Sumqayit döVLƏt universiteti SƏRBƏst iŞ №1 Fənn: Arxeologiya




Yüklə 110.75 Kb.
tarix25.04.2016
ölçüsü110.75 Kb.



SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

SƏRBƏST İŞ № 1

Fənn: Arxeologiya

Mövzu: Mingəçevirin dulus küpləri ilk orta əsrlərdə

Rəhbər: Şirzad Əhmədov

Tələbənin S.A.A: Qədirov Cavid Şixəli oğlu

Fakültə: Tarix

Qrup: 823

Kurs: I

SUMQAYIT 2010


Plan:

  1. Mingəçevirdə arxeoloji tədqiqatlar.

  2. İlk orta əsrlərdə Mingəçevirdə sənətkarlıq sahələri.

  3. Mingəçevirdə ilk orta əsrlər dulus məmulatı.



GİRİŞ
Azərbaycan tarixinin tərkib hissəsi olmaq etibarı ilə Qafqaz Albaniyası tarixinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Özünəməxsus sərhədləri və ərazisi olan Albaniya dövləti miladdan əvvəl IV-III əsrlərdən başlayaraq, ilk orta əsrlərin sonuna qədər, yəni min ildən artıq davam etmişdir. Məhz buna görə də ilk orta əsrlərin (III-VIII) öyrənilməsi birinci növbədə Albaniya tarixinin öyrənilməsi deməkdir.

Xalqımızın çoxəsrlik tarixində ilk orta əsrlər bir neçə ictimai və siyasi hadisələrlə zəngindir. Əvvəla, bu dövrdə məhsuldar qüvvələrin inkişafı daha qabaqcıl istehsal münasibətlərinin əmələ gəlməsinə və nəticədə yeni ictimai iqtisadi formasiya olan feodalizmin yaranmasına səbə olmuşdur.* Digər tərəfdən, Albaniya ərazisi bütün ilk orta əsrlər boyu Bizans imperiyası ilə Yaxın və Orta Şərqin güclü dövlətləri olan sasani İranı və ərəb xilafəti arasındakı müharibələr meydanına çevrilmiş*, xəzərlərin arası kəsilməz basqınlarına məruz qalmış və bir əldən başqa ələ keçirmişdir.

Nəhayət, bu dövrdə xalqın mədəni və mənəvi həyatında da böyük dəyişikliklər əmələ gəlmişdir. Belə ki, V əsrin əvvəllərində ilk dəfə olaraq yerli əhalinin dilinə uyğun alban əlifbası yaradılmış, kilsə və məktəblərdə tətbiq edilmişdir. Həmçinin IV əsrə kimi mövcud olan bütpərəst (astral) dini tədricən ortadan qalxmağa və alban feodallarınən mənafeyinə daha uyğun olan xristian dini yayılmağa başlamışdır. Eyni zamanda, İranın hakim dairələri də xristianlıq və bütpərəstliklə mübarizə aparmaqla bərabər sasani İranında dövlət dini olan zərdüşt dininin Albaniya ərazisində zorla yaymağa cəhd edirdilər. VIII əsrdən başlayaraq bu yerdə ərəblərin hakimiyyəti möhkəmləndikdən sonra İslam dini yayılmağa başlamışdır.

Şübhə yoxdur ki, bütün bu hadisələr yerli əhalinin iqtisadi və mədəni həyatına müəyyən təsir göstərmiş, maddi mədəniyyət abidələrində müsbət və ya mənfi iz buraxmışdır. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, ilk orta əsrlərin iqtisadi-ictimai və hətta siyasi tarixi də indiyədək lazımlı dərəcədə ətraflı və ardıcıl olaraq şərh edilməmişdir. Bu dövrün maddi-mədəniyyət abidələrinin öyrənilməsi də eyni vəziyyətdədir.

Aydın məsələdir ki, orta əsrlərdə ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayan feodal şəhərləri birdən-birə meydana gəlməmişdir. Bu şəhərlərin iqtisadi əsasları hələ ilk orta əsrlərdə yaranmış, lakin bütün ilk orta əsr yaşayış yerləri iri feodal şəhərləri səviyyəsinə yüksələ bilməmişdir. İlk orta əsrlərdə təsərrüfatın və əhalinin mədəni səviyyəsinin ümumi inkişafı feodal şəhərlərinin meydana gəlməsinə zəmin yaratmışdır. Bu nöqteyi-nəzərdən ilk orta əsr arxeoloji abidələrinin öyrənilməsi əhəmiyyətlidir.

______________________________

* Müasir Azərbaycan Respublikası ərazisi qədim Yunan-Roma mənbələrində Albaniya, erməni mənbələrində Aqvank, ərəb mənbələrində Arran adlandırılmışdır.

* Azərbaycan tarixi, I cild, Bakı, 1958, 88-89 səh.

* Себеос Епископ - История, (пер. С.Малхасянца) Ереван, 1939;

Гевонд Вардапет - История халифов, (пер. К.Патканова), СПб, 1962.

Mingəçevirdə arxeoloji tədqiqatlar
Azərbaycan arxeoloji xəritəsində ilk orta əsr abidələrinin tədqiqi sahəsində böyük boşluq vardır. Bunun başlıca səbəbi Respublika ərazisində yerləşən və müxtəlif dövrləri əhatə edən abidələrin arxeoloji cəhətdən qeyri-bərabər öyrənilməsidir. Ayrı-ayrı təsadüfi tapıntılar nəzərə alınmazsa, ilk orta əsr abidələrində son zamanlara qədər müntəzəm tədqiqat və qazıntı işləri aparılmamışdır.

Maraqlı burasıdır ki, qonşu Gürcüstan və Ermənistanın da ilk orta əsr abidələri öyrənilməmişdir. Məsələn, Gürcüstanda aparılan arxeoloji qazıntılar zamanı ilk orta əsrlərə aid yalnız qəbir abidələri aşkar olunmuşdur. Yaşayış yerləri isə indiyədək tədqiq edilməmişdir. Ermənistanda isə əksinə olaraq, bu dövrün qəbir abidələri məlum deyildir. Ani, Dvin və Qarni kimi böyük şəhər və yaşayış yerlərində aparılan qazıntılar nəticəsində isə ilk orta əsr abidələri (bəzi memarlıq abidələri nəzərə alınmazsa) çox cu`zi dərəcədə aşkar edilmişdir.

Azərbaycanda bu dövrün maddi-mədəniyyət abidələrini bir kompleks halında və ardıcıl surətdə hələlik yalnız Mingəçevirin arxeolji materialları əsasında öyrənmək mümkündür. Məhz buna görə də, Mingəçevir arxeoloji abidələri istər ilk orta əsrlərdə yerli əhalinin təsərrüfat sahələrini, məişətini və mənəvi həyatını, istərsə də ümumiyyətlə Albaniya tarixini öyrənmək sahəsində böyük əhəmiyyətə malikdir.

Mingəçevir Azərbaycan Respublikasının mərkəzi hissəsində, Kür-Araz düzənliyinin şimal-qərb başlanğıcında yerləşir. Qədim dövrdə və ilk orta əsrlərdə Mingəçevir yaşayış yerlərinin əhatə etdiyi sahə başlıca olaraq Kür çayının Bozdağ silsiləsində əmələ gətirdiyi keçiddən ibarət olmuşdur. Bu keçidin sağ hissəsi Qazanlıdağ, sol hissəsi Qaradağ adlanır. Mingəçevir dağətəyi rayonların və düzənlik rayonların sərhəddində yerləşdiyindən hər iki coğrafi zonaya xas olan və təsərrüfat nöqteyi-nəzərindən əhəmiyyətli üstün cəhətlərə malik olmuşdur.

İlk orta əsrlərin alban tarixçisi Musa Kalankatlının Qafqaz Albaniyasının təbii zənginliklərinin qisa təsvirini verərək yazır ki, bu gözəl ölkədən axan Kür çayında xeyli miqdarda müxtəlif balıqlar vardır. Kürün sahillərindəki çöllər bol taxıl, üzüm, neft, pambıq və ipəklə zəngindir; dağlarında gümüş, mis, qızıl istehsal olunur. Burada müxtəlif vəhşi heyvanlar və quşlar vardır*.

Heç bir tərəddüd etmədən eyni sözləri Mingəçevir haqqında da demək olar. Mingəçevirin təbii-coğrafi şəraitinin əlverişli olması, yəni quru subtropik iqlimi*, çay kənarında yerləşməsi, meşənin yaxınlığı, geniş otlaqlar, zəngin heyvanat aləminə malik olması və strateji nöqteyi-nəzərindən üstün mövqe tutması ən qədim zamanlardan burada insanların məskən salmasına şərait yaratmışdır.*

Mingəçevir arxeoloji abidələri haqqında düzgün təsəvvür əldə etmək üçün, qısa şəkildə olsa da, bu abidələrin xarakteri və xronolji çərçivəsi ilə tanış olmaq lazımdır. Bu məqsədlə aşağıda Mingəçevirin arxeoloji xəritəsini veririk:

1 nömrəli yaşayış yeri. Mingəçevirdə məlum olan ən qədim yaşayış yeri olub,Kür çayının sağ sahilində, Qazanlıdağın şərq ətəyində yerləşir. Yaşayış yerinin şimaldan cənuba doğru uzunluğu 1100 m, eni isə Kür çayının sahilindən dağın ətəyinə qədər 350-400 m-dir. Qazıntılar nəticəsində burada üç mədəni təbəqə aşkar edilmişdir. Bu təbəqələrin ən qədimi eneolit dövrünə, yə`ni miladdan əvvəl üçüncü minilliyin axırıncı ______________________________



* Musa Kalankatlı – Alaban tarixi, Bakı, Elm, 1993. 272 səh. 5-6 səhifələr.

* Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.İone – Qədim Mingəçevir, Bakı, 1959, 10-15 səhifələr.

rübünə aiddir. Birinci təbəqənin xarabalıqları üzərində yerləşən ikinci təbəqə tunc dövrünün inkişaf və son mərhələsini (miladdan əvvəl XIII-VIII əsrlər) əhatə edir. Yaşayış yerinin son dövrünü isə miladdan əvvəl VII-I əsrləri əhatə üçüncü mədəni təbəqə təşkil edir.

Qazıntılar zamanı hər üç təbəqədən müxtəlif əmək alətləri, saxsı məmulatı nümunələri, osteoloji və ixtioloji qalıqlar və az miqdarda metal əşyalar tapılmışdır. Bundan əlavə, torpaqda qazılmış müxtəlif təsərrüfat quyuları, yaşayış binaları və primitiv dulus kürələrinin qalıqları aşkar edilmişdir.

Stratiqrafiya dəlillərinin və toplanılan madii-mədəniyyət abidələrinin öyrənilməsi ayrı-ayrı mədəni təbəqələrin və bütün yaşayış yerinin dövrünü düzgün müəyyən etməyə imkan vermişdir. Yaşayış yerinin cənub tərəfində sahəsi təxminən 50 hektara yaxın olan böyük qəbirstanlıq yerləşmişdir. Qəbirstanlıqda aparılan qazıntılar dövr etibarı ilə yaşayış yerindən mədəni təbəqələrinə uyğun olan müxtəlif tipli qəbirlər aşkar olunmuşdur. Qəbirlərinin dövrünün müəyyən edilməsi onalrın avadanlığı və qəbirstanlığın stratiqrafiyası əsas götürülmüşdür.

2 nömrəli yaşayış yeri. Kür çayının sol sahilində, Bozdağ keçidinin çıxacağında ensiz bir sahədə yerləşmişdir. Bu sahə Kürə doğru 10-15 dərəcə əyintisi olan alçaq təpələrdən ibarətdir. Yaşayış yerinin uzunluğu şimaldan cənuba doğru 500 m, eni isə şərqdən qərbə doğru 250-300 m olub, 14 hektar sahəni əhatə edir. Yaşayış yeri şərq tərəfdən isə Kür çayını hər iki sahilini əhatə edən Qaradağ, şimal tərəfdən kiçik bir dərə ilə cənub düzənliyi ilə birləşir. Yaşayış yerinin əsas obyektlərini yaşayış binalrı, məbəd qalıqları, istehsal ocaqları (dulus kürələri), qəbirstanlıqlar və müxtəlif təbəqələrdən tapılan istehsal alətləri, epiqrafik materiallar və məişətdə işlədilən çoxlu miqdarada başqa arxeoloji abidələr təşkil edir.

3 nömrəli yaşayış yeri. 2 nömrəli yaşayış yerindən 2,5-3 km şimalda, Kür çayının Samux meşəsindən çıxaraq, Bozdağ silsiləsində əmələ gətirdiyi keçidin başlanğıcındakı böyük bir təpə üzərində yerləşmişdir. Təpə oval şəklində olub, uzunluğu şərqdən qərbə 300 m, eni isə şimaldan cənuba doğru 150-200 km-dir. 2 nömrəli yaşayış yerindən fərqli olaraq, bu yer strateji cəhətdən daha əlverişli mövqe tutur. Şimal və qərb tərəfdən Kür çayı, cənub və şərq tərədən isə düzənliklə əhatə olunmuş bu təpə 5 hektara qədər ərazini əhatə edir. Yaşayış yerinin sahəsi Kür çayının 15-20 m, quru hissədən 8-10 m hündürdə yerləşir. Buranın əsas arxeoloji abidələrini yaşayış binaları, müxtəlif təbəqələrdə aşkar olunan istehsal alətləri və başqa tapıntılar təşkil edir. Təpənin cənub tərəfində dulus kürələri, cənub-şərq və şərq tərəfində isə katakombalar aşkar edilmişdir.

2 və 3 nömrəli yaşayış yerlərinin yaxınlığında aşkar edilmiş ellips və düzbucaq formalı dulus kürələrinin yerləşdiyi sahədə toplanılan istehasalat çıxarları* ilə, yaşayış yerlərinin I və II mədəni təbəqələrindən tapılmış müxtəlif biçimli saxsı məmulatının müqayisəsi göstərir ki, bütün bu məmulatı həmin kürələrdə hazırlanmışdır.

Bu dövrdə yaranmış qaradamları süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir.

Mingəçevir qazıntılarından əldə eilən parça qalıqları və toxucu dəzgahın hissələri ilk orta əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun yayıldığı göstərir. Bəsit olmasına baxmayaraq, toxucu dəzgahı hörmə əməliyyatından toxunma texnikasına keçid mərhələsində qədim dövrə xas olan texniki vasitələr içərisində ən mürəkkəb əmək aləti hesab olunurdu. Dəzgah toxuculuğuna keçməklə parça istehsalı və geyim növlərinə toxunması nisbətən artır və geyim elementlərinin sayı da çoxalırdı.

Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır.

Aparılan tədqiqatlardan aydın olur ki, Qafqaz Albaniyasının orta əsr sənətkarlıq mərkəzlərində (Qəbələ, Mingəçevir, Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Beyləqan, Şabran və b.) digər kustar sənət sahələri ilə yanaşı, bəzək-zinət istehalı sahəsidə hərtərəfli inkişaf etmişdir. Arxeoloji qazıntılar nəticəsində müxtəlif materiallardan (mis, tunc, dəmir, qızıl, gümüş, bürünc, şüşə, gil) hazırlanan, çoxçeşidli istehsal texnologiyaların vasitəsilə (döymə, tökmə, yonma, burma-eşmə, lehimləmə, bəndetmə, zərbetmə və s.) hasilə gətirilən rəngarəng çeşidli bəzəklər (sırğa, üzük, bilərzik, sinəbənd, asma möhür, medalyon, sancaq, kəmr-toqqa və s.) orta əsrlər dövrünün bəddi sənətkarlıq haqqında geniş təsəvvürləri yaradır. Bəzək-zinət əşyaları istehsalı, xüsusilə də qadın bəzəklərinin geniş çeşidi haqqında məlumatlar klassiklərin əsərlərində və dastan yaradıcılığında aydın izlənilir. Dahi mütəfəkkir N. Gəncəvi “Xəmsə” də bəzəklərlə bağlı xalq təsəvvürlərindən, daş-qaş və zər-zivərin rəmzi məna daşımasından, onların çeşidinin müxtəlifliyindən və milli ornamentlərin misilsiz təkrarsızlığından ürəkdolusu bəhs etmişdir. Onun əsərlərimdə rast gəldiyimiz üzəri sikkələr və gövhərlərlə bəzədilmiş qızıl kəmər, qaşlı və ya qaşsız, tacidar möhürü rolunu oynayan üzüklər “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”, zənəbrinə boyunbağı, “tac”, saça taxılan ağa möhrələr, sırğalar, eləcə də libasa vurulan bəxyələr Azərbaycan qadının milli libaslarının bəzək elementlərinin zənginliyini göstərir.

Azərbaycanın əksər etnoqrafik bölgələri üçün səciyyəvi olan “arapa boyunbağı” larından istifadə olunmasının tarixi olduqca zəngindir. Mingəçevirdən arxeoloji qazıntılar zamanı əldə edilən “arpa” muncuqlar, indi hazırlanan eyniadlı muncuqlarla oxşarlıq təşkil edir. Mütəxəssislərin fikrincə, bu muncuqlar Azərbaycanda 2500 il bundan əvvəl mövcud olmaqla, nəsildən-nəslə keçmiş zəmanəmizə qədər gəlib çatmışdır. “Arpa boyunbağı”ların ortasına gözəl naxışlarla bəzdilmiş dairə formasında digər bir hissə də əlavə edilirdi. Bəzən də onun əvəzinə şəbəkə üsulu ilə hazırlanmış altı, səkkiz və ya on iki guşəli, ortasında yaqut və füruzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilirdi.

Mingəçevir, Xocalı, Gədəbəy, Gəncəçay hövzəsi və b. bölgələrdə yerləşən abidələrdə çoxlu daş qab nümunələri-cam, nimçə əldə edilmişdir. Mingəçevir və Gəncə yaxınlığındakı Alabaşlı kəndində tapılan daş camların qulplu qoşa və qoç başı formasında düzəldilmişdir. Sonralar istehsal texnologiyasının yaranamsı, yeni-yeni qab

materiallarının əldə edilməsi, insan təfəkkürünün inkişafı, peşə-sənət vərdişləri daş qablara təlabatı unutudurmuş, daş qabların çoxu məişətdən çıxmışdır. Zəmanəmizə qədər gəlib çıxan duz və düyü (çəltik) dibəkləri, su daşı (çəfər), kirkirə (dəstər), su ovdanları və s. vaxtilə daşdan məişət qabları və alətlərinin hazırlandığını əyani şəkildə

sübut edir.

Bu dövrdə sacda çörək bişirərkən sacayağının üstünə qoyub ocaq qalayırlar. Mingəçevirdən arxeoloji qazıntılardan aşkar edilmiş sacayağı eramızın V-VIII əsrlərinə aid edilir. Sacda bişən nazik yuxanı çevirmək üçün şişdən istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı Mingəçevir abidələrində orta əsrlərə aid təknələr aşkar edilmişdir. Müxtəlif ölçülü ağac təknələrdən indi də istifadə edilir. Tabaq qab az miqdarda çörək bişirmək və xəmir xörəklərini yoğurmaq üçün istifadə edilirdi. Hövsər taxılı hövsələməklə işlədilirdi. Bəzən təknə, tabaq və hövsərlərə naxışlar vurulmasına da təsadüf edilir. Təknə, tabaq, hövsərlər tut və qoz ağacından düzəldilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlanma peşəsi Azərbaycanda geniş yayılmşdır. Kündələmə prosesində xəmirin kəsilməsi üçün dəmir ərsindən istifadə edilir. Ərsini iki növü vardır: xəmirə ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Xəmirin kündələnməsi, əsasən dördayağın, qapaq fırçının və yaxud hər hansı bir taxtanın üzərində aparılır. Ağacdan hazırlanan oxlov kündəni dördayağın üstünə yayıb formaya salmaq üçün işlədilir.

Keçmişdə minik-yük nəqliyyatı vasuitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatına mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkinçilər tərəfindən yüksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə çevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi göstərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər.


İlk orta əsrlərdə Mingəçevirdə sənətkarlıq sahələri
Mingəçevir əhalisinin təsərrüfat həyatında əkinçilik, maldarlıq və balıqçılıqla bərabər, sənətkarlıqda mühüm rol oynamışdır. Mingəçevir və onun ətraf rayonlarının təbii zənginliyi burada müxtəlif sənət növlərinin inkişafına əlverişli şərait yaratmışdır.

Arxeoloji materiallar göstərir ki, ilk orta əsrlərdə yerli əhali sənətkarlığın bir çox sahələri ilə, o cümlədən metal predmetlərin hazırlanması, dulusçuluq, toxuculuq, şüşə, ağac, sümük məmulatı istehsalı, zərgərlik və başqa sahələri ilə məşğul olmuş və bu sənətlər müəyyən dərəcədə inkişaf etmişdir.

Sənətlərin bəzilərinin tam iş prosesi və istehsal üsulu bizə məlum deyildir. Məsələn, yaşayış yerlərindən xeyli miqdarda dəmir posası (şlakı) tapılması müxtəlif dəmir predmetlərin Mingəçevirin özündə hazırlandığına heç bir şübhə oyatmır. Ancaq bu predmetlərin hansı istehsal hansı istehsal ocaqlarında və necə hazırlandığının tam təfsilatı bizə aydın deyildir. Eyni nəticəni şüşə, ağac, sümük məmulatı istehsalı və zərgərlik haqqında da söyləmək olar. Lakin elə sənət sahələri vardır ki, tapılan arxeoloji materiallar bu sənətlər haqqında nisbətən ətraflı məlumat əldə etməyə imkan verir. Belə sənətlər sırasında dulusçuluq və toxuculuq sənətini qeyd etmək olar.

Mingəçevirdə ilk dulus məmulatı eneolit dövründən (miladdan əvvəl III minillikdən) məlumdur. Sonralar miladdan əvvəl II və I minilliklərdə bu sənət getdikcə geniş miqyasda yayılmış və dulus məmulatı forma, keyfiyyət və miqdar etibarı ilə xeyli inkişaf etmişdir.

Ilk orta əsrlərdə və sonralar IX-XIII əsrlərdə isə Mingəçevirdə dulusçuluq sənəti özünə məxsus inkişaf mərhələsi keçirmişdir. Mingəçevirdə dulusçuluq sənətinin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən başlıca abidələr qazıntılar zamanı aşkar olunmuş dulus kürələri və dulus mə`mulatlarıdır. Mingəçəvirin ən qədim dulus kürələrin tunc dövrünə aiddir. Torpaqda qazılmış bu kürələr öz quruluşları etibarı ilə ibtidai olub, çoxlu miqdarda gil qab bişirmək iqtidarına malik deyildir.

Kurələrin sonrakı inkişaf mərhələsinin sağ sahil qəbirstanlığının cənub və şərq tərəflərində aşkar olunmuş dördgünlük ikiyaruslu (aşağı yarusda yanacaq kamerası, yuxarı yarusda isə bişmə kamerası yerləşir) iri kürələr təşkil edir. Bu kürələr dövr etibarı ilə miladdan əvvəl III-I və miladın I-II əsrlərinə aiddir.

İlk orta əsrlərə aid olan dulus kürələri isə kameralarının funksiyası cəhətindən qədim dördkünc kürələrdən fərqlənmir. Bu kürələr xarici görünüş etibarı ilə ellips və dördkünc biçimdə olub ikiyarusludur. Bununla belə bu kürələri sağ sahildə yerləşən və daha qədim olan dördkünc kürələrdən fərqləndirən cəhətlər də vardır. Belə ki, ilk orta əsr dulus kürələri yanacaq kamerasının quruluşuna görə daha sadədir. Dulus kürələri başlıca olaraq 2 və 3 nömrəli sol sahil yaşayış yerlərinin cənub tərəfində yerləşmişdir. 1947-49-cu illərdə aparılan arxeoloji qazıntılar zamanı yuxarıda göstərilən yerlərdə 6 dulus kürəsi aşkar olunmuş və öyrənilmişdir.

Yaşayış yerlərindən və kürələrdən tapılan gil məmulatının müqayisəsi və kürələr yerləşən sahədəki abidələrin stratiqrafiyasına əsasən bu kürələrin III-VIII əsrlərə aid olduğu müəyyən edilmişdir. Bu nəticə həmçinin yaşayış yerlərinin ümumi stratiqrafiyası ilə də təsdiq olunur.

Yaşayış yerlərinin üst mədəni təbəqəsində əvvəlki kürələrdən aşkar olunmuşdur. Bu kürələrdə isə başlıca olaraq IX-XIII əsrlər üçün xarakterik olan şirli basma naxışlı qab istehsal olunmuşdur.

Dulusçuluq sənətində məhsulu olan gil qablar ilk orta əsrlərdə biçimləri və miqdarı etibarı ilə daha qədim gil qablardan fərqlənir. Belə ki, gil qablar miqdarca artıq və onların qırıqları yaşayış yerlərinin mədəni təbəqələrində gözə çarpan dərəcədə görkəmli yer tutur. Eyni zamanda gil qabların, xüsusiylə məişətdə işlənəm xırda qabların yeni və müxtəlif növləri meydana çıxır*.

Dulusçuluq sənətində olan bu qanunauyğun inkişafla bərabər mövcud olan başqa bir cəhəti də qeyd etməmək olmaz. Bu da ondan ibarətdir ki, III-V əsrlərin gil qabları ilə VI-VIII əsrlərin gil qabları arasında onların hazırlanması nöqteyi-nəzərindən müəyyən fərq vardır. Daha doğrusu, VI-VIII əsrlərin gil qabları özlərinin zərifliyi və bişməsi cəhətindən əvvəlki əsrlərin gil qablarından keyfiyyətcə aşağıdır.

Eneolit və tunc dövrü abidələri içərisində sümük tağalaqların (iy başlıqlarının) və parça qalıqlarının tapılması, Mingəçevirdə yerli əhalinin miladdan əvvəl III minillikdən başlayaraq toxuculuq sənəti ilə müəyyən dərəcədə tanış olduğunu göstərir. Qazıntılar zamanı əldə edilən parça qalıqlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Mingəçevirdə ən qədim parçalar kətandan toxunmuşdur*. Miladdan əvvəl II-I və miladın I-II əsrlərində (küp qəbirləri dövründə) kəndirdən, ilk orta əsrlərdə isə bunlardan əlavə, pambıq, yun və ipəkdən istifadə etmişlər. Beləliklə, müxtəlif növ yerli xammalın olması toxuculuğun inkişafı üçün əlverişli şərait yaratmış və III-VIII əsrlərdə onu görkəmli sənət sahələrindən birinə çevrilmişdi.

Arxeoloji materiallar əsasında müəyyən edilmişdir ki, ilk orta əsrlərdə Mingəçevirdə toxuculuq sənətinin bütün mərhələləri ilə məşğul olmuşlar. Bu dövürdə kətan, pambıq, və başqa sapları ağac iylərlə əymişlər. Ucuna gil tağalar keçirilmiş ağac iy əyirmə aləti kimi köçəri tayfalar arasında hal-hazırda da işlədilməkdədir. Yaşayış yerlərinin mədəni təbəqələrindən xeyli miqdarda gil, müxtəlif daş və ağac tağalar tapılmışdır. Bundan əlavə, 3 nömrəli yaşayış yerindən və katakomba qəbrlərindən yun, iplik və sap yumaqları aşkar olunmuşdur ki, bütün bunlar toxuculuq üçün lazım olan yarımfabrikatın Mingəçevirin bilavasitə özündə hazırlandığını göstərir.

Öyrəndiyimiz dövrün toxuculuq dəzgahının tam quruluşu bizə məlum deyildir. Bunula belə, katakomba qəbirlərindən və yaşayış yerlərindən tapılan dəzgah hissələri ağac qaysaxlar və müxtəlif toxuculuq alətləri bu dövrdə toxuculuq dəzgahının mövcud olmasına heç bir şübhə oyatmır.

3 nömrəli yaşayış yerindən torpaq döşəmə üzərində kiçik bir sahədə açıq-qəhvəyi rəngində xalça və ya palaz qalığı və onun toxunma izləri aşkar olunmuşdur. Bu fakt Mingəçevirdə III-VIII əsrlərdə əhalinin xalçaçılıqla da məşğul olduqlarını söyləməyə müəyyən qədər imkan verir.

Yaşayış yerlərindən və xüsus ilə qəbirlərdən çoxlu miqdarda yun, ipək və pambıq parça qalıqlarının tapılması və onların toxunma üsullarının müxtəlifliyi göstərir ki, ilk osta əsrlərdə toxuculuq bir sənət olaraq xeyli inkişaf etmiş və yerli əhalinin iqtisadiyyatında mühüm yer tutmuşdur. Bununla belə, tapılan ipək parça qalıqlarının bəzi qisminin yerli malı olmadığı da müəyyən olmamışdır. Çin ipəkçilik nümunəsi olan belə parçalar Mingəçevirə ticarət əlaqələri vasitəsilə gətirilmişdir.



Mingəçevirdə ilk orta əsrlər dulus məmulatı
Əlverişli coğrafi mühitə, zəngin təbii sərvətlərə malik olan Mingəçevir ən qədim insan məskənlərindən biri olmuşdur. 1, 2 və 3 nömrəli yaşayış yerlərindən başlanmış bu həyat su mənbələrinə yaxın olan sahələrinin məskunlaşması ilə nəticələnmişdi. Təsərrüfat sahələri formalaşmış zaman keçdikcə daimi yaşayış məskənləri, müdafiə tikililəri, ilkin şəhər mərkəzləri yaranmışdı.

Mingəçevir dulusçuluq sənəti xüsusi inkişaf mərhələsi keçmişdir. Sadə və boyalı qablar dulusçuluq sənətində olan uğurlardan xəbər verir. Boyalı qabların vətəni Naxçıvan sayılsa da Mingəçevir orta tunc dövrü abidələrindən bu qablar əldə olunmuşdur.

Dulusçuluq Mingəçevir sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.

İlk orta əsrlərin sonlarından başlayaraq Qarabağda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqolların Azərbaycan ərazilərindəki işğallarına qədər davam etmiş bıı yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfıyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatınııı. istehsalı üçün daha əlverişli şərait yaradırdı.

Tunc dövründə Mingəçevirdə artıq tam formalaşmış müstəqil dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə, daşişləmə və sənət növləri mövcud olmuşdu. Qədim mingəçevirlilər Azərbaycanın digər mədəni mərkəzləri ilə iqtisadi-mədəni əlaqələr yaratmışlar. Tədqiqatlar göstərmişdir ki, Mingəçevirdə, Naxçıvanda və s. bölgələrdə tədqiq olunmuş tunc dövrü yaşayış yerlərindən əldə edilmiş məişət əşyaları, sənətkarlıq məmulatları, əmək alətləri və s. etnik cəhərdən bir-biri ilə bağlı olan qədim tayfaların maddi-mədəniyyətidir. Azərbaycanın tunc dövrü mədəniyyətlərinin inkişaf dinamikası Qarabağda çoxtəbəqəli Qaraköpəktəpə, Naxçıvanda I və II Kültəpə və s. qədim yaşayış yerlərində ardıcıl şəkildə izlənmişdir. Bu mədəniyyət mərkəzlərində qədim nəsillərin həyat tərzi fasiləsiz, arasıkəsilmədən davam etmişdi. Azərbaycanın tunc dövrü abıdələrindən əldə olunmuş maddi mədəniyyət nümunələri azərbaycanlıları bir xalq kimi həmin dövrdən formalaşmağa başlandığını söyləməyə əsas verir. Bu günkü Azərbaycanın tarixi, onun əhalisi, mədəniyyəti məhz tunc dövründə eyni kökə və mədəniyyətə malik olan qədim tayfaların birliyi əsasında yaradılmışdı.

Mingəçevirdə aparılmış arxeoloji qazıntılar göstərir ki, III - VIII əsrlərdə dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Su kəmərləri üçün saxsrboraların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalına başlanması da bu dövrlə bağlıdır.

Müharibələr və yadelli işğalları Mingəçevir, ümumiyyətlə Azərbaycanda sənətkarlığın digər sahələri kimi dulusçuluğun inkişafına da ağır zərbə vurdu. Geriləmə özünü məişətdə işlədilən saxsı qabların istehsalında daha aydın göstərirdi Bununla belə, məişət keramikasının istehsalında yaranmış bu gerilik sonrakı əsrlərdə tikinti keramikasının həcminin artması ilə əvəz olundu. III - VIII əsrlərdə tikinti işlərinin genişlənməsi bəzək işlərində istifadə edilən dekorativ kərpic və kaşıj istehsalının həcminin artmasını zəruri edirdi.

Əldə olan arxeoloji materiallar göstərir ki, son orta əsrlərdə Mingəçevir saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə – şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, af-tafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi.

Son orta əsrlərdə Mingəçevir ərazisində şirli qablardan da geniş istifadə olunurdu. Bu tipli qablar sırasına bardaq, güldan, vaza, çıraq, kasa və s. daxil idi Mingəçevir dulusçulan marqans, mis və kobalt oksidinin köməyi ilə aldıqları şirlər vasitəsilə saxsı məmulatını yüksək zövqlə bəzəməyi bacarırdılar . Ümumiyyətlə, Mingəçevir şirli qablar iki mərhələdə bişirilirdi: əvvəlcə adi qaydada məmulatı bişirib kürədən çıxarır vo onun üzərinə şir çəkəndən sonra ycnidən kürəyə yığırdılar. Şirin bişirilməsi üçün əvvəlcə vam yanan odla 2-3 saat ərzində onu qızdırıb bərkidir, sonra bir gecə-gündüz kürədə yüksək hərarət yaradırdılar.

III - VIII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etməsilə əlaqədar Azərbaycanın ayrı-ayrı şəhərlərində, o cümlədən Mingəçevir ərazisində sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi.

Sənətkarlığın digər sahələrilə müqayisədə VI - VIII əsrlərdə Mingəçevir dulusçuluq istehsalı haqqında məlumat çox azdır. Bunu bir tərəfdən VI - VIII əsrdə Mingəçevir arxeoloji qazıntıların obyektinə çevrilməməsi, digər tərəfdən isə bu sahənin dərin tənəzzülə uğraması ilə izah etmək olar. VI əsrin sonlarından başlayan və Mingəçeviri də əhatə edən ümumi iqtisadi tənəzzül dulusçuluğa da mənfi təsir göstərmişdir. Mülki tikinti işlərinin azalması, tikililərdə bəzək materiah kimi kaşı və digər dekorativ bəzək vasitələrindən az istifadə edilməsi tikinti keramikasının istehsal həcminin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Əlbəttə, III - VIII əsrlərdə Mingəçevirdə dulusçuluğun bu sahəsinin tamamilə sıradan çıxması fıkrini də söyləmək olmaz. Çox güman ki, bu dövrdə Mingəçevirdə inşa edilən ictimai binalarda, ilk növbədə isə hamamlarda yerli istehsalın məhsulu olan kaşılardan istifadə edilirdi. Lakin yazılı mənbələrdə hələlik bu barədə heç bir məlumata rast gəlmək mümkün olmayıb. Görünür bu istehsal edilən saxsı bəzək vasitələrinin aşağı keyfıyyətli olması ilə bağlı idi.

Mingəçevirdə dulusçuluq istehsalın aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, Mingəçevirdə məişətdə işlədilən saxsı məlumatı arasmda iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Mingəçevirli dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsullan öz təyinatlanna görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qablarj süd məhsullan üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular Təkcə məişətdə işlədilən su qablarının bir neçə növünü daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi.

Mingəçevirin III-VIII əsrlərdə məişətdə işlənən gil qabları nə məqsəd üçün işlənmələri cəhətindən aşağıdakı növlərə bölünür: küplər, nehrələr, sərinclər, tabaqlar, xeyrələr, süddan biçimli qablar, dopular, bərnilər, nəlbəkivarı qablar, “duz qabları”, qab oturacaqları, qapaqlar, çıraq, şamdan və başqa qablar.

Küplər. İri və orta həcmli olmaqla əsasən iki qrupa bölünür. Yaşayış yerlərinin birinci mədəni təbəqəsində orta həcmli, ikinci təbəqəsində isə iri həcmli küplər üstünlük təşkil edir. Əsas etibarı ilə maye (su, şərab) və taxıl saxlamaq üçün işlənən küplərə yaşayış yerlərinin hər iki mədəni təbəqəsində təklikdə və ya bir neçəsinə birlikdə təsadüf edilir. Orta həcmli küplərin müəyyən hissəsi istisna edilməklə, demək olar ki, bütün küplər əl ilə hazırlanmışdır. Ona görə də küplərin daxili və xarici səthində ustanın barmaq izləri aydıncasına görünməkdədir. Küplər həcmlərindən asılı olmaraq iki, üç, və hətta dörd ayrı-ayrı hissədən hazırlanmışdır. Bu hissələrin bir-birilə necə birləşdiyini küplərin daxili səthindəki köbərlərdən müəyyən etmək mümkündür.

Küplərin əksəriyyəti yumurta biçimli olub, gövdəsinin şişkinliyi, oturacaq hissəsinin dar və genişliyi ilə bir-birindən fərqlənir. Bəzən hündürlüyü 1,3 - 1,4 m, gövdəsinin diametri 0,7 – 0,9 m olan iri küplərin 12 – 15 sm oturacaqları olur. Belə küplərin öz oturacaqları üstündə dayanmaları mümkün olmadığı üçün gövdəsinin müəyyən hissəsini torpağa basdırırdılar. Küplərin ağzı xüsusi gil qapaqlarla və ya əl dəyirman daşları ilə örtülürdü.

Orta həcmli küplər dopu və sərniclərlə iri küplər arasında keçid təşkil edir. Bunların hündürlüyü 0,45 – 0, 9 m, gövdələrinin diametri isə 0,35 – 0,5 m-ə qədərdir. Bu növ küplərin bəzilərinin ağzının kənarında sərniclərdə olduğu kimi, iki vertikal qulpu vardır. Bu cəhətdən kiçik küplərlə sərniclər oxşardır. Lakin ölçülərinin böyüklüyü onları küplər sırasına daxil etməyə imkan verir. Orta həcmli küplərin bəzilərinin üzəri qazıma üsulu ilə və ya dairəvi şişlərlə naxışlanmışdır.

İri küplərin hündürlüyü 1 – 1,5 m, gövdəsinin diametri 0,7 – 1 m, divarlarının qalınlığı isə 2 – 4 sm-ə qədər olur. İri küplər yuxarıda qeyd etdiyimiz kimi, əsasən yumurta biçimli olub, küp qəbirlərində təsadüf edilən təsərrüfat küplərinin təkrarı və davamıdır.

Su qabları həcm etibarı ilə orta küplərə yaxın, digər saxsı qablara nisbətən isə böyükdür. Bu qabların dar boğazı, enli oturacağı, yumurtavarı gövdəsi və gövdəsinin ortasında iki vertikal qulpu vardır. Mingəçevirdə ən qədim su qabları miladdan əvvəl VII-V əsr abidələrindən məlumdur. Küp qəbirlərində isə daha çox su qablarına təsaduf olunur. Ancaq III-VIII əsrlər su qabları ilə daha qədim qablar arasında xarici görünüş cəhətdən kiçik fərq vardır. Belə ki, ilk orta əsr su qablarının qulp yerləşən hissəsi içəriyə doğru batıqdır. Qabın belə düzəldilməsi onun qulplarının çox kənara çıxmasının qarşısını alır və həm də əl ilə tutlmasını asanlaşdırır. Su qablarının hündürlüyü 35 – 40, gövdəsinin böyük diametri isə 35 – 40 sm-ə qədər olur.

Saxsı məmulatı içərisində əhəmiyyəti və miqdarı etibarı ilə görkəmli yeri sərniclər tutur. Öz ölçü və biçimlərinə görə qədim Mingəçevir sərnicləri hal-hazırda xalqımızın məişətində işlənən gil və mis sərniclərə yaxındır. Onlar xüsusi ilə Mingəçevir ilə həmsərhəd olan keçmiş Samux vadisində (indiki Mingəçevir dənizinin tutduğu sahə) yerlə.ən kəndlərdə istifadə olunan sərniclərə çox oxşardır. Çox güman ki, indi olduğu kimi, Mingəçevir sərnicləri də mal-qaranın sağılmasında, ağartının hazırlanmasında və ev təsərrüfatının başqa sahələrində istifadə edilmişdir.

Mingəçevir ilk orta əsrlər sərniclərinin prototipi Azərbaycanın tunc dövrü abidələrindən məlumdur. İ.İ.Meşşaninovun Xocalıda apardığı qazıntı işləri zamanı 6 daş qutu qəbrindən boz rəngli, qulplarının ağız hissəyə birləşdirən yerində “düymələri” olan və üzəri həndəsi xətlərlə naxışlanmış sərnic tapılmışdır. Küp qəbirlərinin dövründə isə sərniclər geniş yayılmışdır.

Mingəçevir xeyrələrinə yaşayış yerinin I və II mədəni təbəqələrində bütöv qırıq halında təsadüf edilir. Azərbaycanın bəzi rayonlarında bu qablara sağan və çuxur da deyilir. Mətbəx qablarına daxil olan Mingəçevir xeyrələri dərin və dayaz olmaqla iki yerə bölünür. Birinci növ xyrələrin hündürlüyü 9 – 15 sm olub, qıf biçimində hazırlanmışdır. Belə xeyrələrin oturacağının diametri 13 – 16, ağız hissəsinin diametri isə 20 – 30 sm olur. İkinci qrup xeyrələrin çox qisminin yan divarları oturacağına perpendikulyar vəziyyətdədir, az qismində isə yanlara doğru əyintisi var. İstər I və istərsə də II təbəqənin xeyrələri əl ilə hazırlanmışdır. Ancaq I təbəqənin xeyrələri II təbəqəninkilərə nisbətən zərifdir.

Tabaqlar dayaz, qalın divarlı və ağır qablardır. İçərisinin çox dayaz olması göstərir ki, xəmir yoğurmaq və bərk cisimləri saxlamaq üçün istifadə edilmişdir. Əl ilə hazırlanmış bu tabağların hündürlüyü 5 – 8 sm, ağızlarının diametri siə 30 – 40 sm-dir. Tabağların oturacaq hissədinin qalınlığı 2 – 4 sm-ə qədər olur ki, bu da onların ağırlığının başlıca səbəbidir. Tabağların ağızlarının kənarı xaric tərəfdən müxtəlif növ dişli kəsiklərə naxışlanmışdır.

Mingəçevir yaşayış yerlərinin I və II təbəqələrində təsadüf edilən kiçik ölçülü süddan biçimli qabların böyük əksəriyyətinin ağız hissəsi yanlardan batıq olduğu üçün müasir sütdanlara oxşayır. Çox az qisminin ağız hissəsinin ağız kənarları isə dairəvi hazırlanmışdır. Bu növ qabların hamısında ağızlarının yan və ya arxa tərəfində bir vertikal qulpu vardır. Süddan biçimli qabların kiçik həcmli olması və ağız hissəsindəki axım onlardan məişətdə maye tökmək üçün istifadə olunduğunu göstərir.



NƏTİCƏ
Yuxarıda üç fəsildə verilmiş müxtəlif növ maddi-mədəniyyət abidələrinin təsviri göstərir ki, Mingəçevir ərazisindəki miladdan əvvəlki III minillikdən başlyaraq, ardıcıl olaraq yaşayış davam etmiş və ilk orta əsrlərdə özünə məxsus inkişaf mərhələsi keçmişdir.

Mingəçevir 2 və 3 yaşayış yerləri və aparılan arxeoloji qazıntılar zamanı bu yaşayış yerlərindən aşkar edilən məişət binaları, istehsal ocaqları, əmək alətləri, xristian dini ilə əlaqədar abidələr və müxtəlif növ başqa tapıntıların öyrənilməsi aşağıdakı nəticəyə gəlməyə imkan verir:

1. Hər iki yaşayış yeri eyni dördə, yəni III – VIII əsrlərdən başlamış və XIII əsrlərdə monqolların yürüşünə qədər davam etmişdir. 2 və 3 yaşayış yerləri süquta uğradıqdan sonra Mingəçevirdə həyat Kür çayının sağ sahilindəki 4 nömrəli yaşayış yerinə keçmişdir.

2. III – VIII əsrlərdə Mingəçevir yaşayış yerləri Albaniya ərazisindəki ticarət və sənətkarlığın tədricən mərkəzləşdiyi şəhər tipli iri yaşayışməntəqələrindən omuşdur. IX-XIII əsrlərdə isə iqtisdi və siyasi cəhətdən daha əhəmiyyətli olan orta əsr feodal şəhərləri (Bərdə, Gəncə, Beyləqan və s.) səviyyəsinə qədər yüksələ bilməmişdir.

3. Öyrəndiyimiz dövrdə əhali təsərrüfatın bir çox sahələri, o cümlədən - əkinçilik, maldarlıq, balıqşılıq və sənətkarlıqla məşğul olmuşlar. Əkinçilikdə əsas yeri xış əkinçiliyi tutmuşdur. Başlıca olaraq dənli bitkilərin (arpa, buğda,darı) və texniki bitkilərin (pambıq, kətan, kəndir) becərilməsi ilə müəyyən qədər bağçılıq və bostançılıqlada məşğul olmuşlar.

Maldarlıqda görkəmli yeri xırda buynuzlu heyvanlar tutmuşdur. Coğrafi şərait yarım köçəri maldarlıq üçün əlverişli şərait yaratmışdır. Balıqçılığın inkişafı hər cür imkan olması onu yerli əhalinin iqtisadiyyatında mühüm sahələrdən birinə çevirmişdir.

Xristianlıqla birlikdə digər dini cərəyanlarda mövcud olmuşdur. Bu cərəyanlar özünü əsasən qəbir abidələrində göstərir. Öyrəndiyimiz dövrdə İslam dini ilə əlaqədar abidələrə təsadüf edilməmişdir.

Şəkil 1. Mingəçevir Kür sahili yaşayış yerləri.


Şəkil 2. İlk orta əsr Mingəçevir küpü.

Şəkil 3. III-VIII əsrlərdə Mingəçevir sənətkarlığı məmulatı





Şəkil 4. III-VIII əsrlərdə Mingəçevirdə nə üçün



işləndiyi bilinməyən qab

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:


  1. R.M.Vahidov – Mingəçevir III-VIII əsrlərdə, Bakı, Elm, 1983.

  2. Musa Kalankatlı – Alaban tarixi, Bakı, Elm, 1993. 272 səh.

  3. Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.İone – Qədim Mingəçevir, Bakı, 1959.

  4. Vəli Baxşəliyev - Azərbaycan Arxeologiyası I cild, Bakı, 2006, 239 səh.

  5. Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 384 səh.

  6. Azərbaycan arxeologiyası. Altı cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2008, 448 səh.

  7. Vəli Baxşəliyev, Catherine Marro, Səfər Aşurov - Ovçulartəpəsi. Bakı, Elm, 2010, 154 səh.

  8. Bünyatov T.Ə. - Azərbaycan arxeologiyası oçerkləri. Bakı, Azərnəşr, 1960.

  9. Cəfərov Ə.Q. - Azərbaycan qədim insan məskənidir. Bakı, Azərnəşr, 1989.

  10. Hüseynov M.M. - Azərbaycan arxeologiyası. Bakı, 1975.

  11. Cəfərov Ə.Q - Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biridir. Bakı, 2004.

  12. Hüseynov M.M., İsmayılov C.S., Quliyev N.M. – Azərbaycan arxeoloji abidələri. Bakı, 1981.

  13. Hüseynov M. - Uzaq daş dövrü. Bakı, Gənclik, 1973.

  14. Göyüşov R. - Azərbaycan arxeologiyası. Bakı, ADU, 1975, 164 səh.

  15. İ.Nərimanov, H.Kəsəmənli - Şomutəpə arxeoloji tədqiqatları sənədləri.


M Ü N D Ə R İ C A T

GİRİŞ------------------------------------------------------------------------------------1

  1. Mingəçevirdə arxeoloji tədqiqatlar-------------------------------------------2

  2. İlk orta əsrlərdə Mingəçevirdə sənətkarlıq sahələri------------------------5

  3. Mingəçevirdə ilk orta əsrlər dulus məmulatı--------------------------------7

NƏTİCƏ---------------------------------------------------------------------------------11

ŞƏKİLLƏR-----------------------------------------------------------------------------12

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT--------------------------------------------14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə