Sumqayit şƏHƏRİ corat qəSƏBƏSİNDƏ yaşayan gəncləRİn vəZİYYƏTİ haqqinda hesabat




Yüklə 172 Kb.
tarix04.03.2016
ölçüsü172 Kb.
SUMQAYIT ŞƏHƏRİ CORAT QƏSƏBƏSİNDƏ YAŞAYAN

GƏNCLƏRİN VƏZİYYƏTİ HAQQINDA HESABAT
GİRİŞ: Araşdırma metodları və qarşılaşdığımız çətinliklər

01.06.2008 tarixindən 10.06.2008 tarixinə qədər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi üzrə Nümayəndəliyi ilə birgə Corat qəsəbəsində yaşayan 14-29 yaş qrupu üzrə araşdırma aparmışdır. Araşdırma qəsəbə sakinlərinin 80-85 %-ni əhatə etmişdir. Aparılan araşdırma ilkin mərhələdə konkret fakt və göstəricilərə əsaslanır. İlkin mərhələdə sosioloji sorğular keçirilsə bunların nəticələri real vəziyyəti əks etdirə bilməzdi. Respondentlərin əksəriyyəti suallara qeyri səmimi cavab verə bilərdi. Buna görə də ilkin mərhələdə vəziyyət real göstəricilərlə müəyyən olunmalıdır. Məhz bu göstəricilərin əsasında müəyyən edilmiş problemlər istiqamətində gələcəkdə sosioloji sorğuların keçirilməsi nəzərdə tutula bilər. Bundan sonra konkret göstəricilərlə sosioloji sorğuların nəticələri arasında müəyyən məntiqi əlaqə əldə etmək mümkün olardı.

Aparılan araşdırmalardan əldə edilən analitik məlumatlar tək başına istifadə edilərkən müəyyən nəticəyə gəlmək çətindir. Buna görə də alınan nəticələr müqayisəli metodla təhlil edilməlidir. Bu müqayisəli metod iki formada ola bilər. Birincisi coğrafi kriteriyaya görə ola bilər. Məsələn, Corat qəsəbəsi ilə Sumqayıt şəhərinin müvafiq göstəricilərinin müqayisə edilməsi. İkincisi isə zaman kriteryasına görə ola bilər. Məsələn Corat qəsəbəsinin 2007-ci və 2008-ci illərdəki müvafiq göstəricilərinin müqayisə edilməsi kimi ola bilər. Təəssüf ki, bu cür müqayisələrin aparılması obyektiv səbəblərdən mümkün olmadı. Belə ki, coğrafi kriteryaya uyğun müqayisəli təhlil üçün nəzərdə tutulan göstəricilərdən bəzilərini Sumqayıt şəhəri üzrə əldə etmək üçün iri miqyaslı iş görmək lazımdır. Təhlillərdə istifadə edilən göstəricilər gənclərin cinsiyyət, təhsil, məşğuliyyətini (peşə və iş yeri bölgüsü daxil olmaqla), habelə asudə vaxtın təşkilində gənclərin iştirakı, vətəndaş cəmiyyəti və demokratik təsisatlarda onların iştirakının vəziyyəti, ictimai səhiyyə sahəsində vəziyyətini də əhatə edir. Corat qəsəbəsinin spesifik xüsusiyyətləri nəzərə alınaraq aparılan təhlillər qadınlar və kişilər üçün ayrı aparılmışdır. Belə bir təhlil bir neçə məsələ baxımından faydalı hesab olunur. Birincisi Corat qəsəbəsində yaşayan gənclərin problemlərinin səbəblərini araşdırmaq üçün faydalı hesab olunabilər. İkincisi, hər iki cins üçün əldə edilən göstəricilərin bir birindən fərqli və ya eyni olub olmadığını müəyyən etmək olar. Belə bir müqayisə meydana gələn problemlər, onların səbəbləri və nəticələrini müəyyən etmək baxımından da kömək etdi. Araşdırmalar şəhər İcra Hakimiyyətinin Corat Qəsəbəsi üzrə Nümayəndəliyindəki qeydiyyat sənədlərinə əsasən aparılmışdır. Bu sahədə müəyyən obyektiv çətinliklər meydana çıxmışdır. Belə ki, 14-29 yaş qrupuna aid olan şəxslərin siyahısı tərtib olunarkən onlari bir qismi haqqında tam məlumat əldə etmək mümkün olmadı. Bununla bərabər əldə edilmiş məlumat bazası Corat qəsəbəsində yaşayan gənclər haqqında ümumi və nəticələrinə etibar edilə bilən məlumat almağa imkan verir.
Corat qəsəbəsində yaşayan gənclər haqqında ümumi məlumat

Qəsəbədə 14-29 yaş qrupuna aid olan gənclərin siyahısı tərtib olunarkən faktiki yaşayış meyarı nəzərə alınmışdır. Beləki, qəsəbədə qeydiyyatda olan lakin faktiki yaşamayan şəxslər siyahının tərtib olunmasında nəzərə alınmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qəsəbədə 11 772 şəxs yaşayır. Bunlardan 2341 nəfər 14-29 yaş qrupunu əhatə edir.




Yuxarıdakı dairədən göründüyü kimi, 14-29 yaş qrupuna aid olan şəxslər ümumi əhalinin 20 %-ni təşkil edir. Mövcud 2341 nəfərdən 1246 nəfər oğlan, 1095 nəfərini isə qızlar təşkil edir.

Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, oğlan və qızların say nisbətindəki bölgü respublika üzrə göstəricidən bir qədər fərqlidir. Belə ki, Respublika üzrə göstəriciyə əsasən qadınlar kişilərdən bir qədər çox olmasına baxmayaraq qəsəbədə 14-29 yaş qrupundakı şəxslər üçün bu bir qədər əksinədir. Bu nisbətə təsir göstərən amillərdən birisi qəsəbədə qızların nikaha daxil olması nisbətən daha az yaşlarda baş verir. Nikaha daxil olan qızlar başqa yerlərdə yaşadıqları üçün bu yuxarıdakı müvafiq göstəriciyə və faktiki yaşayış meyarına təsir göstərir. Eyni zamanda qəsəbədə evlərin demək olar ki, hamısı fərdi yaşayış və torpaq sahələri olduğu üçün bir çox hallarda bir fərdi yaşayış evində daha çox ailə yaşayır. Bu isə qəsəbədən 14-29 yaş qrupuna aid olan oğlanların qəsəbədən kənar bir yerdə faktiki yaşamaq hallarını azaldır.


Qəsəbə gənclərinin təhsil sahəsində vəziyyəti

Qəsəbədəki gənclərin təhsil vəziyyətini şərtləndirən ölkənin ümumi amilləri ilə yanaşı eyni zamanda qəsəbəyə məxsus spesifik amillər də mövcuddur. Qəsəbə gənclərinin təhsilində spesifik amillərin təsiri daha çox müşahidə olunur. Bu təsirin nəticələri qızların təhsil vəziyyəti ilə oğlanların təhsil vəziyyətində fərq ilə müşayət olunur. Bu baxımdan təhsil vəziyyətinə təsir edən səbəbləri öyrənmək məqsədi ilə oğlanlar ilə qızların təhsil vəziyyətini ayrı ayrılıqda təhlil etmək daha faydalıdır. 14-29 yaş qrupuna aid olan oğlanların təhsil vəziyyəti aşağıdakı dairədə göstərilmişdir.


1246 oğlandan 18,86 %-nin yəni, 235-nin təhsil vəziyyətini müəyyən etmək mümkün olmadı.

14-29 yaş qrupuna aid olan qızların təhsil vəziyyəti isə aşağıdaki kimidir.




14-29 yaş qrupuna aid olan 1095 qızdan 14,7 %-nin, yəni 161 nəfərin təhsil vəziyyətini müəyyən etmək mümkün olmadı.


14-29 yaş qrupuna aid olan şəxslərin ümumi təhsil vəziyyəti aşağıdakı kimidir.

Diaqramlardan göründüyü kimi orta təhsil həm oglan və qızlar üçün ayrı ayrılıqda və həm də ümumilikdə 44%-lə dominantlıq təşkil edir. Bu vəziyyət gənclərin gələcək karyerasına çox mənfi təsir göstərir. Belə vəziyyəti şərtləndirən səbəblərdən bir qismi qəsəbənin spesifik mühiti və ailə mühitidir. Araşdırmalar göstərir ki, ailədə üzvlərin təhsil vəziyyəti monoton bir struktura malikdir. Belə ki, müşahidələr nəticəsində məlum olmuşdur ki, təhsil səviyyəsi baxımından monoton ailələr 70% təşkil edir. Orta təhsillilərin əksəriyyətinin valideynləri də orta təhsillidir. Yəni, əksər hallara qəsəbədə gənclərin təhsilə istiqamətlənməsində valideynlərin təhsil vəziyyəti onlar üçün nümunə təşkil edir. Belə ailələrdə gənclər çox vaxt orta məktəb təhsili ilə kifayətlənib daha tez işə başlayırlar. Ailə mühitinin təsiri ilə də gənclər öz karyeralarında təhsilin rolunu kifayət qədər qiymətləndirə bilmirlər. Bu isə gənclərin gələcək karyerasına mənfi təsir göstərir. Bu özünü daha çox gənclərin məşğuliyyətində əks etdirir və gənclərin bir qismi ya işsizliklə ya da gündəlik perspektivsiz işlərdə işləyir. Gənclərin məşğuliyyəti bölməsində bu məsələlər daha dərindən təhlil edilib. Təhsil vəziyyəti ilə bağlı qızlarla oğlanlar arasında fərqlər mövcuddur. Bu fərqləri aşağıdakı cədvəldə görmək mümkündür.



Təhsil vəziyyəti

Faiz dərəcəsi ilə



Oğlanlar (faiz dərəcəsi ilə)

Qızlar (faiz dərəcəsi ilə)

Oğlanlar ilə qızlar arasında fərq

Natamam orta

2

4

-2

Orta

44

44

0

Orta ixtisas

5

9

-4

Ali

6

4

2

Məktəbli

37

34

3

Tələbə (orta ixtisas)

1

1

0

Tələbə (ali)

6

4

2

Cədvəldə axırıncı sütunda göstərilən fərqlərə nəzər yetirsək görmək mümkündür ki, qəsəbədə yaşayan qızlar təhsillərini davam etdirməyə meylli deyillər. Qəsəbədə yerləşən 7 saylı orta məktəbdə aparılan araşdırmada bu fakt özünü təsdiq etdi. Təəssüf ki, qəsəbədə ailələrin çoxunda qızların təhsilini davam etdirməsinə dəstək vermirlər. Ailələrdəki ənənəvi yanaşmalar, qizları daha gənc yaşlarda nikaha daxil etmək faktları qızların təhsildə oğlanlardan geri qalmasına səbəb olur. 7 saylı orta məktəbdən alınan məlumata görə qızların təhsilini davam etdirməsinə bir çox hallarda ailə başçısı yox, qızların qardaşları mane olur. Qızların təhsildə oğlanlara nisbətən geri qalması onların məşğuliyyət sahəsindəki karyeralarını məhdudlaşdırır. Təhsil vəziyyəti ilə bağlı müsbət məqamlardan biri də odur ki, qızlar orta ixtisas təhsilinə oğlanlara nisbətən daha çox əhəmiyyət verirlər. Belə nəticəyə gəlmək mümkündür ki, ali məktəblərdə hər hansı bir ixtisas oxumaqdan çox hər hansı bir peşə və sənət öyrənmə tendesiyası qızlarda üstünlük təşkil edir. Qızların orta ixtisas məktəblərində daha çox seçdikləri sənətlər arasında musiqi müəllimliyi və tibb məktəbləri üstünlük təşkil edir. Bütün bu faktlar gənclərin təhsilə münasibətində oğlanlarla qızlar arasında fərqli tendesiyaların olduğunu göstərir. 7 saylı orta məktəbdən alınan məlumata əsasən bu il 9-cu sinifi 124 nəfər bitirir. Bunlardan yalnız 60 nəfəri təhsilinə davam edir. Qalan 64 nəfərdən isə çoxluğu qızlar təşkil edən şagirdlər isə orta məktəbdən ayrılmaq fikirləri var. Mövcud təlimata əsasən bu məktəblilər ya orta ixtisas məktəblərində ya da təkrar orta məktəbdə təhsillərini davam etdirməlidirlər. Bu fakt onu göstərir ki, mövcud şagirdlərin 50 %-dən çoxu təhsilə davam etmək istəmirlər. Gələcək illərdə bu göstəricinin hesablanması gənclərin təhsilə münasibətdə mövcud tendesiyaları, onların dinamikasını və səbəblərini müəyyən etmək baxımından faydalı ola bilər. Bu il 7 saylı orta məktəbdən 77 nəfər məzun olub və onlarda 57 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün TQDK-ya sənəd təqdim ediblər. Keçən il bu rəqəm 66 nəfər təşkil etmişdi və bunlardan da 17 nəfər ali məktəbə daxil olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, 7 saylı orta məktəbdə əsasən Corat məktəblilərinin oxuması ilə yanaşı eyni zamanda 16-cı mkr və 51-ci məhəllədə yaşayan şagirdlər də oxuyur. Keçən il ali məktəblərə daxil olan 17 nəfərdən 6-sı qonşu mikrorayon və məhəllələrdə yaşayan şəxslər, qalanları isə Corat qəsəbəsindən olub. Bununla bərabər Corat qəsəbəsində yaşayan gənclər arasında uğurlu təhsil karyerasına nail olan şəxslər də var. Qəsəbədə yaşayan tələbələrdən bir nəfəri Prezident təqaüdçüsüdür. 3 nəfər xarici ölkələrin ali məktəblərində təhsil alır.

7 saylı məktəbdən aldığımız məlumata əsasən təhsilə maraq zəif olmasına baxmayaraq məktəblilərin kompüter və xarici dil öyrənməyə maraqları da az deyil. Hal hazırda məktəbdə 19 ədəd kompüter mövcuddur və müsbət məqam ondan ibarətdir ki, şagirdlər kompüterlərə maraqları böyükdür. Gələn ildən məktəbdəki kompüterlərin internet şəbəkəsinə qoşulması nəzərdə tutulur. Keçən ildən etibarən ABŞ-ın “Sülh Korpusu”nun könüllülərindən 6 nəfəri qəsəbədə yerləşdirilmişdir. Bu könüllülər qəsəbənin evlərində qalaraq həm azərbaycan dilini oyrənmişlər və eyni zamanda qaldıqları evlərdə ingilis dilini öyrədirdilər. 7 saylı məktəbdən verilən məlumata görə “Sülh korpusu”ndan olan 6 nəfərin qəsəbə evlərində qonaq qalması üçün qəsəbədən 19 ailə 7 saylı orta məktəbə müraciət etmişdir. Burada müsbət məqam ondan ibarətdir ki, qəsəbə gəncləri xarici dil öyrənməyə maraq göstərirlər. 7 saylı orta məktəb qəsəbədə yaşayan şagirdlər arasında daima narkomaniyaya qarşı və digər zərərlı vərdişlərə qarşı daim tədbirlər görür. Ciddi intizam tədbirlərinə baxmayaraq məktəbdə oxuyan 940 şagirddən 13 nəfər təhsildən yayınır və ümumiyyətlə məktəbə gəlmirlər. Onların valideynləri ilə aparılan danışıqlar və digər inzibati tədbirlər heç bir səmərə verməyib. Bu 13 nəfərin demək olar ki, hamısı uşaq əməyinə cəlb edilir. Bu 13 nəfərdən 7 nəfəri marşurutlarda konduktor işləyir. Ümumiyyətlə yeniyetmələrin 15-20%-i uşaq əməyinə cəlb olunur. Bunlar əsasən nəqliyyat, ictmai iaşə və xidmət sektorlarında işləyirlər. Bəziləri hətta tikinti sektorunda da işləyirlər. Gənclərin təhsilə etinasız münasibət göstərməsi və ailə mühitinin də yeniyetmələri düzgün istiqamətləndirməməsi nəticəsində yeniyetmələr uşaq əməyinə cəlb olunurlar.
Qəsəbə gənclərinin məşğulluq vəziyyəti

Bu sahədə də qəsəbə gənclərinin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Qəsəbə gənclərinin təhsil vəziyyəti onların məşğuliyyətinə birbaşa təsir göstərən amillərdən biridir. Qəsəbə gənclərinin 47 %-i ya natamam orta və ya orta təhsilli olduğu üçün onların perspektivli işlərdə işləmək imkanları məhduddur. Oğlanların 46 %-də qızların isə 48 %-i nin təhsili orta təhsil səviyyəsinə qədər olması onu göstərdi ki, qızlarda işsizlik həddi oğlanlara nisbətən daha yuxarı səviyyədədir. Bu baxımdan 14-29 yaş qrupuna aid gənclərin məşğuliyyət bölgüsünü cinsiyyət təsnifatına görə təhlil etmək lazımdır. Qəsəbədə yaşayan 14-29 yaş qrupuna aid oğlanların məşğuliyyət vəziyyəti aşağıdaki kimidir. 1246 şəxsdən 24,07%-i yəni 300 nəfərin məşğuliyyəti müəyyən oluna bilmədiyi üçün və 34, 75%-i yəni 433 nəfər hal hazırda təhsillərini davam etdirdiyi üçün oğlanların məşğuliyyət vəziyyətinin təhlilində bu şəxslər nəzərə alınmır. Qalan 513 şəxsin məşğuliyyəti aşağıdakı kimidir.


212 nəfər işsizdən yalnız 7 nəfər ali təhsilli, 3 nəfər orta ixtisas təhsillidir. Qalan işsizlərin təhsil səviyyəsi isə orta təhsildən yüksək deyil. Bu onu göstərir ki, qəsəbədə işsizliyin əsas səbəblərindən biri gənclərin təhsil səviyyəsinin aşağı olması ilə əlaqədərdir.

İşləyən 301 şəxsin iş yerinin sektorlar üzrə bölgüsü aşağıdakı şəkildə göstərilmişdir.


İşlədiyi yerin sahəsi

Sayı (nəfərlə)

Ümumi işləyənlərdə payı

Faizlə


Tikinti-inşaat

63

20,93%

Daimi olmayan iş yeri (sərbəst)

57

18,94%

Nəqliyyat

35

11,63%

İctimai iaşə xidmətləri

19

6,31%

Ticarət

18

5,98%

Mebel-taxta istehsalatı

13

4,32%

Mühafizə xidmətləri

13

4,32%

Müxtəlif xidmət sektorları

13

4,32%

Energetika

8

2,66%

Hüquq mühafizə orqanları

6

1,99%

Səhiyyə

6

1,99%

Yeyinti sənayesi

6

1,99%

Kimya sənayesi

5

1,66%

Metallurqiya

5

1,66%

Mətbuat və Nəşriyyat

5

1,66%

Dini qurumlar

4

1,33%

Neft-qaz sənayesi

4

1,33%

Təhsil

4

1,33%

İnformasiya texnologiyaları

3

1,00%

Zərgərlik

3

1,00%

Digər

2

0,66%

Dovlət qulluğu

2

0,66%

Hərbi idarələr

2

0,66%

Bank sektoru

1

0,33%

İncəsənət

1

0,33%

Məişət servis xidmətləri

1

0,33%

Ordu

1

0,33%

Turizm

1

0,33%

İşləyən şəxslərin işlədiyi sahələrə baxdıqda burada sahələr üzrə bölgü qeyri bərabər paylanmışdır. Cədvəldən göründüyü kimi, ilk 3 yerdə inşaat –tikinti sektoru, daimi iş yeri olmayan sərbəst sektorlar və nəqliyyat (taksi) sektoru gəlir. Bu sektorların ümumi payı 50%-dən çoxdur. Bu sektorlarda işləyənlərin demək olar ki, hamısı orta təhsilli şəxslərdir.Yuxarıdaki siyahıda ən aşağı yerləri tutan sahələrdə isə daha ixtisaslı və daha çox ali təhsilli şəxslərin işləməsi müəyyən olunmuşdur.

İşləyən oğlanların peşə və sənət üzrə bölgüsü isə aşağıdaki kimidir.


İşlədiyi peşənin adı

Sayı (nəfərlə)

Ümumi işləyənlərdə payı

Faizlə


Fəhlə

140

46,51%

Sürücü

35

11,63%

Ofisiant

16

5,32%

Mühafizəçi

14

4,65%

Satıcı

14

4,65%

Usta

13

4,32%

Bərbər

5

1,66%

Menecer

5

1,66%

Mühəndis

5

1,66%

Mütəxəssis

5

1,66%

Polis

5

1,66%

Energetik

3

1,00%

Kompüter operatoru

3

1,00%

Müəllim

3

1,00%

Nəzarətçi

3

1,00%

Xilasedici

3

1,00%

Din xadimi

3

1,00%

Dövlət qulluqçusu

2

0,66%

Hərbçi

2

0,66%

Hüquqşünas

2

0,66%

Orta tibbi işçisi

2

0,66%

Video montajçı

2

0,66%

Zərgər

2

0,66%

Sahibkar

2

0,66%

Anbardar

1

0,33%

Aşbaz

1

0,33%

Çapçı

1

0,33%

Dispetçer

1

0,33%

Dizayner

1

0,33%

Ekspeditor

1

0,33%

Həkim

1

0,33%

Jurnalist

1

0,33%

Mühasib və kassir

1

0,33%

Psixoloq

1

0,33%

Rejissor

1

0,33%

Texnik

1

0,33%

İşləyən şəxslərin peşə bölgüsünə baxdıqda burada da bölgünün qeyri proporsional paylandığını müşahidə etmək mümkündür. Peşə bölgüsündə liderliyi 46,61%-lə fəhlələr, daha sonra isə 11,63 %-lə sürücülər təşkil edir. Qısa sözlə desək sürücülük və adi fəhləlik işləyən şəxslərin yarıdan çoxunu təşkil edir. 140 fəhlənin demək olar ki, 50-55 nəfərinin, yəni 35 %-nin daimi iş yeri mövcud deyil. İşləyən fəhlələrin qalan hissəsindən təxminən 60-65 nəfəri tikinti sektorunda işləyirlər. Bu cədvəldə də göründüyü kimi siyahının yuxarı hissəsində yer alan peşələrdə işləyən şəxslərin təhsili orta təhsil səviyyəsindən yuxarı deyil. Bununla bərabər fəhlə işləyənlər arasında 6 ali təhsilli şəxsin işlədiyinə rast gəlindi. Sonrakı yerlərdə olan ofisiant, mühafizəçi və satıcı vəzifələrində işləyən şəxslərin əksəriyyəti orta təhsildən yuxarı deyil. Siyahının aşağı hissələrində yer alan peşələrdə - müəllim, həkim, jurnalist, hüquqşünas vəzifələrində işləyənlər ali təhsillidir. Peşələrin bu cür qeyri bərabər bölgüsü qəsəbə gənclərinin təhsil səviyyəsinin aşağı olması ilə yanaşı qəsəbədə sahibkarlıq subyektlərini az olması ilə də əlaqədərdir.

Qəsəbədə 14-29 yaş qrupuna aid oğlanlardan 4 nəfər hal hazırda cəza çəkmə müəssisələrində həbsdədir.

14-29 yaş qrupuna aid qızların məşğulluğu həm iş yeri sahələrin baxımından istərsə peşə bölgüsü baxımından xeylı fərqlənir. Qızlar arasında işsizlik həddi oğlanlara nisbətən daha yüksəkdir. 14-29 yaş qrupuna aid olan 1095 qızın 17,16 %-ninç yəni 188 nəfərin məşğuliyyətini müəyyən olumadığı və 33,69%-nin yəni 369 nəfərin təhsilini davam etdirdiyi üçün bu şəxslər məşğuliyyət vəziyyətinin təhlilində nəzərə alınmır. Geriyə qalan 538 nəfərin iş bölgüsü aşağıdakı kimidir.


Dairədən göründüyü kimi, qızlarda işsizlik həddi oğlanlara nisbətən demək olar ki, 2 dəfə (83%: 41 %) çoxdur. Burada təhsil səviyyəsi ilə yanaşı mühafizəkarlıq və ənənəvi ailə mühiti də qızların məşğuliyyətinə mənfi təsir göstərən amillərdən biridir. Qəsəbədə yaşayan qızlar bir çox hallarda evdar qadın olurlar və ya evdə məişət işlərinə cəlb olunurlar. Bununla bərabər işləyən qızlar oğlanlara nisbətən daha perspektivli, prestijli iş yerlərində və vəzifələrdə işləyirlər. İşləyən şəxslərin iş yerinin sektorlar üzrə bölgüsü aşağıdakı kimidir.




Sıra

İş yerlərinin sahələr üzrə adı

İşləyən şəxslərin sayı

Ümumi işləyənlər arasında payı %-lə

1

Səhiyyə

23

25,84%

2

Təhsil

16

17,98%

3

Ticarət

12

13,48%

4

Toxuculuq

9

10,11%

5

İncəsənət

7

7,87%

6

İnformasiya texnologiyaları

6

6,74%

7

Xidmət sektoru

6

6,74%

8

Tikinti və inşaat

3

3,37%

9

Hərbi idarələr

2

2,25%

10

Nəqliyyat

1

1,12%

11

Dini qurumlar

1

1,12%

12

Yeyinti sənayesi

1

1,12%

13

Yerli özünüidarəetmə orqanları

1

1,12%

14

Digər

1

1,12%

İş yeri üzrə sektorların sayında oğlanların işlədiyi sektor sayı (28 sektor) qızların işlədiyi sektor sayından (14 sektor) 2 dəfə çoxdur. Oğlanlardan fərgli olaraq qızlarda iş yeri sektorları üzrə bölgü nisbətən proporsional şəkildə bölünüb. Qızlar cədvəldə göründüyü kimi daha çox səhiyyə (25,84 %), təhsil (17,98%) və ticarət (13,48 %) sektorunda işləyirlər. Bu məsələdə oğlanların nəticələrindən kəskin şəkildə dəyişir. Ümumi işləyənlərin 55 %-i bu üç sektorda işləyir. Səhiyyə sahəsində işləyən qızların 73,91 %-i orta ixtisas təhsillidir. Qalanları isə ali təhsillidir. Təhsil sahəsində işləyənlərin 75-80 %-i ali təhsilli, 20-25 %-i orta ixtisas və ya orta təhsilli şəxslərdir. İşləyən qızların əksəriyyəti ali təhsillidir.

İşləyən oğlanların peşə və sənət üzrə bölgüsü isə aşağıdaki kimidir.


Sıra

İşlədiyi peşənin adı

Sayı (nəfərlə)

Ümumi işləyənlərdə payı

Faizlə


1

Müəllimə

18

20,22%

2

Orta tibbi işçisi

17

19,10%

3

Satıcı

12

13,48%

4

Toxucu

8

8,99%

5

Kompüter operatoru

6

6,74%

6

Bərbər

6

6,74%

7

Həkim

3

3,37%

8

Mühasib və kassir

3

3,37%

9

Xadimə

3

3,37%

10

Menecer

2

2,25%

11

Stüardessa

1

1,12%

12

Proqramçı

1

1,12%

13

Din xadimi

1

1,12%

14

Elmi işçi

1

1,12%

15

Modelyer

1

1,12%

16

Dövlət qulluqçusu

1

1,12%

17

Texnik

1

1,12%

18

Dispetçer

1

1,12%

19

Şirniyyatçı

1

1,12%

20

Təşkilatçı

1

1,12%

21

Müfəttiş

1

1,12%

Qızların məşğuliyyətində peşə və vəzifə bölgüsündə oğlanlara nisbətən proporsional bölgü mövcuddur. Qəsəbədə qızlar əsasən müəllimə, orta tibbi işçisi (tibb bacısı) və satıcı işləyirlər. Bu vəzifələrdə qızların 53 %-i işləyir. Ümumilikdə bu göstərici qızlar arasında məşğuliyyət sahəsindəki ümumi ölkə tendesiyalarını əks etdirir. Ümumi ölkə üzrə də qızlar daha çox müəllimə və tibb işçisi olmağa meyl edirlər. Qəsəbədə oğlanlar 36, qızlar isə 21 müxtəlif vəzifə və peşələrdə işləyir. Bu göstəricidə də qızlar daha az peşə sayında işləyirlər. Qəsəbədə oğlanlarla müqayisə etdikdə qızlar, iş yeri və peşə seçimi nisbətən daha dar çərçivədə olur. Bu respublikadakı müəyyən tendesiyalarla üst üstə düşdüyünü göstərən bir faktdır. Bununla bərabər qəsəbədəki spesifik mühit və ailə mühiti də müəyyən rol oynayır. İşsizliyin qızlarda daha çox təsadüf etməsi müəyyən qədər yuxarıda sadalanan mühitlə əlaqələlidir.


Qəsəbə gənclərinin səhiyyə sahəsində vəziyyəti

Qəsəbədə narkomaniya şəhərin digər məhəllə və qəsəbələrinə nisbətən daha çox geniş yayılıb. Narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarının son dövrlərdə apardığı əməliyyatlar müsbət nəticələr versə də bu problem qəsəbə üçün hələ də aktualdır. Qəsəbədə mövcud olan 7 saylı məktəb rəhbərliyi bu sahədə şagirdlər üzərində ciddi nəzarət qurmuş, vaxtaşırı profilaktiki və maarifləndirici tədbirlər həyata keçirir ki, bu da öz müsbət nəticəsini vermişdir. Belə ki, şəhərdə yerləşən narkoloji dispanserdən alınan məlumata əsasən qeydiyyatda olan narkomanlar arasında məktəb yaşında narkoman qeydiyyatda yoxdur. Ümumiyyətlə şəhər Narkoloji Dispanserdə qəsəbədən 152 nəfər qeydiyyatdadır. Bunlardan 114-ü narkoman, qalanı isə içki düşkünü kimi qeydiyyatdadırlar. 114 narkomandan isə 14 nəfəri 14-29 yaş qrupuna aiddir. Qeydiyyatda olan ən az yaşlı narkomanın 19 yaşı var. Məlumat üçün qeyd etmək lazımdır ki, Narkoloji Dispanserlərə narkomanların çox az bir qismi qeydiyyata düşür. Azərbaycanda narkoloji dispanserlərdə narkomanların qeydiyyatı hüquq-mühafizə orqanlarında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədər açılan cinayət işləri əsasında yaranır ya da narkomanların şəxsi müraciəti əsasında yaranır. Lakin qeydiyyata düşməyənlər qeydiyyata düşənlərdən dəfələrlə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı qeydiyyata düşənlərlə düşməyənlər arasındakı fərq üçün əmsalı 15 dəfə qəbul etmişdir. Bizim ölkəmizdə bu əmsal 10 dəfə olaraq qəbul edilmişdir. Əgər bu əmsalı nəzərə alsaq qəsəbədə 114 narkomanın, o cümlədən 14 nəfər gəncin qeydiyyatda olması çox təhlükəli həddir. Bu rəqəmlər göstərir ki, gənclərin narkomaniyaya qurşanma riski daha da böyükdür. Qəbul etsək ki, narkomaniya ilə 114 nəfərin hərəsi bir ailədədirsə, o zaman bu bəla ilə 114 ailə qarşılaşır. Qəsəbədə hər bir ailədə orta statistik hesabla 4-5 nəfər varsa bu riskin miqyası təhlükəlidir. Bununla bərabər müsbət məqam bundan ibarətdir ki, şəhər İcra Hakimiyyəti Başçısının Qəsəbə üzrə Nümayəndəliyi narkomaniya ilə bağlı rəy qutusu hazırlamışdır. Müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Bununla bərabər qəsəbədə əhalinin psixoloji vəziyyəti, qəsəbənini spesifik mühiti nəzərə alınmaq şərti ilə daha təcrübəli ekspertlər tərəfindən hazırlanacaq davamlı maarifləndirmə startegiyası daha arzuolunan nəticələrə gətirib çıxarda bilər.

Bundan başqa qəsəbədə 15 nəfər gənc oğlan və 3 nəfər gənc qız əlildir.
Qəsəbə gənclərinin asudə vaxtının təşkili ilə bağlı vəziyyəti

Qəsəbədə gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində qəsəbənin mədəniyyət evi və 7 saylı orta məktəbdə açıq tipli idman qurğuları və staisonar idman zalı fəaliyyət göstərir. Mədəniyyət evi rəhbərliyinin məlumatına görə qəsəbədə aşağıdakı klub və kollektivlər fəaliyyət göstərir.



  • “Karvan” xalq çalğı alətləri ansamblı-29 nəfər üzvü var. Üzvlərin 30-35%-ni gənclər təşkil edir.

  • Sirk kollektivi - 4 nəfər üzvü var. Bunlardan 2 nəfər məktəblidir.

  • Meyxanaçılar qrupu - 4 nəfər üzvü var. Bunların hamısı gənclərdir.

  • Dram dərnəyi - 7 saylı orta məktəbdə qurulub. 24 nəfər üzvü var.

  • Bədii qiraət dərnəyi - 7 saylı orta məktəbdə qurulub. 25 nəfər üzvü var.

  • Xor dərnəyi - 7 saylı orta məktəbdə qurulub. 40 nəfər üzvü var.

Maraq klubları:

  • Veteran klubu - 25 nəfər üzvü var. Burada gənclər yoxdur.

  • Stolüstü oyunlar - 30 nəfər üzvü var. Burada gənclər yoxdur.

İcra nümayəndəliyində siyahı tərtib olunarkən məlum oldu ki, asudə vaxtlarda 4 gənc oğlan və 15 gənc qız musiqi ilə, 1 nəfər gənc oğlan isə illüziya (sehrbazlıqla) məşğuldur. Qəsəbədə mədəniyyət evindən başqa gənclərin asudə vaxtını keçirəcək hər hansı bir sosial obyektlərə rast gəlinmədi. Boş torpaq sahələrinin məhdud olması bu cür obyektlərin tikintisinə mane olur. Çayxanalarda isə əsasən yaşlı şəxslər vaxtlarını keçirir. Yay aylarında gənclər və yeniyetmələr vaxtlarını çimərlikdə keçirir. Lakin bununla əlaqədər dəqiq bir say vermək qeyri mümkündür. Asudə vaxtının təşkili ilə əlaqədər qəsəbədə fəaliyyət göstərən qurumlar az da olsa müəyyən tədbirlər həyata keçirib. Qəsəbə bələdiyyəsi öz nəzdində futbol klubu formalaşdırıb. Bu futbol klubu Bakı kəndləri arasında keçirilən yarışmalarda da iştirak edib. Bu klub H.Z.Tağıyev qəsəbəsi ilə birgə formalaşdırıldı. Futbol klubundakı 18 nəfərdən yalnız 6 nəfəri Corat gənclərindən təşkil olunub. 7 saylı orta məktəb Corat Qəsəbə Bələdiyyəsi və Şəhər İcra Hakimiyyəti ilə birgə məktəb stadionunda bərpa işləri aparmaq niyyətindədir. Meydançanın ot örtüyü ilə təmin edilməsi nəzərdə tutulur və gələcəkdə otüstü hokkey üçün də müvafiq şəraitin yaradılması planlaşdırılır.


Qəsəbə gənclərinin idman sahəsində vəziyyəti

Sumqayıt şəhərinin idman məktəblərində aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, 14-29 yaş qrupuna aid gənclərdən 100 nəfərə yaxını idmanla, o cümlədən 62 nəfər peşəkar idmanla məşğuldur. Onlardan 2 nəfər futbol, 11 nəfər boks, 22 nəfər otüstü xokkey, 3 nəfər cüdo, 4 nəfər sambo, 8 nəfər sərbəst güləş, 2 nəfər taekovando, 10 nəfər yunan-roma güləşi ilə məşğuldur. Qəsəbədəki futbol klubunun 6 nəfəri gəncdir.


Qəsəbə gənclərinin ictimai siyasi həyatda iştirakı

Qəsəbə gəncləri ictimai-siyasi həyatda çox passivdirlər. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 24 nəfər namizədliyini irəli sürmüş, onlardan 19 nəfəri qeydiyyatdan keçmişdir. Təsdiq olunmuş namizədlərdən heç biri və hal hazırda qəsəbənin bələdiyyə şurasındakı üzvlərdən heç biri 14-29 yaş qrupuna aid olan şəxslər deyil. Habelə qəsəbədə 15 məhəllə komitələri mövcuddur. Bu komitələrdə də yalniz yaşlı şəxslər təmsil olunur və komitə üzvlərindən 14-29 yaş qrupuna aid şəxslər yoxdur. Gənclərin ictimai siyasi həyatda iştirakının zəifliyini şərtləndirən səbəblər aşağıdakılardır:



  • Qəsəbədə mövcud olan patriarxal ailə mühitinin üstünlük təşkil etməsi

  • Yaşlı şəxslərlə gənc nəsil arasındakı münasibət və ünsiyyətində yaşlı şəxslərin fikir və düşüncələrinin daha çox etibarlı olması. Bu sahədə gənclərin yaşlıların lehinə güzəştə getməsi

  • “Ağsaqqal” institutunun qəsəbədə güclü avtoritetə malik olması

Yuxarıda sadalanan səbəblər daha çox qəsəbədə mövcud olan mental xüsusiyyətlərlə bağlıdır. Bununla bərabər gənclərin təhsil səviyyəsi də onların ictimai siyasi həyatda iştirakını zəiflədən amillərdən biridir. Qəsəbədə şəhər icra hakimiyyəti başçısının Nümayəndəliyində gənclərlə bağlı struktur qurulmasına baxmayaraq bu struktur formal xarakter daşıyır. Qəsəbədə gənclərin ictimai-siyasi həyatda, o cümlədən yerli özünüidarəetmə sistemində iştirakının olmaması yerli prioritet problemlərin müəyyən edilməsində gənclərinin problemlərinin nəzərə alınmaması ilə nəticələnir. Eyni zamanda bu sahədə gənclərin qeyri fəal olması prioritet problemlərin müəyyən edilməsində gənclərin rəyinin nəzərə alınmaması ilə də nəticələnir. Bu isə gənclərin digər problemlərinin həll edilməsinə də mənfi təsir göstərir.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə