Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə1/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


SOSİOLOGİYA ELM KİMİ

1.1. Sosiologiyanın predmeti və tədqiqat sahəsi

Sosiologiya anlayışı XIX əsrin 30-cu illərində fransız filosofu Ogüst Kont tərəfindən elmə daxil edilmişdir. Sosiologiyanın bir elm kimi yaranmasını da adətən formal olaraq onun adı ilə bağlayırlar.

Bununla bərabər sosioloji problemlər bəşəriyyət yarandığı vaxtdan bəri mövcuddur. Buna görə də heç də təəccüblü deyildir ki, qədim dünyanın görkəmli filosofları Sokratın, Platonun, Aristotelin əsərlərində də, orta əsr mütəfəkkiri İbn Xəldunun yazılarında da, daha sonrakı dövrlərin alimləri Montenin, Paskalın, Laroşfukonun, Hobssun və digərlərinin kitablarında da biz sosioloji məzmun daşıyan dəyərli ideya və fikirlərə rast gəlirik.

"Sosiologiya" istilahının özü latınca "Sosietas" (cəmiyyət) və yunanca "λογοζ" (söz, təlim) sözlərindən əmələ gəlmiş və hərfən cəmiyyət haqqında təlim deməkdir. Lakin bu heç də o demək deyildir ki, sosiologiya cəmiyyət haqqında yeganə və hər şeyi əhatə edən elmdir.

Məlum olduğu kimi bir sıra ictimai elmlər vardır. Onların hər biri öz predmetinə müvafiq olaraq cəmiyyətin yalnız müəyyən tərəfini tədqiq edir, onu öz baxımından öyrənir.

Sosiologiyanın predmetini sosial münasibətlər, yəqin insanların bir-birinə onların həyat fəaliyyəti şəraiti və amilləri ilə, cəmiyyətdəki mövqe və rolları ilə şərtləndirilmiş münasibətləri təşkil edir.

Məhz bu münasibətlər mövqeyindən sosiologiya sosial topluları, o cümlədən sosial qrupları, təbəqələri, sinifləri, ərazi və etnik birlikləri, bütövlükdə cəmiyyəti, yəni insanların sabit birgə yaşayış formalarını tədqiqat obyekti kimi nəzərdən keçirir.

Eynilə, sosiologiyanın mühüm tədqiqat obyektlərindən biri olan şəxsiyyət də həmçinin sosial münasibətlər mövqeyindən nəzərdən keçirilir.

Sosial topluların daxilində və arasında müxtəlif növ əlaqələr yaranır, müxtəlif hadisə və proseslər (sosial, iqtisadi, siyasi, ideoloji, psixoloji və s.) baş verir. Onların arasında sosiologiyanı hər şeydən əvvəl insani münasibətlər və asılılıqlar kompleksindən ibarət olan sosial əlaqələr, sosial strukturlarda insanların qarşılıqlı təsiri əsasında baş verən sosial hadisə və proseslər maraqlandırır.

Sosiologiyanın mərkəzi problemlərindən biri ictimai həyatın, yəni müəyyən məhdud məkanda yerləşən fərdlər və onların toplularının qarşılıqlı təsirindən yaranan hadisələr kompleksinin tədqiqidir.

Beləliklə, sosiologiya sosial münasibətlər və onların şərtləndirdiyi insanların müxtəlif ictimai həyat formalarında baş verən sosial əlaqələr və proseslər haqqında elmdir.

Sosiologiya elminin strukturunda ümumi və müxtəlif xüsusi sosioloji nəzəriyyələri ayırırlar.

Ümumi sosiologiya ictimai həyatın bütün sahələri üçün əhəmiyyəti olan biliklərin toplanması və sosial əlaqələr, hadisə və proseslər haqqında nəzəriyyələrin yaradılması ilə məşğul olur.

Xüsusi sosioloji nəzəriyyələr sosial əlaqə, hadisə və proseslərin ictimai həyatın ayrı-ayrı sahələrində (mədəniyyət, iqtisadiyyat, siyasət və ideologiyanın sosiologiyası), sosial təsisatlarda (ailə, təhsil, elm, din və s. sosiologiyası), sosial toplularda (siniflər, peşə kateqoriyaları, gənclər, ərazi birliklərinin və s. sosiologiyası), kütləvi kommunikasiya vasitələrində (mətbuat, televiziya, kinonun və s. sosiologiyası) həyata keçirilməsinin spesifikasiyasını, özgünlüyünü öyrənir. Bundan başqa ictimai intizamın pozulması hadisələri və proseslərini (cinayətkarlıq, alkoqolizm, narkomaniya və s.), miqrasiya (köçmə) və sosial mobilliyi (mütəhərrikliliyi), irqi, milli və digər demoqrafik münasibətləri öyrənən xüsusi sosioloji nəzəriyyələr də vardır.

Şəxsiyyətin sosial mahiyyətini, onun təşəkkülünün sosial mexanizmlərini, cəmiyyətdəki yeri və rolunu öyrənən şəxsiyyətin sosiologiyasını da xüsusi sosioloji nəzəriyyələr sırasına aid etmək olar.

Sosiologiyanın bölmələrinin bu cür müxtəsər təsviri artıq onu göstərir ki, sosiologiya digər ictimai və humanitar elmlərlə sıx əlaqələr saxlamalı və əməkdaşlıq etməlidir. Sosioloq üçün ümumi psixologiyanı bilmək zəruridir, sosial psixologiya isə onun üçün xüsusilə vacibdir. Son onilliklərdə fərd və qrupların sosial davranışının tədqiqi sahəsində çalışan sosioloqlar psixoanaliz və psixiatriyanın bəzi bölmələri sahəsindəki araşdırmalardan müəyyən qədər faydalanmışlar. Sosiologiya iqtisadiyyat elmilə də sıx əlaqələrlə bağlıdır, çünki bu sahələrin xeyli təmas nöqtələri vardır. Nəhayət, sosioloq üçün qanunvericiliyi və hüquqşünaslığı da bilmək vacibdir. Həqiqətən; sosiologiya spontan surətdə (öz-özünə) yaranan sosial proseslər haqqında elm kimi inkişaf etmiş və buna görə də sosioloqlar arasında həmişə hüquqşünaslığa müəyyən qədər etinasızlıq olmuşdur. Normativ aktların tənzimedici qüvvəsinə güvənən hüquqşünaslar da, öz növbələrində, sosioloqların tədqiqatlarına etinasızlığa meylli olmuşlar. Lakin hal-hazırda mövcud sosial proseslərin tam təsvir və izah olunması hər iki baxışın birləşdirilməsini tələb etdiyi üçün, bu iki sahə bir-biri ilə yaxınlaşır. Bundan başqa, sosİologiya etnoloqların, etnoqrafların, tarixçilərin və xüsusilə mədəniyyət tarixçilərinin araşdırmalarının nəticələri ilə maraqlanmalıdır.

Deməli, XIX əsr sosiologiyasının yaradıcılarının geniş humanitar təhsilli adamlar olması heç də təsadüfi deyilmiş və sosioloji tədqiqatların hüdudlarının xeyli genişləndirilməsi heç də xülyadan yaranmamışdır. Düzdür, sonralar sosioloqlar özlərinin tədqiqat sahələri hüdudlarını daha dəqiq müəyyənləşdirməyə çalışaraq bu cür "imperializmdən" qəti surətdə imtina etdilər. Lakin bu heç də o demək deyildir ki, müxtəlif elmlərin bir-birinə qarşılıqlı nüfuz edərək və bir-birini qarşılıqlı surətdə tamamlayaraq təmasda olduğu sahələr öz əhəmiyyətini itirmişlər. Əksinə, yalnız ictimai elmlərin deyil, ümumiyyətlə elmin tarixi göstərir ki, ən maraqlı və səmərəli nəzəriyyələr məhz elmlərin kəsişdiyi sahələrdə meydana çıxır.

Sosiologiyanın digər humanitar və ictimai elmlərdən fərqləndirən, məhz onun üçün səciyyəvi olan, insanlar arasındakı, sosial toplular arasındakı münasibətlər sahəsində baş verən hadisə və proseslərin axtarışı, cəmiyyətin tərkib hissələrinin qarşılıqlı təsir qanunlarının tədqiqidir.

Yarandığı andan etibarən sosiologiya həmişə cəmiyyətin həyatından alınmış faktiki məlumatlara əsaslanmışdır. Bu səbəbdən bəzi alimlər sosiologiyanı empirik elm adlandırırlar.

Bununla razılaşmaq olmaz. Bütün elmlər, o cümlədən, sosiologiya da faktlardan çıxış edir. Faktların müşahidəsi, öyrənilməsi, tədqiqi bütün bu elmlərin metodlarının ən mühüm elementidir. Bu, həmin elmlərin yüksək dərəcədə nəzəriliyinə nəinki mane olmur, əksinə, kömək edir.

Sosiologiya da empirik faktlardan geniş istifadə edərək, onların mahiyyətini açır və sosial qanun və qanunauyğunluqlar şəklində mücərrəd ümumiləşdirmələrə nail olur. Empirik faktlar nəzəri elm kimi sosiologiyanın yalnız zəruri zəmini kimi çıxış edir.

Sosiologiyanın ictimai vəzifəsi əsasən onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Onların arasında ən mühümləri müxtəlif sosial hadisə və proseslərin dəyişmə təmayüllərinin, sosial inkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə bağlı olan idrak funksiyası, sosiologiyanın müxtəlif sosial proseslərin idarə olunmasının səmərəliliyini artırmaq üzrə əməli tövsiyə və təkliflərin hazırlanmasında nə dərəcədə iştirak etməsi ilə müəyyənləşdirilən praktiki funksiya və nəhayət sosiologiyanın ideoloji fəaliyyətdə iştirakı ilə şərtləndirilən ideoloji funksiyadır.

Cəmiyyətin sosial inkişafının qanunauyğunluqları və perspektivlərinin açılmasında, sosiologiyanın çox mühüm rolu vardır. Sosioloji nəzəriyyə zəmanəmizin aktual problemlərinə elmi cavablar verir, dünyanın sosial dəyişdirilməsinin real yolları və metodlarını göstərir.
1.2. Sosial qanunlar və kateqoriyalar

Sosial topluların fəaliyyəti prosesində sonsuz sayda müxtəlif sosial əlaqələr yaranır. İlk baxışdan onlar çox vaxt nə isə müvəqqəti, epizodik, təsadüfi bir şey kimi qəbul edilir. Lakin məcmu halda onlar bu və ya digər sistemə xas olan ictimai qanun və qanunauyğunluqlarla determinasiya olunmuşdur. Qanun dedikdə adətən verilmiş şərtlər daxilində ümumiliyə, zəruriliyə və təkrarlığa malik olan çox mühüm əlaqə və ya münasibət başa düşülür. Sosial qanun sosial hadisə və proseslərin mühüm zəruri əlaqələrinin, hər şeydən əvvəl insanların sosial fəaliyyətləri və ya onların hərəkətləri əlaqələrinin ifadəsidir. Sosial qanunlar müxtəlif fərdlər və sosial toplular arasında münasibətləri müəyyən edərək onların fəaliyyətində ifadə olunur. Bu, xalqlar, millətlər, siniflər, sosial-demoqrafik və sosial-peşə qrupları, şəhər və kənd, həmçinin cəmiyyət və sosial təşkilat, cəmiyyət və əmək kollektivi, cəmiyyət və ailə, cəmiyyət və şəxsiyyət arasında olan münasibətlərdir.

Sosial qanunlara uyğun olaraq insanlar öz həyat fəaliyyətlərinin şəraiti və şərtlərini yaradır və öz növbəsində özlərinin yaratdığı şərait və şərtlərin təsiri altında həmin qanunları tətbiq edirlər. Təkrarlıq mühüm əlamət kimi qanunda hər bir ayrıca vəziyyətin spesifik xarakterinə görə (tarixi hadisələrin təkrarolunmazlığı və nadirliyi), əhəmiyyətli dərəcədə dəyişilmiş şərt və şəraitdə reallaşır. Eyni bir sosial qanunun təsiri eyni tipli vəziyyətlərdə özünü müxtəlif dərəcəli intensivliklə göstərir, bu isə həmin təsiri sabit kəmiyyət kimi deyil, hər bir konkret halda bu və ya digər dərəcəli ehtimalla ölçülən təmayül kimi nəzərdən keçirməyə imkan verir.

Təbiət qanunları kimi, sosial qanunlar da hadisələrin tarixi inkişafı gedişində təşəkkül tapır. Onlar bir çox fərdlərin sosial vəziyyətlərdə və bu vəziyyətlərin müxtəlif aspekt və elementləri arasındakı obyektiv əlaqələr (səbəb-nəticə, funksional və s. əlaqələr) daxilində etdiyi məqsədyönlü ardıcıl hərəkət və fəaliyyətlərinin nəticəsidir. Hadisələrin bu qanunauyğun silsiləsi bir çox müxtəlif istiqamətli hərəkətlərin nəticəsi olaraq, öz növbəsində insanların iradə və şüurunu, sosial qarşılıqlı təsir və fəaliyyətlərinin səciyyə və məzmununu, istiqamət və məqsədlərini müəyyən edir.

Sosial qanun və qanunauyğunluqları tədqiq etmək sosial sahənin müxtəlif elementləri arasında mühüm və zəruri əlaqələri meydana çıxartmaq deməkdir. Bu isə, bu və ya digər hadisə və ya prosesin sosial genezisinin (hadisə və ya proseslər arasında sosial şərtləndirilmənin) onun sosial sahənin, ümumiyyətlə ictimai həyatın inkişafı və fəaliyyətində rolu və yerinin üzə çıxarılmasını nəzərdə tutur.

Qanunlar özünün təsir müddətinə görə ümumi və spesifik qanunlara bölünürlər. Ümumi qanunlar bütün ictimai sistemlərdə fəaliyyət göstərir (məsələn, dəyər və əmtəə-pul münasibətləri qanunu). Spesifik qanunların təsiri isə bir və ya bir neçə ictimai sistemlərlə məhdudlaşır (məsələn, cəmiyyətin bir tipindən digərinə keçidlə bağlı olan qanunlar və ya ilkin kapital yığımı dövrünün qanunları).

Sosial qanunlar, həmçinin, ümumiləşdirmə dərəcəsinə görə fərqlənirlər. Sosial sahənin inkişafını ümumiyyətlə bütövlükdə səciyyələndirən qanunlar və sosial sahənin ayrı-ayrı elementlərinin (siniflərin, qrupların, millətlərin və s.) inkişafını müəyyənləşdirən qanunlar da mövcuddur. İfadə olunma üsuluna görə qanunları dinamik və statik qanunlara bölmək olar. Bunların birincisi sosial dəyişikliklərin istiqamətini, amilləri və formalarını müəyyənləşdirir, konkret şəraitdə hadisələrin ardıcıllığı arasında qəti və birmənalı əlaqəsini göstərir. Dinamik qanunlardan fərqli olaraq, statik qanunlar sosial hadisələri sərt determinasiya etməyib sosial vəhdətin sabitliyinin saxlanılması şərti daxilində dəyişikliklərin əsas istiqamətlərini, onların təmayüllərini əks etdirir. Başqa sözlərlə, bu qanunlar sosial gerçəkliyin hadisə və proseslərinin əlaqələrini qəti surətdə deyil, müəyyən ehtimal dərəcəsi ilə şərtləndirir. Əksər dinamik qanunauyğunluqlar konkret şəraitdə müəyyən sinfin hadisələrinə aid olursa, statik ehtimali qanunauyğunluq yalnız dinamik qanunun müəyyənləşdirdiyi hərəkət xəttindən fərdi yayılmaları göstərir. Statik qanunauyğunluqlar tədqiq edilən hadisələrdə hər bir obyektin davranışını deyil, ümumiyyətlə bütövlükdə obyektlərə xas olan müəyyən xassə və ya əlamətləri səciyyələndirir. Statik qanunlar müəyyən obyektlər sinfinin ona daxil olan obyektlərin ümumi xassə və əlamətlərinə uyğun olaraq davranış təmayülünü meydana çıxarır.

Dinamik qanunlar səbəbiyyət və funksional qanunlara bölünür. Səbəbiyyət dinamik qanunları sosial hadisələrin inkişafının sərt determinasiya olunmuş əlaqələrini göstərir (məsələn, bir sosial-iqtisadi formasiyadan digərinə keçmə zamanı istehsal üsulunun rolunu). Funksional dinamik qanunlara gəldikdə isə, onlar sosial hadisələr arasındakı empirik surətdə müşahidə və ciddi surətdə təkrar olunan qarşılıqlı asılılıqlar əks etdirir.

Statik qanunların müxtəlif növləri kimi həm inkişaf qanunlarını (məsələn, əhalinin maddi və mədəni tələbatlarının, özünü idarəetmənin inkişafı), həm də fəaliyyət (funksional) qanunlarını (məsələn, əmək kollektivinin formal və qeyri-formal strukturlarının vəhdəti, ailədə rol funksiyalarının paylanması) göstərmək olar.

Sosioloji tədqiqatlar təcrübəsində tipologiyalaşdırmanın böyük əhəmiyyəti vardır, onun köməyilə sosial qanunlar əlaqənin formasına görə fərqləndirilir. Bu halda sosial qanunları beş kateqoriyaya ayırmaq olar.



Birincisi, sosial və ya onlarla bağlı hadisələrin invariant (dəyişməyən) birgə mövcudluğunu əks etdirən qanunlar. Bu qanunlara əsasən, əgər A hadisəsi mövcuddursa, onda mütləq B hadisəsi də olmalıdır. Məsələn, totalitar idarə sisteminə əsaslanan hər bir cəmiyyətdə latent (gizli) müxalifət mövcuddur.

İkincisi, inkişaf təmayüllərini əks etdirən qanunlar. Onlar sosial obyektin strukturu dinamikasını, bir qarşılıqlı münasibət qaydasından digərinə keçidi şərtləndirir. Bu və ya digər sistemin strukturunda elementlərin və onların qaydaya salınmış əlaqə üsullarının zaman ərzində dəyişməsi qabaqca olan vəziyyətlə şərtləndirilir. Strukturun əvvəlki vəziyyətinin sonrakı halına bu şərtləndirici təsiri inkişaf qanunu xarakterini daşıyır. İnkişaf yalnız o zaman baş verir ki, eyni bir obyektin iki ardıcıl surətdə götürülmüş halı bərpa olunmaz mühüm dəyişikliklərə uğramış olsun, yəni bir keyfiyyətli strukturdan digər keyfiyyətli struktura keçid baş vermiş olsun. Məsələn, ziyalılar arasında keyfiyyət dəyişmələri onların bütün sosial münasibətlərə təsirinin artmasını şərtləndirir, cəmiyyətdəki rolunu qüvvətləndirir.

Üçüncüsü, sosial hadisələr arasında funksional asılılığı (və ya kovariasiyanı) müəyyənləşdirən qanunlar. İnkişaf qanunlarından fərqli olaraq fəaliyyət (funksional) qanunları bu və ya digər sosial sistemin nisbi tarazlıq halında saxlanılmasını təmin edirlər. Eyni zamanda onlar sistemin elementlərinin onun strukturunun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmayan mütəhərrikliyini səciyyələndirirlər. Məhz bu tipli qanunlar sistemin variabelliyini (dəyişkənliyini), müxtəlif vəziyyətlər, hallar qəbul etmək imkanını səciyyələndirir.

Əgər inkişaf qanunları sosial obyektin bir keyfiyyətindən digərinə keçməni şərtləndirirsə, fəaliyyət (funksional) qanunları bu keçmə üçün ilkin şərait və zəmin yaradır, funksional asılılıq aşağıdakı misallarda kifayət qədər əyani surətdə ifadə olunur: insanlar siyasi praktikada, cəmiyyət işlərinin idarəsində nə qədər fəal iştirak etsələr, onların siyasi mədəniyyəti nəticə etibarı ilə bir o qədər yüksək olar, kollektivdə tərbiyə işi nə qədər keyfiyyətli təşkil olunarsa, mənəvi psixoloji mühit bir o qədər sağlam olar və s.



Dördüncüsü, sosial hadisələr arasında səbəbiyyət əlaqəsini müəyyən edən qanunlar. Funksional və səbəbiyyət əlaqələrini müəyyən edən qanunların fərqlənməsi heç də o demək deyildir ki, funksionallıq səbəbiyyətin növü ola bilməz. Funksional əlaqə səbəbiyyəti ifadə edə bilər, etməyə də bilər. Bu anlayışlar bir-birinə yalnız qismən uyğun gəlir. Funksional asılılığın mövcudluğu hələ mühüm səbəbiyyət əlaqələrinə dəlalət etmir. Məsələn, sosial inteqrasiyanın ən mühüm və zəruri şərti ictimai və şəxsi maraqların rasional, səmərəli surətdə bir-birinə uyğun gəlməsidir.

Beşincisi, sosial hadisələr arasında əlaqə ehtimalını müəyyən edən qanunlar, Məsələn, kənd gəncləri arasında qanunun pozulması ehtimalı onların şəhərə miqrasiyası (köçməsi) ilə əlaqədar olaraq artır; qadınların iqtisadi müstəqilliyinin artması boşanma ehtimalını artırır və s.

Sosial qanun ümumiyyətlə deyil, konkret formada insanların fəaliyyətində həyata keçir və reallaşır. Hər bir adam öz fəaliyyətini cəmiyyətin konkret şəraiti daxilində qurur, müəyyən sosial vəziyyət (status) tutur; öz fəaliyyəti prosesində aydın ifadə olunmuş sosial rol və funksiyaları yerinə yetirir; bir sıra fərdi xarakteristikalara (cins, yaş, milliyyət, ailə vəziyyəti və s.) malik odur; öz fəaliyyət şəraitinə, statusu və roluna, fərdi xarakteristikalarına xüsusi münasibəti olur (məsələn, spesifik informasiya maraqları var və s). Lakin sosiologiyanı ayrı-ayrı fərdlər deyil, insanların toplusu, bu və ya digər keyfiyyət və əlamətə görə qruplaşmaları (məsələn, 18 - 25 yaşlı gənclər, quraşdırıcı fəhlələr, fizik-alimlər, ali təhsili olmayan qulluqçular və s.) maraqlandırır. Deməli, sosiologiyanın obyektini müəyyən şərait, status, rollar və fərdi xarakteristikalarla səciyyələndirilən fərdlər qrupu (və ya sosial qrup) təşkil edir.

Fəaliyyət prosesində insanlar bir-birindən öz sosial keyfiyyətlərinə görə fərqləndiyindən, onların fəaliyyəti isə müxtəlif sosial birliklərdə, həyat şəraitində yerinə yetirildiyindən qanunların həyata tam, mütləq halda keçirilməsi əks təsir göstərən səbəblər üzündən gecikdirilir, ləngiyir və zəifləyir. Öz xarakterinə görə mütləq olan, yəni müəyyən sosial-iqtisadi formasiya üçün hadisə və proseslərin zəruri əlaqəsini ifadə edən sosial qanunlar öz konkret təzahüründə qanun-təmayül kimi çıxış edirlər.

Təmayül (tendensiya) sosial obyektin hərəkətinin konkret amil və şərtlərin əks təsirindən yaranmış yayınma, tərəddüd və s. mövcudluğu şəraitində müəyyən bir konkret vəziyyətə, hala tərəf istiqamətliliyini ifadə edir. İş ondadır ki, obyektiv sosial qanunların təsiri bilavasitə insanların fərdi xüsusiyyətləri və həyat şəraitindən asılıdır. Hər bir fərdin müəyyən sosial sistemdə davranışı məlum dərəcədə təsadüfi, qeyri-müəyyəndir, lakin təsadüfi amillərin qarşılıqlı tarazlaşması hesabına sistemdə sosial statik qanunlarla ifadə olunan xüsusi sistem keyfiyyətləri meydana çıxır.

Qanun-təmayülü bilmək hər hansı sosial qrupun davranışının hansısa sosial qanunu mütləq tələbindən yayınma dərəcəsini müəyyən etməyə və onun miqdarını göstərməyə, həmin yayınmanın mexanizmini üzə çıxartmağa, yəni qanunun konkret sosial qrupun fəaliyyətində sərbəst surətdə təzahürü üçün ən əlverişli şərait yaratmağa imkan verir.

Spesifikası onları yerinə yetirən adamların fərdi xüsusiyyətləri və həyat şəraiti ilə şərtləndirilən sosial hərəkətlər təsadüfi kəmiyyətlə səciyyələndirilir. Bu təsadüfi kəmiyyətlər birgə, məcmu halda müəyyən orta əvəzləyici kəmiyyəti təşkil edir. Həmin əvəzləyici kəmiyyət təsadüfi kəmiyyətlərin — ümumi əsas əlamətlərə malik şəxslərin fərdi sosial hərəkətlərinin cəmi ilə müəyyən edilir və sosial qanunun, təzahür forması kimi çıxış edərək onların fərdi və cəmiyyətin sosial məqsədləri arasında uyğunluq (uyğunsuzluq) münasibətlərinin müəyyən dərəcəsini ifadə edir. Hər bir "fərdi kəmiyyət" orta əvəzləyici kəmiyyətə daxil olur və öz-özlüyündə ona təsir göstərir. Eyni zamanda o, orta əvəzləyicidən "yayınır", orta əvəzləyici isə, öz növbəsində, müəyyən sosial qanunun mütləq tələblərindən uzaqlaşır.

Sosİal fəaliyyət sahəsində bu və ya digər fərd öz sosial keyfiyyətlərinə görə orta adam deyilən adamdan fərqlənir. Bu cür fərdi yayınmalar bizi maraqlandıran sosial keyfiyyətlərə malik olan adamların konkret qrupunun təhlili zamanı aradan qaldırılır. Bundan başqa, bu fərdi yayınmalar nisbətən dar hüdudlu olur və onlar müntəzəm olaraq tarazlaşdırılır. Beləliklə, sosial qanun müxtəlif təsadüfi hadisələri tənzim edərək onların vasitəsi ilə özünə yol açır, yəni yalnız həmin təsadüflər böyük kütlələrdə əhatə edilən zaman görünən olur.

Məhz buna görə də sosial hadisənin obyektiv inkişaf təmayüllərini və onların qanunun mütləq tələblərinə uyğunluq dərəcəsini yalnız eyni növlü müxtəlif fərdi kəmiyyətlər toplusunu nəzərdən keçirərək aşkar etmək olar,

Əgər sosial qanunun təsirini duz xətt şəklində təsvir etsək, onda eyni növdən olan müxtəlif fərdi kəmiyyətlərin orta əvəzləyiciləri bu düz xətdən müxtəlif tərəflərə yayınan xətlər arasındakı məsafədən ibarət olacaqdır. Başqa sözlərlə, sosial qanunlar bilavasitə gerçəklikdə deyil, yalnız təxmini, təmayüllü, orta hesablı reallığa malik olur. Sosiologiya da sosial qanunların təzahürünün bu xüsusiyyətinə diqqət yetirir və göstərir ki, sosial qanunauyğunluq yalnız orta hesablı, kütləvi, ictimai qanunauyğunluq kimi, bu və ya digər tərəfə fərdi yayınmaların qarşılıqlı tarazlaşdırılması şəraitində təzahür edə bilər.

Hər bir orta əvəzləyici kəmiyyətin müəyyən sosial qanunun mütləq tələblərindən yayınması ümumi sosial məqsədə çatmaq üçün lazım olan ictimai faydalı vaxta mütənasibdir. Yayınmalar (uzaqlaşmalar) nə qədər çox olarsa, cəmiyyətə qarşısında duran məqsədlərə çatmaq üçün, bir o qədər çox vaxt lazım olar. Deməli, vaxtın miqdarı şəxsin empirik səviyyədə dərk edilə bilən fərdi hərəkətlərindən asılıdır.

Adamların hərəkətlərinin xarakteri və şəraitinin elmi idrakı həyat fəaliyyəti şəraitini dəyişdirmək yolu ilə həmin hərəkətlərə düzəlişlər etməyə, bununla da cəmiyyətin qarşısında duran məqsədlərə çatmaq üçün lazım olan vaxtı azaltmağa imkan verir. İctimai münasibətlərin dəyişdirilməsi, yaxşılaşdırılması, əlbəttə mümkündür, lakin bu yalnız o zaman mümkündür ki, bunlar həmin yaxşılaşdırılan, dəyişdirilən ictimai münasibətlərin iştirakçılarının özləri tərəfindən həyata keçirilsin. İnsanlar öz ictimai münasibətlərini sosial qanunların dərk edilməsi əsasında, həmin münasibətlərin ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə az-çox tam uyğunluğa gətirərək dəyişdirirlər.

Sosial inkişaf qanunları ilə funksional (fəaliyyət) qanunların təzahür formalarını bir-birindən fərqləndirmək lazımdır. İnkişaf qanunları özünü proseslərin, vəziyyətlərin dəyişməsinin səbəbiyyət şərtləri kimi göstərir. Funksional qanunların ifadə forması hadisənin öz funksiyasını yerinə yetirməsinin, həmin hadisənin təsir göstərdiyi sosial sistemin mühafizəsinə xidmət edən nəticəsidir. Məsələn, yüksək ixtisaslı kadrların hazırlanması təhsil sisteminin fəaliyyətinin nəticəsidir. Bu nəticəni təkmilləşdirmək kadrların hazırlanmasında xidmət edən sosial sistemlərin nəinki mühafizəsi, həm də möhkəmləndirilməsi deməkdir. Başqa sözlərlə, fəaliyyət göstərən müəyyən funksiyanı yerinə yetirən sistem elə sistemdir ki, onda heç olmasa bir xüsusiyyət onunla səbəbiyyət əlaqəsində odan digər xassələrin dəyişmələrindən asılı olmayaraq tarazlıq vəziyyətində saxlanılır. Sistemin öz funksiyalarını yerinə yetirməsi müəyyən məqsədin həyata keçirilməsinə yönəldiyindən, onun funksiyaları həmin məqsədə müvafiq surətdə təşəkkül edir.

Təzahür forması olaraq, fərdlərin sosial hərəkətlərinin orta əvəzləyicisi sosial münasibətlər sisteminin sosial qanunun tələblərindən yayınması göstəricisi kimi müvafiq sosial prosesin spesifikası və məzmununu açmır. Bu spesifikanı yalnız sosial qanunların təsir göstərmə mexanizmini tədqiq etməsi, yəni fərdlərin konkret imkan və zaman şərtləri daxilində bir-birinə nisbətən olduqları sosial münasibət və əlaqələr sisteminin qurulması prinsipini göstərməklə açmaq olar. Məhz buna görə sosial münasibətlərin tədqiqinə elmi yanaşma ictimai və dövlət formaları çərçivəsində yaranan, yalnız müəyyən vaxtda və müəyyən xalqlarda mövcud və təbiətinə görə keçici olan asılılıqların aydınlaşdırılmasından ibarətdir.

Fərdlərin həyat fəaliyyəti prosesində inkişaf edən sosial əlaqələr sisteminin təhlili onların maraqları və meyllərindən (oriyentasiyalarından), habelə sosial hərəkətlərindən və başqa adamlarla, birliklərlə və s. ilə qarşılıqlı təsirlərindən kənar mümkün deyil. Sosial əlaqə iki və ya bir neçə sosial hadisə və bu hadisələrin əlamətləri arasındakı bilavasitə asılılığı ifadə edə bİlər. Bu asılılığın vasitələndirici elementləri kimi həm situasiyalı (şəraitlə bağlı) amillər, həm də fərdlərin şəxsi xüsusiyyətləri, habelə adamların sosial hərəkətləri və qarşılıqlı təsirlərinin xarakteri üzərinə müəyyən məhdudiyyətlər qoyan sosial normalar və sosial nəzarət vasitələrinin cəmiyyət tərəfindən qəbul edilmiş sistemi çıxış edə bilər. Buna görə də orta əvəzləyicini və onun bu və ya digər sosial qanunun (və ya sosial məqsədin) tələblərindən "yayınma" dərəcəsini aşkar etmək üçün aşağıdakıları müəyyən etmək lazımdır:



  • oxşar insan qruplarının eyni şəraitdə yerinə yetirdikləri hərəkətlərin istiqamətini;

  • hüdudları ilə həmin fəaliyyəti şərtləndirən sosial əlaqələr sistemində;

  • müəyyən sosial fəaliyyət sistemi şəraitində adamların qruplarının sosial hərəkətləri və qarşılıqlı təsirlərinin təkrarlıq və sabitlik dərəcəsini.

Sosial qanunların təsiri altında adamların sosial keyfiyyətləri formalaşır. Həmin keyfiyyətlər insanların münasibətləri vasitəsi ilə cəmiyyətdə mövcud olan həyat tərzində ifadə olunur. Əgər adamların sosial münasibətlərinin orta əvəzləyici kəmiyyəti bu və ya digər qanunun tələblərinə sabit yaxınlaşma təmayülü qəbul edirsə, bu onun (qanunun) təsir mexanizminin sosial səmərəliliyinə dəlalət edir. Şəxsiyyətin sosial münasibətlərinin orta əvəzləyici kəmiyyətinin sosial qanunun tələblərindən yayınması sosial mexanizmdə disfunksiya yaranmasına səbəb olur və ya onun mənəvi köhnəlməsinə gətirib çıxarır. Siniflərin, sosial təbəqələrin, qrupların, şəxslərin münasibətlərinin sosioloji tədqiqi sosial qanunların cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrində təzahür formalarını, sosial mexanizmdə disfunksional elementləri nəinki aşkar etməyə, hətta həmin elementləri aradan qaldırmağa imkan verir.

Sosioloji idrak, sosial gerçəkliyin mahiyyətini dərk etmək prosesi yalnız sosial qanunların üzə çıxarılmasını deyil, həm də obyektiv gerçəkliyin sosial xassə və münasibətlərini ən ümumi və yığcam formada əks etdirən sosial kateqoriyaların müəyyənləşdirilməsini tələb edir.

Sosial kateqoriyalar sosiologiyanın əsas və ən ümumi, obyektiv gerçəkliyi ümumiləşdirilmiş halda, onu təşəkkül, inkişaf və bərqərar olma prosesində götürərək əks etdirən anlayışlardır. Sosial kateqoriyalar sosial gerçəkliyin dərk edilməsi pillələri sosiologiya elminin və sosioloji biliklərin təməl daşları, sosial gerçəklik haqda düşünüş prosesinin əsası kimi çıxış edir. Elmin nəzəri bünövrəsi kateqoriyaların tutumu və işlənməsi dərinliyindən asılıdır. Əgər sosioloji tədqiqatlar kateqorial aparata əsaslanmırsa, onları aparmaq mümkün deyil. Bu aparatın tutumu və məzmunu alimin təfəkkürünün nəzərilik dərəcəsini onun dilinin, yaratdığı mətnin peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə müəyyən edir.

Sosial kateqoriyaların müəyyən spesifikası vardır.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə