Statistika müşahidələri. Plan: Statistika müşahidələri haqqında anlayış




Yüklə 66.72 Kb.
tarix29.04.2016
ölçüsü66.72 Kb.
Statistika müşahidələri.

Plan:


  1. Statistika müşahidələri haqqında anlayış;




  1. Statistika müşahidələrinin əsas təşkili formaları;



  1. Statistika müşahidələrinin növləri və üsulları;




  1. Statistika müşahidələrinin xətası.


  1. Statistika müşahidələri haqqında anlayış.

Statistik müşahidə statistik tədqiqatların ilkin mərhələsidir və kütləvi hal, hadisə və proseslər haqqında ilkin məlumatlar əldə etmək metodudur. Məlumat toplanılan bütün hallar müşahidə sayılmır. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanması üzrə elmi əsasda təşkil edilmiş işə statistik müşahidə deyilir.

Statistik müşahidənin keçirilməsi üçün onun məqsəd və vəziyyəti, hansı məlumatın və necə əldə ediləcəyi, müşahidənin obyekti və subyekti müəyyənləşdirilir, onun proqramı hazırlanır və forması və üsulu seçilir.

Tematiklik məlumatın toplanmasının müəyyən bir məqsədə xidmət göstərməsini xarakterizə edir. Müşahidə obyekti öyrənilməsi nəzərdə tutulan proseslərin tam yaxud statistik məlumatın qeydiyyatının müəyyən sərhədlər (şərtlər) daxilində məhdudlaşdırılır. Məsələn, siyahıya alınma zamanı əhalinin kateqoriyası; mövcud və ya daimi əhalinin siyahıya alınacağı; sənaye üzrə siyahıya almalarda hansı sənaye sahəsinin əhatə ediləcəyi müəyyənləşdirilir.

Müşahidənin kütləviliyi – hadisə və proseslərin hər bir subyekti və bütün statistik məcmusu üzrə dəqiq statistik məlumat hazırlanması üçün böyük sayda və həcmdə ilkin məlumat əldə edilməsi nəzərdə tutulur.

Statistik müşahidə üçün məlumatın tamlığı, düzgünlüyü və dəqiqliyi, onların eyniliyi və müqayisəliliyinin təmin edilməsi tələb olunur.

Statistika müşahidəsi dövlət statistika orqanları, elmi tədqiqat institutları, birjaların, firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər.

Statistika müşahidəsi əsasında toplanılan məlumat elmi və praktiki əhəmiyyətə malik olmalı sosial-iqtisadi hadisənin tipini müəyyən etməyə imkan verməlidir.

Statistika müşahidəsi öyrənilən hadisə haqqında toplanılan kütləvi məlumatın tam və dolğunluğunu təmin etməlidir. Toplanılan kütləvi statistika məlumatının etibarlılığını təmin etmək üçün onlar ətraflı yoxlanılmalıdır. Toplanılan faktların etibarlılığının yoxlanması statistika müşahidəsinin mühüm məsələlərindəndir.

Hər bir statistika müşahidəsinin elmi təşkili obyektiv statistika materiallarının toplanmasının mühüm şərtidir. Elmi şəkildə təşkil olunmuş statistika müşahidəsi toplanılan kütləvi məlumatın etibarlılığını və onun vaxtında alınmasını təmin edə bilər.

Hazırlıq işlərində müşahidə orqanını müəyyən etmək, müşahidəni aparmaq üçün kadrların seçilməsi və hazırlanması, müşahidənin hazırlanması, aparılması və materialların işlənməsi üzrə işlərin təqvim planının tərtibi xüsusi əhəmiyyət kəsb edir.


  1. Statistika müşahidələrinin əsas təşkili formaları.

Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilatı formalarından istifadə edilir: 1. Hesabat, 2. Xüsusi təşkil edilmiş statistika müşahidəsi, 3. Registr.

Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili formasıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarına verilən məlumatın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilmiş xüsusi formada, müəyyən sənədlər müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Deməli, hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və ia. işləri haqqında statistika məlumatlarını əhatə edir. Hesabat təsdiq edilmiş formada və müəyyən formada məcburi şəkildə statistika orqanlarına təqdim edilməlidir.

Statistika müşahidəsinin əsas forması kimi hesabat ilk uçot məlumatına əsaslanır. Müxtəlif hadisələr, faktlar baş verdikcə ilk uçot sənədlərində qeydə alınırlar. İlk uçot səınədlərində qeydə alınmış məlumat statistika hesabatlarını tərtib etmək üçün əsasdır.

Təsdiq edilməmiş forma üzrə məlumat verilməməsi hesabat intizamını pozmaq deməkdir.

Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı-ayrı sahələrinin xüsusiyyətindən asılı olaraq dəyişir.

Hesabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş məlumat illik hesabatda verilir. Müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi məsələlərini proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm məlumat mənbəyidir. Hesabat məlumatı sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək üçün xüsusi əhəmiyyət malikdir. Məlumatın verilmə üsuluna görə hesabatlar teleqraf, teletayp və poçt ilə göndərilən hesabatlara ayrılır. Ölkənin iqtisadiyyatında çox mühüm rola malik olan hadisələr haqqında məlumat teleqraf və teletayp vasitəsilə verilir. İllik hesabatlar əsasən poçt vasitəsilə təqdim olunur.

Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqqında tam, dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar vasitəsilə toplamaq mümkündür. Xüsusi təşkil edilmiş statistika müşahidələri, bir qayda olaraq, müəyyən dövrə aparılır. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin siyahıyaalınmasını göstərmək olar. Əhalinin siyahıyaalınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur. Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə 27 yanvardan 28 yanvara keçən gecə saat 24-ü vəziyyətinə keçirilmişdir.

Xüsusi təşkil edilmiş statistika müşahidəsinə aparılan bütün növ sosioloji tədqiqatlar, sənaye avadanlıqlarının siyahıya alınması, materialların qalıqlarının siyahıya alınması, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə aparılan siyahıyaalmalar və s. daxildir. Əhalinin büdcə tədqiqatı çox mühüm xüsusi təşkil edilmiş və müntəzəm aparılan statistika işi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Belə bir müşahidə əsasında əhalinin gəlir və xərclərinin quruluşu haqqında çox qiymətli məlumat əldə edilir.

Statistika müşahidəsinin təşkili formalarından bir də registrdir. Bu müşahidə formasında qeydə alınmış və əvvəli olan uzunmüddətli proseslərin fasiləsiz statistika müşahidəsidir. Registr müşahidə formasında müşahidə vahidinin vəziyyətini daima izləyən bir sistem olub, öyrənilən göstəricilərə müxtəlif amillərin təsirini qiymətləndirir. Registrdə hər bir müşahidə vahidi göstəricilər məcmu ilə xarakterizə olunur. Bu göstəricilərdən biri bütün müşahidə dövrü ərzində sabit qalır və bir dəfə qeydə alınır, digər göstəricilər dövrü dəyişilməsi məlum olmayanlar isə dəyişildikcə təzələnirlər, üçüncüsü, əvvəlcədən təzələnməsi dövrü məlum olan göstəricilərin dinamika sırası şəklində verilir. Bütün göstəricilər tədqiq olunan məcmu vahidlərinin müşahidəsi tam başa çatana qədər mühafizə olunur.

Aşağıdakı məsələləri həll etmədən registr təşkil etmək və aparmaq mümkün deyildir: məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq; hansı informasiya mühafizə olunmalıdır; məlumatı hansı mənbələrdən almaq lazımdır; informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir.

Statistikanın təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqləndirilir. Əhalinin registrində ölkənin adbaad müntəzəm yeniləşdirilən siyahısı verilir. Burada müşahidənin proqramı ümumi əlamətlər üzrə məhdudlaşır. Belə əlamətlərdən şəxsin cinsi, doğulduğu tarix və yer, evləndiyi tarixi sadalamaq olar. Bu əlamətlər bütün müşahidə dövründə dəyişməz qalır, kəbinin vəziyyəti isə dəyişən əlamətdir. Registrdə, bir qayda olaraq, ancaq o dəyişən əlamətlər mühafizə olunur ki, onların dəyişilməsi sənədləşdirilmiş olsun.

Hər bir anadan olmuş və xaricdən gəlmişlər haqqında məlumat registrdə qeydə alınır. Ölənlər yaxud daimi yaşayış yerindən xaricə getmiş şəxslər registrdən çıxarılır. Əhalinin registri ölkənin ayrı-ayrı bölgələri üzrə aparılır. Yaşayış yeri dəyişəndə müşahidə vahidi üzrə məlumat müvafiq ərazinin registrinə verilir. Qeyd etmək lazımdır ki, əhalinin registrində, digər registrlər məcmu vahidinin əhəmiyyətli hissəsini müşahidə ilə əhatə olunmasına baxmayaraq, əlamətlərin məhdud sayı üzrə məlumat toplanır. Ona görə registr aparılmasına baxmayaraq xüsusi təşkil edilmiş statistika müşahidəsinin aparılmasının o cümlədən əhalinin siyahıya alınmasını tələb edir.

Müəssisələrin registri iqtisadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə olunur. Müəssisələrin registrində müəssisənin təşkil olunduğu vaxt, onun adı və ünvanı, telefonu, təşkilati-hüquqi forması haqqında, quruluşu, iqtisadi fəaliyyət növü, məşğul olanların sayı və s. haqqında məlumat verilir.

Sənaye müəssisələrinin registrinin statistika təcrübəsinə tətbiqi statistika informasiyasının səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə və bir sıra iqtisadi və statistik vəzifələrinin həyata keçirilməsini təmin edə bilər. Statistika təcrübəsində milli hesablar sisteminin tətbiqində registrə mühüm əhəmiyyət verilir.

Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsinin aparılmasına nail olmaq mümkündür. Belə bir registr ərazinin, sahənin və digər məcmu quruluşunun dəyişilməsi haqqında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.

Registrin informasiya fondunda: birinci, subyektin registr kodu; ikincisi, subyektin sahə, ərazi mənsubiyyəti, onu mülkiyyət şəklində təşkilati formada tabeliyi haqqında məlumat; üçüncüsü, arayış məlumatı (rəhbərin soyadı, ünvan, telefonların nömrəsi və i.a.); dördüncüsü, iqtisadi göstəricilər haqqında məlumat verilir.

Azərbaycan Respublikasında bütün təsərrüfat vahidləri üçün vahid registr yaradılması üzrə işlər başa çatdırılmışdır. Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsini təşkil etməyə imkan verir. Bu, ərazilərin, sahələrin və digər məcmu quruluşunun dəyişilməsi hallarında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.

Registrdə işləyənlərin orta siyahı sayı, əsas vəsaitlərin qalıq dəyəri, balans mənfəəti (zərər), nizamnamə fondu göstəriciləri haqqında məlumat verilir. Registr bir və yaxud bir neçə əlamətlər üzrə istənilən məcmu vahidini seçməyə və qruplaşdırma aparmağa imkan verir.

Beləliklə, bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında artıq həyata keçirilən müşahidənin üç təşkilatı forması əsasında sosial iqtisadi hadisələr haqqında lazımi məlumatlar toplamağa imkan verir.

Müəssisə bağlanılanda ləğvetmə komissiyası on gün müddətində registri aparan xidmətə bunun barəsində məlumat verir.


  1. Statistika müşahidələrinin növləri və üsulları.

Statistika müşahidəsi faktların qeydə alınmasına görə fasiləsiz və yaxud cari, dövri və birdəfəlik müşahidə növlərinə ayrılır.

Sosial-iqtisadi hadisələrin vəziyyətində baş verən dəyişikliklər başvermə anında qeydə alınarsa, belə müşahidə cari müşahidə adlanır. Cari müşahidəyə misal vətəndaşlıq vəziyyəti aktlarında doğum, ölüm, kəbin və boşanma hallarının qeydə alınmasını, yüklərin göndərilməsi və gətirilməsinin uçota alınmasını və s. göstərmək olar. Cari müşahidədə faktların baş vermə anı ilə onun qeydə alınma vaxtı arasında çox fərq əmələ gəlməsinə yol vermək olmaz. Belə müşahidə hər hansı hadisənin dinamikasını öyrənmək məqsədilə aparılır.

Müəyyən dövrdən bir, vaxtaşırı aparılan müşahidəyə dövrü müşahidə deyilir. Dövrü müşahidəyə misal müəssisə, idarə və təşkilatların öz fəaliyyətləri haqqında hər il statistika orqanlarına verdikləri illik hesabatları, istehsalçıların ayrı-ayrı əmtəələrinin qiymətlərinin hər ay qeydə alınmasını, hər 10 ildən bir əhalinin siyahıya alınmasını göstərmək olar.

Statistika məlumatına ehtiyac əmələ gəldikdə aparılan müşahidəyə birdəfəlik müşahidə deyilir. Birdəfəlik statistika müşahidəsinə misal müxtəlif dövrlərdə aparılan əsas fondların uçota alınmasını, cins malqaranın, tənəklərin, tut ağaclarının, məktəblərin, ticarət şəbəkələrinin və s. uçota alınmasını göstərmək olar.

Statistika müşahidəsinin bu və ya digər növünü təcrübədə tətbiqi məsələsi öyrənilən sosial-iqtisadi hadisələrin xüsusiyyətlərindən, müvafiq məlumata olan ehtiyacdan asılı olaraq həll edilir. Həyatda baş verən hadisə və proseslərin əksəriyyəti cari müşahidənin aparılmasını tələb edir. Məsələn, əhalinin təbii hərəkətinin qeydə alınması cari müşahidənin təşkili və aparılmasını tələb edir. Bununla bərabər, bir sıra sosial-iqtisadi hadisələr haqqında cari müşahidəni cari müşahidəni aparmaq çox vaxt və vəsait tələb etdiyinə görə əlverişli deyildir. Bundan başqa, bir sıra sosial-iqtisadi hadisələr üzrə cari müşahidə aparmağa ehtiyac da yoxdur. Belə ki, əhalinin sinfi, milli, yaş tərkibi, təhsili və s. əlamətləri üzrə cari müşahidənin təşkili və aparılmasına ehtiyac yoxdur. Belə sosial-iqtisadi hadisələr üzrə dövri və birdəfəlik müşahidənin aparılması məqsədəuyğundur. Digər tərəfdən, bir sıra sosial-iqtisadi hadisələr haqqında, cari müşahidəyə nisbətən, dövri və birdəfəlik statistika müşahidələri əsasında daha dəqiq, dolğun məlumat əldə etmək mümkündür. Məsələn, əhalinin təbii və mexaniki hərəkəti haqqında dəqiq və dolğun məlumat dövri və birdəfəlik statistika müşahidəsi ilə əldə edilə bilər. Deməli, əhalinin müvafiq əlamətlər üzrə sayı haqqında tam, dəqiq məlumat vaxtaşırı xüsusi təşkil edilmiş siyahıyaalma vasitəsilə əldə edilir.

Bazar iqtisadiyyatı şəraitində birdəfəlik statistika müşahidəsindən daha çox istifadə edilir. Çünki, bu müşahidə forması məlumat toplanılmasının iqtisadi səmərəliliyini təmin edir, yəni az vaxt hesabına məlumat əldə etməyə imkan verir.

Statistika müşahidəsi öyrənilən sosial-iqtisadi hadisələrin vahidlərinin əhatə olunmasına görə ümumi və qeyri-ümumi müşahidəyə ayrılır. Öyrənilən müşahidə obyektinin bütün vahidləri qeydə alınarsa, buna ümumi müşahidə deyilir. Ümumi müşahidəyə misal müəssisə, idarə və təşkilatların öz fəaliyyətləri haqqında təqdim etdikləri illik hesabatları, əhalinin siyahıyaalınmasını və s. göstərmək olar.

Öyrənilən hadisənin vahidlərinin bir hissəsi qeydə alınarsa, belə müşahidəyə qeyri-ümumi müşahidə deyilir. Bazar münasibətləri şəraitində ümumi müşahidəyə nisbətən qeyri-ümumi müşahidədən daha çox istifadə edilir. Çünki, qeyri-ümumi müşahidədə vaxta və vəsaitə əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür.

Qeyri-ümumi müşahidənin növləri. Qeyri-ümumi müşahidədə əvvəlcədən bilinir ki, öyrənilən hadisənin hansı hissəsi tədqiq ediləcəkdir. Qeyri-ümumi müşahidənin üstün cəhəti ondan ibarətdir ki, burada məlumat qısa müddətdə və az vəsait və əməklə əldə edilir. Qeyri-ümumi müşahidənin bir neçə növü vardır. Onlardan elmi cəhətdən ən mükəmməl növü seçmə müşahidəsidir. Statistika məcmusunu bütövlükdə xarakterizə etmək üçün məcmu vahidlərinin bir hissəsinin elmi prinsiplər əsasında seçilib öyrənilərək, alınan nəticənin ümumiyə aid edilməsinə seçmə müşahidəsi deyilir. Seçmə müşahidəsi düzgün təşkil edildikdə sosial-iqtisadi hadisələr haqqında dəqiq məlumat əldə etmək mümkündür. Belə bir məlumat statistika məcmusunu ümumilikdə dolğun xarakterizə etməyə imkan verir. Bazar iqtisadiyyatı şəraitində bir çox sosial-iqtisadi hadisələrin tədqiqində seçmə müşahidəsindən çox tez-tez istifadə edilir. Seçmə müşahidəsindən iqtisadi fəaliyyətin bütün sahələrində, sosioloji tədqiqatların aparılmasında, məhsulların keyfiyyətinin tədqiqində, əhalinin büdcə tədqiqinin aparılmasında və bir çox digər sahələrin tədqiqində istifadə edilir. Seçmə məcmusuna vahidlərin bütün tiplərinin daxil olmasını təmin etmək lazımdır. Belə olmadıqda seçmə məcmusu sosial-iqtisadi hadisənin bütün vahidlərini dəqiq xarakterizə edə bilməz.

Qeyri-ümumi müşahidənin ikinci növü əsas kütlədən müşahidədir. Öyrənilən statistika məcmusu vahidlərinin ümumi həcmində əsas hissənin uçota alınaraq tədqiq edilməsi əsas kütlədən statistika müşahidəsi adlanır. Əsas kütlənin müşahidəsinə misal şəhər bazarlarında satılan əmtəələrin qiymətinin və miqdarının uçota alınmasını göstərmək olar. Bu o deməkdir ki, ölkənin iri şəhərlərində, sənaye mərkəzlərində yaşayan bütün əhalinin 50 faizdən çoxunu və bu şəhərlərin bazarlarında əmtəə dövriyyəsinin yarıdan çoxunu təşkil edir.

Bu şəhərlərin bazarlarından ümumi əmtəə dövriyyəsindən daha böyük xüsusi çəkiyə malik olan bazarlarda satılmış əmtəələrin də qiyməti və miqdarı qeydə alınır. Ona görə də belə müşahidəyə əsas kütlədən müşahidə deyilir.

Qeyri-ümumi müşahidənin xüsusi bir növü də monoqrafiya müşahidəsidir. Öyrənilən statistika məcmusunun ayrı-ayrı obyektlərinin ətraflı tədqiqi monoqrafiya müşahidəsi adlanır. Məsələn, ayrı-ayrı bölgələrdə, rayonlarda, müəssisələrdə istifadə olunmamış ehtiyatları aşkar etmək məqsədilə aparılan tədqiqat monoqrafiya müşahidəsi adlanır. Belə müşahidə əsasında qabaqcıl təcrübə müəyyən edilir. Bu da müşahidə obyektinin gələcək inkişafını təmin etmək üçün mühüm əhəmiyyətə malikdir.



Statistika müşahidəsinin üsulları. Statistika məlumatları müxtəlif üsullarla toplanıla bilər. Statistika müşahidəsinin mühüm üsullarına aşağıdakılar daxildir: bilavasitə müşahidə, sənəd üsulu və sorğu. Sosial-iqtisadi hadisənin xüsusiyyətindən asılı olaraq məlumat toplanılmasında bu və ya digər müşahidə üsulundan istifadə edilir.

Bilavasitə müşahidə üsulunda qeydiyyatçıların şəxsən sosial-iqtisadi hadisəni sayması, ölçməsi və çəkməsi əsasında faktları müəyyənləşdirir və statistika sənədlərində qeydiyyat aparırlar. Bilavasitə müşahidə üsuluna misal olaraq, mal-qaranın ümumi siyahıyaalınmasından sonra düzəliş vermək üçün aparılan nəzarət gəzintisini, meyvə ağaclarının, vaqonların və s. uçota alınmasını və s. göstərmək olar. Müşahidənin bu üsulla aparılmasında yaxşı təlimatlandırılmış, hazırlıqlı kadrlar iştirak etdiklərinə görə alınan məlumat dəqiq və dolğun olur.

Sənəd üsulu ilə aparılan statistika müşahidəsində informasiya mənbəyi kimi ayrı-ayrı uçot sənədlərində verilən məlumatdan istifadə edilir. Müəssisə, idarə və təşkilatların verdikləri statistika hesabatları ilk uçot sənədləri əsasında tərtib edilir. İlk uçot sənədləri lazımi səviyyədə aparılarsa, sənəd üsulu ilə sosial-iqtisadi hadisələr haqqında dəqiq məlumat əldə etmək mümkündür.

Statistika müşahidəsinin aparılması üsulundan da geniş sürətdə istifadə olunur. Sorğu üsulu ilə statistika müşahidəsində lazımi məlumat soruşulan şəxsin verdiyi cavabın qeydə alınması əsasında toplanılır. Əhalinin siyahıyaalınmasında sorğu üsulu tətbiq edilir, yəni siyahıyaalınma vərəqəsində qoyulmuş suallara cavab soruşulanların cavabı əsasında qeydiyyat aparılır. Sorğu üsulu ekspedisiya (Şifahi sorğu), özünüqeydəalma, müxbir və anket müşahidə üsullarına ayrılır.

Ekspedisiya və ya şifahi sorğu üsulunda xüsusi hazırlanmış qeydiyyatçılar statistika formulyarlarında qoyulmuş suallara cavabı soruşulan şəxsin şifahi ifadəsi əsasında qeydə alırlar. Bu üsulla əhali haqqında daha dəqiq məlumat əldə etmək mümkündür, çünki müşahidə xüsusi məlumat keçmiş kadrlar, qeydiyyatçılar tərəfindən həyata keçirilir. 1999-cu il əhalinin siyahıya alınması ekspedisiya üsulu ilə aparılmışdır.

Özünüqeydəalma müşahidə üsulunda statistika sənədlərində qoyulmuş suallara cavab soruşulan şəxslərin özü tərəfindən yazılır. Burada qeydiyyatçıların vəzifəsi statistika formulyarlarını soruşulan şəxslərə paylamaqdan və onları təlimatlandırmaqdan və müəyyən vaxtdan sonra, həmin formulyarları toplayıb statistika orqanlarına verməkdən ibarətdir. 1970, 1979 və 1989-cu illərdə əhalinin siyahıya alınmasında bəzi suallara cavab özünüqeydəalma müşahidəsi ilə həyata keçirilmişdir. Özünüqeydəalma üsulunun əsas nöqsanı proqramda qoyulmuş suallara verilən cavabların müxtəlif olmasıdır. Belə nöqsanlara yol verməmək üçün qeydiyyatçılar nəzarəti gücləndirməlidirlər.

Müxbir üsulu ilə müşahidənin mahiyyəti ondan ibarətdir ki, müşahidə aparan orqan statistika formulyarlarını yerlərdəki könüllü müxbirlərə göndərir. Müxbirlər statistika formulyarlarında qoyulmuş suallara cavab yazaraq, onları müşahidə aparan orqana qaytarırlar. Bu üsulla müşahidənin aprılması xeyli az vəsait tələb edir, lakin alınan statistika materiallarının keyfiyyəti tələb olunan səviyyədə olmur, çünki alınan cavabların düzgünlüyünü yerlərdə bilavasitə yoxlamaq mümkün olmur. Bu üsulla suallara verilən cavabların müxtəlifliyi daha kəskin surətdə özünü büruzə verir.

Müasir dövrdə anket üsulu ilə müşahidədən də tez-tez istifadə edilir. Anket müşahidə üsulunda qoyulmuş suallar dövrü mətbuatda nəşr olunur, ya da ayrı-ayrı şəxslərə göndərilir. Həmin suallara cavabların verilməsi könüllülük prinsipinə istinad edir. Ona görə də anketdə qoyulmuş sualların hamısına cavab alınmır. Belə bir müşahidə üsulu çox tez-tez ayrı-ayrı sosial-iqtisadi hadisələr haqqında ictimai fikirləri öyrənmək işində istifadə edilir. Hadisələr haqqında çox dəqiq məlumat tələb olunmasında belə müşahidə üsulundan istifadə etmək məqsədəuyğun deyildir.




4. Statistika müşahidələrinin xətası

Statistika müşahidəsinin proqram – metodoloji və təşkilati məsələlərini düzgün həyata keçirmək nəticəsində tam, dolğun məlumat əldə etmək mümkündür. Bununla bərabər toplanılan məlumatın dəqiqliyini təmin etmək üçün müşahidə prosesində və sonra bir sıra tədbirlər həyata keçirmək lazımdır. Belə tədbirlər sırasına müşahidəni aparmaq üçün kadrların düzgün seçilməsini və onların lazımi səviyyədə təlimatlandırılmasını, müşahidənin aparılmasına nəzarətin gücləndirilməsini, toplanılmış məlumatın dəqiqliyini nəzarət gəzintisi əsasında yoxlanılmasını və s. təmin etmək lazımdır.

Toplanılan məlumatın tam, dəqiq olmasını təmin etmək tələb olunan şərtlər sırasına müşahidənin proqramının düzgün tərtib olması, statistika formulyarlarında sualların düzgün qoyulması, təlimatın lazımi səviyyədə tərtib olunması, müşahidə vaxtının və onun aparılması müddətinin düzgün müəyyən edilməsi və s. daxildir.
Müşahidə nəticəsində əldə edilmiş statistika məlumatı ilə sosial-iqtisadi hadisənin həqiqi qiyməti arasında əmələ gələn fərq statistika müşahidəsinin xətası adlanır.

Statistika müşahidəsinin xətası, iki qrup xətaya – qeyd xətasına və reprezentativ xətaya ayrılır. Bu xətaların özləri də təsadüfi və müntəzəm xətaya bölünür.

Qeyd xətası toplanılan məlumatın düzgün müəyyən edilməməsi və ya düzgün alınmaması nəticəsində baş verir. Qeyd xətası həm ümumi, həm də qeyri ümumi müşahidələrdə baş verə bilər.

Təsadüfi qeyd xətası müxtəlif səbəblərdən qeydiyyatı aparan şəxsin faktları düzgün dərk etməməsindən, rəqəmləri düz yazmaması və s. nəticəsində baş verə bilər. Məsələn, əhalinin siyahıyaalınmasında qeydiyyatçı 26 yaş əvəzinə 62 yazması təsadüfi xətadır. Bu növ xətalar baş verə bilər. Kütləvi məlumatlar əsasında baş verən belə xətalar, böyük ədədlər qanunun prinsiplərinə uyğun olaraq qarşılıqlı ödənilirlər.

Müntəzəm qeyd xətası göstərilən göstəricilərin, çox vaxt, yuvarlaqlaşdırılması nəticəsində baş verir. Məsələn, əhalinin siyahıyaalınmasında qeydə alınan şəxsin həqiqi yaşının 51-52 yaş olması əvəzinə çox vaxt 50 yaş yazılması müntəzəm qeyd xətasının baş verməsinə səbəb olur. Belə xəta qəsdən edilən xəta adlanır.

Qəsdən edilən qeyd xətası, qeydiyyat aparan şəxslərin düşüncəli olaraq təhrif edilmiş məlumat vermələri nəticəsində baş verir. Qəsdən edilən qeyd xətası statistika müşahidəsinin bütün növlərində baş verə bilər. Ona görə də statistika orqanları aparılan müşahidələrə nəzarətin lazımi səviyyədə olmasına nail olmalıdırlar.

Reprezentativ xəta ancaq qeyri-ümumi müşahidələrdə baş verir. Tədqiq olunan statistika məcmusunun bütün vahidlərinin müşahidə əsasında əhatə olunmaması nəticəsində reprezentativ xəta baş verə bilər. Bu xətanın mahiyyəti haqqında lazımi məlumat “Seçmə müşahidəsi” mövzusunda verilir.

Statistika müşahidəsi başa çatdıqdan sonra toplanılmış məlumata nəzarət həyata keçirmək məqsədilə ətraflı yoxlanılmalıdır. Bu zaman müşahidə vahidinin tam əhatə olunması, statistika formulyarlarının və digər müşahidə sənədlərinin düzgün doldurulması birinci növbədə yoxlanılmalıdır. Müşahidə zamanı toplanmış məlumatlar həm məntiqi, həm də hesablama yolu ilə yoxlanılmalıdır.

Məntiqi yoxlamada statistika məlumatları müşahidənin proqramındakı qarşılıqlı əlaqədə olan sualların cavabı ilə müqayisə edilməklə uyğunsuzluq aşkar edilə bilər. Məsələn, əhalinin siyahıyaalma vərəqəsində soruşulan şəxsin qarşısında 5 yaş və eyni zamanda evlidir yazılarsa, məntiqi olaraq bu iki sualdan birinin cavabının düz olmadığı aydın olar. Əgər sonrakı sualların cavabında həmin şəxsin ali təhsilli, həkim işləyir sözləri yazılarsa, aydın olar ki, yaşın qeydə alınmasında səhvə yol verilmişdir.

Hesablama yolu ilə toplanılmış məlumata nəzarət yekun məlumatların yoxlanılması əsasında həyata keçirilir. Məntiqi nəzarət məlumatın düzgünlüyünə ancaq şübhə yaratdığı halda, hesablama nəzarəti xətanın (səhvin) mövcudluğunu müəyyən etməyə imkan verir.

Statistika müşahidəsinin materialları o vaxt qəbul edilmiş hesab oluna bilər ki, məlumatların düzgünlüyü həm məntiqi, həm də hesablama yolu ilə nəzarətdən keçmiş və düzəliş verilmiş olsun. Toplanılmış məlumatın yoxlanılması və qəbul edilməsi ilə statistika tədqiqatının ilkin mərhələsi başa çatmış olur.

Ədəbiyyat
Akif Məmmədov

SOSİAL İQTİSADİ STATİSTİKA”



S. M. Hacıyev

STATİSTİKANIN ÜMUMİ NƏZƏRİYYƏSİ”




    1. M. Aslanov

STATİSTİKANIN ÜMUMİ NƏZƏRİYYƏSİ VƏ SOSİAL İQTİSADİ STATİSTİKA”






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə