"Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında




Yüklə 43.54 Kb.
tarix12.03.2016
ölçüsü43.54 Kb.
"Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

  1. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 noyabr 2005-ci il

№ 213


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi
QAYDASI
Bu Qayda "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

1.2. Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:


  1. işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;

  2. işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);

  3. işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).

1.3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid edilirlər:

20 yaşadək gənclər;

yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;1

pensiya yaşına 2 ildən az qalmış şəxslər;

əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər; 2

cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;

məcburi köçkünlər;

müharibə veteranları;

şəhid ailələri.


2. KVOTA TƏYİN EDİLMƏSİ QAYDASI


  1. İşəgötürənlər hər ilin 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin sayı, işçilərin orta siyahı sayı haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına (bundan sonra - şəhər, rayon məşğulluq mərkəzləri) avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər.3

  2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün şəhər, rayon üzrə kvota ilə müəyyən olunan iş yerlərinin ümumi sayı, o cümlədən hər bir kateqoriya üçün ayrılıqda kvotanın sayı bu Qaydanın 1.3-cü bəndində göstərilən vətəndaşların ərazi əmək bazarında iştirakından və kvota tətbiq olunan müəssisələrdəki işçilərin sayından asılı olaraq şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən müəssisələr üçün hesablanır və Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsində müzakirə olunduqdan sonra sentyabr ayının 20-dək yerli icra hakimiyyəti orqanına təqdim olunur.

  1. Kvota üzrə işçilərin sayı oktyabr ayının 15-dək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunur.

  2. Həmin qərardan çıxarış 15 gün müddətində şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən müəssisələrə çatdırılır.


3. KVOTANIN TƏTBİQ EDİLMƏ QAYDASI


  1. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə təqdim edir.4

  2. İşəgötürən tərəfindən "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə təqdim edilməsi halları işə qəbul etməkdən imtina kimi qiymətləndirilir.

  1. Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.

  2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən müəssisələrə göndərilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır.

  3. Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində şəhər, rayon məşğulluq mərkəzlərinə məlumat verməlidirlər.


4. SOSİAL MÜDAFİƏYƏ XÜSUSİ EHTİYACI OLAN VƏ İŞƏ DÜZƏLMƏKDƏ ÇƏTİNLİK ÇƏKƏN VƏTƏNDAŞLARIN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASINDA İŞƏGÖTÜRƏNLƏRİN MƏSULİYYƏTİ
4.1. Şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. 5

4.2. Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Kvota şamil edilməyən müəssisələrin

S İ Y A H I S I


  1. Dövlət orqanları;

  2. Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);

  3. Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);

  4. İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;

  5. Hərbi qurumların, hüquq mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344)

  2. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

  3. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344) ilə «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»nın 1.3-cü bəndinin dördüncü abzasında «qadınlar» sözü «valideynlər» sözü ilə əvəz edilmişdir.

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.3-cü bəndin dördüncü abzasında «əlil uşaqları» sözləri «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə əvəz edilmişdir.




2 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü bəndlərdə, 1.3-cü bəndin altıncı abzasında «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilmişdir.


3 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 2.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.


4 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 3.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.


5 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 4.1-ci bənddə «əlilləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri əlavə edilmişdir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə