Süleyman Peyğəmbər (Allahın ona salamı olsun)




Yüklə 50.66 Kb.
tarix26.04.2016
ölçüsü50.66 Kb.
Peyğəmbərlər

Hekayələri



Peyğəmbərlər Hekayələri



Süleyman Peyğəmbər

(Allahın ona salamı olsun)

Davud Peyğəmbər (Allahın ona salamı olsun) Bənu İsrailin padşahı idi. İnsanlar arasında ədalətlə hökm verər, Allahın əmrlərini onlara çatdırardı. Davud (Allahın ona salamı olsun) həmçinin görkəmli bir sərkərdə idi.

Onun oğlu Süleyman kiçik yaşlarından atasının dövlət müşavirələrində iştirak etməyə həvəs göstərərdi. Süleyman atasından dövləti idarə etmək yollarını öyrənərdi. Uca Allah Süleymana dərin ağıl və hikmət vermişdi, ona görə də o, çətin məsələləri həll etməyi bacarırdı. Allahın lütfündən və Süleymana verdiyi elminə görə bunlar ona çətin gəlməzdi.


Günlərin bir günü iki qadın Süleymana şikayətə gəldi. İkisi də bir körpəni göstərib hər biri uşağın ona aid olduğunu iddia etdi. Süleyman (Allahın ona salamı olsun) həqiqəti üzə çıxartmaq üçün hiylə işlətdi. O əmr etdi ki, uşağı bıçaq ilə tən yarı bölüb, hər qadına bir hissəsini versinlər. Bu zaman qadınlardan biri susdu, digəri isə fəryad etdi, ağladı və dedi:



Süleyman (Allahın ona salamı olsun) dərk etdi ki, elə bu qışqıranın özü uşağın doğma anasıdır, çünki heç bir ana övladının bıçaq ilə doğranmasına razı olmaz. Deməli, ikinci qadın yalançı imiş. O əmr etdi ki, uşağı öz doğma anasına versinlər.

Başqa bir gün bir adamın qoyunları başqasının bostanına girir və oradakı üzüm ağaclarını yeyir. Qoyun sahibi ilə bostan sahibi arasında mübahisə düşür. Onlar məsələni xoşluqla həll edə bilməyib, Davud Peyğəmbərin (Allahın ona salamı olsun) yanına gəlir. Davud (Allahın ona salamı olsun) belə bir hökm çıxardır:



  • Qoyun sahibi ağacların pulunu və onun bu ilki bəhərinin gəlirini bostan sahibinə ödəsin.

Əslində, bu, ədalətli bir hökm idi, çünki hər bir şəxs etdiyi ziyanlığı ödəməlidir. Bu hökmün müqabilində qoyun sahibi heyvanları satmalı və onun pulunu bostançıya ödəməlidir. Bu zaman Süleyman cavan bir oğlan idi. Atasını çıxartdığı hökmü eşidəndə belə dedi:

  • Mən məsələni başqa cür həll edərdim:

  • Belə ki, bostançının bostanını qoyun sahibinə; qoyunları isə bostançıya müvəqqəti verərdim. O vaxta qədər ki, bostan əvvəlki şəklinə düşərdi. Bu vaxt ərzində bostançı qoyunlardan istifadə edərdi, bağa xidmət edən qoyun sahibi isə bostandan istifadə edərdi. Beləliklə, heç biri zərər görməzdi. Sonunda, hər kəs öz malına sahib çıxardı.

Bu hökmü eşidən Davud (Allahın ona salamı olsun) oğlunun qərarı ilə razılaşdı və məsələni bu şəkildə həll etdi. Əlbəttə ki bütün bunlar Uca Allahın Süleymana bəxş etdiyi ağlın və dərrakənin nəticəsi idi.

Davud (Allahın ona salamı olsun) öləndən sonra Süleyman (Allahın ona salamı olsun) onun yerinə padşah seçildi və Allah onu Bənu İsrailə peyğəmbər etdi.

Allah–təala ona olan nemətini və fəzilətini artırdı və məmləkətini genişləndirdi. Allahın əmri ilə külək, cinlər, heyvanlar və quşlar Süleymana itaətdə oldular. Allah həmçinin Süleymana onların dilini başa düşməyi və onların dilində danışmağı öyrətdi. Rəbbimiz Quranda belə deyir:

"Süleyman Davuda peyğəmbərlikdə vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür"! [Bir gün] Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb [nizamla] gedirdilər" (Ən-Nəml 16-17)

Bir gün Süleyman (Allahın ona salamı olsun) insanlardan, cinlərdən və quşlardan ibarət olan ordusu ilə Fələstindəki vadilərin birindən keçirdi. Vadi qarışqa yuvaları ilə o qədər dolu idi ki, insanlar oranı "Qarışqa Vadisi" adlandırırdılar.

Bu zaman Süleyman Peyğəmbər (Allahın ona salamı olsun) qarışqalardan birinin qarışqalara dediyi bu sözü eşitdi:



  • Ey qarışqalar! Yuvalarınızda gizlənin, yoxsa Süleyman Peyğəmbərin əsgərləri sizi bilmədən əzər".

Bu barədə Allah Quranda belə buyurur: "

Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa [qarışqaların padşahı] dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi [ayaqları altında] basıb əzməsinlər"! (Ən-Nəml 18)

Qoşun ayaqlarının altında qalan qarışqaları görmədiyindən bu kiçik qarışqa öz qarışqa millətini məhv olmaqdan xilas etmək üçün onlara yuvalarına girməyi əmr etdi. Süleyman (Allahın ona salamı olsun) bunu eşidərək xoş təbəssümlə güldü və Allahın ona verdiyi çox saylı nemətləri anladı (böyük qoşunu, özünün əminamanlıqda olmasını, heyvanların dilini anlamağı) . Göyə əllərini qaldırıb dua etdi:

"[Süleyman qarışqanın] bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham [qüvvət] ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et"! (Ən-Nəml 19)



Bir gün Süleyman (Allahın ona salamı olsun) insanlardan və cinlərdən ibarət olan qoşununu yığdı. Onlara böyük məbəd tikməyi əmr etdi. Bu məbəd ən gözəl məbədlərdən idi. Cinlər dənizin dibindən və dağların təkindən gözəl daş-qaşları çıxarıb bu əzəmətli məbədi bəzəyirdilər. İnsanlar dağlardan daş kəsib məbədin tikintisində istifadə edirdilər. Cinlər və insanlar məbəd tikməkdə ikən Süleyman Peyğəmbər (Allahın ona salamı olsun) öz böyük qoşunu ilə birgə Allahın dinini yaymaq məqsədi ilə qonşu ölkələrə yürüş edərdi.

İllər keçdikcə Süleyman Peyğəmbərin (Allahın ona salamı olsun) ölkəsi genişlənir, tək Allaha ibadət edənlərin sayı çoxalırdı. Həmin dövrdə Səba adlı bir dövlət vardı. Onun hökmdarı Bəlqis adında qadın idi. Bəlqisin tabeçiliyində güclü qüvvətli kişilər çalışardı.

Süleyman (Allahın ona salamı olsun) hər gün malikanəsinin çölündə olan geniş düzənlikdə sübhdən günortaya qədər oturar, bu məclisində heyvanlar, cinlər, insanlar və quşlar arasında ortaya çıxan məsələləri həll edərdi. Eyni zamanda bu məclisdə Süleyman (Allahın ona salamı olsun) ölkəsinin idarə etmə işlərinə baxardı və ortaya çıxan ehtiyacları həll edərdi: torpaqların genişlənməsi (belə ki, hərbi yürüş sahəsi üzrə), yolların çəkilməsi və bərpası, yeni su quyularının qazılması və sair. Ona görə də, bu məclisdə iştirak edənlərə üzr olmadan gecikmək olmazdı.

Günlərin bir günü Süleyman (Allahın ona salamı olsun) növbəti yığıncaqların birində oturmuşdu ki, ətrafına nəzər saldıqda, hamını orada gördü, lakin quşlar arasında hud-hud (şanapipik) quşunu görmədi. Allahın peyğəmbəri quşun olmamasını gördükdə bərk qəzəbləndi və onu ciddi üzr gətirmədikdə cəzalandıracağına söz verdi. Bir az müddətdən sonra şanapipik Süleyman Peyğəmbərin hüzuruna gəldi və ona dedi:

"Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. " (Ən-Nəml 22)

Şanapipik həmin ölkəyə uçanda orada Səbanın paytaxtında qəribə bir şey gördü. O gördü ki, Səbanın hökmdarı qadındır, onun çoxlu var-dövləti, qızıldan taxt-tacı var. Bu taxt-tac qiymətli daş-qaşlarla, ləl cavahiratla bəzədilmişdir. Baxmayaraq ki, bu cah-calalı ona Allah-təala vermişdi, o, və onun xalqı Allaha deyil; günəşə ibadət edirdilər və Allahı tanımırdılar.

Bu mənzərəni görən şanapipik çox təəccüb etdi və dedi:

" O böyük ərşin Rəbbi olan Allahdan başqa [ibadətə layiq olan məbud] yoxdur"! " (Ən-Nəml 26)

Və insan Allahdan qeyrisinə necə səcdə edə bilər, necə ibadət edə bilər. Axı Allahdır insanlara göydən yağış göndərən, yerdən, torpaqdan cürbəcür bitkilər yetişdirən və hər şeyi bilən. Allah hətta insanın qəlbində gizlətdiklərini belə bilir.

Süleyman (Allahın ona salamı olsun) şanapipiyin söylədiklərini dinləyir və qərara alır ki, Səba məmləkətinin tövhid dininə dəvət etmək üçün bir məktub yazsın və onları tək olan Allaha iman gətirməyə çağırsın.


Şanapipik həmin məktubu Səba məmləkətinin hökmdarına çatdıranda o, öz qızıldan olan taxtında əyləşmişdi. Şanapipik məktubu onun əlinin içinə tulladı. Sonra diqqət yetirdi ki, görsün hökmdar xanım Süleymanın (Allahın ona salamı olsun) məktubuna qarşı özü və vəzirləri ilə birgə nə edəcək. Hökmdar xanım onun əlinə düşən məktuba təəccüblə və həyəcanla nəzər yetirdi. Qərara aldı ki, orada yazılanlarla, yəni Süleyman Peyğəmbərin əmrləri ilə öz əyanlarını tanış etsin. Süleyman (Allahın ona salamı olsun) Səba əhlindən tələb edirdi ki, təcili olaraq Allaha iman gətirsinlər, əks təqdirdə onları güclə təslim olmağa vadar edəcəkdir. Hökmdar vəzirlərindən və qoşunundan istədi ki, ona layiqinə cavab verilsin. Belə ki, Bəlqisin güclü qoşunu var idi. Lakin bir az sonra o fikrindən döndü. Bəlqis ağıllı və tədbirli bir hökmdar idi. Düşündü ki, axı mən Süleymanın qoşununun gücünə, qüvvətinə bələd deyiləm. Belə halda müharibə etməyinə dəyməz. Odur ki, dəyərli bir hədiyyə hazırladı və onu öz elçisi ilə Süleymana (Allahın ona salamı olsun) göndərdi və tapşırdı ki, öyrənsin, görsün bu necə bir adamdır? Onun gücü qüvvəti necədir? Hansı var-dövlətə malikdir?

Qasid-elçi hədiyyəsi ilə birgə Süleyman (Allahın ona salamı olsun) olan şəhərə daxil oldu və gördüyü möcüzədən gözlərinə inanmadı. Onların hamısı bir yerdə işləyirdi. Qəsrlər, məbədlər, hasarlar tikirdilər. Lakin onların hamısı təkcə insanlar deyildi. Orada insanlarla birgə, cinlər, quşlar, heyvanlar və bütün canlılar çalışırdı. Onlar külli miqdarda qızıl, gümüş, cavahirat gətirirdilər ki, məbədləri və qəsrləri bəzəsinlər. Onların hamısı Süleyman Peyğəmbərin əmrinə müntəzəm dayanmışdı. Quşlar, cinlər, insanlar onun ətrafında fır-fır fırlanır və onun nə deyəcəyini gözləyirdilər.

Bütün bunları görən Səba ölkəsinin elçisi dərk etdi ki, belə bir güc-qüvvə qarşısında Bəlqis tab gətirə bilməz. Odur ki, elçi gətirdiyi hədiyyələri təzim edərək Süleymana (Allahın ona salamı olsun) ölkəsinin başçısı adından təqdim etdi. Süleyman (Allahın ona salamı olsun) hədiyyələrə baxdı və dedi:

"[Elçilər] Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi [peyğəmbərlik, səltənət] sizə verdiyindən daha yaxşıdır. Amma siz ancaq öz hədiyyələrinizlə fərəhlənirsiniz" (Ən-Nəml 36)

Səba elçisi hədiyyələrlə birlikdə Bəlqisin yanına qayıtdı və gördüklərini belə izah etdi.



  • Ey hökmdarım! Allah-təala Süleymana yer üzündə nə varsa hamısından bol-bol vermişdir. Onun qüvvəti, malı sözlə bitməz. O əzəmətli bir hökmdardır.

Bu eşitdiklərini götür-qoy edən Bəlqis qərara aldı ki, vəzirlərindən bir neçəsini götürüb Süleyman Peyğəmbərin (Allahın ona salamı olsun) ziyarətinə getsin, Süleymana yaxınlaşsın və onun ölkəsində ki möcüzələri öz gözləri ilə görsün. Elə bu zaman Süleyman öz taxtında oturub, insanlar və cinlərdən olan həmsöhbətləri ilə məşvərət edirdi ki, kim Bəlqisin taxtını Fələstinə tez bir zamanda gətirə bilər.

"Cinlərdən olan [çox qüvvətli və nəhəng] bir ifrit dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! Kitabdan xəbəri olan birisi dedi: "Mən onu sənə bir göz qırpımında [gözünü yumub açınca] gətirərəm"! (Ən-Nəml 39-40)




Odur ki, taxt göz qırpımında Süleymanın qarşısında peyda oldu. Süleyman (Allahın ona salamı olsun) əmr etdi ki, taxtı tanınmaz hala salsınlar, görək, Bəlqis taxtını tanıyacaq ya yox. Qadın taxtına baxdı və "deyəsən odur" dedi. Sonra onlar qadına saraya daxil olmağı buyurdular. Saray büllurdan tikilmişdi. Döşəmə şüşədən o qədər cilalanmışdır ki, böyük hovuza bənzəyirdi. Döşəmənin altı şəffaf su və balıqlarla bərq vururdu. Əslində döşəmə özü şüşədən bu şəkildə yonulmuşdu. Bəlqis qəsri içi dolu hovuz və içindəkiləri isə canlı balıqlar hesab etdi və diksinib paltarının ətəyini qaldırdı, baldırları göründü. Lakin gözətçilər buranın hovuz olmadığını və balıqların canlı olmadığını ona bildirdilər. Bura büllurdan hamarlanıb düzəldilmiş bir saraydır – dedilər. Bəlqis Süleymanın dövlətinin əzəmətini gördü və həmən islamı və təkallahlıq dinini qəbul etdi və dedi:

" [Bəlqis] dedi: "Ey Rəbbim! Mən [günəşə sitayiş etməklə] özümə zülm etmişdim. Mən artıq Süleymanla [Süleymanın sayəsində] aləmlərin Rəbbi olan Allaha təslim oldum"! (Ən-Nəml 44)

Sonra Bəlqis öz ölkəsinə qayıtdı ki, Süleymanın dəvətini milləti arasında yaysın. Süleyman (Allahın ona salamı olsun) isə Allahın dinini yaymağa davam edirdi. Ölümü yaxınlaşdıqda Süleyman Allahdan istədi ki, onun ölümünü cinlərdən, insanlardan və şeytanlardan gizlətsin. Allah onun duasını qəbul etdi və ona əmr etdi ki öz əsasına söykənib ətrafda işləyən quşların, cinlərin və heyvanların işinə nəzarət etsin. Bu şəkildə Allah onun ruhunu bədənindən aldı, lakin heç kəs bunu hiss etmədi. Onlar elə bilirdilər ki, Süleyman sağdı və əsasına söykənib onlara baxır. Nəhayət Allahın əmri ilə kiçik bir qurd əsanı içindən yeyib-ovdu və əsa qırıldı. Süleyman (Allahın ona salamı olsun) yerə yıxıldı.

"Sonra [Süleymanın] ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara ancaq [Süleymanın] əsasını yeyən bir ağac qurdu xəbər verdi. O yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar" (Səba 14)

Peyğəmbərlər və elçilər bəşəriyyətin ən xeyirliləridir. Allah onları insanlara risaləsini çatdırmaq üçün seçib. Allah-təala buyurur:



"Biz peyğəmbərləri [möminlərə] müjdə gətirən və [kafirləri] əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir"! (Ən-Nisə 165)

Peyğəmbərlərin həyatı Allaha dəvət yolunda səbir, sədaqət, hikmət və gözəl əxlaq nümunələri ilə doludur. Məs onlar insanların həyatını səma elmləri ilə işıqlandırmışlar.



Allah peyğəmbərləri bir-birinin ardınca göndərdi və sonuncu olaraq Peyğəmbərimiz Muhəmməd (Allahın ona salavat və salamı olsun) islam dini ilə xətm etdi.

Hər bir müsəlman Allaha, mələklərə, elçilərə, səmavi kitablara inanır. Peyğəmbərlərin həyatı bizim övladlarımıza nümunə olsun deyə onlara danışdığımız ilk hekayələrdən olmalıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə