı dövrlərdə dəli, xəstə, sərxoş, piyalə, şey, allah kimi ərəb, fars sözləri ilə əvəz edilmişdir.

Kişvəri əsərlərində işlədilmiş frazeoloji ifadələr, zərbi-məsəl mahiyyətli və məcazi mənalı söz və ifadələr müasir Azərbaycan dili ilə də səsləşir: İki mehman bir evdə çün sığışməz [18. S. 13]; Gecədən gündüzü bilməz, qəranı seçməz ağindən [18. S. 13]; Kaşki kəlsə əcəl kim qurtulaydım bir yoli [18. S. 13]; Çıraq ilən fələk istər bulunməz, // Sənüntək ay zəmini-asimanda [18. S. 13]; Bu gün sənsən cəhanda şahi-xuban // Bulur hər padişah bir zəmanda [18. S. 13–14]; Kim mana ölməkdin özgə heç dərman qalmadı [18. S. 14]; Bu məsəldir kim: «irir divanəyə dağ ustə dağ» [18. S. 14]; Bu yalan irmiş ki, «girməz oğri cənnət bağına» [18. S. 14].

Nümunə üçün verdiyimiz frazeoloji ifadələr, məcazi mənalı zərbi-məsəllər müasir Azərbaycan və canlı danışıq dilində ya olduğu kimi, ya da azacıq dəyişikliklə işlənməkdədir.

Kişvəri öz əsərlərində bənzətmə vasitəsilə təsvir etdiyi hadisə, şəxs və ya məfhumun müəyyən bir cəhətini daha qabarıq şəkildə nəzərə çatdırır. Məs.:

Ləbi qönçə, beli incə, saçı sünbül, gözi nərgis,

Dodağı abi-heyvanü yüzi gülnarı tapıncə [18. S. 14].


Bənzətmə məqamında kimi, tək, təki və s. bu tipli qoşmaların sözlərə birləşdirilməsindən istifadə edən şair şeirlərinin dilini canlı danışıq dilinə daha da yaxınlaşdırır. Məs.:
İncü təki dişlər dəhənində yenə oxşar

Bir qönçeyi-xəndanə içi doptolu jalə [18. S. 14].


Bəllidir ki, bədii ifadə üsullarını daha da zənginləşdirmək və qüvvətləndirmək baxımından klassik şərq ədəbiyyatında ərəb əlifbası hərfləri öz adları ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilmişdir. Məs.: əlif – hərfi ‘boy’, ‘qamət’, ayn ‘göz’, qaf ‘qaş’, mim ‘ağız’, sin ‘diş’, dal ‘qəddi-qamətin bükülməsi’, nun isə ‘nöqtə’ kimi rəmzi mənaları bildirir.

Kişvəri dilində belə bənzətmələrə, nadir hallarda olsa da, rast gəlirik:


Gözüm ğəmdən imas xali ki bu qan olası könlüm

Qaşuni nunə oxşattı, dəhanın şəklini mimə [18. S. 14].


Yaxud:
Qaşınlə qəddi-nazın getti közümdin, əmma

Nunu əlif qalupdur köksümdə yadigarın [18. S. 14].


Qeyd etmək lazımdır ki, poeziyasında metaforalardan çox istifadə edən şair, bu bədii təsvir vasitəsilə hadisənin mahiyyətini bənzətmə yolu ilə ifadə edir, insanların daxili aləmini, xarakterini açır. Belə üslubi məqamdan istifadə sənətkarın dilini daha da zənginləşdirir. Məs.:
Gecədən gündüzü bilməz, qəranı seçməz ağındən [18. S. 15].
Burada ‘pis, çətin gün’ mənasında olan gecəqara sözləri ‘yaxşı, işıqlı gün’ mənasında işlənən gündüz, sözləri ilə qarşılaşdırılmışdır.

Kişvəri əsərlərinin dili leksik və qrammatik kateqoriyalarla zəngindir. O, Azərbaycan dilinin bir sıra şəkilçilərindən istifadə edərək yaratdığı tərkibləri epitetlər məqamında işlətməyi bacarmışdır. Məs.:


Gözlərim qanın görüb qaçdı qərayüzlü rəqib [18. S. 15].
Yaxud:
Vəsməlü qaşun könüllər qəsdinə çəkmiş kəman,

Sürməlü çeşmin gözümdən bərlü qan eylər yenə [18. S. 15].


Yaradıcılığında sinonim, omonim və antonimlərdən istifadə etməklə öz şeir dilindəki emosionallığı artıran sənətkarın bəzi nümunələrinə nəzər salaq:
sinonim:
Gözlərün ağü qərasinə şəbi-ruz fəda.

Ləblərün hoqqəsinə çeşmeyi-heyvan sədəqə

Güli-ruxsarına yüz cani-girami qurban.

Çeşmi-bimarına min dideyi-giryan sədəqə [18. S. 15];


omonim:
Xani dövlət kim əyağ içib əyağını öpəm

Bir əlimdə bu əyağ, bir əlimdə ol əyağ [18. S. 15];

antonim:
Aşina yad oldi məndən, dost düşmən aqibət [18. S. 15].
Şair bədii ifadə vasitələrindən biri olan antitezadan da istifadə edir. Bu üsuldan istifadə etməklə o təsvir olunan hadisələri, insanlar arasındakı kontrastı müqayisə yolu ilə müəyyənləşdirir. Məs.:
Yar içər əğyar ilən mey şadü xəndan hər gecə.

Qalmışam mən yarsız giryanü büryan hər gecə [18. S. 16].


Yaxud:
Ğəmzə oxi qaşların yayindən, ey əbru kəman

Sən atarsən canəvü könlüm dutər qarşu sinə [18. S. 16].


Alliterasiya, təkrir kimi bədii ifadə üsullarını da yeri gəldikcə işlədən böyük söz ustadı deyir:
Alma, cana, canımı kim can ilən yarəm sana [18. S. 16].
Yaxud:
Na can qaldı bizə, nə dil, yarəb, qalmasun hərgiz.

Nə can bir ləhzə canansız, nə dil bir yardin ayru [18. S. 16].
Kişvəri əsərlərində ərəb, fars sözləri və ifadələrindən də istifadə edilmişdir. Lakin şairin işlətdiyi ərəb, fars sözləri asan anlaşılan kəlmələrdir. Klassik şeir dili üçün səciyyəvi olan zülfi-siyah, yari-vəfadar, ləbi-şirin, çeşmi-siyah və s. bu kimi ərəb, fars tərkibləri ilə yanaşı, şairin dilində həm də onların qara saç, vəfalı yar, şirin dodaq, qara göz və s. bu kimi ekvivalenti olan Azərbaycan dili birləşmələri də özünü göstərir.

Beləliklə, Kişvəri «Divan»ı üzərindəki araşdırmalardan aydın olur ki, şairin əsərlərinin dili bir sıra xüsusiyyətlərinə və cəhətlərinə görə yüksək səviyyəli Azərbaycan ədəbi-bədii dil nümunələrindən sayıla bilər.


Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Məqalənin elmi yeniliyini səciyyələndirən əsas cəhətlərdən biri odur ki, Kişvəri əsər­lərində işlənən, lakin dilin sonrakı inkişafı mərhələlərində istifadədən qalan maraqlı hadisələr qədim və müasir Azərbaycan, həmçinin türk dillərinin dialekt və şivələri əsasında müqayisə edilərək araşdırılmışdır. Tətbiqi əhəmiyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, Kişvəri əsərlərinin dilində oğuz qrupuna məxsus xüsusiyyətlər daha geniş yer tutur, Azərbaycan ədəbi dilinin inkişaf tarixini, bu dilin tarixi qram­matikasını yaratmaq üçün, eləcə də türk dillərinin tarixi-müqayisəli aspektdə araşdırılması üçün Kişvəri əsərlərinin çox böyük əhəmiyyəti vardır.

Ə D Ə B İ Y Y A T


  1. Петрушевский И. П. Государства Азербайджана в XV веке // Сб. ст. по ист. Азербайджана. Баку: Изд-во АН АзССР, 1949. Вып. 1.

  2. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1960. C. 1.

  3. Azərbaycan tarixi. Bakı, 1961. C. 1.

  4. Onullahi S. M., Həsənov A. Q. Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında: (Azərbaycan dilində dövlətlərarası yazışma tarixindən) // ADU-nun Elmi əsərləri. Bakı, 1974.

  5. Dəmirçizadə Ə. M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. Bakı, 1959.

  6. Yenə onun. Azərbaycan dilindəki oğuz-qıpçaq lisani ünsürləri // AzSSR EA Dil İnstitutu əsərləri. 1947. № 1.

  7. Ширалиев М. Ш. Кыпчакские элементы в азербайджанском языке: (на материале диалектов и говоров) // Исследования по грамматике и лексике тюркских языков. Ташкент: Наука, 1965.

  8. Qəhrəmanov C. Nəsimi «Divan»ının leksikası. Bakı, 1970.

  9. Eyvazova R. H. Orta əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü. Bakı: Elm, 1999.

  10. Əlizadə S. Q. «Şühədanamə»də adlar: (isim, sifət, say, əvəzlik): Filol. elm. nam. ...dis. Bakı, 1966.

  11. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərnəşr, 1928. C. 1.

  12. Ağayev Fərhad. N. Kişvərinin həyat və yaradıcılığının öyrə­nilməsi tarixindən // «Kontekst-3» toplusu. Bakı: Elm, 2003.

  13. Araslı H. Füzuli sələflərindən Kişvəri // Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri. Bakı, 1946. C. 2.

  14. Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan. Tehran, 1314.

  15. Məkulu Pənahi. Ədəbi məlumat cədvəli. Bakı, 1962.

  16. Gürgani Fəxri. Vis və Ramin. Bakı, 1974.

  17. Qəhrəmanov C. Kişvərinin bir əlyazma «Divan»ı haqqında // AzSSR EA əlyazmalar xəzinəsində. Bakı, 1976. C. 4.

  18. Eyvazova R. H. Kişvəri «Divan»ının dili: (morfoloji xüsu­siyyətləri). Bakı: Elm, 2005.


РОЗА ЭЙВАЗОВА
ПОЭТИЧЕСКИЙ МИР КИШВЕРИ
Р е з ю м е
В произведениях Кишвери – мастера слова, жившего в XV в., в лексико-морфологическом и синтаксическом плане выявляются особенности, характерные как для азербайджанского общенародного разговорного языка, его диалектов и говоров, так и для древних тюркских языков. Вместе с тем в них используются арабизмы, персидские слова и выражения, изафетные словосочетания, а также присущие кыпчакско-карлукской группе тюркских языков слова и грамматические формы. В произведениях Кишвери наряду с архаизмами, встречающимися в дастане «Китаби-Деде Коркуд», в произведениях Насими и Гази Бурханеддина, употребляются древнеузбекские слова, выражения и грамматические формы, что можно объяснить влиянием Навои.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə